Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-18/2023 24.10.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1998-ci il tarixdə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, İsmayıllı rayonu, Qalınçaq kəndində qeydiyyatda olan və orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qobustan rayon məhkəməsində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 0,655 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla, Qobustan şəhərinə daşımış, 05 iyun 2023-cü il tarixdə saat 16 radələrındə Qobustan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan şəhəri ərazisində saxlanılaraq Qobustan rayon Polis Şöbəsinə gətirildikdən sonra orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 (bir) ədəd şəffaf sellofan kəsiyinin içərisində təmiz çəkisi 0,655 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıda qeyd edilənlərlə tam sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər bir-iki dəfə psixotrop maddə olan metamfetamin istifadə etmişdir. 03 iyun 2023-cü il tarixdə Qobustan RPŞ-nin əməkdaşları tərəfindən Qobustan rayon ərazisində baş vermiş oğurluq hadisəsi ilə əlaqədar olaraq polis şöbəsinə dəvət edilmişdir. Polis əməkdaşlarının çağırışına uyğun olaraq 03 iyun 2023-cü il tarixdə Qobustan RPŞ-yə gəlmişdir. Qobustan RPŞ-yə həmin oğurluq hadisəsi ilə bağlı izahatı alınmış və ifadəsinin alınması lazım ola biləcəyi üçün yenidən istintaqa dəvət ediləcəyi bildirilmişdir. Onu təkrar 05 iyun 2023-cü il tarixdə Qobustan RPŞ-yə dəvət etmişlər və o da həmin tarixdə Qobustan rayonuna gəlmişdir. 05 iyun 2023-cü il tarixdə saat 12 radələrındə Qobustan rayonunda “Son” adlanan ərazidə mağazadan siqaret aldıqdan sonra avtomobilinə minən zaman yerdə bir ədəd bükülünün olmasını görmüşdür. Həmin bükülü nəzərini cəlb etdiyi üçün həmin bükülünü götürmüş və açıb içərisinə baxan zaman içərisində psixotrop maddə metamfetamin olduğunu görmüşdür. Əvvəllər bir-iki dəfə psixotrop maddə metamfetamin istifadə etdiyi üçün onun nə olduğunu dərhal bilmiş və həmin bükülünü yenidən bükərək cibinə qoymuşdur. Onun həmin bükülünü götürməkdə məqsədi gələcəkdə özü istifadə etmək olmuşdur. Bundan sonra isə saat təxminən 16 radələrində polis əməkdaşları ona yaxınlaşmış və onu polis şöbəsinə dəvət etmişlər. O, həmin polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Qobustan rayon Polis Şöbəsinə gələn zaman həmin bir ədəd bükülüdə olan psixotrop maddə olan metamfetamin onun əynində olan qara rəngli idman şalvarının sol yan cibində olmuşdur. Polisdə ifadə verib gedəcəyini düşündüyü üçün həmin bir ədəd bükülünü avtomobilinə qoymamışdır. Polis Şöbəsinə gəldikdən sonra polis əməkdaşları ondan üzərində qanunsuz əşya, predmet və ya maddə olmasını soruşmuşlar və o da həmin vaxt polis əməkdaşlarına səmimi olaraq üzərində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları hüquqlarını müdafiə etmək üçün Müdafiəçi öz seçimi əsasında dövlət hesabına ona müdafiəçi olaraq dəvət etmişlər. Üzərində şəxsi axtarış aparılmazdan əvvəl polis əməkdaşları ona üzərində gəzdirilməsi qanunla qadağan olan hər hansı maddə, predmet və əşya varsa könüllü olaraq iştirakçıların yanında təqdim etməsini təklif etmişlər. Polis əməkdaşlarına üzərində bir ədəd bükülüdə psixotrop maddə metamfetamin olmasını bildirərək həmin bükülünü əynində olan qara rəngli şalvarının sol yan cibindən çıxardaraq polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları ondan həmin psixotrop maddə metamfetamini haradan əldə etməsi barədə soruşduqda, o həmin psixotrop maddə metamfetamini Qobustan rayonu “Son'' adlanan ərazidə yerdən tapdığını bildirmişdir. Şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Qobustan RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. 05 iyun 2023-cü il tarixdə ismayıllı rayon Qalınçaq kənd sakini Təqsirləndirilən şəxs Qobustan rayonu ərazisində narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə Qobustan RPŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olunmuş məlumat şöbə rəhbərliyinə məruzə olunduqdan sonra yoxlanılması və Eltac Məiikovun cinayət əməllərinin ifşa olunması məqsədi ilə onun tərəfindən "təxirə salınmaz əməliyyat tədbirinin keçirilməsi” haqqında qərar qəbul edilmiş və bununla əlaqədar olaraq ondan. Qobustan RPŞ-nin CAB-ın əməliyyat müvəkkilləri Şahid2 və X1 ibarət əməliyyat qrupu yaradılmışdır. 05 iyun 2023-cü il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs onlar tərəfindən Qobustan rayonu ərazisində "Son" adlanan ərazidə saxlanaraq, ona narkotik vasitələrin istifadəsində və qanunsuz üzərində gəzdirməsində şübhəli olduğunu, üzərinə şəxsi axtarış keçirilməsi üçün onlarla birlikdə Qobustan RPŞ-yə getməyini bildirmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etməyərək onlarla birlikdə Qobustan RPŞyə gəlmişdir. 05 iyun 2023-cü il tarixdə Rayon Polis Şöbəsində xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs vəkillərin siyahısından seçmiş olduğu və dövlət hesabına təyin olunmuş Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı Ağasən Baratov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olan hər hansı maddə, predmet və əşya varsa könüllü olaraq iştirakçıların yanında təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində olan qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofan bükülünü çıxarıb təqdim edərək, içərisində "patı olduğunu və həmin “patı”nı öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Eltac Məiikovun üzərindən bundan başqa qanunla qadağan olunmuş hər hansı bir maddə aşkar edilməmişdir. Həmin bükülü polis əməkdaşları tərəfindən açılıb içərisinə baxıldıqda, psixotrop maddə olan metamfetaminə bənzər şəffaf rəngli kristal dənəciklər aşkar edilmişdir. Aşkar edilərək götürülmüş psixotrop maddə təhqiqatçı tərəfindən zərfə qoyularaq DİN-in 142 saylı möhürü ilə möhürlənmiş, axtarış barədə protokol tərtib olunmuş və iştirakçılar həmin protokolu imzalamışdır. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularkən ona qarşı heç bir zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi ilə məşğul olmuş, lakin onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı əməliyyat marağı doğuran məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs üzərindən başqa qanunla qadağan edilmiş hər hansısa bir maddə aşkar edilməmişdir. Şahid Qobustan RPŞ-nin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkilləri X3 və Şahid2 da Şahid3 ilə eyni məzmunlu ifadə verdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə fiziki-kimyəvi ekspertizasının 06 iyun 2023-cü il tarixli, 6/3193 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,655 qram ağ rəngli, kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikası 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Rəyin qeyd hissəsində metamfetaminin ümumi çəkisinin 0,655 qram, tədqiqata sərf edilən ümumi miqdarının 0,050 qram, qalıq çəkisinin isə 0,605 qram olması qeyd edilmişdir. Məhkəmə narkoloji ekspertizasının 17 avqust 2023-cü il tarixli 5271 nömrəli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən 05 iyul 2023-cü il tarixdə rayon polis şöbəsinə daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,655 qram, ekspert tədqiqatından sonra təmiz çəkisi 0,605 qram olan psixotrop maddə metamfetamin maddi sübut əhəmiyyətinə malik olduğundan 07 avqust 2023-cü il tarixli qərarla iş üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək Qobustan rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir. Qobustan rayon polis şöbəsinin şübhəli şəxsin tutulması haqqında 05 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və 05 iyun 2023-cü il tarixdən 07 iyun 2023-cü il tarixə kimi Qobustan rayon polis şöbəsində saxlanılmışdır. Həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və müvəqqəti saxlama yerindən azad edilmişdir. İsmayıllı rayon Hakimiyyəti Başçısının Qalıncaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 21 iyul 2023-cü il tarixdə verdiyi 397 saylı arayışında göstərilir ki, Məlikov X2 rayonu Qalıncaq kəndində qeydiyyatda olmaqla yaşayır. İsmayıllı rayon Hakimiyyəti Başçısının Qalıncaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmə araşdırılmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün və şahidlərin ifadəsi ilə, eləcə də ekspert rəyi və işdə olan digər sənədlərlə tam sübuta yetir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə zalından dərhal həbsə alınmalı və “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan 0,605 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, 114 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə olan cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 20 saat hüquqi yardıma görə 120 manat məbləğində pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347,349, 351-353, 356 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 05 iyun 2023-cü il tarixdən 07 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı iki gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin. Məhkəmə zalından dərhal həbsə alınsın və “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 24 oktyabr 2023-cü il tarixdən hesab edilsin. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan 0,605 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə 114 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə olan cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 20 saat hüquqi yardıma görə 120 manat məbləğində pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökmdən təqdim olunan və ya alınan gündən 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №1(026)-18/2023
Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-18/2023
24.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver