Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-107/2022 21.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1968-ci il tarixdə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 11 radələrində, Quba rayonunun İspik kəndi ərazisində yerləşən 2 saylı meşə dolayında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etməklə qəsdən yumruq və təpikləri ilə Zərərçəkmiş şəxs döyərək ona döş qəfəsində sağda yumşaq toxumaların əziyi və qançırı, sağ tərəfdən İX qabırğanın qoltuq xətti üzrə yerini dəyişməyən qapalı sınığı, sağ budun orta 1/3-nin ön səthində qançır, sağ baldırın aşağı 1/3-nin ön səthində sıyrıqla nəticələnən samlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarətləri yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham olunaraq məhkəməyə verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəyi və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməl Azərbaycan Respublikası CMnin 221.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmədə dindirilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs Qafar oğlu onun doğma qardaşıdır. Quba rayonu üzrə 2 saylı meşə dolayının gözətçisi işləyən qardaşı oğlu Şahid1 qardaşı Zərərçəkmiş şəxsla birləşib meşə dolayının ərazisindəki ağacları kəsib meşəyə ziyan vurduğu üçün o, müvafiq quruma şikayət ərizəsi ilə müraciət etmişdir. Bununla bağlı xx.xx.2022-ci il tarixə meşəyə baxış təyin edilmiş, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının iştirakı ilə o, Taleh və Talehin qardaşı Orxan ilə birlikdə 2 saylı dolaya yoxlamağa çıxmışlar. 2 saylı dolayın Quba rayon İspik kəndinə düşən ərazisində olarkən xx.xx.2022-ci il tarixdə saat 11 radələrində qardaşı Şahin sərxoş vəziyyətdə qarşılarına çıxmış, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Adil Şahinə kənar şəxs olduğunu bildirmiş və ərazidən çıxmasını xahiş etmişdir. Həmin vaxt Şahin onun şikayəti əsasında yoxlamanın aparıldığını qeyd edərək onu nalayiq söyüşlərlə söymüş və yaxasından tutub boynunun arxasına bir yumruq zərbəsi vurmuş, əynindəki parça gödəkçəni cırmışdır. O, da Şahini özündən kənarlaşdırmaq üçün təpiklə ayağından vurmuşdur. Taleh isə onu söyüb təhqir edərək Şahini ayırmış və yoxlamanı saxlayıb meşədən çıxmışlar. O da 102 xidmətinə zəng edərək, Şahinin onu döyməsi və Talehin meşələri qırması ilə bağlı məlumat vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Qardaşı oğlu Şahid1 Quba rayonu üzrə 2 saylı meşə dolayının gözətçisidir. Həmin ərazi Quba rayon İspik kəndi ərazisinə düşür. O, da qardaşı oğlu Talehə kömək etmək üçün meşələri gəzib nəzarət edir. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində yenə meşənin 2-ci dolayını gəzməyə çıxmış, ərazidə Meşə İdarəsinin işçisi Hüseyn, 5 saylı Regional Ekologiya İdarəsinin işçiləri Namiq, İlqar, başqa bir tanımadığı işçi, qardaşı oğlu Taleh, Talehin qardaşı Orxan və qardaşı Qafarla qarşılaşmışdır. Onlar meşəyə yoxlamağa çıxmışdırlar. Qafarın şikayəti ilə Talehin ərazisini yoxlamağa gəlmişdilər. Qafar onu görüb “sən niyə gəlmisən” deyib söyüşlər söymüşdür. O da Qafarın söyüşlərini özünə qaytarmışdır. Qafar onu söyərək yaxınlaşıb təpiklə sağ ayağına, qabırğalarına və əli ilə sifətinə zərbələr vurmuşdur. O da müdafiə məqsədilə Qafara əl atmışdır. Orada olan şəxslər onları ayırmışlar. Hadisə təxminən 10 dəqiqə davam etmiş, ətrafda Namiq, İlqar, Taleh, Orxan, başqa bir tanımadığı işçi olmuşdur. İfadəsinin sonunda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmadığını bildirərək, sonuncuya azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 10 ildir ki, X10 Təsərrüfatı Mərkəzinin 2 saylı dolayının meşə gözətçisi işləyir. Həmin ərazi Quba rayon İspik kəndinin ətrafındakı meşə massividir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun əmiləridir. Şahinlə münasibəti yaxşı olsa da, Qafarla münasibəti yaxşı deyil. Şahin ona meşəyə nəzarət etməkdə köməklik edir. Qafar isə əksinə meşədən odun götürməyinə şərait yaratmağını istəyir. O isə buna icazə vermir. Buna görə də ona qarşı qərəzlidir və ondan Ekologiya Nazirliyinə şikayət etmişdir. xx.xx.2022-ci il tarixdə 5 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsindən İlham, İlqar, Namiq və Adil adlı işçilər onun ərazisini yoxlamağa gəlmişlər. Meşə İdarəsindən də şöbə müdiri X4 İdarəsinin fəhləsi işləyən qardaşı Şahid2 və Qafar iştirak etmişdir. Saat 11 radələrində 2 saylı dolayın ərazisində əmisi Zərərçəkmiş şəxsla qarşılaşmışlar. Şahin sərxoş vəziyyətdə olmuşdur. Qafar Şahini görüb nalayiq söyüşlər söyərək çıxıb getməsini tələb etmişdir. Şahin isə Qafarın söyüşlərini özünə qaytardıqda onlar əlbəyaxa olmuşlar. Həmin vaxt Qafar Şahini yumruq və təpiklərlə bədəninin müxtəlif yerlərinə vurmuşdur. O və digərləri onları ayırmışlar və Qafarla Şahin hər ikisi polis şöbəsinə getmişlər. Mübahisə təxminən 10 dəqiqə davam etmişdır. Həmin vaxt Qafar Şahini vumuş, Şahin isə Qafarı vurmamış, özünü müdafiə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş X3, Şahid4, Şahid5 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Şahid X1 ifadəsi məhkəmədə elan olunan zaman müəyyən olundu ki o, 2019-cu ildən X10 X5 Meşəbəyliyi üzrə şöbə rəisi vəzifəsində işləyir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs Quba rayon sakinləri kimi tanıyır, heç biri ilə düşmənçiliyi və ədavəti yoxdur. Təqsirləndirilən şəxs 2 saylı dolayın meşə gözətçisi işləyən öz qardaşı oğlu Şahid1 Ekologiya və Təbii Sərvətlər Nazirliyinə eldiyi şikayətə əsəsən xx.xx.2022-ci il tarixdə 5 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsindən İlham, İlqar, Namiq və Adil adlı işçilər Qafarın iştirakı ilə 2 saylı dolayın ərazisini yoxlamağa gəlmişlər. O da onlarla birgə yoxlamağa çıxmışdır. Taleh və qardaşı Orxan da onlarla olmuşdur. Saat 11 radələrində 2 saylı dolayın ərazisində Zərərçəkmiş şəxsla qarşılaşmışlar. Qafarla Şahin bir- birlərini görən kimi ucadan söyüşlər söyərək təhqir etməyə başlamış və yaxınlaşıb bir-birlərinin yaxasından tutmuşlar. Qafar Şahindən güclü olduğu üçün Şahini yumruq və təpiklərlə döymüşdür. O, həmin vaxt 100 metr aralıda olmuş, yaxınlaşana kimi orada olan digər şəxslər Qafarla Şahini ayırmışlar. Buna görə də yoxlama apara bilməyib ərazidən çıxmışlar. İki gün sonra Qafarın iştirakı ilə yenidən gedib yoxlama aparmışlar, heç bir qırıntı aşkar edilməmişdir. Qafarla Şahinin dalaşması təxminən 10 dəqiqə davam etmiş, qarşılıqlı olaraq bir-birlərini nalayiq söyüşlərlə söymüşlər, amma Şahin Qafarı vurmamışdır. Orada yuxarıda sadaladığı şəxslərdən başqa şəxslər olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadələri elan olunmuş Şahid4 və Şahid5 ifadələrindən müəyyən olunmuşdur ki, onlar X3 ilə eyni məzmunlu ifadə vermişlər. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 306 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş döş qəfəsində sağda yumşaq toxumaların əziyi və qançırı, sağ tərəfdən İX qabırğanın qoltuq xətti üzrə yerini dəyişməyən qapalı sınığı, sağ budun orta 1/3-nin ön səthində qançır, sağ baldırın aşağı 1/3-nin ön səthində sıyrıq küt əşyanın (əşyaların) təsirindən törənməklə, yetirilmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcələrinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiklərindən sağlamlığa yüngül zərər vurmaya aiddirlər (iş vər.: 18); İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işi başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-nə göndərilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün və zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının müvafiq rəyi və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Resublikası CM-nin 221.2.1-ci maddəsi təqsirli bilinərək 03 il 02 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2006-cı il tarixdə vaxtından əvvəl şərti azad edilmişdir İş materiallarında olan “sərxoşluq müayinəsinin keçirilməsi” barədə sənəddən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 14:22-də Təqsirləndirilən şəxs alkotestrlə sərxoşluq müayinəsindən keçirilmiş, Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olması müəyyən edilmişdir. Quba RİHB-nın Quba şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yaşayır. Quba RlHB-nın Quba şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X9 Ərazi Bölmələrinin İdarəetmə Birliyi Quba rayon Mərkəzi xəstəxanasının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Quba rayon Mərkəzi xəstəxanasının Konsultativ Poliklinika şöbəsinin psixiatrik kabinetində qeydiyyatda yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsinin sanksiyasında - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.4-cü bəndlərinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Onun cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, hesab edir ki, ona tətbiq edilməsi nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 3 saat üçün 18 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə maddi sübut , məhkəmə xərcləri, müsadirə olunası əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 42.1.2, 42.2.2, 44.1, 344-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə saat 24:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Quba rayon ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 3 (üç) iş saatına görə 18 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Hökmün icrası Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut, məhkəmə xərclərinin, müsadirə olunası əmlak və mülki iddianın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №1(027)-107/2022
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-107/2022
21.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver