Məhkəmə qərarları › İş №1(026)-16/2023

Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-16/2023

17.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-16/2023 17.10.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1971-ci il tarixdə Şamaxı rayonu, Nabur kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Qobustan rayonu, Nabur kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 80,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla, Qobustan şəhərinə daşımış, 12 may 2023-cü il tarixdə saat 01 radələrində Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan şəhəri ərazisində saxlanılaraq Qobustan rayon polis şöbəsinə gətirildikdən sonra orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 (bir) ədəd sellofan bükülüdə təmiz çəkisi 80,0 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıda qeyd edilənlərlə tam sübuta yetir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittuiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, bir neçə müddətdir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 11 may 2023-cü il tarixdə Qobustan rayonu, Cəngi kəndi ərazisində olarkən yolun kənarında yerdə bir ədəd şəffaf rəngli sellofan bükülü olduğunu görmüş, həmin bükülünü götürüb içərisinə baxdıqda içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüşdür. Özü narkotik vasitədən istifadə etdiyi üçün həmin bükülünü götürüb əynində olan qara rəngli gödəkçənin sağ yan cibinə qoymuşdur. 12 may 2023-cü il tarixdə saat 01 radələrində Qobustan şəhərində “Alternativ” adlanan ərazidə olarkən bir neçə polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edib, polis əməkdaşları olduqlarını və ona özünü təqdim etməyini bildirmişdir. Polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, ona görə də, onlarla birlikdə Qobustan RPŞ-yə getməyini bildirmişlər. O, polis əməkdaşları ilə birlikdə Qobustan RPŞ-yə getmişdir. Orada xidməti otaqların birində müdafiəçinin iştirakı ilə və videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları ona üzərində narkotik vasitə və ya digər qanunsuz əşyalar varsa, təqdim etməyini bildirmişlər. O, həmin vaxt əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükülüdə olan narkotik vasitə qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları tərəfindən həmin bükülü açıldıqda içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər yaşıl kütlə aşkar olunmuş, polis əməkdaşlarının şifahi sorğusuna cavab olaraq o, həmin kütlənin “nəşə”, yəni narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, 3-4 gün əvvəl Qobustan rayonu, Cəngi kəndində yerdən tapdığını və özü istifadə etmək məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Sonra üzərindən aşkar olunan narkotik vasitə olan qurudulmuş marixuana elektron tərəziyə qoyularaq çəkilmiş, qablaşdırılaraq möhürlənmiş, bununla əlaqədar protokol tərtib olunmuşdur. O və digər iştirakçılar həmin protokolu imzalamışlar. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, narkotik vasitə istifadə etməsi barədə nə ailə üzvlərinə, nə qohumlarına, nə də ki, tanışlarına heç vaxt bildirməmiş, bu barədə onların məlumatı olmamışdır. Sonda əməlindən peşman olmasının nəzərə alınmasını məhkəmədən xahiş etdi. Şahid qismində dindirən Şahid1 ifadə verərək göstərdi ki, Qobustan rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Qobustan rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan, həmin məlumatın yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa olunub, cinayət başında yaxalanması məqsədi ilə tərəfindən Qobustan RPŞ-nin rəhbərliyinə raportla müraciət olunmuş, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədi ilə əməliyyat tədbirlərinin keçirilməsindən ötrü aidiyyəti üzrə göstəriş verilməsi xahiş olunmuşdur. Rayon Polis Şöbəsi rəisinin əmri ilə 12 may 2023-cü il tarixdə onun rəhbərliyi, Qobustan PŞ-in Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkilləri Şahid2, Şahid3 və Şahid4 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 12 may 2023-ci il tarixdə keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Qobustan şəhərində “Alternativ” deyilən ərazidə Təqsirləndirilən şəxs yaxınlaşıb, xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmiş və Təqsirləndirilən şəxs narkotik vasitə əldə etməkdə şübhəli olduğu üçün polis şöbəsinə gəlməli olduğunu demişlər. Təqsirləndirilən şəxs Polis Şöbəsinə getməyə razılığını bildirdiyindən onlar Təqsirləndirilən şəxs Polis Şöbəsinə gətirmiş və üstünə şəxsi axtarış keçirib tədbir görülməsi üçün raportla şöbə rəhbərliyinə müraciət etmişdir. Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsi üçün xidməti otağa aparılmışdır. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra isə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilməsi üçün Qobustan RPŞ-nin KTQ-nin baş inspektor-kriminalisti vəzifəsində xidmət aparan X5 dəvət edilmişdir. Kamil Xələfov, Müdafiəçi, həmçinin onun və əməliyyat müvəkkilləri Şahid2 və Şahid3, Şahid4 iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilən hər hansı bir əşyanın olub-olmadığı soruşulduqda, Təqsirləndirilən şəxs üzərində “nəşə” olduğunu bildirmiş və əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd içərisində narkotik vasitəyə bənzər yaşıl rəngli qurudulmuş bitki kütləsi olan şəffaf sellafon bükülünü çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş sellofan bükülüdəki kütlə haqqında soruşulduqda isə həmin kütlənin narkotik vasitə olan “nəşə” olduğunu, Qobustan rayonu, Cəngi kəndi ərazisində yol kənarından tapdığını, özü istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Sonra ona və digər iştirakçılara həmin kütlənin ekspertizaya göndərilməsi üçün qablaşdırılacağı bildirilmiş, bu zaman zərfin içərisinin boş olması ona və digər iştirakçılara göstərilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, içərisində narkotik vasitəyə bənzər kütlə olan sellofan bükülü həmin zərfə qoyulmuş, zərf onun və digər iştirakçıların imzaları ilə imzalanmış və möhürlənərək götürülmüşdür. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, əynində olan paltarların üzəri və cibləri yoxlanılmışdır. Bu zaman Təqsirləndirilən şəxs üzərindən 01 ədəd alışqan, 01 ədəd avtomobil açarı, 02 ədəd on manatlıq, 01 ədəd beş manatlıq və 08 ədəd bir manatlıq pul əskinasları aşkar olunmuşdur. Şəxsi axtarışın davamında Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq heç bir əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş pul və digər əşyalara baxış keçirildikdən sonra həmin əşyalar onun özünə qaytarılmışdır. Videoçəkiliş dayandırıldıqdan sonra onlara görüntü nümayiş etdirilmiş, o, həmin videoçəkilişə baxmış, yekunda protokol tərtib edilərək ucadan oxunmuş və baxış iştirakçıları protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Şahidlər Qobustan RPŞ-nin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkilləri Şahid3, Şahid2 və Şahid4 Şahid1 ilə eyni məzmunlu ifadə verdilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə-bioloji ekspertizasının 12 may 2023-cü il tarixli 7/690 nömrəli rəyində göstərilir ki, tədqiqata təddim olunmuş kağız paketdə üzərində “Vət. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş kütlə” yazılar və imzalar olan zərfdə 1 (bir) ədəd sellofan bükülüdə təmiz çəkisi - 80,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Rəyin qeyd hissəsində marixuananın təmiz çəkisinin 80,0 qram, tədqiqata sərf edilən ümumi miqdarının 0,05 qram, qalıq çəkisinin isə 79,95 qram olması qeyd edilmişdir. Məhkəmə narkoloji ekspertizasının 31 may 2023-ci il tarixli 3346 nömrəli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən 16 iyun 2023-cü il tarixdə rayon Polis Şöbəsinə daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 80,0 qram, ekspert tədqiqatından sonra təmiz çəkisi 79,95 qram olan narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut əhəmiyyətinə malik olduğundan 16 may 2023-cü il tarixli qərarla iş üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək Qobustan rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir. Qobustan rayon İcra hakimiyyəti Başçısının Nabur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 08 iyun 2023-cü il tarixli 154 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 01 aprel 1967-ci il təvəllüdlü arvadı-X2, 06 dekabr 1999-cu il təvəllüdlü oğlu-X3 və 08 mart 1973-cü il təvəllüdlü qardaşı-X1 vardır. Qobustan rayon İcra hakimiyyəti Başçısının Nabur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamə ilə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Qobustan rayon polis şöbəsinin “şübhəli şəxsin tutulması” haqqında 12 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, 13 may 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və müvəqqəti saxlama yerindən azad edilmişdir. Məhkəmə araşdırılmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün və şahidlərin ifadəsi ilə, eləcə də ekspert rəyi və işdə olan digər sənədlərlə tam sübuta yetir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayəti etiraf edərək əməlindən səmimi peşman olmasını, himayəsində gözdən əlil qardaşının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməlindən peşman olmasını, himayəsində gözdən əlil qardaşının olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 79,95 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə 72 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347,349, 351- 353, 356 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 12 may 2023-cü il tarixdən 13 may 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı iki gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən bir gün azadlıqdan məhrumetmənin iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Qobustan rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün İcrası Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 79,95 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə 72 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 10 saat hüquqi yardıma görə 60 manat məbləğində pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökmdən təqdim olunan və ya alınan gündən 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar