Məhkəmə qərarları › İş №1(027)-105/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-105/2022

29.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-105/2022 29.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 25 avqust 1973-cü ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Azpetrol MMC-də növbə rəisi işləyən, məhkum olunmayan, Quba rayonu Vladimirovka kəndində pasport qeydiyyatında olmaqla həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Cinayət işinə Quba Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə həmin məsələnin həllinə dair hər hansı səlahiyyəti və imkanı olmadığı halda Quba rayonu, Amsar kənd sakini Zərərçəkmiş şəxs həmin kəndin ərazisində olan 0,11 ha torpaq sahəsini Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 Saylı Xaçmaz Ərazi İdarəsində onun adına rəsmiləşdirə biləcəyini vəd edib vahid niyyətlə 02 noyabr 2021-ci il tarixdə Quba şəhərində yerləşən “Mübariz Petrol”un yaxınlığında 5000 manat, 04 noyabr 2021-ci il tarixdə həmin yerdə 3000 manat olmaqla ümumilikdə Zərərçəkmiş şəxs 8000 (səkkiz min) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Quba şəhəri Heydər Əliyev prospektində yerləşən Azpetrol MMC-nin yanacaqdoldurma məntəqəsində növbə rəisi vəzifəsində işləyir. Quba rayonu Amsar kənd sakini Zərərçəkmiş şəxs 2021-ci ilin noyabr ayından tanıyır. Belə ki, 01 noyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs ***-***-**-** saylı mobil nömrədən ona məxsus ***-***-**-** saylı mobil nömrəyə zəng vuraraq özünə məxsus 0,31 ha həyətyanı sahənin 0,11 ha hissəsinin sənədinin olmadığını, həmin yerin sənədləşməsi ilə bağlı onunla görüşmək istədiyini bildirmişdir. O da Eminə səhəri gün saat 08 radələrində Quba şəhərində yerləşən “Mübariz Petrol”un qarşısında görüşməyi təklif etmişdir. 02 noyabr 2021-ci il tarixdə səhər saat 08 radələrində onlar Quba şəhərində yerləşən "Mübariz Petrol'un yanında görüşmüşlər. Emin ona Quba rayonu Amsar kəndi ərazisində yerləşən yaşadığı evə məxsus həyətyanı sahənin sənədlərini göstərərək, ümumilikdə 0,31 ha həyatyanı torpaq sahəsinin 0,11 ha hissəsinin sənədi olmadığını bildirmiş və həmin torpağın sənədləşdirilməsində köməklik göstərməsini xahiş etmişdir. O sənədlərə baxdıqdan sonra, Eminə Xaçmaz şəhərində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə getməyi təklif etmişdir. Bundan sonra onlar Eminin idarə etdiyi Mercedes markalı avtomobillə Xaçmaz rayonunda yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə getmişdir. Ərazi idarəsinə çatdıqdan sonra o, maşından düşüb idarəyə getmişdir. Emin isə onu avtomobilində gözləmişdir. Ərzai idarə idarəsində tanımadığı bir nəfər işçiyə sənədləri göstərib sənədi olmayan sahəni hansı qaydada sənədləşdirmək olmasını öyrənmişdir. Həmin işçi çatışmayan sənədləri əldə edib Reyestr Xidmətinə müraciət etmək qaydasını ona izah etdikdən sonra o, idarədən çıxıb Eminin yanına gəlmişdir. Həmin vaxt o, düşünmüşdür ki, zəruri sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə təqdim etdikdən sonra, Zərərçəkmiş şəxs həyətyanı torpaq sahəsində zəbt kimi qeyd olunmuş 0,11 ha hissəni Eminin adına rəsmiləşdirmək mümkün olacaq. Ona görədə o, Eminə məsələnin həllinin mümkün olduğunu və 0,11 ha torpaq sahəsinin sənədləşdirilməsi müqabilində 10.000 manat pul istədiklərini, sonradan isə onlarla danışıb 8.000 manata razılaşdığını bildirmişdir. Həmçinin Eminə əla qiymətə razılaşdığını, pulu təcili şəkildə çatdırmaq lazım olduğunu bildirmişdir. Bundan sonra onlar birlikdə Quba rayonuna qayıtmışdır. Yolda olarkən Emin mobil telefonla qardaşı Ziya adlı şəxsə zəng edib torpağın sənədləşməsi üçün 8.000 manat pul lazım olduğunu demişdir. Telefonla danışdıqdan sonra Emin ona qardaşı ilə danışdığını, 1.600 manat pulu olduğunu, həmin pulu ona verəcəyini, qalan pulu isə öz avtomobilini satıb verə biləcəyini demişdir. Onlar Quba şəhərinə çatdıqda Emin onu Quba şəhəri köhnə avovağzal dairəsi yaxınlığında düşürmüşdür. Həmin gün saat 12 radələrində Emin ona zəng edib 1.600 manat pulu götürdüyünü bildirmişdir. O da Eminə Quba şəhəri ərazisində yerləşən “Mübariz Petrol”un yanında görüşməyi təklif etmişdir. Emin görüş yerinə öz avtomobili ilə tək gəlmişdir. O da avtomobilə yaxınlaşıb öndə əyləşmişdir. Emin avtomobilin içərisində 1.600 manat pulu ona vermiş və qalan pulu da qısa vaxtda çatdıracağını ona bildirmişdir. O da Eminə heç olmasa əlavə olaraq 3.400 manat pulu da təcili çatdırmağın vacib olduğunu bildirmişdir. Həmin gün Emin günortadan sonra yenidən ona zəng vurub 3.400 manat pulu da düz-qoş elədiyini demiş və o da Eminə yenə Quba şəhərində yerləşən "Mübariz Petrol'un yanında görüşməyi təklif etmişdir. Onlar həmin yerdə görüşmüş, görüşə gələn zaman Eminin yanında qardaşı Ziya da olmuşdur. Emin 3.400 manat pulu da ona görüş yerinə gəldiyi avtomobilin içərisində vermiş, pulu da avtomobilini 8.000 manata satıb həmin puldan gətirdiyini bildirmişdir. Həmin zaman o noyabr ayının 12-nə kimi qalan pulu da çatdırmaq lazım olduğunu Eminə bildirmiş və 15 dekabr 2021-ci il tarixdə sənədləri tam hazır şəklində götürəcəyini demişdir. Həmin gündən iki gün sonra, yəni, 04 noyabr 2021-ci il tarixdə o, Eminə zəng vurub sənədlərin hazırlanması üçün 1.000 manat da pul lazım olduğunu demişdir. Emin də ona qalan pulu tam şəkildə çatdıracağını bildirmişdir. Bundan sonra onlar yenə Quba şəhərində yerləşən "Mübariz Petrol'un yanında görüşmüş və qalan 3.000 manat pulu da Emin ona vermişdir. Bundan sonra o sənədləri hazırlamaq, bir neçə dəfə Bakı şəhərinə gedib-gəlsədə, sənədləri hazırlaya bilməmişdir. Emindən aldığı 8000 min manatı isə şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan sonra, Emin tez-tez zəng edərək sənədləşdirmə işinin uzandığı bildirərək ondan pulunu tələb etmişdir. Pulu verə bilmədiyi üçün Emin ondan Quba rayon polis şöbəsinə şikayət etmişdir.İfadəsinin sonunda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı tam olaraq ödəyərək onlarla barışıq əldə etdiyini, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini bildirərək barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Quba rayonu, Amsar kəndində yaşadığı evin həyətyanı sahəsi ümumilikdə 0,31 ha ibarətdir ki, həmin torpaq sahəsinin 0,20 ha onun adına rəsmiləşdirilsədə qalan 0,11 ha torpaq sahəsindən istifadə etsə də, həmin yerə rəsmi sənəd ala bilməmişdir. 0,11 ha topraq sahəsini rəsmiləşdirmək üçün əvvəllər bələdiyyə sədri işləmiş və sənədləşdirmə işlərindən anlayışı olan Quba rayonu Vladimirovka kənd sakini Eldar adlı şəxsə müraciət etmişdir. 01 noyabr 2021-ci il tarixdə özünə məxsus ***- ***-**-** saylı mobil nömrədən Eldara məxsus ***-***-**-** saylı mobil nömrəyə zəng vuraraq Eldarla görüşmək istədiyini bildirmişdir. Növbəti gün onlar səhər saat 08 radələrində Quba şəhərində yerləşən “Mübariz Petrol”un qarşısında görüşmüşlər. Görüş zamanı o, sənədləri Eldara göstərərək, ona məxsus olan ümumilikdə 0,31 ha həyatyanı torpaq sahəsinin 0,11 ha hissəsinin sənədi olmadığını bildirib həmin torpağın sənədləşdirilməsində ona köməklik göstərməsini xahiş etmişdir. Eldar sənədlərə baxdıqdan sonra, yerində heç bir suala cavab verə bilməyəcəyini bildirmiş və Xaçmaz şəhərində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə gedib, orada ətraflı öyrənib cavab verəcəyini bildirmişdir. Bundan sonra onlar birlikdə Xaçmaz rayonunda yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə getmişdir. Eldar onu maşında gözlədib özü idarəyə gedib qayıdaraq məsələnin həllinin mümkün olduğunu və 0,11 ha torpaq sahəsinin sənədləşdirilməsi müqabilində 8000 pul vermək lazım olduğunu bildirmişdir. Həmin vaxt o, qardaşı Ziyaya zəng edib 8.000 manat pul lazım olduğunu demişdir. Ziya da ona özündə 1.600 manat pul olduğunu, həmin pulu ona verə biləcəyini, qalan pulu isə tapmağa çalışacağını bildirmişdir. Bundan sonra onlar birlikdə Quba şəhərinə qayıtmışlar. Eldarı Quba şəhəri köhnə avovağzad dairəsi yaxınlığında düşürüb yaşadığı evə getmişdir. Evdə qardaşı Ziya özündə olan 1600 manat pulu ona vermişdir. O da Eldara zəng edib 1.600 manat pul düzəltdiyini bildirmişdir. Eldar isə onu görüşə dəvət edərək yenə “Mübariz Petrol”un yanında gözlədiyini bildirmişdir. İlk olaraq onda olan 1.600 manat pulu həmin günü Quba şəhərində yerləşən "Mübariz Petrol'un yanında Eldara vermişdir. Eldar ona “heç olmasa 5.000 manat pulu bu gün verək ki, işə başlasınlar” deyə bildirmişdir. O da Eldara qalan pulu tezliklə çatdıracağını söz vermişdir. O məcbur qalıb avtomobilini həmin günü dəyərindən aşağı qiymətə sataraq 3.400 manat pulu yenə Quba şəhərində yerləşən "Mübariz Petrol'un yanında görüşərək Eldara vermişdir. Həmin zaman Eldar narahat olmaq üçün heç bir əsas olmadığını, 15 dekabr 2021-ci il tarixdə sənədləri tam hazır şəklində götürəcəyini və həmin zamana qədər qalan 3.000 manatı da çatdırmaq lazım olduğunu bildirmişdir. Həmin gündən iki gün sonra, yəni, 04 noyabr 2021-ci il tarixdə Eldar ona zəng vurmub işlərin qaydasında getdiyini, sənədlərin təsdiq olunduğunu, qalan 3.000 manat vəsaitin də təcili verilməli olduğunu bildirmişdir. O çarəsiz qalıb yenə Eldarla Quba şəhərində yerləşən "Mübariz Petrol'un yanında görüşərək qalan 3.000 manat pulu da Eldara vermişdir. Eldar bir daha işlərin yolunda olduğunu və 15 dekabr 2021-ci il tarixdə sənədləri tam hazır şəklində götürəcəyini bildirmişdir. Ara-sıra Eldara zəng edərək işin nə yerdə olduğunu soruşduqda, Eldar ona artıq sənədlərin elektron xəritəyə oturduğunu, 15 dekabr 2021-ci ildə sənədlərin onda olacağını bildirirmiş. 15 dekabr 2021-ci il tarixdə o Eldara sənədlərin nə yerdə qaldığını soruşmaq istəsə də, telefonuna zəng çatmamışdır. Ertəsi gün zəng vurarkən telefonu açmış və sabah mütləq sənədlərin hazır olacağını və götürəcəyini bildirmişdir. Bundan sonra o Eldarla dəfələrlə danışıb görüşsə də Eldar müxtəlif bəhanələr gətirərək sənədi və yaxudda verdiyi 8000 manat məbləğində pulu ona qaytarmamışdır. Bundan sonra o, məcbur qalıb Eldarın barəsində Quba rayon polis şöbəsinə şikayət etmişdir. İfadəsinin sinunda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs Eldar Eynulla-zad tərəfindən ona vurulmuş maddi ziyanın tam şəkildə ödənildiyini bildirərək ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xususatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişlər. Beləliklə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin və şahidln ifadələri, habelə məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər subutlarla tam tam subuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, törətdiyi cinayət əməlini etiraf etdiyini, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etməsini, habelə zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilmişdir və onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, dövlət ittihamçısını və digər proses iştirakçılarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 178.2, 179.2, 186.2.1 və 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini (əməllərini) törətmiş, şəxs zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən cinayət qanununun müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət işi üzrə icraata xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdikləri ərizələrindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan tam şəkildə ödənilmiş. Zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi qəbzlərin surətindən görünür ki, cinayət nəticəsində zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanın iyirmi beş faizi miqdarında, yəni 2000 manat məbləğində dövlət büdcəsinə ödəniş etmişdir. Qeyd olunanlara əsasən, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və onun barəsində olan cinayət təqibinə xitam verilməsi məsələsi həll edilərkən qanunla nəzərdə tutulan əsaslarla yanaşı onun şəxsiyyəti, cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar da məhkəmə tərəfindən araşdırılmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Quba RİHB-nın Vladimirovka kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 may 2022-ci il tarixli 361 sayl arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonunun Vladimirovka kəndində qeydiyytada olmaqla həmin kənddə yaşayır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə CPMi-nin 156.4-cü maddəsinin cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur müddəasını rəhbər tutub hesab edir ki, Təqsirləndirilən şəxs barəsində secilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri xitam olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 13 saat üçün 78 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə maddi sübut, məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət – Prosessual Məcəlləsinin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata CM-in 73-1.2-ci maddəsinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinə xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 13 (on üç) iş saatına görə 78 (yetmiş səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar