Məhkəmə qərarları › İş №1(026)-7/2022

Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-7/2022

29.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-7/2022 29.03.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə, 29 mart 2022-ci il tarixdə Qobustan şəhərində xx xxxx 1980-cı ildə Şamaxı rayonu, Nərimankənd kəndində anadan olmuş, Аzərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, məhkum olunmuş və cəzasını çəkib qurtarmamış, Qobustan rayonu, Qobustan şəhərində qeydiyyatda olmaqla orada yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 04 dekabr 2021-ci il tarixdə saat 22 radələrində qardaşı Zərərçəkmiş şəxs ilə Qobustan şəhərində yerləşən yaşadığı fərdi yaşayış evinin içərisində şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı qəsdən yumruqla Zərərçəkmiş şəxs sol göz nahiyəsinə, təpiklə isə bədəninin müxtəlif nahiyələrinə zərbə vuraraq, Zərərçəkmiş şəxs sol said nahiyəsinin sıyrıqlarından ibarət sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən, həmçinin sol gözətrafı nahiyənin, sol gözün ağlı qişasının qansızmalı fonunda qançırı ilə müşayiət olunan xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığıın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi aşağıdakı hallarla tam sübuta yetir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. Anası vəfat etdikdən sonra anasının vəfatı ilə barışa bilmədiyi üçün əsəbi olur, bu səbəbdən də qardaşı Feyruzla aralarında mübahisələr olur. 04 dekabr 2021-ci il tarixdə saat 22 radələrində Qobustan şəhərində yerləşən qardaşı Feyruzla yaşadıqları evə gəlmişlər. Həmin vaxtı əsəbi olduğu üçün qardaşı Feyruzla aralarında yenidən mübahisə yaranmış və mübahisə zamanı yumruqla Feyruzun sol göz nahiyəsinə, təpiklə isə bədəninin müxtəlif nahiyələrinə vuraraq ona xəsarət yetirmişdir. Bundan sonra Feyruz evi tərk edərək getmişdir. Feyruzla dava-dalaş Qobustan şəhəri ərazisində yerləşən Feyruza məxsus olan birlikdə yaşadıqları fərdi yaşayış evində baş vermiş, həmin vaxt evdə Feyruz və ondan başqa heç kim olmamış, aralarında dava-dalaş təxminən 3-4 dəqiqə davam etmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qardaşıdır. Onunla münasibətləri hər zaman pis olmuşdur. Qədirlə arasında əvvəllər mübahisələr olmuşdur. 04 dekabr 2021-ci il tarixdə saat 22 radələrində Qobustan şəhərində yerləşən ona məxsus fərdi yaşayış evində olan zaman qardaşı Qədir yaşadıqları evə gəlmiş, Qədir evə gəldikdən sonra əvvəlki mübahisələri səbəb gətirib üzərinə gələrək, onu döyməyə başlamışdır. Həmin vaxt Qədir yumruqla onun sol gözündən, təpiklə isə bədəninin müxtəlif yerlərinə vuraraq ona xəsarət yetirmişdir. Bundan sonra evi tərk edərək oradan uzaqlaşmışdır. Qədirlə arasında əvvəllər də belə mübahisələr olduğu üçün, həmin günün səhəri, yəni 05 dekabr 2021-ci il tarixdə DİN-in 102 xidmətinə zəng vuraraq Qədirin onu döyməsi barədə məlumat vermişdir. Hazırda Təqsirləndirilən şəxsla barışmışdır. Ondan heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi və Tədris Birliyinin 16 dekabr 2021-ci il tarixli 222 nömrəli rəyindən görünür ki, 1967-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol gözətrafı nahiyəsinin, sol gözün ağlı qişasının qansızmalı fonunda qançırı, sol said nahiyəsinin sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 04 dekabr 2021-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gəlmələri istisna olunmur. Qeyd olunan xəsarətlərdən sol said nahiyəsinin sıyrıqları dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Sol gözətrafı nahiyənin, sol gözün ağlı qişasının qansızmalı fonunda qançırı dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən Qobustan RPŞ-yə daxil olmuş 17 yanvar 2022-ci il tarixli tələbnamədə göstərilir ki, Qəribov X2 rayon məhkəməsinin 19 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Qobustan rayon məhkəməsinin 02 mart 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsi ilə barəsində olan cinayət işinin icraatına Azərbaycan Respublikası CM-in 73-1.1-ci maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər probasiya şöbəsinin 21 fevral 2022-ci il tarixli 807 saylı məktubundan görünür ki, Qobustan rayon məhkəməsinin 19 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş X1 rayon məhkəməsinin 28 yanvar 2022-ci il tarixli qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilərək, onun azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş hissəsi 1 (bir) il azaldılmışdır. 22 fevral 2022-ci il tarixə çəkilməmiş cəzasının 01 il 04 ay 25 gününü çəkmiş, onun 07 ay 01 gün çəkilməmiş cəzası qalmışdır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək, təqsirləndirilən şəxs olan qardaşı Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, ondan şikayət və tələbi olmadığını bildirdi. Azərbaycan Respublikası CM-in 72-ci maddəsinin qeyd hissəsində göstərilir ki, şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Qobustan rayonu İHB-ın Qobustan şəhər İƏD üzrə nümayəndəliyinin verdiyi 19 yanvar 2022-ci il tarixli 147 saylı arayışdan görünür ki, Qəribov X2 rayonunun Qobustan şəhərində qeydiyyatdadır və hal-hazırda Qobustan şəhərində yaşayır. Qobustan rayonu İHB-ın Qobustan şəhər İƏD üzrə nümayəndəliyinin verdiyi 19 yanvar 2022-ci il tarixli 148 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli, onun özünün etirafı və zərərçəkmiş şəxsin ifadəsi ilə tam sübuta yetir. O, Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayəti etiraf edərək əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347-349, 351-353, 356 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 128-ci maddəsi ilə təqsirli bilinib 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən Qobustan rayon məhkəməsinin 19 avqust 2020-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 05 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzası bu hökmlə təyin edilmiş cəza ilə qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Qobustan rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:30-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Probasiya Xidməti Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Probasiya Xidməti Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyatda olması nəzərə alınsın. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökmdən elan olunduğu andan 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar