Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 1(026)-2/2025 11.03.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, Qobustan Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxx 1979-cu il tarixdə Qobustan rayonu, Nabur kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, tam orta təhsilli, məhkumluğu olmayan, Qobustan rayonu, Nabur kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Görədil kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 31,95 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı xeyli miqdarda əldə edib üzərində saxlayaraq Qobustan rayonuna daşımış, 07 yanvar 2024-cü il tarixdə saat 20:41 radələrində Qobustan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan şəhəri ərazisində saxlanılaraq Qobustan şəhəri, H.Əliyev prospekti 291 ünvanında yerləşən Qobustan RPŞyə gətirildikdən sonra orada üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd sellofan bükülüdə təmiz çəkisi 31,95 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, 07 yanvar 2024-cü il tarixdə, saat təxminən günorta saatlarında yaşadığı Abşeron rayonu, Görədil kəndində olarkən həmin vaxt tanımadığı, hadisə baş verdikdən sonra tanıdığı Qobustan RPŞ-nin əməliyyat müvəkkili Şahid3 özünün istifadəsində olan mobil telefon nömrəsi ilə onun istifadəsində olan mobil telefon nömrəsinə zəng etmiş, telefon danışığı zamanı ona onu usta kimi tanıdıqlarını, usta işinə ehtiyacı olduğunu, əgər etiraz etmirsə, Görədil kəndində olan “Dünyamin” marketin qarşısında gözlədiklərini bildirmişdir. Ora getdikdə marketin qarşısında onu gözləyən 2 nəfər mülki geyimdə olan polis əməkdaşları onu avtomobilə əyləşdirib birbaşa Qobustan rayonuna gətirmiş, polis şöbəsində onu əl, ayaq və dəmir dəyənəklə döyərək üzərində narkotik vasitə aşkar olunması ilə bağlı ittihamı qəbul etməsini və sənədləri imzalamasını tələb etmişlər. O da məcbur olub bütün sənədləri imzalamışdır. Məhkəmə iclasında Dövlət ittihamçısı vəsatətlə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə verilmiş ittihamdan imtina etdiyini bildirərək, bu əsasla cinayət təqibinə xitam verilməsini xahiş etdi. Vəsatət onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməyərək, ifadəsində 07 yanvar 2024-cü il tarixdə, saat təxminən 13 radələrində yaşadığı Abşeron rayonu, Görədil kəndində olarkən həmin vaxt tanımadığı, hadisə baş verdikdən sonra tanıdığı Qobustan RPŞ-nin əməliyyat müvəkkili Şahid3 özünün istifadəsində olan mobil telefon nömrəsi ilə onun istifadəsində olan mobil telefon nömrəsinə zəng etdiyini, telefon danışığı zamanı ona onu usta kimi tanıdıqlarını, usta işinə ehtiyacı olduğunu, əgər etiraz etmirsə, Görədil kəndində olan “Dünyamin” marketin qarşısında gözlədiklərini, ora getdikdə, marketin qarşısında onu gözləyən polis əməkdaşlarının onu avtomobilə əyləşdirib birbaşa Qobustan rayonuna gətirdiklərini, polis şöbəsində onu əl, ayaq və dəmir dəyənəklə döyərək üzərində narkotik vasitə aşkar olunması ilə bağlı ittihamı qəbul etməsini və sənədləri imzalamasını tələb etdiklərini, məcbur olub bütün sənədləri imzaladığını göstərmişdir. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş Abşeron rayonu, Görədil kəndində yerləşən marketin sahibi X1 verdiyi ifadəsində göstərmişdir ki, 07 yanvar 2024-cü il tarixdə günorta saatlarında sonradan polis əməkdaşları olduğunu bildiyi şəxslər marketə daxil olaraq usta kimi tanıdıqları Mürşüd adlı şəxsi axtardıqlarını bildirmiş, ondan Mürşüdün istifadəsində olan mobil telefon nömrəsini almış, sonradan zəng edərək Mürşüdü usta işinə ehtiyac olması bəhanəsi ilə aldadaraq marketin qarşısına çağırmış və orada gözünün qarşısında Mürşüdü avtomobilə salaraq aparmışlar. Həmçinin, müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs qardaşı X2 verdiyi ifadəsində 07 yanvar 2024-cü il tarixdə qardaşının yanında olarkən sonuncunun telefonuna zəng gəldiyini, işləmək üçün çağırıldığını deyib Lətif adlı şəxsin marketinin qarşısına getdiyini, yarım saat sonra qardaşına zəng etdiyində polis əməkdaşlarının onu saxlayaraq Qobustan rayonuna apardıqlarını dediyini bildirmişdir. Məhkəmə tərəfindən mobil operatorlara verilmiş sorğu əsasında əldə edilmiş məlumatlarla müəyyən edilmişdir ki, 07 yanvar 2024-cü il tarixdə, saat 13:33-də Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsinə Qobustan RPŞ-nin əməliyyat müvəkkili Şahid3 istifadəsində olan mobil telefon nömrəsindən zəng olunmuş, aralarında 86 saniyə danışıq olmuş, həmin danışıq üzrə mobil telefonların anten dairəsi Bakı şəhəri, Binəqədi rayonu, Görədil qəsəbəsini göstərmişdir. Bundan başqa Təqsirləndirilən şəxs şikayət ərizəsi əsasında Qobustan rayon prokurorluğunda aparılan araşdırma zamanı təyin olunmuş və əldə edilmiş 16 yanvar 2024-cü il tarixli 8 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs almış olduğu xəsarətlər – sağ üst dodağın, sağ mil bilək nahiyəsinin səthi yaraları, sağ gözün üst qapağının, sağ budun iç səthinin, sol ayağın üst səthinin qançırları kimi dərəcələri təyin olunmayan xəsarətlər 7-8 yanvar 2024-cü il tarixlərdə kənar şəxs və şəxslər tərəfindən yetirilməyə uyğun gəlirlər. Sağ mil bilək nahiyəsinin yara izi nisbətən bərk kənarlı küt əşya, ola bilsin qoluna vurulmuş qandalın təsirindən törənmiş, digər xəsarətlər isə rezin dəyənək və əl zərbəsindən yetirilməyə uyğun olub ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Belə olan halda Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı xeyli miqdarda əldə edib üzərində saxlaması və daşımasına dair ona elan edilmiş ittiham işin hallarına uyğun olan nəticə kimi qiymətləndirilə bilməz. Odur ki, Təqsirləndirilən şəxs əməlində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı xeyli miqdarda əldə edib üzərində saxlama və daşıma cinayətinin tərkib əlamətləri olmadığından, ona CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamın müdafiəsindən imtina edilməsi məqsədəmüvafiqdir. Məhkəmə iclaslarında Təqsirləndirilən şəxs saxlanılmasında iştirak edən şahid qismində dindirilmiş Qobustan RPŞ-nin Cinayət-Axtarış Bölməsinin axtarış üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 və Qobustan RPŞ-nin Kibercinayətkarlıqla mübarizə qrupunun əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3 ibtidai istintaq zamanı verdikləri ifadələrlə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, dövlət ittihamçısı tərəfindən verilmiş vəsatəti nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət təmin olunmalı, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina edilməsi haqqında vəsatətində göstərilən xüsusatlar məhkəmə iclaslarında tədqiq olunmuş sübutlarla tam şəkildə öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş Abşeron rayonu, Görədil kəndində yerləşən marketin sahibi X1 verdiyi ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, həmin ərazidə fərdi sahibkar kimi ərzaq mağazası işlədir. Təqsirləndirilən şəxs yaxınlıqda yaşayan həm bir müştəri, həm də hörgü ustası kimi tanıyır. 2024-cü ilin əvvəllərində təxminən günorta və ya günortadan bir qədər sonrakı saatlarda daim həmin ərazidə xidmət aparan Zahid adlı polis nəfəri və yanında 2 nəfər mülki geyimli şəxs mağazaya gələrək ondan Təqsirləndirilən şəxs mobil telefon nömrəsini istəmişdir. Bildirmişdir ki, yanındakı mülki geyimli şəxslər yaxınlıqda ev tikdirmək niyyətindədirlər və Mürşüdlə bu səbəbə görə əlaqə saxlamaq istəyirlər. Mürşüdün mobil telefonunu verdikdən sonra həmin mülki geyimli şəxslərdən bəstəboy olanı öz mobil telefonu ilə Mürşüdə zəng vuraraq onu mağazaya çağırmışdır. Zahid həmin vaxt mağazadan getmiş, həmin şəxslər isə dükanın qarşısında Mürşüdü gözləmişlər. Təxminən yarım saat sonra Mürşüd mağazanın qarşısına gəlmiş, həmin şəxslərlə bir neçə dəqiqə mağazanın qarşısında söhbət etdikdən sonra həmin şəxslərin avtomobilinə əyləşərək ərazidən uzaqlaşmışlar. Bundan bir neçə gün sonra Təqsirləndirilən şəxs dükana gəlmiş və həmin adamların polis əməkdaşları olduğunu, onu Qobustan RPŞ-yə apardıqlarını və bir neçə gün orada saxladıqlarını bildirmişdir. Həmçinin, müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs qardaşı X2 verdiyi ifadəsində bildirmişdir ki, 07 yanvar 2024-cü il tarixdə, təxminən günorta saatlarında Görədil bağları ərazisində qardaşı Mürşüdlə hasar inşa edərkən Mürşüdün mobil telefonuna zəng gəlmiş və bundan sonra Mürşüd elə yaxınlıqda yerləşən ərzaq mağazasına bir neçə dəqiqəlik gedib qayıdacağını bildirmişdir. Mürşüd özü bənnadır, o isə Mürşüdün yanında fəhlə kimi çalışır. Mürşüd mağazaya gedərkən oradan zəng edən adamın ev tikdirmək istəyən müştəri olduğunu, işi müzakirə edib tez bir zamanda qayıdacağını bildirmişdir. Lakin dediyi vaxtda qayıtmadığına görə bir müddət sonra o narahat olmuş və Mürşüdə zəng edərək gəlməməsinin səbəbini soruşmuşdur. Mürşüd isə onu Qobustan RPŞ-yə apardıqlarını bildirmişdir. Daha sonra Mürşüdün mobil telefonuna zəng çatmamışdır. Polis şöbəsindən təxminən 3 gün sonra qayıtmışdır. Məhkəmə tərəfindən mobil operatorlara verilmiş sorğu əsasında əldə edilmiş məlumatlarla müəyyən edilmişdir ki, 07 yanvar 2024-cü il tarixdə, saat 13:33-də Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsinə Qobustan RPŞ-nin əməliyyat müvəkkili Şahid3 istifadəsində olan mobil telefon nömrəsindən zəng olunmuş, aralarında 86 saniyə danışıq olmuş, həmin danışıq üzrə mobil telefonların anten dairəsi Bakı şəhəri, Binəqədi rayonu, Görədil qəsəbəsini göstərmişdir. İşdəki məhkəmə-narkoloji ekspertizasının 872 nömrəli, 12 fevral 2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs şikayət ərizəsi əsasında Qobustan rayon prokurorluğunda aparılan araşdırma zamanı təyin olunmuş və əldə edilmiş 16 yanvar 2024-cü il tarixli 8 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs almış olduğu xəsarətlər – sağ üst dodağın, sağ mil bilək nahiyəsinin səthi yaraları, sağ gözün üst qapağının, sağ budun iç səthinin, sol ayağın üst səthinin qançırları kimi dərəcələri təyin olunmayan xəsarətlər 7-8 yanvar 2024-cü il tarixlərdə kənar şəxs və şəxslər tərəfindən yetirilməyə uyğun gəlirlər. Sağ mil bilək nahiyəsinin yara izi nisbətən bərk kənarlı küt əşya, ola bilsin qoluna vurulmuş qandalın təsirindən törənmiş, digər xəsarətlər isə rezin dəyənək və əl zərbəsindən yetirilməyə uyğun olub ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. İş materiallarından görünür ki, 09 yanvar 2024-cü il tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Eləcə də, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizasının dəyəri 72 manat təşkil etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 84.6.9-cu maddəsinə əsasən, xüsusi ittiham qaydasında cinayət təqibi halları istisna olmaqla, məhkəmə baxışında dövlət ittihamçısı qismində iştirak edərkən prokuror bu Məcəllədə nəzərdə tutulmuş qaydalara riayət etməklə, bu Məcəllənin 41.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təqsirləndirilən şəxsə qarşı cinayət təqibindən imtina etmək hüququna malikdir. 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Dövlət ittihamçısı bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxs barəsində ittihamdan müdafiə tərəfinin razılığı ilə imtina edir. 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.1-ci maddəsinə əsasən, dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat məbləğində məhkəmə xərci Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyindən, lakin qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan – qərar qanuni qüvvəyə mindikdən sonra həmin narkotik vasitənin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, iş üzrə maddi sübut ekspertiza tədqiqatından sonra qalıq çəkisi 31,90 qram olan narkotik vasitə - qurudulmuş marixuana araşdırma sona çatanadək Qobustan RPŞ-nin saxlancında saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 41.3, 43.1.1, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Dövlət ittihamçısının cinayət təqibindən imtina etməsi qəbul edilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyindən, lakin qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan – qərar qanuni qüvvəyə mindikdən sonra həmin narkotik vasitənin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin, iş üzrə maddi sübut ekspertiza tədqiqatından sonra qalıq çəkisi 31,90 qram olan narkotik vasitə - qurudulmuş marixuana araşdırma sona çatanadək Qobustan RPŞ-nin saxlancında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat məbləğində məhkəmə xərci Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan göstərilən müddətdə apellyasiya şikayəti və apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №1(026)-2/2025
Qobustan Rayon Məhkəməsi Qərar — İş №1(026)-2/2025
11.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver