Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-104/2024 06.08.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət İttihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Onun müdafiəçisi –Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, işləməyən, evli, məhkum olunmayan, Bakı şəhəri, Nəsimi rayonu, 2-ci Mikrorayon, Cavadxan küçəsi, ev 48A, mənzil 73-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan 2023-cü ilin sentyabr ayında Quba şəhəri, Dəvədabanı yaşayış massivində yerləşən, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********43 reyestr nömrəli, ********** qediyyat nömrəli və xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarış əsasında Quba bələdiyyəsinə məxsus olmuş 0,043 ha torpaq sahəsini özbaşına mişar daşları ilə hörüb hasarlamaqla tutaraq torpaq üzərində mülkiyyət hüququnu pozmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, 2004-cü ildə Quba şəhəri, Dəvədabanı yaşayış massivində yerləşən, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş Şəhadətnamə əsasında bir nəfər şəxsə məxsus 6 sot torpaq sahəsini notariat qaydada bağlanmış alqı- satqı müqaviləsi əsasında almışdır. Sonralar həmin torpaq sahəsinə bitişik vəziyyətdə yerləşən təxminən 4 sot torpaq sahəsini də alaraq 6 sot torpaq sahəsinə birləşdirmək qərarına gəlmişdir. Soraqlaşanda qonşulardan eşitmişdir ki, həmin 4 sot torpaq sahəsi yaxınlıqda yaşayan Həsənağa adlı şəxsə məxsusdur. O, Həsənağanı tapıb danışaraq 4 sot torpaq sahəsini almaq istədiyini bildirmişdir. Həsənağa ona bildirmişdir ki, həmin 4 sot torpaq sahəsinin məxsusluğuna aid heç bir rəsmi sənədi olmasa da, uzun müddətdir ki, istifadəsindədir. O, şifahi razılıq əsasında 4 sot torpaq sahəsini Həsənağadan alaraq 6 sot torpaq sahəsinə birləşdirmişdir. Bununla da onun torpaq sahəsi 10 sot təşkil etmişdir. Bir neçə il əvvəl Həsənağa rəhmət getmiş, 2023-cü ilin sentyabr ayının əvvəllərində həmin 10 sot torpaq sahəsini mişar daşı ilə hasarlamışdır. Həmin yeri hasarlayan zaman ona bir neçə nəfər şəxs zəng edərək, bələdiyyə və icra hakimiyyəti orqanlarının əməkdaşları kimi özlərini təqdim edib, hasara aldığı torpaq sahəsinin ona məxsus olmasına dair hər hansı rəsmi sənəd olub-olmamasını soruşmuşlar. O, hasara aldığı torpaq sahəsinin sənədləri olduğunu bildirərək, sənədlərlə bağlı sual yaranarsa, ona rəsmi qaydada müraciət edilməsini xahiş etmişdir. Hasarlama işləri başa çatandan sonra Quba RPŞ-yə dəvət edildikdə məlum olmuşdur ki, Quba bələdiyyəsi həmin 4 sot torpaq sahəsinə görə şikayət etmişdir. 10 sot torpaq sahəsi hasarlanan zaman usta və fəhlələr işləyərkən bələdiyyə və icra hakimiyyəti orqanlarının əməkdaşları yaxınlaşdıqda orada olmamışdır. Həmin əməkdaşlar onun mobil telefon nömrəsini hasarlama işində işləyən şəxslərdən götürüb ona zəng edib torpaq sahəsinin ona məxsus olmasına dair rəsmi sənəd olub-olmamasını soruşmuşlar. Rəsmi sənədləri olmasa da, həmin 4 sot torpaq sahəsini mərhum Həsənağa adlı şəxsdən şifahi razılıq əsasında alaraq 10 ildən çox müddətdə onun istifadəsində olduğundan həmin sahəni də hasara almaq qərarına gəlib hasarlamışdır. 4 sot torpaq sahəsi üçün rəsmi sənədi sonra ala biləcəyini düşünmüşdür İfadəsinin sonunda Təqsirləndirilən şəxs barəsində aparılmış cinayət işi üzrə bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində bildirmişdir ki, 2023 cü ilin sentyabr ayının ortalarında Quba bələdiyyəsinin sədr köməkçisi Şahid3 və bələdiyyənin vergilər şöbəsinin vergi mütəxəssisi Şahid2 öz xidməti işləri ilə bağlı bələdiyyənin ərazisində olarkən Quba şəhəri, Dəvədabanı yaşayış massivində yerləşən təxminən 0,10 ha torpaq sahəsinin mişar daşları ilə hörülərək hasara alındığını aşkar etmiş və bələdiyyənin hesabında olan torpaq sahələrini yaxşı tanıdıqları üçün həmin 0,10 ha torpaq sahəsinin təxminən 0,04 ha hissəsinin Quba bələdiyyəsinə məxsus olduğunu bilmişlər. Ona görə də onlar həmin vaxt hasarı tikən ustaya yaxınlaşaraq özlərini təqdim edib Quba bələdiyyəsinin işçiləri olduqlarını bildirmiş, ustadan tikinti sahibinin kim olduğunu və hasara alınan torpaq sahəsinə dair sənədlər soruşmuşlar. Usta onlara hasara alınan torpaq sahəsinin Cavid adlı şəxsə məxsus olduğunu bildirərək mobil nömərəsini vermişdir. Azad və Eyyub hər biri ayrı-ayrılıqda Cavidə zəng edərək özlərini təqdim edib, hasara alınan torpaq sahəsinə dair rəsmi sənəd varsa, təqdim etməsini tələb etmişlər. Həmçinin Cavidə hasara alınan 0,10 ha torpaq sahəsinin 0,04 ha hissəsinin Quba bələdiyyəsinə məxsus olmasını bildirərək, hasaralama işini həmin hissədə dayandırmağı və torpaq sahəsinin yalnız özünə məxsus hissəsini hasarlamağı tələb etmişlər. Azad və Eyyub həmin 0,04 ha torpaq sahəsinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında Quba bələdiyyəsinə məxsus olmasını və sahəsinin 0,043 ha təşkil etməsini bildirmişlər. Sonra dəfələrlə Cavidə Quba bələdiyyəsinin adından zəng edib rəsmi sənəd təqdim etməsini və bələdiyyəyə məxsus torpaq sahəsini zəbt etməməsini tələb etmişlər. Cavid hər telefon əlaqəsi saxlayan zaman rəsmi sənədləri olduğunu bildirməsinə baxmayaraq, hər hansı sənəd təqdim etməmiş və edilən xəbərdarlıqlara əhəmiyyət vermədən özbaşına tikintini davam etdirərək hasarlama işini təxminən 1 ay müddətində başa çatdırmışdır. Quba RPŞ-yə müraciət ediləndən sonra 16 oktyabr 2023-cü il tarixdə Quba bələdiyyəsinə məxsus 0,043 ha torpaq sahəsi daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Quba şəhər sakini X2. Quba bələdiyyəsinə məxsus 0,043 ha torpaq sahəsi zəbt olunmaqla mişar daşları ilə hörülərək hasara alınmışdır. Həmin torpaq sahəsi əvvəllər bələdiyyənin hesabında olmaqla açıq torpaq sahəsi olmuş, Həsənağa və ya hər hansı digər şəxs tərəfindən istifadə olunmamışdır. İfadəsinin sonunda təqsirləndirilən şəxs barəsində qanunla müəyyən olunmuş qaydada cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, fərdi qaydada tikinti ustası işləyir. 2023-cü ilin sentyabr ayının əvvəllərində Bakı şəhər sakini Cavid adlı şəxs ona zəng edib Quba rayonu, Dəvədabanı yaşayış massivi ərazisində yerləşən, fərdi evin tikintisi üçün nəzərdə tutulmuş, özünə məxsus torpaq sahəsini mişar daşları ilə hasarlamaq istədiyini bildirmişdir. Cavidlə görüşmüş və birlikdə hasarlanacaq torpaq sahəsinə baxış keçirmişlər. Həmin torpaq sahəsi təxminən 10 sot təşkil etmiş və Cavid torpaq sahəsini mişar daşları ilə 2,2 metr hündürlükdə hördürmək istədiyini bildirmişdir. Zəhmət haqqını Caviddlə razılaşdırdıqdan sonra, növbəti gün tanış fəhlə çağırıb işə başlamışdır. İşə başlayandan təxminən bir həftə sonra iki nəfər şəxs yaxınlaşaraq özlərini Quba şəhər bələdiyyəsinin işçiləri təqdim edib ondan tikinti sahibinin kim olduğunu və hasara alınan torpaq sahəsinin sənədlərini soruşmuşlar. O, həmin şəxslərə hasara alınan torpaq sahəsinin “Cavid” adlı şəxsə məxsus olduğunu bildirərək, Cavidin mobil nömərəsini onlara vermişdir. Cavid sonradan ona bildirmişdir ki, Quba şəhər bələdiyyəsinin işçiləri ilə danışaraq torpaq sahəsinin özünə məxsus olmasını onlara bildirmiş və işə davam edərək həmin 10 sot torpaq sahəsinin mişar daşları tam şəkildə hörülməsini fasilələrlə olmaqla təxminən 1 ay müddətində başa çatdırıb tikilmiş hasarı Cavidə təhvil vermişdir. Sonradan o, hasarlanma işlərinə görə Quba RPŞ-yə dəvət edilən zaman Caviddən polisə çağırılmasının səbəbini soruşmuş və Cavid bildirmişdir ki, həmin 10 sot torpaq sahəsinin 4 sotu Quba şəhər bələdiyyəsinə məxsusdur, buna görə də bələdiyyə tərəfindən Quba RPŞ-yə şikayət olunmuşdur İş üzrə şahid qismində dindirilmiş dindirilmiş Quba bələdiyyəsinin vergilər şöbəsinin vergi mütəxəssisi Şahid2 ifadəsində bildirmişdir ki, 2023-cü ilin sentyabr ayının ortalarında Quba bələdiyyəsinin sədr köməkçisi Şahid3 ilə birlikdə xidməti işlə bağlı bələdiyyə ərazisində olarkən Quba şəhəri, Dəvədabanı yaşayış massivində yerləşən təxminən 0,10 ha torpaq sahəsinin mişar daşları ilə hörülərək hasara alındığını görmüşlər. Həmin 0,10 ha torpaq sahəsinin təxminən 0,04 ha hissəsinin Quba bələdiyyəsinə məxsus olduğuna əmin olduqları üçün hasarı tikən ustaya özlərini təqdim edib tikinti sahibi və sənədləri barədə maraqlanmışlar. Usta onlara torpaq sahəsinin “Cavid” adlı şəxsə məxsus olduğunu bildirərək, Cavidin mobil nömərəsini onlara vermişdir. Hər biri ayrıayrılıqda Cavidə zəng edərək hasara alınan torpaq sahəsinə dair rəsmi sənəd varsa, yəni ilkin sənədi, icra hakimiyyəti başçısının sərəncamı, bələdiyyənin sənədi, yaxud ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş Şəhadətnaməsi varsa, təqdim etməsini bildirmişlər. Sonra Cavidə hasara alınan təxminən 0,10 ha torpaq sahəsinin təxminən 0,04 ha hissəsinin Quba bələdiyyəsinə Çıxarış əsasında məxsus olmasını bildirərək, bələdiyyəyə aid torpaq sahəsində hasaralama işini dayandırmasını, bələdiyyəyə aid torpaq sahəsində tikilmiş hasarı sökməsini və torpaq sahəsinin yalnız özünə məxsus hissəsini hasarlamasını tələb etmişlər. Cavid rəsmi sənədləri olduğunu bildirərək bir neçə gün ərzində təqdim edəcəyini demiş, lakin təqdim etməmişdir. Azad və o dəfələrlə Cavidə Quba bələdiyyəsinin adından zəng edib, rəsmi sənəd təqdim etməsini və bələdiyyəyə məxsus torpaq sahəsini zəbt etməməsini tələb etmişlər. Cavid hər dəfə telefon əlaqəsi saxlayan zaman rəsmi sənədləri olduğunu bildirməsinə baxmayaraq, hər hansı sənəd təqdim etməmiş və onlara əhəmiyyət vermədən özbaşına tikintini davam etdirərək hasarlama işini təxminən 1 ay müddətində başa çatdırmışdır. Quba bələdiyyəsinə məxsus 0,043 ha torpaq sahəsinin hasara alınması barədə 16 oktyabr 2023-cü il tarixdə Quba RPŞ-yə rəsmi müraciət edilmişdir. Həmin sahə bələdiyyənin hesabında olmaqla açıq torpaq sahəsi olmuş, Həsənağa və ya hər hansı digər şəxs tərəfindən istifadə olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş 16 oktyar 2023-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********43 reyestr nömrəli, ********** qediyyat nömrəli və xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarış əsasında Quba bələdiyyəsinə məxsus 0,043 ha torpaq sahəsi X1. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin “mütəxəssis rəyinin verilməsi haqqında” xx.xx.2024-cü il tarixli, 3-21-3-34/2-2096/2024 nömrəli məktubundan görünür ki, qeyd olunan torpaq sahəsinə baxış keçirilmiş və ərazinin koordinatları götürülmüşdür. Kameral araşdırma zamanı baxış keçirilmiş torpaq sahəsinin reyestr nömrəsi **********53 olan çıxarışla X7 mülkiyyətində olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi 12 may 2005-ci il tarixli alğı-satqı müqaviləsindən görünür ki, X3 şəhəri ərazisində 400 kv.m torpaq sahəsini 450000 manata alğısatqı əsasında almışdır. Təqsirləndirilən şəxs X4 vəfat etməklə sonuncunun razılığı əsasında torpaq sahəsinə sahiblik və istifadə etməsi barədə dəlili məhkəmə özünü müdafiə məqsədi ilə irəli sürülmüş dəlil kimi qiymətləndirmişdir. Belə ki, X4 alğı-satqı müqaviləsi üzrə torpaq sahəsinin yerləşmə sxemini müəyyən edən cizgi və sonrakı alğı-satqı müqaviləsi, təqdim edilməmişdir, əksinə zəbt edilmiş torpaq sahəsinin həmin vaxt üçün Quba bələdiyyəsinə məxsusluğunu müəyyən edən Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarış mövcud olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlamaqla özbaşına tutaraq Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi şahidlərin ifadələri, mütəxəssis rəyi və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər subutlara tam sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar olmadığından, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəzasiyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativcəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş “Nəsimi-2’’ Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən verilmiş 010 və 011 saylı arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarekterizə olunur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şahadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqların olması və həmin maddənin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma — səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün sayaraq, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. İş üzrə mülki iddia verilməmişdir, maddi sübut, məhkəmə xərci və xüsusi müsadirə olunası əmlak yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351- 354, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsilə nəzrədə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri inzibati ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:30dan növbəti gün saat 06:30-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə - Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №1(027)-104/2024
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-104/2024
06.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver