Məhkəmə qərarları › İş №1(026)-18/2024

Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-18/2024

17.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-18/2024 17.12.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, Qobustan Rayon Məhkəməsinin inzibati binasında xx xxxx 2000-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində həbs növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 1,409 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini xeyli miqdarda əldə edib üzərində saxlamaqla, Qobustan rayonuna daşımış, 30 mart 2024-cü il tarixdə saat 22 radələrində Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan rayonu, Cəngi kəndi ərazisində “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında saxlanılaraq Qobustan rayonu, Qobustan şəhəri, Heydər Əliyev prospekti 291 ünvanında yerləşən Qobustan Rayon Polis Şöbəsinə gətirildikdən sonra orada 31 mart 2024-cü il tarixdə saat 01:32-dən 01:39-dək olan müddət ərzində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd sellofan bükülüdə ümumi təmiz çəkisi 1,409 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər bir neçə dəfə narkotik vasitə olan heroin istifadə etmişdir. 30 mart 2024-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində olarkən, yol kənarında 01 ədəd sellofan bükülü görmüşdür. Həmin sellofan bükülünü yerdən götürüb içərisinə baxdıqda içərisində “kakos”, yəni narkotik vasitə olan heroin olduğunu görmüşdür. Əvvəlcə ətrafında heç kimin olmadığını dəqiqləşdirmişdir. Sonra isə əvvəllər narkotik vasitə, yəni heroindən istifadə etdiyi üçün 01 ədəd sellofan bükülüdə olan narkotik vasitə heroini həmin vaxt əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoyaraq şəxsi istifadəsi üçün üzərində saxlamışdır. 30 mart 2024-cü il tarixdə saat 21 radələrində tanımadığı taksi ilə Bakı şəhərindən çıxaraq Qobustan rayonu istiqamətində gələrək, saat 22 radələrində Qobustan rayonu ərazisində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında avtomobildən düşmüşdür. Həmin vaxt yerdən tapdığı 01 ədəd sellofan bükülüdə olan narkotik vasitə heroin geyinmiş olduğu göy rəngli cins şalvarının sağ yan cibində olmuşdur. Orada olarkən polis əməkdaşları onu narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Qobustan RPŞ-yə dəvət etmişlər. O da polis əməkdaşlarına heç bir etiraz etməyərək onlarla birlikdə Qobustan RPŞ-yə gəlmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman yerdən tapdığı içərisində narkotik vasitə heroin olan 01 ədəd sellofan bükülü də geyinmiş olduğu göy rəngli cins şalvarının sağ yan cibində olmuşdur. Polis Şöbəsində polis əməkdaşı tərəfindən hüquqlarını müdafiə etmək üçün dövlət hesabına ona müdafiəçi təyin edilmişdir. Üzərində şəxsi axtarış aparılmazdan əvvəl polis əməkdaşı ona üzərində gəzdirilməsi qanunla qadağan olan hər hansı maddə, predmet və əşya varsa, könüllü olaraq iştirakçıların yanında təqdim etməsini təklif etmişdir. O da polis əməkdaşına əynində olan göy rəngli cins şalvarının sağ yan cibində 01 ədəd sellofan bükülüdə narkotik vasitə olan heroin olduğunu bildirmiş və həmin bükülünü cibindən çıxararaq təqdim etmişdir. Sonra isə polis əməkdaşı onun üzərində şəxsi axtarış aparmış və üzərindən gəzdirilməsi qanunla qadağan olan başqa hər hansı maddə, predmet və əşya aşkar olunmamışdır. Aşkar edilmiş 01 ədəd sellofan bükülünün içərisindəki narkotik vasitə olan heroin polis əməkdaşı tərəfindən götürülərək qablaşdırılmışdır. Yekunda Təqsirləndirilən şəxs bildirdi ki, etdiyi əməldən peşmandır və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qobustan RPŞ-nin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid3 ifadə verərək göstərdi ki, 30 mart 2024-cü il tarixdə Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs Qobustan rayonu ərazisində narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə Qobustan RPŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat şöbə rəhbərliyinə məruzə olunduqdan sonra yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədi ilə Qobustan RPŞ-nin CAB-ın axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1, Qobustan RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Daxil olmuş əməliyyat məlumatı əsasında 30 mart 2024-cü il tarixdə saat 22 radələrində Qobustan rayonu, Cəngi kəndi ərazisində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmış, Təqsirləndirilən şəxs özlərini təqdim etmiş, narkotik vasitələrin istifadəsində və qanunsuz üzərində gəzdirilməsində şübhəli olduğunu, üzərinə şəxsi axtarış keçirilməsi üçün onlarla birlikdə Qobustan RPŞ-yə getməsini bildirmişdir. Təqsirləndirilən şəxs heç bir etiraz etməyərək onlarla birlikdə Qobustan RPŞ-yə gəlmişdir. Polis şöbəsində xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı Şükran Cavadzadə tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olan hər hansı maddə, predmet və əşya varsa, könüllü olaraq iştirakçıların yanında təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükülünü çıxarıb iştirakçılara təqdim edərək həmin bükülünün içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni 30 mart 2024-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində olarkən, dəqiq ünvanı bilmədiyi ərazidə yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin sellofan bükülü açılıb içərisinə baxıldıqda narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli kütlə aşkar edilmişdir. Həmin bükülü elektron tərəzidə ölçülmüş, aşkar edilərək götürülmüş narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli kütlə təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilsə də, üzərindən başqa qanunla qadağan olunmuş hər hansı bir maddə, əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularkən ona qarşı hər hansı bir zor tətbiq edilməmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilən Qobustan RPŞ-nin Cinayət- Axtarış Bölməsinin axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 Şahid3 ilə eyni məzmunlu ifadə verdi İş üzrə şahid Qobustan RPŞ-nin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid2 ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında xidməti zərurətlə əlaqədar olaraq iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasına gələ bilmədiyi üçün istintaqda verdiyi ifadəni təsdiq etmişdir. Məhkəmə iclasında Qobustan RPŞ-nin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid2 ibtidai araşdırma zamanı verdiyi şahid ifadəsi elan edilmiş, onun Şahid3 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM-in) 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş materialların məhkəmə ekspertizasının 31 mart 2024-cü il tarixli, 3-16-16/2-6/1742 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 142”-li dairəvi möhür əksi, “şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,409 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. Rəyin qeyd hissəsində heroinin təmiz çəkisinin 1,409 qram, tədqiqata sərf edilən ümumi miqdarının 0,1 qram, qalıq çəkisinin isə 1,309 qram olması qeyd edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 21 may 2024-cü il tarixli, 3545 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixosimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 1,409 qram, ekspert tədqiqatından sonra təmiz çəkisi 1,309 qram narkotik vasitə - heroin maddi sübut əhəmiyyətinə malik olduğundan 02 aprel 2024-cü il tarixli qərarla iş üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək Qobustan rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən 15 aprel 2024-cü il tarixdə Qobustan rayon Polis Şöbəsinə daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə surəti olan Sumqayıt Şəhər Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 1(060)-635/2023 saylı hökmündən görünür ki, həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və o, 02 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu 01 ay 07 gün müddət həbsdə saxlanıldığı bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmış və üzərində qəti olaraq 02 il 16 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşdəki Bakı şəhər Probasiya şöbəsinin 16 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-635/2023 saylı, 20 sentyabr 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 16 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs 08 aprel 2024-cü il tarixdə Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alınmış, cəzasının əvvəli həmin tarixə hesablanmışdır. Məhkum Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-635/2023 saylı, 20 sentyabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il 16 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 11 sentyabr 2024-cü il tarixə 05 ay 03 gününü çəkmiş, çəkilməmiş hissəsi 01 il 07 ay 13 gün təşkil edir. Qobustan Rayon Məhkəməsinin 06 avqust 2024-cü il tarixli, 1(026)-18/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs həbs edildikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına keçirilməsi qərara alınmışdır. İşdəki Qobustan RPŞ-nin 11 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 11 sentyabr 2024-cü il tarixdə Qobustan RPŞ-yə könüllü olaraq təslim olduğu üçün Qobustan RPŞ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. İşdəki Bakı şəhəri, Yasamal RİHB-nin 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də, ünvan 2 ünvanında yaşayır. Orada yaşadığı müddətdə heç bir davranış pozuntusuna yol verməmiş, qonşuları tərəfindən nümayəndəliyə şikayət daxil olmamışdır. İş üzrə verilmiş əməliyyat tapşırığı əsasında Qobustan RPŞ-nin X2 daxil olmuş məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1,409 qram miqdarda narkotik vasitə heroin onun özünə məxsus olmuşdur. Təqsirləndirilən şəxs heroin istifadə etsə də, narkotik vasitələrin satışı ilə məşğul olmur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1,409 qram heroini satmaq məqsədi olmamışdır. Təqsirləndirilən şəxs hər hansı bir şəxsə heroini satması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroini haradan əldə etdiyini, əldə edilməsində başqa şəxslərin iştirakını, həmçinin Təqsirləndirilən şəxs başqa cinayətlərin törədilməsində iştirakını müəyyən etmək mümkün olmamışdır. İşdəki Sumqayıt Şəhər Narkoloji Dispanserinin 17 aprel 2024-cü il tarixli, 2151 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Eyni zamanda bir neçə narkotik maddələrin istifadəsindən yaranan Asılılıq sindromu” diaqnozu ilə qeydiyyatdadır. İşdəki Sumqayıt Şəhər Psixiatriya Xəstəxanasının 16 aprel 2024-cü il tarixli, 159 nömrəli məktubundan görünür ki, Sumqayıt şəhəri, Nizami küçəsi, 19C, məhəllə 6-da qeydiyyatda olan xx xxxx 2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs hal-hazırda stasionar müalicədə yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 30 mart 2024-cü il tarixdə saat 22 radələrində saxlanılmış, 01 aprel 2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, həmin gün saat 19:50-də Qobustan RPŞ-nin X6 azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs qardaşı X1 müharibəsində iştirak etmiş, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-in 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir); 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; 21-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. Narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının müvafiq qanunlarla müəyyən edilmiş xeyli miqdarından aşağı olan miqdarı şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas verən az miqdardır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarının: 2-ci bəndinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair əməlləri təsbit edən CM-in 26-cı fəslində yer alan cinayət hüquqi normalar əsasən blanket quruluşa malik olmaqla əməlin cinayət xarakterli olduğunu göstərmək üçün onunla müvafiq normativ hüquqi aktların müddəalarının müqayisə edilməsini, bu müddəalar nəzərə alınmaqla əməlin hüquqi qiymətləndirilməsinin aparılmasını tələb edir. O, cümlədən, narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılmasında mühüm əhəmiyyət kəsb edən bir sıra cinayət-hüquqi kateqoriyalara dair izahların “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 959-İİQ nömrəli Qanununun (bundan sonra – Qanun) 1-ci maddəsində təsbit edildiyi nəzərə alınaraq, həmin izahlar, eləcə də baxılan ittihamın qanuni həlli üçün əhəmiyyətli olan Qanunun digər müddəaları rəhbər tutulmalı, düzgün təfsir olunaraq tətbiq edilməlidir; 4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur; 5-ci bəndinə əsasən, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir; 6-cı bəndinə əsasən, istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın “Narkotik vasitələr” adlı İ siyahısının 83-cü qrafasına əsasən təmiz halda 0,15 qram heroin xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 1,409 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsində cinayətlərin residivi əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi kimi təsbit edilmişdir. Bununla yanaşı, Cinayət Məcəlləsinin 18.4-cü maddəsində göstərilmişdir ki, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər, bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Göründüyü kimi, təqsirləndirilən şəxs əvvəllər müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə, yəni azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edildiyindən, Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin tələbinə müvafiq olaraq onun hazırki iş üzrə Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi cinayətlərin residivini yaradan hal kimi nəzərə alına bilməz. Lakin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər də Cinayət Məcəlləsinin eyni – 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi hazırki iş üzrə residivin yaranmasına əsas verməsə də, hər bir halda təqsirləndirilən şəxsə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının öz məqsədlərinə xidmət edə bilmədiyini və təqsirləndirilən şəxsin islah olunmamasını göstərməklə, onun şəxsiyyətini xarakterizə edən hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - törətdiyi əməli etiraf edib peşman olmasını; - yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Bakı şəhəri, Yasamal RİHB-nin 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xasiyyətnaməsi); - qardaşı X3 Vətən müharibəsində iştirak edərək, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmasını. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə, cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmasına baxmayaraq, cəza çəkdiyi müddət ərzində yenidən qəsdən cinayət törətməsini, onun barəsində tətbiq edilən cinayət-hüquqi təsir tədbirinin gözlənilən səmərəni verməməsini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün deyildir, onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhər Probasiya şöbəsinin 16 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-635/2023 saylı, 20 sentyabr 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 16 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs 08 aprel 2024-cü il tarixdə Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alınmış, cəzasının əvvəli həmin tarixə hesablanmışdır. Məhkum Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-635/2023 saylı, 20 sentyabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il 16 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının tutularaq həbs olunduğu 11 sentyabr 2024-cü il tarixə 05 ay 03 gününü çəkmiş, çəkilməmiş hissəsi 01 il 07 ay 13 gün təşkil edir. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-635/2023 saylı, 20 sentyabr 2023cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 07 (yeddi) ay 13 (on üç) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulub 09 (doqquz) ay 21 (iyirmi bir) gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməli və həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 mart 2024-cü il tarixdən 01 aprel 2024-cü il tarixədək (48 saatdan az olmaqla) şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı iki gün müddət ona təyin edilən cəzadan çıxılmalıdır. CM-in 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. CM-in 68.1.1-1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Eləcə də, məhkəmə-narkoloji ekspertizasının 21 may 2024-cü il tarixli, 3545 nömrəli nömrəli rəyinə uyğun olaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bundan başqa, məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı onun tutulduğu tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut - Qobustan rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 1,309 qram narkotik vasitə - heroin məhv edilməli (CPM - 132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM - 198.1), təqsirləndirilən şəxsə məhkəmə icraatı zamanı göstərilən 15 saat hüquqi yardımla bağlı 90 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçiyə ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-635/2023 nömrəli, 20 sentyabr 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 01 (bir) il 07 (yeddi) ay 13 (on üç) gün azadlığın məhdudlaşdırılması cəzası, azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla (09 (doqquz) ay 21 (iyirmi bir) gün) hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilsin və qəti olaraq ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 mart 2024-cü il tarixdən 01 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı iki gün müddətin bir günü ona təyin edilən azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla ümumilikdə 02 (iki) gün müddət həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı onun tutulduğu 11 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. İş üzrə 114 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı X8 Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən 15 saat hüquqi yardımla bağlı 90 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Qobustan rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Qobustan filialındakı filialın kodu 200725, müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT AİİBAZ2XXXX, müştərinin hesab nömrəsi AZ55AİİB410400H**********172 saylı hesabına köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Qobustan rayon Polis Şöbəsində saxlanılan 1,309 qram narkotik vasitə - heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd DVD disk hazırkı cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma təqdim olunduğu andan) 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar