Məhkəmə qərarları › İş №1(026)-30/2022

Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-30/2022

16.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-30/2022 16.12.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 1993-cü il tarixdə Qobustan rayonu Nabur kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Qobustan rayonu Nabur kəndində qeydiyyatda olan və orada yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 30 aprel 2022-ci il tarixdə saat 23 radələrində Qobustan rayonunun Nabur kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətində yerləşən yardımçı tikiliyə tavan hissəsində olan dəlikdən qanunsuz daxil olub, oradan Zərərçəkmiş şəxs məxsus bir ədədinin qiyməti 45 manat olmaqla, ümumi dəyəri 315 manat təşkil edən yeddi ədəd alüminium materialdan olan ləyəni gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 315 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıda qeyd edilənlərlə tam sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 30 aprel 2022-ci il tarixdə saat 23 radələrində Qobustan rayonu, Nabur kəndində yerləşən yaşadığı evdə spirtli içki qəbul etdikdən sonra piyada gəzmək üçün kənd ərazisinə çıxmışdır. Piyada gəzən zaman həmkəndlisi Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin işıqlarının yanmadığını görmüşdür. Onun Sumqayıt şəhərində yaşadığını və kənddəki fərdi yaşayış evində yaşayış olmadığını bildiyi üçün oradan oğurluq etmək qərarına gəlmişdir. Həyətə metal məftil çəpərdən atlanaraq keçmişdir. Həyətdə olan əl damında qab-qacağın olacağını ehtimal edərək oraya daxil olmaq fikrinə gəlmişdir. Lakin əl damının qapısı dəmir qıfıl ilə bağlı olmuşdur. Yenə də fikrindən daşınmayaraq niyyətinə çatmaq üçün əl damının tavan hissəsinə dırmaşmışdır. Tavanın bir hissəsində olan dəlikdən düşərək əl damının içərisinə daxil olmuşdur. Əlində olan alışqanın arxasında olan işığı yandırmış və ətrafa nəzər yetirmişdir. Orada yerdə olan alüminium ləyənlər diqqətini çəkmişdir. Ləyənləri bir-bir tavandakı dəlikdən tavanın üst hissəsinə atmağa başlamışdır. Əl damında olan cəmi yeddi ədəd alüminium ləyəni çölə çıxardıqdan sonra özü də oranı tərk etmişdir. Bundan sonra həmin yeddi ədəd işlənmiş ləyəni həyətdən tapdığı un kisəsinə yığaraq gəldiyi kimi həmkəndlisi Zərərçəkmiş şəxs həyətini tərk etmiş və evinə yollanmışdır. Gecə saatları olduğu üçün onu kənd ərazisində görən olmamışdır. İçərisində yeddi ədəd ləyən olan kisəni ailə üzvlərinin diqqətini çəkməməkdən ötrü həyətdə gizlətmişdir. Səhəri gün, yəni 01 may 2022-ci il tarixdə saat 09 radələrində oğurladığı yeddi ədəd alüminium ləyəni satmaq üçün yol maşını ilə Bakı şəhərinə aparmışdır. “Sulutəpə” dairəsi deyilən ərazinin yaxınlığında tanımadığı şəxsə metal şəklində kiloqramı 2 manat olmaq şərti ilə 10 kiloqramını 20 manata satmışdır. Sonradan yenidən yaşadığı Qobustan rayonu, Nabur kəndinə qayıtmışdır. Həmin 20 manat pulun 5 manatını yola, qalan 15 manatını isə spirtli içki və siqaret alaraq, özü üçün xərcləmişdir. Hazırda zərərçəkmiş Zərərçəkmiş şəxs dəymiş ziyanı tam ödəmişdir. Əməlindən peşmandır. Cinayət işi üzrə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, təxminən 12 il olar ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Dəmir yol yaşayış massivi, ev 3-də yaşayır. Qobustan rayonu, Nabur kəndində evi var. Sumqayıt şəhərinə köçəndən sonra Qobustan rayonunun Nabur kəndində olan evində heç kim yaşamır. Sumqayıt şəhərinə köçəndə öz əşyalarından bir hissəsini özü ilə aparmış, bir hissəsi isə Nabur kəndində evində qalmışdır. Demək olar ki, ayda bir dəfə Nabur kəndinə gəlib evinə baş çəkir. Bu vaxta qədər əşyaları və əmlakı yerində olmuş, hər hansı bir oğurluq hadisəsi qeydə alınmamışdır. 01 may 2022-ci il tarixdə həmişə olduğu kimi Sumqayıt şəhərindən Qobustan rayonu, Nabur kəndində yerləşən evinə gəlmişdir. Evinin həyətində yerləşən əl damına daxil olanda orada olan əşyalardan bəzisini götürüb evdə uşaqlara yemək hazırlamaq üçün vermək istəmişdir. Həmin vaxt ətrafın dağınıq vəziyyətdə olduğunu görmüşdür. Evdə olmadığı vaxtda oraya kənar şəxsin oğurluq məqsədi ilə daxil olduğunu başa düşmüşdür. Diqqətlə ətrafa nəzər salanda əl damında olan yeddi ədəd alüminium ləyənin olmadığını görmüşdür. Həmin ləyənləri axtarsa da, axtarışları bir nəticə verməmiş və evdə olmadığı vaxtda baş vermiş oğurluq barədə polisə məlumat vermişdir. Həm evin giriş qapısında, həm də əl damının qapısında dəmir qıfıl var və qıfılların açarları özündə olduğu üçün daim bağlı olur. Düşünür ki, oğurluq edən şəxs həyətə metal məftil çəpərdən atlanaraq keçmiş, əl damının tavan hissəsində uçqun nəticəsində yaranan dəlikdən içəri daxil olaraq oradan yeddi ədəd alüminium metaldan ibarət olan ləyənləri çıxararaq oğurlamışdır. İlkin ifadəsində yeddi ədəd alüminium ləyənin oğurlanması nəticəsində ona təxminən 250-300 manat maddi ziyan dəydiyini bildirmişdir. O, bunu təxmini olaraq demişdir. Yeddi ədəd alüminium ləyənin dəyəri ilə bağlı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə razıdır. Yeddi ədəd alüminium ləyənin oğurlanması nəticəsində ona 315 manat məbləğində ziyan dəymişdir. Ona dəyən ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Ondan heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməəmtəəşünaslıq ekspertizasının 30 iyun 2022-ci il tarixli, 9/3470 nömrəli rəyindən görünür ki, analoji mallara müvafiq olaraq, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində göstərilən 07 ədəd 2021-ci il tarixdə alınmış, 1 il müddətində istismar olunmuş, hər birinin ayrılıqda çəkisi 8 kiloqram, diametri isə 1 metr olan alüminiumdan hazırlanmış ləyənlərin orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 315,00 (7 ədədx45 man) manat müəyyən edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsindən Polis Şöbəsinə daxil olmuş komisyon kompleks məhkəmə psixiatrik və psixoloji ekspertizasının 25 oktyabr 2022-ci il tarixli, 2850 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda üzvi şəxsiyyət pozuntusu formasında psixi pozuntu müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, ona ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs ona ittiham olunan əmələ görə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır, prosessual fəaliyyət qabiliyyətlidir. Təqsirləndirilən şəxs diqqətində dayanıqsızlıq (tez yayınıb, gec mərkəzləşməsi), abstrakt anlayışların dərk edilməsinin nisbətən zəif çıxış etməsi, həmin anlayışları məhdud şəkildə şərh etməsi, təfəkkürünün ləng və torpid olması, proqnozlaşdırma qabiliyyətinin zəifliyi, koqnitiv imkanlarının çevik olmadığı, ümumilikdə əqli imkanlarının normaya uyğun olması aşkar olunur. İctimai təhlükəli əməli törədərkən onda hərəkətlərinə mühüm təsir göstərəcək psixiemosional vəziyyətdə olmamışdır. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədərkən fizioloji affekt halında olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən 26 oktyabr 2022-ci il tarixdə rayon Polis Şöbəsinə daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qobustan rayon məhkəməsinin 20 noyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinib 200 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Qobustan rayon İcra Hakimiyyəti Başçısının Qobustan rayon Nabur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 24 oktyabr 2022-ci il tarixli 250 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Qobustan rayonu Nabur kəndində qeydiyyatda olmaqla orada yaşayır. Qobustan rayon İcra Hakimiyyəti Başçısının Qobustan rayon Nabur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Qobustan rayon X2 Hüquqi Şəxsdən daxil olmuş 25 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Qobustan rayon Mərkəzi Xəstəxanasının PHŞ-nin poliklinika şöbəsində ”Ensefalopatiya, tez-tez baş verən qıcolma tutmaları, şəxsiyyətin pozuntusu” diaqnozu ilə qeydiyyatdadır. Qobustan rayonu İcra Hakimiyyəti Başçısının Nabur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədə göstərilir ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Qobustan rayon polis şöbəsinin şübhəli şəxsin tutulması haqqında 04 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və 04 avqust 2022-ci il tarixdən 05 avqust 2022-ci il tarixə kimi Qobustan rayon polis şöbəsində saxlanılmışdır. 05 avqust 2022-ci tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə araşdırılmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün və zərərçəkmiş şəxsin ifadəsi ilə, eləcə də ekspert rəyi və işdə olan digər sənədlərlə tam sübuta yetir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayəti etiraf edərək əməlindən səmimi peşman olmasını, dəymiş ziyanı tam ödəməsini, yaşadığı yerindən müsbət xarakterizə olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməlindən peşman olmasını, dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi olmamasını, onun yaşadığı yerdən müsbət xarakterizə olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 6 saat hüquqi yardıma görə 36 manat məbləğində pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347-349, 351-353, 356 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 04 avqust 2022-ci il tarixdən 05 avqust 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı iki gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən bir gün azadlıqdan məhrumetmənin iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (ay) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Qobustan rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 6 saat hüquqi yardıma görə 36 manat məbləğində pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökmdən təqdim olunan və ya alınan gündən 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar