Məhkəmə qərarları › İş №1(026)-21/2022

Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-21/2022

30.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-21/2022 30.08.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 1996-cı ildə Qobustan rayonunun Xilmilli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmamış, Qobustan rayonunun Xilmilli kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 28 aprel 2022-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs Qobustan rayonunun Xilmilli kəndində yaşadığı fərdi yaşayış evinin həyətində yerləşən heyvanların saxlanılması üçün istifadə edilən dəmir məftillərlə çəpərə alınmış saxlanc yerinin qapısını əli ilə özünə tərəf dartaraq açmaqla oraya qanunsuz daxil olub, həmin saxlanc yerindən Zərərçəkmiş şəxs məxsus hər birinin qiyməti 220 manat olmaqla, ümumi dəyəri 880 manat təşkil edən dörd baş xırdabuynuzlu heyvanı (qoyunu) gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 880 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıda qeyd edilənlərlə tam sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 27 aprel 2022-ci il tarixdə kənddə olan zaman pula ehtiyacı olduğu üçün Zərərçəkmiş şəxs yaşadığı evin həyətində yerləşən qərəbdən heyvan oğurlamaq qərarına gəlmiş və 28 aprel 2022-ci il tarixdə saat 01 radələrində o, Səbuhinin yaşadığı evin həyətinin qarşısına gəlmişdir. Bundan sonra evin həyətində Zərərçəkmiş şəxs heyvanları saxladığı yerə gələrək, dəmir məftillərlə əhatə olunmuş qərəbin qapısını əli ilə özünə tərəf dartaraq açıb oraya daxil olmuşdur. Oradan 4 baş xırdabuynuzlu heyvan, yəni qoyun oğurlamışdır. O, həmin heyvanları oğurladıqdan sonra piyada kəndin çıxışına tərəf aparmışdır. Orada bir müddət gözlədikdən sonra həmkəndlisi Şamilə zəng vuraraq, Şamaxıya heyvan bazarına getmək istədiyini demişdir. Şamil gəldikdən sonra o, heyvanları Şamilin idarə etdiyi “QAZ 53” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləmiş və onlar birlikdə Şamaxı şəhəri ərazisində yerləşən heyvan bazarına getmişlər. Şamaxı heyvan bazarında həmin heyvanları tanımadığı şəxsə 450 manata satmışdır. O, həmin şəxsə heyvanların oğurluq olduğunu bildirməmişdir. Şamilə isə onu Şamaxı şəhəri ərazisində yerləşən heyvan bazarına apardığına görə zəhmət haqqı vermişdir. Heyvanları satdıqdan sonra Şamillə birlikdə kəndə qayıtmışdır. Şamilə heyvanların özünə məxsus olduğunu və Şamaxı şəhərinə satmaq üçün apardığını bildirmişdir. O, Şamilə həmin heyvanların oğurluq olduğunu deməmişdir. Oğurluq edərkən tək olmuş və heyvanları tək oğurlamışdır. 4 baş xırdabuynuzlu heyvanın orta bazar qiymətinin ekspert rəyində göstərildiyi kimi 880 manat olması ilə razıdır. Lakin o, həmin heyvanları bazar dəyərindən ucuz satmışdır. Zərərçəkmiş şəxs dəymiş ziyanı tam ödəmişdir. Əməlindən səmimi peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Qobustan rayonu, Xilmilli kəndində ailəsi ilə birlikdə yaşayır. Yaşadığı evin həyətində kənd təsərrüfatı ilə məşğul olur və təxminən 80 baş xırdabuynuzlu heyvan saxlayır. O, hər gün səhər saat 06 radələrində heyvanları otlamaq üçün Qobustan rayonu Xilmilli kəndində yerləşən örüş sahəsinə aparır. Təxminən axşam saat 19 radələrində heyvanlar örüşdən qayıdırlar. 27 aprel 2022-ci il tarixdə saat 19 radələrində hər zaman olduğu kimi 80 baş xırdabuynuzlu heyvan örüşdən qayıtdıqdan sonra o, həmin heyvanları evin həyətində olan qərəbə, yəni heyvanları saxladığı yerə salmışdır. Heyvanları saxladığı qərəb hər tərəfdən dəmir torla çəpərlənmiş və qapısı da var. Həmin vaxt o, onları sayan zaman orada 80 baş xırdabuynuzlu heyvan olmuşdur. Lakin 28 aprel 2022-ci il tarixdə saat 06 radələrində o, heyvanları örüşə aparan zaman, yenidən saydıqda ona məlum olmuşdur ki, 80 baş xırdabuynuzlu heyvandan 4 baş xırdabuynuzlu heyvan (qoyun) əskikdir. O, əvvəlcə heyvanların itdiyini düşündüyü üçün onları axtarmağa başlamışdır. Lakin bir neçə gün axtardıqdan sonra başa düşmüşdür ki, ona məxsus 4 baş xırdabuynuzlu heyvan naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Bundan sonra o, 30 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə müraciət edərək, ona məxsus 4 baş xırdabuynuzlu heyvanın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirmişdir. Həmin 4 baş xırdabuynuzlu heyvanın 2 başı boz rəngli, 2 başı isə qırmızı rəngli olmuşdur. Həmin 4 baş xırdabuynuzlu heyvanın hər birinin təxminən orta diri çəkisi 40 kq, ət çəkisi isə 20 kq olmuşdur. Qərəbdən isti vaxtlarda heyvanları saxlamaq üçün istifadə edirlər. Qərəbə sadəcə qapısını açıb içəri keçməklə daxil olmaq mümkündür. Həmçinin, qapısı bağlı olan qərəbə dəmir torun üzərindən aşıb keçmək də mümkündür. Qərəbin üstü açıq olur. Ona məxsus 4 baş xırdabuynuzlu heyvanın oğurlanması nəticəsində maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Ondan heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Ərizəsinin nəzərə alınmasını xahiş etdi. Şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs həmkəndlisidir. Təqsirləndirilən şəxs 28 aprel 2022-ci il tarixdə təxminən saat 03 radələrində telefonla ona zəng vuraraq, özünə məxsus 4 baş xırdabuynuzlu heyvanı satmaq üçün Şamaxı heyvan bazarına aparmaq istədiyini və avtomobili olduğu üçün onunla getməyi xahiş etmişdir. Etibarnamə əsasında idarə etdiyi “QAZ 53” markalı, **-BC- *** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadıqları Qobustan rayonu Xilmili kəndinin çıxışına gələrək orada Rahim heyvanları avtomobilə yüklədikdən sonra Rahimlə birlikdə Şamaxı şəhərində olan heyvan bazarına yollanmışlar. Rahim orada heyvanları satdıqdan sonra birlikdə yenidən Qobustan rayonu Xilmilli kəndinə qayıtmışlar. 28 aprel 2022-ci il tarixdə Rahimlə birlikdə Şamaxı şəhərinə gedən zaman həmin heyvanların oğurluq olması barədə məlumatı olmamış, Rahim heyvanları Şamaxı şəhərinə aparmaq üçün ona 15 manat pul vermişdir. Rahimin 4 baş xırdabuynuzlu heyvanı Şamaxı şəhərində satdığı şəxsi tanımamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməəmtəəşünaslıq ekspertizasının 08 iyun 2022-ci il tarixli, 9/3878 nömrəli rəyində göstərilir ki, respublikada yerləşən ticarət məntəqələrində, mal-heyvan satışı bazarlarında mövcud olan qiymətlərə və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə, ekspertiza təyini haqqında qərarda göstərilən 1 baş, diri çəkisi 40 kq, təmiz ət çəkisi isə 20 kq olan xırda buynuzlu heyvanın orta bazar qiyməti nəzəri qaydada təxminən 220 manat, 4 başının qiyməti isə 880,0 manat müəyyən edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən 25 iyun 2022-ci il tarixdə rayon Polis Şöbəsinə daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Qobustan rayonu İcra Hakimiyyəti Başçısının Xilmilli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 20 may 2022-ci il tarixdə verdiyi 88 saylı arayışda göstərilir ki, Təqsirləndirilən şəxs həqiqətən də Qobustan rayonunun Xilmilli kəndində qeydiyyatdadır. Ailə tərkibi atası - X1 ibarətdir. Qobustan rayonu İcra Hakimiyyəti Başçısının Xilmilli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədə göstərilir ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Qobustan rayon polis şöbəsinin şübhəli şəxsin tutulması haqqında 01 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və 01 may 2022-ci il tarixdən 03 may 2022-ci il tarixə kimi Qobustan rayon polis şöbəsində saxlanılmışdır. 03 may 2022-ci tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə araşdırılmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün və şahidlərin ifadəsi ilə, eləcə də ekspert rəyi və işdə olan digər sənədlərlə tam sübuta yetir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayəti etiraf edərək əməlindən səmimi peşman olmasını, dəymiş ziyanı tam ödəməsini, yaşadığı yerindən müsbət xarakterizə olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməlindən peşman olmasını, dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi olmamasını, onun yaşadığı yerdən müsbət xarakterizə olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 6 saat hüquqi yardıma görə 36 manat məbləğində pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347-349, 351- 353, 356 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 01 may 2022-ci il tarixdən 03 may 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı iki gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən bir gün azadlıqdan məhrumetmənin iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Qobustan rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 6 saat hüquqi yardıma görə 36 manat məbləğində pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökmdən təqdim olunan və ya alınan gündən 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar