Məhkəmə qərarları › İş №1(027)-108/2024

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-108/2024

12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-108/2024 12.06.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət İttihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Onun müdafiəçisi - Müdafiəçi iştirakı ilə, xx xxx 1988-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşqul olan, Şəmkir rayon məhkəməsinin 18 oktyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nə dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli Qanununun tətbiq edilməsi ilə əlaqədar Bakı şəhəri, Xəzər rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 03 ilə endiriılmiş, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, Şəmkir rayon məhkəməsinin 14 fevral 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cu maddəsi ilə təqdirli bilinərək CM-nin 76.6.3 və 67.1-ci maddələrinə əsasən 02 il 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum edilmiş, Şəmkir rayon məhkəməsinin 19 may 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsinə əsasən 03 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhər, Xətai Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 02 ay10 gün hissəsini çəkməkdən vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü il il tarixdə cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməyən, Şəmkir rayonu, Şiştəpə kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində "həbs” qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci və 234.1-ci maddələrilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq odlu silahı, yəni avtomatı və satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 5 qramdan artıq miqdarda olan ümumi xalis çəkisi 12,03 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində daşımaqla saxlamışdır. Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, 30 yanvar 2023-cü il tarixdə, saat 18 radələrində “Quba-İspik” avtomobil yolunun Quba şəhəri ərazisinə düşən hissəsində saxlanılaraq üzərində şəxsi axtarış aparılarkən əlində saxladığı qara rəngli çantanın içərisindən bir ədəd odlu silah hesab edilən, nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ-də istehsal olunmuş, “Kalaşikov” konustruksiyalı, 5.45 mm kalibrli, yivli odlu silah növünə aid, texniki cəhətdən saz və atəşə yararlı olan, “AK-74” modelli avtomat, əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd siqaret qutusunda xalis çəkisi 12,03 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.1-ci və 234.1-ci maddələrilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 2023-cü ilin noyabr ayında yaşadığı Şəmkir rayonu, Şiştəpə kəndi ərazisində qoyun otararkən otlaq sahəsindən bir ədəd “Kalaşnikov” markalı, nömrəsi silinmiş və qundağı kəsilmiş vəziyyətdə olan avtomat tapmışdır. 2023-cü ilin dekabr ayının sonlarında avtomatı kirayə yaşadığı ünvan 1 ünvanda yerləşən evə gətirmişdir. 03 yanvar 2024-cü il tarixdə səhhəti ilə əlaqədar Bakı şəhərində yerləşən "Semaşko" kimi tanınan xəstəxananın cərrahiyə şöbəsində müalicə aldığı zaman 55 yaşlarında, uzun boylu, ağ saçlı, arıq bədən quruluşlu olan Arif adlı şəxslə tanış olmuşdur. Arif ona Quba rayonunda yaşadığını, Quba şəhəri, “Köhnə avtovağzal” kimi tanınan ərazidə kafe işlətdiyini demiş, söhbət zamanı o, özündə olan avtomat barədə Arifə demişdir. Arif avtomatı Qubada satmaq mümkün olacağını və gətirməsini bildirmişdir. O, Arifə avtomatı 26 yanvar 2024-cü il tarixdə Quba rayonuna gətirəcəyini və satılacağı halda ona da pul verəcəyini bildirmişdir. Bundan sonra onlıar Quba şəhərində "köhnə avtovağzal dairəsi" deyilən ərazidə görüş barədə razılaşmışlar. Mobil telefon işlətmədiyi üçün Arifin telefon nömrəsini götürə bilməmişdir. 26 yanvar 2024-cü il tarixdə, saat 08 radələrində Bakı şəhəri, Nizami küçəsində olarkən yerdən bir ədəd siqaret qutusunun içərisində narkotik vasitə olan qurudulmuş marixuana tapmışdır. Ara-sıra narkotik vasitə istifadə etdiyi üçün tapdığı marixuananı şəxsi istifadəsi üçün əynində olan qəhvəyi rəngli gödəkcənin sağ yan cibinə qoymuşdur. Bundan sonra o, həmin gün Quba rayonuna gəlmiş və qara rəngli idman çantasına qoyduğu avtomatı Quba rayonu, İspik kənd yolunda, yolun yaxınlğında meşəlik ərazidə ağacın arxasında gizlətmişdir. Təyin edilmiş görüş vaxtına uyğun olaraq həmin günü, saat 17 radələrində Quba şəhərində yerləşən "köhnə avtovağzal dairəsi" deyilən əraziyə gəlmiş Arifi gözləsə də Arif gəlməmişdir. Bir neçə gün Quba şəhərində qalıb Arifi axtarsa da, tapa bilməmişdir. 30 yanvar 2024-cü il tarixdə Bakı şəhərinə qayıtmaq qərarına gəlmiş, saat 18 radələrində avtomatı götürmək üçün Quba-İspik yoluna gizlətdiyi yerdən avtomatı götürüb uzaqlaşmaq istəyərkən Quba RPŞ-nin əməkdaşları yaxınlaşaraq özlərini təqdim edib barəsində odlu silah və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair məlumat olduğunu bildirmişlər. Polis əməkdaşları üzərində şəxsi axtarış aparılması üçün təhqiqatçı və vəkil dəvət etmiş və hərəkətlərini daim nəzarətdə saxlamışlar. Təhqiqatçı və vəkil gəldikdən sonra şübhəli şəxs qismində tutularaq saxlanıldığı yerdə videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağı izah edilmişdir. Şəxsi axtarışdan əvvəl təhqiqatçının təklifi ilə əynindəki qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən bir ədəd siqaret qutusunu təqdim etmişdir. Qutunu açarkən içərisindən tünd yaşıl rəngli bitki kütləsi aşkar edilmişdir. Həmin qutu elektron tərəzidə çəkilərək bir ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. Zərfin üzərinə o, və müdafiəçisi imza edərək qablaşdırmanın tamlığını təsdiq etmişlər. Sonra əlində saxladığı qara rəngli çantaya baxış keçirilərkən çantanın içərisindən bir ədəd avtomat silahı aşkar edilmiş, həmin avtomat bir ədəd ağ rəngli sintetik kisəyə qoyularaq qablaşdırılmışdır. Qabşlaşdırmanın üzərinə o, və müdafiəçisi imza edərək tamlığını təsdiq etmişlər. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşiman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Quba RPŞ-nin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə və silah gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat-axtarış tədbirləri barədə qərar qəbul edilməklə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs Quba-İspik avtomobil yolunun Quba şəhəri ərazisinə düşən hissəsində olduğunu müəyyən etmiş və 30 yanvar 2024-cü il tarixdə, saat 18 radələrində həmin yolun kənarında Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib qanunsuz olaraq odlu silahın və qanunsuz narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasına dair barəsində məlumat olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması üçün hərəkətlərini daim nəzarətdə saxlanaraq təhqiqatçı və vəkil dəvət edilmiş, vəkil və təhqiqatçının iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq videoçəkilişlə saxlandığı yerdə üzərinə şəxsi axtarış aparılacağı izah olunmuşdur. Təqsirləndirilən şəxs təhqiqatçının təklifi ilə əynindəki qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən bir ədəd siqaret qutusunu çıxarıb onlara təqdim etmişdir. Siqaret qutusu açılarkən içərisindən tünd yaşıl rəngli bitki kütləsi aşkar edilmişdir ki, Təqsirləndirilən şəxs bu kütlənin çətənə və ya nəşə kimi tanınan narkotik vasitə qurudulmuş marixuana olmasını və Bakı şəhərindən taparaq öz istifadəsi üçün üzərində gəzdirdiyini bidirmişdir. Aşkar edilmiş kütlə elektron tərəzidə çəkildikdən sonra bir ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. Zərfin üzərinə Təqsirləndirilən şəxs və müdafiəçisi imza edərək qablaşdırmanın tamlığını təsdiq etmişlər. Şəxsi axtarış davam etdirilərək Təqsirləndirilən şəxs əlində saxladığı qara rəngli çantanı açıb baxarkən içərisindən bir ədəd silah aşkar edilmişdir ki, Təqsirləndirilən şəxs bu silahın avtomat olduğunu, yaşadığı Şəmkir rayonu, Şiştəpə kəndi ərazisində qoyun otararkən otlaq sahəsindən tapdığını, tapandan bir müddət sonra Bakı şəhərinə gətirdiyini, daha sonra xəstəxanada tanış olduğu şəxsin təklifi ilə satmaq üçün Bakı şəhərindən Quba rayonuna gətirib meşədə gizlədərək 3 gün saxladığını və sata bilmədiyi üçün Bakıya aparmaq istədiyini bildirmişdir. Aşkar edilmiş avtomat silahı bir ədəd ağ rəngli sintetik kisəyə qoyularaq qablaşdırılmışdır. Qablaşdırmanın üzərinə Təqsirləndirilən şəxs və müdafiəçisi imza edərək tamlığını təsdiq etmişlər. Bundan sonra təhqiqatçı tərəfindən şəxsi axtarış barədə protokol tərtib edilmiş və bütün iştirakçılar imza ilə düzgünlüyünü təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xususatları təsdiq etmişdir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-bioloji ekspertizasının 31 yanvar 2024-cü il tarixli, 3-16-16/2-7/168 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd “Winchester” markalı siqaret qutusunda xalis çəkisi 12,03 qram təşkil edən bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: Marixuananın ümumi çəkisi - 12,03 qram, tədqiqata sərf edildi - 0,02 qram, qalıq - 12,01 qram. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-ballistik ekspertizasının 31 yanvar 2024-cü il tarixli, 24/242 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd nömrəsi silinmiş silah zavod üsulu ilə keçmiş SSRİ-də istehsal olunmuş, Kalaşikov konustruksiyalı, 5.45 mm kalibrli, AK-74 modelli avtomatdır, yivli odlu silah növünə aiddir, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində kustar üsulla sonradan heç bir əlavə dəyişiklik edilməmişdir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş ambulator məhkəmə-narkoloji ekspertizasının 09 mart 2024-cü il tarixli, 1591 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə etmə halları olub, lakin hal-hazırda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur və narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan hadisə yerinə baxış diskindən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən əlində saxladığı qara rəngli çantanın içərisindən bir ədəd odlu silah hesab edilən, nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ-də istehsal olunmuş, Kalaşikov konustruksiyalı, 5.45 mm kalibrli, yivli odlu silah növünə aid, texniki cəhətdən saz və atəşə yararlı olan, AK-74 modelli avtomat, əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd siqaret qutusunda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş 12,03 qram narkotik vasitə marixuana Azərbaycan Respublikasının xx.xx.2005ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırki əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla və qanunsuz olaraq odlu silahı saxlayıb gəzdirməklə Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələrilə nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi öz ifadəsilə yanaşı, şahidlərin ifadələri, iş üzrə keçirilmiş məhkəmə-bioloji, məhkəmə-ballistik və ambulator məhkəmə-narkoloji ekspertizalarının müvafiq rəyləri və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər subutlara tam sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələrilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar olmadığından, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən və hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon məhkəməsinin 18 oktyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nə dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli Qanununun tətbiq edilməsi ilə əlaqədar Bakı şəhəri, Xəzər rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 03 ilə endiriılmiş, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, Şəmkir rayon məhkəməsinin 14 fevral 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cu maddəsi ilə təqdirli bilinərək CM-nin 76.6.3 və 67.1-ci maddələrinə əsasən 02 il 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum edilmiş, Şəmkir rayon məhkəməsinin 19 may 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsinə əsasən 03 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhər, Xətai Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 02 ay 10 gün hissəsini çəkməkdən vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü il il tarixdə cəzasını çəkib qurtarmışdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Göründüyü kimi, təqsirləndirilən Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini törətdiyi 30 yanvar 2024-cü il tarixdə Şəmkir Rayon Məhkəməsinin 18 oktyabr 2017-ci il tarixli və 14 fevral 2020-ci il tarixli hökmlərinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzalara münasibətdə məhkumluğu ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum еdilmiş şəхs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hеsab olunur. Cəza təyin еdərkən məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır. İş materiallarında olan Şəmkir Rayon İcra hakimiyyəti Başçısının Şiştəpə kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 mart 2024-cü il tarixli arayışlardan və arayışa əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu, Şiştəpə kəndində pasport qeydiyyatdadır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən təqsirini etiraf etməklə əməlindən səmimi peşman olması və yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzanı yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin təhlükəli residivi cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə — iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu, habelə cəzanı ağırlaşdıran halın olduğunu nəzərə alaraq, ona ittiham olunduğu maddəsinin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Qeyd edilən Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Yuxarıda göstərlənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Quba rayon məhkəməsinin qərarı ilə həbs etmənin əvvəlinin xx.xx.2024-cü ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 353.4.12-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, ambulator məcburi–narkoloji tibbi yoxlamanın rəyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Həmçinin, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatına görə 30 (otuz) manat, Azərbaycan Respublikası CPM-in 193.2-ci və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut - 1 ədəd CD cinayət işinin materiallarında saxlanılmalı, maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 12.01 qram olan narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və 1ədəd “AK-74” modelli avtomat Azərbaycan Respublikası DlN-in müvfiq qurumuna təhvil verilməlidir. İş üzrə mülki iddia verilməmişdir, məhkəmə xərci və müsadirə olunası əmlak yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351- 354, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 30 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatına görə 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmün icrası Quba rayon Polis şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə maddi sübut - 1 ədəd CD cinayət işi materiallarında saxlanılsın, Quba RPŞ-də saxlanılan maddi sübut - ekspertiza tədqiqatından sonra qalıq çəkisi 12.01 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və 1ədəd AK-74 modelli avtomat Azərbaycan Respublikası DlN-in müvfiq qurumuna təhvil verilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar