Məhkəmə qərarları › İş №1(026)-6/2025

Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-6/2025

27.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-6/2025 27.05.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə, Qobustan Rayon Məhkəməsinin inzibati binasında xx xxxx 1987-ci il tarixdə Şamaxı rayonu, Təklə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1ində qeydiyyatda olan və yaşayan, barəsində həbs növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, o, cavabdeh kimi ondan əvvəli 20 sentyabr 2019-cu il tarixdən hesablanmaqla, 23 iyul 2007-ci il təvəllüdlü X5 və 14 mart 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay 100 manat olmaqla, iki uşağa görə cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Qobustan Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 18 oktyabr 2019-cu il tarixli, 2(026)-270/2019 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Qobustan Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli, 3(026)-176/2021 saylı qərarı ilə on gün, həmin məhkəmənin 23 fevral 2023-cü il tarixli, 3(026)-94/2023 saylı qərarı ilə on gün və məhkəmənin 27 mart 2024-cü il tarixli, 3(026)-69/2024 saylı qərarı ilə on beş gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 02 may 2024-cü il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 30 avqust 2024-cü il tarixinədək cəmi 7186 manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2006-cı ildə qeyri-rəsmi ailə qurmuş, nikahlarının rəsmiləşdirilməsi 11 iyul 2007-ci ildə olmuşdur. Münasibətlərindən 23 iyul 2007-ci il təvəllüdlü X9 və 14 mart 2009-cu il təvəllüdlü X7 adında iki övladları dünyaya gəlmişdir. Bir müddət münasibətləri yaxşı olsa da, sonradan münasibətləri pozulduğundan Zərərçəkmiş şəxs ilə ayrılmış, uşaqlar anası ilə qalmışdır. Ayrılandan sonra Zərərçəkmiş şəxs uşaqlarla maraqlanılmadığını və heç bir maddi köməklik göstərilmədiyini əsas gətirərək aliment tələbi ilə məhkəməyə müraciət etmiş və Qobustan Rayon Məhkəməsinin 18 oktyabr 2019cu il tarixli qətnaməsinə əsasən ondan əvvəli 20 sentyabr 2019-cu il tarixdən hesablanmaqla yuxarıda qeyd edilən uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay 100 manat olmaqla, iki uşağa cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qeyd olunan məhkəmə qətnaməsi üzrə verilmiş icra vərəqəsi Qobustan rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlama haqqında qərar qəbul edilərək tələbin dərhal icrası barədə bildirişlə birlikdə onun ünvanına göndərilmiş, bildirişləri qəbul etsə də, aliment pulunu maddi imkanı kifayət qədər olmadığından ödəyə bilməmişdir. Bundan sonra icra məmurunun qanuni tələbini icra etmədiyindən Qobustan Rayon Məhkəməsinin qərarları ilə bir neçə dəfə inzibati qaydada həbs edilmişdir. Qobustan rayon İcra və Probasiya şöbəsinin 30 avqust 2024-cü il tarixli təqdimatına əsasən cəmi 7186 manat aliment borcu yaranmışdır. Ev tikintilərində usta, fəhlə kimi işləyir, stabil qazancı olmur, qazancı ancaq şəxsi tələbatlarına çatır. İş üzrə özünü təqsirli bilir, övladlarına baxmalı olduğunu dərk edir, sadəcə maddi imkanı kifayət qədər olmadığından alimenti ödəyə bilməmişdir. Yekunda Təqsirləndirilən şəxs ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Qobustan Rayon Məhkəməsinin 18 oktyabr 2019-cu il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay 100 manat olmaqla, iki uşağa cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Borclu Təqsirləndirilən şəxs aliment pulunu maddi imkanı olduğu halda ödəməkdən qərəzli olaraq yayınmışdır. Bundan sonra icra məmurunun qanuni tələbini icra etmədiyindən bir neçə dəfə inzibati qaydada həbs edilmişdir. Daha sonra ona icra üçün yeni müddətlər təyin edilərək, icra sənədini könüllü icra etməsi tələb olunmuşdur. Həmçinin cinayət işi başlanılması üçün təqdimat veriləcəyi haqqında rəsmi xəbərdarlıq edilsə də, işləməsinə və gəlir əldə etməsinə baxmayaraq, alimenti tam ödəməmiş və Qobustan rayon İcra və Probasiya şöbəsinin 30 avqust 2024-cü il tarixli təqdimatına əsasən cəmi 7186 manat aliment borcu yaranmışdır. Hazırda Təqsirləndirilən şəxs təqdimatda qeyd edilən 7186 manat borcdan ödəniş etməmiş, əksinə, borcu daha da artmışdır. Yaranmış aliment borcunun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini, əks halda tutulmasını istəyir. İş üzrə şahid qismində dindirilmiş Qobustan rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid3 ifadəsində göstərdi ki, Qobustan Rayon Məhkəməsi tərəfindən verilmiş 2(026)-270/2019 saylı, 18 oktyabr 2019-cu il tarixli icra vərəqəsinə əsasən 23 iyul 2007-ci il tarixdə anadan olmuş X5 və 14 mart 2009-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 20 sentyabr 2019-cu il tarixdən başlayaraq Təqsirləndirilən şəxs bir uşağa 100 manat olmaqla, hər ay cəmi 200 manat sabit pul məbləğində alimentin tutulub Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Göstərilən icra vərəqəsi 22 oktyabr 2019-cu il tarixdə Qobustan rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, bildiriş və məlumat tərəflərə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs qeyri-müntəzəm ödənişlər etmiş, dəfələrlə rəsmi və şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq, aliment borcunu tam ödəmədiyi və Qobustan Rayon Məhkəməsi tərəfindən verilmiş 2(026)-270/2019 saylı, 18 oktyabr 2019-cu il tarixli qərarı ilə tələbi icra etməməsi ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən icra etmədiyi üçün Qobustan Rayon Məhkəməsinin 3(026)- 176/2021 saylı, 09 avqust 2021-ci il tarixli qərarı ilə təqsirli bilinərək on gün müddətinə inzibati həbs edilmişdir. İnzibati həbsdən çıxdıqdan sonra borclu Təqsirləndirilən şəxs alimentin ödənilməsi üçün yeni müddət verilmiş, aliment borcunun ödənilməsini təmin etmədiyi halda qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət daşıyacağı barədə xəbərdarlıqlar edilmiş və 20 avqust 2021-ci il tarixdə bu barədə izahatı alınmışdır. Verilmiş sorğuya əsasən X4 X1 Filialının şöbəyə daxil olmuş 20 avqust 2021-ci il tarixli məktubundan məlum olmuşdur ki, borclu Təqsirləndirilən şəxs “Əmək və Məşğulluq” alt sistemində qeydiyyata alınmış, lakin onunla əlaqə yaratmaq və filiala dəvət etmək mümkün olmamışdır. Bununla da o, icra sənədinin icrasının təmin edilməsinə səy göstərməmiş və laqeyd yanaşmışdır. İcra məmurunun təqdimatı əsasında borclu Təqsirləndirilən şəxs Qobustan Rayon Məhkəməsinin 8(026)-16/2021 saylı, 01 sentyabr 2021-ci il tarixli qərardadına əsasən ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara və görülmüş icra tədbirlərinə baxmayaraq, Təqsirləndirilən şəxs aliment borcunu ödəmədiyi və şöbəyə gəlmədiyi üçün təkrar barəsində 27 dekabr 2022-ci il tarixli axtarış qərarı ilə şöbəyə gətirilməsi təmin olunmuş və Qobustan Rayon Məhkəməsinin 3(026)-94/2023 saylı, 23 fevral 2023-cü il tarixli qərarı ilə təqsirli bilinərək on gün müddətinə həbs olunmuşdur. Borcluya inzibati həbs bitdikdən sonra yeni müddət verilmiş, aliment borcunu ödəmədiyi halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacağı barədə rəsmi xəbərdarlıq edilmiş və bu barədə 07 mart 2023-cü il tarixdə izahatı alınmışdır. Həbsdən sonra Təqsirləndirilən şəxs hər ay qeyri-sabit ödənişlər etmiş və tələbkar Zərərçəkmiş şəxs müraciətinə əsasən məlum olmuşdur ki, son ödəniş 2023-cü ilin sentyabr ayında 200 manat olmuş və daha sonra heç bir ödəniş olmamışdır. Borclu Təqsirləndirilən şəxs 23 yanvar 2024-cü il tarixdə rəsmi xəbərdarlıqlar göndərilmiş, lakin əlaqə nömrələri ilə əlaqə saxlamaq mümkün olmamışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara və görülmüş icra tədbirlərinə baxmayaraq, Təqsirləndirilən şəxs aliment borcunu ödəmədiyi üçün və şöbəyə gəlmədiyi üçün təkrar barəsində axtarış qərarı ilə 27 mart 2024-cü il tarixdə şöbəyə gətirilməsi təmin olunmuş, borclu Təqsirləndirilən şəxs Qobustan Rayon Məhkəməsinin 3(026)-69/2024 saylı, 27 mart 2024-cü il tarixli qərarı ilə təqsirli bilinərək on beş gün müddətinə inzibati həbs edilmişdir. İnzibati tənbehdən sonra 02 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs aliment borcunu ödəmədiyi halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacağı barədə rəsmi xəbərdarlıq edilmiş, cinayət məsuliyyətinə cəlb olunması istiqaməntində tədbirlər görüləcəyi izah olunmuş, məsuliyyətləri bildirilmiş və izahatı alınmışdır. Borcun vaxtında və tam ödənilməsi ilə bağlı görülən tədbirlər də heç bir nəticə verməmişdir. Göründüyü kimi, borclu Təqsirləndirilən şəxs icra sənədi üzrə ona dəfələrlə inzibati tənbeh tətbiq olunmasına, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, icra sənədini icra etməməkdə davam etməklə həm də faktiki imkanlarından istifadə etməmişdir. Onun əməlində qərəzlilik müşahidə olunur. Aylıq və yığılmış aliment borcunun ödənilməməsi tələbkarın çoxsaylı şikayətlərinə səbəb olmuş və tələbkar Zərərçəkmiş şəxs 01 fevral 2022-ci il tarixdə bir dəfə, 16 fevral 2024-cü il tarixdə təkrarən Qobustan rayon İcra və Probasiya şöbəsinə ərizə ilə müraciət edərək borclunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün təqdimat hazırlanaraq Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilməsini xahiş etmişdir. 26 iyul 2024-cü il tarixdə borclu Təqsirləndirilən şəxs ünvan 1i ünvanında qeydiyatda olduğu mənzilə baxış keçirilmiş, tələbin yönəldilə biləcəyi heç bir dəyərli əmlakın aşkarlanmadığı müəyyən olunmuş və bu barədə müvafiq akt tərtib olunmuşdur. Borclu Təqsirləndirilən şəxs cəmi 4680 manat məbləğində aliment ödənişi etmiş, təqdimat verilən günə kimi (günə gün hesablanmaqla) 7186 manat aliment borcu yaranmışdır. İş üzrə şahid qismində dindirilmiş Qobustan rayon İcra və Probasiya şöbəsinin rəisi Şahid2 Şahid3 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında elan olunmuş Şahid1 oğlunun ibtidai araşdırma zamanı verdiyi ifadəsində bildirilmişdir ki, Təqsirləndirilən şəxs onun böyük qardaşıdır. X13 Albabayeva ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, münasibətlərindən 23 iyul 2007-ci il təvəllüdlü X9 və 14 mart 2009-cu il təvəllüdlü X7 adında iki övladları olmuşdur. Bir müddət münasibətləri yaxşı olsa da, sonradan münasibətləri pozulmuş və ayrılmışlar. Daha sonra Zərərçəkmiş şəxs qardaşı Təqsirləndirilən şəxs uşaqlarla maraqlanmadığını və heç bir maddi köməklik göstərmədiyini əsas gətirərək aliment tələbi ilə məhkəməyə müraciət etmiş və Qobustan Rayon Məhkəməsinin 18 oktyabr 2019-cu il tarixli qətnaməsinə əsasən qardaşı Təqsirləndirilən şəxs əvvəli 20 sentyabr 2019-cu il tarixdən hesablanmaqla yuxarıda qeyd edilən uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay 100 manat olmaqla, iki uşağa cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qeyd olunan məhkəmə qətnaməsi üzrə verilmiş icra vərəqəsi Qobustan rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, qardaşı Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələbini icra etmədiyindən Qobustan Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli qərarı ilə on gün, həmin məhkəmənin 23 fevral 2023-ci il tarixli qərarı ilə on gün və məhkəmənin 27 mart 2024-cü il tarixli qərarı ilə on beş gün müddətində inzibati qaydada həbs edilmişdir. Nə qədər aliment borcu yığılıb bilmir, amma alimentə görə borcunun yarandığını bilir. Qardaşı Təqsirləndirilən şəxs əvvəllər ev tikintilərində elektrik ustası kimi işləmiş, amma hal-hazırda fəhlə kimi işləyir. Qardaşı Təqsirləndirilən şəxs məxsus ünvan 1ində olan 0,33 ha pay torpağını bu il əkib-becərmiş, buna görə qardaşına hər hansı ödəniş etməmişdir. Daha əvvəllər isə həmin torpağı kənd sakinləri əkirdi, həmin sakinlər də qardaşı Təqsirləndirilən şəxs pul verməsələr də, pulun əvəzində arpa, buğda verirdilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Qobustan Rayon Məhkəməsinin 18 oktyabr 2019-cu il tarixli, 2(026)-270/2019 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə 23 iyul 2007-ci ildə anadan olmuş X5 və 14 mart 2009-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 20 sentyabr 2019-cu il tarixdən başlayaraq Təqsirləndirilən şəxs hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutulub Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir; Qobustan Rayon Məhkəməsinin 18 oktyabr 2019-cu il tarixli, 2(026)-270/2019 saylı icra vərəqəsinin surətindən görünür ki, 23 iyul 2007-ci ildə anadan olmuş X5 və 14 mart 2009-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 20 sentyabr 2019-cu il tarixdən başlayaraq Təqsirləndirilən şəxs hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs ödənilməlidir; Qobustan rayon İcra və Probasiya şöbəsinin 22 oktyabr 2019-cu il tarixli icraata başlamaq haqqında qərarının surətindən görünür ki, həmin qərarla Qobustan Rayon Məhkəməsi tərəfindən verilmiş 2(026)-270/2019 saylı, 18 oktyabr 2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılmışdır; Qobustan rayon İcra və Probasiya şöbəsi tərəfindən borclu Təqsirləndirilən şəxs ünvanlanmış 22 oktyabr 2019-cu il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, 22 oktyabr 2019-cu il tarixli qərarla icraatına başlanılan Qobustan Rayon Məhkəməsinin 2(026)-270/2019 saylı, 18 oktyabr 2019-cu il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi borcludan xahiş edilmiş, bu müddətdə tələb üzrsüz səbəbdən icra edilməsə, icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı barədə xəbərdarlıq edilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı ərazi idarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına Aqrar İslahat Komissiyasının verdiyi JN-277 nömrəli dövlət aktına əsasən Qobustan rayonunun Təklə Mirzəbaba kəndində 1,59 ha ümumbirgə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır; Qobustan rayon İcra və Probasiya şöbəsinin borclu Təqsirləndirilən şəxs ünvanlanmış 10 sentyabr 2020-ci il, 20 oktyabr 2023-cü il, 15 noyabr 2023-cü il və 23 yanvar 2024-cü il tarixli xəbərdarlıq məktublarının surətindən görünür ki, Qobustan Rayon Məhkəməsinin 2(026)-270/2019 saylı, 18 oktyabr 2019-cu il tarixli icra sənədində göstərilən tələbi icra etmədiyinə və həmin vaxta ödənilməmiş aliment borcu yaranmasına görə borclu tərəfindən icra şöbəsinə gələrək həmin tələbin icra edilməsi, əks təqdirdə, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq edilmişdir; Qobustan rayon İcra və Probasiya şöbəsinin 19 noyabr 2020-ci il tarixli qərarının surətindən görünür ki, borclu Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir; Qobustan RPŞ-nin Qobustan rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış 21 dekabr 2020-ci il tarixli məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs saxlanılaraq həmin tarixdə Qobustan rayon İcra və Probasiya şöbəsinə təhvil verilmişdir; Qobustan rayon İcra və Probasiya şöbəsinin 16 iyul 2021-ci il tarixli qərarının surətindən görünür ki, borclu Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir; Qobustan RPŞ-nin Qobustan rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış 09 avqust 2021-ci il tarixli məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs saxlanılaraq həmin tarixdə Qobustan rayon İcra və Probasiya şöbəsinə təhvil verilmişdir; İnzibati xəta haqqında MN ******* nömrəli, 09 avqust 2021-ci il tarixli protokolun surətindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir; Qobustan Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli, 3(026)-176/2021 saylı qərarının surətindən görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilmişdir; Qobustan rayon İcra və Probasiya şöbəsinin 27 dekabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, borclu Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir; Qobustan RPŞ-nin Qobustan rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış 23 fevral 2023-cü il tarixli məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs saxlanılaraq həmin tarixdə Qobustan rayon İcra və Probasiya şöbəsinə gətirilməsi təmin edilmişdir; İnzibati xəta haqqında MN ******* nömrəli, 23 fevral 2023-cü il tarixli protokolun surətindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir; Qobustan Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 3(026)-94/2023 saylı qərarının surətindən görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilmiş, həbsetmənin əvvəlinin 23 fevral 2023-cü il tarixdən hesablanması qərara alınmışdır; Qobustan Rayon Məhkəməsinin 29 iyul 2024-cü il tarixli məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Qobustan Rayon Məhkəməsinin 3(026)- 94/2023 saylı, 23 fevral 2023-cü il tarixli qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməmişdir; Qobustan rayon İcra və Probasiya şöbəsinin 16 fevral 2024-cü il tarixli qərarının surətindən görünür ki, borclu Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir; Qobustan RPŞ-nin Qobustan rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış 27 mart 2024-cü il tarixli məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs saxlanılaraq həmin tarixdə Qobustan rayon İcra və Probasiya şöbəsinə gətirilməsi təmin edilmişdir; İnzibati xəta haqqında MN ******* nömrəli, 27 mart 2024-cü il tarixli protokolun surətindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir; Qobustan Rayon Məhkəməsinin 27 mart 2024-cü il tarixli, 3(026)-69/2024 saylı qərarının surətindən görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 gün müddətinə inzibati həbs edilmiş, həbsetmənin əvvəlinin 27 mart 2024-cü il tarixdən hesablanması qərara alınmışdır; Qobustan Rayon Məhkəməsinin 22 iyul 2024-cü il tarixli məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Qobustan Rayon Məhkəməsinin 2(026)- 270/2019 saylı, 18 oktyabr 2019-cu il tarixli qətnaməsindən, 3(026)-176/2021 saylı, 09 avqust 2021-ci il tarixli və 3(026)-69/2024 saylı, 27 mart 2024-cü il tarixli qərarlarından yuxarı instansiya məhkəməsinə şikayət verilməmişdir; Qobustan rayon İcra və Probasiya şöbəsinin borclu Təqsirləndirilən şəxs ünvanlanmış 05 dekabr 2019-cu il və 20 avqust 2021-ci tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Qobustan Rayon Məhkəməsinin 2(026)-270/2019 saylı, 18 oktyabr 2019-cu il tarixli icra sənədində göstərilən tələbi icra etməyəcəyi təqdirdə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir; Qobustan Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 8(026)-16/2021 saylı qərardadının surətindən görünür ki, həmin qərardadla təqdimat təmin edilərək, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır; Qobustan rayon İcra və Probasiya şöbəsinin borclu Təqsirləndirilən şəxs ünvanlanmış 20 avqust 2021-ci il, 20 avqust 2022-ci il, 07 mart 2023-cü il, 20 oktyabr 2023-cü il, 15 noyabr 2023-cü il və 02 may 2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Qobustan Rayon Məhkəməsinin 2(026)-270/2019 saylı, 18 oktyabr 2019-cu il tarixli icra sənədində göstərilən tələbi icra etmədiyinə görə cinayət məsuliyyətinə cəlb oluna biləcəyi barədə xəbərdarlıq edilmişdir; Qobustan rayon İcra və Probasiya şöbəsinin borclu Təqsirləndirilən şəxs ünvanlanmış 01 avqust 2022-ci il və 20 dekabr 2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, borcludan Qobustan rayon İcra və Probasiya şöbəsinə gəlib icra sənədində göstərilən tələbi könüllü icra etməsi, əks halda barəsində məcburi gətirilmə barədə təqdimatla məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 8 saylı Ərazi Məşğulluq Mərkəzi Filialının 27 avqust 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs müraciəti ilə bağlı 20 avqust 2021-ci il tarixli məktuba həmin filialda baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar dövlət orqanlarında (qurumlarda) vətəndaşların yerində qrup və fərdi qaydada qəbulu dayandırıldığı üçün vətəndaşı filiala dəvət etmək mümkün olmamışdır. Müraciətin araşdırılması məqsədilə filialın əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs ilə əlaqə saxlamaq mümkün olmamışdır; Qobustan RİHB-nin Təklə Mirzəbaba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 26 iyul 2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Təklə Mirzəbaba kəndində qeydiyyatda olmasına baxmayaraq, hal-hazırda Binəqədi rayonu ərazisində yaşayır. Təqsirləndirilən şəxs məxsus Təklə Mirzəbaba kəndi ərazisində 0,33 ha pay torpağı vardır. O, ikinci dəfə rəsmi ailə həyatı qurmamışdır; Qobustan RİHB-nin Təklə Mirzəbaba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 26 iyul 2024-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət xarakterli məlumat daxil olmamışdır; Qobustan rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid3 və digərlərinin iştirakı ilə tərtib edilmiş 26 iyul 2024-cü il tarixli aktın surətindən görünür ki, Qobustan Rayon Məhkəməsinin 18 oktyabr 2019-cu il tarixli, 2(026)-270/2019 saylı icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs tələbkar Zərərçəkmiş şəxs xeyrinə iki uşağın saxlanılması üçün hər ay bir uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat alimentin ödənilməsi ilə bağlı borclu Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ünvanda yaşayış evində əmlaka baxış məqsədilə olmuş, borclunun həmin ünvanda yaşamadığı və hər hansı dəyərli əmlakın üzərinə həbs qoymaq məqsədilə aşkar olunmamışdır; AZ-İ 980298 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 23 iyul 2007-ci il təvəllüdlü X5 atası Təqsirləndirilən şəxs, anası Zərərçəkmiş şəxsdır; AZ-İİİ 818211 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 14 mart 2009-cu il təvəllüdlü X3 atası Təqsirləndirilən şəxs, anası Zərərçəkmiş şəxsdır Qobustan rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid3 tərəfindən tərtib olunmuş Qobustan Rayon Məhkəməsinin 18 oktyabr 2019-cu il tarixli, 2(026)-270/2019 saylı icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs tərəfindən tələbkar Zərərçəkmiş şəxs ödənilən aliment ödənişləri barədə cədvəldən görünür ki, borclu tərəfindən 20 oktyabr 2019-cu ildən 30 avqust 2024-cü ilədək tələbkara cəmi 4680 manat məbləğində aliment ödənilmiş, qalıq borc məbləği 7186 manat təşkil etmişdir; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 Bakı Regional Məşğulluq filialının 11 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemində işaxtaran və ya işsiz kimi qeydiyyatı mövcud deyil; Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamış, məhkumluğu olmamışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şirvan Regional Ədliyyə İdarəsinin müstəntiqi, kiçik ədliyyə müşaviri Elşən Tağıyev tərəfindən Təqsirləndirilən şəxs barəsində 27 noyabr 2024-cü il tarixdə ittiham elan olunması üçün təqsirləndirilən şəxsin axtarışa verilməsi və tutulması haqqında qərar qəbul edilmişdir; 12 dekabr 2024-cü il tarixli axtarışda olan şəxsin tutulmasına dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 dekabr 2024-cü il tarixində saat 07:30 radələrində Bakı şəhər Binəqədi rayon ərazisində saxlanılmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şirvan Regional Ədliyyə İdarəsinin müstəntiqi, kiçik ədliyyə müşaviri Elşən Tağıyev tərəfindən 13 dekabr 2024-cü il tarixli qərarlarla Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, onun Bakı şəhəri Nərimanov RPİ-nin X8 dərhal azad edilməsi qərara alınmışdır; Qobustan Rayon Məhkəməsinin 15 aprel 2025-ci il tarixli, 1(026)-6/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs həbs edildikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına keçirilməsi qərara alınmışdır; Qobustan RPŞ-nin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının 26 aprel 2025-ci il tarixli məktublarından görünür ki, Təqsirləndirilən şəxs 26 aprel 2025-ci il tarixdə Qobustan RPŞ-nin əməkdaşları tərəfindən tutularaq həmin tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir; Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafından başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Belə ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan əvvəli 20 sentyabr 2019-cu il tarixdən hesablanmaqla, 23 iyul 2007-ci il təvəllüdlü X5 və 14 mart 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay 100 manat olmaqla, iki uşağa görə cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Qobustan Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 18 oktyabr 2019-cu il tarixli, 2(026)-270/2019 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Qobustan Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli, 3(026)- 176/2021 saylı qərarı ilə on gün, həmin məhkəmənin 23 fevral 2023-cü il tarixli, 3(026)- 94/2023 saylı qərarı ilə on gün və məhkəmənin 27 mart 2024-cü il tarixli, 3(026)-69/2024 saylı qərarı ilə on beş gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 02 may 2024-cü il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 30 avqust 2024-cü il tarixinədək cəmi 7186 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməmiş, habelə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir; 82.3-cü maddəsinə əsasən, icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli Qərarı ilə müəyyən etmişdir ki, CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə (Azərbaycan Respublikasının 29 dekabr 2015ci il tarixli, 96-VQ nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə) inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Adı çəkilən Qərarda həmçinin qeyd edilir ki, CM-in 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu maddə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur: 1) məhkəmə aktlarını qərəzli icra etməmə; 2) məhkəmə aktlarının icrasına maneçilik törətmə. Qeyd edilən hər iki üsul CM-in 306-cı maddəsində nəzərdə tutulmuş əməlin tövsif edilməsi zamanı böyük rol oynayan spesifik əlamətlərə malikdir. Birinci halda bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məsələn, subyekt yazılı və ya şifahi şəkildə məhkəmə qərarını icra etməyəcəyi barədə məlumat verir və ya məhkəmə qərarını icra etmək niyyətinin olmadığını ifadə edir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Belə hərəkətlər nəticəsində borclu icra sənədini qərəzli olaraq icra etmədikdə, icra məmuru həmin şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verməlidir (“İcra haqqında” Qanunun 82.3-cü maddəsi). Bununla yanaşı nəzərə alınmalıdır ki, CM-in 306.1-ci maddəsində müəyyən edilmiş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan ibtidai istintaq aparan orqan və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olub-olmamasını müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 18 dekabr 2014cü il tarixli Qərarında göstərilmişdir ki, inzibati tənbeh təkcə inzibati hüquq pozuntusu ilə deyil, həm də cinayətlə mübarizədə hüquqi vasitə hesab edilir. Belə ki, inzibati pozuntu törətmiş və buna görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs təkrarən eyni pozuntunu törətməsi halında cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilir. İnzibati məsuliyyətə cəlb edilmənin nəticəsiz qalması, bu inzibati tənbehin tərbiyəedici, xəbərdaredici təsir göstərmədiyini sübut edir. Belə olan halda, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilir. İnzibati tənbehin icrası zamanı və qanunla nəzərdə tutulmuş icradan sonrakı müddət şəxsin inzibati məsuliyyətə cəlb olunmuş hesab edildiyi müddətdir. Bu müddət ərzində şəxsin yeni inzibati xəta törətməsi faktı onun üçün hüquqi xarakterli mənfi nəticələr (inzibati məsuliyyəti ağırlaşdıran hal və daha ciddi inzibati tənbehin tətbiqi üçün tövsifedici əlamət) yarada bilər. İnzibati tənbehin ödənilməsi müddəti sınaq müddəti hesab edilir və bu müddətdə məsuliyyətə cəlb olunmuş şəxs özünün islah olunmasını sübut etməlidir. Qərarda həmçinin qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsinə (Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli, 96-VQ nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə) müvafiq olaraq barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs, məhkəmə aktını qərəzli olaraq icra etməməkdə davam edərsə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir. Bu hallara Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin tələbləri şamil edilmir. CM-in 306.1-ci maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Sadalanan qanunvericiliyin məzmunundan göründüyü kimi, məhkəmə aktını icra etməmə yalnız qərəzli olduqda təhlil edilən cinayət tərkibini yaradır və cinayət tərkibi şəxsin məhkəmə aktını icra etməməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra həmin icra sənədini qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə aktında nəzərdə tutulmuş tələbin icra edilməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə və buna görə inzibati məsuliyyətlərə cəlb edilməsinə baxmayaraq, məhkəmə qərarının icrası üçün hər hansı yetərli tədbirlər görməmiş və bununla da Azərbaycan Respublikası adından çıxarılan, icrası məcburi sayılan məhkəmə aktını icra etməyərək ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar, §40). Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 306.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və buna görə də CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində həmin maddə ilə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayəti etiraf etməsini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. CM-in 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 dekabr 2024-cü il tarixdən 13 dekabr 2024-cü il tarixədək tutulduğu iki gün müddətin bir günü ona təyin edilən azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla 02 (iki) gün müddət (24 saatdan artıq olması nəzərə alınmaqla) həmin cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı onun həbsə alındığı vaxtdan hesablanmalı, təqsirləndirilən şəxsə məhkəmə icraatı zamanı göstərilən 10 saat hüquqi yardımla bağlı (8 saat – 1 saatı 6 manatdan hesablanmaqla, 2 saat – 1 saatı 11 manatdan hesablanmaqla) 70 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçiyə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 dekabr 2024-cü il tarixdən 13 dekabr 2024-cü il tarixədək tutulduğu iki gün müddətin bir günü ona təyin edilən azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla 02 (iki) gün müddət həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı onun həbsə alındığı vaxtdan, yəni 26 aprel 2025ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən 10 saat hüquqi yardımla bağlı (8 saat – 1 saatı 6 manatdan hesablanmaqla, 2 saat – 1 saatı 11 manatdan hesablanmaqla) 70 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Qobustan rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Qobustan filialındakı filialın kodu 200725, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2XXXX, müştərinin hesab nömrəsi AZ55AİİB410400H**********172 saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma təqdim olunduğu andan) 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar