Məhkəmə qərarları › İş №1(026)-25/2024

Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-25/2024

03.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-25/2024 03.12.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə, Qobustan Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxx 1990-cı il tarixdə Qobustan rayonu, Nabur kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, orta təhsilli, məhkumluğu olmayan, Qobustan rayonu, Nabur kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, o, 09 sentyabr 2022-ci il tarixdən başlayaraq övladı 11 mart 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa 160,00 manat sabit pul məbləğində alimenti Cəlilova (Abdullayeva) Şəhanə Şahid qızının xeyrinə ödənilməsinə dair Şamaxı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 07 mart 2023-cü il tarixli, 2(074)-54/2023 saylı qətnaməsinin icrasını təmin etməsi ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyindən Qobustan Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli, 3(026)- 234/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 10 (on) gün müddətində inzibati həbs edilməsinə, məhkəmə aktını icra etməsi ilə əlaqədar ona 02 oktyabr 2023-cü il, 13 noyabr 2023-cü il, 11 dekabr 2023-cü il, 15 yanvar 2024-cü il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq verilməsinə baxmayaraq cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 07 mart 2024-cü il tarixədək şəxsi maraq niyyəti ilə cəmi 2730,00 manat aliment borcunu zərərçəkmiş şəxs Cəlilova (Abdullayeva) Şəhanə Şahid qızına ödəməmiş, habelə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Cəlilova (Abdullayeva) Şəhanə Şahid qızı ilə 2012-ci ildə evlənmiş, birgə nikahlarından X2 doğulmuş, evli olduqları müddətdə bir yerdə yaşamaqları mümkün olmadığından Zərərçəkmiş şəxs (Abdullayeva) ona qarşı nikahlarına xitam verilməsi və aliment tələbinə dair Şamaxı Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin 07 mart 2023-cü il tarixli, 2(074)-54/2023 saylı qətnaməsi ilə iddia təmin edilərək nikahlarına xitam verilmiş və övladı sonuncunun himayəsinə verilərək əvvəli 09 sentyabr 2022-ci il tarixdən hesablanmaqla hər ay bir uşağa 160,00 manat sabit pul məbləğində alimentin ondan tutularaq 11 mart 2017-ci il təvəllüdlü Zəhra Abdulaliyevanın yetkinlik yaşına çatana kimi saxlanması üçün Zərərçəkmiş şəxs (Abdullayevanın) xeyrinə ödənilməsi qət edilmiş, bununla əlaqədar Qobustan rayon İcra və Probasiya şöbəsinin icra məmurları ona bildiriş təqdim etməklə qətnamənin icrasını tələb etmiş, o isə maddi imkanı olmadığından məhkəmə aktını icra etməmiş, icra məmuru alimentin ödənilməsi ilə əlaqədar ondan izahatlar almış, hətta Qobustan Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli, 3(026)- 234/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 10 (on) gün müddətində inzibati həbs edilmiş, bundan sonra icra məmuru məhkəmə aktının icrasını təmin etməsinə dair ona yeni müddət təyin etməklə rəsmi xəbərdarlıq verməsinə baxmayaraq alimenti ödəməmişdir. Eyni zamanda qeyd etdi ki, bir neçə dəfə tələbkara poçt vasitəsilə 50 manat ödəməyə cəhd etsə də, Zərərçəkmiş şəxs həmin pulu götürməkdən imtina etdiyindən özü həmin 50 manatı poçtdan geri götürmüşdür. Yekunda Təqsirləndirilən şəxs ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2012-ci ildə evlənmiş, birgə nikahlarından X2 doğulmuş, evli olduqları müddətdə bir yerdə yaşamaqları mümkün olmadığından ona qarşı nikahlarına xitam verilməsi və aliment tələbinə dair Şamaxı Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin 07 mart 2023-cü il tarixli, 2(074)-54/2023 saylı qətnaməsi ilə iddia təmin edilərək nikahlarına xitam verilmiş, həmin vaxdan övladı onun himayəsinə verildiyi üçün əvvəli 09 sentyabr 2022-ci il tarixdən hesablanmaqla, hər ay bir uşağa 160,00 manat sabit pul məbləğində alimentin Təqsirləndirilən şəxs tutularaq 11 mart 2017ci il təvəllüdlü Z.Abdulaliyevanın yetkinlik yaşına çatana kimi saxlanması üçün ona ödənilməsi qət edilmişdir. Qətnamənin icrası ilə Qobustan rayon İcra və Probasiya şöbəsinin icra məmurları məşğul olmuş, bununla əlaqədar Təqsirləndirilən şəxs bildiriş təqdim edilsə də, sonuncu alimenti ödəməkdən birmənalı şəkildə imtina edərək icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Qobustan Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli, 3(026)-234/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 10 (on) gün müddətində inzibati həbs edilmiş, icra məmuru alimentin ödənilməsi üçün ona rəsmi xəbərdarlıq verməsinə baxmayaraq o, alimenti ödəməməklə məhkəmə aktının icrasından qərəzli olaraq yayınmışdır. Eyni zamanda göstərdi ki, Təqsirləndirilən şəxs icra məmurları qətnamənin icrasını tələb etdikdə bir-iki dəfə o, poçt vasitəsilə 50 manat ödəniş etdiyini bildirmiş, bu barədə poçtdan maraqlandıqda Təqsirləndirilən şəxs 50 manat ödəniş edib bir neçə dəqiqə sonra qayıdıb həmin pulu geri aldığı məlum olmuşdur. Odur ki, Təqsirləndirilən şəxs ən ağır cəza verilməsini istəyir. İş üzrə şahid qismində dindirilmiş Qobustan rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərdi ki, əvvəli 09 sentyabr 2022-ci il tarixdən hesablanmaqla 11 mart 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa 160,00 manat sabit pul məbləğində alimentin Təqsirləndirilən şəxs tutularaq Cəlilova (Abdullayeva) Şəhanə Şahid qızının xeyrinə ödənilməsinə dair Şamaxı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 07 mart 2023-cü il tarixli, 2(074)-54/2023 saylı qətnaməsi icrasının təmin edilməsi ilə əlaqədar Qobustan rayon İcra və Probasiya şöbəsinə daxil olmuş, icra sənədi icraata qəbul edilərək 15 may 2023-cü il tarixdə icraata başlanma haqqında qərar qəbul edilmiş, tələbin könüllü icra müddətində təmin edilməsi üçün Təqsirləndirilən şəxs bildiriş təqdim edilməsinə baxmayaraq, o, alimenti ödəmədiyi üçün məcburi icra tədbiri olaraq sonuncunun əmlak vəziyyəti yoxlanılmış, lakin ona məxsus əmlakları aşkar etmək mümkün olmamış, bundan sonra o, şöbəyə dəvət olunaraq izahatları alınmış, habelə qanunun tələbləri və məsuliyyəti ona izah edilmiş, Təqsirləndirilən şəxs isə izahatlarında uzun illərdir özünə məxsus həyətyanı torpaq sahəsində təsərrüfat əkərək fərdi əməklə məşğul olduğunu bildirsə də, alimenti ödəməmiş, üzərindən uzun müddət keçsə də, sonuncu icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən üzrsüz səbəbdən yayındığından Qobustan Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli, 3(026)-234/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsinə əsasən təqsirli bilinərək 10 (on) gün müddətində inzibati həbs edilmiş, qətnaməni icra etməsindən ötrü ona yeni müddət təyin edilsə də, hərəkətsizliyini davam etdirməklə məhkəmə aktını qərəzli olaraq icra etməmişdir. İş üzrə şahid qismində dindirilmiş Qobustan rayon İcra və Probasiya şöbəsinin rəisi Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şamaxı Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2(074)-54/2023 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə Abdullayeva Şəhanə Şahid qızı ilə Təqsirləndirilən şəxs arasında 13 sentyabr 2012-ci il tarixdə Şamaxı rayon İHB-nın Qaleybuğurd kənd icra nümayəndəliyində 13 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş 11 mart 2017-ci il təvəllüdlü X1 iddiaçı (anası) Abdullayeva Şəhanə Şahid qızının himayəsində saxlanılması, 11 mart 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 09 sentyabr 2022-ci il tarixdən başlayaraq hər ay 160 manat sabit pul məbləğində alimentin Təqsirləndirilən şəxs tutularaq Abdullayeva Şəhanə Şahid qızına ödənilməsi qət edilmişdir; Şamaxı Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli məktubunun surətindən görünür ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-54/2023 saylı, 07 mart 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməmişdir; Şamaxı Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2(074)-54/2023 saylı icra vərəqəsinin surətindən görünür ki, 11 mart 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 09 sentyabr 2022-ci il tarixdən başlayaraq hər ay 160 manat sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs tutularaq Abdullayeva Şəhanə Şahid qızına ödənilməlidir; Qobustan rayon İcra və Probasiya şöbəsinin 15 may 2023-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən görünür ki, həmin qərarla Şamaxı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(074)-54/2023 saylı, 07 mart 2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır; Qobustan rayon İcra və Probasiya şöbəsi tərəfindən borclu Təqsirləndirilən şəxs ünvanlanmış 15 may 2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, 15 may 2023-cü il tarixli qərarla icraatına başlanılan Şamaxı Rayon Məhkəməsinin 2(074)-54/2023 saylı, 07 mart 2023-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi borcludan xahiş edilmiş, bu müddətdə tələb üzrsüz səbəbdən icra edilməsə, icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı barədə xəbərdarlıq edilmişdir; Qobustan rayon İcra və Probasiya şöbəsinin borclu Təqsirləndirilən şəxs ünvanlanmış 19 may 2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-54/2023 saylı, 07 mart 2023-cü il tarixli icra sənədində göstərilən tələbi icra etmədiyinə görə borclu icra orqanına çağırılmış, gəlməyəcəyi təqdirdə barəsində məcburi gətirilmə tətbiq ediləcəyi barədə xəbərdarlıq edilmişdir; Qobustan rayon İcra və Probasiya şöbəsinin 31 iyul 2023-cü il tarixli qərarının surətindən görünür ki, borclu Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir; Qobustan RPŞ-nin Qobustan rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış 17 avqust 2023-cü il tarixli məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs saxlanılaraq 17 avqust 2023-cü ildə Qobustan rayon İcra şöbəsinə gətirilməsi təmin edilmişdir; İnzibati xəta haqqında MN ******* nömrəli, 17 avqust 2023-cü il tarixli protokolun surətindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir; Qobustan Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli, 3(026)-234/2023 saylı qərarının surətindən görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilmiş, həbsetmənin əvvəlinin 17 avqust 2023-cü il tarixdən hesab edilməsi qərara alınmışdır; Qobustan Rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli məktubunun surətindən görünür ki, Qobustan Rayon Məhkəməsinin 3(026)-234/2023 saylı, 17 avqust 2023-cü il tarixli qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməmişdir; Qobustan rayon İcra və Probasiya şöbəsinin borclu Təqsirləndirilən şəxs ünvanlanmış 02 oktyabr 2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-54/2023 saylı, 07 mart 2023-cü il tarixli icra sənədində göstərilən tələbi icra etməyəcəyi təqdirdə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir; Qobustan Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 8(026)-90/2023 saylı qərardadının surətindən görünür ki, həmin qərardadla təqdimat təmin edilərək, Qobustan rayonu, Nabur kənd sakini Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır; Qobustan rayon İcra və Probasiya şöbəsinin borclu Təqsirləndirilən şəxs ünvanlanmış 13 noyabr 2023-cü il, 11 dekabr 2023-cü il və 15 yanvar 2024-cü il tarixli xəbərdarlıq məktublarının surətlərindən görünür ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)- 54/2023 saylı, 07 mart 2023-cü il tarixli icra sənədində göstərilən tələbi icra etmədiyinə görə cinayət məsuliyyətinə cəlb oluna biləcəyi barədə xəbərdarlıq edilmişdir; Qobustan rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 tərəfindən tərtib olunmuş Şamaxı Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2(074)-54/2023 saylı icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs tərəfindən tələbkar Abdullayev Şəhanə Şahid qızına ödənilən aliment ödənişləri barədə cədvəldən görünür ki, borclu tərəfindən 09 sentyabr 2022-ci ildən 09 fevral 2024-cü ilədək tələbkara cəmi 150 manat məbləğində aliment ödənilmiş, qalıq borc məbləği 2730 manat təşkil etmişdir. Qobustan RİHB-nin Nabur İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur; Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən verilmiş 02 may 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 21 oktyabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən 300,00 manat məbləğində cərimə və Qobustan Rayon Məhkəməsinin 20 noyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən 6 (altı) ay müddətində azadlıqdan məhrum etmə, eyni zamanda 300,00 manat məbləğində cərimə, həmin məhkəmənin 05 iyul 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən 4 (dörd) ay müddətində azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, cəzasını 05 noyabr 2018-ci il tarixdə çəkib qurtardığı üçün məhkumluğu ödənilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsinin böyük müstəntiqi, ədliyyə müşaviri Ramil Qəhrəmanov tərəfindən Təqsirləndirilən şəxs barəsində 10 iyul 2024-cü il tarixdə ittiham elan olunması üçün şəxsin axtarışa verilməsi və tutulması haqqında qərar qəbul edilmişdir; Qobustan RPŞ-nin 22 iyul 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Qobustan RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 22 iyul 2024-cü il tarixdə tutularaq Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təhvil verilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsinin böyük müstəntiqi, ədliyyə müşaviri Ramil Qəhrəmanov tərəfindən 22 iyul 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, qərar ona 22 iyul 2024-cü il tarixdə elan olunmuşdur; Qobustan Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli, 1(026)-25/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs həbs edildikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına keçirilməsi qərara alınmışdır; Qobustan RPŞ-nin 05 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 04 sentyabr 2024-cü il tarixdə Qobustan şəhər ərazisindən tutularaq Qobustan RPŞ-nin MSY-nə təhvil verilmişdir; Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı ərizələrində Təqsirləndirilən şəxs ona olan aliment borcunu ödəmədiyini, ondan şikayətçi olduğunu bildirmiş, ona ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafından başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Belə ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 09 sentyabr 2022-ci il tarixdən başlayaraq övladı 11 mart 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa 160,00 manat sabit pul məbləğində alimentin Cəlilova (Abdullayeva) Şəhanə Şahid qızının xeyrinə ödənilməsinə dair Şamaxı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 07 mart 2023-cü il tarixli, 2(074)-54/2023 saylı qətnaməsinin icrasını təmin etməsi ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyindən Qobustan Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli, 3(026)-234/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 10 (on) gün müddətində inzibati həbs edilməsinə, məhkəmə aktını icra etməsi ilə əlaqədar ona 02 oktyabr 2023-cü il, 13 noyabr 2023-cü il, 11 dekabr 2023-cü il, 15 yanvar 2024-cü il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq verilməsinə baxmayaraq, cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 07 mart 2024-cü il tarixədək şəxsi maraq niyyəti ilə cəmi 2730,00 manat aliment borcunu zərərçəkmiş şəxs Cəlilova (Abdullayeva) Şəhanə Şahid qızına ödəməmiş, habelə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir; 82.3-cü maddəsinə əsasən, icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli Qərarı ilə müəyyən etmişdir ki, CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə (Azərbaycan Respublikasının 29 dekabr 2015ci il tarixli, 96-VQ nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə) inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Adı çəkilən Qərarda həmçinin qeyd edilir ki, CM-in 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu maddə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur: 1) məhkəmə aktlarını qərəzli icra etməmə; 2) məhkəmə aktlarının icrasına maneçilik törətmə. Qeyd edilən hər iki üsul CM-in 306-cı maddəsində nəzərdə tutulmuş əməlin tövsif edilməsi zamanı böyük rol oynayan spesifik əlamətlərə malikdir. Birinci halda bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məsələn, subyekt yazılı və ya şifahi şəkildə məhkəmə qərarını icra etməyəcəyi barədə məlumat verir və ya məhkəmə qərarını icra etmək niyyətinin olmadığını ifadə edir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Belə hərəkətlər nəticəsində borclu icra sənədini qərəzli olaraq icra etmədikdə, icra məmuru həmin şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verməlidir (“İcra haqqında” Qanunun 82.3-cü maddəsi). Bununla yanaşı nəzərə alınmalıdır ki, CM-in 306.1-ci maddəsində müəyyən edilmiş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan ibtidai istintaq aparan orqan və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olub-olmamasını müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 18 dekabr 2014cü il tarixli Qərarında göstərilmişdir ki, inzibati tənbeh təkcə inzibati hüquq pozuntusu ilə deyil, həm də cinayətlə mübarizədə hüquqi vasitə hesab edilir. Belə ki, inzibati pozuntu törətmiş və buna görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs təkrarən eyni pozuntunu törətməsi halında cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilir. İnzibati məsuliyyətə cəlb edilmənin nəticəsiz qalması, bu inzibati tənbehin tərbiyəedici, xəbərdaredici təsir göstərmədiyini sübut edir. Belə olan halda, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilir. İnzibati tənbehin icrası zamanı və qanunla nəzərdə tutulmuş icradan sonrakı müddət şəxsin inzibati məsuliyyətə cəlb olunmuş hesab edildiyi müddətdir. Bu müddət ərzində şəxsin yeni inzibati xəta törətməsi faktı onun üçün hüquqi xarakterli mənfi nəticələr (inzibati məsuliyyəti ağırlaşdıran hal və daha ciddi inzibati tənbehin tətbiqi üçün tövsifedici əlamət) yarada bilər. İnzibati tənbehin ödənilməsi müddəti sınaq müddəti hesab edilir və bu müddətdə məsuliyyətə cəlb olunmuş şəxs özünün islah olunmasını sübut etməlidir. Qərarda həmçinin qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsinə (Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli, 96-VQ nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə) müvafiq olaraq barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs, məhkəmə aktını qərəzli olaraq icra etməməkdə davam edərsə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir. Bu hallara Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin tələbləri şamil edilmir. CM-in 306.1-ci maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Sadalanan qanunvericiliyin məzmunundan göründüyü kimi, məhkəmə aktını icra etməmə yalnız qərəzli olduqda təhlil edilən cinayət tərkibini yaradır və cinayət tərkibi şəxsin məhkəmə aktını icra etməməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra həmin icra sənədini qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə aktında nəzərdə tutulmuş tələbin icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə və buna görə inzibati məsuliyyətlərə cəlb edilməsinə baxmayaraq, məhkəmə qərarının icrası üçün hər hansı yetərli tədbirlər görməmiş və bununla da Azərbaycan Respublikası adından çıxarılan, icrası məcburi sayılan məhkəmə aktını icra etməyərək ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar, §40). Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 306.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və buna görə də CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində həmin maddə ilə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - törətdiyi cinayəti etiraf etməsini; - yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: Qobustan RİHB-nin Nabur İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamə). Məhkəmə iclasında təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal (müəyyən, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 iyul 2024-cü il tarixdə tutulduğu bir gün azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla 01 gün müddət həmin cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 il 02 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı onun tutulduğu 04 sentyabr 2024-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, təqsirləndirilən şəxsə məhkəmə icraatı zamanı göstərilən 8 saat hüquqi yardımla bağlı 48 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçiyə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 iyul 2024-cü il tarixdə tutulduğu bir gün azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla 01 (bir) gün müddət həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı onun tutulduğu 04 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən 8 saat hüquqi yardımla bağlı 48 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Qobustan rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Qobustan filialındakı filialın kodu 200725, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2XXXX, müştərinin hesab nömrəsi AZ55AİİB410400H**********172 saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma təqdim olunduğu andan) 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar