Məhkəmə qərarları › İş №1(026)-19/2025

Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-19/2025

02.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-19/2025 02.12.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, Qobustan Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxx 1978-ci il tarixdə Şabran rayonu, Gil-Gil çay qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Siyəzən rayonu, Böyük Həmyə kəndində qeydiyyatda olan və orada yaşamış, barəsində həbs növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 1,379 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini xeyli miqdarda əldə edib, üzərində saxlamaqla Qobustan rayonuna daşımış, Qobustan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 19 iyun 2025-ci il tarixdə saat 11:57 radələrində Qobustan rayonu, Qobustan şəhəri ərazisində saxlanılıb orada üzəri yoxlanılan zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 (bir) ədəd bükülüdə təmiz çəkisi 1,379 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, bir neçə ildir, narkotik vasitənin heroin növündən istifadə edir. O, 19 iyun 2025ci il tarixdə səhər saatlarında istirahət etmək məqsədi ilə yaşadığı Siyəzən rayonu, Böyük Həmyə kəndindən Şamaxı rayonuna getmək qərarına gəlmişdir. Bunun üçün yaşadığı Siyəzən rayonu, Böyük Həmyə kəndindən çıxıb Abşeron rayonunun Ceyranbatan qəsəbəsinə gəlmişdir. O, Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Şamaxı rayonu istiqamətinə gedən avtomobil tapmaq üçün yolun kənarı ilə saat 09 radələrində gedərkən yolun kənarında yerdə 01 (bir) ədəd bükülü olduğunu görmüş və görüntüsündən içində nə isə olduğunu başa düşmüşdür. Həmin bükülünü götürüb içinə baxdıqda içində “kakos”, yəni narkotik vasitə olan heroin olduğunu görmüşdür. O, içərisində heroin olan həmin bükülünü daha sonra istifadə etmək üçün şalvarının cibinə qoymuşdur. O, həmin gün saat təxminən 09-10 radələrində Şamaxı rayonuna getmək üçün Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisində avtomobil yolunun kənarına gedib, əl edərək saxlatdırdığı, tanımadığı şəxsin idarə etdiyi, markasını və dövlət nömrə nişanını xatırlamadığı avtomobil ilə Şamaxı rayonu istiqamətində yola düşmüşdür. Bakı-Şamaxı- Yevlax avtomobil yolunun Qobustan şəhəri ərazisindən keçən hissəsində avtomobildən düşüb çay içmək üçün yolun əks tərəfinə keçmişdir. Bundan sonra saat təxminən 11-12 radələrində Qobustan rayonu, Qobustan şəhəri ərazisində mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olmalarını və üzərində narkotik vasitə saxlamağı barədə onlarda məlumat olmasını bildirmişdir. Bundan sonra üzərinə yoxlanış keçirilən zaman polis əməkdaşı ona üzərində qanunla qadağan olunmuş əşya olduğu halda təqdim etməsini xahiş etdikdə, əynində olan şalvarın sol yan cibindən içində narkotik vasitə heroin olan həmin 01 (bir) ədəd bükülünü çıxarıb təqdim etmişdir. Həmin vaxt içərisində heroin olan bükülü ona təqdim olunaraq həmin bükülüdəki kütlənin nə olması soruşulduqda, o, həmin kütlənin “kakos”, yəni heroin olduğunu bildirmişdir. Daha sonra içərisində heroin olan həmin 01 (bir) ədəd bükülü tərəzidə çəkilmiş, bükülü içərisindəki heroin ilə birlikdə içərisi boş olan zərfə qoyulmuş, zərfin üzəri onun və digər iştirakçıların imzaları ilə imzalanmış və möhürlənərək götürülmüşdür. Ondan həmin bükülüdəki kütlə haqqında soruşulduqda, o, həmin kütləni yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, həmin kütlədən kiməsə satmadığını və pay vermədiyini bildirmişdir. Sonra polis əməkdaşları onlarla birlikdə polis şöbəsinə getməli olduğunu izah etmiş, o da razılığını bildirmişdir. Orada ona əvvəlcədən polis əməkdaşları tərəfindən üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəyə bənzər kütləyə videoçəkilişdən istifadə edilməklə baxış keçirilməsi zərurəti izah edilmiş, o da həmin baxışda iştirak etməyə razılığını bildirmişdir. Bundan sonra müdafiəçinin və digər iştirakçıların iştirakı ilə videoçəkilişdən istifadə edilməklə polis əməkdaşları tərəfindən əvvəlcədən üzərindən aşkar olunaraq götürülmüş 01 (bir) ədəd bükülünün qablaşdırıldığı zərf ona təqdim edilmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən və ondan sonra polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixi təzyiqə, yaxud təsirə məruz qalmamışdır. O, hazırda öz əməlindən peşmandır və barəsində mümkün qədər yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qobustan RPŞ-nin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Qobustan rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan, həmin məlumatın yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunub cinayət başında yaxalanması məqsədilə tərəfindən Qobustan RPŞ-nin rəhbərliyinə raportla müraciət olunaraq əməliyyat tədbirlərinin keçirilməsindən ötrü aidiyyəti üzrə göstəriş verilməsi xahiş olunmuşdur. Şöbə rəisinin əmri ilə 19 iyun 2025-ci il tarixdə onun rəhbərliyi, Qobustan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və Qobustan RPŞ-nin KMQ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 19 iyun 2025-ci il tarixdə saat 11:57 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o, həmçinin əməliyyat müvəkkili Şahid2 və baş əməliyyat müvəkkili Şahid3 ilə birlikdə Qobustan rayonu, Qobustan şəhəri ərazisində küçədə Təqsirləndirilən şəxs yaxınlaşıb xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını demiş və ona üzərində narkotik vasitə saxlaması barədə məlumatın olmasını bildirib, buna görə videoçəkilişdən istifadə edilməklə üzərinə yoxlanış keçirilməsi zərurəti olduğunu izah etmiş, o da üzərinə yoxlanış keçirilməsinə razılığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs vəkilə ehtiyacının olubolmaması soruşulduqda, o, vəkilə ehtiyacının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan hər hansı bir əşya və predmet olduğu halda təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 (bir) ədəd bükülünü təqdim etmişdir. Həmin bükülünün içərisinə baxdıqda içində heroinə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs 01 (bir) ədəd bükülünün içərisində olan kütlə haqqında soruşulduqda, o, həmin kütlənin “kakos”, yəni heroin olduğunu, həmin kütləni tapdığını, istifadə etmək üçün üzərində saxladığını, həmin kütlədən kiməsə satmadığını və pay vermədiyini bildirmişdir. Daha sonra içərisində heroinə bənzər kütlə olan 01 (bir) ədəd bükülü tərəzidə çəkilmiş, sonra isə həmin 01 (bir) ədəd bükülü içərisi boş olan zərfə qoyulmuş, zərfin üzəri onun və digər iştirakçıların imzaları ilə imzalanmış və möhürlənərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitə heroin əldə etməkdə şübhəli olduğu üçün onlarla birlikdə polis şöbəsinə getməli olduğunu demişlər. Sonra isə Təqsirləndirilən şəxs polis şöbəsinə getməyə razılığını bildirdiyindən polis şöbəsinə gətirilmiş və onun üzərindən aşkar edilərək götürülmüş kütləyə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs saxlanılıb polis şöbəsinə gətirilərkən və ondan sonra ona qarşı hər hansı bir fiziki və ya psixi təzyiqə və təsirə yol verilməmişdir. İş üzrə şahid qismində dindirilən Qobustan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 və Qobustan RPŞ-nin KMQ-nin baş əməliyyat müvəkkili Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verdilər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM-in) 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Sumqayıt Regional Bölməsindən daxil olmuş materialların məhkəmə ekspertizasının 20 iyun 2025-ci il tarixli, 20/523 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən ...” sözlər və imzalar olan kağız paketdəki 01 (bir) ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 1,379 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Rəyin qeyd hissəsində heroinin təmiz çəkisinin 1,379 qram, tədqiqata sərf edilən ümumi miqdarının 0,15 qram, qalıq çəkisinin isə 1,229 qram olması qeyd edilmişdir. Aparılmış tədqiqatın dəyəri 63 manat təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 08 iyul 2025-ci il tarixli, 4020 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs 05 iyun 2025-ci il tarixdən Sumqayıt şəhər ND-də (F19x2) diaqnozu ilə qeydiyyatdadır. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. Cinayət işinə əlavə edilmiş Qobustan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1 tərəfindən tərtib olunmuş 19 iyun 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, Qobustan RPŞ-yə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 19 iyun 2025-ci il tarixdə saat 11:57 radələrində Qobustan rayonu, Qobustan şəhəri ərazisində piyada hərəkət edərkən saxlanılmış, ona hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan hər hansı bir əşya və predmet olub-olmaması soruşulduqda, o, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 (bir) ədəd ağ rəngli şəffaf sellofan bükülüdə qızılı rəngli falqaya bükülmüş bükülünü çıxararaq onlara təqdim etmiş və həmin bükülünün içərisindəki kütlənin “kakos”, yəni narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra içərisində narkotik vasitə heroinə bənzər kütlə olan 01 (bir) ədəd qızılı rəngli kağız bükülü elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 1,59 qram olması müəyyən edilmişdir. Bundan sonra isə həmin 01 (bir) ədəd qızılı rəngli kağız bükülü içərisi boş olan zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra zərf RPŞ-nin 142 nömrəli möhürü ilə möhürlənib götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd “Samsung” markalı mobil telefon aşkar edilmişdir. Araşdırma üçün əhəmiyyət kəsb etdiyindən 01 (bir) ədəd “Samsung” markalı mobil telefon içərisi boş olan zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra zərf RPŞ-nin 142 nömrəli möhürü ilə möhürlənib götürülmüşdür. Əməliyyat qrupunun üzvü Şahid1 suallarına cavab olaraq, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin kütlənin “kakos” olduğunu, istifadə etmək üçün üzərində saxladığını, həmin narkotik vasitədən kiməsə satmadığını və ya pay vermədiyini bildirmişdir. Cinayət işinə əlavə edilmiş Qobustan RPŞ-nin TQ-nin təhqiqatçısı, polis polkovnikleytenantı X4 tərəfindən tərtib olunmuş 19 iyun 2025-ci il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, 19 iyun 2025-ci il tarixdə Qobustan RPŞ-də xidməti otaqda RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1 təqdim etdiyi əşyalara baxış keçirilmişdir. Həmin istintaq hərəkətində şübhəli şəxs Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi, RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1, RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və RPŞ-nin KMQ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 iştirak etmişdir. Təqdim olunan 01 (bir) ədəd bükülüyə, 01 (bir) ədəd “Samsung” markalı mobil telefona və 01 (bir) ədəd DVD diskə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 (bir) ədəd bükülünün qablaşdırıldığı zərf ona təqdim olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş həmin bükülünün qablaşdırıldığı zərf və zərfdəki kütlə haqqında soruşulduqda o, həmin zərfin üzərindəki imzanın onun imzası olduğunu, həmin kütlənin “kakos”, yəni narkotik vasitə heroin olduğunu, gələndə yol qırağında tapdığını və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Daha sonra “Samsung” markalı mobil telefonun qablaşdırıldığı zərf Təqsirləndirilən şəxs təqdim olunmuş, o, zərfin üzərindəki imzanın özünə məxsus olduğunu, həmçinin zərfin içərisindəki telefonun da özünə məxsus olmasını bildirmişdir. Daha sonra 01 (bir) ədəd DVD diskdə olan videogörüntüyə baxış keçirilmiş, DVD diskdə olan videogörüntüdə təhqiqata təqdim olunan narkotik vasitəyə oxşar kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin kütlənin narkotik vasitə olan heroin olduğunu bildirməsi öz əksini tapmışdır. İş materiallarından görünür ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 1,379 qram, ekspert tədqiqatından sonra təmiz çəkisi 1,229 qram olan narkotik vasitə heroin maddi sübut əhəmiyyətinə malik olduğundan 18 iyul 2025-ci il tarixli qərarla iş üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılması üçün Qobustan RPŞ-nin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən 29 iyul 2025-ci il tarixdə Qobustan RPŞ-yə daxil olmuş tələbnamədən görünür ki, Abasov X1 Qarnizonu Hərbi Tribunalının 20 sentyabr 1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 241ci maddəsinin “B” hissəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 22 yanvar 2000-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 10 dekabr 1999-cu il tarixli “Amnistiya” qərarına əsasən cəzadan azad edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin 26 aprel 2011-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 19 iyul 2011-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzası 04 ilə endirilmiş, 30 yanvar 2015-ci il tarixdə cəza sonu ilə azad edilmişdir. Siyəzən Rayon Məhkəməsinin 16 fevral 2016-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 20 may 2016-cı il tarixli qərarı ilə cəzası 01 il 06 ay azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, 22 aprel 2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Xızı Rayon Məhkəməsinin 16 aprel 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 14 yanvar 2018-ci il tarixdə həbsdə saxlama müddəti uzadılmadığına görə müəssisə rəisinin protokoluna əsasən azad olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 20 iyun 2018-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır. 16 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli “Amnistiya” qərarının 2.4-cü bəndinə uyğun olaraq, “Amnistiya” qərarının 36-cı bəndinə əsasən cəzadan azad olunması barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmışdır. 24 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli “Amnistiya” qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Xətai Rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1 və 180.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Siyəzən Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və narkomaniyadan məcburi müalicə təyin edilmişdir. 16 may 2024-cü il tarixdə Salyan Rayon Məhkəməsinin qərarı ilə 01 ay 22 gün müddətinə vaxtından əvvəl şərti azad olunmuş, 08 iyul 2024-cü il tarixdə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmışdır. Sumqayıt Şəhər Polis İdarəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırılaraq 25 iyun 2025-ci il tarixdə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. İşdə surəti olan Xızı Rayon Məhkəməsinin 16 aprel 2018-ci il tarixli, 1(068)-05/2018 nömrəli hökmündən görünür ki, həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirli bilinmiş və 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 sentyabr 2017-ci il tarixindən 14 yanvar 2018ci il tarixədək həbsdə saxlanıldığı 04 ay ona təyin edilmiş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 03 il 08 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmış, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin həbs qətimkan tədbirinə dəyişdirilməsi və Təqsirləndirilən şəxs məhkəmə zalında dərhal həbs edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmənin əvvəlinin həbsə alındığı gündən, yəni 16 aprel 2018-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunması və narkoloji dispanserdə qeydiyyata alınması qərara alınmışdır. İşdə surəti olan Siyəzən Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli, 1(059)- 34/2023 nömrəli hökmündən görünür ki, həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 05 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin tutulduğu, yəni 08 fevral 2023-cü il tarixdən hesablanması, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunması və onun ərazi narkoloji dispanserdə qeydiyyata alınması qərara alınmışdır. İşdə surəti olan Sumqayıt Şəhər Məhkəməsinin 03 oktyabr 2025-ci il tarixli, 1(060)- 525/2025 saylı hökmündən görünür ki, həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 mart 2025-ci il tarixdən 12 mart 2025-ci il tarixədək, 28 aprel 2025-ci il tarixdən 30 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu ümumilikdə 04 gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 il 02 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 03 oktyabr 2025-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, başqa cinayət işi üzrə barəsində həbs qətimkan tədbirinin seçilməsi və həbsə alınmasının nəzərə alınması, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunması və onun Respublika Narkoloji Mərkəzdə (F11x2) diaqnozu ilə dispanserdə qeydiyyatda olmasının nəzərə alınması qərara alınmışdır. İşdəki Sumqayıt Şəhər Məhkəməsinin 17 noyabr 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə 03 oktyabr 2025-ci il tarixli, 1(060)- 525/2025 saylı ittiham hökmü çıxarılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 525/2025 saylı, 03 oktyabr 2025-ci il tarixli hökmü 12 noyabr 2025-ci il tarixdə qanuni qüvvəsini almış və müvafiq göstəriş ilə icra üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Umbakı Penitensiar Müəssisəsinə göndərilmişdir. İş üzrə verilmiş əməliyyat tapşırığı əsasında Qobustan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 24 iyun 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1,379 qram miqdarında narkotik vasitə heroin ona məxsus olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitə heroin istifadə etsə də, narkotik vasitələrin satışı ilə məşğul olmur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1,379 qram miqdarında narkotik vasitə heroini satmaq məqsədi olmamışdır. Təqsirləndirilən şəxs hər hansı bir şəxsə narkotik vasitə heroini satması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitə heroini kimdən və haradan əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1,379 qram miqdarında narkotik vasitə heroinin əldə edilməsində başqa şəxslərin iştirakını, həmçinin Təqsirləndirilən şəxs başqa cinayətlərin törədilməsində iştirakını müəyyən etmək mümkün olmamışdır. “Siyəzən rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin 22 iyul 2025-ci il tarixli, 18-1-69/2-635/2025 nömrəli məktubundan görünür ki, Siyəzən rayonu, Böyük Həmyə kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs həmin xəstəxananın Poliklinika şöbəsində 2012-ci ildən narkoloji xəstə kimi qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 19 iyun 2025-ci il tarixdə saat 11:57 radələrində Qobustan RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq həmin gün saat 13:30-da şübhəli şəxs qismində tutulmuş, 20 iyun 2025-ci il tarixdə saat 19:10-da barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, Qobustan RPŞ-nin X2 azad edilmişdir. Qobustan Rayon Məhkəməsinin 30 sentyabr 2025-ci il tarixli, 1(026)-19/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi və onun hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılması nəzərə alınması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Siyəzən RİHB-nin Həmyə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də, Siyəzən rayonu, Böyük Həmyə kəndində qeydiyyatdadır. Cinayət işi materiallarına əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi zamanı qeydə alınmış videogörüntünü əks etdirən 01 ədəd disk və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş predmetlərə baxış və götürmənin həyata keçirildiyi videogörüntünün əks olunduğu 01 ədəd disk əlavə edilmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-in 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir); 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; 21-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. Narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının müvafiq qanunlarla müəyyən edilmiş xeyli miqdarından aşağı olan miqdarı şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas verən az miqdardır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarının: 2-ci bəndinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair əməlləri təsbit edən CM-in 26-cı fəslində yer alan cinayət hüquqi normalar əsasən blanket quruluşa malik olmaqla əməlin cinayət xarakterli olduğunu göstərmək üçün onunla müvafiq normativ hüquqi aktların müddəalarının müqayisə edilməsini, bu müddəalar nəzərə alınmaqla əməlin hüquqi qiymətləndirilməsinin aparılmasını tələb edir. O cümlədən narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılmasında mühüm əhəmiyyət kəsb edən bir sıra cinayət-hüquqi kateqoriyalara dair izahların “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 959-İİQ nömrəli Qanununun (bundan sonra – Qanun) 1-ci maddəsində təsbit edildiyi nəzərə alınaraq, həmin izahlar, eləcə də baxılan ittihamın qanuni həlli üçün əhəmiyyətli olan Qanunun digər müddəaları rəhbər tutulmalı, düzgün təfsir olunaraq tətbiq edilməlidir; 4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur; 5-ci bəndinə əsasən, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir; 6-cı bəndinə əsasən, istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın “Narkotik vasitələr” adlı İ siyahısının 83-cü qrafasına əsasən təmiz halda 0,15 qram heroin xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 1,379 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi əməli etiraf edib peşman olmasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli, 1(059)-34/2023 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 01 il 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, həmin cəzanın çəkilməsi müddətinin əvvəlinin 08 fevral 2023-cü il tarixdən hesablanmasını və cəzasının sonunun 08 iyul 2024-cü il tarixə düşməsini, lakin onun cəzanı çəkib qurtardığı gündən 2 il müddət keçmədən yenidən qəsdən hazırkı cinayəti törətməsini nəzərə alaraq bildirir ki, Təqsirləndirilən şəxs əməlində residiv müəyyən olunur. Odur ki, həmin hal CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Belə ki, CM-in 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, məhkumluq ödənilmiş hesab olunur. CM-in 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, barəsində müəyyən edilmiş yuxarıda qeyd edilən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları (cinayətlərin residivi), eyni zamanda onun əvvəllər bir neçə dəfə cinayət törətməkdə təqsirli bilinməsi ilə yanaşı, təyin olunmuş cəzalardan heç bir nəticə çıxarmayaraq islah olunmamaqla, hazırkı iş üzrə məhkəmə baxışı aparılarkən Sumqayıt Şəhər Məhkəməsinin 03 oktyabr 2025-ci il tarixli, 1(060)-525/2025 saylı hökmü ilə 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini onun şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində CM-in 65.2-ci maddəsinin tələbləri də nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Belə ki, CM-in 65.2-ci maddəsinə uyğun olaraq məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın müddəti həmin maddədə göstərilən azadlıqdan mərhum etmənin yuxarı həddinin yarısından az olmamalıdır. CM-in 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Eləcə də, məhkəmə-narkoloji ekspertizasının 08 iyul 2025-ci il tarixli, 4020 nömrəli rəyinə uyğun olaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və onun narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 03 oktyabr 2025-ci il tarixli, 1(060)-525/2025 saylı hökmü ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməli və ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 19 iyun 2025-ci il tarixdən 20 iyun 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş cinayət işi üzrə 10 mart 2025-ci il tarixdən 12 mart 2025-ci il tarixədək, 28 aprel 2025-ci il tarixdən 30 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu cəmi 04 (dörd) gün, ümumilikdə isə 06 (altı) gün müddətin bir günü ona təyin edilən azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla ümumilikdə 06 (altı) gün müddət həmin cəzadan çıxılmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və başqa cinayət işi üzrə barəsində həbs qətimkan tədbirinin seçilməsi və həbsə alınması nəzərə alınmalı, cəzasının əvvəli 30 sentyabr 2025-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və onun narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Qobustan rayon Polis Şöbəsində saxlanılan 1,229 qram narkotik vasitə heroin məhv edilməli (CPM - 132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM - 198.1), təqsirləndirilən şəxsə məhkəmə icraatı zamanı göstərilən 10 saat hüquqi yardımla bağlı 110 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçiyə ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 03 oktyabr 2025-ci il tarixli, 1(060)- 525/2025 saylı hökmü ilə təyin olunmuş 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və ona qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 19 iyun 2025-ci il tarixdən 20 iyun 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş cinayət işi üzrə 10 mart 2025-ci il tarixdən 12 mart 2025-ci il tarixədək, 28 aprel 2025-ci il tarixdən 30 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu cəmi 04 (dörd) gün, ümumilikdə isə 06 (altı) gün müddətin bir günü ona təyin edilən azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla ümumilikdə 06 (altı) gün müddət həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Başqa cinayət işi üzrə barəsində həbs qətimkan tədbirinin seçilməsi və həbsə alınması nəzərə alınsın. Cəzasının əvvəli 30 sentyabr 2025-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və onun narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə 63 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı X3 Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən 10 saat hüquqi yardımla bağlı 110 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Qobustan rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Qobustan filialındakı filialın kodu 200725, müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT AİİBAZ2XXXX, müştərinin hesab nömrəsi AZ55AİİB410400H**********172 saylı hesabına köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Qobustan rayon Polis Şöbəsində saxlanılan 1,229 qram narkotik vasitə - heroin məhv edilsin. Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi zamanı qeydə alınmış videogörüntünü əks etdirən 01 ədəd disk və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş predmetlərə baxış və götürmənin həyata keçirildiyi videogörüntünün əks olunduğu 01 ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma təqdim olunduğu andan) 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar