Məhkəmə qərarları › İş №1(026)-9/2023

Qobustan Rayon Məhkəməsi Qərar — İş №1(026)-9/2023

19.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 1(026)-9/2023 19.06.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Qobustan rayon məhkəməsinin hakimi Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət edən şəxs X3 barəsində şikayət edilən şəxs X4 iştirakı ilə, xüsusi ittiham qaydasında şikayət edən şəxs X5 xüsusi ittiham qaydasında vermiş olduğu şikayət ərizəsinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət edən şəxs X8 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək 28 noyabr 1987-ci il təvəllüdlü, Qobustan şəhəri Koroğlu küçəsi ev 29-da yaşayan, Qobustan rayonu Ərəbşahverdi kənd ümumi orta məktəbində orta təhsilli ibtidai sinif müəlliməsi işləyən X4 Azərbaycan Respublikası CM-in 147.1 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, ona qanuna müvafiq qaydada cəza təyin edilməsini xahiş etmişdir. Şikayət edən şəxs X8 izahatında göstərdi ki, 15 sentyabr 2022-ci il tarixdən bu vaxta qədər Qobustan rayonu, Ərəbşahverdi kənd orta məktəbində biologiya fənni üzrə müəllimə işləyir. Onun həmin kənddə müəllimə işləməsinə əsas hərbi xidmətçi olan ərinin xidmət yerinin dəyişdirilməsi olmuşdur. İşlədiyi müddət ərzində iş fəaliyyətində heç bir nöqsana yol verməmişdir. Buna görə də o, Ərəbşahverdi kənd məktəbinin ictimai əsaslarla direktor müavini vəzifəsinə təyin edilmişdir. Lakin o, məktəbdə söz söhbət yaranmasındeyə bu barədə heç bir şəxsin məlumatının olmamasını direktor Qəndalı müəllimdən xahiş etmişdir. Ülfət Zərbalıyeva da onunla eyni məktəbdə müəllimə işləyir. 26 may 2023-cü il tarixdə 09:15 radələrində o, Qobustan rayonu Ərəbşahverdi kəndində orta məktəbdə olarkən Qəndalı müəllim onun müavin olduğunu elan etmişdir və bundan sonra Ülfət müəllimə aqressivləşərək uzun müddətdir orada işlədiyini və onun müavin olmalı olduğunu bildirmişdir. Bu vaxt onlar Qəndalı müəllimin otağına keçmişdir. Orada Ülfət ona məktəbdə digər kişi müəllimlərlə çay içdiyini, əxlaqsızlıq etdiyini, bütün kəndin ondan danışdığını, onun guya məktəbdə elektrik paylayıcı (udinitel) oğurladğını və onun oğru olduğunu demişdir. O da Ülfət müəlliməyə bütün bunların şər böhtan olduğunu və əgər hər hansısa bir sübutu varsa təqdim etməli olduğunu demişdir. Ülfət isə sakit dayanmaqla kifayətlənmişdir. Daha sonra isə dayanmayaraq bir neçə gün əvvəl onun guya Qəndalı müəllimin otağından oğurluq etmək istədiyini, lakin guya Ülfət gördüyü üçün bundan imtina etdiyini bildirmişdir. Bütün bu hadisələr isə direktor Qəndalı müəllimin yanında baş vermişdir. Çağırışla əlaqədar məktəbə gəlmiş həyat yoldaşına qarşı Ülfər müəllimə elə bir vəziyyət yaratmışdır ki, həyat yoldaşı Ülfəti təhqir etsin, Ülfətdə onu məsuliyyətə cəlb etdirsin. Ərəbşalbaş kənd ümumi orta məktəbinin pedoqoji şurasının 12 iyun 2023-cü il tarixli iclasında X4 müəllimlərin etik davranış qaydalarının 4.2.1, 4 .2.2, 4.2.3 və 4.2.4-cü bəndələrinin tələb etməməsi ilə əlaqədar ona xəbərdarlıq edilmişdir. Barəsində şikayət edilən şəxs X9 izahatında göstərdi ki, 15 sentyabr 2009-cu il tarixdən bu vaxta qədər Qobustan rayonu Ərəbşahverdi kənd orta məktəbində ibtidai sinif müəlliməsi işləyir. İşlədiyi müddət ərzində işində heç bir nöqsana yol verməmişdir. Ülviyyə Əmrahova da onunla eyni məktəbdə müəllimə olaraq işləyir. 26 may 2023-cü il tarixdə 08:15 radələrində o, Qobustan rayon Ərəbşahverdi kəndində orta məktəbdə olarkən “Facebook” sosial şəbəkəsində Qəndalı müəllim şəxsi hesabında şəkillərinin paylaşılarkən qadın müəllimələrin şəkillərinin də orada olması mübahisə mövzusuna çevrilməsi barədə direktora öz iradlarını bildirərkən Ülviyyə müəllimə direktor müavini olduğunu demiş və ona aqressiv formada cavab vermişdir. O da bu barədə məlumatının olmadığı bildirmişdir. Ülviyyə müəllimə ona dərsə getməli olduğunu bildirmişdir, o da cavabında Ülviyyə müəlliməyə onun heç özünün dərs demədiyini və ancaq kişi müəllimlərlə çay içdiyini bildirmişdir. Buna səbəb isə onların məktəbdə kişi və qadın müəllimlərin otağının ayrı olmasına baxmayaraq Ülviyyə müəllimənin ancaq kişi müəllimlərin otağında çay içməsi olmuşdur. Bundan bir qədər sonra o, Qəndalı müəllimin otağına getmiş və Ülviyyə müəllimə də onların yanına gəlmişdir. Bu vaxt Ülviyyə müəllimə Qəndalı müəllimə onu göstərərək “buna niyə müavin olduğumu deməmisən” demişdir. O da cavabında pedoqoji şuranın üzvü olduğunu və bu barədə məlumatının olmalı olduğunu demişdir. Ülviyyə müəllimə ona “bütün kənd sənə oğru deyir” demişdir. O da cavabında ona oğru olmadığını dedikdə, o, Ülviyyə adlı şəxsə “məktəbdən elektrik paylayıcısı (udinitel) oğurlamısan” demişdir. O, bir neçə gün əvvəl Ülviyyə müəllimənin direktor otağında sakit səssiz formada nə isə oğurlamağa çalışdığını görmüşdür və bu vaxt Ülviyyə müəllimə çox həyəcanlı olmuşdur. Ülviyyə müəllimə şagirdlərə onun tövlə kimi evdə yaşadığını, 6 il müddətinə onu tutduracağını və ondan 25000 manat təzminat alacağını demişdir. O, Ülviyyə müəllimə ilə sərt və yüksək səslə danışdığı üçün sektor müdiri Tahir müəllimin yanında Ülviyyə müəllimədən üzr istəmişdir. O, Ülviyyə müəlliməni təhqir etməmiş, ona böhtan atmamışdır. Qobustan rayon polis şöbəsinin 05 may 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Qobustan rayon Ərəbşahverdi kənd sakini X3 müraciəti əsasında toplanmış materialda X6 əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmiş və X7 müraciətinin mülki xarakterli olması və aidiyyatı üzrə Qobustan rayon məhkəməsinə müraciət etməsi izah edilmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət verən şəxs X8 xüsusi ittiaham qaydasında verilmiş şikayət ərizəsi üzrə məhkəmə baxışının keçirilməsini və şikayətin icraata qədul edilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında barəsində şikayət edilən şəxs X4 şikayətin icraata qəbul edilməsindən imtina olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, işdə olan sənədləri araşdırıb hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, xüsusi ittiham qaydasında şikayət edən şəxs X3 şikayətində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi və əməlin həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının, hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməmişdir. Şikayət Azərbaycan Respublikasının CPM-in 293.3.3-293.3.4-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun deyildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.7-ci maddəsinə görə şəxs barəsində eyni ittiham üzrə təhqiqatçının, müstəntiqin və ya prokurorun cinayət işinin başlanmasının rəd edilməsi və ya ona xitam verilməsi haqqında lğv edilməmiş qərarı olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Eyni zamanda ərizədən görünür ki, şikayət edən X1 Ülfət Asəf qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə məsuliyyətə cəlb olunmasını xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37-ci maddəsinə əsasən cinayət təqibinin hansı qaydada həyata keçirilməsi müfəssəl şəkildə qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda X3 şikayətinin mülki xarakter daşıdığı göstərilsə də X8 həmin qərardan şikayət verməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.5-ci maddəsinə əsasən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimaixüsusi qaydada tələb edilməli olduqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 300.1.3-cü maddəsinə əsasən məhkəmə hazırlıq iclasının keçirilməsi nəticəsində, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edir. Həmin Məcəllənin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edir. Azərbaycan Respublikası CPM-nin 302.2.3-cü maddəsinə görə bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə məhkəmə qərar çıxarır. Beləliklə, X3 xüsusi ittiham qaydasında verdiyi şikayət Azərbaycan Respublikası CPM-in 293.3.3 və 293.3.4-cü maddələrinin tələblərinə uyğun olmadığından onun şikayəti əsasında Qobustan rayon polis şöbəsinin 05 may 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı olduğu üçün məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin bu əsaslarla məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 37, 39, 293.3.1- 293.3.7, 300.1.3, 300.5, 302,1.3, 302.1.7 və 302.2.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X3 X4 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsi üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina olunsun. Qərardan 20 gün müddətinə Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar