Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-24/2023 21.11.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1986-cı il tarixdə Şamaxı rayonu Çalov kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Qobustan rayonu Çalov kəndində qeydiyyatda olan və orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 290,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlayaraq, Qobustan şəhərinə daşımış, 07 iyul 2023-cü il tarixdə saat 19 radələrində Qobustan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan şəhəri ərazisində saxlanılaraq Qobustan rayon polis şöbəsinə gətirildikdən sonra orada həmin tarixdə saat 20:16-dan 20:26-dək olan müddət ərzində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın qabaq alt hissəsindən 01 (bir) ədəd sellofan bükülüdə təmiz çəkisi 290,0 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıda qeyd edilənlərlə tam sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Bakı şəhərində meyvə alıb satmaqla məşğuldur. Əvvəllər bir neçə dəfə narkotik vasitə olan marixuana istifadə etmişdir. 02 iyul 2023-cü il tarixdə Qobustan rayonunun Çalov kəndi ərazisindən Qobustan şəhərinə getmək üçün yola çıxmış və bu vaxt kəndin çıxışında yolun kənarında içərisində yaşıl rəngli kütlə olan 01 ədəd sellofan bükülü görmüşdür. Həmin bükülünü götürüb içərisinə baxdıqda yaşıl rəngli kütlənin narkotik vasitə olan marixuana olduğunu görmüşdür. Əvvəllər də narkotik vasitə olan marixuana istifadə etdiyi üçün bükülünün içərisində olan həmin kütləni tanımışdır. İçərisində narkotik vasitə marixuana olan həmin bükülünü öz üzərində saxlamışdır ki, gələcəkdə istifadə etsin. 07 iyul 2023-cü il tarixdə yaşadığı evdən Bakı şəhərinə meyvə satmaq üçün yola düşmüş və Qobustan şəhəri ərazisində yemək yemək üçün dayanmışdır. 07 iyul 2023-cü il tarixdə saat 19 radələrində Qobustan şəhərində “Son” adlanan ərazidə olan zaman içərisində narkotik vasitə marixuana olan həmin 01 ədəd sellofan bükülü də əynində olan göy rəngli cins şalvarın qabaq alt hissəsində olmuşdur. Həmin vaxt bir neçə şəxs ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını ona bildirmişlər və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün onu Qobustan RPŞ-yə dəvət etmişlər. Daha sonra hüquqları ona izah olunmuş, ərizəsi əsasında ona hüquqlarının dövlət hesabına müdafiə olunması üçün vəkillərin siyahısı təqdim edilmişdir. Həmin siyahıdan seçmiş olduğu müdafiəçi dəvət olunaraq təmin olunduqdan sonra şübhəli şəxs qismində tutulmuşdur. Üzərində şəxsi axtarış aparılmazdan əvvəl polis əməkdaşları ona üzərində gəzdirilməsi qanunla qadağan olan hər hansı maddə, predmet və əşya varsa, könüllü olaraq iştirakçıların yanında təqdim etməsini təklif etmişlər. O da polis əməkdaşlarına əynində olan göy rəngli cins şalvarın qabaq alt hissəsində içərisində narkotik vasitə marixuana olan 01 ədəd sellofan bükülü olduğunu bildirmiş və həmin bükülünü şalvarının altından çıxararaq təqdim etmişdir. Sonra isə polis əməkdaşları onun üzərində şəxsi axtarış aparmış və onun üzərindən gəzdirilməsi qanunla qadağan olan başqa hər hansı maddə, predmet və əşya aşkar olunmamışdır. Aşkar edilmiş içərisində narkotik vasitə marixuana olan 01 ədəd sellofan bükülü polis əməkdaşları tərəfindən götürülərək qablaşdırılmışdır. O polis əməkdaşlarına bildirmişdir ki, üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd sellofan bükülünün içərisindəki narkotik vasitə olan “nəşə”, yəni marixuanadır. Həmin marixuananı Qobustan rayonu, Çalov kəndi ərazisindən yolun kənarı ilə gedərkən tapmış və öz istifadəsi üçün üzərində saxlamışdır. Həmin narkotik vasitə olan marixuananı heç kimdən almamış, həmin narkotik vasitə marixuananı taparkən tək olmuş, narkotik vasitə istifadə etməsi barədə ailə üzvlərinə, qohumlarına və tanışlarına deməmişdir. Heç vaxt narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid Qobustan RPŞ-nin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində verərək göstərdi ki, 07 iyul 2023-cü il tarixdə Qobustan rayonu, Çalov kənd sakini Təqsirləndirilən şəxs Qobustan rayonu ərazisində narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə Qobustan RPŞ-yə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat şöbə rəhbərliyinə məruzə olunduqdan sonra yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədi ilə tərəfindən “təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi” haqqında qərar qəbul edilmişdir. Özündən və Qobustan RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkilli Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Daxil olmuş əməliyyat məlumatı əsasında 07 iyul 2023-cü il tarixdə saat 19 radələrində Qobustan şəhərində “Son” adlanan ərazidə Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmış, ona özlərini təqdim etmiş, ona narkotik vasitələrin istifadəsində və qanunsuz üzərində gəzdirməsində şübhəli olduğunu, üzərinə şəxsi axtarış keçirilməsi üçün onlarla birlikdə Qobustan RPŞ-yə getməsini bildirmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etməyərək onlarla birlikdə Qobustan RPŞ-yə gəlmişdir. Polis şöbəsində xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra vəkillərin siyahısından seçmiş olduğu və dövlət hesabına təyin olunmuş müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı Ağasən Baratov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olan hər hansı maddə, predmet və əşya varsa, könüllü olaraq iştirakçıların yanında təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində olan göy rəngli cins şalvarının qabaq alt hissəsindən 01 ədəd sellofan bükülünü çıxarıb iştirakçılara təqdim edərək həmin bükülünün içərisində narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Qobustan rayonu, Çalov kəndində yol kənarı ilə gedərkən yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin sellofan bükülü açılıb içərisinə baxıldıqda narkotik vasitəyə bənzər yaşıl ot kütləsi aşkar edilmişdir. Həmin bükülü elektron tərəzidə ölçülmüş, aşkar edilərək götürülmüş narkotik vasitəyə bənzər kütlə təhqiqatçı tərəfindən zərflərə qoyularaq Azərbaycan Respublikası DİN-in 142 saylı möhürü ilə möhürlənmiş, iştirakçılar həmin zərfi imzalamışlar. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də, üzərində başqa qanunla qadağan olunmuş hər hansı bir maddə, əşya və predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi barədə protokol tərtib olunmuş və iştirakçılar həmin protokolu imzalamışlar. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularkən ona qarşı heç bir zor tətbiq edilməmişdir. İş üzrə şahid qismində dindirilmiş Qobustan rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkilləri Şahid2 və Qurbanov X1 Şahmar Hafiz oğlu ilə eyni məzmunlu ifadə verdilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə-bioloji ekspertizasının 08 iyul 2023-cü il tarixli, 3-16-16/2-№7/978 nömrəli rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs...” yazıları və imzalar olan kağız paketdəki 01 (bir) ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 290 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Rəyin qeyd hissəsində marixuananın ümumi çəkisinin 290 qram, tədqiqata sərf edilən ümumi miqdarının 0,2 qram, qalıq çəkisinin isə 289,8 qram olması qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 X2-Narkoloji Tibbi ekspertizasının 29 avqust 2023-cü il tarixli, 5524 nömrəli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs anamnezində alkoqoldan sui-istifadəsi nəticəsində asılılıq sindromu müəyyən olunub. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 290,0 qram, ekspert tədqiqatından sonra təmiz çəkisi 289,8 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut əhəmiyyətinə malik olduğundan 12 avqust 2023-cü il tarixdə qəbul edilmiş qərarla iş üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək Qobustan rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən 19 iyul 2023-cü il tarixdə rayon Polis Şöbəsinə daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Qobustan rayon İcra Hakimiyyəti Başçısının Çalov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Qobustan rayon polis şöbəsinin şübhəli şəxsin tutulması haqqında 07 iyul 2023-cü il tarixli qərarından görünür ki, 07 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və 09 iyul 2023-cü il tarixə kimi Qobustan rayon polis şöbəsində saxlanılmışdır. Həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə araşdırılmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün və şahidlərin ifadəsi ilə, eləcə də ekspert rəyi və işdə olan digər sənədlərlə tam sübuta yetir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayəti etiraf edərək əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə zalından dərhal həbsə alınmalı və “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi iş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan 289,8 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli və 78 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347,349, 351-353, 356 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 07 iyul 2023-cü il tarixdən 09 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı iki gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1(bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin. Məhkəmə zalından dərhal həbsə alınsın və “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 21 noyabr 2023-cü il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan 289,8 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə 78 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökmdən təqdim olunan və ya alınan gündən 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №1(026)-24/2023
Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-24/2023
21.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver