Məhkəmə qərarları › İş №1(027)-102/2022

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-102/2022

13.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-102/2022 13.07.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X12 qızının katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə, xx xxxx 1956-cı ildə Quba rayonu Rustov kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, natamam-orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Quba rayonu, İqriq kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 02 ədəd sellofan bükülüdə ümumi təmiz çəkisi 399,843 qram olan narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşımaqla yaşadığı evdə saxlamış, 01 aprel 2022-ci il tarixdə saat 20:20 radələrində Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində yaşadığı Quba rayonu, İqriq kəndində yerləşən evinin qarşısında saxlanılaraq evinə baxış keçirilən zaman həmin evin ikinci mərtəbəsində dəhlizdəki masanın üzərindən 01 ədəd polietilen paketdə təmiz çəkisi 380 qram və 01 ədəd sellofan torbada təmiz çəkisi 19,843 qram olmaqla 02 ədəd sellofan bükülüdə ümumi təmiz çəkisi 399,843 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı aşağıdakı sübutlar tətqiq edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 01 aprel 2022-ci il tarixdə saat 20 radələrində yaşadığı evdə olan zaman polis əməkdaşları yaşadığı ünvana gələrək özlərini təqdim edib onun narkotik vasitələrdən istifadə etməyi barədə məlumat aldıqlarını bildirmişlər. Daha sonra isə dəvət olunmuş vəkilin və digər şəxslərin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış və yaşadığı evə isə baxış keçiriləcəyi ona bildirilmişdir. Üzərində hər hansısa dövriyyəsi qadağan olunmuş əşyaların olub-olmaması soruşulduqda o, narkotik vasitənin toxumlarının üzərində olduğunu bildirmişdir. Sonra isə əynində olan gödəkcənin sol cibindən 01 ədəd göy rəngli maqna siqaretini təqdim edərək, içərisində narkotik vasitə toxumları olduğunu demişdir. Həmin siqaret qutusuna baxıldıqda qutunun içərisində saxladığı bir neçə bükümdə olan toxumlar aşkar edilmişdir. Üzərindən aşkar edilərək götürülmüş toxumlar elektron tərəzidə çəkildikdən sonra zərfə qoyularaq qablaşdırılaraq götürülmüşdür. Bundan başqa üzərindən dövriyyəsi qadağan edilən əşya və ya predmentlər aşkar edilməmişdir. Bundan sonra yaşadığı evdə narkotik vasitə olub-olmaması soruşulmuş, o isə cavabında yaşadığı evdə narkotik vasitənin olmadığını bildirmişdir. Polis əməkdaşları yaşadığı evə baxış keçirtmək istədiklərini bildirdikdə o, etiraz etməmiş və baxış keçirilməsinə razı olduğunu bildirmişdir. Yaşadığı evə baxış keçirilən zamanı evin ikinci mərtəbəsindəki dəhlizdə dibcəkdə əkdiyi ümumilikdə 09 ədəd nəşə ştilləri polis əməkdaşları tərəfindən aşkar edilmişdir. Sorğu zamanı o, həmin ştilləri üzərindən aşkar olunan toxumlardan əkdiyini demişdir. Sonra isə aşkar edilmiş ştillər polis əməkdaşları tərəfindən qablaşdırıb götürülmüdür. Bundan sonra dəhlizdə olan masanın üzərində saxladığı iki ədəd sellofan bükülüdə olan narkotik vasitə qurudulmuş marixuana da polis əməkdaşları tərəfindən aşkar edilmişdir. Bükümlərdə olan narkotik vasitə elektron tərəzidə çəkildikdən sonra zərfə qoyularaq qablaşdırılmışdır. Bunlardan başqa yaşadığı evdən dövriyyəsi qadağan edilmiş əşya və ya predmentlər aşkar edilməmişdir. Yaşadığı evdə qanunsuz olaraq narkotik vasitə saxlamağı barədə ailə üzvlərinin məlumatı olmmışdır. O, narkotik vasitələrin satışı ilə məşğul deyildir. O, həmin marixuanadan yalnız şəxsi istifadəsi üçün istifadə edir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, yaşlı olmasını, arvadının ankoloji xəstə olmasını nəzərə alıb məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Quba RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 01 aprel 2022-ci il tarixdə Quba rayonu, İqriq kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq narkotik tərkibli bitkilər kultuvasiya etməsi barədə rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə ondan, Quba RPŞ-nin TB-nin təhqiqatçısı Sənan Həsənovdan, İTB-nin polis sahə rəisi Şahid2 və RPŞ-nin KTQ-nın baş inspektor kriminalisti Fuad İslamovdan ibarət əməliyyat qrupu yaradılaraq əməliyyat tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində 01 aprel 2022-ci il tarixdə saat 20 radələrində onlar aqronom Firuz Hüseynovun iştirakı ilə Quba rayonu, İqriq kəndində həmin kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq narkotik tərkibli bitkilər kultuvasiya etməsində şübhəli olması bildirilərək hüquq və vəzifələri izah edildikdən sonra ona. Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi təqdim edilmişdir. Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə üzərində şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkcəsinin sol cibindən 01 ədəd göy rəngli maqna siqaretini təqdim edərək, içərisində narkotik vasitə toxumları olduğunu bildirmişdir. Siqaret qutusuna baxıldıqda qutunun içərisindən bir neçə bükümdə olan toxumlar aşkar edilmişdir. Musayib Ağabaleyin üzərindən aşkar edilərək götürülmüş toxumlar elektron tərəzidə ölçülmüş, daha sonra isə zərfə qoyularaq qablaşdırılmışdır.. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi qadağan edilən əşya və ya predmentlər aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı evin ikinci mərtəbəsindəki dəhlizdə dibcəklərdə əkilmiş ümumilikdə 09 ədəd narkotik tərkibli bitki ştilləri aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin ştilləri üzərindən aşkar olunan toxumlardan əkdiyini bildirmişdir. Aşkar edilmiş ştillər qablaşdırıb götürüldükdən sonra baxış davam etdirilmişdir. Baxış zamanı evin dəhlizdə olan masanın üstündən iki ədəd sellofan bükülü aşkar edilmişdir. Bükülülər açıldıqda içərisindən narkotik vasitə marixuanaya oxşar kütlə aşkar edilmişdir. Aşkar edilmiş kütlələr də elektron tərəzidə çəkildikdən sonra zərflərə qoyularaq qablaşdırılıb götürülmüşdür. Bunlardan başqa Təqsirləndirilən şəxs yaşadığı evdən dövriyyəsi qadağan edilmiş əşya və ya predmentlər aşkar edilməmişdir. Daha sonra isə digər prosesual hərəkətlərin aparılması üçün Təqsirləndirilən şəxs rayon polis şöbəsinə dəvət edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, X14 və X11 da Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərilən xususatları bir daha təsdiq etmişlər. İş üzrə təyin edilib İş üzrə təyin edilmiş məhkəmə bioloji ekspertizasının 02 aprel 2022-ci il tarixli 7/312 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “vət. Təqsirləndirilən şəxs mənzilindən...” yazısı və imza olan kağız paketdəki 01(bir) ədəd polietilen paketdə təmiz çəkisi -380 qram və üzərində “vət. Təqsirləndirilən şəxs mənzilindən...” yazısı və imza olan kağız paketdəki 01 ədəd sellofan torbada təmiz çəkisi- 19,843 qram, olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi təmiz çəkisi- 399,843qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində: “vət. Təqsirləndirilən şəxs evindən...09 ədəd bitki...” yazısı və imzalar olan kağız paketdəki yaş vəziyyətdə sayı 09 (doqquz) ədəd ümumi çəkisi 0,009 qram olan bitki nümunələri inkişafının cücərmə fazasında olduğuna görə onların hansı növ bitkilərə aid olmasını müəyyən etmək mümkün olmadı. Tədqiqata təqdim edilmiş üzərində: “vət. Təqsirləndirilən şəxs üzərindən...” yazısı və imzalar olan kağız paketdəki ümumi çəkisi -1,350 qram olan bitki toxumları çətənə (kannabis) bitkisinin toxumlarıdır, onlar narkotik vasitələrə aid deyildir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə narkoloji ekspertizasının 22 aprel 2022-ci il tarixli 1991 saylı rəyi ilə müəyyən edilmişdir ki, X1 qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlər istfadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydasının 3.7-ci bəndində uyğun olaraq Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Quba rayonu, İqriq kəndində yerləşən yaşadığı evə baxışın keçirilməsini özündə əks edən diskə baxış keçirilərkən müəyyən olundu ki, Təqsirləndirilən şəxs yaşadığı evindən narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün və şahidlərin məhkəmə iclasında verdikləri ifadələrlə, iş üzrə təyin edilib keçirilmiş məhkəmə bioloji və məhkəmə-narkoloji ekspertizalarının müvafiq rəyləri və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.4-cü bəndlərinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Quba rayonu, Alekseyevka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 aprel 2022-ci il tarixli 267 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Quba rayonunun İqriq kəndində yaşayır. İş materiallarında olan Quba rayonu, Alekseyevka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, X8 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan “SadMed” Klinikasının xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs mədə xorası xəstəliyindən əziyyət çəkir. İş materiallarında olan Bakı Klinik Tibbi Mərkəzinin xx.xx.2021-ci il tarixli epikrizindən görünür ki, X2 C virusu və qaraciyər sirrozundan əziyyət çəkir. İş materiallarında olan arayışdan görünür ki, X4 İİ qrup əlildir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən onun əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, xəstə və yaşlı olmasını, arvadının ankoloji xəstə olmasını, himayəsində İİ qrup əlil qızının olmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasg CPM-158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanılığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Ambulator məcburi–narkoloji tibbi yoxlamanın rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 78 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməsini əsaslı hesab edir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 10 saat üçün 60 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 1 ədəd CD disk iş materiallarında saxlanılmalı və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza təhqiqatından sonra qalıq çəkisi 399,643 qram olan narkotik vasitə qurudulmuş marixuana, 1,350 qram narkotik çətənə bitkisinin toxumları və 0,009 qram olmaqla 09 ədəd bitki nümunələri hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq qaydada məhv edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351-354, 356, 358-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Quba rayonu, İqrıq kəndində yerləşən yaşadığı evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, cəzanın icrasına nəzarət edən orqana məlumat vermədən Quba şəhəri ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 78 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə maddi sübut olan 1 ədəd CD disk iş materiallarında saxlanılsın, ekspertiza təhqiqatından sonra qalıq çəkisi 399,643 qram olan narkotik vasitə qurudulmuş marixuana, 1,350 qram narkotik çətənə bitkisinin toxumları və 0,009 qram olmaqla 09 ədəd bitki nümunələri hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq qaydada məhv edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar