Məhkəmə qərarları › İş №1(026)-9/2022

Qobustan Rayon Məhkəməsi Qərar — İş №1(026)-9/2022

24.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 1(026)-9/2022 24.05.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2, zərərçəkmiş şəxsin hüquqi varisi X3 iştirakı ilə, xx xxxxxx 1989-cu ildə Şamaxı rayonu, Nabur kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Qobustan rayonu, Nabur kəndində qeydiyyatda olan və orada yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs 18 noyabr 2021-ci il tarixdə saat 19 radələrində həmkəndlisi X8 ilə Qobustan rayonunun Nabur kəndi ərazisində yerləşən məscidin yaxınlığında, küçədə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı qəsdən yumruqla Şakir Seyidməmmədovun baş nahiyəsinə zərbə vuraraq, ona başın sağ təpə-ənsə nahiyəsinin dərialtı hematoması ilə müşayiət olunan xəsarət yetirməklə Şakir Seyidməmmədovun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıda qeyd edilənlərlə sübuta yetir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Qobustan rayonunun Nabur kəndində yaşayır. X8 həmkəndlisidir. Onun xarakterinə görə ondan xoşu gəlməmiş, münasibətləri yaxşı olmamışdır. 18 noyabr 2021-ci il tarixdə saat təxminən 18 radələrində Qobustan rayonunun Nabur kəndi ərazisində yerləşən məscidin yaxınlığına gələn zaman, həmkəndliləri Şahid2 və Şakir Seyidməmmədovun məscidin yaxınlığında dayandığını görmüşdür. Onlara yaxınlaşan zaman Şakirin kəndin imamı Baratla söhbət etdiyini görmüş, söhbət zamanı Şakirin onun qayınatası Qənimətin ünvanına nalayiq söyüşlər söydüyünü eşitmişdir. Bundan sonra Şakirə yaxınlaşaraq Qənimətin onun qayınatası olduğunu, onun ünvanına nalayiq söyüşlər söyməməsini bildirmişdir. Bunu dedikdən sonra Şakir onun da ünvanına nalayiq söyüşlər söyməyə başlamış, ona dəfələrlə irad bildirsə də, Şakir söyüşlərini davam etdirmiş, bundan sonra oradan uzaqlaşaraq getmişdir. Aralarında olan mübahisə təxminən 1-2 dəqiqə davam etmiş, mübahisə edən zaman orada Şakir, Barat və onlardan təxminən 50 metr aralıda qardaşı Murad olmuşdur. Səhvini başa düşür. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisi X9 ilə barışmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq dindirilmiş X9 ifadəsində göstərdi ki, X8 onun atasıdır. X14 31 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində baş vermiş avtomobil qəzası zamanı aldığı xəsarətlər nəticəsində 12 fevral 2022-ci il tarixdə ölmüşdür. 19 noyabr 2021-ci il tarixdə atası Şakir ona zəng vuraraq, 18 noyabr 2021-ci il tarixdə Qobustan rayonunun Nabur kənd məscidinin yaxınlığında olan zaman iki nəfər şəxsin onu döydüyünü demişdir. Sonra atası Şakir ilə əlaqə saxladıqda, Mehti adlı şəxsin onu döyməsini bildirdiyindən, bu barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Daha sonra atasının yanına kəndə gəlib söhbət edəndən sonra ona məlum olmuşdur ki, 18 noyabr 2021ci il tarixdə atası Şakir Qobustan rayonunun Nabur kənd məscidinin yaxınlığında Şahid2la birlikdə olan zaman Təqsirləndirilən şəxs onların yanına gəlmiş, bundan sonra aralarında mübahisə yaranmış, mübahisə zamanı Mehti yumruqla atasının baş nahiyəsinə vurmuşdur. Hazırda Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi olmadığını, onunla barışdığını bildirib, bu barədə məhkəməyə ərizə təqdim etdi. Şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, hal-hazırda Qobustan rayon Nabur kənd məscidinin imamı vəzifəsində işləyir. 18 noyabr 2021-ci il tarixdə saat 18-19 radələrində Qobustan rayonunun Nabur kənd məscidinin yaxınlığında olan zaman həmkəndlisi X8 ilə söhbət etmiş, söhbət zamanı Şakir digər həmkəndlisi X2 ünvanına nalayiq söyüş söydüyü üçün Qənimətin kürəkəni Təqsirləndirilən şəxs yaxınlaşaraq ona iradını bildirmiş, lakin buna baxmayaraq, Şakir öz nalayiq söyüşlərini davam etdirdiyi üçün Mehti ona yaxınlaşaraq, onun baş nahiyyəsindən bir dəfə yumruqla vurmuşdur. Bundan sonra Şakir yerə yıxılmış və papağı yerə düşmüşdür. Şakiri yerdən qaldıraraq papağını başına qoymuş, bundan sonra Şakir onların yanından uzaqlaşmışdır. Həmçinin bildirmişdir ki, Mehti ilə Şakir arasında mübahisə 1-2 dəqiqə davam etmiş, həmin vaxt orada Mehti və Şakir olmuş, onlardan təxminən 70-80 metr aralıda isə Mehtinin qardaşı Murad dayanmışdır. Həmin vaxt Murad Şakirə hər hansı bir xəsarət yetirməmişdir. Mehti isə Şakir nalayiq söyüşlər söydüyü üçün onun baş nahiyəsindən yumruqla vurmuşdur. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 18 noyabr 2021-ci il tarixdə saat 18 radələrində Qobustan rayonunun Nabur kənd məscidinin yaxınlığında olan zaman həmkəndlisi X8 digər həmkəndlisi Şahid2 ilə söhbət etmiş, onlardan təxminən 50-60 metr kənarda dayanmışdır. Bir neçə dəqiqə sonra qardaşı Mehtinin digər tərəfdən onlara tərəf gəldiyini və onlarla söhbət etdiyini görmüşdür. Bir neçə dəqiqə sonra Mehtinin Şakirlə mübahisə etdiyini gördüyü üçün onlara tərəf gələrək, Mehtidən Şakirlə hansı səbəbdən mübahisə etdiyini soruşmuş, Mehti isə Şakirin onun və qayınatası Qənimətin ünvanına nalayiq söyüşlər söydüyünü bildirmişdir. Bundan sonra oradan uzaqlaşaraq getmişlər. Həmin vaxt orada Mehti, Şakir və Barat olmuşdur. Mehti ilə Şakir arasında mübahisə təxminən 1-2 dəqiqə davam etmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, ki, Mehti və Murad adlı şəxslər həmkəndliləridir. Həmin şəxslərlə münasibətləri əvvəlcədən də normal olmamışdır. 18 noyabr 2021-ci il tarixdə saat 19 radələrində Qobustan rayonunun Nabur kənd məscidinin yaxınlığında küçədə olan zaman, həmkəndlisi Şahid2 ilə digər həmkəndlisi, eyni zamanda kəndin axundu olan X6 barəsində söhbət etmişdir. Baratla danışan zaman həmkəndlisi, Qənimətin kürəkəni Təqsirləndirilən şəxs onlara yaxınlaşaraq, hansı səbəbdən Qənimət haqqında danışdığını soruşmuş, o isə Mehtiyə “bunun sənə aidiyyəti yoxdur” demişdir. Bu zaman aralarında mübahisə yaranmış və Mehti yumruqla onun baş nahiyəsinə vuraraq xəsarət yetirmişdir. Bundan sonra yerə yıxılmış, Barat həmin vaxt onu yerdən qaldırmış və çıxıb getmişdir. Hadisə zamanı orada Mehti və Barat olmuş, onlardan təxminən 60-70 metr aralıda isə Mehtinin qardaşı Murad dayanmışdır. 18 noyabr 2021-ci il tarixdə Mehti onu yumruqla vurmuş, Murad isə kənarda olmuşdur, əsəbi olduğu üçün Murad barəsində də şikayətçi olmuşdur, lakin həmin vaxt Murad ona hər hansı bir xəsarət yetirməmişdir. Mehti ilə arasında mübahisə təxminən 1-2 dəqiqə davam etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin verdiyi 03 dekabr 2021-ci il tarixli, 216 nömrəli rəyindən görünür ki, X4 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarət- başın sağ təpə-ənsə nahiyəsinin dərialtı hematoması bərk küt əşya (alət) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 18 noyabr 2021-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən rayon Polis Şöbəsinə daxil olmuş 02 mart 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarına əlavə edilmiş Qobustan rayon İcra Hakimiyyəti Başçısının Qobustan rayon Nabur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 17 fevral 2022-ci il tarixli arayışında qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs həqiqətən də Qobustan rayonu Nabur kəndində qeydiyyatdadır və orada yaşayır, himayəsində 27 noyabr 1996-cı il təvəllüdlü arvadı-X1 və 18 iyul 2018-ci il təvəllüdlü oğlu- X10 vardır. İş materiallarına əlavə olunmuş Qobustan rayon İcra Hakimiyyəti Başçısının Qobustan rayon Nabur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 17 fevral 2022-ci il tarixli xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinin 01 mart 2022-ci il tarixdə verdiyi AZ-İİ 255527 ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 12 fevral 2022-ci il tarixdə baş beynin diffuz travmasından Bakı şəhərində ölmüşdür. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq dindirilmiş X9 məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, onlara dəymiş ziyanın ödənildiyini, оndan heç bir şikayəti və tələbi olmadığını göstərdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, əməlindən səmimi peşman olduğunu, hazırda zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınan X9 ilə barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi olmadığını bildirdi və barəsində Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə həmin məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətdiyini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayəti və tələbi olmamasını və zərərçəkmiş şəxsin hüququ varisi ilə barışmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və işin icraatına xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası CM-in 128-ci maddələrinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs Rəfayil oğluna məhkəmə istintaqı zamanı göstərilmiş 4 saat hüquqi yardıma görə 24 manat Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil X7 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CM-in 73.2-ci və Azərbaycan Respublikası CPM-in 40, 43 və 321-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası CM-in 128-ci maddələrinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs Rəfayil oğluna məhkəmə istintaqı zamanı göstərilmiş 4 saat hüquqi yardıma görə 24 manat Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil X7 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar