Məhkəmə qərarları › İş №1(026)-4/2023

Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-4/2023

04.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-4/2023 04.04.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1965-ci ildə Şamaxı rayonu, Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, Qobustan rayonunun Qobustan şəhərində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 1,148 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla Qobustan şəhəri ərazisinə daşımış, 09 noyabr 2022-ci il tarixdə saat 23 radələrində Qobustan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat axtarış tədbirləri nəticəsində Qobustan şəhəri ərazisində saxlanılaraq Qobustan rayon polis şöbəsinə gətirilib orada üzərinə şəxsi axtarış keçirildikdən sonra RPŞ-nin əməkdaşları tərəfindən davam etdirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Qobustan şəhəri, Aşıq Xanış küçəsində yerləşən nömrəsiz fərdi evdə 10 noyabr 2022-ci il tarixdə saat 09:28-dən 10:08-dək olan müddət ərzində aparılan axtarış zamanı evin birinci mərtəbəsində yerləşən qonaq otağında qapının üst hissəsində olan pərdə asılan karnizin üzərindən 01 (bir) ədəd bükülüdə təmiz çəkisi 1,148 qram psixotrop maddə metamfetamin və yataq otağında olan taxta materialdan hazırlanmış mebelin üstündə olan “Kemei” markalı üzqırxan aparatının qabından üzərində metamfetamin izləri olan 01 (bir) ədəd folqa kağız parçası aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıda qeyd edilənlərlə tam sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Qobustan şəhəri, Aşıq Xanış küçəsində yerləşən nömrəsiz fərdi evdə ailə üzvlərilə birlikdə yaşayır. Əvvəllər məhkum olunmuşdur. Təxminən 4-5 aydır ki, psixotrop maddə olan metamfetamindən arabir istifadə edir. 2022-ci ilin noyabr ayının əvvəllərində şəxsi işi ilə əlaqədar olaraq Bakı şəhərinə getmişdir. İşlərini yekunlaşdırıb Bakı şəhəri “Sulutəpə” dairəsi deyilən ərazidə yaşadığı Qobustan rayonuna getmək üçün taksi gözlədiyi vaxt səkinin kənarında olan 01 ədəd sellofan bükülü diqqətini çəkmiş, əyilib həmin bükülünü götürüb içərisinə baxan zaman içərisində kağız bükülü olduğunu görmüşdür. Kağız bükülünün içərisində kristal formasında maddə olduğunu gördükdə, narkotik vasitə və psixotrop maddə istifadəçisi olduğu üçün spesifik iydən həmin kağız bükülüdə olan maddənin psixotrop maddə olan metamfetamin olmasını başa düşmüşdür. Ətrafa nəzər salıb kimsənin görmədiyini müşahidə etdikdən sonra öz istifadəsi üçün dərhal həmin kağız bükülünü bağlayıb qara rəngli şalvarının sağ yan cibində gizlətmiş və şəxsi istifadəsi üçün üzərində saxlayaraq yaşadığı Qobustan şəhərinə gətirmişdir. Evdə olan zaman cibindəki içərisində metamfetamin olan bükülünü evinin qonaq otağında olan pərdənin karnizinin üzərinə qoyaraq gizlətmişdir. 09 noyabr 2022-ci il tarixdə saat 23 radələrində yaşadığı Qobustan şəhərindəki evin qarşısında küçədə olan zaman mülki geyimli şəxslər ona yaxınlaşıb, özlərini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirdikdən sonra, ona üzərində narkotik vasitəni gəzdirməkdə şübhəli olduğunu bildirərək, onu RPŞ-yə dəvət etmişlər. RPŞ-yə gəldikdən sonra hüquqlarını müdafiə etmək üçün Pərvanə Hüseynova öz seçimi əsasında dövlət hesabına ona müdafiəçi təyin edilmişdir. Bundan sonra üzərinə axtarış keçirilməyə başlanmışdır. Aparılan şəxsi axtarış zamanı qısaqol köynəyini soyunarkən boyun nahiyyəsindən yerə bir ədəd kağız bükülü düşmüşdür. Həyəcandan tez həmin kağız bükülünü götürüb çeynəyərək udmuşdur. Həmin bükülünün içərisində hərhansı narkotik vasitə və psixotrop maddə olmamışdır. Əvvəllər həmin kağız bükülünün içərisində psixotrop maddə olmuş, lakin onu istifadə etmiş, kağız bükülü qalmışdır. Təhqiqatçı ondan bükülünün nə olduğunu və nə səbəbə udduğunu soruşduqda, üstünə böhtan atıldığını, həmin bükülünün ona məxsus olmadığını bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış davam etdirilsə də, üzərindən gəzdirilməsi qanunla qadağan olan hər hansı maddə, predmet və əşya aşkar olunmamışdır. Məsuliyyətə alınacağından qorxduğuna görə şəxsi axtarış zamanı üzərinə böhtan atıldığını demiş, lakin ona heç kim böhtan atmamışdır. Həmin kağız bükülünün içərisində olan psixotrop maddəni istifadə etsə də, kağız yadından çıxıb cibində qalmışdır. Şəxsi axtarış zamanı cibinə baxılacağını düşünüb bükülünü boynunda gizlətmişdir. 10 noyabr 2022-ci il tarixdə saat təxminən 09 radələrində onun razılığı əsasında evinin həyətində olan ağ rəngli, “VAZ 2107” markalı, **- RP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilində axtarış keçirilsə də, lakin avtomobilindən qanunla qadağan olan hər hansı maddə, predmet və əşya aşkar olunmamışdır. Bundan sonra onun razılığı əsasında yaşadığı Qobustan şəhəri, Aşıq Xanış küçəsində yerləşən nömrəsiz fərdi evində axtarış keçirilmişdir. Axtarış zamanı evinin birinci mərtəbəsində yataq otağında olan taxtadan hazırlanmış mebelin üst hissəsində olan “Kemei” markalı üzqırxan aparatının qabından bir ədəd üzərində izlər olan folqa kağız parçası və qonaq otağında qapının üstündə olan pərdə asılan karnizin üzərindən isə bir ədəd sellofan bükülüdə metamfetamin aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş bükülü elektron tərəzi vasitəsilə çəkilmişdir. Sonradan bu barədə protokol tərtib edilmiş, protokol doğru yazıldığı üçün imza etmişdir. Bu hərəkətlərin hamısı video kamera vasitəsi ilə qeydə alınmışdır. 10 noyabr 2022-ci il tarixdə evindən aşkar edilmiş psixotrop maddə metamfetamin və üzərində metamfetamin izləri olan folqa kağız parçası özünə məxsusdur. Metamfetamini gələcəkdə özü istifadə etmək üçün saxlamış, folqa kağız parçasından isə əvvəllər metamfetamin qəbul edərkən istifadə etmişdir. Məsuliyyətə alınacağından qorxduğuna görə 10 noyabr 2022-ci il tarixdə evinə axtarış zamanı aşkar edilmiş metamfetaminin və üzərində metamfetamin izləri olan folqa kağız parçasının özünə məxsus olmadığını demişdir. Ona heç kim böhtan atmamış, hər ikisi özünə məxsusdur. Əvvəllər də hardansa tapanda narkotik vasitə və ya psixotrop maddədən istifadə etmiş, heç kimdən nəyinsə qarşılığında narkotik vasitə və ya psixotrop maddə almamışdır. Psixotrop maddə və narkotik vasitə istifadəçisidir. Heç vaxt narkotik vasitə və psixotrop maddə satmamışdır. Narkotik vasitə və ya psixotrop maddə istifadə etməsi barədə nə ailə üzvlərinə, nə qohumlarına, nə də ki, tanışlarına heç vaxt bildirməmiş, bu barədə onların məlumatı olmamışdır. Rayon polis şöbəsinə gətirilərkən və orada olarkən polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki qüvvə tətbiq edilməmiş və psixi zorakılığa məruz qalmamışdır. Əməlindən səmimi peşmandır. Şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Qobustan RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti vəzifəsində işləyir. 09 noyabr 2022-ci il tarixdə Qobustan şəhər sakini Təqsirləndirilən şəxs Qobustan rayonu ərazisində narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə Qobustan RPŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat şöbə rəhbərliyinə məruzə olunduqdan sonra həmin məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması məqsədi ilə Qobustan RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən “Təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi” haqqında qərar qəbul edilmişdir. Qobustan RPŞ-nin rəhbərliyi tərəfindən təsdiq olunmuş əmrə əsasən əməliyyat qrupunun rəhbəri CAB-ın əməliyyat müvəkkili Şahid1 və üzvləri RPŞ-nin Xidmət üzrə rəis müavini Vüsal İsmayılov, PPXT-nin manqa komandiri Asət Ağayev, PPXT-nin polis nəfərləri Tural Ağayev, Kərəm Sahibov ilə birlikdə 09 noyabr 2022-ci il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs yaşadığı Qobustan şəhərindəki fərdi yaşayış evinin qarşısında saxlayaraq ona narkotik vasitələrin istifadəsində və qanunsuz üzərində gəzdirməsində şübhəli olması bildirilərək, üzərinə şəxsi axtarış aparılması üçün onlarla birlikdə Qobustan RPŞ-yə getməli olacağı bildirilmişdr. Təqsirləndirilən şəxs heç bir etiraz etməyərək onlarla birlikdə Qobustan RPŞyə gəlmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına təyin olunmuş müdafiəçi Pərvanə Hüseynovanın, həmçinin CAB-ın əməliyyat müvəkkilləri Şahid1, Şahid3 və onun iştirakı ilə X4 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olan hər hansı maddə, predmet və əşya varsa, könüllü olaraq iştirakçıların yanında təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs isə üzərində gəzdirilməsi qanunla qadağan olunmuş heç bir maddə, predmet və ya əşya olmadığını, üzərində olan paltarlarını özünün çıxaracağını bildirmişdir. Bundan sonra bədəninin yuxarı tərəfində olan paltarları çıxarmağa başlamış, əynində olan qısaqol köynəyini çıxardıqda bir ədəd bükülü yerə düşmüşdür. Təqsirləndirilən şəxs həmin bükülünü götürüb ağzına atıb udmuşdur. X4 Təqsirləndirilən şəxs həmin bükülünün nə olduğunu və nə səbəbə udduğunu soruşduqda, Təqsirləndirilən şəxs onun üstünə böhtan atıldığını, həmin bükülünün ona məxsus olmadığını demişdir. Daha sonra Təqsirləndirilən şəxs bunun onun sağlamlığı üçün zərərli olduğu və həkim müdaxiləsinin vacib olduğu qeyd edilmiş, lakin, o, həkim müdaxiləsinə razılıq verməyərək bundan boyun qaçırtmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də, qanunla qadağan olunmuş hər hansısa bir əşya və predmet aşkar edilməmişdir. Bundan sonra şəxsi axtarış aparılması barədə protokol tərtib olunmuş və iştirakçılara ucadan oxunmuş, heç bir etiraz daxil olmadığı üçün bütün iştirakçılar həmin protokolu imzalamışdır. 10 noyabr 2022-ci il tarixdə təxminən saat 09 radələrində Təqsirləndirilən şəxs razılığı əsasında Qobustan şəhəri, Aşıq Xanış küçəsində yerləşən nömrəsiz fərdi evinin həyətində olan ağ rəngli, “VAZ 2107” markalı, **-RP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilində axtarış keçirilsə də, lakin avtomobilindən qanunla qadağan olan hər hansı maddə, predmet və əşya aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs razılığı əsasında yaşadığı Qobustan şəhəri, Aşıq Xanış küçəsində yerləşən nömrəsiz fərdi evində axtarış keçirilmişdir. Evinin birinci mərtəbəsində yataq otağında olan taxtadan hazırlanmış mebelin üst hissəsində olan “Kemel” markalı üzqırxan aparatının kartondan olan qabından bir ədəd üzərində izlər olan folqa kağız parçası və qonaq otağında qapının üstündə olan pərdə asılan karnizin üzərindən isə bir ədəd bükülüdə kristal formasında maddə aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş bükülü elektron tərəzi vasitəsilə çəkilmişdir. Sonradan bu barədə protokol tərtib edilmiş, iştirakçılar protokolu imzalamışlar. Şahidlər Qobustan RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkilləri Şahid1, Şahid3 və RPŞ-nin Post-Patrul Xidməti taqımının polis nəfəri Şahid4 Şahid2 ilə eyni məzmunlu ifadə verdilər. Şahid5 ifadəsində göstərdi ki, 10 noyabr 2022-ci il tarixdə saat 09 radələrində Qobustan şəhərində küçədə olarkən polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün tutulmuş Təqsirləndirilən şəxs məxsus olan Qobustan şəhəri, Aşıq Xanış küçəsində yerləşən fərdi yaşayış evində axtarış aparılan zaman hal şahidi qismində iştirak etməyini xahiş etmişlər və o da razılaşmışdır. Buna görə də, 10 noyabr 2022-ci il tarixdə saat təxminən 09 radələrində Təqsirləndirilən şəxs məxsus olan Qobustan şəhəri, Aşıq Xanış küçəsində yerləşən fərdi yaşayış evində və İslam İbarahimova məxsus olan avtomobildə axtarış aparılmasında iştirak etmək üçün həmin ünvana getmişdir. Təqsirləndirilən şəxs razılığı əsasında evinin həyətində olan ağ rəngli, “VAZ 2107” markalı, **-RP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilində axtarış keçirilsə də, lakin avtomobilindən qanunla qadağan olan hər hansı maddə, predmet və əşya aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs razılığı əsasında yaşadığı Qobustan şəhəri, Aşıq Xanış küçəsində yerləşən nömrəsiz fərdi evində axtarış keçirilmişdir. Fərdi yaşayış evinin birinci mərtəbəsində yataq otağında olan taxtadan hazırlanmış mebelin üst hissəsində olan üzqırxan aparatının kartondan olan qabından bir ədəd üzərində izlər olan folqa kağız parçası və qonaq otağında qapının üstündə olan pərdə asılan karnizin üzərindən isə bir ədəd bükülüdə kristal formasında maddə aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş bükülü elektron tərəzi vasitəsilə çəkilmişdir. Sonradan bu barədə protokol tərtib edilmiş, iştirakçılar protokolu imzalamışlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə fiziki-kimyəvi ekspertizasının 10 noyabr 2022-ci il tarixli, 6/6477 nömrəli rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün №142” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs evindən aşkar edilərək götürülmüş bir ədəd büküm və folqa” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,148 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və 1 (bir) ədəd folqa kağız parçasının üzərində metamfetaminin izləri vardır. Rəyin qeyd hissəsində metamfetaminin təmiz çəkisinin 1,148 qram, tədqiqata sərf edilən ümumi miqdarının 0,05 qram, qalıq çəkisinin isə 1,098 qram olması qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 28 yanvar 2023-cü il tarixli 189 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə “üzvi şəxsiyyət pozuntusu” qeyd olunmuşdur. Təqsirləndirilən şəxs aşkar edilən “üzvi şəxsiyyət pozuntusu” onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda “üzvi şəxsiyyət pozuntusu” aşkar olunur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs diqqətində dayanıqsızlıq (tez yayınıb, gec mərkəzləşməsi), abstrakt anlayışların dərk edilməsinin nisbətən zəif çıxış etməsi, həmin anlayışları məhdud şəkildə şərh etməsi, təfəkkürünün ilişkən olması, emosional iradi sferasında qıcığa qarşı həssaslıq, hövsələsizlik, emosional dayanıqsızlıq, konfliktə və mübahisəyə meyillilik və sair aşkar olunur. Təqsirləndirilən şəxs ona ittiham edilən əməli törədərkən fizioloji affekt halında olmamışdır. Məhkəmə-narkoloji ekspertizasının 17 yanvar 2023-cü il tarixli 223 nömrəli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, halhazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən 11 yanvar 2023-cü il tarixdə rayon polis şöbəsinə daxil olmuş tələbnamədə göstərilir ki, Təqsirləndirilən şəxs 27 oktyabr 1983-cü il tarixdə Şamaxı rayon Xalq məhkəməsinin hökmü ilə Azərbaycan SSR Cinayət Məcəlləsinin 143-cü maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 14 yanvar 1985-ci ildə Bakı şəhəri, Qaradağ rayon Xalq məhkəməsinin qərarı ilə 02 il 01 ay 21 gün müddətinə şərti azad edilmişdir. Nərimanov rayon Xalq məhkəməsinin 27 avqust 1986-cı il tarixli qərarı ilə 06 ay 14 gün müddətinə cəzaçəkmə yerlərinə qaytarılmış, 13 mart 1987-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. 11 sentyabr 1995-ci il tarixdə Abşeron rayon Xalq məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası SSR Məcəlləsinin 86-ci maddəsinin 3-cü hissəsi, 207-ci maddəsinin 3-cü hissəsi, 220-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 iyul 1998-ci il tarixli qərarı ilə 11 sentyabr 1995-ci il tarixli hökm dəyişdirilib cəzası 04 ilə endirilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1998-ci il tarixli amnistiya haqqında qərarına əsasən azad edilmişdir. Təqsirləndirilən şəxs üzərində 10 noyabr 2022-ci il tarixdə aparılan axtarış videolentə alınmışdır. Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evindən aşkar edilərək götürülmüş təmiz çəkisi 1,148 qram, ekspert tədqiqatından sonra təmiz çəkisi 1,098 qram olan psixotrop maddə metamfetamin qəbul edilmiş 21 noyabr 2022-ci il tarixli qərarla iş üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək Qobustan rayon polis şöbəsinin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir. Qobustan rayon İcra Hakimiyyəti Başçısının Qobustan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 16 yanvar 2023-cü il tarixdə verdiyi 116 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi “Qobustan rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin 28 noyabr 2022-ci il tarixdə verdiyi 07-2022/1348 saylı arayışında göstərilir ki, 1965-ci il təvəllüdlü Qobustanu Qobustan şəhər sakini Təqsirləndirilən şəxs Qobustan rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsində “İnsulindən asılı olmayaraq şəkərli diabet, dəqiqləşdirilməmiş ağırlaşmalarla”, “Baş-beyin travmatik xəstəliyi nəticəsində əmələ gələn şəxsiyyətin kəskin ifadə olunmuş dəyişikliyi nəzərəçarpan psixopatabənzər davranışlar” və “yayılmış psoriaz” diaqnozları ilə qeydiyyatdadır. Qobustan rayon qeydiyyat şöbəsi tərəfindən 12 yanvar 2010-cu il tarixdə verilmiş AZ-İİ 388814 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 25 noyabr 2009-cu il tarixdə anadan olmuşdur. Atası Təqsirləndirilən şəxs, anası X1r. Qobustan rayon polis şöbəsinin “şübhəli şəxsin tutulması” haqqında 10 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və 11 noyabr 2022-ci il tarixə kimi Qobustan rayon polis şöbəsində saxlanılmışdır. Həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və müvəqqəti saxlama yerindən azad edilmişdir. Məhkəmə araşdırılmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün və şahidlərin ifadəsi ilə, eləcə də ekspert rəyi və işdə olan digər sənədlərlə tam sübuta yetir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayəti etiraf edərək əməlindən səmimi peşman olmasını, onun yaşadığı yerdən müsbət xarakterizə olmasını, şəkərli diabet xəstəsi olmaqla Qobustan rayon mərkəzi xəstəxanasında qeydiyyatda olmasını, himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməlindən peşman olmasını, onun yaşadığı yerdən müsbət xarakterizə olmasını, şəkərli diabet xəstəsi olmaqla Qobustan rayon mərkəzi xəstəxanasında qeydiyyatda olmasını, himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 1,098 qram olan psixotrop maddə mütamfetamin məhv edilməlidir. İş üzrə 114 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 6 saat hüquqi yardıma görə 36 manat məbləğində pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347,349, 351- 353, 356 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 10 noyabr 2022-ci il tarixdən 11 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı iki gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən bir gün azadlıqdan məhrum etmənin iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Qobustan rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 1,098 qram olan psixotrop maddə mütamfetamin məhv edilsin. İş üzrə 114 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 6 saat hüquqi yardıma görə 36 manat məbləğində pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökmdən təqdim olunan və ya alınan gündən 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar