Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-102/2021 17.08.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, X6, zərərçəkən şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili X1 iştirakı ilə, xx.xx.1969-cu il tarixdə Quba rayonu, İspik kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Quba şəhəri, Dəvədabanı yaşayış massivində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 25.05.2021-ci il tarixdə saat 11 radələrində Quba şəhəri, Dəvədabanı yaşayış massivində evinin qarşısında aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı qonşusu Zərərçəkmiş şəxs ünvanına nalayiq söyüş söymüş, qolundan tutaraq dartışdırmış, yerdən götürdüyü daş parçasını ona tərəf atmaqla ona sol saidin orta 1/3-nin arxa səthində sıyrıq, sol əlin 4-cü barmağının uc falanqasının arxa səthində yumşaq toxumanın əziyi və qançırı, sol əlin 4-cü barmağının uc falanqasının xırda qəlpəli qapalı sınığından ibarət olan və sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarəti yetirməklə qəsdən onun sağlamlığına yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, sadələşdirilmiş icraat materialları ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun qonşusudur. Sonuncu ilə münasibətləri normal deyildir. Hadisə olan gün, yəni 25.05.2021-ci il tarixdə saat 11 radələrində o, həyətdə olan zaman Həqiqət onun qapısını daşlamış və darvazadan bayırda onun ünvanına ucadan söyüş söymüşdür. Bu səbəbdən Həqiqətlə aralarında söz mübahisəsi yaranmışdır. Məhkəmədə verilən suallara cavab olaraq, təqsirləndirilən şəxs bildirdi ki, istintaq orqanında olan izahatında qeyd olunanlar dediklərindən doğru yazılmamışdır. Münaqişə zamanı Həqiqətlə aralarında söz mübahisəsi olsa da, o, Həqiqətə daş atmamışdır. O, ümumiyyətlə Həqiqətə hər hansı xəsarət yetirməmiş, çünki sonuncunu döyməyə onun fiziki gücü yoxdur. Həqiqətin onun həyətinə gəlməsinin və söyüş söyməsinin səbəbini bilmir. Lakin düşünür ki, Həqiqət onunla yola getmədiyi üçün məqsədi səbəbsiz yerə ona sataşmaq olmuşdur. Hadisə vaxtı onun qızları və nəvələri evin həyətində olsalar da, onlardan aralı olduqları üçün hadisənin bilavasitə şahidi olmamışlar. Sonda təqsirləndirilən şəxs barəsində olan işə bəraətverici əsaslarla xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Təqsirləndirilən şəxs onunla qonşuluqda yaşayır. Buna baxmayaraq münasibətləri yaxşı deyil, aralarında bir neçə dəfə mübahisələr olmuşdur. 25.05.2021-ci il tarixdə saat təqribən 11 radələrində qonşusu Təqsirləndirilən şəxs ona məxsus bostan sahəsinə mal-qarasına aid tullantıları tökməsini müəyyən etmiş, bununla bağlı irad bildirməsi üçün sonuncunun yaşadığı evinin qarşısına gedib qapısını döymüşdür. Qapıya çıxan Nüşabə yerdən götürdüyü daş parçasını ona tərəf atmışdır. Daş əlinə dəydiyi üçün o, sol əlin 4-cü barmağından xəsarət almışdır. Məhkəmədə verilən suallara cavab olaraq, zərərçəkmiş şəxs bildirdi ki, mübahisə zamanı Nüşabə onun qolundan dartmış və daşla vuraraq xəsarət yetirmişdir. O, xəsarət almış olsa da, əvvəl Nüşabə barəsində polisə şikayət etməmişdir. Lakin sonradan Nüşabənin onun barəsində şikayət etdiyini eşitdiyi üçün polis şöbəsinə gedib şikayətçi olmuşdur. Həmin gün həkim müayinəsindən keçmə də, zədə almış barmağını tibbi-ekspertizadan və rentgenoloji müayinədən keçirmişdir. Məhkəmə iclasında şahid qismində cəlb edilmiş X2 bildirdi ki, təhqiqatçının 25.05.2021-ci il tarixli qərarına əsasən 26.05.2021-ci il tarixdə Zərərçəkmiş şəxs muayinə etmişdir. Muayinə zamanı Həqiqət sol əlində ağrıların olması barədə şikayətçi olmuşdur. Muayinə zamanı Həqiqət Bayramova rentgenoloji muayinəyə göndərilmiş, rentgen cavabı nəticəsində Zərərçəkmiş şəxs sol əlin 4-cü barmağının uc falanqasının xırda qəlpəli qapalı sınığı kimi xəsarətlər aşkar edilmişdir. Bunda başqa Zərərçəkmiş şəxs bədəni üzərində sol saidin orta 1/3-nin arxa səthində sıyrıq, sol əlin 4-cü barmağının uc falanqasının arxa səthində yumşaq toxumanın əziyi və qançırı kimi xəsarətlər aşkar edilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq, şahid bildirdi ki, Zərərçəkmiş şəxs müraciət edən zaman sol əlinin barmağında tünd bənövşəyi rəngdə qançır olmuşdur ki, bu da xəsarət yeni yetirilməsinin göstəricisidir. “Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası qaydaları”nın 18-ci (yüngül zərər vurmanın əlamətləri) bəndinə əsasən, əl və ayaq barmaqlarının falanqa sümüklərinin sadə (yerini dəyişməyən, qəlpəsiz) sınıqları (əllərin İ barmaqları, ayaqların İ, İİ və İİİ barmaqları istisna olmaqla) sağlamlığı qısa müddətə pozan yüngül zərər vurmaya aid edilir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi iş materialları və aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə tibbi ekspertiza və X9-Təcrübi və Tədris Birliyinin 26.05.2021-ci il tarixli, 419 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər- sol saidin orta 1/3-nin arxa səthində sıyrıq, sol əlin 4-cü barmağının uc falanqasının arxa səthində yumşaq toxumanın əziyi və qançırı, sol əlin 4-cü barmağının uc falanqasının xırda qəlpəli qapalı sınığı küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 25.05.2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir (iş vər.: 4). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Quba rayon Mərkəzi xəstəxanası X10 Konsultativ Poliklinika şöbəsinin 13.06.2021-ci il tarixli 630 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Quba rayon Mərkəzi xəstəxanasının Konsultativ Poliklinika şöbəsinin psixiatrik kabinetində qeydiyyatda yoxdur (iş vər.: 26); Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 14.06.2021ci il tarixli 1714 nömrəli arayışdan və 1715 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba şəhəri, Dəvədabanı yaşayış massivində yaşayır və yaşayış yerində müsbət xarakterizə olunur (iş vər.: 27, 28); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış və cinayət məsuliyyətinə cəlb edilməmişdir (iş vər.: 29). Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Belə ki, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin arasında 25.05.2021-ci il tarixdə saat təqribən 11 radələrində mübahisə baş verməsi hər iki tərəfin məhkəmədə verdikləri ifadələri ilə tam təsdiqini tapır. Bununla da, məhkəmə zərərçəkmiş şəxsin məhkəmədə vermiş olduğu ifadəsini, iş üzrə əldə edilmiş məhkəmə-tibbi ekspertizasının rəyini daha mötəbər sübut kimi qəbul edir, təqsirləndirilən şəxsin ifadəsini isə məsuliyyətdən boyun qaçırmaq məqsədilə vermiş olduğu kimi qiymətləndirir və hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədə müvafiq hesab edir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur və ona qanunla müəyyən edilmiş qaydada həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin: 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır; 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir”. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməlidir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə 49-cu maddəsinə görə islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. İslah işlərinə məhkum olunmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək həmin qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Quba rayon Vəkil Bürosunun vəkili X1 məhkəmədə iştirak etdiyi 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək, ona aylıq qazancının 15%-i dövlət nəfinə tutulmaqla, 09 (doqquz) ay müddətinə islah işləri cəzası təyin edilsin. Cəzanın icrasının başlanğıcı aylıq qazancından tutulmaların başlandığı aydan (gündən) hesab edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək həmin qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Quba rayon Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Cəzanın icrası yaşadığı yer üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-102/2021
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-102/2021
17.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver