Məhkəmə qərarları › İş №1(026)-24/2022

Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-24/2022

18.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-24/2022 18.10.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1998-ci il tarixdə Qobustan rayonunun Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Qobustan şəhərində qeydiyyatda olan və orada yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qobustan rayon məhkəməsində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin məlum olmayan vaxtda və şəraitdə satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, 01 (bir) ədəd kağız bükülüdə təmiz çəkisi 1,064 qram olan psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlayaraq Qobustan şəhəri ərazisində daşımış və Qobustan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 31 may 2022-ci il tarixdə saat 10 radələrində keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan şəhər dairəsi adlanan ərazidə saxlanıb Qobustan RPŞ-yə gətirildikdən sonra xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd kağız bükülüdə təmiz çəkisi 1,064 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıda qeyd edilənlərlə tam sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Qobustan şəhərində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. Əvvəllər məhkum olunmamışdır. O, təxminən 4-5 aydır ki müəyyən fasilələr olmaq şərti ilə psixotrop maddə olan metamfetamindən istifadə edir. Təxminən 2022-ci ilin aprel ayının əvvəllərində Bakı şəhəri “Sulutəpə” dairəsi deyilən ərazidə olan zaman, səkinin kənarında 01 ədəd kağız bükümün onun diqqətini çəkməsini və o əyilib həmin bükülünü götürüb içərisinə baxan zaman narkotik vasitə istifadəcisi olduğu üçün spesefik iydən bükülüdə psixotrop maddə metamfetaminin olması ona məlum olmuşdur. O ətrafa nəzər salıb kimsənin görmədiyini müşahidə etdikdən sonra öz istifadəsi üçün dərhal həmin kağız bükülünü bağlayıb qara rəngli şalvarının sağ yan cibində gizlədərək üzərində saxlayıb yaşadığı Qobustan şəhərinə daşımışdır. Ailə üzvləri onun psixotrop maddə istifadəcisi olduğunu bilmədikləri üçün o həmin bükülünü daima üzərində gəzdirmişdir. 31 may 2022-ci il tarixdə saat 10 radələrində o Qobustan şəhər dairəsi deyilən ərazidə olan zaman bir neçə polis əməkdaşının yaxınlaşıb özlərini təqdim edib, onun narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirmişlər. Bundan sonra Qobustan rayon Polis Şöbəsinə dəvət edilmişdir. Polis Şöbəsində xidməti otaqların birində hüquqları izah edilmiş, hüquqlarını müdafiə etmək üçün öz seçimi əsasında dövlət hesabına müdafiəçi təyin edilmiş, RPŞ-də müdafiəçinin, hal şahidlərinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilən zaman, ona üzərində gəzdirilməsi qanunla qadağan olan hər hansı maddə, predmet və əşya varsa, könüllü olaraq iştirakçıların yanında təqdim etməyi təklif edilmişdir. Bu vaxt o göy rəngli şalvarının sağ yan cibində 01 ədəd kağız bükülüdə içərisində psixotrop maddə olan metamfetamini təqdim edib həmin maddəni öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini və üzərində bundan başqa heç bir qanunsuz əşya olmadığını bildirmişdir. Bundan sonra həmin 01 ədəd bükülü elektron tərəzi vasitəsi ilə çəkilmişdir. Bu barədə protokol tərtib edilmiş və fotoşəkillər çəkilərək, protokolun doğru yazıldığı imzalarla təsdiq edilmişdir. Həmçinin bildirmişdir ki, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Üzərindən aşkar olunaraq götürülmüş, 01 ədəd kağız bükülüdə olan metamfetamini şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 31 may 2022-ci il tarixdə Qobustan şəhər sakini Təqsirləndirilən şəxs Qobustan rayonu ərazisində narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə Qobustan RPŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olunmuş məlumat şöbə rəhbərliyinə məruzə olunduqdan sonra yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması məqsədi ilə tərəfindən “təxirə salınmaz əməliyyat tədbirinin keçirilməsi” haqqında qərar qəbul edilmiş və bununla əlaqədar olaraq əməliyyat qrupu yaradılmışdır. Qobustan RPŞ-nin rəhbərliyi tərəfindən əmrlə tərtib olunmuş əməliyyat qrupunun üzvləri Qobustan RPŞ-nin XÜ rəis müavini Şahid3, CAB-ın əməliyyat müvəkkilləri, Şahid4, Şahid2 və onun iştirakı ilə 31 may 2022-ci il tarixdə saat 10 radələrində Qobustan şəhər dairəsi deyilən ərazidə Təqsirləndirilən şəxs saxlayaraq sonuncuya narkotik vasitələrin istifadəsində və qanunsuz üzərində gəzdirməsində şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçirilməsi üçün Qobustan RPŞ-yə getməli olacağı izah edilmişdir. Təqsirləndirilən şəxs heç bir etiraz etməyərək onlarla Qobustan RPŞ-yə gəlmişdir. Orada xidməti otaqların birində ona hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına təyin olunmuş Müdafiəçi, həmçinin polis əməkdaşları və hal şahidlərinin iştirakı ilə təhqiqatçı Ağasən Baratov tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təhqiqatçı tərəfindən Babəkə təklif edilmişdir ki, üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir maddə, predmet və ya əşya varsa, özü təqdim etsin. Babək bundan sonra əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd kağız bükülünü təqdim edərək, həmin bükülünün içərisində psixotrop maddə olan metamfetamin olmasını bildirmişdir. O həmin maddəni 2022-ci ilin aprel ayının əvvəllərində Bakı şəhəri “Sulutəpə” dairəsi tərəfdə olan zaman, səkinin kənarından tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə tərəzidə çəkilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilsə də, üzərində qanunla gəzdirilməsi və ya saxlanılması qadağan edilmiş başqa əşya aşkar olunmamışdır. Aşkar edilərək götürülmüş narkotik vasitə təhqiqatçı tərəfindən zərfə qoyularaq möhür ilə möhürlənmiş, üzərinə imzalar edilmişdir. Protokol tərtib olunmuş və iştirakçılar həmin protokolu imzalamışlar. İş üzrə şahid qismində dindirilmiş Qobustan RPŞ-nin xidmət üzrə rəis müavini Şahid3, şöbənin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid4 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Qobustan şəhər sakini Təqsirləndirilən şəxs ilə hər hansı bir şəxsi-qərəzliyi, ədavəti və ya düşmənçiliyi yoxdur. 31 may 2022-ci il tarixdə saat 10 radələrində Qobustan şəhəri “Kapital” bankın yaxınlığında olan zaman polis əməkdaşının ona yaxınlaşaraq, Qobustan şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğu üçün RPŞ-yə gətirildiyini, üzərinə axtarış keçirələcəyi və həmin axtarışda hal şahidi kimi iştirak etməsini xahiş etmişdir. Polis əməkdaşı ilə razılaşmış və onunla birlikdə RPŞyə gəlmişdir. Bundan sonra RPŞ-də Müdafiəçi, digər hal şahidi Şahid6, həmçinin polis əməkdaşları və onun iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd kağız bükülünü təqdim edərək, həmin bükülünün içərisində psixotrop maddə olan metamfetamin olmasını bildirdi. O həmin maddəni 2022-ci ilin aprel ayının əvvəllərində Bakı şəhəri “Sulutəpə” dairəsi tərəfdə olan zaman, səkinin kənarından tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını demişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə çəkilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilsə də, üzərində qanunla gəzdirilməsi və ya saxlanılması qadağan edilmiş başqa əşya aşkar olunmamışdır. Aşkar edilərək götürülmüş narkotik vasitə təhqiqatçı tərəfindən zərfə qoyularaq möhür ilə möhürlənmiş, üzərinə imzalar edilmişdir. Protokol tərtib olunmuş və iştirakçılar həmin protokolu imzalamışlar. İş üzrə şahid qismində dindirilmiş Şahid6 Şahid5 ilə eyni məzmunlu ifadə verdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 31 may 2022-ci il tarixli 6/3044 nömrəli məhkəmə fiziki-kimyəvi ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd kağız bükülüdə təmiz çəkisi 1,064 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Rəyin qeyd hissəsində metamfetaminin təmiz çəkisinin 1,064 qram, tədqiqata sərf edilən ümumi miqdarının 0,05 qram, qalıq çəkisinin isə 1,014 qram olması qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Abdulator X1 10 fevral 2022-ci il tarixli, 624 №-li nömrəli ekspert rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 1,064 qram, ekspert tədqiqatından sonra təmiz çəkisi 1,014 qram olan psixotrop maddə metamfetamin maddi sübut əhəmiyyətinə malik olduğundan 22 iyun 2022-ci il tarixli qərarla iş üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək Qobustan rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən 25 iyun 2022-ci il tarixdə rayon Polis Şöbəsinə daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə araşdırılmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, təşqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməli onun özünün və şahidlərin ifadəsi ilə, eləcə də ekspert rəyi və işdə olan digər sənədlərlə tam sübuta yetir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Qobustan rayon polis şöbəsinin “şübhəli şəxsin tutulması haqqında” 31 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və 31 may 2022-ci il tarixdən 02 iyun 2022-ci il tarixə kimi Qobustan rayon polis şöbəsində saxlanılmışdır. Həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və müvəqqəti saxlama yerindən azad edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 31 may 2022-ci il tarixdən 02 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət ona təyin ediləcək cəzadan çıxılmalıdır. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək məhkəmə zalından həbsə alınmalı və həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan 1,014 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, iş üzrə 65 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməli və Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 6 saat hüquqi yardıma görə 36 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351- 353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 31 may 2022-ci il tarixdən 02 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı iki gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək məhkəmə zalından həbsə alınsın və həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cəzasının əvvəli 18 oktyabr 2022-ci il tarixdən hesab edilsin. İş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan 1,014 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə 65 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 6 saat hüquqi yardıma görə 36 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökmdən təqdim olunan və ya alınan gündən 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar