Məhkəmə qərarları › İş №1(026)-4/2024

Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-4/2024

03.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-4/2024 03.09.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ X10 Elbrus oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri - Abşeron rayon vəkil bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, zərərçəkmiş şəxsin hüquqi varisi X1 iştirakı ilə, xx xxxxxx 1996-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, Şamaxı rayonu, G.İsayev adına Sis kənd tam orta məktəbində işləyən, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 07 iyul 2023-cü il tarixdə saat 21:45-də idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Opel Zafıra” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən 89-cu kilomterliyində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bu tələblərə əməl etməmiş, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda almamış, Şamaxı rayonu istiqamətində sağ zolaqda təxminən 60-70 km/saat sürətlə dairəyə daxil olduğu zaman yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində yolu sağdan sola asta qaçışla keçən piyada X5 görüb avtomobili sol zolağa istiqamətləndirmiş, lakin avtomobilin ön bufer və sağ yan qanad hissəsi ilə piyada Safa Əzizovu yolun hərəkət hissəsində vurmuş, nəticədə ehtiyatsızlıqdan piyada Safa Əzizovun döş qəfəsinin sol yarısında İİ-İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ qabırğaların sınıqları, döş qəfəsinin sol yarısının sıyrığı, sol ağciyərin cırılması, daxilə kütləvi qanitirmə ilə müşayiət olunan, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarəti alaraq ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmələri aşağıda qeyd edilənlərlə tam sübuta yetir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 07 iyul 2023-cü il tarixdə saat 21:45 radələrində idarə etdiyi özünə məxsus “Opel Zafıra” markalı **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobillə ailəsi ilə birlikdə Bakı şəhərindən çıxıb Şamaxı şəhərinə evinə gedərkən, Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu ərazisindən keçən 89-cu kilometrliyində sağ zolaqda rayon istiqamətində 60-70 km/saat sürətlə hərəkətdə olarkən dairəyə daxil olub bir nəfər kişini avtomobilin qabaq sağ bufer və sağ qanad hissəsi ilə vurmuş, zərbənin təsirindən piyada bir az arxaya tullanıb asfalt üzərinə düşmüşdür. O, piyada kişini yolun sağdan sola təxminən 5-10 metr məsafədə görüb onu vurmamaq üçün sükanı sola burmuş, eyni zamanda sağ ayağını tormoza basmış, buna baxmayaraq piyadanı idarə etdiyi avtomobilin sağ bufer və sağ qanadı ilə vurmuşdur. O, dərhal avtomobildən düşüb həmin piyadaya yaxınlaşmış, piyadanın ağzından su kimi köpük gəlmiş, əli ilə onun nəbzini yoxlamış, nəbzinin zəif olduğunu hiss edərək, yoldan keçən tanımadığı şəxsin avtomobili ilə vurduğu piyadanı dərhal Qobustan rayon xəstəxanasına aparmışdır. Hadisədən təxminən 10 dəqiqə sonra hadisə yerinə toplaşan şəxslər piyadanın öldüyünü ona bildirmişlər. İdarə etdiyi avtomobillə vurduğu şəxsi əvvəllər tanımamış, hadisədən sonra həmin şəxsin Qobustan rayonu Təklə kənd sakini olduğunu bilmişdir. Hadisədən əvvəl spirtli içki və ya narkotik vasitə qəbul etməmiş, ayıq olmuşdur. Avtomobili texniki cəhətdən saz vəziyyətdə olmuş, avtomobildə yük olmamışdır. Avtomobildə 3 nəfər sərnişin olmuşdur. Piyada yolun sağ kənarından asfaltın qırağından sola dairəyə tərəf tək və asta qaçışla keçib dairəyə daxil olan zaman avtomobili uzaq vuran işıqlarla idarə etmiş, piyadanı görəndə onu vurmamaq üçün avtomobili sağ zolaqdan sol zolağa keçirmiş, buna baxmayaraq avtomobilin qabaq sağ yan hissəsi ilə piyadanı vurmuşdur. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır. Nəzərə alınmasını məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq dindirilmiş X2 ifadə verərək göstərdi ki, əri X8 ilə iə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində həyət evində yaşamış, 07 iyul 2023-cü il tarixdə saat 17 radələrində əri Safa Qobustan rayonu, Təklə Mirzəbaba kəndində yaşayan atasına zəng vurub hal-əhval tutanda, atasının təzyiqinin yüksək olduğu, özünü narahat hiss etdiyi bildirilmiş, əri Safa kəndə gedəcəyini bildirmiş və yol maşını ilə Qobustan rayonuna getmişdir. Həmin gün saat 23:15 radələrində evində olarkən, telefon vasitəsilə zəng vuraraq əri Safanın Qobustan şəhərində dairənin yaxınlığında avtomobillə vurulduğu və xəsarət aldığı ona bildirilmişdir. O, rayona getmək istəmiş, lakin ona zəng edilərək ərinin öldüyü bildirilmişdir. Həmin günü Safanın meyiti Qobustan rayon mərkəzi xəstəxanasına gətirilmiş, meyitxanada müayinə olduqdan sonra əri Safanm meyiti onlara təhvil verilmiş və Abşeron rayonu Qobustan qəsəbə qəbiristanlığında dəfn edilmişdir. Təqsirləndirilən şəxsla barışmış, onlara dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs ondan heç bir şikayəti və tələbi yoxdur. Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X3 ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş edib, Təqsirləndirilən şəxsla barışdığını və ondan heç bir şikayəti və tələbi olmadığını, onlara dəymiş ziyanın tam ödənildiyini bildirmişdir. Şahid1 ifadəsində göstərdi ki, 07 iyul 2023-cü il tarixdə saat 21:45 radələrində əri Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Zafira” markalı avtomobildə sərnişin qismində arxada əyləşib Bakı şəhərindən Şamaxı rayonuna gedərkən, Bakı-Şamaxı yolunun Qobustan rayonu ərazisindən keçən zaman, o, qucağında 05 dekabr 2021-ci il təvəllüdlü qızı Əsmərlə məşğul olmuş, birdən avtomobilin qarşısına nəyinsə çırpıldığını eşidib qabağa baxdıqda, avtomobilə piyadanın dəydiyini bilmişdir. Fərid dərhal avtomobili saxlamış və arxada əyləşən qaynanası Əsmər ilə birikdə avtomobildən düşüb hadisə yerinə yaxınlaşmışdır. Onun qucağında körpəsi olduğuna görə avtomobildə qalmışdır. Orada ona məlum olmuşdur ki, əyləşdiyi avtomobilin qarşısına yolun sağından bir nəfər piyada kişi çıxmış və xəsarət almışdır. Piyadanı tez xəstəxanaya aparmışlar. Bir neçə saatdan sonra eşitmişdir ki, həmin piyada kişi ölmüşdür. O, hadisə baş verdiyi anı görmədiyini bildirmiş, hadisə zamanı əri Fərid avtomobili orta sürətlə idarə etmiş, o, əri Fərid, körpə uşağı və qaynanası Əsmər xəsarət almamışlar. Şahid2 ifadə verərək göstərdi ki, 07 iyul 2023-cü il tarixdə saat 21:45 radələrində oğlu Təqsirləndirilən şəxs idarə etdiyi “Opel” markalı avtomobillə Bakı şəhərindən Şamaxı rayonuna gedərkən, Bakı-Şamaxı yolunun Qobustan rayonu ərazisindən keçən vaxtı, o, avtomobildə arxa oturacaqda oturub mobil telefonuna baxmış, birdən Fərid qışqıraraq avtomobilə tormoz vermiş, həmin an o, başını qaldırdıqda, əyləşdiyi avtomobilin qabaq sağ tərəfinə nəyinsə çırpıldığını görmüş, bu hadisə ani anda baş vermişdir. Fərid tez qabaqda avtomobili saxlamış, o, oğlu Fəridlə birlikdə avtomobildən düşmüşdür. Piyadanın avtomobilin qarşısında asfalta yıxıldığını görmüşdür. Piyada kişi xəsarət aldığı üçün tez onu xəstəxanaya aparmışlar. Bir neçə saat sonra piyada kişinin aldığı xəsarətlərdən öldüyünü eşitmişdir. Hadisə zamanı gəlini Türkan qucağında nəvəsi avtomobildə arxa oturacaqda sol tərəfdə oturmuş, onlar xəsarət almamışlar. Hadisə zamanı oğlu Fərid avtomobili yüksək sürətlə idarə etməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin 08 iyul 2023-cü il tarixli 13 nömrəli rəyində göstərilir ki, X4 bədəni üzərində aşkar edilmiş xəsarətlər - döş qəfəsinin sol yarısında İİ-İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ qabırğaların sınıqları, döş qəfəsinin sol yarısının sıyrığı, sol ağciyərin cırılması, daxilə kütləvi qanitirmə ölümündən əvvəl küt əşya təsirindən törənməklə, 07 iyul 2023-cü il tarixdə piyadanın hərəkətdə olan yüngül minik avtomobili ilə vurulması zamanı alınmağa uyğun gəlirlər. Ölümünə səbəb çoxsaylı qabırğaların sınması nəticəsində ağ ciyərin cırılması, daxilə kütləvi qanitirmə olmuşdur. Ölüm 07 iyul 2023-cü il tarixdə baş vermişdir. X4 meyitindən götürülmüş qanın və sidiyin məhkəmə kimyəvi tədqiqatı nəticəsində etil spirti aşkar edilmişdir ki, buda canlı şəxslərdə tərtib olunmuş xüsusi cədvələ əsasən yüngül dərəcəli alkoqol sərxoşluğu kimi qiymətləndirilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətindən daxil olmuş diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Zafira” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobillə sağ zolaqda rayon istiqamətində hərəkətdə olarkən yolu sağdan sola asta qaçışla dairəyə tərəf keçən piyadanı görərək avtomobili sağ zolağa yönəltmiş, buna baxmayaraq avtomobilin sağ yan hissəsi ilə piyadanı vurmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 04 sentyabr 2023-cü il tarixli, 8/2501 nömrəli rəyində göstərilir ki, “Opel Zafira” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət edərək hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 aprel 2024-cü il tarixli 3-16-16/2-8/600-4/289 saylı yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş “VİD-20230712-WA0046” adlı videoyazıdakı görüntülərə görə piyada görünməsinin mümkün olduğu 335-ci kadrdan (videoyazının PTS göstəricisinə görə 05,583-cü san-dən) avtomaşınla vurulana kimi hərəkətdə olmuşdur. Videoyazıdakı görüntülərə görə 335-ci kadrdan əvvəlki kadrlarda piyadanın dayanmasını və ya hərəkətdə olmasını müəyyən etmək mümkün olmamışdır. Ekspertizaya təqdim olunmuş “VİD-20230712-WA0046” adlı videoyazı tədqiqi hissədə göstərilən səbəblərdən iki vizual hadisə arasında keçən real zamanın müəyyən olunması üçün yararsız olduğundan piyadanın yolun sağından soluna doğru hərəkəti zamanı göründüyü andan təqsirləndirilən şəxsin idarə etdiyi avtomaşınla vurulduğu ana qədər keçən real zamanı müəyyən etmək mümkün olmamışdır. Audio və videoyazıların məhkəmə ekspertizası yolu ilə videoyazıdakı görüntülərə görə 335-ci kadrdan əvvəlki kadrlarda piyadanın dayanmasını və ya hərəkətdə olması, piyadanın yolun sağından soluna doğru hərəkəti zamanı göründüyü andan təqsirləndirilən şəxsin idarə etdiyi avtomaşınla vurulduğu ana qədər keçən real zamanı müəyyən etmək mümkün olmadığından, mövcud vəziyyətdə yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası yolu ilə qeyd olunan suallara görə “Opel Zafira” markalı **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən, müdafiə tərəfinin göstərdiyi məlumatlar real hadisə mexanizminə uyğun olmadığından həmin məlumatlar üzrə tədqiqat aparılmır. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, “Opel Zafira” markalı **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında”_Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 07 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan 07 sentyabr 2023-cü il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsi şöbəsi tərəfindən 04 iyul 2023-cü il tarixdə verilmiş 3-13-16/2-96221/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə xx.xx.2025-ci il tarixədək etibarlı olan AE 957316 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər-hansı məlumat qeydə alınmamışdır. İş materiallarında olan “ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınması” haqqında 01 avqust 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə X2 onun hüquqi varisi təyin edilmişdir. İş materiallarında olan 42 nömrəli, 07 iyul 2023-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs 07 iyul 2023-cü il tarixdə alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. İş materiallarında olan X9 Təhsil İdarəsi Şamaxı rayonu G.İsayev adına Sis kənd ümumi orta məktəbinin direktoru tərəfindən 10 iyul 2023-cü il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün, zərərçəkmiş şəxsin hüquqi varisi, şahid ifadələri ilə, eləcə də ekspert rəyləri və işdə olan digər sənədlərlə tam sübuta yetir. Onun əməli Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı nəticəsində ilk dəfə olaraq az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisinə ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayəti və tələbi olmamasını, himayəsində 2 nəfər azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasının həddində nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət işi üzrə elan edilmiş ittiham üzrə özünü təqsirli bilib 07 iyul 2023-cü il tarixdə saat 21:45 radələrində idarə etdiyi özünə məxsus “Opel Zafira” markalı **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şamaxı şəhərinə gedərkən Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu ərazisindən keçən 89-cu kilometrliyində sağ zolaqda rayon istiqamətində 60-70 km/saat sürətlə hərəkətdə olarkən dairəyə daxil olub bir nəfər kişini avtomobilin qabaq sağ bufer və sağ qanad hissəsi ilə vurmuş, zərbənin təsirindən piyada bir az arxaya tullanıb asfalt üzərinə düşmüşdür. O, piyada kişini yolun sağdan sola təxminən 5-10 metr məsafədə görüb onu vurmamaq üçün sükanı sola burmuş, eyni zamanda sağ ayağını tormoza basmış, buna baxmayaraq piyadanı idarə etdiyi avtomobilin sağ bufer və sağ qanadı ilə vurmuşdur. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyası həddində, nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmənin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Opel Zafira” markalı **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalı, 335 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış “Opel Zafira” markalı **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işində saxlanılsın. İş üzrə 335 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökmdən təqdim olunan və ya alınan gündən 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar