Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-9/2025 22.04.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, Qobustan Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxx 1976-cı il tarixdə Qobustan rayonu, Sündü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, natamam orta təhsilli, məhkumluğu olmayan, Qobustan rayonu, Sündü kəndində qeydiyyatda olan və orada yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 6,70 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı xeyli miqdarda əldə edib, üzərində saxlamaqla Qobustan rayonuna daşımış, Qobustan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat axtarış tədbirləri nəticəsində 21 noyabr 2024-cü il tarixdə saat 22:30 radələrində Qobustan rayonu, Sündü kəndi ərazisində saxlanılıb orada üzəri yoxlanılan zaman əynində olan qəhvəyi rəngli köynəyin sol ön döş cibində saxladığı bir ədəd kibrit qutusunun içərisində təmiz çəkisi 6,70 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, bir neçə ildir ki, hərdənbir narkotik vasitələrdən istifadə edir. Qeyd edilən müddət ərzində narkotik vasitənin marixuana növündən istifadə etmişdir. Özü fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. 2024-cü ilin noyabr ayının əvvəllərində Bakı şəhərindən qayıdarkən Qobustan rayonu ərazisində “Ceyrankeçməz” deyilən yerdə avtomobili saxlamış və bir neçə dəqiqə hava almaq üçün avtomobildən enmişdir. Həmin vaxt yerdə bir ədəd kibrit qutusu olduğunu görmüş və diqqətini cəlb etdiyindən götürüb baxdıqda içərisində nəşə, yəni narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüş, içərisindəki narkotik vasitədən daha sonra istifadə etmək məqsədi ilə həmin kibrit qutusunu özü ilə götürmüşdür. Onda narkotik vasitə olmasından heç kimin xəbər tutmaması üçün içərisində qurudulmuş marixuana olan həmin kibrit qutusunu gündəlik geyindiyi köynəyin cibində gizlədib saxlamışdır. 21 noyabr 2024-cü il tarixdə saat 22-23 radələrində Qobustan rayonu, Sündü kəndində təkbaşına gəzən zaman küçədə mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olmalarını və onun üzərində narkotik vasitə saxlaması barədə məlumatlarının olmasını bildirib, bu səbəbdən də videoçəkilişdən istifadə edilməklə üzərinə yoxlanış keçirilməsi zərurəti olduğunu izah etmişlər və o da üzərinə yoxlanış keçirilməsinə razılığını bildirmişdir. Bundan sonra üzərinə yoxlanış keçirilən zaman əynindəki köynəyin cibindən içərisində qurudulmuş marixuana olan həmin 01 ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Ondan həmin kibrit qutusundakı kütlənin nə olması soruşulduqda, həmin kütlənin qurudulmuş marixuana olduğunu bildirmişdir. Daha sonra içərisində qurudulmuş marixuana olan 01 ədəd kibrit qutusu tərəzidə çəkilmiş, sonra isə həmin 01 ədəd kibrit qutusu içərisindəki qurudulmuş marixuana ilə birlikdə içərisi boş olan zərfə qoyulmuş, zərfin üzəri onun və digər iştirakçıların imzaları ilə imzalanmış və möhürlənərək götürülmüşdür. Bundan sonra polis əməkdaşları onlarla birlikdə polis şöbəsinə getməli olduğunu izah etmiş və o da razılığını bildirmişdir. Polis şöbəsinə gəldikdən sonra onu təhqiqatçının xidməti iş otağına aparmışlar. Orada olduğu zaman təhqiqatçı ona şübhəli şəxs qismində tutulacağını bildirmiş, ona Qobustan rayonu və ətraf rayonların ərazisində fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmiş, o da təqdim olunmuş siyahı ilə tanış olduqdan sonra hüquqlarının müdafiəsi üçün həmin siyahıda adları sadalanan şəxslərdən fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi seçmiş, daha sonra təhqiqatçı zəng edərək vəkil Müdafiəçi dəvət etmiş, Müdafiəçi gəlib ona təqdim olunduqdan sonra təhqiqatçı onu şübhəli şəxs qismində tutmuş, hüquq və vəzifələrini izah etmişdir. Sonra ona əvvəlcədən polis əməkdaşları tərəfindən üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəyə bənzər kütləyə videoçəkilişdən istifadə edilməklə baxış keçirilməsi zərurəti izah edilmiş, o da həmin baxışda iştirak etməyə razılığını bildirmişdir. Bundan sonra Müdafiəçi və digər iştirakçıların iştirakı ilə videoçəkilişdən istifadə edilməklə kibrit qutusu zərfin içərisindən çıxarılaraq baxış keçirilmişdir. Daha sonra həmin kütlə zərfə qoyulmuş və möhürlənərək götürülmüşdür. O, polis əməkdaşları tərəfindən saxlanılarkən və ondan sonra polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixi təzyiqə, yaxud təsirə məruz qalmamışdır. Hazırda törətdiyi əməldən çox peşmandır, himayəsində yetkinlik yaşına çatmayan uşaqları var. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə iclasında şahid qismində dindirilmiş Qobustan RPŞ-nin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili işləyən Şahid1 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs Qobustan rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan, həmin məlumatın yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunub cinayət başında yaxalanması məqsədi ilə Qobustan RPŞ-nin rəhbərliyinə raportla müraciət olunaraq Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədi ilə əməliyyat tədbirlərinin keçirilməsindən ötrü aidiyyəti üzrə göstəriş verilməsi xahiş olunmuş, şöbə rəisinin əmri ilə 21 noyabr 2024-cü il tarixdə Qobustan RPŞ-nin CAB-nin rəisi Samir Allahverdiyevin rəhbərliyi, onun və Qobustan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 21 noyabr 2024-cü il tarixdə, saat 22:30 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o, Şahid2 ilə birlikdə Qobustan rayonu, Sündü kəndi ərazisində Təqsirləndirilən şəxs yaxınlaşıb xidməti vəsiqəsini göstərib polis əməkdaşı olmalarını demiş və Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə məlumatlarının olmasını bildirib, buna görə videoçəkilişdən istifadə edilməklə üzərinə yoxlanış keçirilməsi zərurəti olduğunu izah etmiş və Təqsirləndirilən şəxs da üzərinə yoxlanış keçirilməsinə razılığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə yoxlanış keçirilən zaman ondan üzərində qanunla qadağan olunmuş əşya olduğu halda təqdim etməsi xahiş edildikdə, o, əynindəki köynəyin sol ön döş cibindən 01 ədəd kibrit qutusunu çıxarıb təqdim etmiş, həmin kibrit qutusu açıldıqda, içərisindən narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kibrit qutusundakı kütlənin nə olması soruşulduqda, o, həmin kütlənin marixuana olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzəri, yəni geyimlərinin cibləri yoxlanılan zaman onun əynindəki cins şalvarın sol ön cibindən 01 ədəd alışqan və həmin şalvarın sağ ön cibindən 01 ədəd mobil telefon aşkar edilmişdir. Daha sonra içərisində narkotik vasitəyə bənzər kütlə olan 01 ədəd kibrit qutusu tərəzidə çəkilmiş, sonra isə həmin 01 ədəd kibrit qutusu içərisindəki kütlə ilə birlikdə içərisi boş olan zərfə qoyulmuş, zərfin üzəri onun və digər iştirakçıların imzaları ilə imzalanmış və möhürlənərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitə əldə etməkdə şübhəli olduğu üçün polis şöbəsinə getməli olduğunu demiş, sonra isə Təqsirləndirilən şəxs polis şöbəsinə getməyə razılığını bildirdiyindən onu polis şöbəsinə gətirmiş və onun üzərindən aşkar edilərək götürülmüş kütləyə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs əvvəlcədən üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəyə bənzər kütləyə videoçəkilişdən istifadə edilməklə baxış keçirilməsi zərurəti izah edilərək baxışda iştirak etməsi təklif edilmiş, o da həmin baxışda iştirak etməyə razılığını bildirmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs, Müdafiəçi, onun və əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əvvəlcədən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütləyə videoçəkilişlə baxış keçirilmişdir. Həmçinin, ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti, o cümlədən heç bir ədavəti və düşmənçiliyi, həmçinin heç bir qohumluq əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs saxlanılıb polis şöbəsinə gətirilərkən və ondan sonra ona qarşı hər hansı bir fiziki və ya psixi təzyiqə və təsirə yol verilməmişdir. İş üzrə şahid qismində dindirilən Qobustan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM-in) 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə-bioloji ekspertizasının 22 noyabr 2024-cü il tarixli, 3-16-16-2-7/1908 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi - 6,70 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Rəyin qeyd hissəsində marixuananın təmiz çəkisinin 6,70 qram, tədqiqata sərf edilən ümumi miqdarının 0,05 qram, qalıq çəkisinin isə 6,65 qram olması qeyd edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 10 dekabr 2024-cü il tarixli, 7761 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs Kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. Cinayət işinə əlavə edilmiş Qobustan RPŞ-nin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən tərtib olunmuş 21 noyabr 2024cü il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, Qobustan RPŞ-yə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 21 noyabr 2024-cü il tarixdə, saat 22:30 radələrində Qobustan rayonu, Sündü kəndi ərazisində saxlanılmış, ona hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı onun əynində olan köynəyin sol ön döş cibindən içərisində yaşıl rəngli bitki kütləsi olan 01 (bir) ədəd kibrit qutusu, onun əynindəki şalvarın sol ön cibindən 01 (bir) ədəd alışqan və həmin şalvarın sağ ön cibindən 01 (bir) ədəd mobil telefon aşkar edilmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq kibrit qutusunun içərisində olan kütlənin marixuana olduğunu, özünün də narkotik vasitə istifadəçisi olduğunu, həmin kütləni yoldan tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını, heç kimə narkotik satmadığını bildirmişdir. Sonra içərisində qurudulmuş marixuanaya bənzər kütlə olan kibrit qutusu elektron tərəzidə çəkilmişdir. Bundan sonra həmin kibrit qutusu zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra zərf RPŞ-nin 142 nömrəli möhürü ilə möhürlənib götürülmüşdür. Araşdırma üçün əhəmiyyət kəsb etdiyindən 01 (bir) ədəd mobil telefon da götürülmüşdür. Araşdırma üzrə əhəmiyyət kəsb etmədiyindən 01 (bir) ədəd alışqan Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Cinayət işinə əlavə edilmiş Qobustan RPŞ-nin Təhqiqat Qrupunun təhqiqatçısı, polis baş leytenantı Şükran Cavadzadə tərəfindən tərtib olunmuş 21 noyabr 2024-cü il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, 21 noyabr 2024-cü il tarixdə, saat 23:37 dəqiqədən saat 23:45 dəqiqəyədək olan müddət ərzində Qobustan RPŞ-də xidməti otaqda RPŞ-nin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 təqdim etdiyi əşyalara baxış keçirilmişdir. Həmin istintaq hərəkətində şübhəli şəxs Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi və RPŞ-nin polis əməkdaşları iştirak etmişdir. Təqdim olunan bir ədəd ağ rəngli zərfə baxış keçirilmişdir. Üzərində “Təqsirləndirilən şəxs üzərindən.. ” sözləri yazılmış zərf açıldıqda içərisindəki bir ədəd kibrit qutusunda yaşıl rəngli kütlə olması müəyyən edilmişdir. Sonra həmin zərf yenidən möhürlənmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 6,70 qram, ekspert tədqiqatından sonra təmiz çəkisi 6,65 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut əhəmiyyətinə malik olduğundan 25 noyabr 2024-cü il tarixli qərarla iş üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılması üçün Qobustan RPŞ-nin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən 03 dekabr 2024-cü il tarixdə Qobustan RPŞ-yə daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Xalq Məhkəməsinin 30 iyul 1997-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 226-1-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 31 dekabr 1997-ci il tarixdə ilkin hökmlə təyin olunmuş cəzadan 05 ay 14 gün vaxtından əvvəl şərti azad edilmişdir. İş üzrə verilmiş əməliyyat tapşırığı əsasında Qobustan RPŞ-nin Narkotiklərlə mübarizə qrupunun məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 6,70 qram miqdarında narkotik vasitə-qurudulmuş marixuana ona məxsus olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitə-qurudulmuş marixuana istifadə etsə də, narkotik vasitələrin satışı ilə məşğul olmur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 6,70 qram miqdarında narkotik vasitə-qurudulmuş marixuananı satmaq məqsədi olmamışdır. Təqsirləndirilən şəxs hər hansı bir şəxsə narkotik vasitə-qurudulmuş marixuana satması müəyyən edilməmişdir. Həmçinin, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 6,70 qram miqdarında narkotik vasitə-qurudulmuş marixuananı haradan əldə etdiyini müəyyən etmək mümkün olmamışdır. “Qobustan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsindən daxil olmuş 26 noyabr 2024-cü il tarixli, 18-1-53/2-1154/2024 nömrəli məktubdan görünür ki, Qobustan rayonu, Sündü kənd sakini Təqsirləndirilən şəxs həmin PHŞ-nin Poliklinika şöbəsinə narkoloji və psixonevroloji xəstəliklə bağlı müraciət etməmiş və dispanser qeydiyyatında deyildir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 21 noyabr 2024-cü il tarixdə saat 22:30-da saxlanılaraq şübhəli şəxs qismində tutulmuş, 23 noyabr 2024-cü il tarixdə saat 17:00-da barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, Qobustan RPŞ-nin X2 azad edilmişdir. Təqsirləndirilən şəxs üzərində yoxlama işləri aparılması ilə bağlı videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk, onun üzərindən aşkar edilmiş predmetlərə baxış və götürmənin aparılması ilə bağlı videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. İşdəki Qobustan RİHB-nin Sündü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 dekabr 2024-cü il tarixli arayışdan görünür ki, Səmədov X5 rayonu, Sündü kəndində qeydiyyatda olmaqla, orada yaşayır və onun ailə tərkibi aşağıdakı kimidir: arvadı X7, oğlu 15 sentyabr 1999-cu il təvəllüdlü X8, oğlu 10 iyul 2006-cı il təvəllüdlü X9, qızı 24 dekabr 2007-ci il təvəllüdlü X3, qızı 11 sentyabr 2014-cü il təvəllüdlü X1 və qızı 21 sentyabr 2016-cı il təvəllüdlü X4. İşdəki Qobustan RİHB-nin Sündü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-in 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir); 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; 21-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. Narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının müvafiq qanunlarla müəyyən edilmiş xeyli miqdarından aşağı olan miqdarı şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas verən az miqdardır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarının: 2-ci bəndinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair əməlləri təsbit edən CM-in 26-cı fəslində yer alan cinayət hüquqi normalar əsasən blanket quruluşa malik olmaqla əməlin cinayət xarakterli olduğunu göstərmək üçün onunla müvafiq normativ hüquqi aktların müddəalarının müqayisə edilməsini, bu müddəalar nəzərə alınmaqla əməlin hüquqi qiymətləndirilməsinin aparılmasını tələb edir. O, cümlədən, narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılmasında mühüm əhəmiyyət kəsb edən bir sıra cinayət-hüquqi kateqoriyalara dair izahların “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 959-İİQ nömrəli Qanununun (bundan sonra – Qanun) 1-ci maddəsində təsbit edildiyi nəzərə alınaraq, həmin izahlar, eləcə də baxılan ittihamın qanuni həlli üçün əhəmiyyətli olan Qanunun digər müddəaları rəhbər tutulmalı, düzgün təfsir olunaraq tətbiq edilməlidir; 4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur; 5-ci bəndinə əsasən, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir; 6-cı bəndinə əsasən, istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın “Narkotik vasitələr” adlı İ siyahısının 109.1-ci qrafasına əsasən təmiz halda 5 qram qurudulmuş marixuana xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 6,70 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - törətdiyi əməli etiraf edib peşman olmasını; - himayəsində yetkinlik yaşına çatmayan 3 uşağının olmasını. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların mövcudluğu, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Eləcə də, məhkəmə-narkoloji ekspertizasının 10 dekabr 2024-cü il tarixli, 7761 nömrəli rəyinə uyğun olaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, şübhəli şəxs qismində tutulub həbsdə saxlanıldığı 2 (iki) gün (21 noyabr 2024-cü il-23 noyabr 2024-cü il, 48 saatdan az saxlanılması nəzərə alınmaqla), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM - 69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalı, iş üzrə maddi sübut - Qobustan rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 6,65 qram olan narkotik vasitə-qurudulmuş marixuana məhv edilməli (CPM - 132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM - 198.1). Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in 52-1.1-ci və 52-1.2-ci maddələrinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir:
1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək;
2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək;
3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək;
4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 noyabr 2024-cü il tarixdən 23 noyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı iki gün müddətin bir günü ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ümumilikdə 04 (dörd) gün müddət həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qobustan rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. İş üzrə 78 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı X6 Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən 10 saat hüquqi yardımla bağlı 60 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Qobustan rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti "xxxx" ASC-nin Qobustan filialındakı filialın kodu 200725, müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT AİİBAZ2XXXX, müştərinin hesab nömrəsi AZ55AİİB410400H**********172 saylı hesabına köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Qobustan rayon Polis Şöbəsində saxlanılan 6,65 qram narkotik vasitə-qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs üzərində yoxlama işləri aparılması ilə bağlı videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk, onun üzərindən aşkar edilmiş predmetlərə baxış və götürmənin aparılması ilə bağlı videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd DVD disk hazırkı cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Samir Mayılov