Məhkəmə qərarları › İş №1(026)-24/2024

Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-24/2024

10.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-24/2024 10.12.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, Qobustan Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxxxx 1991-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və Şamaxı rayonu, Böyük Xınıslı kəndində nömrəsiz fərdi evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 1,427 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini xeyli miqdarda əldə edib, üzərində saxlamaqla, Qobustan rayonuna daşımış, 03 may 2024-cü il tarixdə saat 18:30 radələrində Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan rayonu, Qobustan şəhəri ərazisində saxlanılaraq Qobustan rayonu, Qobustan şəhəri, Heydər Əliyev prospekti 291 ünvanında yerləşən Qobustan Rayon Polis Şöbəsinə gətirildikdən sonra orada həmin tarixdə saat 19:33-dən 19:43-dək olan müddət ərzində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sağ qabaq cibindən 01 (bir) ədəd sellofan bükülünün içərisində təmiz çəkisi 1,427 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, bir neçə ildir psixotrop maddə və narkotik vasitə istifadə edir. Qeyd edilən müddət ərzində o, psixotrop maddənin metamfetamin, narkotik vasitənin qurudulmuş marixuana növündən istifadə etmişdir. O, tutulmazdan təxminən bir həftə əvvəl şəxsi işləri ilə əlaqədar Bakı şəhərində olmuş, “Şamaxinka” deyilən ərazidə yol kənarında yerdə bir ədəd sellofan bükülü tapmışdır. Həmin bükülünü götürüb içinə baxdıqda içində patı, yəni metamfetamin olduğunu görmüşdür. İçərisində metamfetamin olan həmin sellofan bükülünü daha sonra özü istifadə etmək məqsədi ilə özü ilə götürmüşdür. Onda metamfetamin olmasından heç kimin xəbər tutmaması üçün içərisində metamfetamin olan həmin sellofan bükülünü əynindəki boz rəngli cins şalvarının sağ qabaq cibində gizlədib saxlamışdır. 03 may 2024-cü il tarixdə saat 17 radələrində Bakı şəhərində “Şamaxinka” adlanan ərazidə taksilərin dayandıqları yerə gələrək markasını və dövlət nömrə qeydiyyat nişanını xatırlamadığı taksi ilə Bakı şəhərindən Şamaxı rayonuna yola düşmüşdür. Yolda olduğu vaxt, saat təxminən 18 radələrində Qobustan rayonu, Qobustan şəhəri ərazisində yerləşən “Nərimankənd” dairəsi adlanan ərazidə avtomobil xarab olmuşdur. O isə avtomobildən düşmüş, həmin ərazidən piyada “Son” adlanan əraziyə doğru hərəkət etməyə başlamışdır. O, Qobustan rayonu, Qobustan şəhəri ərazisində yerləşən “Yurd Oil” yanacaq doldurma məntəqəsinin yaxınlığında olarkən mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olmalarını bildirmiş və onun üzərində narkotik vasitə saxlaması barədə onlarda məlumat olmasını demiş, buna görə onlarla birlikdə polis şöbəsinə getməli olduğunu qeyd etmişlər. O da polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Bundan sonra müdafiəçinin və digər iştirakçıların iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və təhqiqatçı tərəfindən ona üzərində olan əşyaları təqdim etməsi təklif edilmişdir. Ondan üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmaması soruşulduqda, əynindəki boz rəngli şalvarının sağ qabaq cibindən Bakı şəhərində tapdığı, bir ədəd sellofan bükülüdə olan metamfetamini çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Ondan həmin sellofan bükülüdəki kütlə haqqında soruşulduqda, həmin kütlənin patı, yəni metamfetamin olduğunu bildirmişdir. Sonra həmin bükülünün içərisinə baxıldıqda içərisində metamfetamin aşkar edilmişdir. Daha sonra içərisində metamfetamin olan bir ədəd sellofan bükülü tərəzidə çəkilmiş, sonra isə ona və digər iştirakçılara həmin kütlənin ekspertizaya göndərilməsi üçün qablaşdırılacağı bildirilmişdir. Həmin bir ədəd sellofan bükülü içərisindəki metamfetamin ilə birlikdə içərisi boş olan zərfə qoyulmuş, zərfin üzəri onun və digər iştirakçıların imzaları ilə imzalanmış və möhürlənərək götürülmüşdür. Bundan sonra təhqiqatçı tərəfindən onun üzərində axtarış aparılmış, əynində olan geyimlərin üzəri, cibləri yoxlanılmışdır. Lakin üzərindən qanunla qadağan olunan başqa heç bir şey aşkar edilməmişdir. Yekunda Təqsirləndirilən şəxs bildirdi ki, xəstədir, QİÇS xəstəliyindən əziyyət çəkir, xəstəliyi ilə əlaqədar olaraq ona İİ dərəcəli əlillik də təyin edilmişdir. Odur ki, ona mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qobustan RPŞ-nin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərdi ki, 03 may 2024-cü il tarixdə Şamaxı şəhər sakini Təqsirləndirilən şəxs Qobustan rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Qobustan RPŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat şöbə rəhbərliyinə məruzə olunduqdan sonra yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədi ilə onun tərəfindən “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərar qəbul edilmişdir. Rayon Polis Şöbəsinin rəhbərliyinin əmri ilə qrupun rəhbəri Qobustan RPŞ-nin Cinayət-Axtarış Bölməsinın rəisi X1, üzvləri isə Qobustan RPŞ-nin əməliyyat müvəkkili Şahid2 və o müəyyən edilmişdir. Daxil olmuş əməliyyat məlumatı əsasında 03 may 2024cü il tarixdə saat 18:30 radələrində Abuşov X3 rayonu, Qobustan şəhəri ərazisində Ceyhun ilə onun tərəfindən saxlanılmış, ona özlərini təqdim etmişlər, narkotik vasitələrin istifadəsində və qanunsuz üzərində gəzdirilməsində şübhəli olduğunu, üzərinə şəxsi axtarış keçirilməsi üçün onlarla birlikdə Qobustan RPŞ-yə getməsini bildirmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etməyərək onlarla birlikdə Qobustan RPŞ-yə gəlmişdir. Polis şöbəsində xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra vəkillərin siyahısından seçmiş olduğu və dövlət hesabına təyin olunmuş müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı Ağasən Baratov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış onun tərəfindən telefon vasitəsilə videolentə alınmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olan hər hansı maddə, predmet və əşya varsa, könüllü olaraq iştirakçıların yanında təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ qabaq cibindən bir ədəd sellofan bükülünü çıxarıb iştirakçılara təqdim edərək həmin bükülünün içərisində psixotrop maddə olan metamfetamin, yəni patı olduğunu, həmin psixotrop maddəni bir həftə əvvəl Bakı şəhəri ərazisində “Şamaxinka” adlanan ərazidə yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin sellofan bükülü açılıb içərisinə baxıldıqda psixotrop maddə olan metamfetaminə bənzər ağ rəngli, kristallik kütlə aşkar edilmişdir. Həmin bükülü elektron tərəzidə ölçülmüş, təhqiqatçı tərəfindən zərfə qoyularaq möhürlənmiş və iştirakçılar həmin zərfi imzalamışlar. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti, o cümlədən heç bir ədavəti və düşmənçiliyi olmamış, həmçinin onunla heç bir qohumluq əlaqəsi yoxdur. Təqsirləndirilən şəxs saxlanılıb polis şöbəsinə gətirilərkən və ondan sonra ona qarşı hər hansı bir fiziki və ya psixi təzyiqə və təsirə yol verilməmişdir. İş üzrə şahid qismində dindirilən Qobustan RPŞ-nin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM-in) 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş materialların məhkəmə ekspertizasının 04 may 2024-cü il tarixli, 3-16-16/2-6/2454 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №142” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1,427 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”nin siyahısına (Siyahı İ) daxildir. Rəyin qeyd hissəsində metamfetaminin təmiz çəkisinin 1,427 qram, tədqiqata sərf edilən ümumi miqdarının 0,05 qram, qalıq çəkisinin isə 1,377 qram olması qeyd edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 19 iyun 2024-cü il tarixli, 4270 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli, 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi sənədlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 1,427 qram, ekspert tədqiqatından sonra təmiz çəkisi 1,377 qram olan psixotrop maddə - metamfetamin maddi sübut əhəmiyyətinə malik olduğundan 09 may 2024-cü il tarixli qərarla iş üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək Qobustan rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən 22 iyul 2024-cü il tarixdə Qobustan rayon Polis Şöbəsinə daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Şamaxı Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən qəti olaraq 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 09 aprel 2024-cü ildə cəzasının sonu ilə azad edilmişdir. İşdə surəti olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 1(001)-507/2022 nömrəli hökmündən görünür ki, həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə uyğun olaraq onun üzərində qəti olaraq 02 il 02 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşdə surəti olan Şamaxı Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 1(074)- 46/2023 nömrəli hökmündən görünür ki, həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 02 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 10 ay 22 gün hissəsi hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasının əvvəlinin 12 yanvar 2023-cü ildən hesablanması qərara alınmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Şamaxı Rayon Məhkəməsinin 16 iyun 2023cü il tarixli, 1(074)-46/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını o, 09 aprel 2024-cü ildə çəkib qurtarmış, lakin CM-in 83.3.3-cü maddəsinə uyğun olaraq cəzanı çəkib qurtardığı gündən iki il keçmədən hazırkı cinayət əməlini törətdiyinə görə onun məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. İşdəki Şamaxı RİHB-nin Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 22 may 2024-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs orta təhsillidir, məhkum olunmuşdur. Atasının verdiyi məlumata əsasən, uzun müddət Rusiya Federasiyasında yaşamışdır, Rusiya vətəndaşı olan və orada yaşayan 2 azyaşlı uşağı və nikahsız arvadı var. Onun barəsində ailə üzvləri və qonşuları tərəfindən RİHB-nin Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. İş üzrə verilmiş əməliyyat tapşırığı əsasında Qobustan RPŞ-nin Cinayət-Axtarış Bölməsindən daxil olmuş məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən 03 may 2024-cü il tarixdə psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetamini satış məqsədi olmadan şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs həmin psixotrop maddə metamfetamindən kənar şəxslərə satmamış, psixotrop maddənin satışı ilə məşğul olmur, psixotrop maddə istifadəçisidir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan psixotrop maddə metamfetaminin əldə edilmə mənbəyini müəyyən etmək mümkün olmamışdır. İşdəki Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” PHŞ-nin “Şamaxı rayon Mərkəzi Xəstəxanası” PHŞ-dan daxil olmuş 30 may 2024-cü il tarixli məktubda göstərilmişdir ki, xx xxxxxxxx 1991-ci il təvəllüdlü Abuşov X6 RMX-nin Narkoloji və Ruhi-əsəb kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 03 may 2024-cü il tarixdə saat 18:30 radələrində saxlanılmış və daha sonra şübhəli şəxs qismində tutulmuş, 05 may 2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, 05 may 2024-cü il tarixdə saat 15:00-da Qobustan RPŞ-nin X2 azad edilmişdir. İşdə surəti olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli, 4(001)-616/2024 saylı qərarından görünür ki, həmin qərarla Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin Bakı İstintaq Təcridxanasına həvalə edilmişdir. İşdə surəti olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 noyabr 2024-cü il tarixli, 4(001)-871/2024 saylı qərarından görünür ki, həmin qərarla Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti istintaq müddətinin sonunadək, yəni 14 yanvar 2025-ci il tarixədək uzadılmışdır. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-in 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.2-ci maddəsinə əsasən, psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır; 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; 21-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. Narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının müvafiq qanunlarla müəyyən edilmiş xeyli miqdarından aşağı olan miqdarı şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas verən az miqdardır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarının: 2-ci bəndinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair əməlləri təsbit edən CM-in 26-cı fəslində yer alan cinayət hüquqi normalar əsasən blanket quruluşa malik olmaqla əməlin cinayət xarakterli olduğunu göstərmək üçün onunla müvafiq normativ hüquqi aktların müddəalarının müqayisə edilməsini, bu müddəalar nəzərə alınmaqla əməlin hüquqi qiymətləndirilməsinin aparılmasını tələb edir. O, cümlədən, narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılmasında mühüm əhəmiyyət kəsb edən bir sıra cinayət-hüquqi kateqoriyalara dair izahların “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 959-İİQ nömrəli Qanununun (bundan sonra – Qanun) 1-ci maddəsində təsbit edildiyi nəzərə alınaraq, həmin izahlar, eləcə də baxılan ittihamın qanuni həlli üçün əhəmiyyətli olan Qanunun digər müddəaları rəhbər tutulmalı, düzgün təfsir olunaraq tətbiq edilməlidir; 4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur; 5-ci bəndinə əsasən, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir; 6-cı bəndinə əsasən, istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın “Psixotrop maddələr” adlı İİ siyahısının 118-ci qrafasına əsasən təmiz halda 0,15 qram metamfetamin xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə-metamfetaminin təmiz çəkisi 1,427 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi əməli etiraf etməsini, İİ qrup əlil olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Şamaxı RİHB-nin Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 22 may 2024-cü il tarixli xasiyyətnaməsi) cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs sonuncu dəfə Şamaxı Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 1(074)-46/2023 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 02 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 10 ay 22 gün hissəsinin Şamaxı Rayon Məhkəməsinin hökmü üzrə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini, cəzasının əvvəlinin 12 yanvar 2023-cü ildən hesablanmasını, onun cəzadan 09 aprel 2024-cü ildə cəzasının sonu ilə azad edildiyini, cəzasını çəkib qurtardığı gündən 2 il müddət keçmədən yenidən qəsdən hazırkı cinayəti törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində residiv müəyyən olunur. Odur ki, həmin hal CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. CM-in 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, barəsində müəyyən edilmiş yuxarıda qeyd edilən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə cinayət törətməkdə təqsirli bilinməsi ilə yanaşı, təyin olunmuş cəzalardan heç bir nəticə çıxarmayaraq islah olunmamaqla, hazırda da Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsində ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində istintaq aparılmasını şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda CM-in 65.2-ci maddəsinə uyğun olaraq məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın müddəti həmin maddədə göstərilən azadlıqdan mərhum etmənin yuxarı həddinin yarısından az olmamalıdır. CM-in 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, şübhəli şəxs qismində tutulub həbsdə saxlanıldığı 02 (iki) gün (03 may 2024-cü ildən – 05 may 2024-cü ilədək, saxlanılma müddətinin 48 saatı keçməməsi nəzərə alınmaqla) həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı (CM - 69.3), Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli, 4(001)-616/2024 saylı qərarı ilə həbs növündə qətimkan tədbiri seçilməklə həbsdə olması və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınmalı, cəzasının əvvəli hökm çıxarıldığı gündən hesablanmalı, o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalı, iş üzrə maddi sübut - Qobustan rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 1,377 qram psixotrop maddə metamfetamin məhv edilməli (CPM - 132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM - 198.1), təqsirləndirilən şəxsə məhkəmə icraatı zamanı göstərilən 8 saat hüquqi yardımla bağlı 48 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçiyə ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 may 2024-cü il tarixdən 05 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı iki gün müddətin bir günü ona təyin edilən azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla ümumilikdə 02 (iki) gün müddət həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli, 4(001)-616/2024 saylı qərarı ilə həbs növündə qətimkan tədbiri seçilməklə həbsdə olması və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınsın. Cəzasının əvvəli 10 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. İş üzrə 65 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı X5 Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən 8 saat hüquqi yardımla bağlı 48 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Qobustan rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Qobustan filialındakı filialın kodu 200725, müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT AİİBAZ2XXXX, müştərinin hesab nömrəsi AZ55AİİB410400H**********172 saylı hesabına köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Qobustan rayon Polis Şöbəsində saxlanılan 1,377 qram psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd DVD disk hazırkı cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma təqdim olunduğu andan) 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar