Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-19/2023 26.12.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1993-cü il tarixdə Qobustan rayonu Xilmilli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, orta təhsilli, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Qobustan rayonu Xilmilli kəndində qeydiyyatda olmaqla, Qobustan rayonu Bəklə kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 11,5 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla, Qobustan rayonu ərazisində daşımış, 14 iyun 2023-cü il tarixdə saat 18 radələrində Qobustan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat axtarış tədbirləri nəticəsində Qobustan rayonu Bəklə kəndi ərazisində saxlanılaraq Qobustan rayon polis şöbəsinə gətirilib orada üzərinə şəxsi axtarış keçirildikdən sonra RPŞ-nin əməkdaşları tərəfindən davam etdirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Qobustan rayonu Bəklə kəndindəki fərdi yaşayış evində aparılan axtarış zamanı evin mətbəxində olan dolabdakı plastik qabda gizlədib saxladığı bir ədəd qırmızı rəngli sellofan torbada təmiz çəkisi 8,964 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və həmin torbada bir ədəd salfet kağızına bükülmüş təmiz çəkisi 2,536 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana olmaqla, ümumi təmiz çəkisi 11,5 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıda qeyd edilənlərlə tam sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, cinayət törətdiyinə görə Qobustan rayon məhkəməsinin 24 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.4-cü maddələri ilə təqsirli bilinib 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 14 iyun 2023-cü il tarixə axşam saat 18-19 radələrində bir neçə nəfər onun evinə gələrək özərini polis əməkdaşı kimi təqdim edib ona evdə axtarış edəcəklərini bildirmişlər. O, evində axtarış ediləməsinə razılıq vermişdir. Evin zirzəmisində axtarış etsələr də heç bir şey tapmamışlar. Evdə olan makaron-verməşil saxlanılan vedrənin içərisindən anasının göndərdiyi quru nanəni götürərək, həmin şəxslərdən rəis müavini Vasif adlı şəxsin ona “bizə bu lazım idi” deyərək onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində Vasif ona evində olduqlarını, uşaqlarını gördüklərini, onlara işləyərsə onu buraxacaqlarını demişdir. O, bu təkliflə razılaşmadığına görə, onu MSY-yə salmışlar. Həmin günü gecə saat 01 radələrində onu yenidən Bəklə kəndində olan evinə aparmışlar və vəkilin iştirakı ilə evdə yenidən axtarış aparmışlar. Evində içərisində nanə qurusu olan sellofan torba təhqiqatçı Ağasən Baratovda olmuşdur. Sellofan tormanı nə zaman tumbuçkaya qoyduğunu görməmiş və bilməmişdir. Həmin sellofan tormanı tumbuçkadan çıxarmışlar. Vəkil Müdafiəçi torbanın içərisini iyləyərək nanə iyi gəldiyini dedi. Ona polis şöbəsində marixuananı kəndin bulağının yanından tapdığını və qurudub saxladığını deməsini bildirdilər. Əks halda ailəsinin də məsuliyyətə cəlb olunacağını bildirmişlər. Bu səbəbdən də polis şöbəsində aparılan istintaq zamanı özünü təqsirli bilib. Lakin barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə gətirilərkən məhkəmədə hazrkı ifadəsinə oxşar izahat vermişdir. Evinə gələn polis əməkdaşlarından heç birini əvvəlcədən tanımamış və onlarla heç bir ədavəti olmamışdır. O, marixuanadan sonuncu dəfə təxminən 20-30 gün əvvəl istifadə etmişdir. Məhkəmədən himayəsində iki azyaşlı uşağı olmasını, Vətən müharibəsi iştirakçısı olmasını, “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmasını və xəstə olmasının nəzərə alınmasını xahiş etdi. Şahid1 ifadə verərək göstərdi ki, Qobustan RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Qobustan rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan, həmin məlumatın yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunub cinayət başında yaxalanması məqsədi ilə tərəfindən Qobustan RPŞ-nin rəhbərliyinə raportla müraciət olunaraq Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədi ilə əməliyyat tədbirlərinin keçirilməsindən ötrü aidiyyəti üzrə göstəriş verilməsi xahiş olunmuşdur. Şöbə rəisinin əmri ilə 14 may 2023-cü il tarixdə onun rəhbərliyi, Qobustan RPŞ-nin CAB-ın əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 14 may 2023-cü il tarixdə saat 18 radələrində keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Qobustan rayonu Bəklə kəndində Təqsirləndirilən şəxs yaxınlaşıb, ona xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını bildirmiş və Səbuhiyə narkotik vasitə əldə etməkdə şübhəli olduğu üçün polis şöbəsinə getməli olduğunu demişlər. Sonra Təqsirləndirilən şəxs polis şöbəsinə getməyə razılığını bildirdiyindən onlar Səbuhini polis şöbəsinə gətirmiş və üstünə şəxsi axtarış keçirilib tədbir görülməsi üçün o, raportla şöbə rəhbərliyinə müraciət etmişdir. Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsi təhqiqatçı Ağasən Baratova həvalə edilmiş, təhqiqatçı Ağasən Baratov öz xidməti iş otağında Təqsirləndirilən şəxs Qobustan rayonu və ətraf rayonlarda fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmişdir. Təqsirləndirilən şəxs siyahıdakı vəkillərdən Müdafiəçi seçmiş, bir qədər sonra vəkil Müdafiəçi gəlmişdir. Sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri izah olunmuş, bundan sonra isə müdafiəçinin, onun, əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 iştirakları ilə Təqsirləndirilən şəxs üstünə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilən hər hansı bir əşyanın olub-olmadığı soruşulduqda, Səbuhi üzərində olan mobil telefonunu və evinin açarlarını təqdim edib, masanın üzərinə qoymuş və üzərində başqa bir əşyanın olmadığını qeyd etmişdir. Sonra təhqiqatçı tərəfindən Səbuhinin üzərində axtarış aparılmış, əynində olan paltarların üzəri, cibləri yoxlanılmış və əlavə olaraq heç bir şey aşkar olunmamışdır. Daha sonra Səbuhinin üzərindən aşkar olunmuş əşyalar özünə qaytarılmışdır. Həmin vaxt təhqiqatçı Səbuhidən narkotik vasitə istifadə edib-etməməyini soruşduqda, Səbuhi narkotik vasitə istifadəçisi olduğunu, sonuncu dəfə tanışıyla birlikdə istifadə etdiyini bildirmişdir. Təhqiqatçı Səbuhidən yaşadığı evə baxış keçirilməli olduğunu bildirib, buna etirazının olub-olmadığını soruşduqda, Səbuhi etirazının olmadığını bildirmiş, bundan sonra təhqiqatçı bildirmişdir ki, videoçəkiliş nümayiş etdirilməsindən və protokol tərtib edilməsindən ötrü dayandırılır. Videoçəkiliş dayandırıldıqdan sonra nümayiş etdirilmiş, o, həmin videoçəkilişə baxmış, daha sonra videoçəkiliş bərpa edilmiş və o, heç bir vəsatəti və etirazının olmadığını bildirmiş, yekunda protokol tərtib edilərək ucadan oxunmuş, heç bir tələb, təklif, şikayət və ya qeyd daxil olmamış, o və baxış iştirakçıları protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Daha sonra Təqsirləndirilən şəxs polis əməkdaşlarına evinə baxış və axtarış keçirilməsinə etirazının olmadığını bildirib, bu haqda Qobustan RPŞ-yə ərizə ilə müraciət etmişdir. Sonra Təqsirləndirilən şəxs, o və digər iştirakçılarla birlikdə yaşadığı Qobustan rayonu Bəklə kəndindəki ünvana getmiş, orada baxış iştirakçıları Səbuhiyə təqdim olunmuş və Səbuhi baxış iştirakçılarının heç birinə etirazı olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs, müdafiəçisi, o və digər baxış iştirakçıları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana axtarış keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı evin mətbəxindəki şkaf axtarılan zaman təhqiqatçı həmin şkafın gözündə olan qırmızı rəngli plastik qabın içərisindən içində narkotik vasitəyə bənzər qurudulmuş bitki kütləsi olan qırmızı rəngli sellofan torba aşkar etmişdir. Bu zaman Səbuhidən həmin torbadakı kütlə haqqında soruşulduqda, Səbuhi həmin kütlənin nanə qurusu olduğunu, həmin bitkini bir müddət əvvəl kənd ərazisindən yığıb qurutduğunu bildirmişdir. Daha sonra həmin kütlənin ekspertizaya göndərilməsi üçün qablaşdıracağı bildirilmiş və içərisində narkotik vasitəyə bənzər qurudulmuş bitki kütləsi olan həmin qırmızı rəngli sellofan torba içərisi boş olan zərfə qoyularaq qablaşdırılmış, qablaşdırmanın üzəri onun və digər iştirakçıların imzaları ilə imzalanmış və möhürlənərək götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evə axtarış davam etdirilsə də evdən saxlanılması qanunla qadağan edilmiş heç bir şey aşkar edilməmiş, yekunda protokol tərtib edilərək ucadan oxunmuş, heç bir tələb, təklif, şikayət və ya qeyd daxil olmamış, o və baxış iştirakçıları protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Qobustan RPŞ-nin CAB-ın əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Təqsirləndirilən şəxs və onun vəkilinin vəsatəti əsasında əlavə şahid kimi dindirilmiş X3 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir, birgə nikahlarından iki azyaşlı uşaqları var. 14 iyun 2023-cü il tarixdə saat 19 radələrində üç nəfər mülki, iki nəfər isə polis formasında şəxslərin onların yaşadıqları Qobustan rayon Bəklə kəndindəki həyətlərinə gələrək evdə axtarış aparmaq istədiklərini demişlər. O, əri Səbuhiyə həmin şəxslərdən evdə axtarış aparılmasına icazələri olub-olmamasını soruşmasını demişdir. Səbuhinin razılığı ilə polis əməkdaşları evdə axtarış aparmış, evdə olan makaron-verməşil saxlanılan vedrənin içərisindən quru nanəni götürərək, Səbuhini polis şöbəsinə aparmışlar. Həmin günü gecə saat 01 radələrində yenidən vəkilin iştirakı ilə evdə axtarış aparılmışdır. Yenidən Səbuhini polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs və onun vəkilinin vəsatəti əsasında əlavə şahid kimi dindirilmiş X1 ifadə verərək göstərdi ki, 14 iyun 2023-cü il tarixdə saat 19 radələrində yaxın qohumu Təqsirləndirilən şəxs evinə polis əməkdaşlarının gəldiyini eşidib onlara getmiş və orada polis əməkdaşlarının evdə axtarış apardıqlarını görmüşdür. Sonra polislər Səbuhini götürərək polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs və onun vəkilinin vəsatəti əsasında əlavə şahid kimi dindirilmiş X2 ifadə verərək göstərdi ki, o, Abşeron rayonunun Masazır qəsəbəsində yaşayır. Dayısının həyətində kartof əkdiyi üçün 14 iyun 2023-cü il tarixdə Bəklə kəndinə gəlmişdir. Həmin günü axşam tərəfi dayısı oğlu Namaz Adgözəlovun həyətində olduğu zaman ora qara rəngli avtomaşın gələrək ondan Təqsirləndirilən şəxs evinin yerini soruşmuşdur. O isə kənddə yaşayan adam olmadığını bildirmişdir. Avtomaşını sürüb Səbuhinin həyətində saxlayaraq avtomaşından düşən şəxslərin üç nəfərin mülki, iki nəfərin isə bronjiletdə olduğunu görmüşdür. Avtomaşını həmin yerə sürərək o, Səbuhidən ona necə kömək edə biləcəyini soruşmuşdur. Səbuhi isə ona heç bir köməklik lazım olmadığını demişdir. Polis əməkdaşları onu həyətdən çıxararaq uzaqlaşdırmışlar. Həmin vaxtı polis əməkdaşlarının Təqsirləndirilən şəxs avtomaşına mindirib apardıqlarını görmüşdür. Kəndə gələn polis əməkdaşlarından heç birini tanımamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə-bioloji ekspertizasının 15 iyun 2023-cü il tarixli, 7/874 nömrəli rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş bir ədəd qırmızı rəngli sellofan torbada təmiz çəkisi 8,964 qram və həmin torbada salfet kağızına bükülmüş təmiz çəkisi 2,536 qram, ümumi çəkisi 11,5 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Rəyin qeyd hissəsində marixuananın ümumi çəkisi-11,5 qram, tədqiqata ümumi sərf edildi-0,04 qram (hər obyektdən 0,02 qram), qalıq-11,46 qram olması qeyd edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 18 iyul 2023-cü il tarixli, 4530 A №-li rəyində göstərilir ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs yaşadığı ünvanda aşkar edilərək götürülmüş qalıq çəkisi 11,46 qram olan narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut əhəmiyyətinə malik olduğundan 19 iyun 2023-cü il tarixli qərarla iş üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək Qobustan rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən 30 iyun 2023-cü il tarixdə rayon polis şöbəsinə daxil olmuş tələbnamədə göstərilir ki, Təqsirləndirilən şəxs məhkum olunmuş və məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Naxirliyi Sumqayıt şəhər probasiya şöbəsinin 08 sentyabr 2023-cü il tarixli 21-2/3-116 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib Qobustan rayon məhkəməsinin 1(026)-21/2021 saylı 24 noyabr 2021-ci il tarixli hökmü ilə 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs cəza müddəti 10 sentyabr 2023-cü il tarixdə bitmiş və barəsində olan şəxsi iş qeydiyyatdan çıxarılmışdır. Qobustan rayon İHB-nin Nabur İƏD üzrə nümayəndəliyinin 03 iyul 2023-cü il tarixli 142 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 03 oktyabr 1997-ci il təvəllüdlü arvadı- X4, 19 iyun 2016-cı il təvəllüdlü qızı- X5 və 29 sentyabr 2017-ci il təvəllüdlü qızı-X7 vardır. Qobustan rayon İHB-nin Nabur İƏD üzrə nümayəndəliyi tərəfindən 03 iyul 2023-cü il tarixdə verilmiş xasiyyətnaməsində Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Qobustan rayon polis şöbəsinin “şübhəli şəxsin tutulması” haqqında 14 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, 16 iyun 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə araşdırılmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli şahidlərin ifadəsi ilə, eləcə də ekspert rəyi və işdə olan digər sənədlərlə tam sübuta yetir. Onun məhkəmə iclasında verdiyi izahat özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs yaşadığı yerdən müsbət xarakterizə olmasını, himayəsində iki nəfər azyaşlı uşağının olmasını, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə könüllü iştirak etməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun yaşadığı yerdən müsbət xarakterizə olmasını, himayəsində iki nəfər azyaşlı uşağının olmasını, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə könüllü iştirak etməsini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 11,46 qram bitki mənşəli kütlələr tərkibində narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə 72 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 18 saat hüquqi yardıma görə 108 manat məbləğində pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347,349, 351- 353, 356 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 14 iyun 2023-cü il tarixdən 16 iyun 2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən bir gün azadlıqdan məhrum etmənin iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Qobustan rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün İcrası Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 11,46 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə 72 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 18 saat hüquqi yardıma görə 108 manat məbləğində pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökmdən təqdim olunan və ya alınan gündən 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №1(026)-19/2023
Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-19/2023
26.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver