Məhkəmə qərarları › İş №1(027)-105/2024

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-105/2024

23.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-105/2024 23.09.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X3 qızının katibliyi, Dövlət İttihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Onun müdafiəçisi – Müdafiəçi iştirakı ilə, xx xxx 1996-cı il tarixdə Quba rayonu Rustov kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Quba rayonu Rustov kəndində daimi pasport qeydiyyatında olmaqla həmin kənddə yaşayan, 24 mart 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını talamaq məqsədilə 2023-cü ilin sentyabr ayının ortalarından başlayaraq 04 dekabr 2023-cü il tarixdə, saat 14:00 radələrinə kimi olan müddətdə Quba rayonu, Püstəqasım kəndi ərazisində yerləşən örüş sahəsindən müxtəlif vaxtlarda Quba rayonu, Qam-qam kənd sakini Zərərçəkmiş şəxs məxsus hər birisinin ətlik çəkisi 28 kq təşkil edən və orta bazar qiyməti 280 manat dəyərində olan cəmisi 19 baş xırda buynuzlu keçini vahid niyyətlə gizli olaraq talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 5320 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir.. Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, Quba rayonu Rustov kənd İƏD-nin Dəhnə kəndində yaşayır və yaşadığı evin qonşuluğunda Quba rayonu, Püstəqasım kəndinin ərazisinə düşən örüş sahəsi vardır. Quba rayonu Qam-qam kənd sakini Zərərçəkmiş şəxs tanığını və sonuncunun həmişə öz keçilərini Püstəqasım kəndi ərazisindəki həmin örüş sahəsinə sürüb otlamağa buraxdığını bilmiş və Rüstəmin keçilərini səhər saatlarında həmin sahəyə gətirib buraxdığını və nəzarətsiz qalmaqla yalnız hava qaralanda gəlib geriyə sürdüyünü müşahidə etmişdir. Bunu müəyyən etdikdən sonra imkan düşdükcə, Rüstəmin örüş sahəsinə buraxdığı keçiləri hissə-hissə oğurlamaq qərarına gəlmişdir. 2023-cü ilin sentyabr ayının ortalarında başlayaraq 2023-cü ilin dekabr ayının əvvəllərinə kimi olan müdddət ərzində Rüstəmə məxsus 19 baş heyvanı gizli yolla ələ keçirib oğurlamışdır. Heyvanları əvvəlcə öz həyətinə gətirmiş və sonra müxtəlif vaxtlarda hissə-hissə olmaqla tanımadığı yol maşınlarında Xaçmaz rayonu ərazisindəki heyvan bazarına apararaq orada hər dəfəsində hər bir baş keçini 180- 200 manatdan tanımadığı şəxslərə satmışdır. Axırıncı dəfə oğurladığı daha bir keçini isə Etibar adlı şəxsə satmışdır. Həmin heyvanların satışından əldə etdiyi pulları öz ehtiyaclarına xərcləmişdir. Əlavə edərək keçilərin çəki və qiymətlərinin müxtəlif olduğunu, keçiləri təkbaşına oğurladığını bildirmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşiman olduğunu və zərərdən 700 manat ödəniş etdiyini, maddi imkanı olmadığından, qalan zərəri qarşılaya bilmədiyini bildirmiş və ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, heyvandarlıqla məşğul olur və həm qoyun, həm də keçi saxlayır. Heyvanlarını otlamaq üçün Quba rayonu, Püstəqasım kəndi ərazisinə düşən örüş sahəsinə otlamağa buraxır. Bir qayda olaraq heyvanlarını səhər saat 08-dən başlayaraq həmin örüş sahəsinə buraxır, axşam saat 20-dən sonra onları geri gətirir. Heyvanları örüş sahəsində olan müddətdə nəzarətsiz qalır. 2023-cü ilin sentyabr ayının ortalarında başlayaraq 2023-cü ilin dekabr ayının əvvəllərinə kimi olan müdddət ərzində ona məxsus heyvanların sürüsündən birinci dəfə 03 baş, ikinci dəfə təxminən 10 gün sonra daha 01 baş, üçüncü dəfə təxminən bir həftə sonra daha 02 baş, dövrdüncü dəfə daha bir həftə sonra 03 baş, beşinci dəfə təxminən 2023-cü ilin noyabr ayının əvvəllində 06 baş, altıncı dəfə 10 gün sonra 04 baş keçi yoxa çıxmışdır. İlk dövrlər onların oğurlanmasında əmin olmamış və axtarmış, Novruz adlı həmkəndlisi ona ki, heyvanlarını otladığı bir şəxs tərəfindən sürülüb aparıldığını bildirmişdir. Dərhal həmin yerə çatdıqda, heyvanlarının yanında əvvəldən tanıdığı Qalib adlı şəxsi görmüşdür. Qalibdən sürünün yanında gəzməsinin səbəbini soruşduqda, Qalib gəzişdiyini demiş, o Qalibdən şübhələnməyə başlamışdır. 04 dekabr 2023-cü il tarixdə saat 14 radələrində daha 02 baş keçinin oğurlandığını aşkar etdi. Ona məlum oldu ki, həmin günü Qalibdə bir baş keçi Quba rayonu Rustov kənd sakini Etibara satmışdır. Etibarla danışanda bilmişdir ki, sonuncuya satılmış keçi əlamətlərinə görə ona məxsusdur. Əmin olduqda ki, keçilər oğurlanmışdır Quba rayon polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Ümumilikdə onun hissə-hissə olmaqla 19 baş keçisi oğurlanmışdır. Qalibdən şikayətçidir, oğurlanmış heyvanların bəzilərinin çəkiləri barədə şəkiləri vardır və digərlərinin çəkilərini əzbər olaraq bilir. Qalibin qanun qarşısında cavab verməsini tələb etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyandan 700 manat ödənildiyini, qalan zərərin ödənilmədiyini bildirərək, barəsində ağır cəza verilməsi xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs ifadəsinlə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs 2 keçi almış və birinə 200 manat ödəniş etmişdir. Sonradan keçilərin oğurluq olduğu müəyyən olunmuşdur. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı mobil telefona baxış keçirilməsi barədə 06 dekabr 2023-cü il tarixli protokoldan göründüyü kimi, onun “Qalereya” hissəsində istintaq üçün əhəmiyyət kəsb edən 10 ədəd elektron tərəzidə təsvir olunmuş qara-ağ, ağ, qara-boz, boz rəngli keçilərə aid foto şəkillərin olması və 01 ədəd də kəsilib soyulmuş keçi ətinə aid fotoşəklin olması müəyyən edilmişdir. Həmin baxışda iştirak etmiş Zərərçəkmiş şəxs həmin şəkillərdə təsvir olunmuş keçilərin əlamətləri və rəngləri ilə ona məxsus olmasını bildirmişdir. Baxışda həmin telefonun danışıq və vatsap hissəsində əhəmiyyətli ola biləcək daxil olan və çıxan, eləcə də yazılı və səsli mesajlaşmalar aşkar edilməmişdir. Baxışın gedişində telefonda olan cəmi 11 ədəd keçi şəkilləri ondan çıxarış edilərək götürülmüşdür. İş üzrə təyin edilərək keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibbi eksspertizasının 08 dekabr 2023-cü il tarixli 1001 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tibbi müayinəsi zamanı onun bədəni üzərində gözlə görükən hər hansı xəsarətlər və ya onların izləri aşkar edilməmişdir. İş üzrə təyin edilərək keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəməəmtəəşünaslıq ekspertizasının 12 mart 2024-cü il tarixli 9/1669 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş şəraitdə 01 sentyabr 2023-cü il tarixdən hazırki olan dövrə, hər birisinin ətlik çəkisi 28 kq-lıq olmaqla hər birisinin orta bazar qiyməti 280 manat təşkil edən ümumilikdə 19 baş keçinin ümumi dəyəri cəmi 5320 manat təşkil edir. Məhkəmə istintaqı zamanı təyin edilmiş və keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 16 iyul 2024-cü il tarixli 9/5176 saylı rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza təyini haqqında göstərilən heyvanların 2023-cü ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzərə hesablama yolu ilə təxminən 4970 manat müəyyən edilir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12 mart 2024-cü il tarixli 9/1669 saylı rəyinə əsasən 5320 manat müəyyən edilməklə ittiham elan olunmuşdur. Zərərçəkmiş şəxs izahatında keçilərin yaş və cinsinin müxtəlif olduğunu bildirmiş və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı mobil telefona baxış keçirilməsi barədə protokol üzrə 10 ədəd elektron tərəzidə təsvir olunmuş və digərləri zərərçəkmişin qeydi əsasında təqdim olunmuş məlumatlar üzrə məhkəmə istintaqı zamanı təyin edilmiş və keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 16 iyul 2024-cü il tarixli 9/5176 saylı rəyi ilə təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs vurulmuş ziyan 4970 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin qeyd hissəsinə əsasən Bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında “ 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Qeyd olunanalara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli CMin 177.2.4-cü maddəsindən həmin Məcəllənin 177.1-ci maddəsinə tövsif edilməli və o, qeyd edilən maddə ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əmlakını gizli talayaraq Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi öz qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, iş üzrə keçirilmiş kompleks məhkəmə fiziki kimyəvi və əmtəəşünaslıq ekspertizalarının müvafiq rəyləri və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər subutlara tam sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar olmadığından, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Quba RİHB-nın Rustov kənd İƏD üzrə nümayəndəliyindən alınmış 09 dekabr 2023-cü il tarixli 1143 №-li arayışdan və xasiyyətnamədən görünür ki, X1 rayonu, Rustov kəndində daimi qeydiyyatdadır, həmin İƏD-nin Dəhnə kəndində yaşayır, subaydır. O yaşayış yeri üzrə özünü müsbət cəhətdən göstərmiş, onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi cəzasını yüngülləşdirən hal kimi müəyyən etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama —üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə şəxsiyyətini, cəzanı yüngülləşdirən halın mövcudluğunu, cəzanı ağırlaşdıran halın olmadığını nəzərə alaraq, ona ittiham olunduğu maddəsin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Yuxarıda göstərlənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 05 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında 07 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət həbsdə saxlama müddətinin bir günü azadlıqdan məhrumetmə növündə cəzanın bir günü hesabı ilə hesablanmaqla, təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, barəsində “həbs” qətimkan tədbiri seçilərək məhkəmə iclas zalında həbs edilməli, seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 23 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Məhkəmə hesab edir ki, məhkəmə ekspertizası tədqiqatlarının dəyərini təşkil edən 100 manat Təqsirləndirilən şəxs tutulub məhkəmə ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Həmçinin, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 08 iş saatına görə 48 manat, Azərbaycan Respublikası CPM-in 193.2-ci və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə maddi sübut, mülki iddia verilməmişdir və müsadirə olunası əmlak yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351- 354, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsindən həmin Məcəllənin 177.1-ci maddəsinə tövsif olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsilə nəzrədə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 23 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilərək məhkəmə iclas zalında həbs edilsin və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmün icrası Quba rayon Polis şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi sərf etdiyi 08 (səkkiz) iş saatına görə 48 (qırx səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar