Məhkəmə qərarları › İş №1(027)-1/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-1/2024

03.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-1/2024 03.07.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət İttihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X1, Təqsirləndirilən şəxsin müdafiəçisi – X7 iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Quba rayonu Xaroşa kəndində anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, natamam ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Quba rayonu Xaroşa kəndində yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 22 iyul 2020-ci il tarixdə saat 18 radələrində Quba rayonu Talabıqışlaq kəndinin mərkəzində mağazanın qarşısında aralarında yaranmış mübahisə zamanı Talabıqışlaq kənd sakini X2 yerə yıxmaqla ona sifət və bədən nahiyyəsindən yumruqla vurub sağlamlığının qısa müddətə pozulmasına səbəb olan bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, cinayət işinə onun iştirakı olmadan baxılmasını və hazırda zərərçəkmiş şəxslə barışdığını bildirərək barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi X11 məhkəmə iclasının Təqsirləndirilən şəxs iştirakı olmadan keçirilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.9.2-ci və 311.2-ci maddələrini rəhbər tutaraq məhkəmə baxışının təqsirləndirilən şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki o, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ona elan edilmiş itiham üzrə özünü təqsirli bilirərək bildirmişdir ki, X4 ilə qonşu kəndlərdə yaşayırlar və onların aralarında dostluq münasibətləri olmuşdur. 22 iyul 2020-ci il, saat 18 radələrində Quba rayonu, Talabıqışlaq kəndində mağazada Xəqani İskəndərovun qardaşı oğlu Rəvan onun salamına cavab verməməsinin səbəbini soruşduqda, Xəqani onu təhqir etmişdir. Xəqaniyə daha sonra bu barədə söhbət edəcəyini deyib ayrılmaq istədikdə, Xəqani onu yenidən təhqir etdiyindən, geri qayıdaraq ətrafda tanımadığı kənd camaatının olmasını əsas gətirib Xəqanini kənara dəvət etmişdir. Gözləmədiyi halda Xəqani baş zərbəsi ilə onun sifət nahiyyəsindən vurmuş, bu zaman başı “Qazel” markalı avtomobilə dəymiş və o yerə yıxılmışdır. Yerdə olan halda Xəqami ona əli və ayağı ilə zərbələr endirmiş, həmin vaxt onun dişləri sınmış və ağzından qan gəlmişdir. Bundan sonra o, ayağa Xəqaniyə tərəf cumub onu yerə yıxmışdır. Hirsinin bununla soyumadığını görüb yerdə yıxılı vəziyyətdə olan Xəqaninin bədəninin müxtəlif nahiyyəsinə bir neçə yumruq zərbəsi vurmuşdur. Davaları qurtardıqdan sonra, Xəqaninin qardaşı Təbriz ona polisə şikayət etməməsini və dişlərini təmir etdirəcəyini, qardaşının günahkar olduğunu bildirmişdir. Həmin gün axşam saatlarında Talabıqışlaq kəndində olarkən Xəqaninin aralarında olan dava ilə bağlı polisə şikayət etməsini bilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki o, Təqsirləndirilən şəxs təxminən 2 ildir ki, tanıyır və münasibətləri normal olmuşdur. xx.xx.2020-ci il tarixdə, Talabıqışlaq kəndində yaşadığı evdə spirtli içki qəbul etdikdən sonra saat 17:30 radələrində kəndin mərkəzində yerləşən poçtun yanına getmişdir. Poçtun yanında qardaşı oğlu Şahid2la bir qədər söhbət etmiş, təxminən saat 18 radələrində Əliflan yanlarından keçib onlara salam vermişdir. O, Əliflanın salamını almamış və mağazaya gedib təxminən 5-10 dəqiqə sonra Əliflan Rəvanla birgə söhbət etdiyi yerə qayıtdıqda, Əliflan ondan salamını almamasının səbəbini soruşmuş və o Əliflana “yaxşı edirəm” deyə cavab vermişdir. Əliflan onunla rus dilində danışmağa başlamış və o, Əliflanı təhqir etmişdir. Bu zaman Əliflan onun yaxasından tutmuş, o isə Əliflanın üz nahiyyəsindən bir dəfə kəllə ilə vurmuş və Əliflan “qazel” markalı avtomobilin yanında yerə yıxılmışdır. Əliflan yerə yıxılan zaman yaxasından tutduğundan o, da Əliflanla birgə yerə yıxılmışdır. Qalxdıqdan sonra Əliflan yaxasından tutub fənn işlədərək onu yerə yıxmış, üzərində oturmuş və bir əli ilə üz nahiyyəsindən tutub saxlayaraq, digər əli ilə döş qəfəsinin sol tərəfinə, həmçinin alın nahiyyəsinə də yumruqla zərbələr endirmişdir. Bu zaman mağazada satıcı işləyən Şahid1 gəlmiş və Əliflanı üzərindən dartıb kənara aparmışdır. O, yerdən qalxıb məktəbin qarşısında yerləşən çayxanaya getmək istədikdə, Əliflan ardınca gəlib köynəyinin yaxasından tutub fənn işlədərək yerə yıxmış və qarnının üzərində oturaraq yenidən döş qəfəsinin sol nahiyyəsinə və alın nahiyyəsinə yumruqla zərbələr endirmişdir. Bundan sonra dayısı Nazif avtomobili ilə onu evinə aparmışdır. İfadəsinin sonunda X4 əməli törətmiş şəxslə barışdığını bildirərək ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə tibb ekspertizasının xx.xx.2020-ci il tarixli 799 nömrəli rəyindən görünür ki, X1 bədəni üzərində olan xəsarətlər-alnında sağda və sağqaşın üzərində hərəsində bir yerdə əzilmiş-cırılmış yara, döş qəfəsində öndə solda yumşaq toxumaların əziyi və qançırı küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxtda, yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiklərindən sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan cinayət işinin dayandırılması haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, X6 məhkəmədən gizləndiyi üçün həmin tarixdə onun barəsində axtarış elan edilməklə cinayət işinin icraatı dayandırılmışdır. İş materiallarında olan cinayət işinin təzələnməsi haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirlənməsinə dair cinayət işinin icraatı xx.xx.2024-cü il tarixdə təzələnmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyətinə cəlb edilməmişdir. İş materiallarında olan Quba rayon mərkəzi xəstəxanasının xx.xx.2020-ci il tarixli 3236 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Quba RMX-nın konsultativ poliklinika şöbəsinin psixiatrik və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarında olan Quba RİHB-nın Talabıqışlaq İƏD üzrə nümayəndəsinin xx.xx.2020-ci il tarixli 427 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyasının vətəndaşıdır və hazırda Quba rayonu Xaroşa kəndində müvəqqəti olaraq atasına məxsus evdə tək yaşayır. Quba RİHB-nın Talabıqışlaq İƏD üzrə nümayəndəsinin xasiyyətnaməsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış subutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs istinad edilən ittiham onun özünün məhkəmədə verdiyi ifadə ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibb ekspertizasının müvafiq rəyi və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetir. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək zərərçəkmiş şəxs X4 ilə barışmasını nəzərə alıb barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs X1 məhkəməyə daxil olmuş ərizəsindən görünür ki o, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının CM-nin 73.2-ci maddəsinə əsasən, “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Azərbaycan Respublikasının CM-nin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən, “Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində 39.1.11-ci maddəsində nəzərdə tutulmuş hallar olduqda Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar olduğundan, onun haqqında cinayət təqibinə xitam verilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 13 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Həmçinin, məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili X11 tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 6 saat üçün 36 manat Azərbaycan Respublikası CPMin 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia verilməmişdir, maddi sübut və müsadirə ediləsi əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 39.1.11, 43.1.2, 321, 346- 347, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinə xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X3 etdiyi 06 (altı) iş saatına görə 36 (otuz altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar