Məhkəmə qərarları › İş №1(026)-31/2024

Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-31/2024

10.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-31/2024 10.12.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, Qobustan Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxx 1985-ci il tarixdə Şamaxı rayonu, Qurbançı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, natamam orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 6,745 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı xeyli miqdarda əldə edib, üzərində saxlamaqla Qobustan rayonuna daşımış, 05 iyul 2024-cü il tarixdə saat 21:10 radələrində Qobustan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan rayonu, Qurbançı kəndi ərazisində saxlanılaraq Qobustan rayonu, Qobustan şəhəri, Heydər Əliyev prospekti 291 ünvanında yerləşən Qobustan rayon Polis Şöbəsinə gətirildikdən sonra orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 (bir) ədəd kibrit qutusunun içərisində təmiz çəkisi 6,745 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, bir neçə ildir ki, narkotik vasitə istifadə edir. Qeyd etdiyi müddət ərzində narkotik vasitənin qurudulmuş marixuana növündən istifadə etmişdir. Həmin narkotik vasitələri yaşadığı Binəqədi rayonu ərazisində kibrit qutusunda yerdən tapmış və sonradan istifadə etmək üçün özündə saxlamışdır. 02 iyul 2024-cü il tarixdə Qobustan rayonu, Qurbançı kəndinə gəlmişdir. Bir neçə gün həmin kənddə bir neçə il əvvəl vəfat etmiş babasına məxsus olan, hazırda heç kimin olmadığı evdə təkbaşına yaşamışdır. Kəndə gəlməkdə məqsədi bir müddət çobanlıq edib pul qazanmaq olmuşdur. 05 iyul 2024-cü il tarixdə saat 21-22 radələrində Qobustan rayonu, Qurbançı kəndində hava almaq məqsədi ilə küçəyə çıxdığı vaxt mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olmalarını demiş, onlarla birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişlər. O da polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra müdafiəçinin və digər iştirakçıların iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Ondan üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmaması soruşulduqda, əynindəki cins şalvarın sol yan cibindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerdən tapdığı bir ədəd kibrit qutusunda olan qurudulmuş marixuananı çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Ondan həmin kibrit qutusundakı kütlə haqqında soruşulduqda, həmin kütlənin nəşə, yəni narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin kütləni tapdığını bildirmişdir. Sonra həmin kibrit qutusunun içərisinə baxıldıqda içərisindəki qurudulmuş marixuana aşkar edilmişdir. Daha sonra içərisində qurudulmuş marixuana olan bir ədəd kibrit qutusu tərəzidə çəkilmiş, həmin kütlə ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Yekunda Təqsirləndirilən şəxs bildirdi ki, etdiyi əməldən peşmandır, himayəsində 2 azyaşlı uşağı var və uşaqlarına ondan başqa baxacaq kimsə yoxdur. Odur ki, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qobustan RPŞ-nin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs Qobustan rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan, həmin məlumatın yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunub cinayət başında yaxalanması məqsədi ilə onun tərəfindən Qobustan RPŞ-nin rəhbərliyinə raportla müraciət olunaraq Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədi ilə əməliyyat tədbirlərinin keçirilməsindən ötrü aidiyyəti üzrə göstəriş verilməsi xahiş olunmuşdur. Şöbə rəisinin əmri ilə 05 iyul 2024-cü il tarixdə Qobustan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 05 iyul 2024-cü il tarixdə saat 21:10 radələrində onlar tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o və Şahid2 birlikdə Qobustan rayonu, Qurbançı kəndi ərazisində Təqsirləndirilən şəxs yaxınlaşmış, xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını bildirmiş və Təqsirləndirilən şəxs narkotik vasitə əldə etməkdə şübhəli olduğu üçün onlarla birlikdə polis şöbəsinə getməli olduğunu demişlər. Sonra Təqsirləndirilən şəxs polis şöbəsinə getməyə razılığını bildirdiyindən onlar Emili polis şöbəsinə gətirmişlər və üstünə şəxsi axtarış keçirilib tədbir görülməsi üçün raportla şöbə rəhbərliyinə müraciət etmişlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi təhqiqatçı Ağasən Baratova həvalə edilmişdir. Bundan sonra isə müdafiəçinin, onun və əməliyyat müvəkkili Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üstünə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilən hər hansı bir əşya olub-olmaması soruşulduqda, o, əynindəki cins şalvarın sol yan cibindən bir ədəd kibrit qutusunu çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin kibrit qutusundakı kütlə haqqında soruşulduqda, o, həmin kütlənin nəşə, yəni narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və həmin kütləni tapdığını bildirmişdir. Sonra həmin kibrit qutusunun içərisinə baxıldıqda içərisində narkotik vasitəyə bənzər qurudulmuş bitki kütləsi aşkar edilmişdir. Daha sonra içərisində narkotik vasitəyə bənzər qurudulmuş bitki kütləsi olan bir ədəd kibrit qutusu tərəzidə çəkilmiş, sonra isə ona və digər iştirakçılara həmin kütlənin ekspertizaya göndərilməsi üçün qablaşdırılacağı bildirilmişdir. Həmin bir ədəd kibrit qutusu içərisindəki kütlə ilə birlikdə içərisi boş olan zərfə qoyulmuş, zərfin üzəri onun və digər iştirakçıların imzaları ilə imzalanmış və möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs saxlanılıb polis şöbəsinə gətirilərkən və ondan sonra ona qarşı hər hansı bir fiziki və ya psixi təzyiqə və təsirə yol verilməmişdir. İş üzrə şahid qismində dindirilən Qobustan RPŞ-nin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM-in) 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş materialların məhkəmə ekspertizasının 06 iyul 2024-cü il tarixli, 3-16-16/2-7/1110 nömrəli rəyində göstərilmişdir ki, üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd kibrit qutusu ... ..” yazı və imzalar olan zərfdə 1 ədəd kibrit qutusunda təmiz çəkisi 6,745 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitədir – qurudulmuş marixuanadır. Rəyin qeyd hissəsində marixuananın təmiz çəkisinin 6,745 qram, tədqiqata sərf edilən ümumi miqdarının 0,04 qram, qalıq çəkisinin isə 6,705 qram olması qeyd edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 08 avqust 2024-cü il tarixli, 5434 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 6,745 qram, ekspert tədqiqatından sonra təmiz çəkisi 6,705 qram narkotik vasitə - qurudulmuş marixuana maddi sübut əhəmiyyətinə malik olduğundan 13 iyul 2024-cü il tarixli qərarla iş üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək Qobustan rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən 22 iyul 2024-cü il tarixdə Qobustan rayon Polis Şöbəsinə daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 02 ay hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, cəza müddəti 22 sentyabr 2023-cü ildə başa çatmışdır. İşdəki Bakı şəhər Probasiya şöbəsinin 02 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək Binəqədi Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli hökmünə əsasən 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Binəqədi Rayon Məhkəməsinin 7(001)-503/2023 saylı, 24 iyul 2023-cü il tarixli qərarı ilə 02 ay müddətinə cəzadan vaxtından əvvəl şərti azad edilmiş məhkum Təqsirləndirilən şəxs barəsində olan məhkəmə qərarı 18 avqust 2023-cü il tarixdə idarənin icraatına daxil olmuşdur. Cəzasının müddətinin əvvəli 24 iyul 2023-cü il, cəza müddətinin sonu 24 sentyabr 2023-cü il tarixinə hesablanmışdır. İş materiallarından da göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli, 1(001)-252/2020 nömrəli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 24 sentyabr 2023-cü ildə başa çatmış, lakin o, CM-in 83.3.3-cü maddəsinə uyğun olaraq cəzanı çəkib qurtardığı gündən iki il keçmədən hazırkı cinayət əməlini törətdiyinə görə onun məhkumluğu ödənilməmişdir. İşdə surəti olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli, 1(001)-252/2020 nömrəli hökmündən görünür ki, həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəlinin 24 mart 2020-ci il tarixdən hesablanması qərara alınmışdır. İşdə surəti olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, 7(001)-503/2023 nömrəli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-252/2020 saylı, 14 sentyabr 2020-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 02 ay hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. İşdəki Bakı şəhəri Binəqədi RİH-nin Biləcəri qəsəbəsi üzrə nümayəndəliyinin 30 avqust 2024-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olduğu müddət ərzində onun haqqında Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İş üzrə verilmiş əməliyyat tapşırığı əsasında Qobustan RPŞ-nin Cinayət-Axtarış Bölməsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərində 05 iyul 2024-cü il tarixdə narkotik vasitə olmuşdur. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitəni 05 iyul 2024-cü il tarixdə satış məqsədi olmadan şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni kənar şəxslərə satmağı halı müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin əldə edilmə mənbəyini müəyyən etmək mümkün olmamışdır. İşdəki “Respublika Narkoloji Mərkəzi” PHŞ-dən daxil olmuş 05 avqust 2024-cü il tarixli, xx/xx-8944 nömrəli məktubda göstərilmişdir ki, xx xxxxxx 1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs həmin mərkəzdə narkoloji qeydiyyatda yoxdur. İşdəki Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-dən daxil olmuş 01 avqust 2024-cü il tarixli, 9551 nömrəli məktubda göstərilmişdir ki, xx xxxxxx 1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmamışdır. İşdə surəti olan Azərbaycan Respublikası vətəndaşının AZE 11162880 seriya nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, 25 aprel 2013-cü il təvəllüdlü Yunis Vəliyevin atası Təqsirləndirilən şəxs, anası Humay Cəfərovadır. İşdə surəti olan Azərbaycan Respublikası vətəndaşının AZE 12710587 seriya nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, 05 sentyabr 2014-cü il təvəllüdlü Həsən Vəliyevin atası Təqsirləndirilən şəxs, anası Humay Cəfərovadır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 05 iyul 2024-cü il tarixdə saat 21:10 radələrində şübhəli şəxs qismində tutulmuş, 07 iyul 2024-cü il tarixdə saat 19:10-da barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, Qobustan RPŞ-nin X1 azad edilmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-in 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir); 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; 21-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. Narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının müvafiq qanunlarla müəyyən edilmiş xeyli miqdarından aşağı olan miqdarı şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas verən az miqdardır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarının: 2-ci bəndinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair əməlləri təsbit edən CM-in 26-cı fəslində yer alan cinayət hüquqi normalar əsasən blanket quruluşa malik olmaqla əməlin cinayət xarakterli olduğunu göstərmək üçün onunla müvafiq normativ hüquqi aktların müddəalarının müqayisə edilməsini, bu müddəalar nəzərə alınmaqla əməlin hüquqi qiymətləndirilməsinin aparılmasını tələb edir. O, cümlədən, narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılmasında mühüm əhəmiyyət kəsb edən bir sıra cinayət-hüquqi kateqoriyalara dair izahların “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 959-İİQ nömrəli Qanununun (bundan sonra – Qanun) 1-ci maddəsində təsbit edildiyi nəzərə alınaraq, həmin izahlar, eləcə də baxılan ittihamın qanuni həlli üçün əhəmiyyətli olan Qanunun digər müddəaları rəhbər tutulmalı, düzgün təfsir olunaraq tətbiq edilməlidir; 4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur; 5-ci bəndinə əsasən, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir; 6-cı bəndinə əsasən, istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın “Narkotik vasitələr” adlı İ siyahısının 109.1-ci qrafasına əsasən təmiz halda 5 qram qurudulmuş marixuana xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 6,745 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - törətdiyi əməli etiraf edib peşman olmasını; - yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Bakı şəhəri Binəqədi RİH-nin Biləcəri qəsəbəsi üzrə nümayəndəliyinin 30 avqust 2024-cü il tarixli xasiyyətnaməsi); - himayəsində 2 azyaşlı uşağının olmasını (25 aprel 2013-cü il təvəllüdlü X3 və 05 sentyabr 2014-cü il təvəllüdlü X4). Məhkəmə Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli, 1(001)-252/2020 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, 7(001)-503/2023 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs həmin cəzanın çəkilməmiş qalan 02 ay hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edildiyini, cəza müddətinin 24 sentyabr 2023-cü ildə başa çatdığını, onun cəzasını çəkib qurtardığı gündən 2 il müddət keçmədən yenidən qəsdən hazırkı cinayəti törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində residiv müəyyən olunur. Odur ki, həmin hal CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. CM-in 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, barəsində müəyyən edilmiş yuxarıda qeyd edilən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda CM-in 65.2-ci maddəsinə uyğun olaraq məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın müddəti həmin maddədə göstərilən azadlıqdan mərhum etmənin yuxarı həddinin yarısından az olmamalıdır. CM-in 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Eləcə də, məhkəmə-narkoloji ekspertizasının 08 avqust 2024-cü il tarixli, 5434 nömrəli rəyinə uyğun olaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, şübhəli şəxs qismində tutulub həbsdə saxlanıldığı 02 (iki) gün (05 iyul 2024-cü ildən – 07 iyul 2024-cü ilədək, saxlanılma müddətinin 48 saatı keçməməsi nəzərə alınmaqla) həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı (CM - 69.3), Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli həbsə alındığı vaxtdan hesablanmalı, onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalı, iş üzrə maddi sübut - Qobustan rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 6,705 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli (CPM - 132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM - 198.1), təqsirləndirilən şəxsə məhkəmə icraatı zamanı göstərilən 8 saat hüquqi yardımla bağlı 48 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçiyə ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 iyul 2024-cü il tarixdən 07 iyul 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı iki gün müddətin bir günü ona təyin edilən azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla ümumilikdə 02 (iki) gün müddət həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni 10 dekabr 2024-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. İş üzrə 70 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı X2 Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən 8 saat hüquqi yardımla bağlı 48 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Qobustan rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Qobustan filialındakı filialın kodu 200725, müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT AİİBAZ2XXXX, müştərinin hesab nömrəsi AZ55AİİB410400H**********172 saylı hesabına köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Qobustan rayon Polis Şöbəsində saxlanılan 6,705 qram narkotik vasitə - qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd DVD disk hazırkı cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma təqdim olunduğu andan) 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar