Məhkəmə qərarları › İş №1(026)-17/2021

Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-17/2021

13.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-17/2021 13.07.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə, Təqsirləndirilən şəxs1 – xx xxxxxx 1999-cu ildə Qobustan rayonunun Qobustan şəhərində anadan olmuş, Аzərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Qobustan rayonunun Qobustan şəhərində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş – Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 – xx xxxx 1996-cı ildə Qobustan rayonunun Qobustan şəhərində anadan olmuş, Аzərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Qobustan rayonunun Qobustan şəhərində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş – Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 08 mart 2021-ci il tarixdə saat 17 radələrində Qobustan şəhəri ərazisində 08 mart 2021-ci il tarixdə saat 17 radələrində Qobustan şəhəri ərazisində həmyerlisi Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metafetamini əldə edib, üzərində saxlamaqla daşımış, Qobustan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 08 mart 2021-ci il tarixdə saat 19 radələrində Qobustan şəhəri (köhnə Nərimankənd adlanan ərazidə) ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş və həmin gün saat 19:30-20:10 dəqiqədə rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 (bir) ədəd kağız bükülüdə təmiz çəkisi 0,197 (sıfır tam mində yüz doxsan yeddi) qram ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə olan metafetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan mənbədən, həmçinin, vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini və şəxsi istehlak miqdarında psixotrop maddə olan metafetamini əldə edib, üzərində saxlamaqla Qobustan şəhərinə daşımış, Qobustan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 08 mart 2021-ci il tarixdə saat 19 radələrində Qobustan şəhəri (köhnə Nərimankənd adlanan ərazidə) ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş və həmin gün saat 21:20-21:55 dəqiqədə rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılarkən əynində olan boz rəngli şalvarın sol yan cibindən 01 (bir) ədəd kağız bükülüdə təmiz çəkisi 0,316 (sıfır tam mində üç yüz on altı) qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 02 (iki) ədəd bükülüdə ayrı-ayırılıqda təmiz çəkiləri 0,022 (sıfır tam mində iyirmi iki) qram və 0,078 (sıfır tam mində yetmiş səkkiz) qram ümumi təmiz çəkisi 0,100 (sıfır tam mində yüz) qram ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə olan metafetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmələri aşağıda göstərilənlərlə sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Qobustan şəhərində qeydiyyatda olmaqla, orada yaşayır. Əvvəllər məhkum edilməmişdir. Əvvəllər bir neçə dəfə narkotik vasitə istifadə etmişdir. Təqsirləndirilən şəxs2 tanıyır, Samir onun həmkəndlisidir, onunla münasibəti vardır. 2021ci ilin mart ayının 8-i saat təxminən 13 radələrində həmkəndlisi Samir istifadə etdiyi mobil nömrədən onun istifadəsində olan mobil nömrəyə zəng edib “nəşən varsa və şüşə (narkotik vasitə metafetamin) çəkmək istəyirsənsə həmin nəşə ilə şüşəni dəyişək, çünki mən də dəyişiklik olsun deyə nəşə çəkmək istəyirəm”- demiş, o isə “məndə bir büküm ot var, amma şüşə də çəkmək istəyirəm-demişdir. Saat təxminən 16-17 radələrində Samirlə yaşadıqları Qobustan şəhəri ərazidə görüşmüşlər və özündə olan 1 büküm nəşəni Samirdə olan 1 büküm şüşə ilə dəyişmişlər. Bir neçə saat sonra isə o, evə gedərkən yolda mülki formada bir neçə şəxs ona yaxınlaşıb özlərini təqdim etmiş, onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər və onu rayon PŞ-yə dəvət etmişlər. Bir qədər sonra ona polis şöbəsində şübhəli şəxs qismində tutulmağı barədə qərar elan edilmiş, həmçinin tutulmağının əsasları, hüquq və vəzifələri ona izah edilmişdir. Bundan sonra o, maddi imkanının olmadığını bildirib hüquqlarının müdafiəsi üçün ona dövlət hesabına vəkil təyin edilməsini xahiş etmişdir. Bir neçə dəqiqə sonra ona təyin edilmiş vəkil gəlmiş, həmin vaxt vəkilin iştirakı ilə onun barəsində tutma protokolu tərtib edilmişdir. Hüquq və vəzifələri yenidən izah edilib bu barədə ona bildiriş təqdim edilmişdir, həmçinin, polis şöbəsinə iki nəfər şəxs dəvət olunmuşdur. O, həmin şəxsləri əvvəllər tanımamış, polis əməkdaşları ona həmin şəxslərin hal şahidi kimi dəvət edildiyini bildirmişdir. Bundan sonra polis şöbəsində olan xidməti otaqların birində vəkilin, hal şahidlərinin və polis əməkdaşlarının iştirakları ilə onun üzərində axtarış aparılması başlanılmışdır. Axtarış zamanı ona, üzərində qanunla qadağan edilmiş hər hansı əşya varsa təqdim etməsi təklif edilmiş, o da üzərində saxladığı digər əşyalarla birlikdə əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd bükümdə içərisində narkotik vasitəni təqdim etmişdir. Həmin 01 ədəd bükümün içərisində narkotik vasitə şüşə olmuşdur. O, həmin narkotik vasitəni öz istifadəsi üçün üzərində gəzdirmişdir. Üzərində axtarış davam etdirilsə də, başqa qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra, ümumilkdə 01 ədəd büküm zərfdə qablaşdırılıb möhürlənmiş, sonra o imzalamışdır. Daha sonra bu barədə protokol tərtib edilmişdir. O da protokoldakıların düzgün yazıldığına əmin olandan sonra vəkil və digər iştirakçılarla birgə imzalamışdır. Təqsirləndirilən şəxs2la yaxşı münasibəti olsa da əvvəllər Samirlə ilə birlikdə narkotik vasitə istifadə etməmiş, onunla narkotik vasitə dəyişməmiş, ondan narkotik vasitə almamış və ona narkotik vasitə satmamışdır. Təqsirləndirilən şəxs2 onun narkotik vasitə istifadəçisi olduğunu bildiyinə görə ondan narkotik vasitə marixuananın olub-olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs2la narkotik vasitələri dəyişməkdə məqsədi sadəcə fərqlilik olmuşdur. O heç vaxt narkotik vasitə satışı ilə məşğul olmamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Qobustan şəhərində qeydiyyatda olmaqla, orada yaşayır. Əvvəllər məhkum edilməmişdir. O, əvvəllər bir neçə dəfə narkotik vasitə istifadə etmişdir. 2020-ci ilin noyabr ayının 7-də ölkəmizin müharibə şəraitində olması ilə əlaqədar Qobustan rayon komissarlığı tərəfindən könüllü olaraq döyüş bölgəsinə göndərilmişdir. Torpaqlar işğaldan azad edildikdən spnra 2021-ci ilin yanvar ayında yaşadığı Qobustan şəhərinə qayıtmışdır. Bäxışov Əli Kamran oğlu ilə həmkəndlidir və Əli ilə münasibəti normaldır. 2021-ci ilin yanvar ayının ortalarında işlə əlaqədar Bakı şəhərinə getmiş, mart ayının 3-ü isə yaşadığı Qobustan şəhərinə qayıtmışdır. Qobustan şəhərinə qayıtdığı gün Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayon ərazisində Cəngi qəsəbəsində yerləşən kafedə oturub yemək yemiş, həmin vaxt yan masada tanımadığı bir şəxs oturmuş, söhbət əsnasında həmin şəxsin narkotik vasitə istifadəçisi olduğunu bilmiş və ona özünün də narkotik vasitə istifadəçisi olduğunu demişdir. Bir qədər sonra o, kafedən çıxanda həmin şəxs ona yaxınlaşıb narkotik vasitə istədiyi təqdirdə ona müəyyən qədər istifadə üçün narkotik vasitə verə biləcəyini deyərək özündə olan 3 büküm şüşə (narkotik vasitə metafetamin) və 1 ədəd bükümdə kakosu (narkotik vasitə heroin) 30 manata ona sata biləcəyini bildirmişdir. O da 30 manat verib həmin narkotik vasitələri istifadə etmək üçün həmin şəxsdən almışdır. O, həmin şəxsdən mobil nömrəsini və adını soruşduqda həmin şəxsin ona adının Fəyaz olduğunu, lakin mobil nömrəsinin olmadığını bildirmişdir. Bundan sonra, 08 mart 2021-ci il tarixdə saat təxminən 13 radələrində istifadə etdiyi mobil nömrədən həmkəndlisi Əlinin istifadəsində olan mobil nömrəyə zəng edib “nəşən varsa və şüşə (narkotik vasitə metafetamin) çəkmək istəyirsənsə həmin nəşə ilə şüşəni dəyişək, çünki mən də dəyişiklik olsun deyə nəşə çəkmək istəyirəm”- demiş, Əli isə “məndə bir büküm ot var, amma şüşə də çəkmək istiyərəm-demişdir. Saat təxminən 16-17 radələrində Əli ilə yaşadıqları Qobustan şəhəri ərazidə görüşmüşlər və Əlidə olan 1 büküm nəşəni özündə olan 1 büküm şüşə ilə dəyişmişdir. Beləliklə, həmin vaxt onun cibində 02 bükümdə şüşə (narkotik vasitə metafetamin), 01 ədəd bükümdə kakos (narkotik vasitə heroin) və bir az nəşə olmuşdur. O, Əli ilə dəyişib götürdüyü 1 büküm nəşəni kənara çəkilib dərhal istifadə etmişdir. Bir qədər sonra o, saçını səliqəyə salmaq üçün həmkəndlisi Rəcəbin bərbərxanasına getmiş, həmin vaxt narkotik vasitələr üzərində olmuşdur. Bərbərxanada Rəcəbin bibisi oğlu Elvin də orada olmuşdur. O, saçını səliqəyə salıb bərbərxanadan çıxdıqdan sonra mülki formada bir neçə şəxs ona yaxınlaşıb özlərini təqdim edib, onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu rayon PŞ-yə dəvət etmişlər. Bir qədər sonra polis şöbəsində şübhəli şəxs qismində tutulması barədə qərar ona elan edilmiş, həmçinin tutulmasının əsasları, hüquq və vəzifələri ona izah edilmişdir. Bir neçə dəqiqə sonra ona təyin edilmiş vəkil gəlmiş və həmin vaxt vəkilin iştirakı ilə onun barəsində tutma protokolu tərtib edilmişdir. Hüquq və vəzifələri yenidən izah edilib bu barədə ona bildiriş təqdim edilmişdir, həmçinin, polis şöbəsinə iki nəfər şəxs dəvət olunmuşdur, o, həmin şəxsləri əvvəllər tanımamış, polis əməkdaşları ona həmin şəxslər hal şahidi kimi dəvət edildiyini bildirmişlər. Bundan sonra polis şöbəsində olan xidməti otaqların birində vəkilin, hal şahidlərinin və polis əməkdaşlarının iştirakları ilə onun üzərində axtarış aparılmış. Axtarış zamanı ona üzərində qanunla qadağan edilmiş hər hansısa əşya varsa təqdim etməsi təklif edilmiş, o da üzərində saxladığı digər əşyalarla birlikdə əynində olan boz rəngli şalvarının sol yan cibindən 03 ədəd bükümdə içərisində narkotik vasitələri təqdim etmişdir. Həmin bükümlərin 02 ədədinin içərisində “şüşə” (narkotik vasitə metafetamin) 01 ədədinin içərisində isə kakos (narkotik vasitə heroin) olmuş və həmin narkotik vasitələri özünün istifadəsi üçün üzərində gəzdirmişdir. Üzərində axtarış davam etdirilsə də, başqa qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra ümumilikdə 03 ədəd büküm ağ rəngli zərfə qablaşdırılıb möhürlənmiş, sonra o, zərfin üzərini imzalamışdır. Daha sonra bu barədə protokol tərtib edilmiş və o da protokoldakıların düzgün yazıldığına əmin olandan sonra vəkil və digər iştirakçılarla birgə imzalamışdır. Təqsirləndirilən şəxs1la yaxşı münasibəti olsa da əvvəllər onunla birlikdə narkotik vasitə istifadə etməmiş, onunla narkotik vasitə dəyişməmiş, ondan narkotik vasitə almamış və ona narkotik vasitə satmamışdır. Lakin Təqsirləndirilən şəxs1 narkotik vasitə istifadəçisi olduğunu bildiyinə görə ondan narkotik vasitə- marixuananın olub-olmamasını soruşmuş, Əli ilə narkotik vasitələri dəyişməkdə məqsədi sadəcə fərqlilik olmuşdur. O heç vaxt narkotik vasitə satışı ilə məşğul olmamışdır. Əməlindən peşmandır. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 08 mart 2021-ci il tarixdə saat təxminən 19 radələrində Qobustan rayon PŞ-nin qarşısından keçən zaman polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şübhəli şəxs qismində saxlanılmış Qobustan şəhər sakini Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməsində hal şahidi kimi iştirak etməsi təklif etmişlər. O, öz razılığını bildirdikdən sonra ona hüquq və vəzifələri izah edilmişdir. Qobustan rayon polis şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs1 üzərinə vəkilin, digər hal şahidinin və polis əməkdaşlarının iştirakı ilə axtarış keçirərkən Təqsirləndirilən şəxs1 qanunla qadağan olunmuş hər hansı maddə, predmet və əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuş, bu zaman Təqsirləndirilən şəxs1 üzərində saxladığı digər əşyalarla birlikdə əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd kağız bükülünü iştirakçılara təqdim etmişdir. Qara rəngli şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi 01 ədəd bükülünün içərisində “şüşə” (narkotik vasitə metafetamin) adlanan narkotik vasitə olduğunu və həmin narkotik vasitəni özünün istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Axtarış zamanı üzərində başqa qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra içərisində narkotik vasitə olan 01 ədəd büküm zərfdə qablaşdırılıb möhürlənmiş, sonra o, imzalamışdır. Daha sonra bu barədə protokol tərtib edilmiş, o da protokoldakıları vəkil və digər iştirakçılarla birgə imzalamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid6 iş üzrə Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Şahid X1 məhkəməyə teleqram göndərərək səhhətində yaranmış problemlə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir. İbtidai istintaqda verdiyi ifadəsi elan olunmuş şahid X1 ifadəsində göstərmişdir ki, 08 mart 2021-ci il tarixdə saat təxminən 19 radələrində Qobustan rayon PŞ-nin qarşısından keçən zaman polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şübhəli şəxs qismində saxlanılmış Qobustan şəhər sakini Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsində hal şahidi kimi iştirak etməyini təklif etmişlər. O, öz razılığını bildirmiş, bundan sonra ona hüquq və vəzifələri izah edilmişdir. Qobustan rayon polis şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs2 üzərinə vəkilin, digər hal şahidinin və polis əməkdaşlarının iştirakı ilə axtarış keçirərkən Təqsirləndirilən şəxs2 qanunla qadağan olunmuş hər hansı maddə, predmet və əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuş, bu zaman Təqsirləndirilən şəxs2 üzərində saxladığı digər əşyalarla birlikdə əynində olan boz rəngli şalvarının sol yan cibindən 03 ədəd gümüşü rəngli kağız bükülünü iştirakçılara təqdim etmişdir. Boz rəngli şalvarının sol yan cibindən çıxarıb təqdim etdiyi 03 ədəd bükülüdən 02 ədədində “şüşə” (narkotik vasitə metafetamin), 01 ədədində isə “kakos” (narkotik vasitə heroin) adlanan narkotik vasitələr olduğunu və həmin narkotik vasitələri özünün istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Axtarış zamanı üzərində başqa qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra içərisində narkotik vasitə olan 03 ədəd büküm zərfdə qablaşdırılıb möhürlənmiş, sonra o imzalamışdır. Daha sonra bu barədə protokol tərtib edilmiş və o da protokoldakıları vəkil və digər iştirakçlılarla birgə imzalamışdır. Cinayət işi üzrə şahid qismində dindirilmiş Qobustan rayon polis şöbəsinin İTB-nin sahə rəisi Şahid8 ifadəsində göstərdi ki, 08 mart 2021-ci il tarixdə saat 18 radələrində xidməti iş yerində olarkən məlum olmuş ki, Qobustan RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini X2 şəhər sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Qobustan rayon ərazisində narkotik vasitələrin istifadəsində və qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuş və bu səbəbdən də Habil Hüseynov tərəfindən daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində saxlanılması və RPŞ-yə gətirilməsi ilə əlaqədar “təxirə salınmaz əməliyyat tədbirinin keçirilməsi” haqqında qərar qəbul edilmişdir. Bundan sonra Qobustan RPŞ-nin rəhbərliyi tərəfindən əmrlə tərtib olunmuş əməliyyat qrupunun digər üzvü Rəhman Abdulkərimovla birlikdə 08 mart 2021-ci il tarixdə saat təxminən 19 radələrində Qobustan şəhəri ərazisində müvafiq qaydada müşahidəyə başlamışlar. Müşahidə zamanı Təqsirləndirilən şəxs2 Qobustan şəhəri ərazisində yerləşən Şahid5 bərbərxanasından çıxarkən görüb dərhal qrup üzvləri ilə birlikdə xüsusi parollarla əlaqə yaradıb Təqsirləndirilən şəxs2 yaxınlaşıb özlərini təqdim etmişlər. Bu vaxt Təqsirləndirilən şəxs2 Qobustan rayon ərazisində narkotik vasitələrin istifadəsində və qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğu üçün onlarla birgə Qobustan RPŞ-yə getməsini bildirmişlər. Təqsirləndirilən şəxs2 etiraz etmədən, heç bir müqavimət göstərmədən onlarla birlikdə Qobustan RPŞ-yə getmişdir. Eyni zamanda əməliyyat qrupunun digər üzvləri Qobustan şəhəri ərazisində Təqsirləndirilən şəxs1 görüb ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin istifadəsində və qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğu üçün RPŞ-yə dəvət etmişlər. Bundan sonra raportla rəhbərliyə məruzə edilmiş, daha sonra toplanmış materialların icrası təhqiqat qrupuna həvalə edilmişdir. Baş təhqiqatçı Kənan Məmmədov ilk növbədə əməliyyat qrupunun digər üzvlər tərəfindən saxlanılmış Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulması barədə qərarı elan etmiş, həmçinin tutulmasının əsaslarını, hüquq və vəzifələrini izah etmişdir. Polis şöbəsinə iki nəfər şəxsi hal şahidi kimi dəvət edilmişdir. Bundan sonra polis şöbəsində vəkilin, hal şahidlərinin və digər polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan edilmiş hər hansı əşya varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd kağız bükülünü iştirakçılara təqdim etmişdir. Qara rəngli şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi 01 ədəd gümüşü rəngli bükülünün içərisində “şüşə” (narkotik vasitə metafetamin) olduğunu və həmin narkotik vasitələri özünün istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Axtarış zamanı üzərində başqa qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra içərisində narkotik vasitə olan 01 ədəd büküm zərfdə qablaşdırılıb möhürlənmiş, sonra imzalamışdır. Daha sonra bu barədə protokol tərtib edilmiş və o da protokoldakıları vəkil və digər iştirakçılarla birgə imzalamışdır. Daha sonra Təqsirləndirilən şəxs2 da baş təhqiqatçı Kənan Məmmədov şübhəli şəxs qismində tutulması barədə qərarı elan etmiş, həmçinin tutulmasının əsaslarını, hüquq və vəzifələrini izah etmişdir. Polis şöbəsinə iki nəfər şəxsi hal şahidi kimi dəvət etmişlər. Bundan sonra polis şöbəsində vəkilin, hal şahidlərinin və digər polis əməkdaşlarının iştirakları ilə onun üzərində şəxsi axtarış aparılması başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində qanunla qadağan edilmiş hər hansı əşya varsa təqdim etməsi təklif edilmişdir, Təqsirləndirilən şəxs2 əynində olan boz rəngli şalvarının sol yan cibindən 03 ədəd gümüşü kağız bükülünü iştirakçılara təqdim etmişdir. Boz rəngli şalvarının sol yan cibindən çıxarıb təqdim etdiyi 03 ədəd bükülünün 02 ədədinin içərisində “şüşə” (narkotik vasitə metafetamin) 01 ədədinin içərisində isə “kakos” (narkotik vasitə heroin) olduğunu və həmin narkotik vasitələri özünün istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Axtarış zamanı üzərində başqa qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra içərisində narkotik vasitə olan 03 ədəd büküm zərfdə qablaşdırılıb möhürlənmiş, sonra o imzalamışdır. Daha sonra bu barədə protokol tərtib edilmiş və o da protokoldakıları vəkil və digər iştirakçılarla birgə imzalamışdır. İş üzrə şahid qismində dindirilmiş Qobustan rayon Polis Şöbəsinin İTB-nin rəisi Şahid7, İTB-nin sahə rəisi Şahid9 İTB-nin sahə rəisi Şahid8 ilə eyni məzmunlu ifadə verdilər. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Qobustan şəhərində yaşayır. Qobustan şəhər sakini Təqsirləndirilən şəxs2 yaxşı tanıyır. Samir onun sinif yoldaşıdır. 08 mart 2021-ci il tarixdə səhər saatlarında Samir onu bərbərin qarşısında görüb axşam saatlarına yaxın saçını səliqəyə salmaq üçün bərbərə gələcəyini demişdir. Həmin gün o, saat təxminən 17-18 radələrində istifadə etdiyi mobil nömrədən Samirin istifadə etdiyi mobil nömrəyə zəng edərək sonuncudan bərbərxanaya gəlib-gəlməyəcəyini soruşmuş, Samir isə gələcəyini bildirmişdir. Bir qədər sonra Samir bərbərxanaya gəlib həmin vaxt onun yanında bibisi oğlu Şahid4 də olmuşdur. Samir gəldikdən bir qədər sonra saçını səliqəyə salıb onlarla sağollaşıb bərbərxanadan çıxdığı vaxt mülki formada bir neçə şəxs Samirə yaxınlaşıb özlərini rayon polis şöbəsinin əməkdaşı kimi təqdim edib Samirin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu deyib rayon PŞ-yə dəvət etmişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid4 iş üzrə Şahid5 ilə eyni məzmunlu ifadə verdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 09 mart 2021-ci il tarixli 6/955 nömrəli ekspert rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1” yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,197 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psoxotrop maddə- metafetamindir. Metafetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,147 qram olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 09 mart 2021-ci il tarixli 6/956 nömrəli ekspert rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2” yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,316 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik maddə heroindir və 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,022 qram və 0,078 qram, ümumi təmiz çəkisi 0,100 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psoxotrop maddə-metafetamindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”, metafetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Tədqiqata sərf edildikdən sonra heroinin qalıq çəkisi 0,266 qram, metafetaminin qalıq çəkisi 0,08 qram olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 31 mart 2021-ci il tarixli 6/1045 nömrəli ekspert rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş 01 ədəd bükümdəki metafetamin və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş 02 ədəd bükümdəki metafetamin xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 11 mart 2021-ci il tarixli 750 №-li nömrəli ekspert rəyində göstərilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metafetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədər olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 11 mart 2021-ci il tarixli 746 №-li nömrəli ekspert rəyində göstərilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metafetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən Qobustan RPŞyə daxil olmuş 13 may 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən Qobustan RPŞyə daxil olmuş 13 may 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarına əlavə edilmiş, Qobustan rayonu İcra Hakimiyyəti Başçısının Qobustan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 16 may 2021-ci il tarixli 750 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 həqiqətən də Qobustan rayonunun Qobustan şəhərində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş, Qobustan rayonu İcra Hakimiyyəti Başçısının Qobustan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 16 may 2021-ci il tarixli 752 saylı xasiyyətnamədə Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş, Qobustan rayonu İcra Hakimiyyəti Başçısının Qobustan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 16 may 2021-ci il tarixli 747 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 həqiqətən də Qobustan rayonunun Qobustan şəhərində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş, Qobustan rayonu İcra Hakimiyyəti Başçısının Qobustan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 16 may 2021-ci il tarixli 746 saylı xasiyyətnamədə Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon şöbəsi tərəfindən Təqsirləndirilən şəxs1 adına verilmiş SX ******* saylı hərbi biletdə göstərilir ki, Təqsirləndirilən şəxs1 dinc dövürdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon şöbəsi tərəfindən Təqsirləndirilən şəxs2 adına verilmiş SX ******* saylı hərbi biletdə göstərilir ki, Təqsirləndirilən şəxs2 oğlu Vətən müharibəsi iştirakçısıdır. Məhkəmə araşdırılmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, təşqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli onların özlərinin və şahidlərin ifadəsi ilə, eləcə də ekspert rəyləri və işdə olan digər sənədlərlə tam sübuta yetir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və onlara həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayəti etiraf edərək əməllərindən səmimi peşman olmalarını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Onların cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hal, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə edilmiş cinayət törətməkdə olan şübhəli şəxsin tutulması haqqında 08 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 08 mart 2021-ci il tarixdən 10 mart 2021-ci il tarixə kimi şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarına əlavə edilmiş cinayət törətməkdə olan şübhəli şəxsin tutulması haqqında 08 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 08 mart 2021-ci il tarixdən 10 mart 2021-ci il tarixə kimi şübhəli şəxs kimi tutulmuşdur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun yaşadığı yerdən müsbət xarakterizə olmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizanın rəyinə və qanunvericiliyin tələbinə əsasən Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun yaşadığı yerdən müsbət xarakterizə olmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizanın rəyinə və qanunvericiliyin tələbinə əsasən Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını çəkdikləri müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onların üzərinə yaşayış yeri üzrə, yəni Qobustan rayonunun Qobustan şəhəri ərazisini və saat 23:00-dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün onlara xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. İş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq çəkisi 0,127 qram ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə olan metafetamin, həmçinin Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,08 qram ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə olan metafetamin və tədqiqatdan sonra qalıq çəkisi 0,266 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin məhv edilməlidir. İş üzrə 114 manat ekspertiza xərci Təqsirləndirilən şəxs1, 114 manat ekspertiza xərci Təqsirləndirilən şəxs2 və 114 manat ekspertiza xərci isə onlardan müştərək qaydada alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347-349, 351-353, 356 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 08 mart 2021-ci il tarixdən 10 mart 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı iki gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir gün azadlıqdan məhrumetmənin iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 üzərinə Qobustan rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 08 mart 2021-ci il tarixdən 10 mart 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı iki gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir gün azadlıqdan məhrumetmənin iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 üzərinə Qobustan rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq çəkisi 0,127 qram ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə olan metafetamin, həmçinin Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,08 qram ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə olan metafetamin və tədqiqatdan sonra qalıq çəkisi 0,266 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə 114 manat ekspertiza xərci Təqsirləndirilən şəxs1, 114 manat ekspertiza xərci Təqsirləndirilən şəxs2 və 114 manat ekspertiza xərci isə onlardan müştərək qaydada alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökmdən təqdim olunan və ya alınan gündən 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar