Məhkəmə qərarları › İş №1(027)-101/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-101/2024

24.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-101/2024 24.06.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs və Quba rayon Vəkil bürosunun vəkili X6 iştirakı ilə, xx xxxxxx 1967-cı il tarixdə Qusar şəhərində anadan doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, işsiz, Sumqayıt şəhəri MİK-1, ev 4B/29 daimi qeydiyyatında olmaqla ünvan 1 ünvanında "xxxx" MTK-ya məxsus 41 saylı mənzildə yaşayan, xx.xx.2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 20 aprel 2023-cü il tarixdə, saat 17 radələrində idarə etdiyi “Mersedes Benz E220 CDİ” markalı AZ **-GC-*** qeydiyyat nişanlı minik avtomobillə Quba- Qusar yolunun Quba rayonu Digah kəndi ərazisindən keçən hissəsində Quba şəhəri istiqamətində saatda 40 km/sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirlər görməli olduğu halda cinayətkarçasına etinasızlıq edib qanunun qeyd olunan tələblərinə əməl etməyərək yol hərəkəti qaydalarını pozaraq Quba rayon Digah kənd tam orta məktəbinin giriş qapısı yaxınlığından əks tərəfə yolu piyada keçmək istəyən azyaşlı Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vuraraq sonuncunun burun sümüklərinin qapalı sınığı ilə müşayiət olunan burnunun üstündə qançır, sağ baldırın aşağı 1/3-nin ön səthində əzilmiş-cırılmış yara, sağ baldırın hər iki sümüyünün aşağı 1/3-dən açıq yerdəyişən sınığı, sağ ayağın pəncə hissəsində dəri defekti ilə müşayiət olunan əzilmişcırılmış-didilmiş yaradan ibarət olan sağlamlığa ağır xəsarət almasına səbəb olmuşdur. Məhkəmə, cinayət işinin materialı ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona Azərbaycan Respubliksı CM-nin 263.1-1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, “Mersedes-Bens E220 CDİ” markalı AZ **-GC-*** qeydiyyat nişanlı minik avtomobili “B” dərəcəli sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə edir. 20 aprel 2023-cü il tarixdə, saat 17 radələrində idarə etdiyi “Mersedes-Benz” maşınında Qusardan Qubaya saatda 30- 40 km/sürətlə gedərkən Quba rayonu Digah kəndi ərazisində yolun sağ tərəfində azyaşlı qız uşağının dayandığını görərək maşının sürətini azaltmış və yolun sol hissəsindən təhlükə ola biləcəyini hiss etməmiş, lakin həmin vaxtı soldan bir nəfər oğlan uşağı qaçaraq onun maşının sol qanadına dəymişdir. Bu zaman o, əyləcə bassa da qəfildən soldan qabağın çıxmış uşağı vurmaqdan maşını yayındıra bilməmişdir. Uşağı vurmamaq üçün əyləcə basmış olsa da, uşaq onun maşının farasına dəyib yerə çaxılmaqla sağ ayaq nahiyyəsindən xəsarət almışdır. O, maşını saxlayıb düşmüş və həmin uşağı qucağına alıb maşına mindirərək onu Qusar rayon mərkəzi xəstəxanasına aparmışdır. Həmin uşağı xəstəxanaya gətirdikdə onun adının Riad olduğunu və sonuncunun Digah kəndində yaşadığını bilmişdir. Riadın müalicəsi üçün lazimi bütün tədbirləri görmüş və onun müalicə xərclərini qarşılamışdır. Məhkəmədə verilən suallara cavab olaraq təqsirləndirilən şəxs bildirdi ki, onun ehtiyatsızlığı səbəbindən baş vermiş hadisə zamanı zərərçəkmiş şəxs xəsarət alsa da, sonuncuya dəymiş ziyanı tamamilə ödəmişdir. Hazırda zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ilə barışmasını və dəymiş ziyanı tamamilə ödəməsini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1- 1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini və həmin maddə ilə barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxslə barışdığını, sonuncuya dəymiş ziyanın tamamilə ödənilməsini nəzərə alaraq, cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, xx xxxxx 2014-cü il təvəllüdlü Zərərçəkmiş şəxs onun doğma oğludur. 20 aprel 2023-cü il tarixdə axşam vaxtı yaşadığı evdə olarkən oğlu Riadın oxuduğu Quba rayon F.Həmzəyev adına Digah tam orta məktəbinin direktoru Mansur ona zəng edərək Riadı məktəbin yanındakı yolda “Mersedes-Benz” markalı maşının vurduğunu və Qusar rayon mərkəzi xəstəxanasına apardığını bildirmişdir. Bundan sonra, o arvadı Fidan və azyaşlı qızı Pərvinlə Qusar rayon mərkəzi xəstəxanasına getdikdə Riadı “Mersedes- Benz” maşınla vuran sürücünün adının Səfadır olduğunu bilmişdir. Xəstəxanada Riadı həkimlərin müayinə etməsi zamanı onun sağ ayağının açıq sınığı ilə xəsarət alması müəyyən edilmiş və Riadın ayağını gipsə almışlar. Hadisə təqsirləndirilən şəxsin ehtiyyatsızlığından baş vermişdir. Hazırda onun təqsirləndirilən şəxsə qarşı heç şikayəti və tələbi yoxdur, sonuncu ilə barışmışdır. Təqsirləndirilən şəxsla barışmasını, sonuncu tərəfindən ona dəymiş ziyanın tamamilə ödənilməsini, baş vermiş hadisə ilə bağlı heç bir şikayəti və tələbinin olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini və həmin maddə ilə barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək, təqsirləndirilən şəxslə barışdığını, sonuncu tərəfindən ona dəymiş ziyanın tamamilə ödənilməsini, təqsirləndirilən şəxslə barışdığını, sonuncuya qarşı heş bir şikayət və tələbinin olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində bildirdi ki, xx xxxxx 2014-cü il təvəllüdlü Zərərçəkmiş şəxs onun doğma oğludur. 20 aprel 2023-cü il tarixdə axşam vaxtı yaşadığı evdə olarkən oğlu Riadın oxuduğu Quba rayonu, F.Həmzəyev adına Digah tam orta məktəbinin direktoru Mansur həyat yoldaşına zəng edərək Riadı məktəbin yanındakı yolda “Mersedes-Benz” markalı maşının vurduğunu və Qusar rayon mərkəzi xəstəxanasına apardığını bildirmişdir. O, əri və azyaşlı qızı ilə Qusar rayon mərkəzi xəstəxanasına getdikdə Riadı “Mersedes- Benz” maşınla vuran sürücünün adının Səfadır olduğunu bilmişdir. Xəstəxanada Riadı həkimlərin müayinə etməsi zamanı onun sağ ayağının açıq sınığı ilə xəsarət alması müəyyən edilmiş və Riadın ayağını qipsə almışlar. Məhkəmə iclasında şahid X3 ifadəsi elan olunan zaman məlum oldu ki, o, Quba rayon F.Həmzəyev adına Digah kənd tam orta məktəbinin direktoru işləyir. 20 aprel 2023cü il tarixdə azyaşlı Zərərçəkmiş şəxs həmin məktəbin 4-cü sinifində oxuyur. Həmin tarixdə, saat 17 radələrində məktəbin ikinci növbəsinin dərsləri qurtardığından şagirdlər və müəllimlər hamısı məktəbin giriş qapıları çıxmışlar. Onun özü də bu vaxtı məktəbin giriş qapıları olan yerdə olarkən azyaşlı Riadın yolun bir tərəfindən digər tərəfinə keçdiyini gördükdə yolu düz keçməkdə olan “Mersedes-Benz” markalı avtomobilin sürətlə hərəkət edərək Riadı vurub yıxaraq tormoz verdiyini görmüşdür. Həmin vaxtı Riadın ətrafına adamlar toplamış, orada olan Zöhrab adlı bir nəfər şəxs “Mersedes-Benz” maşınının sürücüsü ilə danışıb Riadı qucağına alaraq onu həmin maşına qoymuşdur. Bundan sonra, onlar Riadı “Mersedes-Benz” maşınında Qusar rayon mərkəzi xəstəxanası istiqamətində aparıb getmişlər. Həmin vaxi o da, Riadın atası Faiqlə telefon əlaqəsi saxlayaraq ona oğlunu məktəbin qabağında piyada yol keçərkən “Mersedes-Benz” maşını vurmasını və onu Qusara xəstəxanaya apardıqları barədə məlumat vermişdir. Şahid4 ifadəsi məhkəmədə elan olunan zaman məlum oldu ki, o da X3 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı təhqiq edilmiş məhkəmətibbi ekspertizasının 25 aprel 2023-cü il tarixli 314 nömrəli rəyindən görünür ki, azyaşlı X4 müayinəsi zamanı onun bədənində müəyyən edilmiş xəsarətlər - burun sümüklərinin qapalı sınığı ilə müşayiət olunan burnunun üstündə qançır, sağ baldırın aşağı 1/3-nin ön səthində əzilmiş-cırılmış yara, sağ baldırın hər iki sümüyünün aşağı 1/3-dən açıq yerdəyişən sınığı, sağ ayağın pəncə hissəsində dəri defekti ilə müşayiət olunan əzilmişcırılmış-didilmiş yara olub, həmin xəsarət küt əşyanın təsirindən törənmişdir və hadisənin baş verdiyi vaxta, yəni 20 aprel 2023-cü il tarixdə yetirilməyə uygun gəlir, həmin xəsarətlər dərəcəsinə görə həyat üçün təhlükəli olmuş sağlamlığa ağır zərərvurmaya aiddir. İş materiallarında olan yol-nəqliyyat hadisələrinin tədqiqi ekspertizasının keçirilməsinə dair Məhkəmə Ekspertizası Mərkəzinin 21 fevral 2024-cü il tarixli 8/237 nömrəli rəyindən görünür ki, “Mersedes-Bens E220 CDİ” markalı AZ **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan AC 572638 seriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, DİN-nin BDYPİ-si tərəfindən xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş, həmin sürücülük vəsiqəsi 12.112029-cu il tarixədək etibarlıdır. İş materialında olan Quba RPŞ-nin, DYPB tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs adına “B” dərəcəli sürücülük vəsiqəsi var və o, sürücülük hüququndan məhrum edilməmişdir. İş materiallarında olan şərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə keçirilmiş müayinə zamanı Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyəti aşkar edilməmişdir . İş materiallarında olan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə **********161 nöməli xx.xx.2023-cü il tarixli notarial təsdiqli ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməkdə təqsirlidir. İbtidai istintaq orqanı tərəfindən nonun törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi və təqsirləndirilən şəxs ərizə təqdim edərək barışdıqlarını bildirmiş və cinayət işinin icraatına xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndinə görə cinayət qanununun 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törtəmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası CPM-nin: 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən cinayət qanununun müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Məhkəmə iş üzrə təqsirləndirilən və zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin təqdim edilmiş ərizələrini və iş materiallarını araşdırıb, hesab edir ki, cinayət qanununun müddəalarının qüvvəsinə görə cinayət məsuliyyətindən azad edilməklə Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən, təqsirləndirilən şəxs Manafov X5 cinayət məsuliyyətindən azad edilməsi və onun barəsində olan cinayət təqibinə xitam verilməsi məsələsi həll edilərkən qanunla nəzərdə tutulan əsaslarla yanaşı onun şəxsiyyəti, cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar da məhkəmə tərəfindən araşdırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olmayan şəxsdir. İş materiallarında olan "xxxx" MTK-dan alınmış 04 mart 2024-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında "xxxx" MTK-ya məxsus 41 saylı mənzildə yaşayır və o, yaşayış yeri üzrə özünü müsbət xarakterizə olunur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, 21 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-in 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunmalıdır. Məhkəmə hesab edir ki, məhkəmə ekspertizası tədqiqatlarının dəyərini təşkil edən 85 manat Təqsirləndirilən şəxs tutulub məhkəmə ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olmasının araşdırılması üçün məhkəmənin yekun qərarının surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X7 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 43, 321, 347, 356, 384- 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunsun.. İş üzrə məhkəmə xərci olan 85 (səksən beş) manat məbləğində vəsait Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X2, Kod:210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, VÖEN: **********, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Təqsirləndirilən şəxs əməllərinin inzibati məsuliyyətə səbəb olması məsələsi araşdırılması üçün hazırki qərarın surəti, qərar qanuni qüvvəsini aldıqdan sonra, ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən Quba rayon prokuroruna göndərilsin. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar