Məhkəmə qərarları › İş №1(026)-15/2025

Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-15/2025

21.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-15/2025 21.10.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, Qobustan Rayon Məhkəməsinin inzibati binasında xx xxxx 1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, tam orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və orada yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 0,766 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini xeyli miqdarda əldə edib, üzərində saxlamaqla Qobustan rayonuna daşımış, Qobustan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 18 fevral 2025-ci il tarixdə saat 21:50 radələrində Qobustan rayonu, Qobustan şəhəri, Şikar Şikarov küçəsində saxlanılıb orada üzəri yoxlanılan zaman əynində olan qəhvəyi rəngli gödəkçənin sol iç döş cibində saxladığı 01 (bir) ədəd sellofan bükülüdə təmiz çəkisi 0,766 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2023-cü ildən psixotrop maddə və narkotik vasitə istifadə edir. Qeyd edilən müddət ərzində narkotik vasitənin qurudulmuş marixuana növündən, psixotrop maddənin isə metamfetamin növündən istifadə etmişdir. Həmin narkotik vasitələri və psixotrop maddələri “Telegram” ani mesajlaşma xidmətində təsadüfən tanış olduğu Samirə adlı İran İslam Respublikası vətəndaşından pul müqabilində almışdır. 18 fevral 2025-ci il tarixdə saat 16-17 radələrində ünvan 1 ünvanında yerləşən yaşadığı evdə təklikdə olduğu zaman o, metamfetamin istifadə etmək istədiyindən yenə də Samirədən metamfetamin almaq qərarına gəlmiş və bu məqsədlə “WhatsApp” ani mesajlaşma xidməti vasitəsi ilə Samirəyə ismarıc yazmışdır. O, mobil telefonundakı “m10” tətbiqi vasitəsi ilə Samirənin bildirdiyi hesaba 50 manat yüklədikdən sonra isə Samirə “WhatsApp” ani mesajlaşma xidməti vasitəsi ilə ona satdığı metamfetaminin olduğu yerin fotoşəkilini və konumunu göndərmişdir. Həmin konumda yerləşən, fotoşəkildəki yerə gedib, ətrafı nəzərdən keçirdikdə yol kənarındakı çəmənlik ərazidə otların arasında üzəri göy rəngli yapışqan lentlə sarılmış 01 ədəd bükülü tapmış, həmin bükülünün üzərindəki yapışqan lenti açıb içərisinə baxdıqda, 01 ədəd sellofan bükülüdə metamfetamin olduğunu görmüş və içərisində metamfetamin olan sellofan bükülünün üzərini həmin yapışqan lentlə sarıyaraq daha sonra özü istifadə etmək məqsədi ilə götürüb oradan uzaqlaşmışdır. Həmin vaxt onda psixotrop maddə olmasından heç kimin xəbər tutmaması üçün bir neçə il əvvəl vəfat etmiş babasından miras qalmış, hazırda isə heç kimin yaşamadığı, Qobustan şəhəri, Şikar Şikarov küçəsində yerləşən evə getmək və aldığı həmin metamfetamindən orada istifadə etmək məqsədi ilə bir qədər piyada gedərək Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarına çatmış, orada təsadüfən rastlaşdığı, tanımadığı şəxsin idarə etdiyi avtomobil ilə Qobustan şəhərinə yola düşmüşdür. O, 18 fevral 2025-ci il tarixdə saat 21:30-22:00 radələrində Qobustan şəhəri, Şikar Şikarov küçəsinə çatmış, orada avtomobildən enib, yola piyada davam etmişdir. O, piyada babasından miras qalmış həmin evə tərəf gedən zaman küçədə mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olmalarını və onun üzərində narkotik vasitə saxlaması barədə onlarda məlumat olmasını bildirib, bu səbəbdən də videoçəkilişdən istifadə edilməklə üzərinə yoxlanış keçirilməsi zərurəti olduğunu izah etmiş, o da üzərinə yoxlanış keçirilməsinə razılığını bildirmişdir. Sonra ondan vəkilə ehtiyacının olub-olmaması barədə soruşulduqda, vəkilə ehtiyacının olmadığını bildirmişdir. Bundan sonra üzərinə yoxlanış keçirilən zaman polis əməkdaşı ondan üzərində qanunla qadağan olunmuş əşya olduğu halda təqdim etməsini xahiş etdikdə, o, əynindəki gödəkçənin sol iç döş cibindən içərisində metamfetamin olan həmin 01 ədəd bükülünü çıxarıb təqdim etmiş, sonra həmin bükülünün içərisinə baxıldıqda, içərisindən metamfetamin aşkar edilmişdir. Ondan həmin bükülüdəki kütlənin nə olması soruşulduqda, həmin kütlənin psixotrop maddə olan patı, yəni metamfetamin olduğunu bildirmişdir. Ondan həmin kütlə haqqında soruşulduqda, həmin kütləni iranlıdan əldə etdiyini, həmin şəxslə əvvəlcədən tanışlığı olmadığını, iranlı ilə telefonla əlaqə saxladığını, kütləni həmin gün 50 manata aldığını, alarkən yanında heç kim olmadığını, həmin kütlədən istifadə etmədiyini, heç kimə satmadığını və pay vermədiyini, həmin kütləni Qobu qəsəbəsində aldığını bildirmişdir. Daha sonra içərisində metamfetamin olan 01 ədəd bükülü tərəzidə çəkilmiş, sonra isə içərisi boş olan zərfə qoyulmuş, zərfin üzəri onun və digər iştirakçıların imzaları ilə imzalanmış və möhürlənərək götürülmüşdür. Bundan sonra polis əməkdaşları onlarla birlikdə polis şöbəsinə getməli olduğunu izah etmişlər, o da razılığını bildirmişdir. Polis şöbəsində müdafiəçi Tofiq Seyidovun və digər iştirakçıların iştirakı ilə videoçəkilişdən istifadə edilməklə polis əməkdaşları tərəfindən əvvəlcədən üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükülünün qablaşdırıldığı zərf açılmış, həmin 01 ədəd içərisində metamfetamin olan bükülü çıxarılaraq baxış keçirilmişdir. Baxış zamanı ondan üzərindən aşkar olunaraq götürülmüş həmin bükülüdəki kütlə haqqında soruşulduqda, zərfin içərisindən çıxarılaraq təqdim olunan bükülüdəki kütlənin onun üzərindən aşkar olunduğunu, həmin kütlənin psixotrop maddə olduğunu, İran vətəndaşından əldə etdiyini, istifadə etmək məqsədi ilə Qobu qəsəbəsindən götürdüyünü, həmin vaxt yanında heç kim olmadığını, həmin İran vətəndaşı ilə telefonla danışdığını və həmin şəxs barədə onda olan bütün məlumatları bildirmişdir. Hazırda törətdiyi əməldən peşmandır və ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qobustan RPŞ-nin X1 əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Qobustan rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan, həmin məlumatın yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunub cinayət başında yaxalanması məqsədi ilə Qobustan RPŞ-nin rəhbərliyinə tərəfindən raportla müraciət olunaraq Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədi ilə əməliyyat tədbirlərinin keçirilməsindən ötrü aidiyyəti üzrə göstəriş verilməsi xahiş olunmuş, şöbə rəisinin əmri ilə 18 fevral 2025-ci il tarixdə onun rəhbərliyi, Qobustan RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 18 fevral 2025-ci il tarixdə saat 21:50 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o, Şahid2 və Şahid3 ilə birlikdə Qobustan şəhəri, Şikar Şikarov küçəsində Təqsirləndirilən şəxs yaxınlaşıb xidməti vəsiqələrini göstərib polis əməkdaşı olmalarını bildirmiş və Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə məlumatlarının olmasını bildirib, buna görə videoçəkilişdən istifadə edilməklə üzərinə yoxlanış keçirilməsi zərurəti olduğunu izah etmişlər, Təqsirləndirilən şəxs da üzərinə yoxlanış keçirilməsinə razılığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs vəkilə ehtiyacının olub-olmaması soruşulduqda, o, vəkilə ehtiyacının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə yoxlanış keçirilən zaman ondan üzərində qanunla qadağan olunmuş əşya olduğu halda təqdim etməsi xahiş edildikdə, o, əynindəki gödəkçənin sol iç döş cibindən 01 ədəd bükülünü çıxarıb təqdim etmiş, həmin bükülünün içərisinə baxıldıqda, içərisindən psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükülüdəki kütlənin nə olması soruşulduqda, o, həmin kütlənin psixotrop maddə olan patı, yəni metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin kütlə haqqında soruşulduqda, o, həmin kütləni iranlıdan əldə etdiyini, həmin şəxslə əvvəlcədən tanışlığı olmadığını, iranlı ilə telefonla əlaqə saxladığını, kütləni həmin gün 50 manata aldığını, alarkən yanında heç kim olmadığını, həmin kütlədən istifadə etmədiyini, heç kimə satmadığını və pay vermədiyini, həmin kütləni Qobu qəsəbəsində aldığını bildirmişdir. Daha sonra içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan 01 ədəd bükülü tərəzidə çəkilmiş, içərisi boş olan zərfə qoyulmuş, zərfin üzəri onun və digər iştirakçıların imzaları ilə imzalanmış və möhürlənərək götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzəri, yəni geyimlərinin cibləri yoxlanılan zaman onun əynindəki cins şalvarın sağ arxa cibindən 01 ədəd “Samsung” markalı mobil telefon aşkar edilmiş və həmin 01 ədəd mobil telefon içərisi boş olan zərfə qoyulmuş, zərfin üzəri onun və digər iştirakçıların imzaları ilə imzalanıb, möhürlənərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs psixotrop maddə əldə etməkdə şübhəli olduğu üçün polis şöbəsinə getməli olduğu deyilmiş, Təqsirləndirilən şəxs polis şöbəsinə getməyə razılığını bildirdiyindən polis şöbəsinə gətirilmiş və üzərindən aşkar edilərək götürülmüş kütləyə baxış keçirilib qanuna uyğun tədbir görülməsi üçün o, raportla şöbə rəhbərliyinə müraciət etmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütləyə baxış keçirilməsi baş təhqiqatçı Elşən Eyvazova həvalə edilmişdir. Baş təhqiqatçı Elşən Eyvazov öz xidməti iş otağında Təqsirləndirilən şəxs Qobustan rayonu və ətraf rayonlarda fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmiş, Təqsirləndirilən şəxs siyahıdakı vəkillərdən Tofiq Seyidovu seçmiş, daha sonra baş təhqiqatçı zəng edərək vəkil Tofiq Seyidovu dəvət etmiş, bir qədər sonra vəkil Tofiq Seyidov gəlmişdir. Təqsirləndirilən şəxs əvvəlcədən üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddəyə bənzər kütləyə videoçəkilişdən istifadə edilməklə baxış keçirilməsi zərurəti izah edilərək baxışda iştirak etməsi təklif edildikdə, o, razılığını bildirmişdir. Sonra isə Təqsirləndirilən şəxs, müdafiəçi Tofiq Seyidovun, onun, əməliyyat müvəkilləri Şahid2 və Şahid3 iştirakı ilə əvvəlcədən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütləyə videoçəkilişlə baxış keçirilməsinə başlanılmışdır. Bundan sonra əvvəlcədən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükülünün qablaşdırıldığı zərf açılmış, həmin 01 ədəd içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan bükülü çıxarılaraq baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş həmin bükülüdəki kütlə haqqında soruşulduqda, o, zərfin içərisindən çıxarılaraq təqdim olunan bükülüdəki kütlənin onun üzərindən aşkar olunduğunu, həmin kütlənin psixotrop maddə olduğunu, İran vətəndaşından əldə etdiyini, istifadə etmək məqsədi ilə Qobu qəsəbəsindən götürdüyünü, həmin vaxt yanında heç kim olmadığını, həmin İran vətəndaşı ilə telefonla danışdığını bildirmişdir. Daha sonra əvvəlcədən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd mobil telefonun qablaşdırıldığı zərf açılmış, həmin 01 ədəd mobil telefon çıxarılaraq baxış keçirilmişdir. Yekunda protokol tərtib edilərək ucadan oxunmuş, heç bir tələb, təklif, şikayət və ya qeyd daxil olmamış, o və baxış iştirakçıları protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Həmçinin ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti, o cümlədən heç bir ədavəti və düşmənçiliyi, heç bir qohumluq əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs saxlanılıb polis şöbəsinə gətirilərkən və ondan sonra ona qarşı hər hansı bir fiziki və ya psixi təzyiqə və təsirə yol verilməmişdir. İş üzrə şahid qismində dindirilən Qobustan RPŞ-nin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verdilər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM-in) 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə fiziki-kimyəvi ekspertizasının 19 fevral 2025-ci il tarixli, 6/760 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 142” möhür əksi, “Şübhəli şəxs:...1).Təqsirləndirilən şəxs...” və s. soyadlar, imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,766 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Rəyin qeyd hissəsində metamfetaminin təmiz çəkisinin 0,766 qram, tədqiqata sərf edilən ümumi miqdarının 0,05 qram, qalıq çəkisinin isə 0,716 qram olması qeyd edilmişdir. Aparılmış tədqiqatın dəyəri 110 manat təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 29 aprel 2025-ci il tarixli, 2456 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. Cinayət işinə əlavə edilmiş Qobustan RPŞ-nin X1 əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən tərtib olunmuş 18 fevral 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, Qobustan RPŞ-yə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 18 fevral 2025-ci il tarixdə saat 21:50 radələrində Qobustan rayonu, Qobustan şəhəri, Şikar Şikarov küçəsində saxlanılmış, ona hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı ona üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa, təqdim edilməsi təklif olunduqda, Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli gödəkçənin sol iç döş cibindən göy rəngli izolentə (sarğıya) bükülmüş 01 (bir) ədəd sellofan bükülünü çıxararaq təqdim etmiş, ondan həmin 01 (bir) ədəd sellofan bükülünün içərisində olan kütlə haqqında soruşulduqda, həmin kütlənin psixotrop maddə olan “patı” olduğunu bildirmişdir. Sonra içərisində metamfetaminə bənzər kütlə olan bükülü elektron tərəzidə çəkilmişdir. Bundan sonra həmin bükülü zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra zərf RPŞ-nin 142 nömrəli möhürü ilə möhürlənib götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bükülüdəki kütlə haqqında soruşulduqda, həmin kütləni iranlıdan əldə etdiyini, həmin şəxslə əvvəlcədən tanışlığının olmadığını, iranlı ilə telefonla əlaqə saxladığını, kütləni həmin gün 50 manata aldığını, alarkən yanında heç kim olmadığını, həmin kütlədən istifadə etmədiyini, kiməsə satmadığını və ya pay vermədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı əynində olan şalvarın sağ arxa cibindən 01 (bir) ədəd “Samsung” markalı mobil telefon aşkar edilmişdir. Araşdırma üçün əhəmiyyət kəsb etdiyindən 01 (bir) ədəd ”Samsung” markalı mobil telefon içərisi boş olan zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra zərf RPŞ-nin 142 nömrəli möhürü ilə möhürlənib götürülmüşdür. Cinayət işinə əlavə edilmiş Qobustan RPŞ-nin TQ-nin baş təhqiqatçısı, polis polkovnik-leytenantı Elşən Eyvazov tərəfindən tərtib olunmuş 19 fevral 2025-ci il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, 19 fevral 2025-ci il tarixdə saat 00:39-dan saat 01:07-dək olan müddət ərzində Qobustan RPŞ-də xidməti otaqda təqdim olunan əşyalara baxış keçirilmişdir. Həmin istintaq hərəkətində şübhəli şəxs Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi X2 və RPŞ-nin polis əməkdaşları iştirak etmişdir. Təqdim olunan 02 (iki) ədəd ağ rəngli zərfə və 01 (bir) ədəd DVD diskə baxış keçirilmişdir. Üzərində “Təqsirləndirilən şəxs üzərindən.. ” sözləri yazılmış zərf açıldıqda içərisində 01 (bir) ədəd sellofan bükülüdə psixotrop maddə metamfetaminə oxşar kütlə olması müəyyən edilmişdir. Həmin kütlə barədə Təqsirləndirilən şəxs soruşulduqda, həmin kütlənin psixotrop maddə olduğunu, iranlı vətəndaşdan əldə etdiyini, istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Sonra içərisində metamfetaminə bənzər kütlə olan bükülü elektron tərəzidə çəkilmişdir. Bundan sonra həmin bükülü zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra zərf RPŞ-nin 142 nömrəli möhürü ilə möhürlənib götürülmüşdür. Həmçinin digər üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri yazılmış zərfdə olan 01 ədəd “Samsung” markalı mobil telefon zərfdən çıxarılaraq Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Təqsirləndirilən şəxs həmin telefonun ona məxsus olub-olmaması soruşulduqda, həmin telefonun özünə məxsus olduğunu, həmçinin üzərindən aşkar edilmiş psixotrop maddəni ona satan özünü İran vətəndaşı olaraq təqdim edən şəxs ilə həmin telefon ilə yazışaraq əlaqə saxladığını bildirmişdir. Bundan sonra həmin mobil telefon qablaşdırılaraq götürülmüşdür. DVD diskdə olan görüntülərə baxış zamanı isə görüntülərdə Təqsirləndirilən şəxs üzərindən təhqiqata təqdim olunan psixotrop maddəyə bənzər kütlənin aşkar olunması, həmin kütlənin psixotrop maddə olan patı, yəni metamfetamin olduğunu bildirməsi əksini tapmışdır. Cinayət işindən görünür ki, ibtidai araşdırma dövründə 19 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan “Samsung” markalı mobil telefona baxış keçirilmiş və bu barədə protokol tərtib olunmuşdur. Həmin protokoldan görünür ki, həmin mobil telefonun ekranındakı “Whatsapp” piktoqramı vasitəsilə eyni adlı ani mesajlaşma tətbiqinə daxil olduqda “Söhbətlər” bölümündə əvvəllər əlaqə saxlanılmış şəxslərə dair qeydlərin olması müəyyən olunmuşdur. Baxışın gedişində Təqsirləndirilən şəxs “+**********70” nömrə vasitəsi ilə hadisə zamanı üzərindən aşkar edilmiş psixotrop maddəni ona satan, özünü Samirə adlı İran İslam Respublikası vətəndaşı olaraq təqdim edən şəxs ilə əlaqə saxladığını, “+**********70” nömrə ilə söhbətlərin özü tərəfindən aparıldığını, həmin nömrənin sahibinin adını “WhatsApp” ani mesajlaşma xidmətində “Reza T Tt” olaraq qeyd etdiyini bildirmişdir. “+**********70” nömrə ilə aparılmış söhbətlərə daxil olduqda, həmin söhbətlərdə 18 fevral 2025-ci il tarixdə iki nəfər şəxsin qarşılıqlı mesajlaşmasının olması və ad qismində “Reza T Tt” qeyd olunması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, “WhatsApp” ani mesajlaşma xidmətində adı “Reza T Tt” olaraq qeyd edilmiş şəxsə “Salam” yazaraq onunla salamlaşmış, daha sonra isə “mənə 1 qram daş lazım” yazaraq 1 qram çəkidə “daş” adlandırdığı kütlədən almaq istədiyini bildirmişdir. Söhbətin davamında mobil telefon istifadəçisi “Reza T Tt” ilə 1 qram metamfetamini ondan 50 manat məbləğində pul müqabilində alması ilə bağlı razılığa gəlmiş və “Reza T Tt” satacağı metamfetaminin müqabilində mobil telefon istifadəçisinin ona ödəməli olduğu 50 manat pulu yükləməsi üçün “qırmızı aparadan million girsin m10 secsin yuklesin” və “77-327- 5108” mesajlarını yönləndirərək 77-327-51-08 saylı “m10” elektron pulqabı hesabının nömrəsini bildirmiş, mobil telefon istifadəçisi 77-327-51-08 saylı “m10” elektron pulqabına 50 manat məbləğində pulun köçürülməsinə dair elektron çekin fotoşəkilini (skrinşot) “Reza T Tt” adlı şəxsə göndərdikdən sonra “Reza T Tt” satdığı kütlənin olduğu yerin fotoşəkilini və konumunu göndərmişdir. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, ona psixotrop maddə satan Samirə adı ilə özünü təqdim edən şəxslə “Telegram” ani mesajlaşma xidmətində təsadüfən tanış olmuşdur. Mobil telefonun ekranındakı “Telegram” piktoqramı vasitəsilə eyni adlı ani mesajlaşma tətbiqinə daxil olduqda orada araşdırma üzrə əhəmiyyət kəsb edə biləcək məlumat aşkar edilməmişdir. Bundan sonra araşdırma üzrə əhəmiyyət kəsb etmədiyindən mobil telefon Təqsirləndirilən şəxs qaytarılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,766 qram, ekspertiza zamanı aparılmış tədqiqatlardan sonra qalıq çəkisi 0,716 qram olan psixotrop maddə metamfetamin maddi sübut əhəmiyyətinə malik olduğundan 21 fevral 2025-ci il tarixli qərarla iş üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək Qobustan RPŞ-nin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən 27 fevral 2025-ci il tarixdə Qobustan RPŞ-yə daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur, yəni o, məhkum olunmamışdır. İş üzrə verilmiş əməliyyat tapşırığı əsasında Qobustan RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid1 13 mart 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 0,766 qram miqdarında psixotrop maddə-metamfetamin ona məxsus olmuşdur. Təqsirləndirilən şəxs psixotrop maddə-metamfetamin istifadə etsə də, narkotik vasitələrin satışı ilə məşğul olmur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 0,766 qram miqdarında psixotrop maddə-metamfetamini satmaq məqsədi olmamışdır. Təqsirləndirilən şəxs hər hansı bir şəxsə psixotrop maddə-metamfetamin satması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 0,766 qram miqdarında psixotrop maddə-metamfetamini əldə etdiyi mənbəyi müəyyən etmək mümkün olmamışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin İran İslam Respublikası vətəndaşı olması ehtimal edilən Samirə adlı şəxsin şəxsiyyətini, həmçinin ***-***-**-** saylı mobil nömrəni istifadə edən şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Həmçinin keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 0,766 qram miqdarında psixotrop maddə-metamfetaminin əldə edilməsində başqa şəxslərin iştirakını, Təqsirləndirilən şəxs başqa cinayətlərin törədilməsində iştirakını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin 29 mart 2025-ci il tarixli, xx/xx-3728 nömrəli məktubunda göstərilmişdir ki, xx xxxx 1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs həmin mərkəzdə narkoloji qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin 02 aprel 2025-ci il tarixli, 3-28-29/2-3120/2025 nömrəli məktubunda göstərilmişdir ki, xx xxxx 1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatına görə “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsində müalicədə olmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 18 fevral 2025-ci il tarixdə saat 21:50-də saxlanılaraq 19 fevral 2025-ci il tarixdə saat 00:15-də şübhəli şəxs qismində tutulmuş, 20 fevral 2025-ci il tarixdə saat 18:30-da barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, Qobustan RPŞ-nin X3 azad edilmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs barəsində axtarış elan edildikdən sonra 30 iyun 2025-ci il tarixdə saat 10:00 radələrində tutulmuş, 30 iyun 2025-ci il tarixdə saat 12:45-də barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılaraq azad edilmişdir. Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi zamanı qeydə alınmış videogörüntünü əks etdirən 01 ədəd disk, onun üzərindən aşkar edilmiş predmetlərə baxış və götürmənin həyata keçirildiyi videogörüntünü əks etdirən 01 ədəd disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd disk cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal RİHB-nin 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də ünvan 1 ünvanında qeydiyyatdadır. Həmçinin Bakı şəhəri Yasamal RİHB-nin 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-in 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.2-ci maddəsinə əsasən, psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır; 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; 21-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. Narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının müvafiq qanunlarla müəyyən edilmiş xeyli miqdarından aşağı olan miqdarı şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas verən az miqdardır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarının: 2-ci bəndinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair əməlləri təsbit edən CM-in 26-cı fəslində yer alan cinayət hüquqi normalar əsasən blanket quruluşa malik olmaqla əməlin cinayət xarakterli olduğunu göstərmək üçün onunla müvafiq normativ hüquqi aktların müddəalarının müqayisə edilməsini, bu müddəalar nəzərə alınmaqla əməlin hüquqi qiymətləndirilməsinin aparılmasını tələb edir. O cümlədən narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılmasında mühüm əhəmiyyət kəsb edən bir sıra cinayət-hüquqi kateqoriyalara dair izahların “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 959-İİQ nömrəli Qanununun (bundan sonra – Qanun) 1-ci maddəsində təsbit edildiyi nəzərə alınaraq, həmin izahlar, eləcə də baxılan ittihamın qanuni həlli üçün əhəmiyyətli olan Qanunun digər müddəaları rəhbər tutulmalı, düzgün təfsir olunaraq tətbiq edilməlidir; 4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur; 5-ci bəndinə əsasən, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir; 6-cı bəndinə əsasən, istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın “Psixotrop maddələr” adlı İİ siyahısının 118-ci qrafasına əsasən təmiz halda 0,15 qram metamfetamin xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəmetamfetaminin təmiz çəkisi 0,766 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi əməli etiraf edib peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halın mövcudluğu, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Eləcə də, məhkəmə-narkoloji ekspertizasının 29 aprel 2025-ci il tarixli, 2456 nömrəli rəyinə uyğun olaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 (iki) gün (18 fevral 2025-ci ildən 20 fevral 2025-ci ilədək, 48 saatdan az saxlanılması nəzərə alınmaqla) və 30 iyun 2025-ci il tarixdə tutulub saxlanıldığı 01 (bir) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM - 69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalı, iş üzrə maddi sübut - Qobustan rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 0,716 qram olan psixotrop maddə metamfetamin məhv edilməli (CPM - 132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM - 198.1). Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in 52-1.1-ci və 52-1.2-ci maddələrinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir:

1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək;

2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək;

3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək;

4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 fevral 2025-ci il tarixdən 20 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı iki gün müddətin bir günü və 30 iyun 2025-ci il tarixdə tutulub saxlandığı bir gün ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ümumilikdə 06 (altı) gün müddət həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Bakı Şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. İş üzrə 110 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı X4 Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən 8 saat hüquqi yardımla bağlı 88 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Qobustan rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti "xxxx" ASC-nin Qobustan filialındakı filialın kodu 200725, müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT AİİBAZ2XXXX, müştərinin hesab nömrəsi AZ55AİİB410400H**********172 saylı hesabına köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Qobustan rayon Polis Şöbəsində saxlanılan 0,716 qram psixotrop maddə metamfetamin məhv edilsin. Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi zamanı qeydə alınmış videogörüntünü əks etdirən 01 ədəd disk, onun üzərindən aşkar edilmiş predmetlərə baxış və götürmənin həyata keçirildiyi videogörüntünü əks etdirən 01 ədəd disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Hakim: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar