Məhkəmə qərarları › İş №1(026)-25/2021

Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-25/2021

24.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-25/2021 24.11.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi2, Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 1963-cü ildə Xocavənd rayonunun Təəng kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Cəbrayıl şəhəri, Xətai küçəsi, ev 8-də qeydiyyatda olan və Abşeron rayonu, Gənclər şəhərciyi, ev 13, mənzil 36-da yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx xxxxxx 1969-cu ldə Salyan rayonunun Qaraçala kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Salyan rayonunun Varlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə ” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20.07.2021-ci il tarixdə saat 22 radələrində birlikdə Qobustan şəhərində yerləşən “Qobuland” istirahət mərkəzinin ərazisində olan kotteclərin giriş qapısının kilidini dəmir alətlə açıb qanunsuz olaraq içəri daxil olub, oradan Zərərçəkmiş şəxs məxsus bir ədədinin qiyməti 250,0 manat olmaqla ümumi dəyəri 500,0 manat təşkil edən iki ədəd “LG” markalı 106 diaqonal plazma televizor, kotteclərin həyətindən isə bir ədəd 200 manat dəyərində olan “Espa” markalı 1,8 kilovatlıq su nasosunu gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 700 (yeddi yüz) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20.07.2021-ci il tarixdə saat 22 radələrində birlikdə Qobustan şəhərində yerləşən “Qobuland” istirahət mərkəzinin ərazisində olan kotteclərin giriş qapısının kilidini dəmir alətlə açıb qanunsuz olaraq içəri daxil olub, oradan Zərərçəkmiş şəxs məxsus bir ədədinin qiyməti 250,0 manat olmaqla ümumi dəyəri 500,0 manat təşkil edən iki ədəd “LG” markalı 106 diaqonal plazma televizor, kotteclərin həyətindən isə bir ədəd 200 manat dəyərində olan “Espa” markalı 1,8 kilovatlıq su nasosunu gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 700 (yeddi yüz) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmələri aşağıda qeyd edilənlərlə tam sübuta yetir. Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs2 3 ildir ki, tanıyır. Onunla ortaq dostları olduğundan onların vasitəsi ilə münasibətləri yaranmış və bu vaxtadək bir-biriləri ilə yoldaşlıq etmişlər. 20 iyul 2021-ci il tarixdə saat 16 radələrində tanışı Təqsirləndirilən şəxs2 mobil nömrəsinə zəng edərək Şamaxı rayonuna istirahətə getməyi təklif etmişdir. Azər “gəl gedək problem deyil” demişdir. Ona görə də Azərə “evdə ol, gəlib səni götürəcəm” demiş və həmin gün saat 17 radələrində özünə məxsus “Pajero” markalı **- BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Pirallahı rayonuna gəlib Azəri həyətdən götürmüş və Şamaxı rayonu istiqamətində yola düşmüşlər. Saat 19 radələrində Qobustan rayonunda yerləşən “Qobuland” istirahət mərkəzinin qarşısından keçəndə maşının sürətini yavaşlatmış və Azərə “gəl yolüstü çay içək” demişdir. Ona görə də, “Qobuland” istirahət mərkəzinə girmişlər. Maşını istirahət mərkəzinin ərazisində saxlayıb orada piyada gəzməyə başlamışlar. “Qobuland” istirahət mərkəzində kotteclərdə televizor, həyətində isə su nasosu olduğunu bildiyi üçün Azərə “maşınla gəlmişik, gəl kotteclərdə olan televizorları və həyətdə olan su nasosunu oğurlayaq” və “narahat olma mənlikdi, heç kim bilməyəcək” demişdir. Azər də onunla razılaşmışdır. O, “Qobuland” istirahət mərkəzində sifariş əsasında dəfələrlə elektrik işi görmüş, ona görə də, istirahət mərkəzinin ərazisinə yaxşı bələddir və hansı avadanlıqların harada olduğunu bilmişdir. Maşından düşəndə dəmir alət götürüb Azərə verərək “saxla lazım olacaq” demişdir. Həmin ərəfədə istirahət mərkəzinin parkında ümumilikdə, 5-10 nəfər adam olmuşdur. Şübhə doğurmadan ərazini gəzməyə başlamış və Azəri kotteclərin qarşısına gətirmişdir. 2 kottecin plastik qapısının dəstəyini yoxlamışlar. Kotteclərin qapıları bağlı olmuşdur. Azər üzbəüz 2 kottecin plastik qapısını dəmir alət ilə açmışdır. O isə bir neçə metr kənarda dayanıb başqa şəxslərin gəlibgəlməməsinə nəzarət etmişdir. Azər üzbəüz olan hər iki kottecin qapısını dəmir alətlə açdıqdan sonra hər otaqdan bir televizor götürüb otluğa qoymuşdur. O isə kottecin bir neçə metrliyindən su nasosunu götürmüşdür. Ərazidə kimsə oğurluq etdiklərini görə biləcəyindən televizorları və su nasosunu əllərində aparıb maşına qoymaq mümkün olmamışdır. Ona görə də televizorları və su nasosunu otluqda gizlətmişlər. Sonra isə “Qobuland” istirahət mərkəzinin ərazisində yerləşən “Glass” kafedə oturub 10-15 dəqiqə ərzində çay içmişlər. Bundan sonra maşına minərək “Qobuland” istirahət mərkəzindən çıxmışlar. Maşını “Qobuland” istirahət mərkəzi ilə paralel Şamaxı rayonu istiqamətində aşağı sürətlə sürüb kotteclərlə üzbəüz saxlamış və hər ikisi maşından düşmüşlər. Azər dəmir maneəni aşıb otluqdan televizorları və su nasosunu bir-bir ona vermişdir. O da həmin əşyaları özünə məxsus “Pajero” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı maşının baqajına qoymuşdur. Sonra Bakı-Şamaxı-Yevlax magistral yolunda təxminən 300 metr qarşıdan geriyə dönərək Bakı şəhəri istiqamətində yola düşmüşlər. Maşınla Azəri evinə kimi aparmışdır. Televizorun birini Azər götürüb evinə aparmışdır. Su nasosu ilə digər televizoru isə o, özünə götürmüşdür. Kotteclərin qapısını açmaq üçün istifadə edilən dəmir aləti sonradan maşınına qoymuşdur. Oğurluq hadisəsini törətdikləri zaman yanlarında başqa heç kim olmamışdır. O, əvvəllər ümumiyyətlə, oğurluq etməmiş və heç bir cinayət törətməmişdir. İlk dəfədir ki, oğurluq etmişdir. Oğurladığı televizoru və su nasosunu maşınında saxlamışdır. Azərin əvvəllər oğurluq etməsini görməmiş və eşitməmişdir. Zərərçəkmiş şəxs dəymiş maddi ziyanı tam ödəmişlər. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 3 ildir ki, tanıyır. Onunla ortaq dostları olduğundan onların vasitəsi ilə münasibətləri yaranmış və bir-biriləri ilə yoldaşlıq etmişlər. 20 iyul 2021-ci il tarixdə saat 16 radələrində Elxan ona zəng edərək Şamaxı rayonuna istirahətə getməyi təklif etmişdir. Həmin vaxt heç bir işi olmadığı üçün Elxanın təklifini qəbul etmişdir. Elxan ona “evdə ol, gəlib səni götürəcəm” demiş və həmin gün saat 17 radələrində maşını ilə Pirallahı rayonuna gəlib onu həyətindən götürmüş və Şamaxı rayonu istiqamətində yola düşmüşlər. Saat 19 radələrində Qobustan rayonunda yerləşən “Qobuland” istirahət mərkəzinin qarşısından keçəndə Elxan maşının sürətini yavaşlatmış və “gəl yolüstü çay içək” demişdir. Ona görə də “Qobuland” istirahət mərkəzinə girmişlər. Maşını istirahət mərkəzinin ərazisində saxlayıb orada piyada gəzməyə başlamışlar. Elxan həmin vaxt ona “maşınla gəlmişik, gəl kotteclərdə olan televizorları və həyətdə olan su nasosunu oğurlayaq” demişdir. Həmçinin, ona “gəl götürək, narahat olma mənlikdi, heç kim bilməyəcək” deyəndə ona aldanıb təklifi qəbul etmişdir. Maşından düşəndə Elxan maşından dəmir alət götürüb ona verərək “saxla lazım olacaq” demişdir. Həmin ərəfədə istirahət mərkəzinin parkında ümumilikdə, 5-10 nəfər adam olmuşdur. Şübhə doğurmadan ərazini gəzməyə başlamışlar. Elxan əvvəllər dəfələrlə “Qobuland” istirahət mərkəzində elektrik işləri gördüyü üçün ərazini yaxşı tanıdığını demiş və onu kotteclərin qarşısına gətirmişdir. İki kottecin plastik qapısının dəstəyini yoxlamışlar. Kotteclərin qapıları bağlı olmuşdur. Üzbəüz 2 kottecin plastik qapısını dəmir alət ilə qırmadan açmışdır. Elxan isə bir neçə metr kənarda dayanıb başqa şəxslərin gəlibgəlməməsinə nəzarət etmişdir. Üzbəüz olan hər iki kottecin qapısını dəmir alətlə açdıqdan sonra hər otaqdan bir televizor götürüb otluğa qoymuşlar. Sonra isə qapıları dəmirlə bağlamışlar. Elxan isə kottecin bir neçə metrliyindən su nasosunu götürmüşdür. Ərazidə kimsə oğurluq etdiklərini görə biləcəyindən televizorları və su nasosunu əllərində aparıb maşına qoymaq mümkün olmamışdır. Ona görə də televizorları və su nasosunu otluqda gizlətmişlər. Sonra isə “Qobuland” istirahət mərkəzinin ərazisində yerləşən “Glass” kafedə oturub 10-15 dəqiqə ərzində çay içmişlər. Bundan sonra maşına minərək “Qobuland” istirahət mərkəzindən çıxmışlar. Elxan maşını “Qobuland” istirahət mərkəzi ilə paralel Şamaxı rayonu istiqamətində aşağı sürətlə sürüb kotteclərlə üzbəüz saxlamış və hər ikisi maşından düşmüşlər. Dəmir maneəni aşıb otluqdan televizorları və su nasosunu bir-bir Elxana vermişdir. O da həmin əşyaları özünə məxsus “Pajero” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı maşının baqajına qoymuşdur. Sonra Bakı-Şamaxı-Yevlax magistral yolunda qarşıdan geriyə dönərək Bakı şəhəri istiqamətində yola düşmüşlər. Elxan maşını ilə onu evinə kimi aparmışdır. Televizorun birini götürüb evinə apararaq yaşadığı evdə otağa qoymuşdur. Su nasosu ilə digər televizoru isə Elxan özünə götürmüşdür. Kotteclərin qapısını açmaq üçün istifadə olunan dəmir aləti qapıları açdıqdan sonra Elxana vermiş və o, həmin dəmir aləti əvvəlcə cibinə qoymuş, sonra isə maşının qapısında olan saxlanc yerinə qoymuşdur. Oğurluq hadisəsini törətdikləri zaman yanlarında başqa heç kim olmamışdır. O, əvvəllər ümumiyyətlə, oğurluq etməmiş və heç bir cinayət törətməmişdir. İlk dəfədir ki, oğurluq etmişdir. Zərərçəkmiş şəxs dəymiş maddi ziyanı tam ödəmişlər. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadələrində göstərdi ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Qobustan şəhəri ərazisində fəaliyyət göstərən “Qobuland” istirahət mərkəzi ona məxsusdur. Həmin istirahət mərkəzini etibarnamə ilə işlətməsi üçün tanışı Bakı şəhər sakini Şahid həvalə etmişdir. 26 iyul 2021ci il tarixdə Təranə ona zəng edərək “Qobuland” istirahət mərkəzində yerləşən kotteclərdən 02 ədəd televizor və kottecin həyətindən isə 01 ədəd su nasosunun oğurlandığını bildirmişdir. O, Təranəyə bu barədə polisə məlumat verməsini bildirmişdir. 27 iyul 2021-ci il tarixdə Təranə ona zəng edərək polisə məlumat verdiyini və Qobustan rayon Polis Şöbəsində araşdırma aparıldığını bildirmişdir. O bildirmişdir ki, həmin əşyalar ona məxsusdur. “Qobuland” istirahət mərkəzindən oğurluq etmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəlcədən tanımır, onlarla hər-hansı bir ədavət və ya düşmənçiliyi yoxdur. “Qobuland” istirahət mərkəzində aparılan təmir işlərini müxtəlif vaxtlarda fərqli adamlar görmüşdür. Lakin həmin şəxslərin heç birini xatırlamır. Təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Onlardan heç bir şiakayəti və tələbi yoxdur. Şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Qobustan rayonu ərazisində yerləşən “Qobuland” istirahət mərkəzinin sahibi Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır. Zərərçəkmiş şəxs “Qobuland” istirahət mərkəzinə nəzarəti ona tapşırmışdır. 26 iyul 2021-ci il tarixdə günorta saatlarında istirahət mərkəzində olarkən kotteclərin ümumi vəziyyətinə nəzarət etmək qərarına gəlmişdir. Bununla əlaqədar bir-bir kotteclərə daxil olub onların vəziyyətinə baxmışdır. Həmin vaxt orada olan kotteclərdən ikisində televizorun olmadığını aşkar etmişdir. Daha sonra kotteclərdən birinin həyətində su nasosunun olmamasını gördükdə həmin əşyaların oğurlandığını başa düşmüşdür. Buna görə də, bu barədə “Qobuland” istirahət mərkəzinin sahibi Zərərçəkmiş şəxs məlumat vermişdir. Zərərçəkmiş şəxs isə dərhal Qobustan rayon Polis Şöbəsinə məlumat verməsini bildirmişdir. Bu səbəbdən hadisə ilə əlaqədar 27 iyul 2021-ci il tarixdə ərizə ilə Qobustan rayon Polis Şöbəsinə müraciət etmişdir. 28 iyul 2021-ci il tarixdə isə Qobustan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Qobuland” istirahət mərkəzində oğurluq etmiş şəxslər müəyyən edilmişdir. Sonuncu dəfə “Qobuland” istirahət mərkəzində 20 iyul 2021-ci il tarixdə günorta saatlarında olmuşdur. Həmin vaxt kotteclərdə olan televizorlar və həyətdə olan su nasosu yerində olmuşdur. “Qobuland” istirahət mərkəzindən oğurluq etmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanımır. “Qobuland” istirahət mərkəzində aparılan təmir işlərini müxtəlif vaxtlarda fərqli adamlar görmüşdür. Lakin, həmin şəxslərin heç birini xatırlamır. “Qobuland” istirahət mərkəzindən oğurlanmış iki ədəd televizor və bir ədəd su nasosu “Qobuland” istirahət mərkəzinin sahibi Zərərçəkmiş şəxs məxsusdur. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13 sentyabr 2021-ci il tarixli, 9/5815 nömrəli rəyindən görünür ki, 2015-ci il istehsallı “LG” markalı 106 diaqonal plazma televizorun bir ədədinin qiyməti 250,0 manat, iki ədədinin ümumi dəyəri 500 manat, İspaniya istehsalı “Espa” markalı 1,8 kvt-lıq su nasosunun bir ədədinin qiyməti 200 manatdır. Ekspertiza təyini haqqında qərarın təsviri hissəsində qeyd edilən və fotoşəkilləri təqdim edilmiş malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq, 2021-ci ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 700,0 manat müəyyən edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən rayon Polis Şöbəsinə daxil olmuş 03 avqust 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən rayon Polis Şöbəsinə daxil olmuş 03 avqust 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cəbrayıl rayon İcra Hakimiyyəti Başçısının Cəbrayıl şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 23 avqust 2021-ci il tarixdə verdiyi 574 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 12 aprel 1958-ci il təvəllüdlü arvadı X1, 07 iyul 1991-ci il təvəllüdlü oğlu X3, 10 iyul 1993-cü il təvəllüdlü qızı X4 və 26 oktyabr 1997-ci il təvəllüdlü qızı X2 vardır. Cəbrayıl rayon İcra Hakimiyyəti Başçısının Cəbrayıl şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentinin Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 15 avqust 2021-ci il tarixdə verdiyi 153 saylı Mənzil-Kommunal İstismar sahəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs2 həqiqətən də, ünvan 1 ünvanında yaşayır, himayəsində 1972-ci il təvəllüdlü arvadı X5 və 1999-cu il təvəllüdlü qızı X6 vardır. Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentinin Pirallahı rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin 153 saylı Mənzil-Kommunal İstismar sahəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunur. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli, zərərçəkmiş şəxslərin və şahidin ifadələri ilə tam sübuta yetir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vurulmuş ziyanı tamamilə ödəmələrini, əməllərindən səmimi peşman olmalarını, zərərçəkmiş şəxsin onlara qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, onların cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Barələrində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış 2 ədəd 2015-ci il istehsallı “LG” markalı 106 diaqonal plazma televizor və İspaniya istehsalı “Espa” markalı 1,8 kvt-lıq su nasosunun sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Maddi sübut kimi tanınan və Qobustan rayon polis şöbəsinin maddi sübutların saxlanılması anbarında saxlanılan bir ədəd dəmir alət məhv edilməlidir. İş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347-349, 351-353, 356 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 28 iyul 2021-ci il tarixdən 29 iyul 2021-ci il tarixədək həbsdə olduğu 2 gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılsın, Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhəri-Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Probasiya Xidmətinin Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Cəzasının əvvəli Probasiya Xidmətinin Bakı şəhər Probasiya idarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cümaddələri ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 28 iyul 2021-ci il tarixdən 29 iyul 2021-ci il tarixədək həbsdə olduğu 2 gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılsın, Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Probasiya Xidmətinin Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Cəzasının əvvəli Probasiya Xidmətinin Bakı şəhər Probasiya idarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 2 ədəd 2015-ci il istehsallı “LG” markalı 106 diaqonal plazma televizor və İspaniya istehsalı “Espa” markalı 1,8 kvt-lıq su nasosunun sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Maddi sübut kimi tanınan və Qobustan rayon polis şöbəsinin maddi sübutların saxlanılması anbarında saxlanılan bir ədəd dəmir alət məhv edilsin. İş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərilmiş 10 saat hüquqi yardıma görə 60 manat Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi1 hesabına, Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərilmiş 10 saat hüquqi yardıma görə 60 manat Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi2 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökmdən təqdim olunan və ya alınan gündən 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar