Məhkəmə qərarları › İş №1(027)-102/2025

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-102/2025

28.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-102/2025 28.07.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Dövlət İttihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, İctimai təhlükəli əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs, Onun müdafiəçisi – Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1994-cü il tarixdə Quba rayonu. Küsnətqazma kəndində anadan olmuş, orla təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Azərbaycan Respublikası vətəndaşı, Quba rayonu, Küsnətqazma kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 23 may 2025-ci il tarixdə, saat 16 radələrində Quba rayonu Küsnətqazma kəndində yerləşən ictimai yer hesab edilən orla məktəbin qarşısında Quba rayonu Küsnətqazma kəndində yaşayan Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı kafedə olan digər vətəndaşlara məhəl qoymayaraq onların qorxu və narahatlığına səbəb olub ictimai qaydanı kobud surətdə pozmuş və cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə elmiş, bu hərəkətlərini davam etdirib şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək mübahisə zamanı Zərərçəkmiş şəxs bədən nahiyyələrinə bir neçə dəfə yumruqla zərbələr endirməklə onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş sol sağ mil-bilək oynağında yumşaq toxumaların əziyi və qançırı, səthi əzilmiş yara, biləkdə sıyrıq-qançır. sağ budun orta 1/3-nin ön səthində yumşaq toxumaların əziyi və qançırından ibarət bədən xəsarətləri yetirib sağlamlığına qəsdən yüngül zərər vurmaqla xuliqanlıq etmişdir. Məhkəmə iclasında ictimai təhlükəli əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ona elan edilmiş itiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun keçmiş arvadıdır. Onlar bir müddət əvvəl rəsmi qaydada boşanmışlar. xx.xx.2025-ci il tarixdə saat 15 radələrində o, Quba rayonu Küsnətqazma kənd orta məktəbində gözətçi işləyən atasının yanına getmişdir. Atasına sözünü deyib çıxıb getmək istəyən zaman keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs məktəbin həyətinə daxil olub onun ünvanına nalayiq söyüşlə söyüb təhqir etmişdir. O, əsəbləşib Natəvanın üstünə getmək istəyərkən Natəvanın atası Şahid1 ona yaxınlaşaraq onu itələyib yerə yıxılmışdır. Sonra ayağa qalxıb oradan uzaqlaşmışdır. Aralarında mübahisə Küsnətqazma kənd orta məktəbinin həyətində baş vermiş, həmin zaman orada 5-10 nəfər şəxslər olmuşdur. Həmin vaxt o, spirtli içkinin təsiri altında olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun keçmiş əridir. Onlar bir müddət əvvəl rəsmi qaydada boşanmışlar. Boşanmalarına baxmayaraq keçmiş əri daim onu narahat edir. xx.xx.2025-ci il tarixdə saat təxminən 15 radələrində Nurlan ona zəng edib “mən məktəbə gedim uşaqları öldürəcəm" demişdir. O, Nurlan spirtli içkinin təsiri altında olduğunu hiss edib uşaqların müəlliməsi Aynur müəlliməyə zəng edərək “müəllimə Nurlan birdən gəlib uşaqları götürmək istəsə, uşaqları ona vermə" demişdir. Sonra o, evdən çıxıb məktəbə getmiş və atası Valehə zəng edib bu barədə bildirmişdir. Məktəbin həyətinə girib uşağı götürmək istəyən zaman Nurlan arxadan gəlib onun bədəninin müxtəlif nahiyyələrindən yumruqla vurmuşdur. O aldığı zərbənin təsirindən yerə yıxılmışdır. Bu zaman atası Valeh gəlib Nurlanı kənara itələmişdir. Lakin Nurlan yenidən qalxaraq onun ünvanına nalayiq ifadələr işlədərək ona hücum edib təpiklə yenidən onun ayaq nahiyyəsindən vurmuşdu. Ətrafa toplaşmış insanlar onları ayırdıqdan sonra o, atası ilə birlikdə uşaqları götürüb yaşadığı evə getmişdir. Aralarında mübahisə və dava-dalaş kənd orta məktəbinin həyətində baş vermişdir. Həmin zaman orada məktəbin müəllimləri, uşaqları götürməyə gələn valideynlər və 15-20 nəfər azyaşlı məktəb uşaqları olmuşdur. Aralarında mübahisə və dava-dalaş təxminən 20-25 dəqiqə davam etmişdir. Mübahisə və dava-dalaş zamanı o və atası Valeh heç kimi vurmamış, atası Valeh Nurlanı ondan aralayıb kənara itələmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs əməli törətmiş şəxslə barışmadığını bildirərək barəsində qanunvericiliyə uyğun olaraq cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadələr verərək, onun dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki o, Quba rayonu Küsnətqazma kənd orta məktəbində direktor işləyir. Təqsirləndirilən şəxs onun bacısı oğludur. 23 may 2025-ci il tarixdə, saat 16 radələrində dəhlizdə olarkən həyətdən səs-küy səsi eşidib dərhal həyətə çıxmışdır. Həmin vaxt bacısı oğlu Nurlanın keçmiş arvadı Natəvan ilə mübahisə etdiyini görüb oraya toplaşmış adamlarla birlikdə onları sakitləşdirmişdir.Onların aralarında baş vermiş mübahisə təxminən 10 dəqiqə davam etmişdir. Həmin vaxt bacısı oğlu Nurlanın Natavanı vurmasını görməmişdir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibb ekspertizasının 24 may 2025-ci il tarixli 327 saylı rəyindən görünür ki. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər - sol sağ mil-bilək oynağında yumşaq toxumaların əziyi və qançırı, səthi əzilmiş yara, biləkdə sıyrıq-qançır, sağ budun orta 1/3-nin ön səthində yumşaq toxumaların əziyi və qançırı küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 23 may 2025-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiklərindən yüngül zərər vurmaya aiddir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi öz etirafedici ifadəsilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, məhkəmə-tibb ekspertizasının rəyi və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər subutlara tam sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsilə düzgün tövsif olunmuşdur və ona görə də cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar olmadığından, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 40.3-cü və CM-in 73.2-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmişdir. "Quba rayon mərkəzi xəstaxanası” publik hüquqi şəxsin 05 iyun 2025-ci il tarixli 18- 1-56/2-825/2025 nömrəli məktubundan görünür ki, Quba rayonu Küsnətqazma kəndində yaşayan Təqsirləndirilən şəxs RMX-nin X1 narkoloji və psixiatrik kabinetində qeydiyyatda yoxdur. Quba RİHB-nın Qəçrəş İƏD üzrə nümayəndəliyinin 29 may 2025-ci il tarixli 239 nömrəli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs hazırda Quba rayonu, Küsnətqazma kəndində faktiki yaşayır. Onun barəsində nümayəndəliyə heç bir şikayət, təklif və narazıçılıq daxil olmamışdır. İş üzrə Təqsirləndirilən şəxs vəziyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər— min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün sayaraq, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Məhkəmə hesab edir ki, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Qeyd edilən Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək həmin qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 5 saat üçün 55 manat Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia verilməmişdir, maddi sübut və müsadirə olunası əmlak yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351-354, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsilə nəzrədə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Quba rayonu inzibati ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:30-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə - Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesablanmaqla, 5 (beş) iş saatına görə 55 (əlli beş) manat Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar