Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-20/2022 18.10.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 və zərərçəkmiş hüquqi şəxsin Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, xx xxxx 1981-ci ildə Şamaxı şəhərində anadan olmuş, Аzərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2sin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 02 aprel 2022-ci il tarixdə saat 23 radələrində Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin balansında olan və Bakı-Qazax yolunun 118-ci km-də, Şamaxı şəhərində yerləşən 4 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasının arxa hissəsində olan bir ədədinin qiyməti 70 manat olmaqla, ümumi dəyəri 560 manat təşkil edən 08 (səkkiz) ədəd dəmir çəpəri söküb aparmaq istəyərkən Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyində məsləhətçi-mühəndis vəzifəsində işləyən Nümayəndə2 onu gördüyündən törətdiyi cinayət əməlinin ifşa ediləcəyini başa düşüb dərhal oradan uzaqlaşaraq Şamaxı Avtovağzal dairəsi istiqamətində piyada hərəkət edərkən Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış və bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək oğurluq cinayətini etməyə cəhd etmişdir. Bundan əlavə, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə 05 aprel 2022-ci il tarixdə saat 6 radələrində Qobustan rayonunun “Acıdərə” adlanan ərazisində, Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 107-ci kilometrliyində, yolun kənarında yerləşən Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsi” MMC-nin balansında olan və fəaliyyəti dayandırılmış 220 KVlıq Qəbələ hava xəttinin ayrı-ayrılıqda bir ədədinin qiyməti 640 manat olmaqla, ümumi dəyəri 1280 manat təşkil edən 465 və 466 nömrəli netal aralıq dayaqlarını doğratdıraraq götürmüş, lakin həmin vaxt istifadə edilən oksigen balonunda qaz bitdiyi üçün 467 nömrəli metal aralıq dayağı doğratdıra bilməmiş, 11 aprel 2022-ci il tarixdə saat 08 radələrində dəyəri 640 manat olan 467 ömrəli metal aralıq dayağı doğratdırarkən Qobustan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun əməli ifşa edildiyindən bilavasitə cinayəti törətməyə yönəlıniş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək oğurluq cinayətini etməyə cəhd etmişdir. DaTəqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,177.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıda qeyd edilənlərlə tam sübuta yetir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 29,177.2.2-ci maddəsi ilə elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində gostərdi ki, 22 dekabr 2021-ci il tarixdə cəzaçəkmə müəssisəsindən azad olunduqdan sonra fəhlə işləmişdir. Lakin maddi vəziyyəti yaxşı olmadığından 02 aprel 2022-ci il tarixdə dəmir oğurlayıb satmaq qərarına gəlmişdir. Çünki işsizlik səbəbindən heç bir yerdə iş tapa bilməmişdir. Bundan əvvəl bir neçə dəfə dəmir alıb satmaq qərarına gəlsə də, lakin maddi imkanı olmadığından həmin dəmirlərin alqı-satqısını həyata keçirə bilməmişdir. 02 aprel 2022-ci il tarixdə Şamaxı rayonunda Vergilər idarəsinin arxa hissəsində olan köhnə dəmir çəpərləri oğurlayaraq aparıb satmaq qərarına gəlmişdir. Bu səbəbdən də 02 aprel 2022-ci il tarixdə saat 23 radələrində həmin əraziyə gedib çəpərləri açaraq yerə yığmağa başlamışdır. Məqsədi isə həmin dəmir çəpərləri oğurlayıb yaşadığı evin həyətinə aparıb yığaraq onları dəmir satan şəxslərə satmaq olmuşdur. 08 ədəd dəmir çəpərləri yerə yığdıqdan sonra ətrafdan kiminsə səsini eşidib qorxmuş və həmin şəxsin onu görməsini başa düşüb dəmir çəpərləri orada qoyub, oranı tərk eləmişdir. Oradan kənarlaşıb Avtovağzal dairəsi yaxınlığına gəlib çatarkən Şamaxı RPŞ-nin əməkdaşları yaxınlaşaraq oğurluqda şübhəli olduğunu bildirərək onu Şamaxı RPŞ-yə gətirmişlər. Orada müəyyən sənədləşmə işləri aparılmağa başlanmış və barəsində araşdırma aparılmışdır. Bundan başqa, 01 aprel 2022-ci il tarixdə günorta radələrində yol maşını ilə Şamaxı şəhərindən Bakı şəhərinə gedən zaman Qobustan rayonu, “Acıdərə” ərazisi deyilən yerdə işıq dirəklərini görmüş və həmin dirəklər onun diqqətini çəkmişdir. Elə həmin gün axşam tərəfi Bakı şəhərindən Şamaxı rayonuna geri qayıdan zaman yol maşınının sürücüsünə maşını həmin işıq dirəklərinin yanında saxlatdıraraq təbii ehtiyaclarını ödəmək adı ilə maşından düşmüşdür. Həmin dirəklərə nəzər yetirdikdə onlardan heç bir cərəyan keçmədiyini görmüşdür. Sonradan yenidən həmin yol maşınına minərək Şamaxı rayonu istiqamətində hərəkətini davam etdirmişdir. Artıq yolda həmin işıq dirəklərini oğurlamaq fikrinə gəlmişdir. Bu səbəbdən 01 aprel 2022-ci il tarixdə axşam tərəfi dəmir doğramaq işi ilə məşğul olan əvvəllər tanımadığı Azər adlı şəxsin mobil telefonuna zəng edərək “Acıdərə” deyilən yerdə işıq dirəkləri olduğunu, onları doğramaq lazım olduğunu demişdir. 05 aprel 2022-ci il tarixdə saat 15 radələrində yenidən Azərə zəng edərək ona Qobustan rayonu, “Acıdərə” deyilən əraziyə gəlməsini, onu orada gözləməsini demişdir. Təxminən 40 dəqiqə sonra dediyi yerə Azər qardaşı Hacı ilə gəlmişdir. Onlara doğranılmalı olan üç ədəd dəmir işıq dirəyini göstərmiş, onlar da saat 16 radələrində işə başlamışlar. Bundan sonra dostu Şamaxı rayon sakini Familə zəng edib demişdir ki, dəmir parçaları var, onları satmaq lazımdır. Famil ondan yerini soruşaraq Şahid5 adlı Şamaxı rayon sakini olan taksi sürücüsünün “QAZ-31” markalı avtomobili ilə “Acıdərə” deyilən əraziyə gəlmişdir. Azər qardaşı Hacı ilə iki işıq dirəyini doğraya bilsə də, oksigen balonunda qaz bitdiyi üçün üçüncü dəmir işıq dirəyini doğraya bilməmiş və iş yarımçıq qalmışdır. Azərə 50 manat pul vermiş və demişdir ki, “xəbər edəcəm, gəlib üçüncü dəmir dirəyi də doğrayarsınız”. Bundan sonra onlar həmin yeri tərk etmişlər. Famil ona bildirmişdir ki, “mənim dəqiq tanışım yoxdu, amma Abşeron rayonu ərazisində yol kənarında metal qəbul edən müəssisələr var, ora aparıb verə bilərsən”. Samirə demişdir ki, “dəmirləri sənin “QAZ-31” markalı avtomobilinə yükləyək, Abşeron rayonuna aparaq, orada mən yer tapım bunları satım, sənin də yol pulunu verərəm”. Bundan sonra Famil və Samirin köməkliyi ilə dəmirləri Samirə məxsus avtomobilə yükləmişlər. Famil işi olduğu üçün onlarla getməmişdir. Samirlə ikisi Abşeron rayonu istiqamətində yola düşmüşlər. Abşeron rayonu, Müşfiq qəsəbəsi ərazisində Bakı şəhəri istiqamətində yolun sağ tərəfində metal qəbulu müəssisəsi görmüş və Samirə orada avtomobili saxlamasını demişdir. Həmin vaxt avtomobilin yük hissəsində dəmir metal olduğunu görən tanımadığı bir şəxs ona yaxınlaşaraq dəmirləri satıb-satmadığını soruşmuşdur. Həmin şəxsə dəmirləri satdığını bildirmiş və ondan qarşısında dayandığı metal qəbulu müəssisəsində işləyib-işləmədiyini soruşmuşdur. Həmin şəxs demişdir ki, “xeyr, mən orada işləmirəm, sadəcə olaraq bilirəm ki, bura metal gətirirlər, ona görə dayanmışam qarşısında ki, qabaqlayıb 1-2 qəpik bahasına özüm alım”. Həmin şəxs dəmir metalın 1 kiloqramını metal qəbulu müəssisəsindən 2 qəpik bahasına, yəni 0.40 qəpiyə alacağını dediyinə görə onunla razılaşmış və “QAZ-31” markalı avtomobilin yük hissəsində olan dəmiri yerə boşaldıb mərhələli şəkildə həmin tanımadığı şəxsə məxsus tərəzidə çəkmişlər. Dəmir metalın ümumi çəkisi 3 ton 200 kq təşkil etmiş və həmin şəxsdən 1280 manat pul alaraq Samirlə birlikdə qayıdıb Şamaxı şəhərinə gəlmişdir. Şamaxı şəhərinə çatdıqda Samirə yol xərci kimi 60 manat pul vermiş və sonra çıxıb evinə getmişdir. 10 aprel 2022-ci il tarixdə axşam saatlarında Azərə yenidən zəng edərək demişdir ki, “sabah səhər saat 8-9 radələrində gəl keçən dəfəki yerə, yarım qalan işinizi yekunlaşdırın, orada olan başqa işıq dirəyini də doğrayarsınz”. Bundan sonra əvvəllər tanımadığı Ramil adlı fəhləyə yığıb dəmir parçaları olduğunu, onu avtomobilə yükləmək lazım olduğunu demişdir. Ramil ondan ilk öncə həmin dəmir parçalarının oğurluq olub-olmamasını soruşmuşdur. Cavabında ona demişdir ki, “heç bir oğurluqdan söhbət gedə bilməz”. Ramil onunla bu işi 15 manata görmək şərti ilə razılaşmışdır. Ramilə səhər, yəni 11 aprel 2022-ci il tarixində arxasınca maşın gələcəyini, onu götürüb deyilən əraziyə gətirəcəyini demişdir. Bundan sonra tanışı “QAZ-31” markalı avtomobili olan və taksi fəaliyyəti ilə məşğul olan Şahid5 zəng edib qonşuluğunda Ramil adlı fəhlə olduğunu, sabah səhər onu və oksigen balonunu götürüb “Acıdərə” deyilən əraziyə gətirməsini demişdir. 11 aprel 2022-ci il tarixdə səhər saatlarında “Acıdərə” deyilən ərazidə olan zaman ilk öncə Azərlə qardaşı Hacı, onlardan təxminən 10-15 dəqiqə sonra Samirlə Ramil oraya gəlmişdir. Azərə doğranmalı olan dəmir dirəyi göstərmiş və onlar saat 08 radələrində işə başlamışlar. Yorğun olduğu üçün Samirin avtomobilində yuxuya getmişdir. Biraz keçdikdən sonra Ramil onu oyadaraq polis əməkdaşlarının gəldiyini demişdir. Sonradan onları RPŞ-yə dəvət etmişlər. Dəmir işıq dirəklərinin oğurluq olmasından nə Şahid1, nə qardaşı Şahid2, nə Şahid3, nə Şahid5, nə də ki, Şahid4 xəbərləri olmamışdır. Niyyətinə çatmaq üçün onların hamısını aldadaraq demişdir ki, “bu fəaliyyətini dayandırmış və istifadəyə yararsız işıq dirəklərinin doğranmasının icazəsini almışdır”. Onlar şübhələnməsin deyə bu doğrama işlərini günün işıqlı vaxtına salmışdır. Əməlindən peşmandır. İş üzrə zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi qismində tanınaraq dindirilmiş Nümayəndə1 ifadələrində göstərdi ki, "xxxx" MMC-nin EVXİ və TX-nin Qobustan sahəsinin baş ustası işləyir. 10 aprel 2022-ci il tarixdə saat 16 radələrində şəxsi işi ilə əlaqədar olaraq Şamaxı rayonuna gedən zaman Qobustan rayonu “Acıdərə” ərazisi adlanan yerdən keçən zaman işlədiyi "xxxx" MMC-nin balansında olan 02 ədəd 465 və 466 nömrəli fəaliyyətini dayandırmış və istismara yararlı olmayan işıq dirəklərinin yerində olmadığını görmüşdür. Dərhal bu barədə "xxxx" MMC-nin rəhbərliyinə məlumat vermiş, səhəri günü, yəni 11 aprel 2022-ci il tarixdə saat 08-09 radələrində “Acıdərə” deyilən ərazidə olan zaman tanımadığı şəxslərin orada olan sonuncu 467 nömrəli işıq dirəyini doğradığını görmüşdür. Dərhal bu barədə "xxxx" MMC-nin rəhbərliyinə məlumat vermiş və onlar rəsmi məktubla oğurluq barəsində Qobustan Rayon Polis Şöbəsinə məlumat vermişlər. Özü də Qobustan rayon Polis Şöbəsinə zəng edərək məlumat vermişdir. Təxminən 10-15 dəqiqə sonra deyilən əraziyə Qobustan RPŞ-nin əməkdaşları gəlmiş və işıq dirəyini doğrayan şəxsləri şöbəyə aparmışlar. Sonradan polis şöbəsindən zəng edərək doğranmış sonuncu 467 nömrəli dirəyin idarədən nümayəndələrin gəlib aparmasını demişlər. Bundan sonra "xxxx" MMC-dən nümayəndələr gəlib həmin doğranmış işıq dirəyini aparmışlar. Bununla bağlı tərtib olunmuş qəbzə imza etmişdir. Qobustan rayonu “Acıdərə” ərazisi adlanan yerdə "xxxx" MMC-nin balansında olan ümumilikdə 03 ədəd hər biri bir-birindən 250-260 metr məsafədə aralı olan və istismar müddəti bitmiş 1949-cu ildə istismara verilmiş 465, 466 və 467 nömrəli işıq dirəkləri olmuşdur. Hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi olmadığını bildirdi. "xxxx" MMC-nin nümayəndəsi qismində tanınmış Nümayəndə1 18 iyun 2022-ci il tarixdə ərizə ilə Qobustan Rayon Polis Şöbəsinə müraciət edərək, Təqsirləndirilən şəxs tərəfindən dəymiş 1280 manat məbləğində ziyanın tam ödənildiyini, "xxxx" MMC-nin Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin nümayəndəsi qismində tanınaraq dindirilmiş Nümayəndə2 ifadəsində göstərdi ki, hal-hazırda Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyində məsləhətçi-mühəndis işləyir. Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Şamaxı şəhəri, Heydər Əliyev prospekti 27 ünvanında yerləşir. İşlədiyi Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin balansında bir çox ərazilər və mülklər vardır. Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin işçiləri də həmin ərazilərə mütəmadi olaraq nəzarət edirlər. Şamaxı rayon 4 saylı Ərazi Vergilər İdarəsinin arxa hissəsində ağaclar əkilmiş və başqa şəxslərin həmin əraziyə daxil olmaması üçün ağaclıq olan ərazinin ətraf hissəsi dəmir çəpərlər ilə çəpərlənmişdir. Əvvəllər də bir neçə dəfə dəmir çəpərlər sındırılaraq yerə atıldığından gecə saatlarında tez-tez həmin ərazilərə gedərək baxış keçirib nəzarət edirlər. xx.xx.2022-ci il tarixdə təxminən saat 01 radələrində Şamaxı şəhəri ərazisində olan zaman həmin əraziyə gedərək baxış keçirmək qərarına gəlmişdir. Oraya gələn zaman artıq dəmir çəpərlərin sökülüb yerə yığıldığını görmüş, orada olan bir nəfər şəxsin isə onu görərək oradan uzaqlaşdığının şahidi olmuşdur. Həmin şəxsin oğurluq məqsədi ilə oraya gəldiyini hiss etdiyindən dərhal Şamaxı Rayon Polis Şöbəsinə zəng edərək bu barədə məlumat vermiş, həmçinin Şamaxı RPŞ-yə gələrək ərizə ilə müraciət etmişdir. Sonradan ona məlum olmuşdur ki, tanımadığı həmin şəxs 08 ədəd dəmir çəpəri sökərək oğurlamaq istəmişdir. Tanımadığı həmin şəxsin oğurlamaq istədiyi 08 ədəd dəmir çəpər Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin balansında olmaqla həmin nümayəndəliyə məxsusdur. 08 ədəd dəmir çəpərin ümumilikdə dəyərinin 560 manat olaraq nəzərə alınmasını xahiş etmişdir. Hazırda heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin nümayəndəsi qismində tanınmış Nümayəndə2 28 iyun 2022-ci il tarixdə ərizə ilə Qobustan Rayon Polis Şöbəsinə müraciət edərək Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Zərərçəkmiş hüquqi şəxs Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin Qobustan rayon məhkəməsinə göndərdiyi 17 avqust 2022-ci il tarixli 213 saylı məktubunda Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Təqsirləndirilən şəxs heç bir şikayət və iddiası olmadığı və Təqsirləndirilən şəxs tərəfindən nümayəndəliyə heç bir maddi ziyan dəymədiyi göstərilmişdir. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Şamaxı şəhəri ərazisində ustalıqla məşğul olur. 01 aprel 2022-ci il tarixdə əvvəllər tanımadığı Şamaxı şəhər sakini Tural adlı şəxs istifadə etdiyi mobil nömrə ilə zəng edib iş təklif etmişdir. Telefon danışığı əsnasında Tural adlı şəxs ona “dəmir doğramaq lazım olacaq” deyərək onunla görüşmək istədiyini bildirmişdir. O, Turala “doğrayaram, amma həmin dəmir parçaları oğurluq deyil ki?”- sualını vermişdir. Tural isə ona demişdir ki, “narahat olma, işıq idarəsindən icazə almışam, istifadəyə yararsız dəmir işıq dirəkləridir, nə olsa, mənlikdir”. 05 aprel 2022-ci il tarixdə saat 15 radələrində Tural ona zəng edib “Acıdərə” deyilən istiqamətə gəlməsini və orada olan dəmirləri doğramasını bildirmişdir. O isə özü ilə köməyə qardaşı Şahid2 aparmışdır. Onlar Turalın dediyi yerə çatdıqda Tural orada olmuşdur. Tural onlara 03 ədəd dəmir işıq dirəyini göstərərək “bunları doğramaq lazımdır”- demişdir. Bundan sonra, saat 16 radələrində onlar işə başlamışlar. Bir qədər sonra oraya Şamaxı şəhər sakini Famil adlı şəxs “QAZ-31” markalı taksi ilə gəlmişdir. “QAZ-31” markalı avtomobili tanımadığı bir şəxs idarə etmişdir. Famil Turalla söhbət etməyə başlamışdır. Həmin vaxt oksigen balonunda qaz bitdiyi üçün o, qardaşı Hacı ilə üçüncü dəmir işıq dirəyini doğraya bilməmiş və iş yarımçıq qalmışdır. Tural ona 50 manat pul vermiş və “xəbər edəcəm, gəlib üçüncü dəmir dirəyi də doğrayarsınız” demişdir. Bundan sonra o, qardaşı Hacı ilə birlikdə həmin yeri tərk etmişdir. xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Tural ona zəng edib xx.xx.2022-ci il tarixdə “Acıdərə” deyilən ərazidə olan üçüncü işıq dirəyini doğramaqlarını bildirmişdir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Şamaxı şəhərindən çıxıb qardaşı ilə birlikdə “Acıdərə” deyilən əraziyə gəlmişlər. Həmin vaxt orada Tural, Ramil və “QAZ-31” markalı avtomobilin sürücüsü Samir olmuşdur. O, saat 08 radələrində qardaşı Hacı ilə keçən dəfə doğraya bilmədikləri üçüncü dirəyi doğramağa başlamışlar. Təxminən 20-25 dəqiqə sonra polis əməkdaşları yaxınlaşıb onları RPŞ-yə dəvət etmişlər. Lakin nə o, nə də qardaşı Hacının bu dəmir işıq dirəklərinin oğurluq olmasından xəbəri olmamışdır. Onları Tural aldadaraq arxayın etmişdir ki, həmin dəmir dirəklər oğurluq deyil və doğranması ilə bağlı icazəsini almışdır. Tural ona “hər-halda heç kim günün işıqlı vaxtında bilə-bilə oğurluğa getməz” demişdir. Şahid qismində dindirilmiş Şahid2 qardaşı Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Şamaxı şəhəri ərazisində fəhləliklə məşğul olur. 10 aprel 2022-ci il tarixdə axşam saat 20 radələrində əvvəllər tanımadığı Şamaxı şəhər sakini Tural adlı şəxs istifadəsində olan mobil nömrəyə zəng edib iş təklif etmişdir. O, Turaldan işin nədən ibarət olduğunu soruşduqda Tural adlı şəxs Mərəzədə dəmir parçaları olduğunu və onları avtomobilə yükləməsini demişdir. O, Turalla onun nahar yeməyini vermək şərti ilə 15 manata işi görməyə razılaşmışdır. Tural ona 11 aprel 2022-ci il tarixdə səhər saatlarında qonşuluğunda yaşayan Samirin gəlib onu götürüb yanlarına gətirəcəyini demişdir. Səhəri gün, yəni 11 aprel 2022-ci il tarixdə səhər saatlarında qonşuluğunda yaşayan Samir adlı şəxs idarə etdiyi “QAZ-31” markalı qara rəngli avtomobil ilə onu yaşadığı evdən götürərək “Acıdərə” deyilən əraziyə Turalın yanına aparmışdır. Həmin əraziyə çatanda Tural artıq orada olmuşdur. Onlardan təxminən 10-15 dəqiqə sonra dirəkləri ilk dəfə doğrayan adlarının daha sonradan Azər və Hacı olduğunu bildiyi şəxslər gəlmiş və Tural onlara doğranmalı olan dirəyi göstərdikdən sonra saat 08 radələrində işə başlamışlar. Tural Samirə yorğun olduğunu və biraz avtomobilində yatacağını demişdir. Təxminən 20-25 dəqiqə sonra polis əməkdaşları oraya yaxınlaşıb onları rayon Polis Şöbəsinə dəvət etmişlər. Həmin dəmir işıq dirəkləri istismara yararlı olmamış və fəaliyyət müddəti başa çatmışdır. Onun bu oğurluqdan heç bir xəbəri olmamışdır. Hər-halda heç kim günün işıqlı vaxtında bilə-bilə oğurluğa getməz- deyə fikirləşmişdir. Şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Şamaxı şəhəri ərazisində fərdi əməklə məşğul olur. 05 aprel 2022-ci il tarixdə saat 15 radələrində tanışı Təqsirləndirilən şəxs ona zəng edib “dəmir parçaları var, onları satmaq lazımdır, sənin tanışın var?”deyərək soruşmuşdur. İlk öncə o, Turaldan həmin dəmir parçalarının oğurluq olubolmadığını soruşmuşdur. Tural isə ona “heç bir oğurluqdan söhbət gedə bilməz, fəaliyyəti dayanmış işıq dirəkləridir, icazəsini almışam, sən mənə satmağa köməklik elə tanışın varsa” demişdir. O, Turaldan yerini soruşaraq Samir adlı Şamaxı rayon sakini olan taksi sürücüsünün “QAZ-31” markalı avtomobili ilə Qobustan rayonu, “Acıdərə” deyilən əraziyə gəlmişdir. Həmin vaxt Tural və iki nəfər tanımadığı dəmir doğrayan şəxslər orada olmuşlar. O, Turala tanışının olmadığını, ancaq Abşeron rayonu ərazisində yol kənarında metal qəbul edən müəssisələr olduğunu və aparıb orada sata biləcəyini bildirmişdir. Onun bu sözündən sonra Tural onunla gələn taksi sürücüsü Samirə “dəmirləri yükləyək sənin “QAZ- 31” markalı avtomobilinə, aparaq Abşeron rayonuna, orada mən yer tapım bunları satım, sənin yol pulunu verərəm” demişdir. Bundan sonra o, Tural və Samir köməkləşib dəmirləri sonuncuya məxsus “QAZ-31” markalı avtomobilə yükləmişlər. Tural ona Abşeron rayonuna birlikdə gedib dəmir parçalarını satmağı təklif etmişdir. Ancaq Şamaxı rayonunda işi olduğu üçün gedə bilməyəcəyini Turala bildirmişdir. Bundan sonra X2 rayonu istiqamətinə getmişlər, o, isə yol maşını ilə qayıdıb Şamaxı rayonuna getmişdir. İşlərin sonrakı gedişatından onun məlumatı olmamışdır. Həmçinin, onun həmin dəmir parçalarının oğurluq olmasından xəbəri olmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunan Şahid5 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, istifadəsində olan “QAZ-31” markalı avtomobil ilə Şamaxı şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olur. Famil adlı tanışı onun taksi fəaliyyəti ilə məşğul olmasını bildiyi üçün xx.xx.2022-ci il tarixdə saat 15-16 radələrində ona zəng edərək “gəl məni evdən götür, gedək Qobustan rayonunun “Acıdərə” deyilən ərazisinə” -demişdir. O, bu zəngdən təxminən 10 dəqiqə sonra Famili yaşadığı evin qarşısından götürərək deyilən ərazi istiqamətində hərəkətə başlamışdır. Təxminən 20-25 dəqiqə sonra o, Famillə birlikdə Qobustan rayonunun “Acıdərə” deyilən ərazisinə çatmışdır. Həmin vaxt orada həmyerlisi kimi üzdən tanıdığı Turalı və iki nəfər tanımadığı şəxsi görmüşdür. Həmin iki nəfər şəxs köhnə dəmir işıq dirəyini doğramış, Tural isə onlara nəzarət etmişdir. Həmin tanımadığı iki nəfər şəxs işlərini yekunlaşdırdıqdan sonra Tural onlardan birinə 50 manat pul vermiş, daha sonra onlar həmin yerdən getmişlər. Bundan sonra Famil Turala demişdir ki, “dəmir metal qəbul edən tanışı yoxdur, ancaq Abşeron rayonu ərazisində yol kənarında metal qəbul edən müəssisələr var, ora aparıb verə bilər” Familin bu sözlərindən sonra Tural ona “dəmirləri yükləyək sənin “QAZ-31” markalı avtomobilinə, aparaq Abşeron rayonuna, orada mən yer tapıb bunları satım, sənin yol pulunu verərəm”- demişdir. Onlar dəmirləri ona məxsus “QAZ-31” markalı avtomobilin yük hissəsinə yükləmişlər. Famil isə işi olduğu üçün onlarla getməmişdir. O, Turalla birlikdə Abşeron rayonu istiqamətində yola düşmüşlər. Abşeron rayonu, Müşfiq qəsəbəsi ərazisində Bakı şəhəri istiqamətində yolun sağ tərəfində Tural metal qəbulu müəssisəsi görmüş və avtomobili orada saxlamasını ona bildirmişdir. Avtomobilin yük hissəsində dəmir metal olduğunu görən tanımadığı bir şəxs Turala yaxınlaşaraq dəmirləri satıb-satmadığını soruşmuşdur. Tural isə həmin şəxsə onları satdığını demiş, həmçinin həmin şəxsdən qarşısında dayandıqları metal qəbulu müəssisəsində işləyib-işləmədiyini soruşmuşdur. Həmin şəxs isə Turala “xeyr, mən orada işləmirəm, sadəcə olaraq bilirəm ki, bura metal gətirirlər, ona görə dayanmışam qarşısında ki, qabaqlayıb 1-2 qəpik bahasına özüm alım”- deyə bildirmişdir. Daha sonra o, sükan arxasına keçdiyinə görə Turalla həmin şəxsin alış-verişindən xəbəri olmamışdır. Tural adını bilmədiyi həmin şəxs ilə birlikdə avtomobilin yük hissəsində olan dəmir parçalarını yerə boşaltmışdır. Bundan sonra Tural avtomobilə əyləşmiş və onlar birlikdə qayıdıb Şamaxı şəhərinə gəlmişlər. Şamaxı şəhərinə çatdıqda Tural ona yol xərci kimi 60 manat pul vermiş, bundan sonra o, çıxıb evinə getmişdir. 10 aprel 2022-ci il tarixdə saat təxminən 22 radələrində Tural ona zəng edərək sabah, yəni 11 aprel 2022-ci il tarixdə səhər saatlarında qonşuluğunda yaşayan və fəhləliklə məşğul olan Ramili və oksigen balonunu götürüb Qobustan rayonunun “Acıdərə” deyilən ərazisinə gəlməsini bildirmişdir. O, 11 aprel 2022-ci il tarixdə səhər saatlarında Ramili və oksigen balonunu götürüb həmin əraziyə getmişdir. Həmin əraziyə çatanda Tural artıq orada olmuşdur. Onlardan təxminən 10-15 dəqiqə sonra adlarının daha sonradan Azər və Hacı olduğunu bildiyi xx.xx.2022-ci il tarixdə də dəmir dirəkləri doğrayan iki şəxs gəlmişlər. Tural onlara doğranmalı olan dirəyi göstərdikdən sonra saat 08 radələrində işə başlamışlar. Tural ona demişdir ki, “yorğundur, biraz avtomobildə yatsın”. Təxminən 20-25 dəqiqə sonra polis əməkdaşları onlara yaxınlaşıb onları rayon Polis Şöbəsinə dəvət etmişlər. Bildirmişdir ki, həmin işıq dirəkləri istismara yararlı olmamış və fəaliyyət müddəti başa çatmışdır. Onun bu oğurluqdan heç bir xəbəri olmamışdır. Hər-halda heç kim günün işıqlı vaxtında bilə-bilə oğurluğa getməzdeyə fikirləşmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməəmtəəşünaslıq ekspertizasının 28 iyun 2022-ci il tarixli, 9/4437 nömrəli rəyində göstərilir ki, analoji mallara müvafiq olaraq ekspertiza təyini haqqında qərarın təsviri hissəsində göstərilən 1 ədəd 1997-ci il istehsalı olan, uzunluğu 3 metr, eni 2 metr, çəkisi 70 kq, qalınlığı 1 sm olan, istismara yararlı dəmir çəpərin orta istismar intensivliyi parametrlərinə uyğun olaraq hadisə baş verən tarixə, yəni 2022-ci ilin aprel ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 70,00 manat, 08 ədədinin qiyməti 560,00 manat müəyyən olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməəmtəəşünaslıq ekspertizasının 09 iyun 2022-ci il tarixli, 9/3678 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 1 kq qara metal dəmirin orta bazar qiyməti nəzəri qaydada təxminən 0,40 manat, 3,2 tonu 1280,00 manat müəyyən olunur. Azərbaycan Respublikası "xxxx" ASC-nin "xxxx" MMC-nin 14 aprel 2022-ci il tarixli, 16/01- 20/315 nömrəli məktubundan görünür ki, Qobustan rayonunun “Acıdərə” ərazisindən keçən və "xxxx" MMC-nin balansında olan və fəaliyyəti dayandırılmış keçmiş 220 KV-lıq Qəbələ HX-nin 465, 466 saylı metal aralıq dayaqların naməlum şəxslər tərəfindən sökülərək götürülməsi nəticəsində dəymiş ziyanın miqdarı aşağıdakı kimi hesablanmışdır:
1. Dayaqların növü-İİ” şəkilli metal aralıq dayaqlar; 2. Xəttin istismara verildiyi (dayağın quraşdırıldığı) tarix-1949-cu il; 3. Bir dayağın çəkisi-1,6 ton (cəmi: 1,6x2=3,2 ton); 4. Bir ton qara metalın qiyməti 400 manat olduğundan, iki dayağın qiyməti 3,2x400=1280 manat təşkil edir. Dəymiş ziyanın ümumi məbləği 1280 manat təşkil edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən 28 aprel 2022-ci il tarixdə rayon Polis Şöbəsinə daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şamaxı rayon məhkəməsinin 11 noyabr 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə təqsirli bilinib 01 il, 11 ay, 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 17 may 2021-ci il tarixdə Şamaxı rayon məhkəməsinin qərarı ilə cəzası 09 ay 25 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. 26 noyabr 2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli “Amnistiya” qərarının 2.4-cü bəndi tətbiq edilməklə, amnistiya qərarının 36-cı bəndinə əsasən cəzadan azad edilməsi barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmışdır. “Amnistiya aktının tətbiq edilməsi barədə” 26 noyabr 2021-ci il tarixli qərarın surətindən görünür ki, “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə uyğun olaraq, məhkum Təqsirləndirilən şəxs amnistiya tətbiq edilmiş, amnistiya qərarının 36-cı bəndinə əsasən onun cəzadan azad edilməsi, barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmışdır. Salyan rayon məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 7(057)-468/2021 nömrəli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş narkomaniyadan məcburi müalicə ləğv edilmişdir. Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 04 may 2022-ci il tarixli 1099 saylı xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində qonşular tərəfindən şəhər nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. Şamaxı rayon polis şöbəsinin “şübhəli şəxsin tutulması haqqında” 03 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və 03 aprel 2022-ci il tarixdən 05 aprel 2022-ci il tarixə kimi Şamaxı rayon polis şöbəsində saxlanılmışdır. 05 aprel 2022-ci tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və müvəqqəti saxlama yerindən azad edilmişdir. Qobustan rayon polis şöbəsinin “şübhəli şəxsin tutulması haqqında” 11 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və 11 aprel 2022-ci il tarixdən 13 aprel 2022-ci il tarixə kimi Qobustan rayon polis şöbəsində saxlanılmışdır. 13 aprel 2022-ci tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və müvəqqəti saxlama yerindən azad edilmişdir. Şamaxı rayon məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli 4(074)-61/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə barəsində 2(iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə araşdırılmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün, zərərçəkmişlərin nümayəndələrinin və şahidlərin ifadələri ilə, eləcə də ekspert rəyi və işdə olan digər sənədlərlə tam sübuta yetir. Onun əməli Azərbaycan Respublikası CM-in 29,177.2.2-ci maddəsi ilə ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. O, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, dəymiş ziyanı ödəməsini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasının həddində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 18 oktyabr 2022-ci il tarixdən hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Şamaxı rayon məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli 4(074)-61/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. İş üzrə 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. 11 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən doğratdırılan Qobustan rayonunun “Acıdərə” adlanan ərazisində yerləşən "xxxx" MMC-nin balansında olan 220 KV-lıq Qəbələ hava xəttinin 467 nömrəli metal aralıq dayağın hissələrinin saxlanılması üçün "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 təhvil verilməsi Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin balansında olan 08 ədəd çəpər saxlanılması üçün Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin nümayəndəsi qismində tanınmış Nümayəndə2 təhvil verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 29,177.2.2-ci maddəsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 15 saat hüquqi yardıma görə 90 manat Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 29,177.2.2-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 11 aprel 2022-ci il tarixdən 13 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı iki gün müddət və 03 aprel 2022-ci il tarixdən 05 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı iki gün müddət, ona təyin edilmiş cəzadan çıxılsın və üzərində 1 il 11 ay 26 gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan təqdiri ilə əvəz edilsin və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Şamaxı rayon məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli 4(074)-61/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Cəzasının əvvəli 18 oktyabr 2022-ci il tarixdən hesab edilsin. İş üzrə 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. 11 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən doğratdırılan Qobustan rayonunun “Acıdərə” adlanan ərazisində yerləşən "xxxx" MMC-nin balansında olan 220 KV-lıq Qəbələ hava xəttinin 467 nömrəli metal aralıq dayağın hissələrinin saxlanılması üçün "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 təhvil verilməsi və Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin balansında olan 08 ədəd çəpərin saxlanılması üçün Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin nümayəndəsi qismində tanınmış Nümayəndə2 təhvil verilməsi nəzərə alınsın. Azərbaycan Respublikası CM-in 29,177.2.2-ci maddəsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 15 saat hüquqi yardıma görə 90 manat Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökmdən təqdim olunan və ya alınan gündən 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.
Sədrlik edən: Mirələm Quliyev