Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-3/2022 15.02.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, 26 avqust 1991-ci ildə Qobustan rayonunun Təklə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Qobustan rayonunun Təklə- Mirzəbaba kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3, 232.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 04 oktyabr 2021-ci il tarixdə saat 16 radələrində Qobustan rayonunun Təklə-Mirzəbaba kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin giriş qapısından sağda yerləşən plastik pəncərənin dəmir barmaqlığını əli ilə dartaraq çıxardıqdan sonra, pəncərəni açaraq evə qanunsuz daxil olub, oradan 01 (bir) ədəd dəyəri 1200 manat təşkil edən, zavod üsulu ilə istehsal edilmiş 28 kalibrli, “880320” nömrəli, saz vəziyyətdə olmaqla atəş üçün yararlı “Toz-34” modelli, daxili çaxmaqlı, hamar-yivsiz qoşalüləli odlu ov silahını, bir ədədi 1 manat olmaqla cəmi 21 manat dəyərində, 14 (on dörd) ədədinin gilizi zavod üsulu ilə istehsal edilmiş, daxili atəş komponentləri isə kustar üsulu ilə doldurulmuş, digər 7 (yeddi) ədədi isə zavod üsulu ilə istehsal edilmiş, 28 kalibrli və ya uyğun kalibrli yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan, atəşə yararlı 21 (iyirmi bir) ədəd patronu talamış, həmçinin həmin vaxt evdən dəyəri 150 manat təşkil edən 01 (bir) ədəd patron qabı, dəyəri 130 manat təşkil edən 07 litrlik su tutumlu 01 (bir) ədəd odun samovarı, dəyəri 50 manat təşkil edən 01 (bir) ədəd rus istehsalı olan binokl, bir ədədi 40 manat olmaqla ümumi dəyəri 80 manat təşkil edən 0,37 kv-lıq 02 (iki) ədəd su motoru, bir ədədi 15 manat olmaqla ümumi dəyəri 30 manat təşkil edən 02 (iki) ədəd rus istehsalı olan ütü, dəyəri 20 manat olan 01 (bir) ədəd orta ölçülü drel, bir ədədi 25 manat olmaqla, ümumi dəyəri 50 manat təşkil edən 02 (iki) ədəd laqonda, dəyəri 250 manat olan 01 (bir) ədəd qaynaq aparatı, bir ədədi 150 manat olmaqla ümumi dəyəri 300 manat təşkil edən 02 (iki) ədəd hidrofon (su nasosu), bir ədədi 25 manat olmaqla ümumi dəyəri 50 manat təşkil edən 02 (iki) ədəd açar dəsti, 50 manat dəyərində uzunluğu 50 metr olan kabel, dəyəri 300 manat olan 01 (bir) ədəd “Sony” markalı videokamera aparatı, dəyəri 100 manat olan 01 (bir) ədəd “Sony” markalı fotoaparat, dəyəri 165 manat olan 01 (bir) ədəd elektron mişar, dəyəri 145 manat olan 01 (bir) ədəd otbiçən aparatı, su qızdırıcısının içərisindəki dəyəri 50 manat olan məftil, bir ədədi 5 manat olmaqla ümumi dəyəri 15 manat təşkil edən 03 (üç) ədəd balta, bir ədədi 7 manat olmaqla ümumi dəyəri 14 manat təşkil edən 02 (iki) ədəd dəhrə və bir ədədi 100 manat olmaqla ümumi dəyəri 300 manat təşkil edən 03 (üç) ədəd xalçanı gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 3470 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan əlavə o, istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 100,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və təmiz çəkisi 0,201 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla, Qobustan rayonuna daşımış, 06 oktyabr 2021-ci il tarixdə saat 20 radələrində Qobustan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat axtarış tədbirləri nəticəsində Qobustan şəhəri ərazisində saxlanılaraq, sərnişin qismində əyləşdiyi “VAZ 2109” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilə rayon polis şöbəsinin duracağında baxış keçirilərkən həmin avtomobilin yük yerində olan Təqsirləndirilən şəxs məxsus 01 ədəd sellofan torbanın içərisindən təmiz çəkisi 100,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana, daha sonra rayon polis şöbəsində üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən 01 ədəd şüşə ampulun içərisindəki təmiz çəkisi 0,201 qram narkotik vasitə heroin və bir ədədində heroin izləri olan ümumilikdə 04 ədəd şpris aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3, 232.1 və 234.1ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıda qeyd edilənlərlə tam sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 04 oktyabr 2021-ci il tarixdə təxminən saat 17 radələrində Bakı şəhərinə getmək üçün kəndin içi ilə piyada kəndin çıxış hissəsinə tərəf gedərkən kəndin çıxış hissəsinə çatmağa az qalmış yolun sağ tərəfində olan fərdi yaşayış evinin darvazasının qıfıllı olduğunu görüb evdə adam olmadığını bilmişdir. Sonra hasarın üstünə dırmaşıb həyətə göz gəzdirərək sakitçilik olduğunu görüb cəld həyətin içərisinə tullanmışdır. Evin pəncərələrinin dəmir barmaqlıqlarının olduğunu görüb barmaqlıqların möhkəmliyini əli ilə yoxladıqdan sonra, qapının üstündə olan kiçik ölçülü pəncərənin dəmir barmaqlığını əli ilə dartıb barmaqlığı qaynaq hissədən qırılmışdır. Dəmir barmaqlığı əli ilə kənara atıb qapının üstündən çıxa bilməyəcəyini görüb sağ tərəf pəncərənin dəmir barmaqlığını əli ilə güc verib dartaraq suvaq hissədən qopartmışdır. Sonra plastik pəncərəni əli ilə itələyib açaraq, evin mətbəxinə daxil olmuşdur. Mətbəxdə qiymətli əşyanın olubolmamasını bilmək üçün hər yerə müdaxilə edib dağıtmış, lakin heç nə tapa bilməmişdir. Mətbəxdə yerdə olan təxminən 50 metrlik elektrik naqilini mətbəxdən götürdüyü bıçaqla kəsib götürmüş, sonra hamama daxil olub orada olan su qızdırıcı cihazı yerindən çıxarıb mətbəxə apararaq içini söküb misi çıxarmışdır. Hamamın sağ tərəfindəki otağa girmək istəmiş, plastik qapının bağlı olduğunu görüb mətbəxə daxil olaraq orada olan xəncəri götürmüş və xəncərlə həmin qapını açmışdır. Həmin otağı da dağıdıb lazımlı əşyanın olub-olmadığına baxmış, sonra isə otaqda olan sandığı açıb içinə baxmış, oradan bir ədəd ütü, bir ədəd su motoru, bir ədəd laqonda, bir ədəd drel oğurlamışdır. Sonra dəhlizdən sağdakı otağa daxil olmuş, oradakı şkafda binokl olduğunu görüb oğurlamışdır. Qonaq otağından sağdakı otağın qapısının kilidini eyni üsulla sındırıb oraya daxil olmuş, yorğan-döşəyi çarpayının üstündən qaldırıb baxanda qoşalülə ov tüfəngi və patronlarını görüb götürmüşdür. Digər otağa daxil olub oradan heç nə tapmadığı üçün dəhlizə qayıtmış, dəhlizdə olan samovarı götürüb evdən tapdığı sintetik torbaya qoyub mətbəxin pəncərəsindən həyətə çıxmışdır. Evdə təxminən bir saat olmuşdur. Hasarı aşıb küçəyə çıxmış və kəndin çıxışına tərəf getmişdir. Yolun kənarında bir neçə dəqiqə gözlədikdən sonra Acıdərə istiqamətində gələn tanımadığı “VAZ 2107” markalı qeydiyyat nömrəsini xatırlamadığı maşına əl edib minərək Acıdərəyə kimi getmişdir. Sonra isə Bakı-Şamaxı-Yevlax yolundan tanımadığı “Mercedes” markalı avtomaşına minmişdir. Həmin avtomaşın Sumqayıt şəhərinə getdiyi üçün həmin sürücü ilə Sumqayıt şəhərinə getmişdir. Həmin gün saat 20 radələrində Sumqayıt şəhərində elektrik naqilindən və su qızdırıcısından götürdüyü misi tanımadığı şəxsə 35 manata satmış, misi satdıqdan sonra isə Sumqayıt şəhəri, Novxanı qəsəbəsində yaşayan sinif yoldaşı olmuş Samirin yanına getmişdir. Samirin yanına çatdıqdan sonra, bir ədəd samovarı, bir ədəd binoklu, bir ədəd ütünü, bir ədəd su motorunu, bir ədəd laqondanı və bir ədəd dreli Samirə verərək, həmin əşyaların ona məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satmaq istədiyini, hələlik burada qalmasını və gəlib götürəcəyini bildirmişdir. Əşyaları orada qoyduqdan sonra, sintetik torbada olan bir ədəd qoşalülə ov tüfəngini, patronları və qabı götürüb, satmaq üçün Bakı şəhərinə getmişdir. Lakin onu sata bilmədiyi üçün, yenidən Qobustan rayonunun Təklə-Mirzəbaba kəndinə qayıtmaq qərarına gəlmişdir. Bu məqsədlə 06 oktyabr 2021-ci il tarixdə saat 19 radələrində tanımadığı taksi ilə Qobustan rayonu istiqamətində gəlmiş, təxminən saat 20 radələrində Qobustan şəhərində dairəvi yola çatanda yol-patrul xidməti avtomobili maşını saxlatdırmış, bundan sonra bir neçə mülki geyimli şəxs maşına tərəf yaxınlaşmış, polis əməkdaşları olduqlarını deyərək oğurluqda şübhəli bilindiyini deyib onu və taksi sürücüsünü Qobustan RPŞ-yə aparmışlar. Bundan sonra oğurluq etdiyini səmimi etiraf etmiş, hüquqları izah olunduqdan sonra vəkilin iştirakı ilə şübhəli şəxs kimi tutulmuşdur. Bundan sonra vəkil və hal şahidlərinin iştirakı ilə **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomaşının yük yerində olan sintetik torbadan bir ədəd ov tüfəngi, patronlar, patron qabı, qara rəngli sellofan bükülünün içərisində narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuş, baxış zamanı başqa qanunsuz əşya aşkar edilməmişdir. Həmin vaxt aşkar edilmiş qara rəngli sellofan bükülüdəki marixuananı tapdığını və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Daha sonra üzərinə hal şahidlərinin və vəkilin iştirakı ilə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı 04 ədəd şpris, bir ədəd içərisində narkotik vasitə “kakos” olan şüşə flakon, alışqan, 02 ədəd mobil telefon, özünə aid şəxsiyyət vəsiqəsi, telefon adaptoru aşkar edilmişdir. Avtomaşının yük yerindən aşkar edilmiş qara rəngli sellofan bükülünün içərisindəki narkotik vasitə elektron tərəzidə çəkilmiş və müvafiq qaydada qablaşdırılaraq imzalanmış, protokollar tərtib edilmiş, protokollarla tanış olaraq imzalamışlar. 04 oktyabr 2021-ci il tarixdə qeyd edilən evdən oğurluq edən zaman narkotik vasitənin təsiri altında olmuşdur. 06 oktyabr 2021-ci il tarixdə üzərindən və avtomobildən aşkar edilmiş narkotik vasitələr kakosu və narkotik vasitə marixuananı 01 oktyabr 2021-ci il tarixdə saat 13 radələrində Bakı şəhərində marşrutda arxa oturacağın arasından tapmış, istifadə etmək üçün üzərində saxlamış, narkotik vasitə istifadəçisidir, şprisləri isə narkotik vasitədən istifadə etmək üçün aptekdən almışdır. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Oğurluq barədə heç kimə heç nə deməmiş və oğurluğu tək etmişdir. Samir adlı şəxsə oğurladığı əşyaları verən zaman, həmin əşyaların oğurluq olması barədə heç nə deməmiş, həmin əşyaların ona aid olduğunu və satmaq üçün gətirdiyini, bir müddət sonra gəlib götürəcəyini bildirmişdir. Samir həmin əşyaların oğurluq olduğunu bilməmişdir. 04 oktyabr 2021ci il tarixdə onu Sumqayıt şəhərinə aparan sürücünü tanımamış, sürücünün torbada olan əşyalardan xəbəri olmamışdır. 06 oktyabr 2021-ci il tarixdə onu Qobustan rayonuna gətirən sürücünün torbadan olan əşyalardan xəbəri olmamış, sürücü torbada olan əşyaları görməmiş, sürücüyə həmin əşyaların oğurluq olması və torbanın içərisində narkotik vasitə olması barədə hər hansı bir söz deməmişdir. Əməlindən səmimi peşmandır. Məhkəmə iclasında ifadəsi elan olunan Zərərçəkmiş şəxs oğlu ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli küçəsi, ev 24-də yaşasa da, Qobustan rayonunun Təklə-Mirzəbaba kəndində özünə məxsus fərdi yaşayış evi var, tez-tez həmin evə gələrək, evə nəzarət edir. 06 oktyabr 2021ci il tarixdə Qobustan rayonuna gəldikdən sonra, saat 12 radələrində Qobustan rayonunun Təklə-Mirzəbaba kəndində yerləşən fərdi yaşayış evinə gəlmiş, həyətə daxil olan zaman, evin pəncərələrinin dəmir barmaqlığının sındırıldığını görmüşdür. Bundan sonra dərhal evə daxil olmuş və evin darmadağın edildiyini, fərdi yaşayış evindən müxtəlif növ məişət əşyaları oğurlandığını görmüşdür. Evə göz gəzdirən zaman fərdi yaşayış evinə naməlum şəxs və ya şəxslərin qanunsuz daxil olaraq, evin qonaq otağından, yataq otağından, hamam otağından və mətbəxindən müxtəlif növ məişət əşyalarını oğurladığını müəyyən etmişdir. Bundan sonra DİN-102 xidmətinə zəng vuraraq, bu barədə məlumat vermiş, polis əməkdaşları gəldikdən sonra müvafiq sənədləşmə işləri aparılmışdır. Ümumilikdə fərdi yaşayış evindən dəyəri təxminən 1300 manat olan 01 ədəd 28 kalibr qoşalülə ov silahı, bir ədədinin qiyməti təxminən bir manat olan 21 ədəd ov silahının patronu, dəyəri 150 manat olan patron qabı, dəyəri təxminən 150 manat olan 01 ədəd 07 litrlik su tutumlu odun samovarı, dəyəri təxminən 60 manat olan 01 ədəd rus istehsalı binokl, 01 ədədinin dəyəri təxminən 50 manat olan 02 ədəd 0,37 kv-lıq su motoru, 01 ədədinin dəyəri təxminən 20 manat olan 02 ədəd rus istehsalı olan ütü, dəyəri təxminən 20 manat olan 01 ədəd orta ölçülü drel, 01 ədədinin dəyəri təxminən 25 manat olan 02 ədəd laqonda, dəyəri təxminən 250 manat olan 01 ədəd qaynaq aparatı, 01 ədədinin dəyəri təxminən 150 manat olan 02 ədəd hidrofon, 01 ədədinin dəyəri təxminən 25 manat olan 02 ədəd açar dəsti, 50 manat dəyərində uzunluğu 50 metr olan kabel, dəyəri təxminən 300 manat olan 01 ədəd “sony” markalı videokamera, dəyəri təxminən 100 manat olan 01 ədəd “sony” markalı fotoaparat, dəyəri təxminən 165 manat olan 01 ədəd elektron mişar, dəyəri təxminən 145 manat olan 01 ədəd otbiçən aparatı, dəyəri təxminən 50 manat olan su qızdırıcısının içindəki məftillər, 01 ədədinin dəyəri 5 manat olan 03 ədəd balta, 01 ədədinin dəyəri 7 manat olan 02 ədəd dəhrə və 01 ədədinin dəyəri 100 manat olan 03 ədəd xalça oğurlanmışdır. Hadisə nəticəsində ona təxminən 3000-3500 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun sinif yoldaşı olmuşdur. Onu uzun müddətdir ki, tanıyır. 04 oktyabr 2021ci il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, Novxanı qəsəbəsinə gələrək, Qobustan rayonunun Təklə-Mirzəbaba kəndindən özünə məxsus olan bir ədəd samovarı, bir ədəd binoklu, bir ədəd ütünü, bir ədəd su motorunu, bir ədəd laqondanı və bir ədəd dreli satmaq üçün gətirdiyini və həmin əşyaları saxlamağını bildirmiş, ona etiraz etməmişdir. Qahir həmin əşyaları verdikdən sonra çıxıb getmişdir. Bir neçə gündən sonra polis əməkdaşları yaşadığı evə gələrək, həmin əşyaları götürərkən Qahirin həmin əşyaları oğurladığını bildirmiş, bundan sonra həmin əşyaları, yəni bir ədəd samovarı, bir ədəd binoklu, bir ədəd ütünü, bir ədəd su motorunu, bir ədəd laqondanı və bir ədəd dreli polis əməkdaşlarına təqdim etmişdir. Qahir həmin əşyaları verən zaman həmin əşyaların oğurluq olması barədə hər-hansı bir söz deməmiş, Qahirin oğurluq etməsi barədə hər hansı bir məlumatı olmamışdır. Şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, taksi fəaliyyəti ilə məşğuldur. 06 oktyabr 2021-ci il tarixdə saat 13 radələrində sonradan adının Qahir olduğunu bildiyi şəxs yaxınlaşaraq Qobustan rayonuna hansı qiymətə aparacağını soruşmuş, ona 50 manat dedikdən sonra razılaşmışdır. Əlində olan torbanı avtomobilin yük yerinə qoyduqdan sonra avtomobilə əyləşmişdir. Həmin tarixdə Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayon ərazisindən keçən hissəsində dairəvi yolda yol- patrul xidməti əməkdaşı işarə edərək maşını saxlatdırmış, polis əməkdaşı avtomobilə yaxınlaşan zaman mülki geyimli bir neçə şəxs yaxınlaşaraq Qahirin oğurluqda şübhəli olduğunu bildirərək, rayon Polis Şöbəsinə dəvət etmişlər. Daha sonra avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin yük yerində olan Qahirə məxsus olan torbadan bir ədəd ov tüfəngi, patronlar, patron qabı və qara sellofonda narkotik vasitəyə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Qahiri əvvəllər tanımamış, onunla heç bir əlaqəsi olmamışdır. Şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Qobustan RPŞ-nin MSY-nin polis nəfəri vəzifəsində işləyir. Qobustan rayon Təklə-Mirzəbaba kənd sakini Təqsirləndirilən şəxs ilə hər hansı bir şəxsi qərəzliyi, ədavəti və ya düşmənçiliyi yoxdur. 06 oktyabr 2021-ci il tarixdə saat 22 radələrində Qobustan RPŞ-də olan zaman rəhbərlikdən, Qobustan rayonunun Təklə-Mirzəbaba kənd sakini Təqsirləndirilən şəxs oğurluqda şübhəli olduğu üçün RPŞ-yə gətirildiyi, Təqsirləndirilən şəxs dindirilən zaman, sərnişini olduğu avtomobildə və üzərində narkotik vasitə olduğunu qeyd etdiyi, bu səbəbdən, Təqsirləndirilən şəxs sərnişini olduğu avtomobilə baxış və üzərində şəxsi axtarış keçirələcəyi bildirilmişdir. Bundan sonra RPŞ-də vəkilin, hal şahidlərinin, digər polis əməkdaşının iştirakı ilə Təqsirləndirilən şəxs sərnişini olduğu **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsindən 01 ədəd ov silahı, patronlar, patron qabı və qara sellofanda narkotik vasitəyə bənzər kütlə aşkar edilmiş, Təqsirləndirilən şəxs silahı, patronları və patron qabını Təklə-Mirzəbaba kəndində fərdi yaşayış evindən oğurladığını, qara sellofanda olan narkotik vasitə qurudulmuş marixuananı isə Bakı şəhərindən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra vəkilin, hal şahidlərinin, digər polis əməkdaşının iştirakı ilə RPŞ-də Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən 04 ədəd şprisi və bir ədəd flakonu iştirakçılara təqdim edərək, flakonda narkotik vasitə heroin olduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını, Bakı şəhərindən tapdığını, 04 ədəd şprisi isə aptekdən aldığını bildirmişdir. Sonradan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin onun üzərindən qanunla gəzdirilməsi qadağan edilmiş başqa əşya aşkar olunmamış, aşkar edilərək götürülmüş narkotik vasitələr zərflərə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib olunmuşdur. Qobustan RPŞ-nin MSY-in polis nəfəri Şahid4 Şahid3 ilə eyni məzmunlu ifadə verdi. Şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Qobustan rayonunun Təklə-Mirzəbaba kənd sakini Təqsirləndirilən şəxs ilə hər hansı bir şəxsi qərəzliyi, ədavəti və ya düşmənçiliyi yoxdur. 06 oktyabr 2021-ci il tarixdə saat 22 radələrində Qobustan şəhəri ərazisində yerləşən fərdi yaşayış evində olan zaman polis əməkdaşı yaxınlaşaraq, Qobustan rayonunun Təklə-Mirzəbaba kənd sakini Təqsirləndirilən şəxs oğurluqda şübhəli olduğu üçün RPŞ-yə gətirildiyini, Təqsirləndirilən şəxs dindirilən zaman, sərnişini olduğu avtomobildə və üzərində narkotik vasitə olduğunu bildirdiyini, üzərinə axtarış keçirələcəyini və həmin baxışda hal şahidi kimi iştirak etməyini xahiş etmişlər. Polis əməkdaşı ilə razılaşmış və polis əməkdaşları ilə birlikdə RPŞ-yə getmişdir. Bundan sonra RPŞ-də vəkilin, digər hal şahidinin, polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs sərnişini olduğu **- BU-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsindən bir ədəd ov silahı, patronlar, patron qabı və qara sellofanda narkotik vasitəyə bənzər kütlə aşkar edilmiş, Təqsirləndirilən şəxs silahı, patronları və patron qabını Təklə-Mirzəbaba kəndində yerləşən fərdi yaşayış evindən oğurladığını, qara sellofanda olan narkotik vasitə qurudulmuş marixuananı isə Bakı şəhərindən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra vəkilin, digər hal şahidinin, polis əməkdaşlarının iştirakı ilə RPŞ-də Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən 04 ədəd şprisi və 01 ədəd flakonu iştirakçılara təqdim edərək, flakonda narkotik vasitə heroin olduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını, Bakı şəhərindən tapdığını, 04 ədəd şprisi isə aptekdən aldığını bildirmişdir. Sonradan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin onun üzərindən qanunla gəzdirilməsi qadağan edilmiş başqa əşya aşkar olunmamış, aşkar edilərək götürülmüş narkotik vasitələr zərflərə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş və iştirakçılar həmin protokolu imzalamışlar. Şahid qismində dindirilmiş Şahid6 Şahid5 ilə eyni məzmunlu ifadə verdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə fiziki-kimyəvi ekspertizasının 07 oktyabr 2021-ci il tarixli, 6/4443 nömrəli rəyində göstərilir ki, təqdimata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 04 ədəd şpris və 01 ədəd şüşə flakon” yazısı olan paketdə 1 ədəd şüşə ampulun içərisindəki təmiz çəkisi 0,201 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 04 ədəd 1mllik şprislərdən bir ədədində heroin izləri vardır. İz şəklində olduğu üçün, heroinin çəkisini müəyyən etmək mümkün deyildir. Digər 3 ədəd şprisdə narkotik vasitənin izləri yoxdur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azəbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” İ siyahısına daxildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə-bioloji ekspertizasının 07 oktyabr 2021-ci il tarixli, 7/1029 nömrəli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd qara rəngli sellofan torbada olan təmiz çəkisi 100,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxsi Ambulator X2 məhkəmə-narkoloji ekspertizasının 25 noyabr 2021-ci il tarixli, 4674 nömrəli ekspert rəyində göstərilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 03 dekabr 2021-ci il tarixli, 9/8551 nömrəli rəyində göstərilir ki, 01 ədəd 28 kalibr qoşalülə ov silahının dəyəri 1200 manat, 1 ədəd 7 litrlik su tutumlu odun samovarın dəyəri 130 manat, 1 ədəd rus istehsalı binoklun dəyəri 50 manat, 2 ədəd 0,37 kv-lıq su motorunun dəyəri 80 manat, 1 ədəd rus istehsalı ütünün dəyəri 15 manat, 1 ədəd orta ölçülü drelin dəyəri 20 manat və 2 ədəd laqondanın dəyəri 50 manat olmaqla, analoji mallara müvafiq olaraq ekspertiza təyin etmə haqqında qərarda və fotoşəkillərdə göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiymətləri ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1545,00 manat müəyyən edilir. Qərarda göstərilən digər mallar haqqında kifayət qədər məlumat olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə ballistik ekspertizasının 18 noyabr 2021-ci il tarixli, 3/1766 nömrəli rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd silah 28 kalibrli, “Toz-34” modelli, patronluğunun uzunluğu 70 mm olan, daxili çaxmaqlı zavod üsulu ilə istehsal edilmiş “880320” nömrəli hamar-yivsiz qoşalüləli odlu ov tüfəngidir, odlu silah hesab edilir, saz vəziyyətdədir, təyinatı üzrə istifadə (atəş) üçün yararlıdır, üzərində onun təyinatını dəyişdirən hər hansı bir dəyişikliklər edilməmişdir. Üzərində istehsal ilini bildirən hər hansı bir işarə olmadığından istehsal ilini müəyyən etmək mümkün olmamışdır. Tədqiqata təqdim edilmiş 21 (iyirmi bir) ədəd patronlardan 14 (on dörd) ədədinin gilizi zavod üsulu ilə istehsal edilmiş, daxili atəş komponentləri isə kustar üsulu ilə doldurulmuş, digər 7 (yeddi) ədəd isə zavod üsulu ilə istehsal edilmiş, 28 kalibrli, uyğun kalibrli yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan patronlardır, istifadəyə (atəşə) yararlıdır, üzərində onun təyinatını dəyişdirən hər hansı dəyişikliklər edilməmişdir. Təqsirləndirilən şəxs sərnişini olduğu avtomobildən ona məxsus sellofan torbadan götürülmüş təmiz çəkisi 100,0 qram, ekspert tədqiqatından sonra qalıq çəkisi 99,98 qram narkotik vasitə olan qurudulmuş marixuana və Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş təmiz çəkisi 0,201 qram, ekspert tədqiqatından sonra qalıq çəkisi 0,151 qram narkotik vasitə heroin, 04 ədəd şpris və 01 ədəd şüşə ampul maddi sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək Qobustan rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən 25 oktyabr 2021-ci il tarixdə rayon Polis Şöbəsinə daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 30.11.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 29, 120.2.1, 29, 120.2.2, 228.2.1 və 177.3.2-ci maddələri ilə təqsirli bilinib 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri, Xətai rayon məhkəməsinin 16.03.2018-ci il tarixli qərarı ilə 20 oktyabr 2017-ci il tarixli 816 VQD saylı Qanunun tətbiqi ilə 13 il azadlıqdan məhrum etmə cəzası saxlanılıb. Bakı şəhəri, Xətai rayon məhkəməsinin 27.09.2019-cu il tarixli qərarı ilə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında” 20.10.2017-ci il tarixli Qanuna əsasən 10 il 03 ay cəza təyin edilmişdir. 05.06.2021ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Qobustan rayonu İcra Hakimiyyəti Başçısının Təklə-Mirzəbaba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 18 noyabr 2021-ci il tarixdə verdiyi 156 saylı arayışda göstərilir ki, Təqsirləndirilən şəxs həqiqətən də Qobustan rayonunun Təklə-Mirzəbaba kəndində qeydiyyatdadır. Ailə tərkibi atası-1964-cü il təvəllüdlü X7, anası-1958-ci il təvəllüdlü X1 ibarətdir. Qobustan rayonu İcra Hakimiyyəti Başçısının Təklə-Mirzəbaba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 18 noyabr 2021-ci il tarixdə verdiyi xasiyyətnamədə göstərilir ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Qobustan rayon polis şöbəsinin şübhəli şəxsin tutulması haqqında 06 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və 06 oktyabr 2021-ci il tarixdən 08 oktyabr 2021-ci il tarixə kimi Qobustan rayon polis şöbəsində saxlanılmışdır. 08 oktyabr 2021-ci tarixdə barəsində üç ay müddətində “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə araşdırılmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün, zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi ilə, eləcə də ekspert rəyləri və işdə olan digər sənədlərlə tam sübuta yetir. X3 əməli Azərbaycan Respublikası CM-in 177.2.3, 232.1 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir və ona həmin maddələrin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs X4 törətmiş olduğu cinayəti etiraf edərək əməlindən səmimi peşman olmasını, yaşadığı yerdən müsbət xarakterizə olmasını, zərərçəkmiş şəxslə barışması və ona dəymiş ziyanı tam ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Onun əməində cinayətin residivi olmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə X6 cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməlində cinayətin təhlükəli residivinin olmasını nəzərə alaraq ona Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.3, 232.1 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan ekspert tədqiqatından sonra qalıq çəkisi 99,98 qran narkotik vasitə olan qurudulmuş marixuana və təmiz çəkisi 0,201 qram, ekspert tədqiqatından sonra qalıq çəkisi 0,151 qram narkotik vasitə olan heroin, 04 ədəd şpris və 01 ədəd şüşə ampul məhv edilməlidir. İş üzrə 300 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən oğurladığı bir ədəd samovar, bir ədəd binokl, bir ədəd ütü, bir ədəd su motoru, bir ədəd laqonda və bir ədəd drel, bir ədəd qoşalüləli ov silahı, 21 ədəd patron və bir ədəd patron qabın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 232.1-ci maddəsi ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və CM-in 234.1-ci maddəsi ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə Şərfaliyev Şərfalı oğluna qəti olaraq 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 06 oktyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan ekspert tədqiqatından sonra qalıq çəkisi 99,98 qran narkotik vasitə olan qurudulmuş marixuana və ekspert tədqiqatından sonra qalıq çəkisi 0,151 qram narkotik vasitə olan heroin, 04 ədəd şpris və 01 ədəd şüşə ampul məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən oğurladığı bir ədəd samovar, bir ədəd binokl, bir ədəd ütü, bir ədəd su motoru, bir ədəd laqonda və bir ədəd drel, bir ədəd qoşalüləli ov silahı, 21 ədəd patron və bir ədəd patron qabı Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə 300 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Azərbaycan Respublikası CM-in 177.2.3, 232.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 8 saat hüquqi yardıma görə 48 manat məbləğində pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökmdən təqdim olunan və ya alınan gündən 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №1(026)-3/2022
Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-3/2022
15.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver