Məhkəmə qərarları › İş №1(026)-17/2023

Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-17/2023

21.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-17/2023 21.11.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 iştirakları ilə, xx xxx 1956-cı il tarixdə Füzuli rayonu Dilağarda kəndində anadan olmuş, evli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, Füzuli rayonu Dilağarda kəndində yaşayış yeri üzrə daimi qeydiyyatda olmaqla, tutulan günə kimi ünvan 1 ünvanında yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən, tamah niyyəti və özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 11 aprel 2023-cü il tarixdə saat 09 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində otlaq sahəsindən vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 məxsus, hər biri 2500 manat dəyərində 4 baş inək, Zərərçəkmiş şəxs2 məxsus, hər biri 2500 manat dəyərində 2 baş inək olmaqla cəmi 6 baş iribuynuzlu heyvanı həmin ərazidən apararaq gizli yolla talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 10000 (on min) manat, zərərçəkmiş Zərərçəkmiş şəxs2 isə 5000 (beş min) manat məbləğində olmaqla ümumilikdə 15000 (on beş) min manat məbləğində, xeyli miqdarda ziyan vurmaqla qəsdən oğurluq cinayəti törətmişdir. Bundan başqa o, təkrarən qəsdən tamah niyyəti və özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Qobustan rayonu Cəngi kəndi ərazisində yerləşən örüş sahəsindən vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs4 məxsus, orta diri çəkisi 205 kiloqram olan 2000 (iki min) manat dəyərində 1 baş inək və Zərərçəkmiş şəxs3 məxsus, orta diri çəkisi 184 kiloqram olan 2200 (iki min iki yüz) manat dəyərində 1 baş, orta diri çəkisi 176 kiloqram olan 2000 (iki min) manat dəyərində 1 baş, orta diri çəkisi 153 kiloqram olan 1600 (bir min altı yüz) manat dəyərində 1 baş, orta diri çəkisi 127 kiloqram olan 1300 (bir min üç yüz) manat dəyərində 1 baş, orta diri çəkisi 132 kiloqram olan 1400 (bir min dörd yüz) manat dəyərində 1 baş, orta diri çəkisi 108 kiloqram olan 1200 (bir min iki yüz) manat dəyərində 1 baş inək olmaqla cəmi 7 baş iribuynuzlu heyvanı həmin ərazidən apararaq gizli yolla talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs4 2000 (iki min) manat, zərərçəkmiş Zərərçəkmiş şəxs3 isə 9700 (doqquz min yeddi yüz) manat məbləğində olmaqla ümumilikdə 11700 (on bir min yeddi yüz) manat məbləğində, xeyli miqdarda ziyan vurmaqla qəsdən oğurluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıda qeyd edilənlərlə tam sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Təqaüdçüdür. 8 aprel 2023-cü il tarixdə səhhəti ilə əlaqədar müalicə almaq üçün Bakı şəhərinə getmişdir. Qaradağ rayonunda Lökbatan dairəsində avtobusdan düşüb qalmaq üçün Puta qəsəbəsində kafe işlədən Adil adlı tanışının yanına getmiş, lakin Adil kafedə olmadığından ona zəng vurmuş, Adil kafenin tanımadığı işçisinə tapşırmış və həmin şəxs ona xərclik olaraq 20 manat pul vermişdir. O, pulu götürüb Qaradağ rayonu Lökbatan qəsəbəsinə getmək üçün avtobusa minmiş, lakin əks istiqamətli avtobusa mindiyi üçün Qaradağ rayonu Qızıldaş qəsəbəsinə gedib çıxmışdır. Orada qəsəbədən bir qədər kənarda sahibsiz at gördüyü üçün avtobusu saxlatdırıb düşmüş və atı tutub minmişdir. Təxminən 2-3 gün ərzində Qaradağ rayonunun Qızıldaş və Puta qəsəbələrində, daş karxanalarında və digər sahələrdə atla gəzmiş, gecələri isə çöldə atı bağlayıb yanında yatmışdır. 11 aprel 2023-cü il tarixdə saat 11-12 radələrində Qızıldaş qəsəbəsi yaxınlığında atla gəzərkən qəsəbədən bir qədər kənarda dərədə 6 baş inəyin sahibsiz halda otladığını görüb onları oğurlamaq qərarına gəlmişdir. İnəkləri qabağına qataraq atla Stansiya Güzdək qəsəbəsinə getmişdir. Orada küçədə təsadüfən əvvəllər onunla bir yerdə məhkumluq həyatı yaşamış Rüstəm adlı tanışıyla rastlaşmışdır. Rüstəmə pul lazım olduğu üçün özünə məxsus inəkləri kəsimə vermək istədiyini demişdir. Rüstəm inəklərə baxdıqdan sonra 5 baş inəyin kəsimə yararlı olduğunu, 1 inəyin isə boğaz olduğunu demişdir. O, Rüstəmlə həmin boğaz inəyi ona satmaq üçün 750 manata razılaşmışdır. Lakin Rüstəm pulu olmadığı üçün pulu sonra verəcəyini bildirmişdir. Bundan sonra Rüstəm ona həmin inəyi yaşadığı evə aparacağını deyib, inəyi də götürüb harasa getmiş, o isə Stansiya Güzdək qəsəbəsinin girişində yolun kənarında 3-4 nəfər tanımadığı şəxs olduğunu görüb onlara yaxınlaşmış və inəkləri satmaq üçün Bakı şəhərinə apara biləcək maşın axtardığını demişdir. Həmin şəxslərdən biri ona nömrə verərək, “Qazel” sürücüsü olduğunu və inəkləri apara biləcəyini demişdir. O, həmin nömrəyə zəng edib, 5 baş inəyi olduğunu və ət kombinatına satmaq istədiyini bildirmişdir. Həmin sürücü ona Bakı şəhəri Nərimanov rayonunda ət kombinatı tanıdığını və inəkləri oraya 150 manata apara biləcəyini demiş və həmin şəxslə razılaşmışlar. Təxminən 15 dəqiqə sonra əvvəllər tanımadığı, şəxsiyyəti ona sonradan məlum olan Rəşad adlı həmin sürücü “Qazel” markalı yük maşını ilə Stansiya Güzdək qəsəbəsinin girişinə gəlmiş və inəkləri həmin şəxsin dövlət nömrə nişanını xatırlamadığı “Qazel” markalı yük maşınına mindirib yola düşmüşlər. Bakı şəhərində Nərimanov rayonu ərazisində yerləşən ət kombinatına gəldikdə heyvanlara baxıb 5 baş inək üçün 3680 manat pul ödəniləcəyini demişlər. O, həmin pula razılaşaraq inəkləri satıb əldə etdiyi pulun 200 manatını əvvəlcədən gəldikləri razılığa əsasən yük maşınının sürücüsünə vermişdir. Həmçinin, 110 manat da kombinata icarə haqqı olaraq verilmişdir. Sonra o, Qaradağ rayonuna qayıtmışdır. Atla Qızıldaş qəsəbəsində gəzən zaman tanımadığı bir nəfər şəxs ona yaxınlaşıb, atın sahibi olduğunu bildirmiş və atın yerişi və başqa xüsusiyyətləri ilə bağlı suallarına doğru cavab verdiyindən o, atın sahibi olduğunu anlamış və atı həmin şəxsə təhvil vermişdir. Bundan sonra Füzuli rayonuna yaşadığı evə qayıtmışdır. Əldə etdiyi puldan 400 və ya 500 manat götürüb xərcləmiş, qalan pulu isə ödəmə terminalı vasitəsilə "xxxx" ASC-yə olan kredit borcunu ödəmişdir. Hazırda həmin puldan qalmayıb. Bundan başqa 2023-cü ilin may ayının sonlarında maddi vəziyyəti pis olduğundan heyvan oğurlayıb sataraq qazanc eldə etmək qərarına gəlmişdir. O, əvvəllər Qobustan rayonu Qaracüzlü kənd sakinlərindən birinin Qaracüzlü kəndinin yaxınlığındakı “Qozluçay” çayının yaxınlığında yerləşən fermasında çoban olaraq işləmiş və həmin dövrdə “Qozluçay” çayının sahillərində heyvan otardığı vaxtlarda həmin sahillərdə olan örüş sahələrində ətraf kəndlərin sakinlərinə məxsus heyvan sürülərinin nəzarətsiz vəziyyətdə otladığının şahidi olmuşdur. Buna görə də yenidən Qobustan rayonu ərazisindəki “Qozluçay” çayının sahilindəki örüş sahələrindən iribuynuzlu heyvan oğurlayıb satmaq qərarına gəlmişdir. Bu məqsədlə 30 may 2023-cü il tarixdə səhər saatlarında yaşadığı Qaradağ rayonu Korgöz qəsəbəsindəki evdən evin həyətində saxladığı özünə məxsus atı ilə yola düşmüşdür. Həmin vaxt atının balası, yəni dayçası da ardınca gəlmişdir. O, əvvəlcə Abşeron rayonunun Stansiya Sumqayıt qəsəbəsinə gedib, oradan Abşeron rayonunun Müşfıqabad qəsəbəsinin ərazisinə keçmişdir. Abşeron rayonunun Müşfıqabad qəsəbəsinin ərazisində bir ferma ilə rastlaşmış və həmin fermanın ərazisindən keçən zaman əvvəllər tanımadığı, sonradan adını bildiyi fermanın gözətçisi olan İmanyar adlı şəxs ona yaxınlaşıb özünü təqdim edərək kim olduğunu və haraya getdiyini soruşduqda, o, özünü təqdim edib, çoban olduğunu, tanışlarının Qobustan rayonu Çaylı kəndi ərazisində olan ona məxsus qoyunları yaylağa apardıqlarını, onun isə qoyunlar üçün yer hazırlamaqdan ötrü əvvəlcədən yaylağa getdiyini bildirmişdir. Həmin vaxt İmanyar onu çaya qonaq etmişdir. Daha sonra o, atına minib yoluna davam etmiş və Müşfıqabad qəsəbəsi ərazsindən torpaq yolla Abşeron rayonu Çaylı kəndi ərazisinə çatıb oradan yaxınlıqdakı “Qozluçay” çayının sahilinə getmişdir. O, həmin çayın axınının əksi istiqamətində irəliləyərək həmin gün saat 17 radələrində çayın sahilindəki örüş sahəsinə çatdıqda həmin ərazidə 7 baş inəyin nəzarətsiz halda otladığını görmüşdür. Ətrafı diqqətlə nəzərdən keçirib, ətrafda heç kimin olmadığından əmin olduqdan sonra atla heyvanları sürə-sürə gəldiyi yolla Müşfıqabad qəsəbəsi ərazisində olan, gələrkən qarşılaşdığı fermaya aparmışdır. O, fermaya 31 may 2023-cü il tarixdə saat 05 radələrində çatmışdır. Ətrafa baxdıqda fermanın gözətçisi olan İmanyarın fermada olmadığını görüb, təkbaşına həmin 7 baş inəyi, həmçinin, öz atını və atının balasını fermada olan qoyunların saxlanıldığı ağıla yığmışdır. Bundan sonra o, heyvanları daşımaq üçün fəhlə tapmaq məqsədi ilə əvvəllər də tez-tez getdiyi, dostu İlqarın yaşadığı Qaradağ rayonu Puta qəsəbəsinə getmişdir. O, Puta qəsəbəsinə çatdıqda əvvəlcə İlqara baş çəkmək məqsədi ilə İlqarın evinə getmişdir. O, İlqarın evinə çatdıqda əvvəlcədən Puta qəsəbə sakini kimi tanıdığı Zöhrab və Zərbəli adlı şəxslərlə rastlaşmış və salamlaşıb hal-əhval tutmuşdur. Söhbət zamanı o, Zöhrab və Zərbəliyə Abşeron rayonu Müşfıqabad qəsəbəsi ərazisindəki fermada özünə məxsus inəklər olduğunu və həmin inəkləri daşımaqda köməyə ehtiyacı olduğunu bildirib, bu işdə ona kömək edə bilibbilməyəcəklərini soruşduqda, Zöhrab və Zərbəli razılıqlarını bildirmişlər. Həmin vaxt gəldikləri razılığa görə o, inəkləri daşımağa kömək etmələri müqabilində hər birinə 30 (otuz) manat məbləğində pul verəcəkdi. Bundan sonra o, Zərbəli və Zöhrab ilə birlikdə küçəyə çıxıb avtobus dayanacağına getmişdir. Dayanacaqda Zərbəlinin əvvəlcədən tanıdığı Fərid adlı şəxslə rastlaşmışlar. Söhbət zamanı Zərbəli Fəridə pul müqabilində onun inəklərini daşımağa getdiklərini dedikdə, Fərid Zərbəliyə özünün də pul müqabilində kömək edə biləcəyini bildirmiş və Fəridlə 30 manat pul müqabilində onun inəklərini daşımağa kömək etməsi ilə bağlı razılığa gəlmişdir. Bundan sonra o, Zərbəli, Zöhrab və Fərid ilə birlikdə onun təklifi ilə heyvanları daşımaqdan ötrü yük maşını tapmaq üçün Lökbatan qəsəbəsinin bazarına getmişdir. Onlar birlikdə bir neçə mikroavtobus sürücüsündən yük maşını sürücüsü nömrəsi soruşsalar da, onlardan bir şey öyrənə bilməmişdir. Sonra o, yorulduğundan Fəridlə birlikdə küçədə gözləmiş, Zöhrab isə Zərbəli ilə birlikdə heyvanları daşımaqdan ötrü yük maşını sürücüsü axtarmaq üçün bazara girmişdir. Bundan bir qədər sonra Zöhrab və Zərbəli geri qayıtmış, söhbət zamanı Zərbəli ona yük maşını sürücüsü nömrəsi tapdığını demiş və həmin nömrəyə zəng edib, sürücü ilə 7 baş inək, 1 baş at və 1 baş dayçanı 120 (bir yüz iyirmi) manat pul müqabilində daşıması ilə bağlı razılığa gəlmişdir. Söhbət zamanı Zərbəli sürücüyə Lökbatan qəsəbəsində yerləşən “Kingsmart” supermarketin qarşısına gəlməyini tapşırmışdır. Onlar həmin supermarketdən bir qədər aralıda dayanıb gözləyən zaman həmin supermarketin qarşısında “Mercedes-benz Actros” markalı, **-CK-*** dövlət nömrə nişanlı yük maşınının dayandığını görüb, çağırdıqları maşın olduğunu anlamışlar. Bu zaman o, Zərbəli, Zöhrab və Fəridə taksi ilə Müşfıqabad qəsəbəsi ərazisindəki fermaya getməli olduqlarını və Zərbəliyə həmin istiqamətdə gələn zaman ona zəng edib, yolu dəqiqləşdirməyini tapşırıb, gedib “Mercedes-benz Actros” markalı, **-CK-*** dövlət nömrə nişanlı yük maşınına minib, sürücü ilə görüşüb, özünü təqdim edərək daşınacaq heyvanların sahibi olduğunu bildirmişdir. Sonra onlar Müşfıqabad qəsəbəsi istiqamətində yola düşmüşlər. Yolda olduğu zaman Zərbəli ona zəng edib yolu soruşmuş və o, həmin şəxslərə Müşfıqabad qəsəbəsi ərazisindəki fermaya aparan yolu izah etmişdir. Yolda Abşeron rayonu Xocəsən qəsəbəsini keçdikdən sonra o, Məsuna Stansiya Sumqayıt qəsəbəsinə getməli olduqlarını demiş, Məsun etiraz edib, telefonla danışdığı şəxsin ona Müşfıqabad qəsəbəsinə gediləcəyini dediyini bildirdikdə, o, Məsuna səhv məlumat verildiyini demiş və Məsun da razılaşıb Stansiya Sumqayıt qəsəbəsinə sürmüşdür. Məsun onun göstərdiyi yolla sürüb Stansiya Sumqayıt qəsəbəsinə, oradan isə bir qədər də gedib, Müşfıqabad qəsəbəsi ərazisindəki həmin fermaya çatmışlar. O, maşından enib heyvanları yoxlamaq üçün onları yığdığı ağıla tərəf gedən zaman İmanyar yanına gəlib, geri qayıtmağının, atını və inəklərini fermaya gətirməyinin səbəbini soruşduqda, o, İmanyara atın, 1 dayçanın və 7 baş inəyin özünə məxsus olduğunu, fermaya gecə gətirdiyini və səhər açıldıqda evinə aparmaq üçün müvəqqəti olaraq ağıla yığdığını, indi isə heyvanları aparmağa gəldiyini bildirmişdir. Bir qədər sonra Zərbəli və Zöhrab əvvəllər tanımadığı, şəxsiyyəti ona sonradan məlum olan Eltac adlı şəxsin idarə etdiyi, “Kia Rio” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı taksi avtomobil ilə fermaya gəlmişlər. Bundan sonra o, Zərbəli, Zöhrab və taksi sürücüsü olan Eltac həmçinin, İmanyar ilə birlikdə fermanın tövləsindəki 7 baş inəyi ağıldan çıxarıb “Mercedes-benz Actros” markalı, **-CK-*** dövlət nömrə nişanlı yük maşınının yük yerinə mindirmişdir. Sonra o, təkbaşına tövlədən 1 baş at və 1 baş dayçanı da gətirib yük maşınına mindirmişdir. Bundan sonra o, yük maşını ilə Qaradağ rayonu Korgöz qəsəbəsində kirayə yaşadığı fərdi yaşayış evinə getmişdir. Bir az sonra Zərbəli və Zöhrab da Eltacın idarə etdiyi həmin taksi ilə onun olduğu yerə gəlmiş və Zərbəli ona Fəridin işi çıxdığından yolda ayrılıb getdiyini bildirmişdir. Sonra onlar birlikdə yük maşınındakı həmin 7 baş inək, 1 baş at və 1 baş dayçanı yük yerindən endirib, evinin həyət qapısından həyətə salmışlar. Bundan sonra o, Zərbəliyə 140 manat pul verərək yük maşının sürücüsü olan, şəxsiyyəti ona sonradan məlum olan Məsun adlı şəxsə verməyini xahiş edib heyvanları yerbəyer etmək üçün heyvanların yanına getmiş, Məsun isə idarə etdiyi yük maşını ilə çıxıb getmişdir. Bundan sonra o, Zərbəli və Zöhrabla birlikdə Eltacın idarə etdiyi avtomobillə Puta qəsəbəsinə getmişdir. Onlar qəsəbəyə çatdıqda, Zərbəli Eltaca zəhmət haqqı olaraq 30 manat pul vermiş və Eltac çıxıb getmişdir. O da İlqara baş çəkib, söhbət etmək üçün İlqarın evinə getmişdir. Bundan sonra 03 iyun 2023-cü il tarixdə o, Qaradağ rayonu Puta qəsəbəsində yaşayan dostu İlqar adlı şəxsin evində İlqar və İlqarın ona qəsəbə sakinləri olaraq təqdim etdiyi, əvvəllər tanımadığı Taleh və Azər adlı şəxslərlə birlikdə yemək yeyən zaman İlqarın evinin qapısı döyülmüş və İlqar həyətə çıxmışdır. Bir qədər sonra İlqar yanında əvvəllər tanımadığı polis əməkdaşları ilə birlikdə içəri daxil olmuşdur. Həmin polis əməkdaşları özlərini təqdim edib, onu, Talehi və Azəri baş vermiş cinayətlə bağlı ifadələrinin alınması üçün Qobustan rayon Polis şöbəsinə dəvət etmişlər. Onların da hər biri razılığını bildirib, həmin polis əməkdaşları ilə birlikdə Qobustan RPŞ-yə yollanmışlar. Yolda polis əməkdaşları ondan Qobustan rayonu ərazisindən oğurluq edibetməməyi ilə bağlı maraqlandıqda, o, polisin artıq hər şeyi bildiyini anlamış və əməlini etiraf edib, polis əməkdaşlarını yaşadığı Qaradağ rayonu Körgöz qəsəbəsindəki evinin yanındakı əraziyə aparıb, oğurladığı inəkləri təqdim etmişdir. Həmin vaxt oğurladığı yeddi baş inək, həmçinin, orada olan atı və atın dayçası yük maşınına mindirilmiş və onunla birlikdə polis şöbəsinə gətirilmişdir. Mal-qaradan çox anlayışı yoxdur. Lakin, Qaradağ rayonu ərazisindən oğurladığı inəklərin içərisində ala, qara, boz və qırmızı rəngli inəklər olduğunu xatırlayır. Hadisə zamanı o, inəklərin ətini satdığı Şahid4 və Şahid3 öz oğlunun həbsdə olduğunu, həbsdən çıxarmaq üçün 40 min manat pul lazım olduğunu, gətirdiyi inəkləri nağd pula satdığını bildirmişdir. O, bunları ona görə demişdir ki, ona inansınlar. Həmin inəkləri kəsdikdən sonra 599 kiloqram ət etmiş, 5 faiz ət yaş olduğu üçün ümumi çəkidən çıxılmış, 110 manat 5 baş inəyin kəsildiyi üçün kombinata icarə haqqı kimi verilmiş, 200 manatı sürücüyə verilmiş, yerdə qalan 3680 manat pul isə ona verilmişdir. O, Rüstəmə və “Qazel” sürücüsünə, həmçinin ət kombinatının işçilərinə inəklərin özünün olduğunu, pula ehtiyacı olduğu üçün satdığını demişdir. O, Rüstəmi azadlığa çıxandan sonra ilk dəfə idi ki, hadisə zamanı görürdü. Əvvəllər və ya hadisədən sonra onun Rüstəmlə heç bir əlaqəsi olmayıb. Hazırda da o, Rüstəmin ev ünvanını və ya başqa əlaqə vasitəsini bilmir. Onun hadisə zamanı Qaradağ rayonu ərazisindən həmin inəkləri oğurladığı ərazinin ətrafına çəpər və ya başqa bir vasitə ilə mərz çəkilməmişdir. Həmin heyvanların olduqları ərazinin ətrafı açıqlıq idi. O, Qaradağ rayonu ərazisindən inəkləri oğurlayan zaman onu heç kim görməmiş və ətrafda onu görə biləcək heç kim də olmamışdır. O, Məsunun onun heyvan oğurluğu ilə məşğul olmağı barədə başqa şəxslərə, o cümlədən polisə məlumat verə biləcəyindən ehtiyyat etdiyinə görə hadisə zamanı Məsuna onun yük maşını ilə daşıdığı həmin yeddi baş inəyi oğurladığını bildirməmişdir. O, hadisə zamanı Zərbəli, Zöhrab, İmanyar və “Kia Rio” markalı taksinin sürücüsü olan Eltaca həmin heyvanları oğurladığını bildirməmişdir. Onun hadisə zamanı Qobustan rayonu ərazisindən həmin yeddi baş inəyi oğurladığı ərazinin ətrafına çəpər və ya başqa bir vasitə ilə mərz çəkilməmişdir. Həmin heyvanların olduqları ərazinin ətrafı açıqlıq olmuş, hadisə zamanı Qobustan rayonundan oğurladığı yeddi baş inəyin sahiblərini tanımır. Həmin heyvanların sahibləri ilə arasında ədavət, düşmənçilik və ya başqa qərəzli münasibət, həmçinin borc münasibəti olmayıb. Onun Qobustan rayonundan həmin yeddi baş inəyi oğurlamaqda məqsədi həmin heyvanları satıb pul əldə etmək olmuşdur. “Mercedes-benz Actros” markalı yük maşınına baxış zamanı aşkar olunaraq götürülmüş 01 baş at və 01 baş dayça özünə məxsusdur. O, yuxarıda sadaladığı hallardan başqa oğurluq və ya başqa cinayət törətməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən, polis şöbəsinə gətirilərkən və ya daha sonra fiziki və ya psixi təsirə, yaxud təzyiqə məruz qalmamışdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 dəymiş ziyanı tam ödəmişdir. Qalan ziyanı azadlığa çıxarılarsa ödəyə bilər. İş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2 izahatında göstərdi ki, o, hal-hazırda işləmir, mal-qara saxlamaqla ailəsini dolandırır. Həyətyanı sahəsində 3 baş iri buynuzlu mal-qara, yəni inək saxlayırdı. Həmin inəklər 2-ci Vətən Müharibəsi zamanı psixi travmalar almış oğlu Əhmədov Asim Sakit oğluna sosial yardım çərçivəsində dövlət tərəfindən verilmişdi. Hər gün mütəmadi olaraq səhər 08:30 radələrində inəkləri qonşusu Samir adlı şəxslə birlikdə Samirin təsərrüfatında olan 4 baş iri buynuzlu heyvanları ilə birlikdə evlərinə yaxın yerdə otlaq sahəsinə aparır və Samirlə növbə ilə heyvanları otarırdılar. 11 aprel 2023-cü il tarixdə yenə eyni vaxtda yəni, saat 08:30 radələrində o, 3 baş inəyi otarmağa çıxarmış, həmin vaxtı qonşusu Samir də 4 baş inəyi gətirmişdir. O, 3 baş inəyini otarmaq üçün Samirin inəklərinə qoşmuş, özü isə Qızıldaş qəsəbəsində yaxın tanışının yas mərasiminə getmişdir. Saat təxminən 10-11 radələrində oğlu Asim ona zəng vurub inəklərin otlaq sahəsində olmadığını dediyinə görə o, dərəyə və ətrafa baxaraq heyvanlarının otlaya-otlaya bir qədər aralana biləcəyini güman etdiyini demişdir. Oğlu isə bir neçə saat axtarsa da, heyvanları tapa bilmədyini ona bildirmişdir. Saat təxminən 13-14 radələrində inəklərdən sarı rəngli olanı həyətyanı sahəsinin yaxınlığına qayıdan oğlu onu görüb həyətə salmışdı. Bundan sonra onlara məlum olmuşdur ki, digər 2 inəkləri və Samirin 4 baş inəyi oğurlanmışdır. Onlar heyvanları axtararkən çöldə olan tanımadığı çobanlardan biri bir nəfər atlının 6 baş inəyi qabağına qataraq Müşfiqabad qəsəbəsi istiqamətinə apardığını demişdir. Onun oğurlanan inəklərindən biri boz, digəri isə qara rəngdə idi. Həmin inəklər ikisi də boğaz idi. İnəklərin hər birinin qiyməti 2500 manat olar. Oğurluq nəticəsində ona 5 min manat ziyan dəymişdir. Oğurlanmış inəklərindən boz rəngli olanı 3 yaşında, yerli cins, 130 kg təxmini çəkidə, süd verən zamanlarda gündəlik 8 litr süd verirdi. Qara rəngli olanı isə 4 yaşında, yerli cins, 150 kg təxmini çəkidə, süd verən zamanlarda gündəlik 10 litr süd verirdi. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyandan bir hissəsi qaytarılsa da, qalan ziyan qaytarılmamışdır. Həmin ziyanı tələb edir. Zərərçəkmiş şəxs1 izahat verərək göstərdi ki, Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yaşayır. Təsərrüfatla məşğuldur, özünə məxsus 4 baş iri buynuzlu heyvanları vardır. Həmin heyvanları hər gün səhər saat 08:30 da evinin yaxınlığında olan otlaq sahəyə aparır və qonşusu Sakir də özünə məxsus 3 baş iri buynuzlu heyvanları onun heyvanlarına qoşaraq otarırlar. 11 aprel 2023-cü il tarixdə səhər saat 08:30 radələrində otarmağa çıxarmış, həmin vaxtı qonşusu Sakit də 3 baş inəyi gətirmişdir. O, heyvanlara nəzarət etmək üçün qalmış, Sakit isə işlərini görmək üçün getmişdir. Həmin gün saat 09 radələrində o, dünyasını dəyişmiş atasının qəbrində bəzi təmir işləri görmək üçün bir qədər aralıda yerləşən qəbiristanlığa getmişdir. Təxminən saat 09:15 radələrində oğlu Murad heyvanlara baxmaq üçün otlaq sahəsinə getmiş və heyvanların orada olmadığını görüb bu barədə ona məlumat vermişdir. O, otlaq sahəsinə gedib ətraf sahələrdə inəkləri axtarmağa başlamış, lakin inəkləri tapa bilməmişdir. Sonra Sakitin inəklərindən biri günorta saatlarında həyətinə gəlmişdir. Bundan sonra onlar inəklərinin oğurlandığını bilmişlər. Onlar heyvanları axtararkən çöldə olan tanımadığı çobanlardan biri bir nəfər atlının 6 baş inəyi qabağına qataraq Müşfıqabad qəsəbəsi istiqamətinə apardığını demişdir. Onun inəklərindən ikisi ala-bula, biri sarı-qaşqa, biri isə qara-qırmızı rəngdə idi. Həmin inəklərin 3-ü “Smental” deyilən sortdan, 1-i isə “Krasnodar” cinsindən idi və 4-ü də boğaz idi. İnəklərin hər birinin qiyməti 2500 manat olar. Oğurluq nəticəsində ona 10 min manat ziyan dəymişdir. Ondan 4 baş inək oğurlanıb. Oğurlanmış inəklərindən ala-bula rəngli 2 inəklərin 4 yaşları, “Smental” cinsli, 180 kg təxmini çəkilərdə, süd verən zamanlarda gündəlik 16 litr süd verirdilər. Sarı-qaşqa rəngli inək 4 yaşında “Smental” cinsli, 190 kg təxmini çəkidə, süd verən zamanlarda gündəlik 16 litr süd verirdi. Qara-qırmızı rəngli olanı isə 4 yaşında, “Krasnodar” cinsli, 190 kg təxmini çəkidə, süd verən zamanlarda gündəlik 18 litr süd verirdi. Tqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyandan bir hissəsi qaytarılsa da, qalan ziyan qaytarılmamışdır. Həmin ziyanı tələb edir. Zərərçəkmiş şəxs3 ifadə verərək göstərdi ki, o, heyvandarlıqla məşğul olur və bu yolla əldə etdiyi qazancla dolanır. Belə ki, o, yaşadığı Qobustan rayonu Cəngi qəsəbəsindəki evinin həyətində iribuynuzlu və xırdabuynuzlu heyvan saxlayıb yetişdirib satır. O, həyətində 9 baş inək və 20 baş qoyun saxlayır. Adətən qoyunları qardaşı Şahid10 otarır, inəkləri isə hər gün saat 08 radələrində qəsəbənin digər inəkləri ilə birlikdə örüş sahəsinə göndərir, saat 18 radələrində isə inəklər özləri evə qayıdırlar. Hər gün səhər saatlarında qəsəbədən növbə ilə hər gün bir qonşu iribuynuzlu heyvanları örüşə aparıb geri qayıdır, heyvanlar nəzarətsiz vəziyyətdə örüşdə otlayır, axşam saatlarında isə heyvanlar nəzarətsiz vəziyyətdə kəndə geri qayıdırlar. Heyvanlar örüşdə olduqları müddətdə yanlarında onlara nəzarət edə biləcək heç kim olmur. 30 may 2023-cü il tarixdə saat 08 radələrində qardaşı Şahid10 9 baş inəyini və 20 baş qoyununu evinin həyətindən çıxarıb qəsəbənin digər inəklərinə qatıb, qəsəbənin yaxınlığındakı örüş sahəsinə aparmışdı. Mehman həmin gün saat 13 radələrində qoyunlarla birlikdə evə qayıdıb qoyunları yerbəyer etmişdir. Söhbət zamanı Mehman ona 9 baş inəyinin də qəsəbənin digər heyvanları ilə birlikdə örüş sahəsində olduğunu demişdir. Həmin gün saat 18 radələrində qəsəbə sakinlərinin heyvanları kimi onun da inəklərindən 3 baş inəyi örüşdən evə geri qayıtsa da, 6 baş inəyi geri qayıtmamışdır. O, qonşularından maraqlansa da, onun inəklərindən xəbəri olan olmamışdır. Həmin gün axşam saatlarında o, qardaşı Mehman ilə birlikdə örüş sahəsini və həmin yerin ətrafını gəzib axtarsa da, 6 baş inəyini tapa bilməmişdir. 31 may 2023-cü il tarixdə səhər saatlarında o, yenidən təkbaşına örüş sahəsinə gedib heyvanlarını axtarsa da, yenə də heyvanlarını tapa bilməmişdir. Həmin vaxt o, 6 baş inəyinin oğurlanması qənaətinə gəlmiş və DİN-in 102 xidmətinə müraciət edərək bu haqda məlumat vermişdir. Oğurlanmış heyvanlarından biri qara rəngli, şişbuynuz, hündür, 2 yaşlı, boğaz inək idi, çəkisi təxminən 180 kiloqram olardı. O biri heyvanı qara rəngli, hündür, 2 yaşlı, başının ön hissəsi ağ rəngli olan inək idi, çəkisi təxminən 170 kiloqram olardı. Digər heyvanı sarı rəngli, hündür, 2 yaş 6 aylıq inək idi, çəkisi təxminən 150 kiloqram olardı. O biri heyvanı ağ rəngli, alçaq, 1 yaş 6 aylıq inək idi, çəkisi təxminən 120 kiloqram olardı. Digər heyvanı boz rəngli, hündür, 2 yaşlı inək idi, çəkisi təxminən 130 kiloqram olardı. O biri heyvanı boz rəngli, orta hündürlüklü, 1 yaş 2 aylıq inək idi, çəkisi təxminən 100 kiloqram olardı. Heyvanlarının hər biri sağlam idi. Hadisə zamanı oğurlanmış həmin 6 baş heyvan özünə məxsusdur. Hadisə zamanı 6 baş inəyinin oğurlanması nəticəsində ona ümumilikdə 9700 (doqquz min yeddi yüz) manat məbləğində maddi ziyan dəymişdir. Belə ki, onun heyvanlarından qara rəngli, şişbuynuz, hündür, 2 yaşlı, boğaz olan, çəkisi təxminən 180 kiloqram olan inəyinin qiyməti 2200 (iki min iki yüz) manat, qara rəngli, hündür, 2 yaşlı, başının ön hissəsi ağ rəngli olan, çəkisi təxminən 170 kiloqram olan inəyinin qiyməti 2000 (iki min) manat, sarı rəngli, hündür, 2 yaş 6 aylıq, çəkisi təxminən 150 kiloqram olan inəyinin qiyməti 1600 (bir min altı yüz) manat, ağ rəngli, alçaq, 1 yaş 6 aylıq, çəkisi təxminən 120 kiloqram olan inəyinin qiyməti 1300 (bir min üç yüz) manat, boz rəngli, hündür, 2 yaşlı, çəkisi təxminən 130 kiloqram olan inəyinin qiyməti 1400 (bir min dörd yüz) manat və boz rəngli, orta hündürlüklü, 1 yaş 2 aylıq, çəkisi təxminən 100 kiloqram olan inəyinin qiyməti 1200 (bir min iki yüz) manat idi. Məhkəmə Ekspertiza Mərkəzinin 24 iyun 2023-cü il tarixli, 9/4481 nömrəli rəyində göstərilən, 1 baş 2 yaşlı, qara rəngli, hündür, boğaz, çəkisi təxminən 184 kiloqram olan dişi inəyin 1600 manat, 1 baş 2 yaşlı, qara rəngli, hündür, çəkisi təxminən 176 kiloqram olan dişi inəyin qiyməti 1200 manat, 1 baş 2 yaş 6 aylıq, sarı rəngli, hündür, çəkisi təxminən 153 kiloqram olan dişi inəyin qiyməti 1100 manat, 1 baş 6 aylıq, ağ rəngli, alçaq, çəkisi təxminən 127 kiloqram olan dişi inəyin qiyməti 1000 manat, 1 baş 2 yaşlı, boz rəngli, hündür, çəkisi təxminən 132 kiloqram olan dişi inəyin qiyməti 900 manat, 1 baş 1 yaş 2 aylıq, boz rəngli, orta hündürlüklü, çəkisi təxminən 108 kiloqram olan dişi inəyin qiyməti 700 manat olması ilə razı deyil. Ona məxsus 1 baş 2 yaşlı, qara rəngli, hündür, boğaz, çəkisi təxminən 184 kiloqram olan dişi inəyin 2200 manat, 1 baş 2 yaşlı, qara rəngli, hündür, çəkisi təxminən 176 kiloqram olan dişi inəyin qiyməti 2000 manat, 1 baş 2 yaş 6 aylıq, sarı rəngli, hündür, çəkisi təxminən 153 kiloqram olan dişi inəyin qiyməti 1600 manat, 1 baş 6 aylıq, ağ rəngli, alçaq, çəkisi təxminən 127 kiloqram olan dişi inəyin qiyməti 1300 manat, 1 baş 2 yaşlı, boz rəngli, hündür, çəkisi təxminən 132 kiloqram olan dişi inəyin qiyməti 1400 manat, 1 baş 1 yaş 2 aylıq, boz rəngli, orta hündürlüklü, çəkisi təxminən 108 kiloqram olan dişi inəyin qiyməti 1200 manatdır. Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 6 (altı) baş iri buynuzlu heyvanları ona qaytarıldığı üçün ondan hər hansı bir şikayəti və ya tələbi yoxdur. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, o, yaşadığı Qobustan rayonu Cəngi kəndindəki evinin həyətində iribuynuzlu heyvanlar yetişdirib satır. O, həyətində 2 baş inək və 4 baş dana saxlayır. O, 4 baş dananı kiçik olduqlarına görə hələlik tövlədə bəsləyir, örüşə göndərmir. 2 baş inəyi isə hər gün saat 08 radələrində digər kənd sakinlərinin iribuynuzlu heyvanları ilə birlikdə kəndin yaxınlığından keçən “Qozluçay” çayının sahilində yerləşən örüş sahəsinə göndərir, saat 18 radələrində isə inəklər özləri evə qayıdırlar. Hər gün səhər saatlarında kənddən növbə ilə hər gün bir qonşu iribuynuzlu heyvanları örüşə aparıb geri qayıdır, heyvanlar nəzarətsiz vəziyyətdə örüşdə otlayır, axşam saatlarında isə heyvanlar nəzarətsiz vəziyyətdə kəndə geri qayıdırlar. Heyvanlar örüşdə olduqları müddətdə yanlarında onlara nəzarət edən heç kim olmur. xx.xx.2023-cü il tarixdə saat 08 radələrində o, 2 baş inəyini evinin həyətindən çıxarıb kəndin digər heyvanlarına qatıb kəndin yaxınlığındakı örüş sahəsinə yollamışdır. Həmin vaxt kəndin heyvanlarını örüşə həmkəndlisi Şahid10 aparmışdır. Həmin gün saat 18 radələrində kənd sakinlərinin heyvanları örüşdən geri qayıdan zaman onun inəklərindən biri örüşdən geri qayıtsa da, digər inəyi geri qayıtmamışdır. O, həmkəndlilərindən maraqlansa da, inəklərindən xəbər tuta bilməmişdir. Həmin gün axşam saatlarında o, təkbaşına örüş sahəsini və həmin yerin ətrafını gəzib axtarsa da, 1 baş inəyini tapa bilməmişdir. O, evə qayıtdıqdan sonra həmkəndlisi Mehman onlara gəlib, qardaşı Rahibin də 6 baş inəyinin örüşdən geri qayıtmadığını bildirib, həmin inəklərdən xəbərinin olub-olmadığını soruşmuş, o da Mehmana Rahibin inəklərindən xəbərinin olmadığını, özünün 1 baş inəyinin də örüşdən qayıtmadığını bildirmişdir. 31 may 2023-cü il tarixdə o, yenidən təkbaşına örüş sahəsinə gedib heyvanlarını axtarsa da, yenə də heyvanlarını tapa bilməmişdir. Həmin vaxt o, 1 baş inəyinin oğurlanması qənaətinə gəlmişdir və 31 may 2023-cü il tarixdə DİN-in 102 xidmətinə müraciət edərək bu haqda məlumat vermişdir. Hadisə zamanı oğurlanmış heyvanı sarı rəngli, şişbuynuz, hündür, 5 yaşlı, hər iki yan tərəfində, qarın və alın nahiyyələrində ağ rəngli ləkələr olan inək idi, çəkisi təxminən 200 kiloqram olardı. Oğurlanmış həmin 1 baş inək ona məxsusdur. 1 baş inəyinin oğurlanması nəticəsində ona 2000 (iki min) manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 1 (bir) baş iri buynuzlu heyvan ona qaytarıldığı üçün ondan hər hansı bir şikayəti və ya tələbi yoxdur. Şahid4 ifadəsində göstərdi ki, hal-hazırda Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 1 nömrəli ət kəsimi kombinatında fərdi olaraq sahibkarlıqla məşğul olur. Kombinatda icarə haqqı ödəməklə mal ətinin alveri ilə məşğul olur. 11 aprel 2023-cü il tarixdə saat təxminən 17-18 radələrində kombinatda onun kimi mal əti alveri ilə məşğul olan Vahid adlı iş yoldaşı ona zəng edərək onun üçün 5 baş inək gətirdiklərini, lakin nağd pulu olmadığı üçün onunla şərik olmaq istəyib-istəmədiyini soruşmuşdur. O, üstündə pul olduğunu deyib kombinata getmişdir. Vahid ona 5 baş inək gəldiyini, həmin inəklərin pulunu nağd formada ödəməyini, ətləri satdıqdan sonra pulunu götürüb yerdə qalan gəliri bölməyi təklif etmiş, o, Vahidlə razılaşmışdır. Saat təxminən 19 radələrində “Qazel” markalı yük maşını ilə 5 baş inəyi gətirmişlər. Maşının sürücüsü təxminən 30-35 yaşında arıq bədən quruluşlu oğlan idi, yanında isə qısa boylu, arıq bədən quruluşlu, təxminən 60-65 yaşlarında bir kişi vardı. Gətirdikləri inəklərə baxdıqda inəklərdən səhv etmirsə, 2 inək qara, biri ala, biri qırmızı, biri isə boz rəngli idi. İnəkləri gətirən kişi oğlunun həbsdə olduğunu, həbsdən çıxarmaq üçün 40 min manat pul lazım olduğunu, gətirdiyi inəklərdən əlavə 70 baş qoyun satdığını, lakin pulu çatmadığı üçün gətirdiyi inəkləri nağd pula satdığını bildirmişdir. Həmin kişi Vahidlə danışaraq ətin hər kiloqramını 7 manata satmağa razılaşmışdır. Həmin kişi “Qazel” sürücüsünə 200 manat verməyi xahiş etmiş, o, 200 manat pulu sürücüyə verdikdən sonra sürücü çıxıb getmişdir. Bundan sonra həmin inəklər kəsilmiş və ümumilikdə 599 kiloqram ət olmuşdur. Ətin 5 faizinin qiyməti ət yaş olduğu üçün ümumi çəkidən çıxılmışdır. Bundan başqa hər inək üçün kombinatın icarə haqqı olan 22 manat olmaqla ümumilikdə 110 manat da çıxılmış, qalan 3680 manat məbləği isə inəkləri satan kişiyə vermişdir. Həmin kişi ondan Sumqayıta getməli olduğunu, yolu tanımadığı üçün taksi sifariş verməyi xahiş etmiş, o, taksi sifariş verib həmin şəxsi yola salmışdır. Şahid3 ifadəsində göstərdi ki, hal-hazırda Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 1 nömrəli ət kəsimi kombinatında fərdi olaraq sahibkarlıqla məşğul olur. Belə ki, kombinatda icarə haqqı ödəməklə mal ətinin alveri ilə məşğul olur. 11 aprel 2023-cü il tarixdə saat təxminən 17 radələrində Təzə bazarda işləyən vaxt tanış olduğu Daşqın adlı şəxs ona zəng vuraraq Altay adlı tanışının qonşusu “Qazel” sürücüsünün ona zəng vurub 5 baş iri buynuzlu mal-qara satdığını bildirib. Daşqın həmin inəkləri satan şəxsin oğlunun problemi olduğunu, təcili pul lazım olduğu üçün nağd pula satdığını demiş və ondan kömək etməyini xahiş etmişdir. O, “Qazel” sürücüsünün nömrəsini alıb ona zəng vurub inəklərini ala biləcəyini və ət kombinatını tanıyıb-tanımadığını soruşmuş, sürücü kombinatı tanıdığını və yolda olduğunu bildirmişdir. O, həmin vaxt üstündə pul olmadığı üçün onunla birlikdə kombinatda ət alveri məşğul olan Firudin adlı şəxsə zəng vurub 5 baş inək gəldiyini, üstündə pul olmadığını, əgər pulu varsa heyvanları alıb kəsdirib sataraq əldə olunan gəliri bölməyi təklif etmişdir. Firudin onunla razılaşıb kombinata gəlmişdir. Bir qədər sonra saat təxminən 19 radələrində “Qazel” markalı **-UZ-*** dövlət qeydiyyatı nişanlı yük maşını ilə 5 baş inəyi gətirmişlər. Maşının sürücüsü təxminən 30-35 yaşında arıq bədən quruluşlu oğlan idi, yanında isə qısa boylu, arıq bədən quruluşlu, təxminən 60-65 yaşlarında bir kişi vardı. Gətirdikləri inəklərə baxdıqda inəklərdən 2 inək qara, biri ala, biri qırmızı, biri isə boz rəngli idi. İnəkləri gətirən kişi oğlunun həbsdə olduğunu, həbsdən çıxarmaq üçün 40 min manat pul lazımı olduğunu, gətirdiyi inəklərdən əlavə 70 baş qoyun satdığnı, lakin pulu çatmadığı üçün gətirdiyi inəkləri nağd pula satdığını bildirmişdir. Həmin kişi ilə danışaraq ətin hər kiloqramını 7 manata almağa razılaşmışlar. Həmin kişi “Qazel” sürücüsünə 200 manat verməyi xahiş etmiş, Firudin 200 manat pulu sürücüyə verdikdən sonra sürücü çıxıb getmişdir. Bundan sonra həmin inəklər kəsilmiş və ümumilikdə 599 kiloqram ət olmuşdur. Ətin 5 faizinin qiyməti ət yaş olduğu üçün ümumi çəkidən çıxılmış, bundan başqa hər inək üçün kombinatın icarə haqqı olan 22 manat olmaqla ümumilikdə 110 manat da çıxılmış, qalan 3680 manat məbləği Firudin həmin inəkləri satan kişiyə vermişdir. Həmin kişi Sumqayıta getməli olduğunu, taksi sifariş verməyi xahiş etmiş, onlar taksi sifariş verib onu yola salmışlar. Həmin kişi oğlu tutulduğundan onun işini həll etmək üçün təcili satdığını demişdi. Həmin şəxsdən heç bir sənəd tələb etməmişlər. Kombinatın baytarı Kərəm adlı həkim həmin inəklərə baxaraq yoxlamış və kəsimə yararlı olduğunu bildirmişdir. O, hava toranlıq olduğundan heç bir nişan və ya işarə görməmişdir. Şahid1 ifadəsində göstərdi ki, hal-hazırda özünə məxsus “Qazel” markalı **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə fərdi olaraq taksi fəaliyyəti göstərir. O, uzun müddətdir ki, yük taksisi kimi işlədiyindən Müşfıqabad və ətraf qəsəbələrdə hamı tanıyır və nömrəsini çox adam bilir. 11 aprel 2023-cü il tarixdə saat təxminən 14 radələrində tanımadığı şəxs ona zəng vuraraq, Aşağı Güzdək qəsəbəsindən Montin qəsəbəsində yerləşən ət kombinatına mal-qara aparmaq lazım olduğunu bildirmişdi. O, neçə baş mal-qara olduğunu soruşduqda, həmin yanında olan şəxsə “ağsaqqal” deyərək müraciət edərək neçə baş mal-qara apardığını soruşduqdan sonra ona 5-6 baş mal-qara olduğunu demişdir. O, 150 manata apara biləcəyini demişdir. Həmin şəxs yenə yanındakı şəxsdən razılıq alıb ona Aşağı Güzdək qəsəbəsində ət kəsilən yerin yanına gəlməyini demişdir. O, Müşfıqabad qəsəbəsindən çıxan zaman başqa bir nömrədən bir nəfər uşaq zəng edərək babasının malları üçün gəlib-gəlmədiyini soruşmuş, o, yolda olduğunu bildirmişdir. O, həmin dedikləri əraziyə çatdıqda təxmini 14-15 yaşında oğlan uşağı qabağına çıxmışdır. Həmin uşaq onun yanına oturmuş və bir qədər arxaya sürdürüb həyət evinin arxa tərəfində darvazanın qarşısında saxlatdırmışdır. O, həmin evin yiyəsi olan Rüstəm adlı şəxsi tanıyırdı. Həmin vaxt bir qədər təxmini 60-65 yaşlarında qısa boylu, arıq bədən quruluşlu bir kişi 6 baş inəyi Rüstəmin qapısını tərəf sürüb gətirirdi. Həmin vaxt o, Rüstəmdən o kişinin kim olduğunu soruşduqda Rüstəm ona bildirmişdir ki, dostudur, yatağı var, oğlu tutulduğuna görə heyvanları satır, yaxınlıqda olan ət kəsimi yeri ucuz götürdüyü üçün həmin kişi heyvanları Montin qəsəbəsində yerləşən kəsim yerinə aparmaq istəyir. Həmin adını bilmədiyi kişi Rüstəm, Rüstəmin yoldaşı və tanımadığı şəxslə birlikdə inəkləri Rüstəmin həyətinə salmışlar və bir-bir inəklərin başını bağlayıb ümumilikdə 5 baş inəyi onun maşına mindirmişlər. O, maşının arxasını bağlayan zaman Rüstəmin yoldaşı çay gətirmişdir. O, çay içən zaman həmin kişidən nə üçün heyvanları kəsimə verdiyini soruşduqda, oğlunun tutulduğunu, bundan əvvəl də 75 baş qoyun, 7 baş inək satdığını, bunları da satıb oğlunun işini həll edəcəyini bildirmişdir. O, həmin şəxsdən Montin ət kombinatı ilə danışıbdanışmadığını soruşduqda ətin hər kiloqramını 6,30 manata da satmağa razılaşdığını demişdir. Onlar bundan həmin kişi ilə yola çıxdıqdan sonra tanışlarından ət kombinatında olan işləyən Daşqın adlı şəxsin nömrəsini alıb onunla danışmış və müştərinin oğlunun tutulduğunu, əti biraz baha qiymətə almaqlarını xahiş etmişdir. Sonra Daşqının tanışı ona zəng vurub kombinatda gözlədiyini demişdir. O, maşını kombinata saldıqdan sonra inəkləri satan kişi orada işləyən fəhlələrlə birlikdə inəkləri düşürtmüşlər. Kişi orada inəkləri kəsim üçün alan Daşqının tanışı olan şəxslə hər kiloqramı üçün 7 manata razılaşmışdır. Daha sonra kişi ona zəng vuran şəxsə ona 200 manat pul verməyini bildirmişdir. Həmin inəkləri alan şəxs ona 200 manat vermiş və o, pulu alıb yaşadığı evə qayıtmışdır. Həmin kişi heyvan saxladığını, yatağı olduğunu, oğlu tutulduğundan onun işini həll etmək üçün təcili satdığını demişdi. O, həmin heyvanları Aşağı Güzdək qəsəbəsində tanıdığı Rüstəm adlı şəxsin evinin həyətindən maşına mindirmişdir. Rüstəm heyvanları satan kişinin öz tanışı olduğunu demişdi. O, həmin kişi ilə birlikdə inəkləri Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsində yerləşən ət kombinatına aparmışdır. Şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, o, yaşadığı evin həyətində qoyun yetişdirib satmaqla məşğul olur və bu yolla əldə etdiyi qazancla dolanır. O, 2023-cü ilin may ayının ortalarında xatırlamadığı tarixdə yaşadığı Bakı şəhəri Qaradağ rayonu Puta qəsəbəsində yerləşən “Qarabağ” adlı kafedə olan zaman təsadüfən Barat adlı şəxslə tanış olmuş və bir neçə dəfə həmin kafedə Baratla rastlaşıb, çay içib söhbət etmişdir. Həmin vaxtlarda Barat ona qalmağa yeri olmadığını bildirib, ona kömək etməyini xahiş etmiş, o, Baratı Puta qəsəbəsində həyət evində ailəsi olmadığından tək yaşayan İlqar adlı şəxslə tanış etmiş və onun xahişi ilə Barat bir neçə gün İlqarın evində qalmışdır. Həmin vaxtlarda Baratın 1 baş atı və həmin atın 1 baş dayçası da var idi. Barat həmin atı dayçası ilə birlikdə İlqarın həyətində saxlayırdı. 31 may 2023-cü il tarixdə səhər saatlarında o, yaşadığı küçədə olan zaman onunla eyni qəsəbədə yaşayan tanışı Zöhrab ilə rastlaşmış və söhbət zamanı onlar xəstə olduğundan hərəkət etmək qabiliyyəti məhdud olan İlqara baş çəkib hal-əhval tutmaq qərarına gəlmişlər. O, Zöhrab ilə birlikdə İlqarın evinə gedib, İlqarla hal-əhval tutub söhbət etmişlər. Həmin vaxt oraya Barat da gəlmiş, söhbət zamanı Barat onlara Abşeron rayonu Müşfıqabad qəsəbəsi ərazisindəki fermada özünə məxsus inəklər olduğunu və həmin inəkləri daşımaqda köməyə ehtiyacı olduğunu bildirib, bu işdə ona kömək edə bilib-bilməyəcəklərini soruşduqda, o və Zöhrab razılıqlarını bildirmişlər. Həmin vaxt gəldikləri razılığa görə Barat inəkləri daşımağa kömək etmələri müqabilində hər birinə 30 (otuz) manat məbləğində pul verməli idi. Bundan sonra o, Zöhrab və Barat birlikdə küçəyə çıxıb avtobus dayanacağına getmişlər. Dayanacaqda o, əvvəlcədən tanıdığı Fərid adlı şəxslə rastlaşmış, söhbət zamanı o, Fəridə pul müqabilində Baratın inəklərini daşımağa getdiklərini dedikdə, Fərid ona özünün də pul müqabilində kömək edə biləcəyini bildirmiş və Fəridlə 30 manat pul müqabilində Baratın inəklərini daşımağa kömək etməsi ilə bağlı razılığa gəlmişlər. Bundan sonra o, Zöhrab, Fərid və Barat birlikdə Baratın təklifi ilə heyvanları daşımaqdan ötrü yük maşını tapmaq üçün Lökbatan qəsəbəsinin bazarına getmişlər. Onlar birlikdə bir neçə mikroavtobus sürücüsündən yük maşını sürücüsü nömrəsi soruşsalar da, onlardan bir şey öyrənə bilməmişlər. Sonra Barat yorulduğundan Fəridlə birlikdə küçədə gözləmiş, o isə Zöhrabla birlikdə bazara girib, ət satılan yerlərdən birindəki tanımadıqları qəssabdan heyvan daşımaq üçün istifadə edilən yük maşını sürücüsü nömrəsi soruşmuş, həmin qəssab isə onlara bir sürücünün nömrəsini vermişdir. Daha sonra o, bazardan çıxıb, “Kingsmart” supermarketin qarşısına gedib, orada Baratın yanında qəssabdan öyrəndiyi həmin nömrəyə zəng edib, həmin şəxslə 7 baş inək, 1 baş at və 1 baş dayçanı 120 (bir yüz iyirmi) manat pul müqabilində daşıması ilə bağlı razılığa gəlmiş, söhbət zamanı o, sürücüyə Lökbatan qəsəbəsində yerləşən “Kingsmart” supermarketin qarşısına gəlməyini tapşırmışdır. Onlar həmin supermarketdən bir qədər aralıda dayanıb gözləyən zaman həmin supermarketin qarşısında "Mercedesbenz Actros" markalı, **-CK-*** dövlət nömrə nişanlı yük maşınının dayandığını görüb, çağırdıqları maşın olduğunu anlamışlar. Bu zaman Barat onlara taksi ilə Müşfıqabad qəsəbəsi ərazisindəki fermaya getməli olduqlarını və həmin istiqamətdə gələn zaman ona zəng edib, yolu dəqiqləşdirməyini tapşırıb, gedib həmin yük maşınına minmişdir. O isə yük maşınının sürücüsünə zəng edib, maşına minən adamın heyvanların sahibi olduğunu, özünün isə maşının qarşısında olmaqla bir qədər irəlidə dayandığını demişdir. Sonra Barat yük maşını ilə getmişdir. Bundan sonra o, yaxınlıqdakı taksi sürücüləri ilə danışsa da həmin sürücülər onları Müşfıqabad qəsəbəsinə, oradan da Qaradağ rayonu Korgöz qəsəbəsinə aparmaq üçün çox pul istədiklərinə görə o, əvvəllər müştərisi olduğu, Eltac adlı taksi sürücüsünə zəng edib, onunla həmin yolu 30 manat pul müqabilində aparması ilə bağlı razılığa gəlmişdir. Bir qədər sonra “Qardaşlar” dönərxanasının qarşısında Eltac adlı həmin taksi sürücüsü ilə görüşmüş, bundan sonra o, Zöhrab və Fərid birlikdə Eltacın idarə etdiyi gümüşü rəngli, Kia Rio markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yola düşüb, Abşeron rayonu Qobu qəsəbəsindən keçərək torpaq yol ilə Müşfıqabad qəsəbəsindəki fermaya getmişlər. Yolda o, Barata zəng edib, Baratın dediyi yolu Eltaca demiş və onlar Baratın dediyi istiqamətlə hərəkət edərək Müşfıqabad qəsəbəsi ərazisindəki bir fermaya çatmışlar. Onlar fermaya çatıb, avtomobildən endikdən sonra Barat onlara yaxınlaşıb, tövləyə getməli olduqlarını demişdir. Sonra o, Zöhrab, Fərid, Eltac, Barat və fermada olan tanımadıqları, Baratın onlara gözətçi olaraq təqdim etdiyi bir nəfər şəxs birlikdə fermadakı ağıla gedib, oradakı 7 baş inəyi sürərək yük maşının yanma gətirib yük yerinə mindirmişlər. Daha sonra Barat geri qayıdıb ağıldakı 1 baş atı və 1 baş dayçanı da gətirmiş və onları da yük yerinə mindirmişlər. Həmin vaxt orada "Mercedesbenz Actros" markalı, **-CK-*** dövlət nömrə nişanlı yük maşınının sürücüsü olan, şəxsiyyəti ona sonradan məlum olan Məsun adlı şəxs də var idi. Bundan sonra Barat ona Qaradağ rayonu Korgöz qəsəbəsinə gəlməyini tapşırıb, özünün də orada yol kənarında onları gözləyəcəyini demiş və yük maşını ilə oradan getmişdir. O da Zöhrab və Fəridlə birlikdə Eltacın idarə etdiyi avtomobil ilə yola düşüb, Qaradağ rayonu Korgöz qəsəbəsinə çatmış, Korgöz qəsəbəsində “Aznes” deyilən ərazidə Fəridin mobil telefonuna zəng gəlmiş və Fərid telefonla danışdıqdan sonra ona işi çıxdığından getməli olduğunu demişdir. Həmin zaman o, Eltacdan avtomobili dayandırmasını xahiş etdikdə, Eltac avtomobili saxlamış, o, heyvanların yük maşınından endirilməsinə kömək etmədiyinə görə Fəridə 10 (on) manat məbləğində pul vermiş və Fərid pulu götürüb getmişdir. Daha sonra o, Zöhrabla birlikdə Eltacm idarə etdiyi avtomobillə yola davam etmişdir. Onlar evlərin olduğu ərazidə yol kənarında evlərdən birinin qarşısında Baratın heyvanları daşıdığı "Mercedesbenz Actros" markalı, **-CK-*** dövlət nömrə nişanlı yük maşınının dayandığını görüb, Eltacdan avtomobili yolun kənarında saxlamasını xahiş etmiş, Eltac avtomobili saxladıqda, o, Zöhrab və Eltacla birlikdə avtomobildən enib Baratın yanına getmişdir. Orada Barat, Zöhrab, Eltac və o, birlikdə yük maşınındakı həmin 7 baş inək, 1 baş at və 1 baş dayçanı yük yerindən endirib qarşısında dayandıqları evin həyətinə salmışlar. Bundan sonra Barat ona 140 manat pul verərək yük maşının sürücüsü olan, şəxsiyyəti ona sonradan məlum olan Məsun adlı şəxsə verməyini xahiş edib, özü heyvanların yanına getmiş və o da həmin 140 manat məbləğində pulu zəhmət haqqı olaraq Məsuna vermiş, sonra Məsun yük maşını ilə çıxıb getmişdir. Bundan sonra o, Zöhrab və Barat ilə birlikdə Eltacın idarə etdiyi avtomobillə yaşadığı Puta qəsəbəsinə getmişdir. Onlar qəsəbəyə çatdıqda, Eltaca zəhmət haqqı olaraq 30 manat pul vermiş və Eltac çıxıb getmiş, Zöhrab və Barat isə evlərinə getdiklərini deyib getmişlər. Həmin vaxt özü də avtomobildən enib evə getmişdir. Bir neçə gün sonra o, yaşadığı qəsəbənin sakinlərindən Baratın oğurluq etdiyinə görə polis əməkdaşları tərəfindən saxlanıldığını eşitmişdir. Həmin vaxtdan sonra o, bir daha sadaladığı şəxslərlə görüşməmişdir. Onun, Zöhrabın və Fəridin Barat adlı şəxsin hadisə zamanı daşıdığı inəkləri oğurlaması barədə heç bir məlumatları olmamışdır. Belə ki, Barat onların hər birinin zəhmət haqqını vermişdir. Polis şöbəsində öyrənmişdir ki, Barat həmin inəkləri oğurlamışdır. O, hadisə zamanı Baratın daşıdığı 1 baş atı və 1 baş dayçanı əvvəllər Baratın yanında görmüşdür. Belə ki, 2023-cü ilin may ayının sonlarında dəfələrlə o, Baratı Puta qəsəbəsində həmin atı sürən vaxt görmüş və həmin vaxtlarda sözügedən dayça da atın yanında olmuşdur. O, əvvəllər Fəridi dəfələrlə yaşadığı Puta qəsəbəsində görmüşdür. Bir dəfə Fəridlə salamlaşıb hal-əhval tutan zaman Fəridin tez-tez qardaşının oğlunu Puta qəsəbəsindəki 184 nömrəli tam orta məktəbə gətirdiyini öyrənmişdir. Beləliklə də, Fəridlə aralarında tanışlıq münasibəti yaranmışdır. O, Fəridin soy adını və ata adını bilmir. Ümumiyyətlə onda Fəridin heç bir əlaqə vasitəsi yoxdur. Şahid qismində dindirilmiş Şahid5 və Şahid6 oxşar məzmunda ifadə verərək Şahid7 ilə eyni məzmunlu ifadə verdilər. Şahid8 ifadəsində verərək göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir.Uzun illərdir özünə məxsus "Mercedes-benz Actros" markalı, **-CK-*** dövlət nömrə nişanlı yük maşını ilə müxtəlif şəxslərin yüklərini daşımaqla qazanc əldə edir və bu yolla dolanır. 31 may 2023-cü il tarixdə saat 10 radələrində yaşadığı evdə olduğu zaman onun mobil telefonuna zəng edən bir nəfər tanımadığı kişi özünü Zərbalı kimi təqdim edib, ona 7 baş inək, 1 baş at və 1 baş dayçanı Abşeron rayonu Müşfıqabad qəsəbəsindən Qaradağ rayonu Korgöz qəsəbəsinə gətirmək lazım olduğunu bildirmiş və söhbət zamanı o, həmin şəxslə sadalanan heyvanları 120 (bir yüz iyirmi) manat pul müqabilində qeyd edilən yerə daşımağa razılaşmışdır. Zərbalı adlı şəxs ona Lökbatan qəsəbəsində yerləşən “King smart” supermarketin qarşısında olduğunu bildirib, ora getməyini xahiş etmiş, o da razılaşıb, özünə məxsus "Mercedes-benz Actros" markalı, **-CK-*** dövlət nömrə nişanlı yük maşını ilə həmin marketin qarşısına gedib orada gözləməyə başlamış, həmin vaxt bir nəfər, əvvəllər tanımadığı kişi yük maşınına əyləşib, onunla salamlaşmış və özünü Barat olaraq təqdim etmişdir. Bu zaman Zərbalı ona yenidən zəng edib, yük maşınından qarşıda bir neçə metr məsafədə dayandığını demiş və o, qarşıya baxdıqda, bir nəfər kişinin ona əl yellədiyini görmüşdür. Zərbalı telefon danışığı zamanı ona əl yelləyən kişinin özü olduğunu, yanında oturan şəxsin heyvanların sahibi olduğunu və həmin şəxslə getməli olduğunu bildirmişdir. O da razılaşıb Baratla birlikdə Müşfiqabad istiqamətində yola düşmüşdür. Yolda Xocəsən qəsəbəsini keçdikdən sonra Barat ona “Stansiya Sumqayıt” deyilən əraziyə getməli olduqlarını demiş, o, etiraz etdikdə, Barat ona səhv məlumat verildiyini demiş və o da razılaşıb “Stansiya Sumqayıt” deyilən əraziyə sürmüş, o, Baratın göstərdiyi yolla sürüb “Stansiya Sumqayıt” deyilən ərazidəki fermanın həyətyanı sahəsinə çatıb dayanmış, həmin yerdə təxminən 20 dəqiqə gözlədikdən sonra Zərbalı kim olmalarını bilmədiyi 3 nəfər kişi ilə birlikdə gümüşü rəngli Kia markalı avtomobil ilə həmin fermanın həyətyanı sahəsinə gəlib, avtomobildən enib fermanın tövləsinə getmişdir. Bu zaman Barat da maşından enib fermanın tövləsinə getmiş, bir qədər sonra Zərbalı və yanındakı 3 nəfər şəxs, həmçinin, Barat və fermada olan, ona özünü gözətçi kimi təqdim edən şəxs birlikdə fermadakı tövlədən çıxardıqları 7 baş inəyi gətirib yük maşının yük yerinə mindirmişlər. Sonra Barat yenidən fermanın tövləsinə qayıdıb, tövlədən 1 baş at və 1 baş dayçanı gətirib yük maşınına mindirmişdir. Bundan sonra o, Barat ilə birlikdə yük maşınına əyləşmiş və Baratın dediyi istiqamətdə sürərək Qaradağ rayonu Korgöz qəsəbəsində əvvəllər tanımadığı və ünvanını dəqiq bilmədiyi bir fərdi yaşayış evinin qarşısına çatmışdır. Orada Barat, Zərbalı və digər 3 nəfər şəxs birlikdə yük maşmındakı həmin 7 baş inək, 1 baş at və 1 baş dayçanı yük yerindən endirib qarşısında dayandıqları evin həyətinə salmışlar. Bundan sonra Zərbalı zəhmət haqqı olaraq ona 140 manat pul vermişdir. Belə ki, o, heyvanları Müşfıqabada deyil “Stansiya Sumqayıt” deyilən əraziyə daşıdığına görə Zərbalı ona əlavə 20 manat da vermişdir. Daha sonra o, çıxıb getmiş və bir daha Barat, Zərbalı və digərlərini görməmişdir. Barat adlı şəxsin onun yük maşını ilə “Stansiya Sumqayıt” deyilən əraziyə daşıdığı inəkləri oğurlaması barədə heç bir məlumatı olmamışdır. Polis şöbəsində öyrənmişdir ki, Barat onun maşını ilə daşıdığı inəkləri oğurlamışdır. Zərbalı adlı şəxs orta boylu, sarışın, arıq bədən quruluşlu, təxminən 25-30 yaşlarında bir şəxs idi. Zərbalı adlı şəxsin yanındakı şəxslərə diqqət yetirmədiyinə görə onları təsvir edə bilməz. Fermadakı gözətçi orta boylu, arıq bədən quruluşlu, qarabuğdayı, başı keçəl olan, təxminən 50-55 yaşlarında kişi idi. Şahid qismində dindirilmiş Şahid10 Zərərçəkmiş şəxs3 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında ifadəsi elan olunan Şahid9 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, ƏƏSMN-nin yanında Dövlət Məşğulluq Xidmətinin fermasında gözətçi vəzifəsində işləyir. Onun vəzifəsi fermanın maddi vəsaitlərini və fermada saxlanılan heyvanları mühafizə etməkdir. İşlədiyi fermada qoyun sürüləri yetişdirilir. Həmin qoyunlar 25 may 2023-cü il tarixdə Quba rayonu ərazisindəki Şah dağın üzərində yerləşən yaylağa aparılıb. Həmin vaxtdan etibarən fermada heyvan saxlanılmadığına görə o, yalnız fermanın binasını, tövlələrini və başqa maddi vəsaitlərini mühafizə edir. 30 may 2023-cü il tarixdə saat 10 radələrində o, fermada olduğu zaman şəxsiyyəti ona sonradan məlum olan Təqsirləndirilən şəxs atla fermanın ərazisindən keçdiyini görüb Barata yaxınlaşıb, kim olmasını və hara getdiyini soruşduqda, Barat özünü təqdim edib, çoban olduğunu, tanışlarının Qobustan rayonu Çaylı kəndi ərazisində olan özünə məxsus qoyunları yaylağa apardıqlarını, özünün isə qoyunlar üçün yer hazırlamaqdan ötrü əvvəlcədən yaylağa getdiyini bildirmişdir. Həmin vaxt o, kömək etmək üçün Baratı çaya qonaq etmişdir. Daha sonra Barat yenidən atına minib yoluna davam etmiş, lakin Barat ona konkret olaraq haraya getdiyini deməmişdir. Həmçinin, Baratın atının yanında 1 baş balası, yəni dayçası da var idi. Həmin gün saat 18 radələrində o, evinə baş çəkmək və bazarlıq etmək üçün Sumqayıt şəhərinə getmişdir. 31 may 2023-cü il tarixdə səhər saatlarında o, evindən fermaya yollanmışdır. Həmin gün saat 11:30 radələrində o, fermaya çatıb, fermanın həyətini gəzib hər şeyin yerində olub-olmadığını yoxladıqda, fermanın qoyunlar saxlanılan ağılında Baratın atının və dayçasının, həmçinin, 7 baş inəyin olduğunu görüb Baratın fermada olduğunu anlamışdır. Bir qədər sonra tanımadığı bir nəfər kişinin idarə etdiyi "Mercedes-benz Actros" markalı, **-CK-*** dövlət nömrə nişanlı yük maşınının fermaya girdiyini, Baratın da həmin maşının sərnişin oturacağında oturduğunu görmüşdür. Maşın dayandıqda Barat maşından enib, heyvanları yığdığı həmin ağıla tərəf getməyə başladıqda, o, Barata yaxınlaşıb, fermaya yenidən qayıtmasının, öz atını və inəkləri fermadakı ağıla yığmasının səbəbini soruşduqda, Barat ona həmin atın, dayçanın və 7 baş inəyin özünə məxsus olduğunu, gecə fermaya gətirdiyini və səhər açıldıqda evinə aparmaq üçün müvəqqəti olaraq ağıla yığdığını, indi isə heyvanları aparmağa gəldiyini bildirmişdir. Bir qədər sonra gümüşü rəngli, markasını bilmədiyi və dövlət nömrə nişanını xatırlamadığı avtomobil fermanın həyətinə girmiş və avtomobildən 4 nəfər cavan oğlan enmişdir. Həmin vaxt Barat həmin 4 nəfər oğlanın tanışları olduğunu və heyvanları aparmaqda ona kömək etmək üçün gəldiklərini bildirmişdir. Bu zaman o, Barata heyvanlarını aparmaqda kömək etmək üçün ağıla girib heyvanları bayıra çıxarıb, Barat və adlarını bilmədiyi digər 4 nəfər oğlanla birlikdə 1 baş atı, 1 baş dayçanı və 7 baş inəyi "Mercedes-benz Actros" markalı, **-CK-*** dövlət nömrə nişanlı yük maşınının yük yerinə mindirmişdir. Bundan sonra Barat yük maşınına əyləşmiş, digər 4 nəfər isə gəldikləri gümüşü rəngli avtomobilə əyləşmiş və hərəsi başqa istiqamətlərdə getmişlər. O, həmin vaxtdan sonra Baratı və digərlərini görməmişdir. Onun Barat adlı şəxsin onun işlədiyi fermaya gətirib, oradan yük maşını ilə daşıdığı heyvanları oğurlaması barədə heç bir məlumatı olmamışdır. Polis şöbəsində öyrənmişdir ki, Barat həmin inəkləri oğurlamışdır. Hadisə zamanı "Mercedes-benz Actros" markalı, **-CK-*** dövlət nömrə nişanlı yük maşınını idarə edən şəxs orta boylu, idmançı bədən quruluşlu, qarayanız, 25-30 yaşlarında kişi idi. Hadisə zamanı fermaya gümüşü rəngli avtomobil ilə gələn şəxslərə diqqət yetirmədiyinə görə onları təsvir edə bilməz. Lakin, həmin 4 nəfər şəxs cavan oğlan idilər və o, həmin şəxsləri görsə tanıya bilər. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 24 iyun 2023-ci il tarixli, 9/4481 nömrəli rəyində göstərilir ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən 7 baş iribuynuzlu heyvanların 2023-cü ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 7260,00 manat müəyyən edilir. Həmin iribuynuzlu heyvanların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Rəyin tədqiqat hissəsində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda göstərilən iribuynuzlu heyvanların 2023-cü ilin may ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir: 1 baş 5 yaşlı, sarı rəngli, hündür,diri çəkisi təxminən 205 kiloqram olan dişi inək – 1300 manat, 1 baş 2 yaşlı, qara rəngli, hündür, boğaz, diri çəkisi təxminən 184 kiloqram olan dişi inək – 1400 manat, 1 baş 2 yaşlı, qara rəngli, hündür, diri çəkisi təxminən 176 kiloqram olan dişi inək – 11500 manat, 1 baş 2 yaş 6 aylıq, sarı rəngli, hündür, diri çəkisi təxminən 153 kiloqram olan dişi inək – 1000 manat, 1 baş 1 yaş 6 aylıq, ağ rəngli, alçaq, diri çəkisi təxminən 127 kiloqram olan dişi inək – 820 manat, 1 baş 2 yaşlı, boz rəngli, hündür, diri çəkisi təxminən 132 kiloqram olan dişi inək – 830 manat, 1 baş 1 yaş 2 aylıq, boz rəngli, orta hündürlüklü, diri çəkisi təxminən 108 kiloqram olan dişi inək – 760 manat olmaqla, cəmi 7260,00 manat müəyyən edilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 iyul 2023-cü il tarixli, 9/4327 nömrəli rəyində göstərilir ki, ekspertiza təyini haqqında qərarda göstərilən iribuynuzlu heyvanların 2023-cü ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 13600,00 manat müəyyən edilir. Həmin heyvanların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Rəyin tədqiqat hissəsində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda göstərilən iribuynuzlu heyvanların 2023-cü ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən aşağıdakı kimi müəyyən edilir: Zərərçəkmiş şəxs1 məxsus 1 baş 4 yaşlı, “Smental” cinsli, 180 kiloqram təxmini çəkidə – 2500 manat, 1 baş 4 yaşlı, sarı-qaşqa rəngli, “Smental” cinsli 190 kiloqram təxmini çəkidə – 2500 manat, 1 baş 4 yaşlı, qara-qırmızı rəngli, “Krasnodar” cinsli 190 kiloqram təxmini çəkidə – 2500 manat. Zərərçəkmiş şəxs2 məxsus 1 baş 3 yaşlı, boz rəngli, yerli cins, 130 kiloqram təxmini çəkidə – 1700 manat, 1 baş 4 yaşlı, yerli cins, 150 kiloqram təxmin çəkidə – 1900 manat. Cəmi: 13600,00 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən dxil olmuş 19 iyun 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ödənilmişdir. Füzuli rayon İHB-nın İkinci Zobcuq qəsəbə İƏD üzrə nümayəndəliyindən daxil olmuş 27 iyul 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Füzuli rayonu Dilağarda kəndində daimi qeydiyyatdadır. Füzuli rayonİHB-nın İkinci Zobcuq qəsəbə İƏD üzrə nümayəndəliyindən daxil olmuş 27 iyul 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmə araşdırılmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün, zərərçəkmiş şəxslərin və şahidlərin ifadəsi ilə, eləcə də ekspert rəyi və işdə olan digər sənədlərlə tam sübuta yetir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayəti etiraf edərək əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, dəymiş ziyanı tam ödəməməsini, zərərçəkmiş şəxslərin ondan qalan zərəri tələb etmələrini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Barəsində seçilmiş “həbs” qətimkan təqdiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cinayət işi üzrə maddi sübut olan Təqsirləndirilən şəxs aşkar edilmiş 07 baş iribuynuzlu heyvanlardan 01 baş inəyin saxlanılması üçün qanuni sahibi Zərərçəkmiş şəxs4, 06 baş inəyin qanuni sahibi X1 verilməsi və 26700 (iyirmi altı min yeddi yüz) manat maddi ziyandan 18700 (on səkkiz min yeddi yüz) manat ödənilməsi nəzərə alınmalı, iş üzrə 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.4-cü maddələri dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 18 saat hüquqi yardıma görə 108 manat Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkili Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347,349, 351- 353, 356 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli həbs edildiyi tarixdən, yəni 03 iyun 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan Təqsirləndirilən şəxs aşkar edilmiş 07 baş iribuynuzlu heyvanlardan 01 baş inəyin saxlanılması üçün qanuni sahibi Zərərçəkmiş şəxs4, 06 baş inəyin qanuni sahibi Zərərçəkmiş şəxs3 verilməsi və 26700 (iyirmi altı min yeddi yüz) manat maddi ziyandan 18700 (on səkkiz min yeddi yüz) manat ödənilməsi nəzərə alınsın. İş üzrə 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.4-cü maddələri dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 18 saat hüquqi yardıma görə 108 manat Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkili Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökmdən təqdim olunan və ya alınan gündən 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar