Məhkəmə qərarları › İş №1(026)-21/2021

Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-21/2021

24.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-21/2021 24.11.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Arakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 1993-cü ildə Qobustan rayonunun Xilmilli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Qobustan rayonunun Xilmilli kəndində qeydiyyatda olan və Bakı, şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, fərdi evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.4-cü maddələri ilə, xx xxxxxxxx 1992-ci ildə Qobustan rayonunun Bəklə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Qobustan rayonunun Bəklə kəndində qeydiyyatda olan və Bakı, şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, fərdi evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 27 iyun 2021-ci il tarixdə saat 09 radələrində birlikdə Qobustan rayonunun Cəngi kəndində yerləşən örüş sahəsindən Zərərçəkmiş şəxs məxsus orta diri çəkisi 250 kq olmaqla dəyəri 1444,00 manat təşkil edən bir baş, orta diri çəkisi 140 kq olmaqla dəyəri 809,00 manat təşkil edən bir baş, hər birinin orta diri çəkisi 220 kq olmaqla ümumi dəyəri 7623,00 manat təşkil edən altı baş, cəmi səkkiz baş iribuynuzlu heyvanı gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 9876,00 manat dəyərində, xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 oğlu tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 27 iyun 2021-ci il tarixdə saat 09 radələrində birlikdə Qobustan rayonunun Cəngi kəndində yerləşən örüş sahəsindən Zərərçəkmiş şəxs məxsus orta diri çəkisi 250 kq olmaqla dəyəri 1444,00 manat təşkil edən bir baş, orta diri çəkisi 140 kq olmaqla dəyəri 809,00 manat təşkil edən bir baş, hər birinin orta diri çəkisi 220 kq olmaqla ümumi dəyəri 7623,00 manat təşkil edən altı baş, cəmi səkkiz baş iribuynuzlu heyvanı gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 9876,00 manat dəyərində, xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmələri aşağıda qeyd edilənlərlə tam sübuta yetir. Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 26 iyun 2021-ci il tarixdə saat 20 radələrində Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində olan zaman əvvəllər tanıdığı qonşuluqda yaşayan Təqsirləndirilən şəxs2 ilə rastlaşmış, onunla salamlaşdıqdan sonra bir müddət söhbət etmişlər. Söhbət zamanı Amil maddi çətinlikləri olduğunu demiş, bu zaman Amilə pula ehtiyacı olduğunu demişdir. Bundan sonra Amil dayısı, Qobustan rayon Cəngi kənd sakini Zərərçəkmiş şəxs mal-qarası olduğunu demiş və birlikdə həmin mal-qaranı oğurlayıb satmağı təklif etmişdir. Amillə razılaşdıqdan sonra 27 iyun 2021-ci il tarixdə saat 07 radələrində Müşfiqabad qəsəbəsində görüşüb, yol maşını ilə Qobustan rayonu, Cəngi kəndinə yola düşmüşlər. Cəngi kəndində yol maşınından düşdükdən sonra, açıq otlaq sahəsində piyada hərəkət etməyə başlamışlar. Bu zaman Amil dayısı Şahmirzənin heyvanları haradakı otlaq sahəsinə göndərdiyini bildiyini demiş, bundan sonra birlikdə həmin əraziyə getmişlər. Təxminən saat 09 radələrində həmin əraziyə gəldikdən sonra orada 20-25 baş iribuynuzlu heyvanın açıq otlaq sahəsində sahibsiz olduğunu görmüşlər. Bundan sonra Amillə birlikdə həmin heyvanlardan səkkiz baş iribuynuzlu heyvanı oğurlayaraq, piyada Qobustan rayonunun Cəngi kəndində yerləşən sahibsiz fermaya gətirmişlər. Heyvanları fermaya qoyduqdan sonra, 27 iyun 2021-ci il tarixdə saat 15 radələrində birlikdə yenidən yaşadıqları Müşfiqabad qəsəbəsinə gəlmişlər. Qəsəbəyə çatdıqdan sonra Amil həmin heyvanları satmaq lazım olduğunu demiş, Amilə həmin heyvanları aparıb satmaq üçün maşın tapacağını bildirmişdir. Bakı şəhəri ərazisində yerləşən “Dərnəgül” bazarına gedərək, əvvəllər tanımadığı “ATEGO” markalı, nömrəsini xatırlamadığı avtomobili idarə edən Təyyar adlı şəxslə, heyvanları İmişli bazarına aparmaq üçün 500 manata razılaşmışdır. Təxminən saat 21 radələrində istifadəsində olan mobil nömrə ilə Təyyar adlı şəxslə əlaqə saxlayıb görüşdükdən sonra birlikdə avtomobillə gələrək, Amili Müşfiqabad qəsəbəsindən götürmüşlər. Birlikdə Qobustan rayonunun Cəngi kəndində yerləşən fermaya gələrək heyvanları avtomobilə yükləmişlər. 28 iyun 2021-ci il tarixdə saat 03 radələrində həmin heyvanları satmaq üçün İmişli rayonu ərazisində yerləşən mal bazarına gəlmişlər, orada heyvanların beş başını əvvəllər tanımadığı, özünü Nahid kimi təqdim edən şəxsə 2950 manata, digər üç başını isə əvvəllər tanımadığı və adını xatırlamadığı şəxsə 1550 manata satmışlar. Səkkiz baş iribuynuzlu heyvanı 4500 manata satdıqdan sonra, həmin puldan 500 manat “ATEGO” markalı avtomobilin sürücüsünə, 2000 manat Amilə vermiş, yerdə qalan 2000 manatı isə özünə götürmüşdür. Pulu böldükdən sonra birlikdə yaşadıqları Müşfiqabad qəsəbəsinə gəlmişlər və Amillə sağollaşmışdır. Heyvanların oğurluq olması barədə heç kimə heç nə deməmişlər, səkkiz baş mal-qaranı oğurlamaq barədə Amillə əvvəlcədən razılaşaraq, bunu planlaşdırmışlar. Zərərçəkmiş şəxs dəymiş maddi ziyanı tam ödəmişlər. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 26 iyun 2021-ci il tarixdə saat 20 radələrində Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində olan zaman əvvəllər tanıdığı qonşuluqda yaşayan Təqsirləndirilən şəxs1 ilə rastlaşmış, onunla salamlaşdıqdan sonra bir müddət söhbət etmişlər. Söhbət zamanı Səbuhiyə maddi çətinliklərinin olduğunu demiş, bu zaman Səbuhi də ona pula ehtiyacı olduğunu bildirmişdir. Bundan sonra ona Qobustan rayonunun Cəngi kəndində yaşayan dayısı Zərərçəkmiş şəxs mal-qarası olduğunu demiş və ona birlikdə həmin mal-qaranı oğurlayıb satmağı təklif etmişdir. Səbuhi ilə razılaşdıqdan sonra 27 iyun 2021-ci il tarixdə saat 07 radələrində Müşfiqabad qəsəbəsində Səbuhi ilə görüşmüş, yol maşını ilə Qobustan rayonunun Cəngi kəndinə yola düşmüşlər. Cəngi kəndində yol maşınından düşdükdən sonra, açıq otlaq sahəsində piyada hərəkət etməyə başlamışlar. Dayısı Şahmirzənin heyvanları hansı otlaq sahəsinə göndərdiyini bildiyi üçün, yol maşınından düşdükdən sonra, Səbuhi ilə birlikdə həmin əraziyə getmişlər. Həmin gün təxminən saat 09 radələrində həmin əraziyə gəldikdən sonra orada 20-25 baş iribuynuzlu heyvanın açıq otlaq sahəsində sahibsiz olduğunu görmüşlər. Bundan sonra Səbuhi ilə birlikdə həmin heyvanlardan səkkiz baş iribuynuzlu heyvanı oğurlayaraq, piyada Qobustan rayonu, Cəngi kəndində yerləşən sahibsiz fermaya gətirmişlər. Heyvanları fermaya qoyduqdan sonra, 27 iyun 2021-ci il tarixdə saat 15 radələrində birlikdə yenidən yaşadıqları Müşfiqabad qəsəbəsinə gəlmişlər. Qəsəbəyə çatdıqdan sonra Səbuhiyə həmin heyvanları satmaq lazım olduğunu demiş, Səbuhi isə həmin heyvanları aparıb satmaq üçün maşın tapacağını bildirmişdir. 27 iyun 2021-ci il tarixdə saat 21 radələrində istifadəsində olan mobil nömrəyə Səbuhi zəng vuraraq, həmin heyvanları aparıb satmaq üçün maşın tapdığını və onu götürməyə gəldiyini bildirmişdir. Danışdıqdan bir müddət sonra Səbuhi əvvəllər tanımadığı şəxsin istifadə etdiyi “ATEGO” markalı, nömrəsini xatırlamadığı avtomobillə gələrək, onu yaşadığı evdən götürmüşlər. Bundan sonra birlikdə heyvanları qoyduqları Qobustan rayonunun Cəngi kəndində yerləşən fermaya gələrək, heyvanları avtomobilə yükləmişlər. 28 iyun 2021-ci il tarixdə saat 03 radələrində həmin heyvanları satmaq üçün İmişli rayonu ərazisində yerləşən mal bazarına getmişlər. Orada heyvanların beş başını əvvəllər tanımadığı özünü Nahid kimi təqdim edən şəxsə 2950 manata, digər üç başını isə əvvəllər tanımadığı və adını xatırlamadığı şəxsə 1550 manata satmışlar. Səkkiz baş iribuynuzlu heyvanı 4500 manat pula satdıqdan sonra, Səbuhi həmin puldan 500 manat “ATEGO” markalı avtomobilin sürücüsünə, 2000 manat isə ona vermiş, yerdə qalan 2000 manatı isə özü üçün götürmüşdür. Pulu böldükdən sonra birlikdə yaşadıqları Müşfiqabad qəsəbəsinə gəlmişlər və Səbuhi ilə sağollaşıb ayrılmışlar. Heyvanların oğurluq olması barədə heç kimə heç nə deməmişlər, heyvanların oğurluq olduğunu Səbuhi və özü bilmişdir, heyvanları oğurlamağı Səbuhi ilə birlikdə əvvəlcədən planlaşdırmışlar. “ATEGO” markalı avtomobili idarə edən şəxsi tanımamış, həmin şəxs heyvanların oğurluq olduğunu bilməmişdir. Zərərçəkmiş şəxs dəymiş maddi ziyanı tam ödəmişlər. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, Qobustan rayonunun Cəngi kəndində ailəsi ilə birlikdə yaşayır. Yaşadığı evin həyətində kənd təsərrüfatı ilə məşğul olur və malqara saxlayır, 21 baş iribuynuzlu heyvanı var. Hər gün səhər saat 06 radələrində malqaranı otlamaq üçün Qobustan rayonunun Cəngi kəndində yerləşən örüş sahəsinə göndərir, təxminən saat 19 radələrində heyvanlar örüşdən qayıdırlar. Adətən heyvanlar örüşdən qayıdan zaman ailə üzvləri onları qarşılayaraq saxlanc yerinə salırlar. 27 iyun 2021-ci il tarixdə saat 06 radələrində hər zaman olduğu kimi 21 baş mal-qaranı otlamaq üçün örüş sahəsinə göndərmişdir. Lakin həmin gün ailə üzvləri heyvanları qarşılayaraq saxlanc yerinə salmadığı üçün, heyvanlar örüşdən qayıtdıqdan sonra həyətin küçə hissəsində saxlanc yerinin qarşısında yatıb qalmışlar, onları saxlanc yerinə salmağı unutmuşlar. 28 iyun 2021-ci il tarixdə gecə saat 03 radələrində küçəyə çıxan zaman heyvanların saxlanc yerinin qarşısında yatdıqlarını görüb saymış və 21 baş heyvandan səkkiz baş iribuynuzlu heyvanın naməlum səbəbdən yoxa çıxdığını müəyyən etmişdir. Həmin heyvanların itdiyini düşündüyü üçün bir neçə gün axtarmış, tapa bilmədiyi üçün isə 29 iyun 2021-ci il tarixdə Qobustan rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, səkkiz baş iribuynuzlu heyvanının naməlum səbəbdən yoxa çıxması barədə məlumat vermişdir. RPŞ-yə müraciət etdikdən sonra bir neçə gün də heyvanları axtarmışdır. Lakin tapa bilmədiyi üçün heyvanların naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığı qərarına gəlmişdir. 12 iyul 2021-ci il tarixdə yenidən RPŞ-yə ərizə ilə müraciət edərək, səkkiz baş iribuynuzlu heyvanın itmədiyini, naməlum şəxs və ya şəxslər tərəfindən Qobustan rayonunun Cəngi kəndindən oğurlandığını bildirmişdir. Səkkiz baş iribuynuzlu heyvandan bir başı dana, 7 başı isə dügə olmuşdur. Həmin heyvanlardan bir başının təxminən orta diri çəkisi 250 kq, ət çəkisi 120 kq, bir başının isə təxminən orta diri çəkisi 140 kq, ət çəkisi 80 kq, 6 başının isə hər birinin təxminən orta diri çəkisi 220 kq, ət çəkisi 105 kq-dır. Səkkiz baş iribuynuzlu heyvanı saxlanc yerinin qarşısından deyil, örüş sahəsindən naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Ümumilikdə ona 9876 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş ziyan, yəni 9876 manat tam olaraq ödənilmişdir. Ona görə də, təqsirləndirilən şəxslərdən hər hansı bir şikayət və tələbi olmamasına və dəymiş ziyanın tam ödənilməsinə dair məhkəməyə ərizə təqdim etdi. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hal-hazırda iribuynuzlu heyvanların alqı-satqısı ilə məşğul olur. Bəzən Bərdə rayonu ərazisində yerləşən heyvan bazarında, bəzən isə İmişli rayonu ərazisində yerləşən heyvan bazarında heyvanların satışı ilə məşğul olur. 28 iyun 2021-ci il tarixdə saat 04 radələrində İmişli rayonu ərazisində yerləşən heyvan bazarına iribuynuzlu heyvan almaq üçün getmiş, bazarda olan zaman əvvəllər tanımadığı özlərini Amil və Səbuhi kimi təqdim edən şəxslər səkkiz baş iribuynuzlu heyvan satdıqlarını bildirmişdir. “ATEGO” markalı nömrəsini xatırlamadığı avtomobilin arxasında olan səkkiz baş iribuynuzlu heyvana baxmış və onlara həmin heyvanlardan beş baş alacağını deyib, dörd dişi və bir erkək olmaqla, ümumilikdə beş baş iribuynuzlu heyvan almışdır. Heyvanları onlardan aldıqdan sonra həmin beş baş heyvana görə onlara ümumilikdə 2950 manat pul vermiş, bundan sonra həmin heyvanları İmişli bazarında, tanımadığı digər şəxsə 2900 manata satmışdır. Amil və Səbuhi adlı şəxsləri əvvəllər tanımamış, onlarla hər hansı əlaqəsi olmamış, həmin heyvanları alan zaman, heyvanların oğurluq olduğunu bilməmişdir. Həmin heyvanların oğurluq olması barədə ona hər hansı bir söz deməmişlər. Şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2016-ci ildə “ATEGO” markalı **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobili almış, həmin avtomobili müxtəlif sürücülərə etibarnamə ilə icarəyə vermişdir. 16 iyun 2021-ci il tarixdə əvvəllər tanıdığı Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində yaşayan Şahid2 onun yanına gələrək, “ATEGO” markalı **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə istəmiş, onunla pulda razılaşdıqdan sonra, həmin avtomobili etibarnamə əsasında ona icarəyə vermişdir. Həmin tarixdən etibarən avtomobil Təyyarda qalmış, 02 iyul 2021-ci il tarixdə Təyyar yanına gələrək, avtomobili icarəyə götürməyin ona sərf etmədiyini, bu səbəbdən qaytarmaq istədiyini bildirib avtomobili təhvil vermişdir. İbtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid2 ifadəsində göstərmişdir ki,16 iyun 2021-ci il tarixdə əvvəllər tanıdığı Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində yaşayan Şahid3 etibarnamə əsasında “ATEGO” markalı **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmüş, avtomobili icarəyə götürdükdən sonra, iş olmadığı üçün 02 iyul 2021-ci il tarixdə avtomobili sahibinə, yəni Şahid3 qaytarmışdır. 27 iyun 2021-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Dərnəgül adlanan ərazidə olan zaman, əvvəllər tanımadığı bir nəfər şəxs yaxınlaşaraq, adının Səbuhi olduğunu, Qobustan rayonunun Cəngi qəsəbəsində olan yataqda səkkiz baş iribuynuzlu heyvanının olduğunu və həmin heyvanları satmaq üçün İmişli rayonu ərazisində yerləşən bazara aparmaq istədiyini bildirmişdir. Bundan sonra onunla razılaşmış və ona 350 manata heyvanları bazara aparacağını, qaldığı halda isə 150 manat da əlavə pul alacağını bildirmişdir. Həmin tarixdə saat 21 radələrində Səbuhi istifadəsində olan mobil nömrə ilə onun istifadəsində olan mobil nömrəyə zəng vuraraq gəlib-gəlmədiyini soruşmuş, təxminən 15-20 dəqiqəyə gəlib onu götürəcəyini demiş, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsindən onu götürdükdən sonra, Səbuhi daha bir nəfəri də götürməli olduqlarını bildirmişdir. Onunla birlikdə Müşfiqabad qəsəbəsindən Amil adlı şəxsi götürmüşlər. Bundan sonra əvvəlcə Qobustan rayonunun Cəngi qəsəbəsində yerləşən yatağa getmişlər, orada heyvanları avtomobilə yüklədikdən sonra, Səbuhi və Amillə birlikdə İmişli rayonuna mal bazarına yollanmışlar. 28 iyun 2021-ci il tarixdə saat 03 radələrində bazara çatmışlar. İmişli bazarında onlar heyvanları satdıqdan sonra, birlikdə geri qayıtmışlar. Səbuhi ona 500 manat pul verdikdən sonra, Səbuhi və Amil Müşfiqabad qəsəbəsində avtomobildən düşmüşlər. Şahid qismində dindirilmiş Şahid4 oğlu ifadəsində göstərdi ki, hal-hazırda Qobustan rayon bölgə təcrübə stansiyasının direktoru vəzifəsində çalışır. 27 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iribuynuzlu mal-qaranı oğurlayaraq Qobustan rayonunun Cəngi kəndində yerləşən, Qobustan rayon bölgə təcrübə stansiyasının balansında olan fermada saxladıqlarını eşitmişdir. Həmin fermanın qapısı açıq olur. Hal-hazırda həmin fermadan istifadə olunmur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin fermada heyvan saxlayan zaman fermaya hər hansı bir maddi ziyan dəyməmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 25 avqust 2021-ci il tarixli 9/5122 nömrəli rəyində göstərilmişdir ki, aparılmış ekspert tədqiqatı nəticəsində, tədqiq edilən səkkiz baş iribuynuzlu heyvanın qərarın təsviri hissəsində olan məlumatlara görə respublika daxili orta bazar satış qiyməti nəzəri hesablama yolu ilə şərti olaraq təxminən aşağıdakı kimi, yəni bir baş təxminən orta diri çəkisi 250 kq heyvanın respublika daxili orta bazar satış qiyməti 1444,00 manat, bir baş təxminən orta diri çəkisi 140 kq heyvanın respublika daxili orta bazar satış qiyməti 809,00 manat, altı baş təxminən orta diri çəkisi 220 kq heyvanın respublika daxili orta bazar satış qiyməti 7623,00 manat müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən Qobustan RPŞyə daxil olmuş 22 iyul 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən rayon Polis Şöbəsinə daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Hərbi Məhkəməsinin 1-1(093)-21/2021 nömrəli 19 fevral 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 333.3 və 333.4-cü maddələri ilə təqsirli bilinib, ona CM-in 333.3-cü maddəsi ilə 6 ay müddətinə, CM-in 333.4-cü maddəsi ilə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası, qəti olaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Onun barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş cəza şərti hesab olunmuş və ona 2 il sınaq müddəti müəyyən edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 iyun 2021-ci il tarixli 1-1(105)-11/2021 saylı qərarı ilə Bakı Hərbi Məhkəməsinin 1- 1(093)-21/2021 saylı, 19 fevral 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 333.3 və 333.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 2 il 5 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Bakı Hərbi məhkəməsinin 17 mart 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 1 il 2 ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının çəkilməmiş qalan 13 ay müddət azadlığın məhdudlaşdırılması cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu qaydasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə dörd günü bərabər tutulmaqla 3 ay 7 gün hazırki hökmlə təyin olunmuş cəzaya qismən toplanılmaqla, ona qəti olaraq 2 il 7 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş cəzanın şərti hesab olunmasına dair müddəalar dəyişdirilmədən saxlanılmışdır. Məhkumluq ödənilməmişdir. Əməlində cinayətin residivi vardır. Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 iyun 2021-ci il tarixli 1-1(105)-11/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 333.3 və 333.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Hərbi Məhkəməsinin 1-1(093)-21/2021 saylı 19 fevral 2021-ci il tarixli hökmü məhkum Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi hissəsində dəyişdirilmiş, Bakı Hərbi Məhkəməsinin 1-1(093)-21/2021 saylı, 19 fevral 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 333.3 və 333.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 2 il 5 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Bakı Hərbi məhkəməsinin 17 mart 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 1 il 2 ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının çəkilməmiş qalan 13 ay müddət azadlığın məhdudlaşdırılması cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu qaydasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə dörd günü bərabər tutulmaqla 3 ay 7 gün hazırki hökmlə təyin olunmuş cəzaya qismən toplanılmaqla, ona qəti olaraq 2 il 7 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş cəzanın şərti hesab olunmasına dair müddəalar dəyişdirilmədən saxlanılmışdır. Qobustan rayon İcra Hakimiyyəti Başçısının Xilmilli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 25 avqust 2021-ci il tarixdə verdiyi 210 saylı arayışında göstərilir ki, Təqsirləndirilən şəxs1 həqiqətən də Qobustan rayonunun Xilmilli kəndində qeydiyyatdadır, himayəsində arvadı X1, 20 iyul 2016-cı il təvəllüdlü qızı X2 və 24 sentyabr 2017-ci il təvəllüdlü qızı X4 yaşayır. Qobustan rayon İcra Hakimiyyəti Başçısının Qobustan rayon Xilmilli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədə göstərilir ki, Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunur və Təqsirləndirilən şəxs1 Qobustan rayonunun Xilmilli kəndində qeydiyyatda olmasına baxmayaraq, uzun müddətdir ki, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində yaşayır. İş materiallarına əlavə edilmiş Qobustan rayon İcra Hakimiyyəti Başçısının Nabur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 16 avqust 2021-ci il tarixdə verdiyi 81 saylı arayışında qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs2 həqiqətən də Qobustan rayonunun Bəklə kəndində qeydiyyatdadır, himayəsində 1990-cı il təvəllüdlü arvadı X3 və 2014-cü il təvəllüdlü qızı X5 vardır. Qobustan rayon İcra Hakimiyyəti Başçısının Qobustan rayon Nabur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədə göstərilir ki, Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunur və Təqsirləndirilən şəxs2 Qobustan rayonunun Bəklə kəndində qeydiyyatda olmasına baxmayaraq, uzun müddətdir ki, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində yaşayır. İş üzrə Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş maddi ziyanın tam ödənildiyini və həmin şəxslərdən heç bir şikayət və tələbi olmadığını bildirdi. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Qobustan rayon Bölməsinin 19 oktyabr 2021-ci il tarixdə verdiyi 260 saylı arayışdan görünür ki, Qobustan rayonun Bəklə kənd sakini 1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 həqiqətən 30 sentyabr 2020-ci il tarixdən 28 dekabr 2020-ci il tarixə kimi səfərbərliklə əlaqədar könüllü hərbi xidmətdə olmuş, 01 oktyabr 2020-ci il tarixdən 22 oktyabr 2020-ci il tarixə kimi Füzuli, 05 noyabr 2020-ci il tarixdən Laçın rayonları istiqamətlərində gedən döyüşlərdə könüllü olaraq iştirak etmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Qobustan rayon Bölməsinin 12 oktyabr 2021-ci il tarixdə verdiyi 256 saylı arayışdan görünür ki, Qobustan rayonun Xilmilli kənd sakini xx xxxxxx 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 həqiqətən 30 sentyabr 2020-ci il tarixdən 26 dekabr 2020ci il tarixə kimi səfərbərliklə əlaqədar könüllü hərbi xidmətdə olmuş, Tərtər, Ağdərə rayonu istiqamətlərində gedən döyüşlərdə könüllü olaraq iştirak etmişdir. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Təqsirləndirilən şəxs1 “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və digər sənədlərlə ilə tam sübuta yetir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmasını, vurulmuş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə könüllü iştirak etməsini, himayəsində azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, himayəsində bir nəfər azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi olmamasını, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə könüllü iştirak etməsini cəzasını yüngülləşdirən, cinayətin residivini isə cəzasını ağırlaşdıran hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini , eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə könüllü iştirak etməsini nəzərə alaraq Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini və ona Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən, yeni hökmlə təyin ediləcək cəzaya Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 iyun 2021ci il tarixli 1-1(105)-11/2021 saylı qərarı ilə təyin olunmuş və çəkilməmiş cəza qismən birləşdirilməlidir. Qobustan rayon polis şöbəsinin 14 iyul 2021-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 14 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 15 iyul 2021-ci il tarixdə barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək müvəqqəti saxlama yerindən azad edilmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347-349, 351-353, 356 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.4-cü maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 14 iyul 2021-ci il tarixdən 15 iyul 2021-ci il tarixədək həbsdə olduğu 2 gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılsın, Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 1 (bir) il 5 ( beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Probasiya Xidmətinin Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Cəzasının əvvəli Probasiya Xidmətinin Bakı şəhər Probasiya idarəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.4-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 iyun 2021ci il tarixli 1-1(105)-11/2021 saylı qərarı ilə təyin olunmuş və çəkilməmiş qalan 2 (iki) il 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını qismən birləşdirməklə, Təqsirləndirilən şəxs2 4 (dörd) il 1 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 14 iyul 2021-ci il tarixdən 15 iyul 2021-ci il tarixədək həbsdə olduğu 2 gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın, Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 4 (dörd) il 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş 4 (dörd) il 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası 2 (iki) il sınaq müddəti tətbiq edilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs2 sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə onun davranışına nəzarət edən dövlət orqanının razılığı olmadan daimi yaşayış yerini və iş yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar