Məhkəmə qərarları › İş №1(026)-16/2024

Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-16/2024

17.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-16/2024 17.12.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, Qobustan Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxxx 1999-cu il tarixdə Goranboy rayonu, Baxçakürd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, orta təhsilli, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş, Goranboy rayonu, Baxçakürd kəndində qeydiyyatda olan və orada yaşayan, barəsində həbs növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 30 yanvar 2024-cü il tarixdə saat 01 radələrində Qobustan rayonu, Cəyirli kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus mağazanın pəncərəsinin bir ədəd şüşəsini həmin vaxt yerdən götürdüyü metal parçası ilə sındırıb, taxta və metal parçası ilə isə pəncərənin metal barmaqlıqlarını aralayıb saxlanc yeri hesab olunan mağazaya qanunsuz daxil olub, oradan 250 manat məbləğində nağd pul, ümumi qiyməti 20 manat təşkil edən 1 manatlıq 20 ədəd “Bakcell” danışıq kartları, bir ədədinin qiyməti 04 manat olmaqla, ümumi dəyəri 40 manat təşkil edən 10 qutu “Kent 4” markalı siqaret, bir ədədinin qiyməti 03 manat olmaqla, ümumi dəyəri 75 manat təşkil edən 25 qutu “Rothmans” markalı siqaret, bir ədədinin qiyməti 3 manat olmaqla, ümumi dəyəri 45 manat təşkil edən 15 qutu “Pall Mall” markalı siqaret, bir ədədinin qiyməti 03 manat olmaqla, ümumi dəyəri 60 manat təşkil edən 20 qutu “LD” markalı siqaret, bir ədədinin qiyməti 2 manat 90 qəpik olmaqla, ümumi dəyəri 58 manat təşkil edən 20 qutu “Wincester” markalı siqaret, bir ədədinin qiyməti 04 manat olmaqla, ümumi dəyəri 32 manat təşkil edən 08 qutu “Winston Compact” markalı siqaret, bir ədədinin qiyməti 02 manat 40 qəpik olmaqla, ümumi dəyəri 24 manat təşkil edən 10 qutu “Vegas” markalı siqaret, bir ədədinin qiyməti 2 manat olmaqla, ümumi dəyəri 20 manat olan 10 cüt kişi corabı və bir ədədinin qiyməti 01 manat olmaqla, ümumi dəyəri 08 manat təşkil edən 08 ədəd “Bizon” markalı enerji içkisini gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 632 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Goranboy rayonu, Baxçakürd kəndində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. “TikTok” sosial şəbəkəsində “Əhli beytaşiqi” adlı hesabı vardır. Təxminən 2024-cü ilin yanvar ayının ortalarında “TikTok” sosial şəbəkəsində gəzərkən, yəni müxtəlif səhifələrə baxarkən Qobustan rayonu, Cəyirli kəndində Əlmirzə Mirzəyev adlı şəhid olması barədə video görmüşdür. X8 ailəsi ilə tanış olmaq üçün Qobustan rayonuna gəlməyə qərar vermişdir. 29 yanvar 2024-cü il tarixdə saat 21 radələrində Qobustan rayonuna gəlmiş, rayonun Cəyirli kəndinə piyada gedərkən yolda “Niva” markalı avtomobil saxlamış, avtomobilin sürücüsü ondan haraya getdiyini soruşmuşdur. O isə Cəyirli kəndinə X8 məzarını ziyarətə getdiyini demişdir. Ona avtomobilə minməsini və onu oraya aparacağını bildirmişdir. O da razılaşıb onun avtomobilinə minmişdir. Həmin şəxslə söhbət edərkən həmin şəxs, ona X8 əslən rayonun Cəyirli kəndindən olduğunu, lakin məzarının Hacıqabul rayonunda olduğunu demişdir. O isə şəhidin qohumlarının kənddə yaşadığını bildirərək mobil nömrə göstərmişdir. Həmin şəxs həmin nömrənin həmkəndlisi Səfərə məxsus olduğunu ona bildirmişdir. Səfəri də tanıdığı üçün onu rayonun Cəyirli kəndində yerləşən Səfərin yaşadığı evə aparıb düşürtmüşdür. Səfər onları qarşılamışdır. Həmin şəxs Səfər ilə sağollaşıb evinə getmişdir. O isə Səfərin evinə daxil olmuşdur. Orada özünü şəhid Əlmirzənin əsgər yoldaşı kimi təqdim etmişdir. O, Səfər adlı həmin şəxsə adının Elşad olduğunu demişdir. Səfərlə gecə saatlarına qədər oturub söhbət etmişlər. 30 yanvar 2024-cü il tarixdə gecə saat 01 radələrində Səfərə ayaqyoluna getmək istədiyini bildirmiş və evdən çölə çıxmışdır. Ayaqyoluna getdikdən sonra artıq ev sahibinə əziyyət verməmək üçün öz evinə getmək qərarına gəlmişdir. Giriş darvazasını açaraq çölə çıxmışdır. Bundan sonra həmin evdən biraz uzaqlaşmışdır. Əlini cibinə salıb siqaret götürüb çəkmək istəmişdir. Lakin görmüşdür ki, siqareti qalmamışdır. Həmin vaxt cibində cəmi 5 manat pulu olmuşdur. Həmin vaxt siqaret çəkmək istədiyindən və evə qayıtmaq üçün pulunun çatmayacağını başa düşüb oğurluq etmək qərarına gəlmişdir. Ətrafa baxdıqda yaxınlıqda bir mağazanın olduğunu görmüşdür. Mağazaya yaxınlaşdıqda qapısının bağlı olduğunu görmüşdür. Mağazada müşahidə kamerası olmadığını görmüş və həmin mağazadan oğurluq etmək qərarına gəlmişdir. Ətrafa baxdıqda yerdə taxta və metal parçası olduğunu görüb, götürmüşdür. Metal parçası ilə mağazanın pəncərəsinin bir şüşəsini sındırmışdır. Bundan sonra taxta və metal parçası ilə pəncərənin üzərində olan metal barmaqlıqları əymişdir. Sonra həmin pəncərədən içəri daxil olmuşdur. İçəri girdikdən sonra orada masanın altındakı siyirmənin içərisində olan nağd pulu, həmçinin “Bakcell” danışıq kartlarını oradan götürmüşdür. Daha sonra isə mağazanın içərisindəki rəflərdən bir neçə qutu siqaret, enerji içkiləri və corab götürmüşdür. Götürdüyü pul və əşyaların dəqiq sayını xatırlamır. İçəri girdiyi pəncərəyə yaxınlaşmış və oradan çölə çıxmışdır. Bir qədər uzaqlaşdıqdan sonra Qobustan şəhəri istiqamətini tapmış və piyada Qobustan şəhərinə gəlmişdir. Orada yolun kənarında yerləşən dairədən dövlət qeydiyyat nişanını və markasını xatırlamadığı avtomobilə minmişdir. Həmin avtomobilin sürücüsünə gediş haqqı olaraq mağazadan oğurladığı puldan 10 manat pul verərək Bakı şəhərinə gəlmişdir. Həmin şəxs onun oğurluq etməsi ilə bağlı məlumatlı olmamışdır. Daha sonra isə dövlət qeydiyyat nişanını və markasını xatırlamadığı başqa avtomobil ilə Goranboy rayonunda yerləşən evinə getmişdir. O, həmçinin ifadəsində bildirmişdir ki, 30 yanvar 2024-cü il tarixdə saat 01 radələrində Qobustan rayonu, Cəyirli kəndi ərazisində yerləşən mağazadan oğurluq edərkən onu heç kim görməmiş, yanında heç kim olmamışdır. Hadisəni tək törətmişdir. Oğurladığı pulları xərcləmiş, “Bizon” markalı enerji içkilərini özü içmiş, siqaretlərdən bir neçəsini istifadə etmişdir. Danışıq kartları, corabları və siqaretlərin qalan hissəsini isə Bakı şəhərində tanımadığı şəxslərə satmışdır. Həmin şəxslərə malların oğurluq olduğunu deməmişdir. Satışdan əldə etdiyi pulu isə şəxsi ehtiyacları üçün istifadə etmişdir. Yekunda Təqsirləndirilən şəxs bildirdi ki, etdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs dəymiş bütün ziyanı aradan qaldırmışdır və odur ki, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Qobustan rayonu, Cəyirli kəndində özünə məxsus, adı olmayan mağazası vardır. Mağaza Qobustan rayonu, Cəyirli kəndində atasından qalma evinin yaxınlığında yerləşir. Həmin mağazada 2001-ci ildən siqaret, kontur, qida, geyim və başqa gündəlik tələbat malları satır. 2001-ci ildən fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Mağazanı adətən səhər saat 07-08 radələrində açır, həmin mağazada gün ərzində gündəlik tələbat mallarının satışı həyata keçirilir və saat 19 radələrində mağazanı bağlayır. Mağazasında müşahidə kamerası yoxdur. Mağazanın qapısı hər gün açarla kilidlənərək bağlanır. 30 yanvar 2024-cü il tarixdə səhər saat 08 radələrində qayınatası Tahir ona zəng edərək mağazanın pəncərələrindən birinin şüşəsinin sındırıldığı və şüşənin qarşısında olan dəmir barmaqlığın isə əyildiyi barədə məlumat vermişdir. Qobustan şəhərində yaşadığı evdən çıxaraq rayonun Cəyirli kəndində yerləşən mağazasına gəlmişdir. O, mağazaya çatdıqda görmüşdür ki, mağazanın qapısının kilidi yerindədir. Onun mağazasının pəncərələrinin qarşısında dəmir barmaqlıqlar vardır, mağazasından oğurluq edən şəxs həmin dəmir barmaqlıqları əyib və pəncərənin bir şüşəsini sındıraraq içəri daxil olmuşdur. Mağazaya baxış keçirmiş və mağazada alış-veriş olan zaman arxasında əyləşdiyi və siyirməsində alış-verişdən əldə etdiyi pulları və danışıq kartlarını saxladığı masaya yaxınlaşıb siyirməsinə baxdıqda, əvvəlki gün axşam mağazadan çıxmamışdan əvvəl həmin siyirmədə olan 250 manat məbləğində nağd pulun və 20 ədəd 1 manatlıq “Bakcell” danışıq kartlarının yerində olmadığını aşkar etmişdir. Daha sonra mağazaya ətraflı baxmış, satış üçün nəzərdə tutulmuş və rəflərdə yerləşdirdiyi çox sayda müxtəlif markalı siqaretlərin, 10 cüt kişi corabı və hər biri 01 manat dəyərində olan 08 ədəd “Bizon” markalı enerji içkisinin də yerində olmadığını müəyyənləşdirmişdir. Dərhal özünə məxsus mobil telefonla DİN-in 102 xidməti zəng mərkəzinə zəng edərək mağazasından oğurluq olması barədə məlumat vermişdir. Bir qədər sonra oraya polis əməkdaşları gələrək baxış keçirtmiş və bundan sonra o, polis əməkdaşları ilə birlikdə Qobustan Rayon Polis Şöbəsinə gedərək mağazasından oğurluq olması barədə ərizə ilə müraciət etmişdir. Hadisə zamanı mağazanın giriş qapısı qırılmamış, mağazaya çatanda oranın giriş qapısının kilidinin yerində olduğunu görmüşdür və qapı işlək vəziyyətdə olmuşdur. Ancaq mağazanın pəncərələrindən birinin qarşısındakı dəmir barmaqlıqlar əyilmiş və bir şüşəsi sındırılmışdır. Mağazadan oğurluq edən şəxs məhz həmin yerdən içəri keçmişdir. Bildirmişdir ki, əyilmiş barmaqlığı yerinə bərpa etmişdir. Onun mağazasından 250 manat məbləğində nağd pul, həmçinin, ümumi qiyməti 20 manat təşkil edən 20 ədəd bir manatlıq “Bakcell” danışıq kartları, hər birinin qiyməti 4 manat olan ümumi qiyməti 40,00 manat təşkil edən 10 qutu “Kent 4” markalı siqaret, hər birinin qiyməti 3 manat olan ümumi qiyməti 75,00 manat təşkil edən 25 qutu “Rothmans” markalı siqaret, hər birinin qiyməti 3 manat olan ümumi qiyməti 45,00 manat təşkil edən 15 qutu “Pall Mall” markalı siqaret, hər birinin qiyməti 3 manat olan ümumi qiyməti 60,00 manat təşkil edən 20 qutu “LD” markalı siqaret, hər birinin qiyməti 2,90 manat olan ümumi qiyməti 58,00 manat təşkil edən 20 qutu “Wincester” markalı siqaret, hər birinin qiyməti 4 manat olan ümumi qiyməti 32,00 manat təşkil edən 08 qutu “Winston Compact” markalı siqaret, hər birinin qiyməti 2,40 manat olan ümumi qiyməti 24,00 manat təşkil edən 10 qutu “Vegas” markalı siqaret, hər birinin qiyməti 2 manat olan ümumi qiyməti 20 manat təşkil edən 10 cüt markası bilinməyən kişi corabı, həmçinin hər birinin qiyməti 1 manat olan ümumi qiyməti 8 manat təşkil edən 8 ədəd “Bizon” markalı enerji içkisi oğurlanmışdır. Həmin mağazadan oğurlanmış göy rəngli metal bankada olan “Bizon” markalı enerji içkisinin tutumu 500 ml, enerji içkisinin 01 ədədinin qiyməti 1 manat, 8 ədədinin qiyməti isə 8 manat olmuşdur. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 632 manat miqdarında maddi ziyan vurulmuşdur. Həmçinin, bildirmişdir ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmiş, Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur, bundan sonra da olmayacaqdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Zərərçəkmiş şəxs qızının əridir. Vüsalın Qobustan rayonu, Cəyirli kəndində onun yaşadığı evin yaxınlığında mağazası var və Vüsal həmin mağazada gündəlik tələbat malları satışı ilə məşğul olur. 30 yanvar 2024-cü il tarixdə saat 08 radələrində o, hava almaq məqsədi ilə kənd ərazisində gəzən zaman, Vüsala məxsus mağazanın qarşısından keçərkən həmin mağazanın qarşı tərəfdən sağ pəncərəsinin şüşəsinin sınmış vəziyyətdə olduğunu görmüşdür. O, dərhal mağazaya yaxınlaşıb diqqətlə baxdıqda mağazanın qarşı tərəfdən sağ pəncərəsinin üzərindəki metal barmaqlıqların kənarlara doğru əyildiyini, həmin pəncərənin şüşəsinin sınmış vəziyyətdə olduğunu və pəncərənin qarşısında yerə tökülmüş şüşə parçalarının üzərində qan ləkələri olduğunu görmüş, lakin mağazanın giriş qapısı bağlı olmuşdur. O, dərhal Vüsala zəng edərək gördükləri barədə məlumat vermişdir. Bir qədər sonra Vüsal da oraya gəlmişdir. Vüsal mağazanın qapısını açdıqdan sonra onlar içəri daxil olmuşlar. Onlar mağazaya daxil olduqdan sonra Vüsal mağazadakı malları və kassadakı pulları yoxladıqdan sonra mağazadan pul və ərzaq məhsulları oğurlandığını ona bildirmişdir. Daha sonra Vüsal DİN-nin 102 xidməti zəng mərkəzinə müraciət etmişdir. Bir qədər sonra polis əməkdaşları oraya gəlmiş və Vüsal hadisə ilə bağlı ərizə ilə Qobustan RPŞ-yə müraciət etmişdir. Hadisə nəticəsində Zərərçəkmiş şəxs məxsus mağazadan hansı məbləğdə pul və mallar oğurlanması barədə dəqiq bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, Qobustan rayonu, Cəyirli kəndində ailəsi ilə birlikdə yaşayır. 29 yanvar 2024-cü il tarixdə saat 21 radələrində Qobustan şəhərindən yaşadığı rayonun Cəyirli kəndinə gedərkən X1 yaxınlığında yolun sağ tərəfi ilə piyada bir nəfər şəxsin yuxarı getdiyini görmüşdür. İdarə etdiyi “Niva” markalı avtomobilini həmin şəxsin yanında saxlayıb haraya getdiyini soruşduqda, həmin şəxs ona rayonun Cəyirli kəndində X8 məzarını ziyarətə getdiyini demişdir. O, həmin şəxsi avtomobilinə dəvət etmişdir. Həmin vaxt şəxsin üzündə hərbçilərin istifadə etdiyi üzü tam bağlayan maska tipli papaq olmuşdur. Həmin şəxs çöldə hava qarlı olduğundan üzünü bağlamışdır. Avtomobildə də həmin vəziyyətdə oturmuşdur. Həmin şəxsə X8 məzarının Hacıqabul rayonunda olduğunu, əslən rayonun Cəyirli kəndindən olduğunu demişdir. Həmin şəxs ona şəhidin qohumlarının kənddə yaşadığını bildirərək mobil nömrə göstərmişdir. O da həmin nömrənin həmkəndlisi Səfərə məxsus olduğunu bildirmişdir. Səfəri də tanıdığı üçün həmin şəxsi rayonun Cəyirli kəndində yerləşən Səfərin yaşadığı evə düşürtmüşdür. Səfər həmin şəxsi qarşılamışdır. Sonra Səfərlə sağollaşıb evinə getmişdir. Səhəri gün, yəni 30 yanvar 2024-cü il tarixdə həmkəndlisi Vüsal adlı şəxsin mağazasının qarşısında polis əməkdaşlarının olduğunu görmüşdür. Onlara yaxınlaşdıqda axşam saatlarında oğurluq hadisəsinin baş verməsini bildirmişlər. Ondan axşam saatlarında kəndə şübhəli şəxsin gəlib-gəlmədiyini soruşmuşlar. O da polislərə axşam onun tanımadığı bir nəfər şəxsin gəldiyini bildirmiş, həmin axşam olan hadisələri danışaraq, həmin şəxsi avtomobili ilə Səfərin evinə apardığını bildirmişdir. İş üzrə Şahid2 teleqram ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında səhhəti ilə əlaqədar olaraq iştirak edə bilməyəcəyini və ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmiş, məhkəmə iclasının onsuz keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid2 ibtidai araşdırma zamanı verdiyi şahid ifadəsi elan edilmişdir. Şahid2 ibtidai araşdırma zamanı verdiyi şahid ifadəsində bildirmişdir ki, Qobustan rayonu, Cəyirli kəndində ailəsi ilə birlikdə yaşayır. Onun bacısı oğlu X2 19 sentyabr 2023-cü ildə antiterror əməliyyatları zamanı qəhrəmancasına şəhid olmuş, meyiti Hacıqabul şəhərində dəfn olunmuşdur. 29 yanvar 2024-cü il tarixdə saat 21 radələrində ona həmkəndlisi Cabir telefonla zəng edərək şəhid bacısı oğlu Əlmirzənin əsgər yoldaşını yoldan avtomobilinə götürdüyünü demişdir. O da Cabirə həmin şəxsi onlara gətirməsini xahiş etmişdir. Cabir və həmin şəxs onlara gəlmişlər. O, Cabiri evə dəvət etmiş, lakin Cabir onunla salamlaşaraq çıxıb getmişdir. Həmin şəxs isə adının Elşad olduğunu bildirmişdir. O, Elşadı evə aparmışdır. Gecə saatlarına qədər oturub söhbət etmişlər. 30 yanvar 2024cü il tarixdə gecə saat 01 radələrində Elşad ayaqyoluna getmək istədiyini bildirərək evdən çölə çıxmışdır. Lakin 15 dəqiqə keçməsinə baxmayaraq, geri qayıtmamışdır. O, Elşadın arxasınca çölə çıxanda giriş darvazasının açıq olduğunu görmüşdür. Elşadın mobil nömrəsinə dəfələrlə zəng etsə də, telefona cavab vermədiyindən çıxıb getdiyini başa düşmüşdür. Bildirmişdir ki, 30 yanvar 2024-cü il tarixdə saat 01 radələrində Qobustan rayonu, Cəyirli kəndində həmkəndlisi Zərərçəkmiş şəxs mağazasında baş vermiş oğurluqla əlaqədar Təqsirləndirilən şəxs ilə heç bir əlaqəsi olmamışdır. Həmçinin, Təqsirləndirilən şəxs oğurluq etməsi barədə heç bir məlumatı olmamışdır. Elşad qeyd edilən vaxt xəbərsiz olaraq evindən çıxıb getmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: 30 yanvar 2024-cü il tarixli “baxış aparılması haqqında” protokoldan görünür ki, hadisə yeri Qobustan rayonu, Cəyirli kəndi ərazisində yerləşən, Zərərçəkmiş şəxs məxsus ərzaq malları satılan mağazadır. Həmin tikili 1 mərtəbədən ibarətdir, ağ daşdan tikilmişdir, 2 qapı və 3 pəncərəsi vardır. Qapı dəmir qapıdır və hər gün açarla bağlanır. Zərərçəkmiş şəxs giriş qapısının sağ tərəfində olan pəncərəni göstərərək həmin yerdən naməlum şəxs və ya şəxslərin ona məxsus olan mağazaya daxil olub oğurluq etdiyini bildirmişdir. İş üzrə Qobustan RPŞ-yə verilmiş əməliyyat tapşırığının 06 fevral 2024-cü il tarixli, 3-13-90/1-1447/24 nömrəli cavabından görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs məxsus mağazadan nağd pul və əşyaları xx.xx.2024-cü il tarixdə Goranboy rayonu, Baxçakürd kənd sakini Təqsirləndirilən şəxs oğurladığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 07 mart 2024-cü il tarixli, 9/1050 nömrəli rəyində qeyd edilmişdir ki, ekspertiza təyini haqqında qərarda göstərilən 9 adda malların orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 374,00 manat müəyyən edilir. Digər 8 ədəd “Bizon” markalı enerji içkisinin tutumu barədə məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. Ekspertiza təyini haqqında qərarda göstərilən 20 ədəd 1 manatlıq “Bakcell” danışıq kartının qiyməti ümumi 20,00 manat, hər birinin qiyməti 4 manat olan 10 qutu “Kent 4” markalı siqaretin ümumi qiyməti 40,00 manat, hər birinin qiyməti 3 manat olan 25 qutu “Rothmans” markalı siqaretin ümumi qiyməti 75,00 manat, hər birinin qiyməti 3 manat olan 15 qutu “Pall Mall” markalı siqaretin ümumi qiyməti 45,00 manat, hər birinin qiyməti 3 manat olan 20 qutu “LD” markalı siqaretin ümumi qiyməti 60,00 manat, hər birinin qiyməti 2,90 manat olan 20 qutu “Wincester” markalı siqaretin ümumi qiyməti 58,00 manat, hər birinin qiyməti 4 manat olan 08 qutu “Winston Compact” markalı siqaretin ümumi qiyməti 32,00 manat, hər birinin qiyməti 2,40 manat olan 10 qutu “Vegas” markalı siqaretin ümumi qiyməti 24,00 manat, hər birinin qiyməti 2 manat olan 10 cüt kişi corabının ümumi qiyməti 20 manat olmuşdur. 26 mart 2024-cü il tarixli “Araz Şamil” marketin arayışından görünür ki, 01 ədəd 500 ml həcmli, göy rəngli, metal bankada olan “Bizon Energy” enerji içkisinin 2024-cü ilin yanvar ayına olan orta bazar qiyməti 01 manat olaraq qiymətləndirilməklə, 08 ədəd 500 ml həcmli, göy rəngli, metal bankada olan “Bizon Energy” enerji içkisinin 2024-cü ilin yanvar ayına olan orta bazar qiyməti 08 manatdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 08 fevral 2024-cü il tarixli, 3-13-11/2-1772/2024 nömrəli məktubundan görünür ki, təqdim edilmiş 01 ədəd dəmir parçası və 04 ədəd tampon üzərində olan qan nümunələri Təqsirləndirilən şəxs məxsusdur. Təqdim edilmiş 04 ədəd tampon tədqiqat zamanı sərf edilmişdir. Məhkəmə-tibb ekspertizasının 16 fevral 2024-cü il tarixli, 27 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs almış olduğu xəsarət-sol əlin ovuc səthinin bir ədəd yarası kəsici alət (ola bilsin şüşə) təsirindən törənmişdir, yetirilmə müddəti 30 yanvar 2024cü il tarixə uyğun gəlir. Təqsirləndirilən şəxs almış olduğu xəsarət sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Goranboy rayon X4 Hüquqi Şəxsinin 29 fevral 2024-cü il tarixli, 18-1-39/2-254/2024 nömrəli məktubundan görünür ki, Əsgərov X6 RMX PHŞ-nin poliklinikasının narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda deyildir. Qobustan rayon X4 Hüquqi Şəxsinin 14 mart 2024-cü il tarixli, 18-1-53/2-201/2024 nömrəli məktubundan görünür ki, Həsənov X3 RMX PHŞ-nin Poliklinika şöbəsində Narkoloji və Psixonevroloji xəstəliklər kabinetində dispanser qeydiyyatda deyildir. İş üzrə Qobustan RPŞ-yə verilmiş əməliyyat tapşırığının cavabından görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 30 yanvar 2024-cü il tarixdə Qobustan rayonu, Cəyirli kəndində Zərərçəkmiş şəxs məxsus mağazadan oğurladığı “Bakcell” danışıq kartları, corablar və siqaretləri satdığı şəxs(lər)in dairəsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, CM-in 69.3-cü maddəsinə əsasən 02 il 07 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 1(001)- 189/2023 saylı hökmündən görünür ki, həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 sentyabr 2022-ci il tarixdən 10 sentyabr 2022-ci il tarixədək və 26 mart 2023-cü il tarixdən hazırkı vaxtadək həbsdə saxlanıldığı cəmi 2 ay 7 gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 il 07 ay 16 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Sumqayıt şəhər Probasiya şöbəsinin 17 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-189/2023 saylı, 01 iyun 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilərək 02 il 07 ay 16 gün azadlığın məhdudlaşdırılması cəzası verilmiş, Təqsirləndirilən şəxs çağırış vərəqəsi göndərilməsinə baxmayaraq, Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyatdan keçmədiyindən azadlığın məhdudlaşdırılması cəzası çəkilməmişdir. Goranboy Rayon İcra Hakimiyyəti Başçısının Baxçakürd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də, Goranboy rayonu, Baxçakürd kəndində qeydiyyatdadır və orada yaşayır. Goranboy Rayon İcra Hakimiyyəti Başçısının Baxçakürd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs mənfi xarakterizə olunur. Həm ibtidai araşdırma zamanı, həm də məhkəmə araşdırması zamanı Zərərçəkmiş şəxs ərizə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tamamilə ödəmişdir. Buna görə də, hazırda onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur, bundan sonra da olmayacaqdır. İş materiallarından görünür ki, hadisə yerindən götürülmüş üzərində Təqsirləndirilən şəxs məxsus qan nümunələri olan 01 ədəd dəmir parçası maddi sübut əhəmiyyətinə malik olduğundan 18 aprel 2024-cü il tarixli qərarla iş üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək Qobustan rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir. Qobustan Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 1(026)-16/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Qobustan RPŞ-nin 26 avqust 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 25 avqust 2024-cü ildə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində tutularaq Qobustan RPŞ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 05 fevral 2024-cü il tarixdə saat 21:00-də şübhəli şəxs qismində tutulmuş, 06 fevral 2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, həmin gün saat 22:00-da Qobustan RPŞnin X5 azad edilmişdir. Məhkəmə iş üzrə zərərçəkmiş şəxsin və şahidlərin tədqiq edilmiş ifadələrini, 30 yanvar 2024-cü il tarixli baxış keçirilməsi və götürmə aparılması haqqında protokolu, təqsirləndirilən şəxsin ifadəsinin yoxlanılması istintaq hərəkəti keçirilən zamanı çəkilmiş 08 ədəd fotoşəkli, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 07 mart 2024-cü il tarixli, 9/1050 nömrəli rəyini, 26 mart 2024-cü il tarixli “Araz Şamil” marketin arayışını, Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnaməni, istintaq hərəkətlərinin protokollarını və işdə olan digər sənədləri ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini dinləyib, işdə olan digər sübutları tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alıb, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 30 yanvar 2024-cü il tarixdə saat 01 radələrində Qobustan rayonu, Cəyirli kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus mağazanın pəncərəsinin bir ədəd şüşəsini həmin vaxt yerdən götürdüyü metal parçası ilə sındırıb, taxta və metal parçası ilə isə pəncərənin metal barmaqlıqlarını aralayıb saxlanc yeri hesab olunan mağazaya qanunsuz daxil olub, oradan 250 manat məbləğində nağd pul, ümumi qiyməti 20 manat təşkil edən 1 manatlıq 20 ədəd “Bakcell” danışıq kartları, bir ədədinin qiyməti 04 manat olmaqla, ümumi dəyəri 40 manat təşkil edən 10 qutu “Kent 4” markalı siqaret, bir ədədinin qiyməti 03 manat olmaqla, ümumi dəyəri 75 manat təşkil edən 25 qutu “Rothmans” markalı siqaret, bir ədədinin qiyməti 3 manat olmaqla, ümumi dəyəri 45 manat təşkil edən 15 qutu “Pall Mall” markalı siqaret, bir ədədinin qiyməti 03 manat olmaqla, ümumi dəyəri 60 manat təşkil edən 20 qutu “LD” markalı siqaret, bir ədədinin qiyməti 2 manat 90 qəpik olmaqla, ümumi dəyəri 58 manat təşkil edən 20 qutu “Wincester” markalı siqaret, bir ədədinin qiyməti 04 manat olmaqla, ümumi dəyəri 32 manat təşkil edən 08 qutu “Winston Compact” markalı siqaret, bir ədədinin qiyməti 02 manat 40 qəpik olmaqla, ümumi dəyəri 24 manat təşkil edən 10 qutu “Vegas” markalı siqaret, bir ədədinin qiyməti 2 manat olmaqla, ümumi dəyəri 20 manat olan 10 cüt kişi corabı və bir ədədinin qiyməti 01 manat olmaqla, ümumi dəyəri 08 manat təşkil edən 08 ədəd “Bizon” markalı enerji içkisini gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 632 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Başqa sözlə, təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olaraq özgə əmlakını gizli olaraq talamış, yəni oğurluq cinayətini törətmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177.2.3-cü maddəsinə əsasən, eyni əməllər yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsində cinayətlərin residivi əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi kimi təsbit edilmişdir. Bununla yanaşı, Cinayət Məcəlləsinin 18.4-cü maddəsində göstərilmişdir ki, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər, bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Göründüyü kimi, təqsirləndirilən şəxs əvvəllər müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə, yəni azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edildiyindən, Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin tələbinə müvafiq olaraq onun hazırki iş üzrə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi cinayətlərin residivini yaradan hal kimi nəzərə alına bilməz. Lakin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər də Cinayət Məcəlləsinin eyni – 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi hazırki iş üzrə residivin yaranmasına əsas verməsə də, hər bir halda təqsirləndirilən şəxsə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının öz məqsədlərinə xidmət edə bilmədiyini və təqsirləndirilən şəxsin islah olunmamasını göstərməklə, onun şəxsiyyətini xarakterizə edən hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iş materiallarına istinad edib təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın tamamilə ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. CM-in 60.1-ci maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə, cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmasına baxmayaraq, həmin cəzanın çəkilməli olduğu müddət ərzində yenidən qəsdən cinayət törətməsini, onun barəsində tətbiq edilən cinayət-hüquqi təsir tədbirinin gözlənilən səmərəni verməməsini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün deyildir, onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Probasiya şöbəsinin 17 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-189/2023 saylı, 01 iyun 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilərək 02 il 07 ay 16 gün azadlığın məhdudlaşdırılması cəzası verilmiş, Təqsirləndirilən şəxs çağırış vərəqəsi göndərilməsinə baxmayaraq, Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyatdan keçmədiyindən azadlığın məhdudlaşdırılması cəzası çəkilməmişdir. Odur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-189/2023 saylı, 01 iyun 2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 02 (iki) il 07 (yeddi) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulub 01 (bir) il 03 (üç) ay 23 (iyirmi üç) gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməli və həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 fevral 2024-cü il tarixdən 06 fevral 2024-cü il tarixədək (24 saatdan artıq olmaqla) şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı iki gün müddət ona təyin edilən cəzadan çıxılmalıdır. CM-in 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. CM-in 68.1.1-1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bundan başqa, məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı onun tutulduğu tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut - Qobustan rayon Polis Şöbəsində saxlanılan hadisə yerindən götürülmüş üzərində Təqsirləndirilən şəxs məxsus qan nümunələri olan 01 ədəd dəmir parçası məhv edilməli (CPM - 132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM - 198.1), təqsirləndirilən şəxsə məhkəmə icraatı zamanı göstərilən 10 saat hüquqi yardımla bağlı 60 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçiyə ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-189/2023 nömrəli, 01 iyun 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 02 (iki) il 07 (yeddi) ay 16 (on altı) gün azadlığın məhdudlaşdırılması cəzası, azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla (01 (bir) il 03 (üç) ay 23 (iyirmi üç) gün) hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilsin və qəti olaraq ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 fevral 2024-cü il tarixdən 06 fevral 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı iki gün müddətin bir günü ona təyin edilən azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla ümumilikdə 02 (iki) gün müddət həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı onun tutulduğu 25 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı X9 Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən 10 saat hüquqi yardımla bağlı 60 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Qobustan rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Binəqədi filialındakı İBAN: AZ84İBAZ********************, VÖEN: **********, hesab nömrəsi ******************** olan hesaba köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Qobustan rayon Polis Şöbəsində saxlanılan hadisə yerindən götürülmüş üzərində Təqsirləndirilən şəxs məxsus qan nümunələri olan 01 ədəd dəmir parçası məhv edilsin. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma təqdim olunduğu andan) 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar