Məhkəmə qərarları › İş №1(026)-5/2025

Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-5/2025

25.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-5/2025 25.02.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, Qobustan Rayon Məhkəməsinin inzibati binasında xx xxxx 1991-ci il tarixdə Qobustan rayonu, Cəyirli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, orta təhsilli, məhkumluğu olmayan, Qobustan rayonu, Cəyirli kəndində qeydiyyatda olmaqla, orada yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 8,31 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı xeyli miqdarda əldə edib, üzərində saxlamaqla Qobustan rayonuna daşımış, Qobustan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat axtarış tədbirləri nəticəsində 07 oktyabr 2024-cü il tarixdə saat 19:52 radələrində Qobustan rayonu, Qobustan şəhəri “Son” adlanan ərazidə saxlanılıb orada üzəri yoxlanılan zaman əynində olan göy rəngli şalvarının sağ yan cibində saxladığı bir ədəd sellofan bükülünün içərisində təmiz çəkisi 8,31 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Qobustan şəhərində “Son” adlanan ərazinin yaxınlığında yerləşən icarə əsasında işlətdiyi avtomobil təmiri sexində fərdi qaydada avtomobil təmiri ilə məşğul olur və bu yolla əldə etdiyi qazancla dolanır. Bir neçə ildir ki, hərdənbir narkotik vasitə istifadə edir. 07 oktyabr 2024-cü il tarixdə saat 15-16 radələrində Qobustan şəhərində “Son” adlanan ərazinin yaxınlığında yerləşən icarə əsasında işlətdiyi avtomobil təmiri sexinin yanında təkbaşına gəzən zaman yerdə bir ədəd sellofan bükülü olduğunu görmüş və diqqətini cəlb etdiyindən bükülünü götürüb baxdıqda içərisində nəşə, yəni narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüşdür. O, həmin bükülünü içərisindəki narkotik vasitədən daha sonra istifadə etmək məqsədi ilə özü ilə götürmüşdür. Onda narkotik vasitə olmasından heç kimin xəbər tutmaması üçün içərisində qurudulmuş marixuana olan həmin bükülünü gündəlik geyindiyi şalvarın cibində gizlədib saxlamışdır. 07 oktyabr 2024-cü il tarixdə saat 19-20 radələrində o, işdən evə qayıdarkən Qobustan rayonu, Qobustan şəhərində “Son” deyilən ərazidə mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olmalarını və üzərində narkotik vasitə saxlamağı barədə onlarda məlumat olmasını bildirmiş, bu səbəbdən də üzərinə şəxsi yoxlanış keçirilməsi zərurəti olduğunu izah etmiş, o da üzərinə şəxsi yoxlanış keçirilməsinə razılığını bildirmişdir. Sonra ona vəkilə ehtiyacının olub-olmaması soruşulduqda, o vəkilə ehtiyacının olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşı Şahid2 üzərinə baxış keçirən zaman əynində olan göy rəngli şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı telefon, şalvarın sağ yan cibindən “Magna” markalı siqaret və içərisində qurudulmuş marixuana olan həmin 01 ədəd sellofan bükülünü çıxarıb digər polis əməkdaşına təqdim etmişdir. Ondan sellofan bükülüdə olan kütlə haqqında soruşulduqda, o, həmin kütlənin marixuana bitkisi olduğunu, özünün də narkotik vasitə istifadəçisi olduğunu, həmin kütləni 07 oktyabr 2024-cü il tarixdə Qobustan şəhərində “Son” adlanan ərazinin yaxınlığında yerləşən icarə əsasında işlətdiyi avtomobil təmiri sexinin yanında gəzən zaman görüb istifadə etmək üçün götürdüyünü bildirmişdir. Daha sonra içərisində qurudulmuş marixuana olan 01 ədəd sellofan bükülü tərəzidə çəkilmiş, sonra isə həmin 01 ədəd sellofan bükülü içərisindəki qurudulmuş marixuana ilə birlikdə içərisi boş olan zərfə qoyulmuş, zərfin üzəri onun və digər iştirakçıların imzaları ilə imzalanmış və möhürlənərək götürülmüşdür. Bundan sonra polis əməkdaşları onlarla birlikdə polis şöbəsinə getməli olduğunu izah etmiş və o da razılığını bildirmişdir. Polis şöbəsinə gəldikdən sonra onu təhqiqatçının xidməti iş otağına aparmışlar. Orada olduğu zaman təhqiqatçı ona şübhəli şəxs qismində tutulacağını bildirmişdir. Bundan sonra vəkil Müdafiəçi gəlib ona təqdim olunmuş, təhqiqatçı onu şübhəli şəxs qismində tutmuş, hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra Müdafiəçi və digər iştirakçıların iştirakı ilə videoçəkilişdən istifadə edilməklə polis əməkdaşları tərəfindən əvvəlcədən üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd sellofan bükülünün qablaşdırıldığı zərf açılmış, həmin bükülü zərfin içərisindən çıxarılaraq baxış keçirilmişdir. Baxış zamanı ondan üzərindən aşkar olunaraq götürülmüş həmin kütlə haqqında soruşulduqda, o, zərfin içərisindən çıxarılaraq ona təqdim olunan kütlənin üzərindən aşkar olunduğunu və ona məxsus olduğunu, işlədiyi sexin qarşısında işləyərkən tapdığını, tapan zaman yanında heç kimin olmadığını, çətənə bitkisi olduğunu və arada çəkmək üçün üzərində saxladığını, həmin kütlədən başqa şəxslərə təqdim etmədiyini bildirmişdir. Daha sonra həmin kütlə zərfə qoyulmuş və möhürlənərək götürülmüşdür. Yekunda Təqsirləndirilən şəxs bildirdi ki, etdiyi əməldən peşmandır və himayəsində 2 azyaşlı uşağı var, ailədə qazanc gətirən yeganə şəxsdir. Bu səbəbdən də ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmədə iclasında şahid qismində dindirilmiş Qobustan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili işləyən Şahid1 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs Qobustan rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə əldə edərək saxlaması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan, həmin məlumatın yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunub cinayət başında yaxalanması məqsədi ilə tərəfindən Qobustan RPŞ-nin rəhbərliyinə raportla müraciət olunaraq Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədi ilə əməliyyat tədbirlərinin keçirilməsindən ötrü aidiyyəti üzrə göstəriş verilməsi xahiş olunmuş, şöbə rəisinin vəzifələrini müvəqqəti icra edən, polis mayoru Emin Məmmədzadənin əmri ilə 07 oktyabr 2024-cü il tarixdə onun rəhbərliyi, Qobustan RPŞ-nin CAB-nin axtarış üzrə baş əməliyyat müvəkkili Şahid2 və Qobustan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 07 oktyabr 2024-cü il tarixdə saat 19:52-də radələrində keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Qobustan RPŞ-nin CAB-nin axtarış üzrə baş əməliyyat müvəkkili Şahid2 və Qobustan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 ilə birlikdə Qobustan rayonu, Qobustan şəhəri “Son” adlanan ərazidə Təqsirləndirilən şəxs yaxınlaşıb, xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını bildirmiş və qanunsuz olaraq narkotik vasitə əldə edərək saxlamasında şübhəli olduğu üçün üstünün yoxlanılmasının həyata keçirilməsi zərurəti olduğunu izah etdikdən sonra Təqsirləndirilən şəxs üstünün yoxlanılmasına razılığını bildirmişdir. Təqsirləndirilən şəxs vəkilə ehtiyacının olub-olmamağı soruşulduqda, o, vəkilə ehtiyacının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı əynində olan göy rəngli şalvarın sol yan cibindən bir ədəd ”Samsung” markalı mobil telefon, şalvarın sağ yan cibindən “Magna” markalı siqaret, həmçinin 01 ədəd sellofan bükülü aşkar edilmişdir. Təqsirləndirilən şəxs sellofan bükülüdə olan kütlə haqqında soruşulduqda, o, həmin kütlənin marixuana bitkisi olduğunu, özünün də narkotik vasitə istifadəçisi olduğunu, həmin kütləni işlədiyi sexin qabağından tapdığını, istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Daha sonra içərisində qurudulmuş marixuanaya bənzər kütlə olan bükülü tərəzidə çəkilmiş, sonra isə həmin 01 ədəd sellofan bükülü içərisi boş olan zərfə qoyulmuş, zərfin üzəri onun və digər iştirakçıların imzaları ilə imzalanmış və möhürlənərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə polis şöbəsinə getməli olduğunu izah etmişlər, o da onlarla getməyə razılığını bildirmişdir. Rayon Polis Şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üstünün yoxlanılması ilə əlaqədar protokol tərtib etmiş, iştirakçılar protokolu imzalamışlar. Qeydə alınmış videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Bundan sonra raport yazmış və Təqsirləndirilən şəxs təhqiqatçıya təhvil vermişdir. X8 xidməti otağında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulacağını bildirmişdir. Müdafiəçi gəlib ona təqdim olunduqdan sonra təhqiqatçı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuş, hüquq və vəzifələrini izah etmişdir. Sonra Təqsirləndirilən şəxs əvvəlcədən polis əməkdaşları tərəfindən üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəyə bənzər kütləyə videoçəkilişdən istifadə edilməklə baxış keçirilməsi zərurəti izah edilmiş, o da həmin baxışda iştirak etməyə razılığını bildirmişdir. Bundan sonra Müdafiəçi və digər iştirakçıların iştirakı ilə videoçəkilişdən istifadə edilməklə polis əməkdaşları tərəfindən əvvəlcədən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd sellofan bükülünün qablaşdırıldığı zərf açılmış, həmin bükülü zərfin içərisindən çıxarılaraq baxış keçirilmişdir. Baxış zamanı ondan üzərindən aşkar olunaraq götürülmüş həmin kütlə haqqında soruşulduqda Təqsirləndirilən şəxs zərfin içərisindən çıxarılaraq ona təqdim olunan kütlənin onun üzərindən aşkar olunduğunu və özünə məxsus olduğunu, işlədiyi sexin qarşısında işləyərkən tapdığını, tapan zaman yanında heç kimin olmadığını, çətənə bitkisi olduğunu və arada çəkmək üçün üzərində saxladığını, həmin kütlədən başqa şəxslərə təqdim etmədiyini bildirmişdir. Daha sonra həmin kütlə zərfə qoyulmuş və möhürlənərək götürülmüşdür. İş üzrə şahid qismində dindirilən Qobustan RPŞ-nin CAB-nin axtarış üzrə baş əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. İş üzrə şahid Qobustan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 ərizə ilə məhkəməyə müraciət edərək, xidməti zərurətlə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə-bioloji ekspertizasının 08 oktyabr 2024-cü il tarixli, 7/1685 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs ...” sözləri yazılmış zərfdə bir ədəd sellofan bükülüdə təmiz çəkisi 8,31 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitədir - qurudulmuş marixuanadır. Rəyin qeyd hissəsində marixuananın təmiz çəkisinin 8,31 qram, tədqiqata sərf edilən ümumi miqdarının 0,05 qram, qalıq çəkisinin isə 8,26 qram olması qeyd edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 15 oktyabr 2024-cü il tarixli, 6838 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs Kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. Cinayət işinə əlavə edilmiş Qobustan RPŞ-nin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən tərtib olunmuş 07 oktyabr 2024-cü il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, Qobustan RPŞ-yə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 07 oktyabr 2024-cü il tarixdə, saat 19:52 radələrində Qobustan rayonu, Qobustan şəhəri, “Son” adlanan ərazidə piyada hərəkət edərkən saxlanılmış, ona hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı əynində olan göy rəngli şalvarın sağ yan cibindən “Magna” markalı siqaret, həmçinin içərisində yaşıl rəngli bitki kütləsi olan 01 (bir) ədəd sellofan bükülü, şalvarın sol yan cibindən isə 01 (bir) ədəd smartfon tipli, “Samsung” markalı mobil telefon aşkar edilmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq sellofan bükülünün içərisində olan kütlənin marixuana bitkisi olduğunu, həmin kütləni tapdığını və narkotik vasitə istifadə etdiyini bildirmişdir. Sonra içərisində qurudulmuş marixuanaya bənzər kütlə olan sellofan bükülü elektron tərəzidə çəkilmişdir. Sonra həmin bükülü zərfə qoyularaq qablaşdırılmış, zərfin üzərini iştirakçılar imzaladıqdan sonra RPŞ-nin 142 nömrəli möhürü ilə bağlandıqdan sonra götürülmüşdür. Araşdırma üçün əhəmiyyət kəsb etdiyindən 01 (bir) ədəd “Samsung” markalı mobil telefon da qablaşdırılaraq götürülmüşdür. Araşdırma üzrə əhəmiyyət kəsb etmədiyindən “Magna” markalı siqaret Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Cinayət işinə əlavə edilmiş Qobustan RPŞ-nin Təhqiqat Qrupunun təhqiqatçısı, polis baş leytenantı Şükran Cavadzadə tərəfindən tərtib olunmuş 07 oktyabr 2024-cü il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, 07 oktyabr 2024-cü il tarixdə saat 20:50 dəqiqədən saat 20:58 dəqiqəyədək olan müddət ərzində Qobustan rayon Polis Şöbəsində xidməti otaqda təqdim edilmiş əşyalara baxış keçirilmişdir. Həmin istintaq hərəkətində şübhəli şəxs Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi, RPŞ-nin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, RPŞ-nin Cinayət-Axtarış Bölməsinin axtarış üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 və RPŞ-nin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3 iştirak etmişdir. Təqdim olunan iki ədəd ağ rəngli zərfə və bir ədəd DVD-yə baxış keçirilmişdir. Üzərində “Təqsirləndirilən şəxs üzərindən.. ” sözləri yazılmış zərfin biri açıldıqda içərisində bir ədəd sellofan bükülünün içərisində yaşıl rəngli kütlə olduğu, digər zərf açıldıqda isə içərisində “Samsung” markalı mobil telefon olması müəyyən edilmişdir. Sonra həmin zərflər yenidən möhürlənmişdir. DVD-də olan görüntüdə isə Təqsirləndirilən şəxs üstünün yoxlanılması və üzərindən aşkar olunmuş əşyaların götürülməsi öz əksini tapmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 8,31 qram, ekspert tədqiqatından sonra təmiz çəkisi 8,26 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut əhəmiyyətinə malik olduğundan 10 oktyabr 2024-cü il tarixli qərarla iş üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılması üçün Qobustan Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən 22 oktyabr 2024-cü il tarixdə Qobustan RPŞ-yə daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə istintaqı aparılmış ********* nömrəli cinayət işinə 11 iyun 2018-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən xitam verilmiş, o, başqa hər hansı iş üzrə cinayət məsuliyyətinə cəlb olunmamışdır. İşdə surəti olan 11 iyun 2018-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərardan görünür ki, Qobustan rayonu, Cəyirli kənd sakini Təqsirləndirilən şəxs barəsində Qobustan RPŞ-də istintaq olunmuş ********* nömrəli cinayət işinə Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən xitam verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 07 oktyabr 2024-cü il tarixdə saat 20:30-də şübhəli şəxs qismində tutulmuş, 09 oktyabr 2024-cü il tarixdə saat 18:45-da barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək, Qobustan RPŞ-nin X10 azad edilmişdir. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən 01 ədəd disk, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş predmetlərə baxış və götürmənin həyata keçirildiyi videogörüntünün əks olunduğu 01 ədəd disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd disk cinayət işinin materiallarına əlavə edilmişdir. İşdəki Qobustan RİHB-nin Cəyirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 noyabr 2024-cü il tarixli arayışdan görünür ki, Rüstəmov X6 rayonu, Cəyirli kəndində qeydiyyatda olmaqla, orada yaşayır və onun ailə tərkibi aşağıdakı kimidir: 14 avqust 1996-cı il təvəllüdlü arvadı X9, 19 avqust 2020-ci il təvəllüdlü oğlu X7 və 11 sentyabr 2023-cü il təvəllüdlü qızı X3. İşdəki Qobustan RİHB-nin Cəyirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İşdə surəti olan AZ-İV 490784 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 20 avqust 2020-ci il təvəllüdlü X2 atası Təqsirləndirilən şəxs, anası X4r. İşdə surəti olan AZ-İV 912385 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 11 sentyabr 2023-cü il təvəllüdlü X1 atası Təqsirləndirilən şəxs, anası X5r. İşdəki “Qobustan rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən daxil olmuş 30 oktyabr 2024-cü il tarixli, 18-1-53/2-1058/2024 nömrəli məktubdan görünür ki, Qobustan rayonu, Cəyirli kənd sakini Rüstəmov X6 RMX PHŞ-nin Poliklinika şöbəsinə narkoloji və psixonevroloji xəstəliklə bağlı müraciət etməmiş və dispanser qeydiyyatda deyildir. İş üzrə verilmiş əməliyyat tapşırığı əsasında Qobustan RPŞ-nin Cinayət-Axtarış Bölməsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs 07 oktyabr 2024-cü il tarixdə üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədi olmadan şəxsi istifadə üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni kənar şəxslərə satması halı müəyyən edilməmişdir. O, narkotik vasitə istifadəçisidir. Onun üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananın əldə edilmə mənbəyini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir); 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; 21-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. Narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının müvafiq qanunlarla müəyyən edilmiş xeyli miqdarından aşağı olan miqdarı şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas verən az miqdardır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarının: 2-ci bəndinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair əməlləri təsbit edən CM-in 26-cı fəslində yer alan cinayət hüquqi normalar əsasən blanket quruluşa malik olmaqla əməlin cinayət xarakterli olduğunu göstərmək üçün onunla müvafiq normativ hüquqi aktların müddəalarının müqayisə edilməsini, bu müddəalar nəzərə alınmaqla əməlin hüquqi qiymətləndirilməsinin aparılmasını tələb edir. O, cümlədən, narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılmasında mühüm əhəmiyyət kəsb edən bir sıra cinayət-hüquqi kateqoriyalara dair izahların “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 959-İİQ nömrəli Qanununun (bundan sonra – Qanun) 1-ci maddəsində təsbit edildiyi nəzərə alınaraq, həmin izahlar, eləcə də baxılan ittihamın qanuni həlli üçün əhəmiyyətli olan Qanunun digər müddəaları rəhbər tutulmalı, düzgün təfsir olunaraq tətbiq edilməlidir; 4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur; 5-ci bəndinə əsasən, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir; 6-cı bəndinə əsasən, istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın “Narkotik vasitələr” adlı İ siyahısının 109.1-ci qrafasına əsasən təmiz halda 5 qram qurudulmuş marixuana xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 8,31 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - törətdiyi əməli etiraf edib peşman olmasını; - himayəsində 2 azyaşlı uşağının olmasını. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların mövcudluğu, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, şübhəli şəxs qismində tutulub həbsdə saxlanıldığı 2 (iki) gün (07 oktyabr-09 oktyabr 2024-cü il, 48 saatdan az saxlanılması nəzərə alınmaqla), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM - 69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, o, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı, iş üzrə maddi sübut - Qobustan rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 8,26 qram olan narkotik vasitə-qurudulmuş marixuana məhv edilməli (CPM - 132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM - 198.1). Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in 52-1.1-ci və 52-1.2-ci maddələrinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir:

1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək;

2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək;

3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək;

4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 oktyabr 2024-cü il tarixdən 09 oktyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı iki gün müddətin bir günü ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ümumilikdə 04 (dörd) gün müddət həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qobustan rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə 72 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı X12 Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən 15 saat hüquqi yardımla bağlı 90 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Qobustan rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti "xxxx" ASC-nin Qobustan filialındakı filialın kodu 200725, müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT AİİBAZ2XXXX, müştərinin hesab nömrəsi AZ55AİİB410400H**********172 saylı hesabına köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Qobustan rayon Polis Şöbəsində saxlanılan 8,26 qram narkotik vasitə-qurudulmuş marixuana məhv edilsin. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən 01 ədəd disk, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş predmetlərə baxış və götürmənin həyata keçirildiyi videogörüntünün əks olunduğu 01 ədəd disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Hakim: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar