Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-24/2025 16.12.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, Qobustan Rayon Məhkəməsinin inzibati binasında xx xxxx 1984-cü il tarixdə Xaçmaz rayonu, Tağaroba kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Xaçmaz rayonu, Ləcət ərazi dairəsi, Tağaroba kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 1,150 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini xeyli miqdarda əldə edib, üzərində saxlamaqla Qobustan rayonuna daşımış, Qobustan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 15 iyul 2025-ci il tarixdə saat 21:14 radələrində Qobustan rayonu, Qobustan şəhəri ərazisində saxlanılıb, orada üzəri yoxlanılan zaman əynində olan göy rəngli şalvarın sağ yan cibində saxladığı 01 (bir) ədəd bükülüdə təmiz çəkisi 1,150 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, ünvan 1 ünvanında yaşayır. Bir neçə müddətdir ki, psixotrop maddə və narkotik vasitə istifadə edir. Qeyd etdiyi müddət ərzində psixotrop maddənin metamfetamin, narkotik vasitənin isə heroin və marixuana növündən istifadə etmişdir. O, Qobustan RPŞ-nin əməkdaşları tərəfindən tutulmazdan təxminən 2-3 gün əvvəl Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi ərazisində piyada gəzərkən küçədə yolun kənarında yerdə 01 (bir) ədəd bükülü olduğunu görmüş, həmin bükülünü yerdən götürüb içərisini açmış və içərisində “patı”, yəni psixotrop maddə metamfetamin olduğunu görmüşdür. Əvvəllər psixotrop maddənin metamfetamin növündən istifadə etdiyi üçün onu tanımışdır. Tapdığı həmin bükülünü əynində olan şalvarının cibinə qoymuşdur ki, sonradan istifadə etsin. Lakin həmin psixotrop maddədən istifadə etməmişdir. 15 iyul 2025-ci il tarixdə təxminən saat 17 radələrində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi ərazisindən Qobustan şəhərinə gəzmək və istirahət etmək üçün gəlmək qərarına gəlmişdir. Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi ərazisində avtomobil yolunun kənarına gedib əl edərək saxlatdırdığı, tanımadığı şəxsin idarə etdiyi, markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil ilə Qobustan rayonu istiqamətində yola düşmüşdür. Həmin gün təxminən saat 21 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan şəhəri ərazisindən keçən hissəsində avtomobildən düşüb yolun əks tərəfinə piyada keçmişdir. O, şəhərin ərazisində piyada gəzərkən təxminən saat 21 radələrində tanımadığı 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olmalarını və üzərində narkotik vasitə saxlaması barədə onlarda məlumat olmasını bildirmiş, bu səbəbdən də videoçəkilişdən istifadə edilməklə üzərinə yoxlanış keçirilməsi zərurəti olduğunu izah etmiş, o da üzərinə yoxlanış keçirilməsinə razılığını bildirmişdir. Sonra ondan vəkilə ehtiyacının olub-olmaması soruşulduqda, o, vəkilə ehtiyacının olmadığını bildirmişdir. Bundan sonra üzərinə yoxlanış keçirilən zaman polis əməkdaşları ona üzərində qanunla qadağan olunmuş əşya, predmet və vasitə olduğu halda, təqdim etməsini xahiş etdikdə, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən içərisində metamfetamin olan şəffaf rəngli sellofana bükülmüş 01 (bir) ədəd bükülünü çıxarıb təqdim etmişdir. Həmin bükülü açılaraq bükülüdəki kütlənin nə olması soruşulduqda, o, həmin kütlənin “patı”, yəni metamfetamin olduğunu bildirmişdir. Ondan həmin bükülüdəki kütlə haqqında soruşulduqda, o, həmin kütləni təxminən 2-3 gün əvvəl yaşadığı Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi ərazisində yerdən tapdığını, istifadə etmək üçün üzərində saxladığını, həmin kütlədən kiməsə satmadığını və ya pay vermədiyini bildirmişdir. Daha sonra içərisində metamfetamin olan 01 (bir) ədəd bükülü tərəzidə çəkilmiş və bükülü içərisindəki metamfetamin ilə birlikdə içərisi boş olan zərfə qoyulmuş, zərfin üzəri onun və digər iştirakçıların imzaları ilə imzalanmış və möhürlənərək götürülmüşdür. Bundan sonra polis əməkdaşları onlarla birlikdə polis şöbəsinə getməli olduğunu izah etmiş, o da razılığını bildirmişdir. Polis şöbəsinə gəldikdən sonra ona əvvəlcədən polis əməkdaşları tərəfindən üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddəyə bənzər kütləyə videoçəkilişdən istifadə edilməklə baxış keçirilməsi zərurəti izah edilmiş, o da həmin baxışda iştirak etməyə razılığını bildirmişdir. Bundan sonra müdafiəçinin və digər iştirakçıların iştirakı ilə videoçəkilişdən istifadə edilməklə polis əməkdaşları tərəfindən əvvəlcədən üzərindən aşkar olunaraq götürülmüş 01 (bir) ədəd bükülünün qablaşdırıldığı zərfə baxış keçirilmişdir. Hazırda törətdiyi əməldən peşmandır və barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qobustan RPŞ-nin Cinayət-Axtarış Bölməsinin rəisi Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Qobustan rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan, həmin məlumatın yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunub cinayət başında yaxalanması məqsədi ilə Qobustan RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 tərəfindən Qobustan RPŞ-nin rəhbərliyinə raportla müraciət olunaraq Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədi ilə əməliyyat tədbirlərinin keçirilməsindən ötrü aidiyyəti üzrə göstəriş verilməsi xahiş olunmuşdur. Şöbə rəisinin əmri ilə 15 iyul 2025-ci il tarixdə onun rəhbərliyi, Qobustan RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Qobustan RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 15 iyul 2025-ci il tarixdə saat 21:14 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o, əməliyyat müvəkkili Şahid2 və polis nəfəri, polis serjantı Şahid3 ilə birlikdə Qobustan rayonu, Qobustan şəhəri ərazisində küçədə Təqsirləndirilən şəxs yaxınlaşıb xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını demiş və ona üzərində narkotik vasitə və psixotrop maddə saxlaması barədə məlumatın olmasını bildirib, buna görə videoçəkilişdən istifadə edilməklə üzərinə yoxlanış keçirilməsi zərurəti olduğunu izah etmiş, o da üzərinə yoxlanış keçirilməsinə razılığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs vəkilə ehtiyacının olub-olmaması soruşulduqda, o, vəkilə ehtiyacının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan hər hansı bir əşya və predmet olduğu halda təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükülünü çıxarıb təqdim etmişdir. Həmin bükülünün içərisinə baxıldıqda içərisində metamfetaminə oxşar kütlənin olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs 01 (bir) ədəd bükülünün içərisində olan kütlə haqqında soruşulduqda, o, həmin kütlənin “patı”, yəni metamfetamin olduğunu, həmin kütləni təxminən 2-3 gün əvvəl yaşadığı Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi ərazisində yerdən tapdığını, istifadə etmək üçün üzərində saxladığını, həmin kütlədən kiməsə satmadığını və ya pay vermədiyini bildirmişdir. Daha sonra içərisində metamfetaminə oxşar kütlə olan 01 (bir) ədəd bükülü tərəzidə çəkilmiş, sonra isə həmin 01 (bir) ədəd bükülü içərisi boş olan zərfə qoyulmuş, zərfin üzəri onun və digər iştirakçıların imzaları ilə imzalanmış və möhürlənərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamin əldə etməkdə şübhəli olduğu üçün onlarla birlikdə polis şöbəsinə getməli olduğunu demişlər. Təqsirləndirilən şəxs polis şöbəsinə getməyə razılığını bildirdiyindən polis şöbəsinə gətirilmiş və onun üzərindən aşkar edilərək götürülmüş kütləyə baxış keçirilib qanunauyğun tədbir görülməsi üçün raportla şöbə rəhbərliyinə müraciət edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütləyə baxış keçirilməsi təhqiqatçı Fuad Seyidəhmədliyə həvalə edilmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs, Müdafiəçi, onun, əməliyyat müvəkkili Şahid2 və polis nəfəri Şahid3 iştirakı ilə əvvəlcədən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütləyə videoçəkilişlə baxış keçirilmişdir. Həmçinin o ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılıb polis şöbəsinə gətirilərkən və ondan sonra ona qarşı hər hansı bir fiziki və ya psixi təzyiqə və təsirə yol verilməmişdir. İş üzrə şahid qismində dindirilən Qobustan RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. İş üzrə şahid Qobustan RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 məhkəmə iclasında iştirak etmədiyindən, onun digər şahidlərlə eyni məzmunlu ifadəsi məhkəmə iclasında elan olunmuşdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM-in) 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Sumqayıt Regional Bölməsindən daxil olmuş məhkəmə fiziki-kimyəvi ekspertizasının 16 iyul 2025-ci il tarixli, 20/630 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində AR DİN “Zərflər üçün № 142” möhür əksi, “ Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə; Şübhəli şəxs: /imza/ Təqsirləndirilən şəxs; İştirakçılar: /imza/ Şahid1; /imza/ Şahid2; /imza/ Şahid3” əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,150 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Rəyin qeyd hissəsində metamfetaminin təmiz çəkisinin 1,150 qram, tədqiqata sərf edilən ümumi miqdarının 0,1 qram, qalıq çəkisinin isə 1,050 qram olması qeyd edilmişdir. Aparılmış tədqiqatın dəyəri 60 manat təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 16 sentyabr 2025-ci il tarixli, 5788 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. Cinayət işinə əlavə edilmiş Qobustan RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 tərəfindən tərtib olunmuş 15 iyul 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyanın götürülməsi haqqında” protokoldan görünür ki, Qobustan RPŞ-yə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 15 iyul 2025-ci il tarixdə, saat 21:14 radələrində Qobustan rayonu, Qobustan şəhəri ərazisində piyada hərəkət edərkən saxlanılmış, ona hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya vasitə olub-olmaması soruşulduqda, o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən özünəməxsus 01 (bir) ədəd şəxsiyyət vəsiqəsini, 01 (bir) ədəd alışqanı və şəffaf rəngli sellofana bükülmüş 01 (bir) ədəd bükülünü çıxararaq onlara təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 (bir) ədəd şəxsiyyət vəsiqəsi və 01 (bir) ədəd alışqan araşdırma üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Şəffaf rəngli sellofan açıldıqda ağ rəngli kağızın içərisində ağ rəngli kütlə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs 01 (bir) ədəd bükülünün içərisində olan kütlə haqqında soruşulduqda, o, həmin kütlənin “patı”, yəni metamfetamin olduğunu, təxminən 2-3 gün əvvəl yaşadığı Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi ərazisində yerdən tapdığını, taparkən yanında heç kim olmadığını, istifadə etmək üçün üzərində saxladığını, həmin kütlədən kiməsə satmadığını və ya pay vermədiyini bildirmişdir. Daha sonra içərisində metamfetaminə bənzər kütlə olan 01 (bir) ədəd bükülü elektron tərəzidə çəkilmişdir. Bundan sonra isə həmin 01 (bir) ədəd bükülü içərisi boş olan zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra zərf RPŞ-nin 142 nömrəli möhürü ilə möhürlənib götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzəri, yəni geyimlərinin cibləri yoxlanan zaman onun əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən 01 (bir) ədəd salfet aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 (bir) ədəd salfet onun özünə qaytarılmışdır. Cinayət işinə əlavə edilmiş Qobustan RPŞ-nin TQ-nin təhqiqatçısı, polis mayoru X1 tərəfindən tərtib olunmuş 15 iyul 2025-ci il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, 15 iyul 2025-ci il tarixdə Qobustan RPŞ-də xidməti otaqda RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 təqdim etdiyi əşyaya baxış keçirilmişdir. Həmin istintaq hərəkətində şübhəli şəxs Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi, RPŞ-nin CAB-nin rəisi, polis kapitanı Şahid1, RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 iştirak etmişdir. Təqdim olunan 01 (bir) ədəd kağız zərfə və 01 (bir) ədəd DVD diskə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 (bir) ədəd bükülünün qablaşdırıldığı zərf ona təqdim olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş həmin bükülünün qablaşdırıldığı zərf və zərfdəki kütlə haqqında soruşulduqda o, həmin zərfin üzərindəki imzanın özünəməxsus olduğunu, zərfin içərisində olan kütlənin metamfetamin olduğunu, ona məxsus olduğunu, həmçinin, həmin kütləni tapdığını və şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Həmin kütlə onun üzərindən aşkar edildikdən sonra elektron tərəzidə çəkilmişdir. 01 (bir) ədəd DVD diskdə olan görüntülərdə təhqiqata təqdim olunan psixotrop maddə olan metamfetaminə oxşar kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs həmin psixotrop maddə olan metamfetaminin ona məxsus olmasını və üzərindən aşkar olunmasını bildirməsi əksini tapmışdır. İş materiallarından görünür ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 1,150 qram, ekspert tədqiqatından sonra təmiz çəkisi 1,050 qram olan psixotrop maddə - metamfetamin maddi sübut əhəmiyyətinə malik olduğundan 21 iyul 2025-ci il tarixli qərarla iş üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılması üçün Qobustan RPŞ-nin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən 29 iyul 2025-ci il tarixdə Qobustan RPŞ-yə daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 05 sentyabr 2024-cü il tarixdə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 02 ay 26 gün vaxtından əvvəl şərti azad olunmuşdur. 29 noyabr 2024-cü il tarixdə cəzası bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. İşdə surəti olan Xaçmaz Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 1(067)- 104/2023 nömrəli hökmündən görünür ki, həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və barəsində 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 30 noyabr 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşdə surəti olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, 7(010)-665/2024 nömrəli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasının çəkilməmiş 02 ay 26 günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş üzrə verilmiş əməliyyat tapşırığı əsasında Qobustan RPŞ-nin CAB-dən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1,150 qram miqdarında psixotrop maddə olan metamfetamin onun özünə məxsusdur. Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini istifadə etsə də, psixotrop maddələrin satışı ilə məşğul olmur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1,150 qram miqdarında psixotrop maddə olan metamfetamini satmaq məqsədi olmamışdır. Təqsirləndirilən şəxs hər hansı bir şəxsə psixotrop maddə olan metamfetami satması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin psixotrop maddə olan metamfetamini kimdən və haradan əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1,150 qram miqdarında psixotrop maddə metamfetaminin əldə edilməsində başqa şəxslərin iştirakını, həmçinin Təqsirləndirilən şəxs başqa cinayətlərin törədilməsində iştirakını müəyyən etmək mümkün olmamışdır. “Xaçmaz rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin 01 avqust 2025-ci il tarixli, 18-1-43/2-1144/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Xaçmaz rayon Mərkəzi Xəstəxanası” PHŞ-də həkim-narkoloqun və həkim-psixiatrın qeydiyyatında deyildir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 15 iyul 2025-ci il tarixdə saat 21:14 radələrində Qobustan RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq həmin gün saat 22:00-da şübhəli şəxs qismində tutulmuş, 17 iyul 2025-ci il tarixdə saat 17:50-də barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, Qobustan RPŞ-nin X2 azad edilmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs barəsində axtarış elan edildikdən sonra 13 sentyabr 2025-ci il tarixdə saat 10:00 radələrində tutulmuş, 13 sentyabr 2025-ci il tarixdə saat 16:30-da barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılaraq azad edilmişdir. Qobustan Rayon Məhkəməsinin 02 dekabr 2025-ci il tarixli, 1(026)-24/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbirinin dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməsi, onun məhkəmə iclas zalında dərhal həbs edilməsi, qərarın icrasının Qobustan rayon Polis Şöbəsinə həvalə edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılması qərara alınmışdır. Cinayət işi materiallarına əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi zamanı qeydə alınmış videogörüntünü əks etdirən 01 ədəd disk və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş predmetlərə baxış və götürmənin həyata keçirildiyi videogörüntünün əks olunduğu 01 ədəd disk əlavə edilmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-in 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.2-ci maddəsinə əsasən, psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır; 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; 21-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. Narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının müvafiq qanunlarla müəyyən edilmiş xeyli miqdarından aşağı olan miqdarı şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas verən az miqdardır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarının: 2-ci bəndinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair əməlləri təsbit edən CM-in 26-cı fəslində yer alan cinayət hüquqi normalar əsasən blanket quruluşa malik olmaqla əməlin cinayət xarakterli olduğunu göstərmək üçün onunla müvafiq normativ hüquqi aktların müddəalarının müqayisə edilməsini, bu müddəalar nəzərə alınmaqla əməlin hüquqi qiymətləndirilməsinin aparılmasını tələb edir. O cümlədən narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılmasında mühüm əhəmiyyət kəsb edən bir sıra cinayət-hüquqi kateqoriyalara dair izahların “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 959-İİQ nömrəli Qanununun (bundan sonra – Qanun) 1-ci maddəsində təsbit edildiyi nəzərə alınaraq, həmin izahlar, eləcə də baxılan ittihamın qanuni həlli üçün əhəmiyyətli olan Qanunun digər müddəaları rəhbər tutulmalı, düzgün təfsir olunaraq tətbiq edilməlidir; 4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur; 5-ci bəndinə əsasən, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir; 6-cı bəndinə əsasən, istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın “Psixotrop maddələr” adlı İİ siyahısının 118-ci qrafasına əsasən təmiz halda 0,15 qram metamfetamin xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəmetamfetaminin təmiz çəkisi 1,150 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi əməli etiraf edib peşman olmasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 1(067)-104/2023 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, 7(010)-665/2024 nömrəli qərarı ilə həmin cəzanın çəkilməmiş 02 ay 26 günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsini, 29 noyabr 2024-cü ildə cəzası bitdiyi üçün qeydiyyatdan çıxarılmasını, lakin onun cəzasını çəkib qurtardıqdan 2 il müddət keçmədən yenidən qəsdən hazırkı cinayəti törətməsini nəzərə alaraq bildirir ki, Təqsirləndirilən şəxs əməlində residiv müəyyən olunur. Odur ki, həmin hal CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Belə ki, CM-in 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, məhkumluq ödənilmiş hesab olunur. CM-in 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, barəsində müəyyən edilmiş yuxarıda qeyd edilən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları (cinayətlərin residivi), təyin olunmuş cəzadan heç bir nəticə çıxarmayaraq islah olunmamasını onun şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində CM-in 65.2-ci maddəsinin tələbləri də nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Belə ki, CM-in 65.2-ci maddəsinə uyğun olaraq məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın müddəti həmin maddədə göstərilən azadlıqdan mərhum etmənin yuxarı həddinin yarısından az olmamalıdır. CM-in 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. CM-in 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Eləcə də, məhkəmə-narkoloji ekspertizasının 16 sentyabr 2025-ci il tarixli, 5788 nömrəli rəyinə uyğun olaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 15 iyul 2025-ci il tarixdən 17 iyul 2025-ci il tarixədək (48 saatdan az olması nəzərə alınmaqla) şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin bir günü və 13 sentyabr 2025-ci il tarixdə tutulub saxlandığı 01 (bir) gün müddətin bir günü ona təyin edilən azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla ümumilikdə 03 (üç) gün müddət həmin cəzadan çıxılmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli həbsə alındığı vaxtdan hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Qobustan rayon Polis Şöbəsində saxlanılan 1,050 qram psixotrop maddə - metamfetamin məhv edilməli (CPM - 132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM - 198.1), təqsirləndirilən şəxsə məhkəmə icraatı zamanı göstərilən 5 saat hüquqi yardımla bağlı 55 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçiyə ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 15 iyul 2025-ci il tarixdən 17 iyul 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin bir günü və 13 sentyabr 2025-ci il tarixdə tutulub saxlandığı 01 (bir) gün müddətin bir günü ona təyin edilən azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla ümumilikdə 03 (üç) gün müddət həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni 02 dekabr 2025-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. İş üzrə 60 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı X3 Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən 5 saat hüquqi yardımla bağlı 55 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Qobustan rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Qobustan filialındakı filialın kodu 200725, müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT AİİBAZ2XXXX, müştərinin hesab nömrəsi AZ55AİİB410400H**********172 saylı hesabına köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Qobustan rayon Polis Şöbəsində saxlanılan 1,050 qram psixotrop maddə - metamfetamin məhv edilsin. Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi zamanı qeydə alınmış videogörüntünü əks etdirən 01 ədəd disk və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş predmetlərə baxış və götürmənin həyata keçirildiyi videogörüntünün əks olunduğu 01 ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma təqdim olunduğu andan) 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Samir Mayılov
Məhkəmə qərarları › İş №1(026)-24/2025
Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-24/2025
16.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver