Məhkəmə qərarları › İş №1(026)-25/2022

Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-25/2022

16.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-25/2022 16.12.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 və zərərçəkmiş şəxsin hüquqi varisi, zərərçəkmiş şəxs və zərər çəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs2 nümayəndəsi Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs və zərər çəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs2 və mülki iddiaçı X5 iştirakı ilə, xx xxxx 1989-cu ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, bir uşaq atası, məhkum olunmamış, fərdi sürücülük fəaliyyəti ilə məşğul olan, Abşeron rayonu, Saray qəsəbəsi, Babək küçəsi, ev 39-da qeydiyyatda olub, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 23 avqust 2022-ci ildə saat 13:50 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan Toyota Prius markalı ** EN *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu ərazisindən keçən 85,8-ci kilometrində, Bakı istiqamətində sağ zolaqda 90 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələblərə əməl etməyib, idarəetməni itirərək yolun sağ kənarına çınqıl örtüklü ehtiyat hissəyə çıxmış, avtomobili sola yola qaytarmaq istərkən avtomobil yolayırıcı beton səddə çırpılmış, nəticədə Toyota Prius markalı avtomobilin sərnişinlərindən 2022-ci il təvəllüdlü X3 baş beyinin əzilməsi, baş beyin maddəsinə və qişaları altına qansızmalar, baş beyinin travmatik ödemi, kəllə tağı və əsası sümüklərinin sınığı, daxili qanaxma ilə müşahidə olunan sol ağciyərin cırılması, sol tərəfli 4-5-6-7-8 qabırğaların, burun, sol almacıq və sol baldır sümüklərinin qapalı yerini dəyişən sınıqları, alın, burun beli, üst dodaq, sol bud və sol baldır nahiyələrinin əzilmiş cırılmış yaraları, döş qəfəsi, sol kürəkaltı, bel, sağ diz oynağı və sağ baldır nahiyələrinin sıyrıqları kimi insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətlərindən ölməsinə, digər sərnişinlər 2021-ci il təvəllüdlü X1 sümüklərinin sınığı, baş beynin silkələnməsi, sol bazu süyümünün distal ucunun və cisminin sınığı, sağ bud sümüyünün aşağı ucunun sınığı, sol alın və sol yanaq nahiyələrinin sıyrıqları kimi insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran, Zərərçəkmiş şəxs2 sol sirkə kasasın parçası sınığı, sol qalça sümüyünün sınığı, sol qasıq sümüyünün sınığı, sol körpücük sümüyünün sınığı, sağ və sol dirsək oynaqları, sol diz oynağı, sol baldır, sol ayağın üstü və qarın nahiyələrin sıyrıqları kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıda qeyd edilənlərlə tam sübuta yetir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 23 avqust 2022-ci il tarixdə saat 13:50 radələrində etibarnamə əsasında idarə etdiyi Toyota Prius markalı ** EN *** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ rayonundan Bakı şəhəri istiqamətində hərəkətdə olarkən Bakı-Şamaxı yolunun 85.8-ci km-yə çatdıqda avtomobili 90 km/saat sürətlə sağ zolaqda hərəkət etdirmiş, ani anda idarə etməni itirdiyindən yolun sağına çınqıl ehtiyat hissəyə çıxmışdır. Sükanı sola alıb asfalta çıxmaq istəyərkən avtomobil ondan asılı olmayaraq solda olan orta beton zolağın kənarına çırpılmış, sükanı sağa almış, avtomobil irəliyə sağa gedərək fırlanıb idarəetməni itirərək avtomobil sağ zolaqda dayanmışdır. Avtomobildə olan sərnişinlərdən ər-arvad və onların iki azyaşlı uşaqları xəsarət aldıqları üçün onları xəstəxanaya yola salmışlar. Az sonra eşitmişdir ki, körpə uşaq aldığı xəsarətlərdən ölmüşdür. Hadisə zamanı o, xəsarət almamışdır. O, həmin sərnişinləri 4 gün əvvəl Qəbələ rayonuna aparmış, hadisə günü həmin kişi ona zəng vuraraq Bakı şəhərinə aparılmalarını xahiş etmişdir. O, kişinin xahişi ilə onun ailəsini Bakı şəhərinə apararkən yol-nəqliyyat hadisəsi baş vermişdir. Həmin vaxtı kişi qabaq sağ oturacaqda, qadın arxa sağda, körpə uşaq qadının qucağında, digər azyaşlı oğlan uşağı isə anasının yanında oturmuşdur. O, başqa avtomobillə toqquşmamış, hadisədən əvvəl spirtli içki qəbul etməmiş, avtomobili saz və yüksüz vəziyyətdə olmuşdur. Əməlindən səmimi peşmandır. Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq şahid kimi ifadəsi alınmış Zərərçəkmiş şəxs1 göstərdi ki, 23 avqust 2022-ci il tarixdə sərnişini olduğu Toyota Prius markalı avtomobil ilə Qəbələ rayonundan Bakı şəhərinə gələrkən o, qabaq sağ oturacaqda, arvadı Zərərçəkmiş şəxs2 qucağında 25 iyun 2022-ci il təvəllüdlü oğlu Tuncay Quliyev arxada, solda isə digər oğlu 21 avqust 2020-ci il təvəllüdlü Rəsul Quliyev oturmuşdur. Sürücü Təqsirləndirilən şəxs qiyabi olaraq bir neçə gün əvvəl tanımış, Bakı- Şamaxı-Yevlax yolunun Qobustan rayonu ərazisindən keçərkən saat 13:50 radələrində sürücü avtomobili təxminən 90 km/saat sürətlə az yuxarı hərəkət etdirmiş, birdən ani anda avtomobilin sağ təkərləri yoldan sağda olan çınqıllıq ehtiyat hissəyə çıxmış, sürücü sükanı sola burmuş, avtomobil asfalta qayıdaraq sol tərəfi ilə beton zolağa çırpılmış, yenidən irəliyə gedərək yenədə hündür olan beton zolağa dəyərək fırlanıb yolun sağında asfalt üzərində dayanmışdır. Nəticədə o, Sədaqət və hər iki uşağı Rəsul və Tuncay xəsarət almışlar. Onlar Qobustan rayon xəstəxanasına müraciət etmişlər. Az keçmiş Tuncay aldığı xəsarətlərdən ölmüşdür. Onlar isə Bakı şəhər xəstəxanasına gəlmişlər. Avtomobil yolda başqa avtomobili lə toqquşmamış, qarşısında heç bir maneə olmamış, heç bir səbəb olmadan sürücü idarəetməni itirib yolun sağına çıxaraq hadisə törətmişdir. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi, zərərçəkmiş şəxs və zərər çəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs2 nümayəndəsi Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş zərər tam ödənildiyini, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbləri olmadığını bildirmişdir. Cinayət işi üzrə ifadəsi elan olunan və araşdırılan zərər çəkmiş şəxsin qanuni nümayəndəsi və zərərçəkmiş şəxs qismində tanınaraq ifadəsi alınmış Zərərçəkmiş şəxs2 ifadə verərək göstərmişdir ki, 23 avqust 2022-ci il tarixdə taksi ilə Qəbələ rayonundan Bakı şəhərinə evinə gələrkən həmin taksi yoldan çıxmış, bundan sonra heç nə xatırlamamışdır. Gözünü xəstəxanada açmış, hadisə nəticəsində o, əri Binnət, oğlu Rəsul xəsarət almış, digər oğlu X7 ölmüşdür. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Zərər çəkmiş şəxsin qanuni nümayəndəsi və Zərərçəkmiş şəxs2 məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə göndərərək, Təqsirləndirilən şəxs heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir. Cinayət işi üzrə mülki iddiaçı qismində tanınaraq dindirilmiş X10 ifadəsində göstərdi ki, X11 onun anasıdır. Toyota Prius minik markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobil anasının adında olsa da ona məxsusdur və anasından ona mülki etibarnamə də vardır. 23 avqust 2022-ci il tarixdə, saat 13:50 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayon ərazisindən keçən 85,8-ci kilometirliyində, Təqsirləndirilən şəxs idarə etdiyi ona məxsus Toyota Prius minik markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhər istiqamətində hərəkətdə olarkən, idarəetməni itirib yoldan çıxaraq beton səddə çırpılmış, nəticədə avtomobildə olan sərnişinlərdən 25 iyun 2022-ci ildə Bakı şəhərində anadan olmuş, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y/Y masssivi, döngə 1-də yaşayan X7 ölmüş, digər sərnişinlər 1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1, 1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 və 2021-ci il təvəllüdlü X8 xəsarət almışlar. Həmin yol nəqliyyat hadisəsi nəticəsində avtomobil yararsız vəziyyətə düşərək ona 13.500 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. İş üzrə mülki iddiadan imtina etdiyini bildirdi və iddiaya xitam verilməsini xahiş etdi. Cinayət işi üzrə mülki iddiaçı qismində tanınaraq dindirilmiş X10 məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın tam ödənildiyini və təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi olmadığını göstərdi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyi” X14 23 avqust 2022-ci il tarixli 04 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, X2 meyitinin bədəni üzərində aşkar edilmiş xəsarətlər baş beyinin əzilməsi, baş beyin maddəsinə və qişaları altına qansızmalar, baş beyinin travmatik ödemi, kəllə tağı və əsası sümüklərinin sınığı, daxili qanaxma ilə müşahidə olunan sol ağciyərin cırılması, sol tərəfli 4-5-6-7-8 qabırğaların, burun, sol almacıq və sol baldır sümüklərinin qapalı yerini dəyişən sınıqları, alın, burun beli, üst dodaq, sol bud və sol baldır nahiyələrinin əzilmiş cırılmış yaraları, döş qəfəsi, sol kürəkaltı , bel, sağ diz oynağı və sağ baldır nahiyələrinin sıyrıqları bərk küt əşya (əşyalar) təsiri nəticəsində törənmişdir, xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı salonunda olduğu avtomaşın idarə etməni itirib yoldan çıxaraq beton səddə çırpıması nəticəsində əmələ gəlməsi istisna olunmur, dərəcəsinə görə həyatla bir araya sığmayan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər, mərhumun ölümü ilə bir başa səbəbli əlaqəlidir. Ölümünə səbəb daxili qanaxma ilə müşahidə olunan sol ağciyərin cırılmış yarası, sol tərəfli 4-5-6-7-8 qabırğaların sınıqları fonunda, başın küt travması, baş beyinin əzilməsi, baş beyin maddəsinə və qişaları altına qansızmalar, baş beyinin travmatik ödemi, kəllə tağı və əsası sümüklərinin sınıqları olmuşdur. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, X2 ölümü onun meyitinin meyitxanada müayinəsi keçirilən vaxtdan (xx.xx.2022-ci il, saat 15:00) təxminən 1-3 saat əvvəl baş vermişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyi” X14 17 sentyabr 2022-ci il tarixli 147 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, X4 bədəni üzərində aşkar edilmiş xəsarətlər kəllə sümüklərinin sınığı, baş beynin silkələnməsi, sol bazu süyümünün distal ucunun və cisminin sınığı, sağ bud sümüyünün aşağı ucunun sınığı, sol alın və sol yanaq nahiyələrinin sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, 23 avqust 2022-ci il tarixdə salonunda olduğu avtomobilin beton maneə ilə toqquşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyi” X14 17 sentyabr 2022-ci il tarixli 148 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər sol sirkə kasasın parçası sınığı, sol qalça sümüyünün sınığı, sol qasıq sümüyünün sınığı, sol körpücük sümüyünün sınığı, sağ və sol dirsək oynaqları, sol diz oynağı, sol baldır, sol ayağın üstü və qarın nahiyələrin sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, 23 avqust 2022-ci il tarixdə salonunda olduğu avtomobilin beton maneə ilə toqquşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 13 sentyabr 2022-ci il tarixli, 8/2389 nömrəli rəyindən görünür ki, Toyota Prius markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət edərək hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Qobustan Avtoxidmət stansiyasından alınmış xx.xx.2022-ci il tarixli 35 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Toyota Prius markalı ** EN *** dövlət qeydiyyat nişanlı avtomobilə 13.200-13.500 manat ziyan dəymişdir. İş materiallarına əlavə olunmuş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 23 avqust 2022-ci il tarixli 4978 nömrəli aktı ilə Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olduğu müəyyən edilmişdir. DİN BDYPİ Qİİ tərəfindən verilmiş 27 avqust 2022-ci il tarixli 016-110759-1222 nömrəli məktubdan məlum olur ki, DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompyuter uçot bazasına əsasən xx xxxx 1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə (xx.xx.2030-cu il tarixədək etibarlı olan) AE 062302 nömrəli «B» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN BDYPİ Sumqayıt şəhər Qeydiyyat İmtahan və X15 tərəfindən xx.xx.2020-ci il tarixdə “B” kateqoriyalı AE 062302 saylı sürücülük vəsiqəsi verilmiş və xx.xx.2030-cu ilə qədər etibarlıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən daxil olmuş 31 avqust 2022-ci il tarixli tələbnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün, zərərçəkmiş şəxsin hüquqi varisi, zərərçəkmiş şəxs və zərər çəkmiş şəxsin qanuni nümayəndəsinin ifadələri ilə, eləcə də ekspert rəyi və işdə olan digər sənədlərlə tam sübuta yetir. Onun əməli Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı nəticəsində ilk dəfə olaraq az ağır cinayət törətməsini, törətdiyi cinayəti etiraf edib əməlindən səmimi peşmançılıq keçirməsini, zərərçəkmiş şəxsin hüquqi varisinə və zərərçəkmiş şəxslərə ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin və zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayəti və tələbi olmamasını, himayəsində bir nəfər azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasının həddində nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə 85 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 188-ci maddəsinə əsasən, cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə sənədlər və sübutlar buna imkan verirsə, müstəsna hallarda məhkəmə baxışı zamanı şəxs verilmiş mülki iddianı şəxsən müdafiə etmək imkanından məhrum olduqda, məhkəmə öz təşəbbüsü ilə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyanın ödənilməsi barədə qərar qəbul etməyə haqlıdır. İş üzrə mülki iddia tam ödənilmişdir. Belə ki, mülki iddiaçı X10 məhkəməyə ərizə təqdim edib ona dəymiş ziyanın tam ödənildiyini göstərərək, mülki iddiadan imtina etdiyini və iddiaya xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi, zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs2 nümayəndəsi Zərərçəkmiş şəxs1 mülki iddiaya xitam verilməsinə etiraz etməmişdir. Ona görə də qanunvericiliyə əsasən mülki iddia üzrə icraata xitam verilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Toyota Prius markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahibi X9 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 10 saat hüquqi yardıma görə 60 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi2 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351- 353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Toyota Prius markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahibi X9 qaytarılması nəzərə alınsın. İş üzrə 85 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddia üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 10 saat hüquqi yardıma görə 60 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi2 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökmdən təqdim olunan və ya alınan gündən 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar