Məhkəmə qərarları › İş №1(027)-103/2021

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-103/2021

14.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-103/2021 14.07.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkən şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1979-cu il tarixdə Quba rayonu, Atuc kəndində doğulmuş, evli, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Quba rayonu, Atuc kəndində qeydiyyatda olmaqla Quba rayonu, Aşağı-Atuc kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 28.05.2021-ci il tarixdə saat təxminən 23:30 radələrində Quba rayonu, Aşağı-Atuc kəndindəki yaşadığı evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qardaşı Zərərçəkmiş şəxs sifət nahiyyəsinə qəsdən iki yumruq zərbəsi vuraraq ona üst dodağın selikli qişasında solda qançır-qansızma və alt dodağın selikli qişasında sağda əzilmiş-cırılmış yara ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, məhkəməyədək sadələşdirilmiş icraat materialı ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona Azərbaycan Respubliksı CM-nin 128ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 28.05.2021-ci il tarixdə saat 19 radələrində qardaşı Elxan onu qonşuluqda yaşayan atası evinə çağırmışdır. Orada yemək yedikdən sonra saat 20 radələrində onlar Elxanın evinə getmişlər. Orada içki içdikdən sonra Elxanla aralarında söz mübahisə yaranmış və Elxan onu evin arxa tərəfinə çağırmışdır. O, evin arxa tərəfinə çıxanda Elxan qəflətən əlindəki ucu küt olan və mismara oxşayan əşya ilə onun bədəninə zərbələr vurmuşdur. Həmin vaxt evdə olan şəxslər səsə gəlmiş və onları ayırmışlar. O, öz evinə getmiş və olanlar barədə atasına danışmışdır. Atası məsələyə aydınlıq gətirmək üçün Elxanın evinə gedib, sonuncunu özü ilə onun evinə gətirmişdir. Elxan onun evinə daxil olan kimi ailə üzvlənin yanında ona nalayiq sözlər demiş, o da cavabında Elxanın sifətinə iki yumruq zərbəsi vurmuşdur. Onun oğlu Rəvan söyüş söydüyünə görə Elxana irad bildirən zaman, sonuncu oğlunun boğazından tutmuşdur. Həmin vaxt atası ilə anası onları ayırıb Elxanı evdən çıxarmış, o da 102 xidmətinə zəng vurmuşdur. Hazırda zərərçəkmiş şəxslə barışdıqlarını nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, 28.05.2021-ci il tarixdə saat 20 radələrində bacısı Bibixanım, sonuncunun əri Natiq, dostu Zamiq onun evində olmuşlar. Zamiq və Natiqlə araq içməyə başlamış, zəng vurub 2 küçə aralıda yaşayan qardaşı Elmanı da çağırmışdır. Elman da gəlib onlara qoşulmuş və yeyib-içməyə başlamışlar. Saat 22:30 radələrində hamının yanında Zamiq və Natiqdən pul istəmiş və həmin pula pivə almışdır. Aldığı pivəni içib qurtardıqdan sonra Elman onu evdən bayıra çağırmış və Zamiqdən pul istəməsinə görə irad tutmuşdur. Bu vaxt aralaraında mübahisə yaranmış, o, Elmanı qapının qarşısında yumruq-təpiklə döymüşdür. Bu vaxt evdə olan şəxslər hamısı çölə çıxıb onları ayırmışlar və Elman evinə getmişdir. Yarım saat sonra atası Salman gəlib ona qardaşı ilə barışmasını təklif etmişdir. O, atası ilə qardaşı Elmanın evinə getmiş, anası Validə də ora gəlmişdir. O, qapıdan içəri girən kimi Elman qəfildən ona iki yumruq zərbəsi vurmuşdur. Yumruq zərbəsindən huşunu itirib üzü üstə yerə yıxılmışdır. Bu vaxt atası Salmanla anası Validə araya girib onu çölə çıxarmışlar. O da 102-yə, sonra isə təcili yardıma zəng etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncu barəsində şikayət və tələbinin olmadığını nəzərə alaraq barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. İş üzrə Zərərçəkmiş şəxs ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncu barəsində şikayət və tələbinin olmadığını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, 28.05.2021-ci il tarixdə saat 19 radələrində atası Elman əmisi Elxanın evinə getmişdir. Saat 23 radələrində atası evə qayıdanda Elxan tərəfindən döyülməsini bilmiş, anası Vəsilə gedib qonşuluqda yaşayan babası Salmana bu barədə şikayət etmişdir. Az sonra, təxminən saat 23:30 radələrində Salman Elxanla birlikdə onların evinə gəlmişdir. Elxan evə daxil olan kimi atası Elman ilə əlbəyaxa olub Elmanın boğazından yapışmışdır, Elman da Elxanın boğazından yapışmışdır. O, araya girib ayırmaq istədikdə Elxan üstünə hücum etmişdir. O, dartıb Elxanı evdən çölə çıxarmışdır. Hadisə zamanı Elxan sərxoş halda olmuş və söyüş söymüşdür. Onlar da 102-yə zəng vuraraq polis çağırmışlar. Həmin vaxt evdə anası Vəsilə, bacısı Ləman, babası Salman və nənəsi Validə olmuşdur. Başqa heç kəs olmamışdır. Məhkəmə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, Təqsirləndirilən şəxs oğlu olmaqla yanaşı qonşusudur. Digər oğlu Elxan isə bir az aralıqda yaşayır. 28.05.2021-ci il tarixdə axşam saat 23 radələrində öz evində olduğu vaxt Elmanın arvadı Vəsilə gəlib ona Elmanın Elxan tərəfindən döyüldüyü barədə şikayət etmişdir. Həmin vaxt o, Elxana zəng edib bununla bağlı irad bildirmiş, sonuncu da Elmangilə gedəcəyini bildirmişdir. Bir qədər sonra öz evindən çıxan zaman Elmanla Elxanın qapı qarşısında dalaşdığını, ailə üzvlərinin isə onları ayırmağa çalışdığını görmüşdür. Bu vaxt o, həyat yoldaşı Validə ilə araya girib Elmanla Elxanı ayırıb sonuncunu həyətdən çıxarmışlar. Məhkəmə şahid qismində dindirilmiş Şahid4 ibtidai araşdırmada verdiyi izahatını təsdiq edərək, Şahid1 ilə Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. İttiham aktının siyahısında şahid kimi göstərilmiş Şahid2 ibtidai araşdırma zamanı verdiyi izahatı məhkəmədə elan edilərkən məlum oldu ki, o da Şahid1 ilə Şahid3n ilə analoji izahat vermişdir. İş materiallarında olan: Azərbaycan Rrespublikasının Səhiyyə Nazirliyinin Məhkəmə - Tibbi Ekspertizası və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris biliyinin Quba Rayon Şöbəsinin 29.05.2021-ci il tarixli, 430 saylı canlı şəxsin ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş üst dodağın selikli qişasında solda qançır- qansızma, alt dodağın selikli qişasında sağda əzilmiş-cırılmış yara, sifətində sağda almacıqda qançır, sinəsində öndə sağda və solda çoxsaylı sıyrıqlar küt əşyanın (əşyaların) təsirindən törənməklə, yetirilmə müddəti 28.05.2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə alt dodağın selikli qişasında əzilmiş-cırılmış yara sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya, qalan xəsarətlər istər hər biri ayrılıqda, istərsə də birlikdə sağlamlığa zərər vurmadıqlarından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir (iş vər.: 13); Quba RİHB-nin Aşağı-Atuc İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışlardan və xasiyyətnamə görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Aşağı-Atuc kəndində yaşayır və yaşayış yerində müsbət xarakterizə olunur (iş vər.: 21-23); Quba rayon Mərkəzi xəstəxanasının sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Quba rayon Mərkəzi xəstəxanasının Konsultativ Poliklinika şöbəsinin psixiatrik və narkoloji kabinetində qeydiyyatda yoxdurlar (iş vər.: 25); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış və cinayət məsuliyyətinə cəlb edilməmişdir (iş vər.: 26). Beləliklə, Təqsirləndirilən şəxs əməli zərərçəkmiş şəxsin ibtidai araşdırmada verdiyi izahatı, ekspert rəyi, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq, onun cinayət məsuliyyətindən azad olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məqsədə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-nin aşağıda qeyd olunan maddələrinə görə: 40.3 şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilməlidir. 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək saələşdirilmiş icraat materialına xitam verilməlidir. İş üzrə sübutların qiymətləndirilməsi barədə 18.06.2021-ci il tarixli qərardan göründüyü kimi, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Quba RPŞ-nın İctimaitəhlükəsizlik bölməsinə göndərilməsi və Zərərçəkmiş şəxs aşkar edilmiş 1 ədəd mətbəx bıçağının RPŞ-nın maddi sübutların saxlanılması otağına təhvil verilməsi qərara alınmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin bıçağın taleyi və onun tədqiqatı ilə bağlı ekspertiza xərcinə sözügedən materialda qiymət verilməli idi. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 40.3, 43, 321, 347, 356, 384-385-ci və CM-nın 73.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilsin. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar