Məhkəmə qərarları › İş №1(027)-106/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-106/2023

08.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-106/2023 08.06.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş Şalyarova Nuridə Əsgər qızının və onun vəkili Müdafiəçi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X4 iştirakı ilə X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında Şalyarova Nuridə Əsgər qızının xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şalyarova Nuridə Əsgər qızı xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, xx.xx.1978-ci il tarixdə Azərbaycan Respublikası, Quba rayonunun Afurca kəndində doğulmuş, Xaçmaz rayonunun Mürsəlqışlaq kəndində pasport qeydiyyatında olan X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətdiyindən, onu həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsini və X4 barəsində ittiham hökmü çıxararaq həmin maddənin sanksiya həddində cəzalandırılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının CPM-nin 299.3.3-cü maddəsinə uyğun olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X10 xüsusi ittihamçı X13 ilə 2005-ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmuşdur. Birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü X21 və X14 doğulmuşdur. Ümumilikdə 17 il müddətində nikah münasibətlərində olmuş və ailə üzvləri ilə birlikdə Xaçmaz rayonunun Mürsəliqışlaq kəndində yaşayırlar. 2019-cu ilin sentyabr ayında o, kənd təsərrüfatı məhsullarının əkilməsi və becərilməsi sahəsində bağçılıq təsərrüfatına işə düzəldi və bu barədə əri Zeynalın məlumatı var idi. Aylıq əmək haqqı 360 manat təşkil edirdi və hazırda da həmin istixanada fəhlə vəzifəsində işləyir. 2019cu ilin oktyabr ayında ərimlə münasibətlərim onun qısqanclığı səbəbilə korlanmağa başladı. Amma buna heç bir səbəb və əsas yox idi. Sonradan ailə daxilində onun qısqanclığı səbəbilə mübahisələr olurdu. xx.xx.2020-ci il tarixdə Zeynalın ona xəsarət yetirməsi nəticəsində aldığı xəsarətlərin müalicəsi ilə bağlı Xaçmaz rayonunun Travmatologiya xəstanasında müalicə almışdır. Bu barədə tərəfindən AR DİN-nin 102 qaynar xəttinə rəsmi məlumat verilmişdir. Hadisənin araşdırılması Xaçmaz Rayon Polis İdarəsinin təhqiqatçısı X2 icraatında olmuşdur. Xəstəxanadan çıxdıqdan sonra evə Xaçmaz rayonunda olan yerləşən evinə getdi. Bir müddət sonra yəni, 2021-ci ilin yanvar ayında yenidən Zeynal ona qarşı kobud ifadələr və nəlayiq sözlərlə böhtan və təhqir etməyə başladı. Bu barədə AR DİN-nin "102" xidmətinə şikayətlə müraciət etdi və araşdırma aparıldı. 2021-ci ilin dekabrında Zeynal Quba rayon məhkəməsinə nikahın pozulması tələbinə dair iddia ərizəsi müraciət etdi. İddia ərizəsi rəsmi qaydada mənə təqdim edildikdən sonra onun boşanmasına səbəb kimi onun ona xəyanət etməyini göstərilmişdir. Lakin məhkəmə baxış iclasında onun iddia ərizəsində göstərdiyi səbəb və bu səbəbi təsdiq edəcək hər hansı bir əsas yox idi. 2021-ci ilin və 2022-ci ilin əvvələrində 15 ildir ki, qonşuluq münasibətlərində olduğu qonşusu X5 onunla söhbət əsnasında ona dedi ki, onun əri Zeynal uşaqlarla birlikdə onlara gəlmişdi. Həmin vaxtı hava yağışlı olduğuna görə o onları evə dəvət etmişdir. Zeynal birdən ona onun haqqında söhbət etməyə başladı və ona dedi ki, “Nazpəri Nuridə ilə münasibətdə olma, onu evə buraxma, o pis yolun yolçusudur, sənin evdə qızın var, sonra sənin qızının adını çəkən olmaz”. O, ona düz danışmadığını, o, Nuridəni düzgün insan kimi tanıdığını, o isə əksini deyərək o onu yaxşı tanımadığını deyərək uşaqlarla birlikdə evdən çıxdı. Bununlada onu qonşusunun gözündə nüfuzdan salan, bilə-bilə kənd yerində onun şərəf və ləyaqətinə toxunacaq halı özündə əks etdirən böhtan xarakterli məlumatların yayılmasına nail oldu. Sonradan 1978-ci ildə Quba rayonunun Yerfi kəndində anadan olmuş X8 eyni məzmunlu, yəni X17 başqa bir kişi ilə xəyanət etməsi barədə bilə-bilə şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatları demişdir ki, bu da kənd sakinlərinin kənd yerində onun şərəf və ləyaqətinə toxunacaq halı özündə əks etdirən böhtan cinayətinin tərkibini səciyyələndirməsinə səbəb olmuşdur. Sonradan 1972-ci il tarixdə Quba rayonunun, Yerfi kəndində anadan olmuş qardaşı X18 onun başqa bir kişi ilə xəyanət etməyi məzmununda ləyaqətini alçaldan həqiqətə uyğun olmayan məlumatlarının deməsi eyni ilə ailə üzvlərinin və kənd sakinlərinin qarşısında onun şərəf və ləyaqətinə toxunacaq halı özündə səciyyələndirməklə özündə əks etdirən böhtan cinayətinin tərkibini yaratmışdır. Faktiki olaraq X4 X11 qarşı "Nuridə ona başqa kişi ilə xəyanət edir və o pozğun qadındır" məzmununda böhtan xarakterli məlumatları yaymaqda davam etməsi onun şərəf şərəf və ləyaqətinin məhkəmə müdafiəsinə qaydasında və həmin şəxs barəsində qanunla müəyyən edilmiş qaydada tədbir görülməsini qaçılmaz etmişdir. Belə ki, Quba rayon məhkəməsinin 2(027)-1216/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X10 ilə cavabdeh X19 arasında Giləzi İƏV-də xx.xx.2005-ci il tarixdə 08 nömrə ilə qeydiyyata alınmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X12 və xx.xx.2009-cu il təvəllüdlü X6 anaları X9 himayəsində saxlanılması və hər iki uşağın saxlanılmas üçün X3 280 manat məbləğində alimentin tutulması qət edilmişdir. İddiaçı X10 nikahın pozulmasının səbəbi kimi həyat yoldaşı X9 ona "xəyanət etməsi" ilə əsaslandırmış və "bu barədə artıq uşaqlarınında hər şeyi bildiyini" məhkəmə prosesində vermiş olduğu kütləvi çıxışındakı izahatla təsdiqləmişdir. Bu səbəbdən birgə nikahdan doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X12 və xx.xx.2009-cu il təvəllüdlü X6 ataları Zeynal Kərimovun yanında saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsas kimi uşaqların analarının himayəsində saxlanılması zamanı onların mənafeyinə, əqli və fiziki inkişafına mənfi təsir göstəriləcəyi ilə əsaslandırmışdır. Bu barədə Quba rayon məhkəməsi tərəfindən məhkəmə psixoloji ekspertizası təyin edilmiş və ekspertizanın rəyi ilə uşaqların X9 himayəsinə verilməsində heç bir maneə olmadığı qənaətinə gəlinmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan Zeynal Kərimov apellyasiya şikayəti ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına müraciət etmişdir. Apellyasiya instansiya məhkəməsi tərəfindən təkrar psixoloji ekspertizası təyin edilmiş, uşaqlar ekspertə təqdim edilmiş, ekspertizanın keçirilməsi təmin edilmiş və bu barədə xx.xx.2022-ci il tarixli 11/345 №li rəy ilə uşaqların ataları Zeynal Kərimovla bağlılıqlarının üzə çıxması, anaları Nuridə Kərimovla isə əksinə bağlılıqlarının müəyyən olunmadığını müəyyən edilmiş və bu səbəbdən birinci instasniya məhkəməsi qətnaməsinin qismən ləğv edilməsi və uşaqların X4 himayəsində saxlanılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-972/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən Şalyarova Nuridə Əsgər qızı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edilmiş və Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-1187/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə Şalyarova Nuridə Əsgər qızının kassasiya şikayətinin təmin edilməsi, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Belə ki, X10 arvadı X9 "ona xəyanət etməsinə dair" təsdiq edici, mötəbər sübut təqdim etməmişdir. Faktiki olaraq Nuridə Şalyarovaya qarşı əsassız ittiham irəli sürmüş, onun şəxsiyyətini ləkələmək, şərəf və ləyaqətini alçatmaqla himayələrində olan uşaqlarının təfəkküründə "pozğun qadın" obrazını formalaşdırmağa nail olmuşdur. Buna sübut olaraq onun kütləvi şəkildə məhkəmədə hakim və digər proses iştirakçıları qarşısında vermiş olduğu izahahndakı "artıq bu barədə uşaqlarda bilir" ifadəsi ilə özünə haqq qazandırmaq istəmişdir. Təyin edilmiş məhkəmə ekspertizasının rəyi işin hallarını düzgün qiymətləndirilməməsinə rəvac vermişdir. Yəni, ekspert iddiaçının təsdiq edilməmiş iddiadan çıxış etdiyini bilərək, uşaqlarda guya ki, "analarının atalarma xəyanət etməsindən məlumatlı olduqlarını" bildiklərindən onların anaları Nuridə Kərimovaya qarşı neqativlik müşahidə olunduğunu öz rəyində əks etdirməsi işə baxan məhkəmədə fikir formalaşdırılmasma səbəb olmuşdur. Nəzərə alsaq ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğu halda Zeynal Kərimovun "bu xəyanət" iddiasının əsası kimi istinad etdiyi sübut edə bilməmişdir. Nəzərə alsaq ki, hazırda xx.xx.2007-ci il təvəllüdlü X12 16 yaşı, xx.xx.2009-cu il təvəllüdlü X6 isə 14 yaşı var. Uşaqlar keçid dövrünü yaşayır, bəlkədə ailə daxilində baş verən münaqişənin tam mahiyyətinə vara bilmədikləri halda məhkəmənin qəbul etmiş olduğu bu səpkidəki qətnaməsi yaxın gələcəkdə onlarda hansı psixoloji fəsadlar verə biləcəyidə istisna deyil. Beləliklə, xx.xx.1978-ci il tarixdə Azərbaycan Respublikası, Quba rayonunun Afurca kəndində doğulmuş, Xaçmaz rayonunun Mürsəlqışlaq kəndində qeydiyyatda olan və yaşayan, rəsmi olaraq işsiz, kəndli-fermer təsərrüfatı ilə məşğul olan X1 arvadı Şalyarova Nuridə Əsgər qızı barəsində böhtan xarakterli məlumatları kənd sakinləri qarşısında və o cümlədən məhkəmə instansiyası iclaslarında kütləvi çıxışlarında yaymaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən, Z.B.Kərimovun həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməli və barəsində ittiham hökmü çıxarılaraq həmin maddənin sanksiya həddində cəzalandırılmalıdır. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Şalyarova Nuridə Əsgər qızı şikayətində göstərdiklərini bir daha təsdiq edərək bildirdi ki, şikayətini müdafiə edir, Zeynal onu ona xəyanət etməkdə günahlandırır, barəsində pozğun qadın obrazı yaradır, şərəf ləyaqətini alçaltmış, onu qəsdən ləkələmişdir. Göstərdiklərini nəzərə alaraq, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Şalyarova Nuridə Əsgər qızı xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X10 bildirdi ki, şikayət əsassızdır, Nuridə özü əməllərini etiraf edib, nə yaşadığı kənd ərazsində nə başqa adamların dairəsində nədə ki, məhkəmədə onun ünvanına heç bir pis söz deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, Nuridə onun baldızıdır, Zeynal isə bacanağı olmuşdur. Təxminən 2 il əvvəl o, yoldaşı ilə digər baldızının evinə getmişdir. Orada Zeynal orada Nuridənin ünvanına söyüşlər söydü, ona xəyanət etdiyini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Zeynal onun qonşusudur, ona həyətyanı torpaq sahəsi satmışdır. Zeynal boşanmamışdan əvvəl onun evinə gəlib ona Nuridənin pozğun olduğnun, onu evə buraxmamasının demişdir. Həmin vaxt onların yanında heç kim olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 ifadəsində göstərmişdir ki, Zeynalı bacısı Nuridənin yoldaşı olmuş, Zeynal barədə yaxşı söz eşitməmişdir. Son 4-5 ildə münasibıtləri daha da pisləşib. Qonşuları ona deyib ki, Zeynal bacısı barədə pozğun olduğunu deyib, 4-5 il əvvəl Zeynal telefonda ona bacısının pis yolda olduğunu, gəlib aparmasını demişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayəti və məhkəməyə təqdim olunan sənədləri öyrənərək aşağıdakıları müəyyən edir: İş materiallarında olan 15 iyun 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, 06 iyun 2022-ci il tarixində, saat 22 radələrində Xaçmaz rayonu Mürsəlqışlaq kəndində yaşayan X19 və keçmiş əri X10 arasında yaşadığı evdə şəxsi münasibətlər zəmində sözlü mübahisə baş vermişdir. X9 şikayəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Şalyarova Nuridə Əsgər qızı öz şikayətində X7 münasibətdə iddia edir ki, keçmiş əri X10 onun şərəf və ləyaqətini alçaldacaq fikirlər yaymaqla ona böhtan atmışdır. Bu xüsusatlarla bağlı xüsusi ittihamçı tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsini, şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin: 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir; 299.3.1 və 299.3.3-cü maddələrinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə və xüsusi ittiham qaydasında şikayətin məzmununun Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır; 301.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticəsində xüsusi ittiham qaydasında şikayətin materialında məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan hallar olmadıqda və xüsusi ittiham qaydasında şikayətin prosessual formasına riayət edildikdə məhkəmə baxışı təyin edilir; 302.1-ci maddəsinə görə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında 1) şikayət həmin məhkəməyə aid olmadıqda; 2) şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 3) şikayətin məzmunu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 4) cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 5) barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 6) cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 7) şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 8) şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədiyi hallarında məhkəmə baxışının keçirilməsindən imtina edir; 302.2-ci maddəsinə görə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlardan birini qəbul edir: 1) şikayət həmin məhkəməyə aid olmadığı müəyyən edildiyi halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 2) barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduğu halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; 3) şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildiyi; şikayətin məzmunu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığı; cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadığı; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyi; şikayəti vermiş şəxs şikayətindən imtina etməsi və təqsirləndirilən şəxslə barışması və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədiyi hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə; 302.3-cü maddəsinə görə məhkəmənin hazırlıq iclasında həmin işin məhkəməyə aid olmadığını müəyyən etdikdə belə qərarın qəbul edilməsinin hüquqi əsaslarını və işin göndərildiyi məhkəməni göstərməklə, məhkəmə cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. Məhkəmə həmçinin qeyd edir ki, CPM-nin 302.1.3-cü maddəsinin tələbindən göründüyü kimi xüsusi ittiham qaydasında şikayət ərizəsi Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmalıdır. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə istinadən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsində 1) şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 2) törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 3) cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 4) şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 5) cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahişi; 6) şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 7) şikayəti vermiş şəxsin imzası göstərilməlidir. Azərbaycan Respublikasının CPM-nın 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 299.8-ci maddəsinə görə xüsusi ittihamçının üzrlü səbəblərin olmasını əvvəlcədən bildirmədən məhkəmənin hazırlıq iclasına təkrar gəlməməsi ittihamdan imtinaya bərabər tutulur və xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina barədə qərar çıxarılmasına məhkəməyə əsas verir. Həmin Məcəllənin 299.11-ci maddəsinə görə məhkəmənin hazırlıq iclası barədə vaxtında məlumat verilmiş bu Məcəllənin 299.8 və 299.9-cu maddələrində göstərilənlər nəzərə alınmaqla cinayət prosesi iştirakçılarının məhkəmənin hazırlıq iclasına gəlməməsi, həmin iclasın keçirilməsinə və müvafiq qərarın qəbul edilməsinə mane olmur. Məhkəmənin hazırlıq iclasında hər bir halda həll edilməli olan məsələlərlə bağlı məhkəmə qeyd edir ki, yuxarıda sadalanan Azərbaycan Respublikası CPM-nin müvafiq normalarının məzmunundan göründüyü kimi yalnız xüsusi ittiham qaydasında şikayətin materiallarında məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan hallar olmadıqda və şikayətin prosessual formasına riayət edildikdə məhkəmə baxışı təyin edilə bilər. Belə ki, xüsusi ittiham qaydasında şikayət vermiş Şalyarova Nuridə Əsgər qızı onun şərəf və ləyaqətini alçaldacaq məlumatların yayılmasından şikayət etsədə, həmin məlumatların yayılma dairəsinə baxdıqda biri qardaşı digərləri isə yaxın qonşusu olmuşdur. Sözügedən məlumatların həqiqətən də həmin şəxslərin iştirakı ilə yayılmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin məhkəmədə şahid kimi dindirilmiş həmin şəxslər ifadə verərkən də bildirmişdirlər ki, X10 ilə aralarında söhbət edən zaman onların yanında başqa şəxs (lər) olmamışdır. Bu da onu göstərir ki, Şalyarova Nuridə Əsgər qızının şərəf və ləyaqətini alçaldacaq məlumatlar iki və daha çox insanın, kütləvi çıxışlarda və s. hallarda yayılmamışdır. Belə olan halda Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsinin də tərkibi yarana bilməz. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 11-ci bəndinə görə məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmaması yoxlanılmalı və xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul etməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, X4 Azərbaycan Respublikası CM-nin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair Şalyarova Nuridə Əsgər qızı tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət Azərbaycan Respublikasının CPM-si ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3 və 302.2.3-cü maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 -ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Şalyarova Nuridə Əsgər qızının xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilsin. Qərar elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar