Məhkəmə qərarları › İş №1(026)-2/2023

Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-2/2023

24.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-2/2023 24.01.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında yerləşən Bakı şəhəri, Qaradağ rayon Polis İdarəsinin inzibati binasında qeydiyyatda olan və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs ona olan inam və etibarından sui-istifadə edərək Zərərçəkmiş şəxs övladları Şahid1 və Vüsal Şəhriyarovu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) işə düzəldəcəyinə dair yalan vəd verib onu aldadaraq Zərərçəkmiş şəxs 26 iyul 2021-ci il tarixdə saat 14:12-də Qobustan rayonu, Qobustan şəhəri, H.Əliyev prospekti 220-də yerləşən “Bol” marketin içərisində olan “MilliÖn” ödəmə terminalı vasitəsi ilə "xxxx" ASC-yə aid 4169-7413-8895-9130 nömrəli plastik kartına bir dəfəyə köçürdüyü 5000 (beş min) manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməklə Zərərçəkmiş şəxs 5000 (beş min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıda qeyd edilənlərlə tam sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Belə ki, 01 dekabr 2021-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Əslən Qobustan rayonunun Dərəkənd kəndindəndir. Şahid2 və Zərərçəkmiş şəxs ilə əvvəllər heç bir tanışlıq əlaqəsi olmamışdır. Əvvəllər “SOCAR” şirkətində işləmişdir. 2021ci ilin fevral ayında xəstə olduğu üçün bir neçə gün işə çıxmamış, işə çıxmaması ilə bağlı arxa tarixə müvəqqəti işdən azad olunması üçün xəstəlik vərəqəsi lazım olmuşdur. Xəstəlik vərəqəsi almaq üçün Sumqayıt şəhər 3 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsinə getmişdir. Orada sonradan adının Eldəniz olduğunu bildiyi və həmin poliklinikanın müdiri olan Şahid2 qəbulunda olmuşdur. Özünü təqdim edib demişdir ki, “SOCAR şirkətində işləyir, xəstəliyi ilə bağlı bir neçə vaxtdı işə çıxmır və buna görə ona arxa tarixə müvəqqəti işdən azad olunmağı üçün xəstəlik barədə vərəqə verə bilərmi?”. Eldəniz cavabında ona demişdir ki, “arxa tarixə sənəd verə bilmərəm, istəsən bu günki tarixdə müayinədən keçdikdən sonra sənə müvəqqəti işdən azad olunmağın üçün xəstəlik vərəqəsi verə bilərəm”. Söhbət zamanı Eldənizin də Qobustan rayonunun Çalov kəndindən olduğunu müəyyən etmişdir. Eldəniz ona demişdir ki, “SOCAR-da işləyirsən, işə adam düzəldə bilərsən?”. Ona cavabında bildirmişdir ki, “hə düzəldə bilərəm, boş yer olan kimi sənə xəbər edəcəm”. 08 may 2021-ci il tarixdə işlədiyi “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin idarəetmə aparatının Energetika şöbəsində energetik vəzifəsindən azad olunmuş, həmin tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Təxminən 2021-ci ilin iyul ayının ortalarında Eldənizə zəng edərək demişdir ki, “SOCAR”-ın tabeliyində olan Qobustan rayon qaz idarəsində çilingər-qaynaqçı işi var, tanışın varsa ora işə düzəldim”.- Eldəniz həmin vaxt konkret bir söz deməmiş, lakin əlaqə saxlayacağını bildirmişdir. Bir müddət sonra Eldəniz onunla əlaqə saxlayaraq demişdir ki, “qohumum Təbiyyət var, oğlu əsgərlikdən təzə gəlib, onu işə düzəltmək istəyir, nömrəsin verim özünün xəbəri var, yığ danış”. Təbiyyət adlı şəxsə zəng edərək bildirmişdir ki, “Qobustan rayon qaz idarəsində çilingər-qaynaqçı işi var, aylıq əmək haqqı təxminən 550- 600 manatdı, növbəli işdi, bir gün işdə olursan, iki gün istirahət edirsən”. -Deyilən şərtlər Təbiyyəti qane etdiyi üçün o, hərbi xidmətdən təzə gəlmiş digər oğlu Vüsalı da işə düzəldə bilib-bilməyəcəyini soruşmuşdur. Təbiyyətə demişdir ki, “problem deyil onu da həll edərəm, sən oğlun Anara denən sabah hərbi biletin və şəxsiyyət vəsiqəsin götürüb Bakı şəhəri, 20 yanvar ərazisi deyilən yerə gəlsin, mən həm oğlunu görüm, həm də ondan deyilən sənədlərin surətini alım. Təbiyyətlə söhbətləri zamanı özünün heç bir rəsmi iş yeri olmamışdır. Səhəri günü Təbiyyətin oğlu Anarla Bakı şəhəri, 20 yanvar metrostansiyasının yaxınlığında görüşərək sənədlərin surətini ondan götürmüşdür. Həmin vaxt Anara çağıranda dediyi ünvana gəlməsini bildirmişdir. Təxminən 2-3 gün sonra Təbiyyətə zəng edərək demişdir ki, “bu işlərin alınmasına görə 5000 manat pul vermək lazımdır, kart atıram sənə, həmin pulu bu kartın hesabına köçür”- Sonradan "xxxx"a məxsus öz adına olan kartın şəklini Təbiyyətin oğlu Anarın “Whatsapp” nömrəsinə göndərmişdir. 26 iyul 2021-ci il tarixdə saat 14 radələrində Təbiyyət kartına 5000 manat pul göndərmişdir. Bir neçə gün sonra imtahan adı ilə Təbiyyətin oğlu Anarla Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən “SOCAR”-ın Təlim-tədris mərkəzində görüşmüşdür. Sonradan Anara demişdir ki, “imtahana ehtiyac yoxdu, sən evə qayıt, mən qalan işləri həll edəcəm”. - Ehtiyacı olduğu üçün Təbiyyətin göndərdiyi 5000 manat pulu şəxsi işlərinə xərcləmiş və bir neçə vaxtdan sonra həbs olunduğu üçün həmin pulu Təbiyyətə geri qaytara bilməmişdir. Həmin puldan nə Şahid2, nə də ki, başqasına pul verməmişdir. Ümumiyyətlə, Şahid2 bu işdə heç bir maddi və ya digər marağı olmamışdır. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, Şahid2 həm həmkəndlisi, həm də qohumudur. Münasibətləri hər zaman yaxşı olmuşdur. Ev təmiri və tikintisi sahəsində çalışdığı üçün bir neçə dəfə Eldənizin doğulduğu Qobustan rayonu, Çalov kəndindəki fərdi evdə təmir işləri aparmışdır. Eldənizlə Qobustan rayonunda görüşlərinin birində, yəni 2021-ci ilin yanvar ayında ona demişdir ki, “oğlum Anar yenicə hərbi xidmətdən qayıdıb işsizdi, işə düzəldən tanışın olsa mənə deyərsən”- Eldəniz ona münasib insan olsa deyəcəyini bildirmişdir. Təxminən 2021-ci ilin iyul ayının ortalarında Eldəniz ona zəng edərək demişdir ki, “SOCAR”-ın tabeliyində olan Qobustan rayon qaz idarəsində çilingər-qaynaqçı işi var, Cavanşir adında tanış var, ora işə düzəldir, istəsən nömrəni verim bu işi düzəldən adama, yerlimizdi, Qobustan rayonunun Dərəkənd kəndinnəndi, özünüz işin şərtlərin danışın”.- Oğlunu “SOCAR” şirkətinə işə düzəltmək istədiyindən cavabında Eldənizə demişdir ki, “nömrəmi ver, yığsın mənə”- Bir neçə dəqiqə sonra Cavanşir adlı şəxs ona zəng edərək demişdir ki, “SOCAR”-ın tabeliyində olan Qobustan rayon qaz idarəsində çilingər-qaynaqçı işi var, aylıq əmək haqqı təxminən 550-600 manatdı, növbəli işdi, bir gün işdə olursan, iki gün istirahət edirsən”.- Deyilən şərtlər qane etdiyi üçün Cavanşirə balaca oğlu Vüsalın da hərbi xidmətdən təzə gəldiyini, onu da bu işə düzəldə bilib-bilməyəcəyini soruşmuşdur. Cavanşir ona demişdir ki, “problem deyil, onu da həll edərəm, sən oğlun Anara denən sabah hərbi biletin və şəxsiyyət vəsiqəsin götürüb Bakı şəhəri 20 yanvar ərazisi deyilən yerə gəlsin. Mən həm oğlunu görüm, həm də ondan deyilən sənədlərin surətini alım”.- Səhəri günü oğlu Anar Bakı şəhərinə gedərək 20 yanvar metrostansiyasının yaxınlığında Cavanşirlə görüşüb deyilən sənədlərin surətini verib geri qayıtmışdır. Həmin vaxt Cavanşir oğluna çağırdığı zaman dediyi ünvana gəlməsini demişdir. Təxminən 2-3 gün sonra Cavanşir ona zəng edərək demişdir ki, “bu işlərin alınmasına görə 5000 manat pul vermək lazımdı, kart atıram sənə, həmin pulu bu kartın hesabına köçür”.- Cavanşir ona "xxxx"a məxsus öz adına olan kartın şəklini oğlu Anarın mobil telefonunun “Whatsapp” nömrəsinə göndərmişdir. Bundan sonra qohumu Eldənizə yığaraq Cavanşirin uşaqları işə düzəltmək üçün 5000 manat pul istədiyini bildirmişdir. Eldəniz ondan kartın üzərində kimin adının yazıldığını soruşmuş, ona kartın üzərində Cavanşirin öz adının yazıldığını demişdir. Eldəniz ona demişdir ki, “mən inanmıram ki, Cavanşir bizi aldada, ən azından o da Qobustanlıdı və kart da onun öz adınadı, göndər getsin pulu”.- Bundan sonra 5000 manat pulu Qobustan şəhəri ərazisində yerləşən “Bol” marketdəki “MilliÖn” ödəniş terminalından Təqsirləndirilən şəxs göndərdiyi kart hesabına bir dəfəyə göndərmişdir. Təxminən bir ay sonra Cavanşirə etdiyi zənglərdən sonra Cavanşir onunla əlaqə saxlayaraq demişdir ki, “göndər uşaqları gəlsinlər Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən “SOCAR”ın Təlim-tədris mərkəzinə, burada imtahan olacaq”. Səhəri günü balaca oğlu Vüsal xəstə olduğu üçün oğlu Anar tək deyilən ünvana getmişdir. X8 bir neçə saat gözlətdirəndən sonra gəlib oğluna demişdir ki, “imtahana girməyə ehtiyac yoxdu, özüm həll edəcəm və yaxın günlərdə əmriniz verildikdən sonra işə çıxassınız”. Uzun müddət Cavanşirdən xəbər çıxmamış, ona hər dəfə yığanda müxtəlif bəhanələr gətirib dənizdə olduğunu deyərək narahat olmamasını, az qaldığını, bir az da səbrli olmağını demişdir. Cavanşirin onu aldatdığını hiss edərək qohumu Eldənizə zəng edib bu barədə məlumat vermişdir. Eldəniz ona demişdir ki, “gözlə mən özüm yığım danışım Cavanşirlə”. Eldəniz Cavanşirlə danışdıqdan sonra Cavanşir ona zəng edərək yaxın günlərdə hər iki oğlunun işə çıxacağını bildirmişdir. Lakin bir müddət sonra Cavanşirin mobil telefonuna zəng çatmamışdır. Yenidən Eldənizə zəng edərək Cavanşirə zəng çatmadığını demişdir. Eldəniz ona Cavanşirin yaşadığı ünvanı öyrənib oraya getməsini məsləhət bilmişdir. Ünvanı öyrəndikdən sonra Eldənizlə birlikdə Cavanşirin Qaradağ rayonu, Ələt qəsəbəsində yaşadığı ünvana getmişlər. Orada onları Cavanşirin anası qarşılamış və demişdir ki, “Cavanşir 3-4 nəfərdən də işə düzəltmək adı ilə pul aldığına görə artıq bir neçə aydı tutulub, amma siz narahat olmayın, pulunuzu qaytaracaqdı”. Bildirmişdir ki, Cavanşir oğlanlarını işə düzəltməmişdir. Hələ də 5000 manat pulunu Cavanşirdən ala bilməmişdir. Oğlanlarının işə düzəldilməsi ilə bağlı söhbətləri Cavanşirlə etmiş, oğlanlarının işə düzəldilməsini Cavanşirin hansı formada edəcəyi barədə məlumatı olmamışdır. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs atasıdır. Şahid2 isə həm həmkəndlisi, həm də qohumudur. Hərbi xidmətdən qayıtdıqdan sonra iş tapmaqda çətinlik çəkdiyi üçün atası Təbiyyət qohumlarına və öz tanışlarına bu məsələ ilə bağlı müraciət etmişdir. 2021-ci ilin iyul ayının ortalarında atası Təbiyyət ona demişdir ki, “sabah hərbi biletinin, şəxsiyyət vəsiqənin surətini çıxartdır, apar Bakı şəhəri, 20 yanvar metrostansiyası yaxınlığında Cavanşir adlı şəxs var ona ver, səninlə qardaşın Vüsalı “SOCAR”-ın tabeliyində olan Qobustan rayon qaz idarəsində çilingər-qaynaqçı işinə düzəldəcək”. Atasından Cavanşirin mobil nömrəsini götürmüş və həmin günün səhəri Cavanşirlə Bakı şəhəri, 20 yanvar metrostansiyası yaxınlığında görüşərək deyilən sənədləri verib Qobustan şəhərinə qayıtmışdır. Bir neçə gün sonra ona məlum olmuşdur ki, atası Təbiyyət onun və qardaşı Vüsalın “SOCAR”-ın tabeliyində olan Qobustan rayon qaz idarəsində çilingər-qaynaqçı işinə düzəlməsi üçün Cavanşir adlı şəxsə 5000 manat pul göndərmişdir. Təxminən bir ay sonra atası ona demişdir ki, “sabah Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən “SOCAR”-ın Təlim-tədris mərkəzinə gedərsən, Cavanşirdə orada olacaq, sizdən işə qəbulla bağlı imtahan götürüləcək”.Həmin ərəfədə qardaşı Vüsal xəstə olduğu üçün o, deyilən ünvana tək getmişdir. Orada bir neçə saat gözlədikdən sonra Cavanşir ona demişdir ki, “imtahana girməyə ehtiyac yoxdur, sən evə qayıt, mən özüm həll edəcəm və yaxın günlərdə qardaşın Vüsal ilə sənin əmrin çıxdıqdan sonra işə gedərsiniz”. Qayıdıb evə gəlmiş və bu barədə atası Təbiyyətə məlumat vermişdir. Lakin aylar keçsə də, işdən bir xəbər olmamışdır. Sonradan atası Təbiyyət Təqsirləndirilən şəxs atasından başqa bir neçə nəfərdən də işə düzəltmək adı ilə pul alıb aldatdığına görə tutulduğunu öyrənmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2021-ci ilin sentyabr ayına kimi 3 nömrəli Sumqayıt şəhər xəstəxanasının poliklinika şöbəsinin müdiri vəzifəsində işləmişdir. Lakin səhhəti imkan vermədiyi üçün öz istəyi ilə işdən azad olunmuşdur. Zərərçəkmiş şəxs həm həmkəndlisi, həm də qohumudur. Təbiyyət ev təmiri və tikintisi sahəsində çalışdığı üçün bir neçə dəfə doğulduğu Qobustan rayonu, Çalov kəndindəki fərdi evdə təmir işləri aparmışdır. 2021-ci ilin yanvar ayında Təbiyyət ona demişdir ki, “oğlum Anar yenicə hərbi xidmətdən qayıdıb, işsizdi, işə düzəltmək üçün tanışın olsa mənə deyərsən”. Münasib insan olsa, deyəcəyini ona bildirmişdir. 2021-ci ilin fevral ayında poliklinikada olan zaman sonradan adının Cavanşir olduğunu öyrəndiyi Təqsirləndirilən şəxs ona yaxınlaşaraq özünü təqdim edib demişdir ki, “SOCAR şirkətində işləyirəm, xəstəliyimlə bağlı bir neçə vaxtdı işə çıxmıram, mənə arxa tarixə müvəqqəti işdən azad olunmağımla bağlı xəstəlik vərəqəsi verə bilərsiniz?”. Ona bildirmişdir ki, “arxa tarixə sənəd verə bilmərəm, istəyirsənsə bu günki tarixdə müayinədən sonra sənə müvəqqəti işdən azad olunmağın üçün xəstəlik vərəqəsi verim”. Bu şərtlər Cavanşiri qane etmədiyi üçün razılaşmamışdır. Sonrakı söhbəti zamanı Cavanşirin də Qobustan rayonunun Dərəkənd kəndində doğulduğu müəyyən edilmişdir. “SOCAR”-da işlədiyi üçün Cavanşirə demişdir ki, “işə adam düzəldə bilərsən?”. O, cavabında bildirmişdir ki, “hə düzəldə bilərəm, boş yer olan kimi sənə xəbər edəcəm”. Təxminən 2021-ci ilin iyul ayının ortalarında Cavanşir ona zəng edərək demişdir ki, “SOCAR-ın tabeliyində olan Qobustan rayon qaz idarəsində çilingər-qaynaqçı işi var, tanışın vardısa ora işə düzəldim”. Həmin vaxt ona konkret bir söz deməmişdir. Bu danışıqdan sonra qohumu Təbiyyətə zəng edərək demişdir ki, “SOCAR-ın tabeliyində olan Qobustan rayon qaz idarəsində çilingər-qaynaqçı işi var, istəsən nömrəni verim bu işi düzəldən adama, yerlimizdir, Qobustan rayonunun Dərəkənd kəndindəndi, özünüz işin şərtlərin danışın”. Təbiyyət cavabında ona demişdir ki, “nömrəmi ver, yığsın mənə”. Sonradan yenidən Cavanşirlə əlaqə saxlayaraq ona demişdir ki, “qohumum Təbiət var, oğlu əsgərlikdən təzə gəlibdi, onu işə düzəltmək istəyir, nömrəsin verim, özünün xəbəri var, yığ danış”. Sonradan bu şəxslərin arasında olan söhbətdən xəbəri olmamışdır. Təxminən bir həftə sonra Təbiyyət ona yığaraq demişdir ki, “Cavanşir mənim iki oğlumu da işə düzəltmək üçün 5000 manat pul istəyir, nə deyirsən, verim bu pulu ya yox?”. Təbiyyətə demişdir ki, “Qobustanlıdı, yerlimizdi, bir özün də maraqlan, amma məncə bizi aldatmaz”. Sonradan Cavanşirlə əlaqə saxlayaraq bildirmişdir ki, “Təbiyyətdən 5000 manat pul istəmisən işə düzəltmək üçün, sonra aramızda bir inciklik olmasın”. Cavanşir isə qəti narahat olmamasını, yaxın günlərdə onların işə qəbul olma barədə əmrlərini verəcəklərini demişdir. Bir müddət Təbiyyətdən xəbər çıxmadığı üçün elə bilmişdir ki, işləri həll olunmuşdur. Lakin təxminən bir ay sonra, yəni 2021-ci ilin avqust ayının sonlarında Təbiyyət ona zəng vuraraq demişdir ki, “Cavanşirə 5000 manat pul versəm də, lakin o işimizi neçə vaxtı gecikdirir”. Təbiyyətə gözləməsini, Cavanşirlə özünün danışacağını bildirmişdir. Cavanşirlə danışmış, o isə narahat olmamasını, 2-3 günə onların işinin həll olunacağını demişdir. Cavanşirin dediklərini Təbiyyətə bildirmişdir. Bir qədər vaxt keçdikdən sonra Təbiyyət yenidən zəng edərək narazılığını acıqlı şəkildə bildirmişdir. Cavanşirə zəng edərək ona sərt şəkildə həm öz, həm də Təbiyyətin iradını demişdir. Cavanşir isə narahat olmamasını, dənizdə işdə olduğunu, qayıdıb gəlib məsələni həll edəcəyini və Təbiyyətlə də yığıb özü danışacağını demişdir. Lakin Cavanşir yalan deməyə davam etmişdir. Bu söhbətlərin üstündən bir müddət keçəndən sonra Cavanşirin mobil telefonuna zəng çatmamışdır. Təbiyyətlə birlikdə Cavanşirin Qaradağ rayonu, Ələt qəsəbəsində yaşadığı ünvana getmişlər. Orada onları Cavanşirin anası qarşılamış və demişdir ki, “Cavanşir 3-4 nəfərdən də işə düzəltmək adıyla pul aldığına görə artıq bir neçə aydı tutulub, amma siz narahat olmayın, pulunuzu qaytaracaqdır”. Lakin hələ də Zərərçəkmiş şəxs Cavanşirdən 5000 manat pulunu ala bilməmişdir. Təqsirləndirilən şəxs bu cür yalan işlərlə məşğul olması barədə əvvəllər xəbəri olmamış, onu normal işində, gücündə olan biri kimi tanımış və eləcə də onunla dərin münasibəti olmamış, sadəcə olaraq bir yerli kimi Cavanşirə inanmışdır. Əvvəldən Cavanşirin dələduz olduğunu bilsəydi, qohumu Zərərçəkmiş şəxs onunla tanış etməz idi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən 14 dekabr 2022-ci il tarixdə rayon Polis Şöbəsinə daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 1(101)-914/2021 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 1(101)-914/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 1(002)-113/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilmişdir. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 1(101)-914/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyininin Penitensiar Xidmətinin 13 saylı cəzaçəkmə müəssisəsində çəkir. Cəza çəkdiyi üçün barəsində qətimkan tədbiri seçilməmişdir. Bakı şəhəri, Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Ələt qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 16 dekabr 2022-ci il tarixdə verdiyi 1439 A saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı-1990-cı il təvəllüdlü X5, qızı-2012-ci il təvəllüdlü X2, qızı- 2016-cı il təvəllüdlü X3 və qızı-2019-cu il təvəllüdlü X1 ibarətdir. Həmçinin, Bakı şəhəri, Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Ələt qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 16 dekabr 202-ci il tarixdə verdiyi 25 A saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Cinayət işnin materiallarına əlavə olunmuş olan “MilliÖn” elektron ödəmə sistemi vasitəsilə Təqsirləndirilən şəxs adına olan hesab nömrəsinə 5000 (beş min) manat məbləğində pul köçürülməsinin əks olunduğu kağız şəklində olan qəbzin surəti iş üçün əhəmiyyət kəsb etdiyindən 16 noyabr 2022-ci il tarixli qərarla maddi sübut hesab edilmiş və cinayət işinin materiallarında saxlanılır. Məhkəmə araşdırılmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, təşqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməli onun özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi ilə, eləcə də işdə olan digər sənədlərlə tam sübuta yetir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf edərək əməlindən səmimi peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməlindən peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə almaqla ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin еdilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsinin 16 noyabr 2022-ci il tarixli qərarı ilə maddi sübut hesab edilmiş “MilliÖn” elektron ödəmə sistemi vasitəsilə Təqsirləndirilən şəxs adına olan hesab nömrəsinə 5000 (beş min) manat məbləğində pulun köçürülməsinin əks olunduğu kağız şəklində olan qəbzin surəti cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351- 353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 1(101)-914/2021 saylı hökmü ilə təyin olunmuş 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə, qəti olaraq 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli həbs edildiyi tarixdən, yəni 01 dekabr 2021-ci il tarixdən hesablansın. Cinayət işi üzrə maddi sübut - Zərərçəkmiş şəxs tərəfindən “MilliÖn” elektron ödəmə sistemi vasitəsilə Təqsirləndirilən şəxs adına olan hesab nömrəsinə 5.000 (beş min) manat məbləğində pulun köçürülməsinin əks olunduğu kağız şəklində olan qəbzin surəti cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınsın. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökmdən təqdim olunan və ya alınan gündən 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar