Məhkəmə qərarları › İş №1(027)-108/2021

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-108/2021

22.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-108/2021 22.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi məhkəmə iclas katibi X16 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili X2 iştirakı ilə xx.xx.1981-ci il tarixdə Quba rayonu, 2-ci Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, Quba rayonu, 2-ci Nügədi kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq, bir ədəd patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı “И 3163” nömrəli, alt lüləsi yivli 5,6 mm kalibrli, üst lüləsi hamar (yivsiz) 32 kalibrli olmaqla ИЖ-56-3 “Belka” modelli, kombinə edilmiş zavod üsulu ilə hazırlanmış odlu silah hesab edilən ov tüfəngini və 11 (on bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan, 7,62 mm kalibrli istifadəyə yararlı döyüş sursatı hesab edilən patronları əldə edib yaşadığı Quba rayonu, İİ Nügədi kəndində yerləşən evində və həmin kənd ərazisində yerləşən özünə məxsus torpaq sahəsindəki tikilidə gizlətməklə saxlamış, 26.04.2021-ci il tarixdə saat 20 radələrində Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs iştirakı ilə yaşadığı evə keçirilən baxış zamanı qanunsuz olaraq əldə edib saxladığı bir ədəd ИЖ-56-3 “Belka” modelli odlu silah hesab edilən həmin tüfəng yaşadığı evin otağındakı dolabın içərisindən aşkar edilmiş, həmin tədbirin davamı olaraq ona məxsus həmin kənd ərazisində yerləşən tikilidəki otağa baxış keçirilən zaman divanın altından qanunsuz olaraq əldə edib saxladığı 11 (on bir) ədəd 7,62 mm kalibrli döyüş sursatı hesab edilən patronlar aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, mərhum babası Mirzəmməd Əlibalayevdən 01 ədəd ov tüfəngi atası Əliməmməd Əlibalayevə yadigar qalmışdır. Atası Əliməmməd bir il əvvəl vəfat etmiş və sözügedən tüfəng onun yaşadığı evdə qalmışdır. Həmin ov tüfənginin heç bir sənədi olmamışdır. Bundan başqa o, illər əvvəl Quba rayonu, İİ Nügədi kəndində yerləşən Çənlibel gölünün yaxınlığında mal-qara otararkən yerdən 11 ədəd Kalaşnikov avtomatına məxsus patron tapmış və həmin patronları Quba rayonu, İİ Nügədi kəndində yaşadıqları fermada olan yataq otağında divanın altında gizlətmişdir. 26.04.2021-ci il tarixdə saat 20 radələrində mülki geyimdə olan bir neçə şəxs yaşadığı evə gələrək özlərini polis əməkdaşı kimi təqdim edərək yaşadığı ünvanda və fermada ov silahının və döyüş sursatının olmasını bildirmişlər. O, polis əməkdaşlarına yaşadığı evdə babasından qalmış 01 ədəd ov tüfənginin olmasını bildirmiş və polis əməkdaşları ilə birlikdə yaşadığı evə keçirilmiş baxış zamanı evin 1-ci mərtəbəsində otaqdakı şkafın içərisindən ov tüfəngini çıxarıb təqdim etmişdir. Həmin ov tüfəngi polis əməkdaşları tərəfindən götürülmüşdür. Daha sonra o, polis əməkdaşlarına İİ Nügədi kəndində yerləşən fermada döyüş sursatını olduğunu bildirmişdir. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə Quba rayonunun 2-ci Nügədi kəndinin ərazisində olan fermaya getmişlər. Fermada olan yataq otağı kimi istifadə etdiyi otağa baxış zamanı divanın altından 11 ədəd Kalaşnikov avtomatına məxsus 7,62 mm-lik patronlar, ov tüfənginə aid 01 ədəd 12, 01 ədəd 16 və 01 ədəd 32 çaplı patron, 01 ədəd tiyəsinin üzərində AJ 2384 rəqəmləri olan bıçaq, yataq otağında rəfin üstündən 01 ədəd üzərində Spirotek F 9000 yazısı olan əleyhqaz aşkar olunaraq polis əməkdaşları tərəfindən götürülmüşdür. O, polis əməkdaşlarına yaşadığı evdən aşkar olunmuş 01 ədəd ov tüfənginin babasından qaldığını, 11 ədəd Kalaşnikov avtomatına məxsus 7,62 mm-lik patronlarını Çənlibel gölü adlanan ərazidən yerdən tapdığını, ov tüfənginə aid 01 ədəd 12, 01 ədəd 16 və 01 ədəd 32 çaplı patronu ovçular mağazasından aldığını, 01 ədəd tiyəsinin üzərində AJ 2384 rəqəmləri olan bıçağın da babasından qaldığını, 01 ədəd əleyhqazı isə təxminən 3 il bundan əldə etdiyini və dəyirmanda işləyərkən üzünü qorumaq üçün istifadə etdiyini bildirmişdir. Bundan sonra fermadan aşkar olunmuş 11 ədəd Kalaşnikov avtomatına məxsus 7,62 mm-lik patronlar, ov tüfənginə aid 01 ədəd 12, 01 ədəd 16 və 01 ədəd 32 çaplı patron, 01 ədəd tiyəsinin üzərində AJ 2384 rəqəmləri olan bıçaq, yataq otağında rəfin üstündən 01 ədəd üzərində Spirotek F 9000 yazısı olan əleyhqaz polis əməkdaşları tərəfindən götürülərək qablaşdırılmışdır. Bu barədə protokol tərtib edilmiş və protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşiman olduğunu, himayəsində iki azyaşlı övladının olmasını bildirib məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Quba RPŞ-nin CAB-nın əməliyyat müvəkkili vəzifəsində işləyir. 26.04.2021-ci il tarixdə Quba rayonu, İİ Nügədi kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı ünvanda və həmin kənd ərazisində yerləşən torpaq sahəsindəki tikilidə qanunsuz olaraq odlu silah və döyüş sursatı saxlaması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılaraq əməliyyat tədbirləri keçirilmiş, keçirilmiş əməliyyat tədbirləri nəticəsində video çəkilişdən istifadə edilməklə 26.04.2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvana özünün iştirakı ilə keçirilmiş baxış zamanı otaqdakı dolabın içərisindən 01 ədəd sökülmüş vəziyyətdə tüfəng aşkar edilərək götürülmüşdür. Daha sonra isə Təqsirləndirilən şəxs məxsus həmin kənd ərazisində yerləşən fermadakı yataq otağına keçirilmiş baxış zamanı, yataq otağındakı divanın altından 11 ədəd 7,62 mm kalibrli Kalaşnikov avtomatına məxsus patronlar, 3 ədəd ov tüfənginə məxsus patronlar, 01 ədəd bıçaq və 01 ədəd əleyhqaz aşkar edilərək götürülmüşdür. Sonra baxış keçirilməsi ilə bağlı protokol tərtib edilib ucadan oxunduqdan sonra doğruluğunu imzalarla təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsində göstərdikləri xususatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə ballistik ekspertizasının 16.05.2021-ci il tarixli, 3/805, 3/806, 3/807 nömrəli rəyindən görünür ki, təqdim edilmiş 1 (bir) ədəd silah zavod üsulu ilə istehsal edilmiş, patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı “И 3163" nömrəli, alt lüləsi yivli 5,6 mm kalibrli, üst lüləsi hamar (yivsiz) 32 kalibrli olmaqla, ИЖ-56-3 "Belka” modelli, kombinə edilmiş ov tüfəngidir, odlu silahdır, saz vəziyyətdədir və hər iki lülədən atəş açmaq üçün yararlıdır. -Tədqiqata təqdim edilmiş 11 (on bir) ədəd patron zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan 7,62 mm kalibrli olmaqla, həmin kalibrə malik, "Kalaşnikov konstruksiyalı “AK” (“AKM”, “AKS”, “AKMS”) markalı avtomat silahlarda, “RPK” (“RPKS”) markalı əl pulemyotlarında, “SKS” karabinində və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır-döyüş sursatıdırlar, istifadəyə (atəşə) yararlıdırlar. -Tədqiqata təqdim edilmiş 1(bir) ədəd patron 32 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz-hamar lüləli odlu ov tüfəngləri üçün döyüş sursatı hesab edilən, gövdəsi zavod üsulu ilə istehsal edilmiş, daxili atəş komponentləri kustar üsulla doldurulmuş patrondur, istifadəyə (atəşə) yararlıdır. -Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd giliz zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan patronun atəşlə ayrılmış hissəsidir-gilizidir, istifadəyə (atəşə) yararsızdır. -Tədqiqata təqdim edilmiş 1 (bir) adəd giliz zavod üsulu ilə istehsal edilmiş, 12 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan patronun atəşlə ayrılmış hissəsidir-gilizidir, sonradan natamam şəkildə yenidən doldurulmuşdur, hal-hazırda təyinatı üzrə istifadəyə (atəşə) yararsızdır. -Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan köməkçi əməliyyatları (cəmdəyin doğranması, dərinin soyulması) yerinə yetirmək üçün nəzərdə tutulmuş xüsusi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilmir, təyinatı üzrə istifadəyə yararlıdır. -Tədqiqata təqdim edilmiş 1 (bir) adəd predmet zavod üsulu ilə istehsal edilmiş, tənəffüs orqanlarının, gözlərin və üz dərisinin qorunması üçün nəzərdə tutulmuş əleyhqazdır, döyüş sursatının kompleks hissəsi hesab edilmir. -Tədqiqata təqdim edilmiş bir ədəd “И 3163" nömrəli, ИЖ-56-3 "Belka" modelli silahın lülə kanalında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edildi, bu da onu göstərir ki, həmin silahdan atəş (atəşlər) açılmışdır. Lakin müvafiq elmi metodik vəsait olmadığından atəşin vaxtını müəyyən etmək mümkün deyil. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Təqsirləndirilən şəxs yaşadığı Quba rayonu 2-ci Nügədi kəndindəki evə baxışın keıirilməsini özündə əks etdirən 01 ədəd DVD formatlı diskə məhkəmədə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs yaşadığı evin otağındakı dolabın içərisindən 1 ədəd sökülmüş vəziyyətdə tüfəng aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Təqsirləndirilən şəxs Quba rayonunun, 2-ci Nügədi kəndinin ərazisində yerləşən fermadakı otağına baxışın keçirilməsini özündə əks etdirən 01 ədəd DVD formatlı diskə məhkəmədə baxış keçirilərkən müəyyən olunmuşdur ki, otaqdakı divanın altından 11 ədəd Kalaşnikov avtomatına məxsus patronlar, 01 ədəd əleyhqaz, 01 ədəd bıçaq və 03 ədəd tüfəng patronları aşkar edilərək götürülmüşdür. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 19.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Quba rayonunun, 2-ci Nügədi kəndindəki evə və həmin kəndin ərazisində yerləşən fermadakı yataq otağına baxışın keçirilməsini özündə əks etdirən 01 ədəd DVD disk, 01 ədəd ИЖ-56-3 "Belka” modelli odlu silah və 11 (on bir) ədəd 7,62 mm kalibrli döyüş sursatı hesab edilən patronlar maddi sübut kimi tanınmış və saxlanılması üçün Quba RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs əməlində 1 (bir) adəd əleyhqaz, 1 (bir) ədəd patron və iki ədəd giliz saxlanması ilə bağlı cinayət tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün və şahidlərin ifadələri, ekspertiza rəyi və eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif olunmuş və ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materialında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Quba RİHB-nın Quba rayonu 2-ci Nügədi kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, 2-ci Nügədi kəndində yaşayır və 1987-ci il təvəllüdlü arvadı - X8, 2009-cu il təvəllüdlü qızı - X4, 2021-ci il təvəllüdlü qızı - X5 ibarət ailə tərkibi vardır. İş materiallarında olan Quba RİHB-nın Quba rayonu 2-ci Nügədi kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, 2-ci Nügədi kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarınada olan AZ-İV № 790436 və AZ-İV № 790436 seriyalı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 12.02.2009-cu il təvəllüdlü X4 və 22.08.2021-ci il təvəllüdlü X10 olmaqla iki yetkinlik yaşına çatmayan uşaqları vardır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən əməlindən səmimi peşman olmasını, himayəsində iki azyaşlı övladının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının CM-nin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İş materiallarında oaln təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 19 iyun 2021-ci il tarixdя “başqa yerə getməmək haqqında” qяtimkan tяdbiri seчilmiшdir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qяtimkan tяdbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Quba RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan ИЖ-56-3 "Belka” modelli odlu silah və 11 (on bir) ədəd 7,62 mm kalibrli döyüş sursatı hesab edilən patronlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli, iş üzrə maddi subut olan 01 (bir) ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, cinayət işi üzrə keçirilmiş məhkəmə-ballistik ekspertizasının xərci olan 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Quba rayon Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 03 (üç) iş saatına görə 18 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə epidemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X6 tövsiyələrinə və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargahın qərarlarına əməl edilməsi vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Quba RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan ИЖ-56-3 "Belka” modelli odlu silah və 11 (on bir) ədəd 7,62 mm kalibrli döyüş sursatı hesab edilən patronlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin, 01 ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertizaların xərci olan 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********,AZ34CTRE********************, X7,Kod:210005, VÖEN**********, Mühbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 03 (üç) iş saatına görə 18 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Cəzanın icrası Quba rayonu İcra və probasiya şöbəsinə həvalə edilsin. Mülki iddianın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar