Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-29/2024 26.11.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, Qobustan Rayon Məhkəməsinin inzibati binasında 21 avqust 1983-cü il tarixdə Ağsu rayonu, Bico kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Ağsu RMX-da TTTYS-da sürücü işləyən, orta təhsilli, məhkumluğu olmayan, evli, dörd uşaq atası, Ağsu rayonu, Bico kəndində qeydiyyatda olmaqla, Ağsu rayonu, Nəvahi kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs 17 avqust 2024-cü ildə saat 13:50-də idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz 180” markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu ərazisindən keçən 93,4-cü kilometrliyində, Şamaxı rayonu istiqamətində sağ zolaqla təxminən 60 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələblərə əməl etməyib, idarəetməni itirərək yolun ehtiyat hissənin sağ kənarına çəkilmiş metal konstruksiyalı çəpərə çırpıldıqdan sonra sola istiqamətlənib ayırıcı beton zolağa çırpılaraq torpaq örtüklü hissəyə çıxıb aşmış, nəticədə ehtiyatsızlıqdan “Mercedes Benz 180” markalı avtomobilin sərnişini X7 açıq kəllə beyin travması, baş beynin əzilməsi, beynin əzilib dağılması, kəllə tağı sümüklərinin çoxqəlpəli açıq sınıqları kimi insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri yetirməklə ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 17 avqust 2024-cü il tarixdə saat 13:50-də etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz 180” markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Ağsu rayonuna gedərkən Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində 93,4-cü kilometrliyinə çatmağa az qalmış avtomobili yolun sağ zolağı ilə təxminən 60 km/saat sürətlə hərəkət etdirmiş, bir anlıq yuxulayaraq avtomobilin idarəetməsini itirdiyi üçün avtomobil sağa istiqamətlənib yoldan çıxaraq sağda olan metal konstruksiyalı çəpərə dəymiş, o, sükanı sola burduqdan sonra avtomobil solda olan ayırıcı zolağın kənarındakı betona çırpılıb ayırıcı zolağa çıxaraq aşmış, nəticədə avtomobilində sərnişin qismində qabaq sağ oturacaqda əyləşmiş həmyerlisi və dostu olan X13 aldığı xəsarətlərdən hadisə yerində ölmüş, o və avtomobildə arxa oturacaqda oturmuş 2007-ci il təvəllüdlü qızı Nazənin Heydərli müxtəlif bədən xəsarəti almışlar. Hadisədən az əvvəl idarə etdiyi avtomobil başqa avtomobillə toqquşmamış, yolda piyada olmamış, avtomobili texniki cəhətdən saz vəziyyətdə olmuş, o, spirtli içki qəbul etməmişdir. Onun ailə üzvləri Bəhruz Xəlilovun yas mərasimində iştirak etmiş, əvvəllər Bəhruz Xəlilovla düşmənçilik və ədavəti olmamış, normal münasibətdə olmuşdur. Yekunda Təqsirləndirilən şəxs bildirdi ki, törətdiyi əməldən peşmandır və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmənin 05 noyabr 2024-cü il tarixli iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X14 ifadəsində bildirmişdir ki, 17 avqust 2024-cü il tarixdə saat 13:50-də Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu ərazisindən keçən 93,4-cü kilometrliyində Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz 180” markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şamaxı rayonu istiqamətində hərəkətdə olarkən idarə etməni itirərək yol kənarına çəkilmiş metal konstruksiyalı çəpərə çırpıldıqdan sonra sola istiqamətlənib ayırıcı torpaq örtüklü hissəyə çıxaraq aşmış, nəticədə avtomobilin sürücüsü Təqsirləndirilən şəxs və sərnişin X8 xəsarət almış, digər sərnişin qardaşı X13 aldığı xəsarətlərdən ölmüşdür. O, məlumat alan kimi meyitxanaya getmiş, qardaşı X5 meyiti meyitxanada müayinə olunduqdan sonra ona təhvil verilmiş və qardaşının meyiti Ağsu rayonu, Çaparlı kənd qəbiristanlığında dəfn edilmişdir. Lakin onlar Təqsirləndirilən şəxs ilə barışmışlar. O və digər qohumları Təqsirləndirilən şəxs bağışlayırlar və ondan heç bir şikayət və ya tələbləri yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş X8 ifadə verərək göstərdi ki, 17 avqust 2024-cü il tarixdə atası Radimin idarə etdiyi “Mercedes” markalı avtomobildə arxa sol oturacaqda əyləşərək Bakı şəhərindən çıxıb Ağsu rayonuna gedərkən Bakı-Şamaxı- Yevlax yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində o yatmış, səsə ayıldıqda əyləşdiyi avtomobilin yolun kənarındakı dəmirlərə dəyərək sola istiqamətlənib aşdığını görmüş, nəticədə avtomobildə qabaq sağ oturacaqda əyləşmiş atasının tanışı Bəhruz baş nahiyəsindən xəsarət almış, hadisə yerinə gələn təcili tibbi yardım maşını onları xəstəxanaya aparmışdır. Hadisə zamanı o, burun nahiyəsindən xəsarət almışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, zərərçəkmiş şəxsin hüquqi varisi X14 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarına əlavə olunmuş meyitin məhkəmə-tibbi ekspertizasının 17 avqust 2024-cü il tarixli, 06 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, X5 meyitinin bədənində aşkar edilmiş xəsarətlər: açıq kəllə beyin travması, baş beynin əzilməsi, beynin əzilib dağılması, kəllə tağı sümüklərinin çoxqəlpəli açıq sınıqları. Həmin xəsarətlər bədənin küt travması nəticəsində törənmişdir, törənmə müddətləri 17 avqust 2024-cü il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı sərnişin qismində əmələ gəlməsi mümkündür. Həmin xəsarətlər canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər kimi qiymətləndirilir. Ölümünə səbəb kəllə əsası və kəllə tağı sümüklərinin sınması nəticəsində baş beyin toxumasının zədələnməsi olmuşdur. Ölüm 17 avqust 2024-cü il tarixdə baş vermişdir. İş materiallarına əlavə olunmuş məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 30 avqust 2024-cü il tarixli, 8/2392 nömrəli rəyindən görünür ki, “Mercedes Benz 180” markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşdur. İşdəki yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 17 avqust 2024-cü il tarixli protokoldan görünür ki, YNHDİ üzrə İstintaq və TŞ-nin baş müstəntiqi, polis mayoru X15 YPXA 3-cü tağımının YPX-nin inspektoru, polis baş leytenantı X4, sürücü Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirtmişdir. İşdəki 17 avqust 2024-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə aktdan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluq vəziyyəti aşkar olunmamışdır. İşdəki Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ Qİİ / Şamaxı ASAN Xidmət Mərkəzi tərəfindən verilmiş BC804461 seriya nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “B1 B C1 C” kateqoriyalı sürücüdür. Sürücülük vəsiqəsi 23 fevral 2023-cü ildə verilmiş, 23 fevral 2033-cü ilədək qüvvədədir. İşdəki Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin 30 avqust 2024-cü il tarixli məktubundan görünür ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən 21 avqust 1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs 23 fevral 2023-cü il tarixdə (23 fevral 2033-cü il tarixədək etibarlı olan) BC804461 nömrəli “B1 B C1 C” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. İşdəki Lənkəran RQİ və TBŞ tərəfindən verilmiş BD 289210 seriya nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz 180” minik” markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X1r. İşdəki ƏN-Vİİ 078461 seriya nömrəli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, X2 tərəfindən “Mercedes Benz 180” markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ 19 iyul 2024-cü ildən 20 dekabr 2024-cü ilədək müddətə Təqsirləndirilən şəxs etibar edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur, yəni o, məhkum olunmamışdır. İşdəki Azərbaycan Respublikası “Tibbi Ərazi X3” publik hüquqi şəxsi “Respublika Təcili və X6 Mərkəzi” publik hüquqi şəxsin 30 avqust 2024-cü il tarixli məktubundan və ona əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 08 may 2024-cü ildən həmin PHŞ-nin Ağsu Təcili və X6 Stansiyasında sürücü vəzifəsində işləyir. İşlədiyi tarixdən bugünədək heç bir məsuliyyət tədbirinə cəlb edilməmişdir. O, müsbət xarakterizə olunur. İşdəki Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzi Qeydiyyat şöbəsinin 23 avqust 2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibinə dair aşağıdakı məlumatlar aşkar edilmişdir: 1) arvadı X9; 2) xx xxxx 2007-ci il təvəllüdlü qızı X8; 3) 23 fevral 2009-cu il təvəllüdlü qızı X16; 4) 11 iyun 2014-cü il təvəllüdlü oğlu X17; 5) 13 dekabr 2021-ci il təvəllüdlü oğlu X12. İşdəki Tibbi Ərazi X3 “X11 Mərkəzi” publik hüquqi şəxsinin 15 dekabr 2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs 27 sentyabr 2020-ci ildən 17 noyabr 2020-ci ilədək hərbi vəziyyətlə əlaqədar ön cəbhədən X11 Mərkəzinə yaralı hərbçilərin və şəhidlərin təxliyəsi ilə məşğul olmuşdur. İşdəki “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin 80751 nömrəli vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmişdir. İşdəki 05 sentyabr 2024-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, həmin qərarla iş üzrə “Mercedes Benz 180” markalı, **-SZ- *** dövlət qeydiyyat nişanlı avtomobil sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və sahibinə qaytarılmasının nəzərə alınması qərara alınmışdır. İşdəki 06 sentyabr 2024-cü il tarixli qətimkan tədbiri seçmə barədə qərardan görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri kimi başqa yerə getməmək haqqında iltizam seçilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X14 və mərhumun böyük oğlu Zahir Xəlilov tərəfindən məhkəməyə verilmiş ərizədən görünür ki, onlar Təqsirləndirilən şəxs ilə barışmışlar. Digər qohumları və onlar təqsirləndirilən şəxsi bağışlayırlar. Ondan heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 263.1-ci maddəsinə əsasən, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263- 1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. CPM-in 106.6.1-cı maddəsində zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisinin şübhəli və ya təsirləndirilən şəxslə barışmaq hüququnun nəzərdə tutulduğunu, hüquqi varis qismində tanınmış digər şəxslərin isə bu hüquqa malik olmadıqlarını nəzərə alaraq, yalnız yaxın qohum olan hüquqi varislə barışığın əldə edilməsi CM-in 59.1.12-ci maddəsində nəzərə tutulmuş cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməli və əgər cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişsə, təqsirkara cəza təyin edilərkən CM-in 60-cı maddəsinin tələblərinə əməl olunmalıdır. Hüquqi varis qismində tanınmış digər şəxslərlə hər hansı razılığın əldə olunması isə təqsirləndirilən şəxs barəsində CM-in 60cı maddəsinin tətbiq edilməsi üçün əsas ola bilməz. Həmin qərarın 11-ci bəndində qeyd olunmuşdur ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun, və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. CPM-in: 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsi və hərtərəfli, tam və obyektiv baxılmasına əsasən qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs baş vermiş yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmuşdur və iş üzrə toplanmış sübutların məcmusuna əsasən istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham öz təsdiqini tapır. CM-in: 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - təqsirini etiraf edib əməlindən peşman olmasını; - zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını (CM-in 59.1.12-ci maddəsi); - ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; - iş yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: Azərbaycan Respublikası “Tibbi Ərazi X3” publik hüquqi şəxsi “Respublika Təcili və X6 Mərkəzi” publik hüquqi şəxsin 30 avqust 2024-cü il tarixli məktubu və ona əlavə edilmiş xasiyyətnamə); - himayəsində yetkinlik yaşına çatmayan 4 uşağının olmasını (əsas: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzi Qeydiyyat şöbəsinin 23 avqust 2024-cü il tarixli arayışı, doğum haqqında şəhadətnamələr); - İİ Qarabağ müharibəsinin iştirakçısı olmasını (əsas: iş materiallarında olan vəsiqənin surəti). Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). CM-in 60.1-ci maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi X14 ilə barışmış, sonuncu tərəfindən ona qarşı şikayət və tələb olmamaqla yanaşı, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan yüngülləşdirən hal Təqsirləndirilən şəxs vəziyyətini və cəzasını yüngülləşdirdiyindən ona təqsirli bilindiyi CM-in 263.2-ci maddəsi ilə həmin Məcəllənin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli müəssisədə çəkməli (CM-56.1.1), cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış “Mercedes Benz 180” markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Mercedes Benz 180” markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı X18 Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən 8 saat hüquqi yardımla bağlı 48 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Qobustan rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Qobustan filialındakı filialın kodu 200725, müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT AİİBAZ2XXXX, müştərinin hesab nömrəsi AZ55AİİB410400H**********172 saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Samir Mayılov
Məhkəmə qərarları › İş №1(026)-29/2024
Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-29/2024
26.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver