Məhkəmə qərarları › İş №1(027)-108/2025

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-108/2025

28.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-108/2025 28.07.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 2002-ci il tarixdə Quba rayonu, Mirzəməmmədkənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Quba Rayon Məhkəməsinin 27 may 2025-ci il tarixli 1(027)-71/2025 saylı hökmünə əsasən 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını 1 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkən, məhkumluğu ödənilməyən, Quba rayonu, Mirzəməmmədkənd kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda, yəni bir ədəd siqaret qutusunda təmiz çəkisi 13,592 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 0,392 qram psixotrop maddə metamfetamin əldə edərək üzərində saxlamaqla daşımış, Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 07 aprel 2025-ci il tarixdə, saat 17 radələrində Quba şəhəri, Qəçrəş yolu yaşayış massivində küçədə saxlanılaraq üzərinə şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli gödəkcənin sol yan cibindən bir ədəd “Winston” markalı siqaret qutusunun içərisində olan təmiz çəkisi 13,592 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və təmiz çəkisi 0,392 qram ağ rəngli, kristalşəkilli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında iş üzrə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdi və bildirdi ki, 07 aprel 2025-ci il tarixdə səhər saatlarında Xırdalan şəhərində olan zaman yol kənarında siqaret qutusu görüb götürmüş, açıb içərsinə baxdıqda qurudulmuş marixuana olduğunu bilmiş və özü istifadə etmək üçün həmin siqaret qutusunu əynində olan gödəkçənin cibinə qoyaraq Quba rayonuna, yaşadığı evə qayıtmışdır. Həmin gün saat təxminən 17 radələrində narkotik vasitədən istifadə etmək məqsədi ilə Quba şəhəri, Qəçrəş yolu yaşayış massivinə getmiş, üzərində olan narkotik vasitədən istifadə etmək istədiyi zaman iki nəfər mülki formada olan şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını, narkotik vasitə istifadəsində şübhəli olduğunu və tutulduğunu bildirmiş, daha sonra saxlanıldığı yerə digər polis əməkdaşları da gəlmiş, ona Quba rayon Vəkil bürosundan hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi təqdim edilmiş və küçədə müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılacağını elan etmişlər. Küçədə üzərində şəxsi axtarış aparılmış və polis əməkdaşı ondan üzərində narkotik vasitə olub-olmamasını soruşmuş, o da üzərində narkotik vasitə qurudulmuş marixuana olmasını səmimi etiraf etmiş və əynindəki qara rəngli gödəkcənin sol yan cibində saxladığı içərisində narkotik vasitə olan bir ədəd “Winston” markalı siqaret qutusunu polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı həmin narkotik vasitəni Xırdalan şəhərində yerdən tapdığını və şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Narkotik vasitə qurudulmuş marixuananı özü istifadə etmək məqsədilə üzərində saxlamış, heç kimə satmamış, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış, sadəcə özü istifadə etmişdir. Siqaret qutusunu açıb içərisinə baxan zaman orada nəşə adı ilə tanıdığı narkotik vasitə qurudulmuş marixuana olduğunu bilmiş, psixotrop maddə metamfetamin olmasını bilməmişdir. Üzərindən aşkar edilmiş içərisində narkotik vasitə olan siqaret qutusu elektron tərəzidə ölçülmüş və zərfə qoyularaq qablaşdırılmışdır. Bütün bu hərəkətlər vəkilin iştirakı ilə videokamera ilə qeydə alınmışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hər hansı zor tətbiq edilməmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşiman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Quba RPŞ-nin NMQ-nin axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, Quba şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 07 aprel 2025-ci il tarixdə, saat 17 radələrində Quba şəhəri, Qəçrəş yolu yaşayış massivində küçədə saxlanılmış, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirilərək ona təqdim edilmiş vəkilin iştirakı ilə üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağı izah olunmuşdur. Təqsirləndirilən şəxs şəxsi axtarışın aparılmasına etiraz etməmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan nə varsa, hamısını təqdim etməyi təklif etmişdir. Təqsirləndirilən şəxs əynindəki olan qara rəngli gödəkcənin sol yan cibindən bir ədəd “Winston” markalı siqaret qutusunu polis əməkdaşlarına təqdim etmiş, həmin siqaret qutusu açıldıqda, içərisindən narkotik vasitə marixuanaya bənzər yaşılımtıl rəngli kütlə aşkar edilmiş, təhqiqatçı Babaverdi Babaverdiyevdən təqdim etdiyinin nə olduğunu soruşduqda, Babaverdi “nəşə” deyə cavab vermiş, həmçinin Təqsirləndirilən şəxs həmin kütləni bir gün əvvəl Xırdalan şəhərində yerdən tapdığını, narkotik vasitə istifadəçisi olduğundan daha sonra özünün istifadəsi üçün üzərində saxladığını, heç kimə vermədiyini və satmadığını, bildirmişdir. İçərisində narkotik vasitə olan siqaret qutusu elektron tərəziyə qoyularaq ölçülmüş zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərindən başqa qanunla gəzdirilməsi və ya daşınması qadağan olunmuş əşya, narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. İttiham aktının siyahısında şahid kimi göstərilmiş Quba RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Şahid2 ifadəsi məhkəmədə elan olunan zaman məlum oldu ki, o, analoji ifadə verərək Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsi və şahidi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD formatlı diskə məhkəmədə baxış keçirilərkən müəyyən edildi ki, təhqiqatçı Quba şəhəri, Qəçrəş yolu yaşayış massivində küçədə Təqsirləndirilən şəxs özünü, digər polis əməkdaşlarını və müdafiəçini təqdim edir, narkotik vasitələri əldə etmə, daşıma və üzərində saxlamasında şübhəli olması bildirilərək hüquq və vəzifələri izah edir və üzərində şəxsi axtarış aparılacağı qeyd edir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını bildirir və əynində olan qara rəngli gödəkcənin sol yan cibindən bir ədəd “Winston” markalı siqaret qutusunu polis əməkdaşlarına təqdim edir, həmin siqaret qutusu açılır və içərisindən narkotik vasitə marixuanaya bənzər yaşılımtıl rəngli kütlə aşkar edilir. Təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyinin nə olduğunu soruşur. Babaverdi “nəşə” deyə cavab verir və həmin kütləni bir gün əvvəl Xırdalan şəhərində yerdən tapdığını bildirir. İçərisində narkotik vasitə olan siqaret qutusu elektron tərəziyə qoyularaq ölçülür və çəkisinin 19,10 qram olduğu müəyyən olunur, həmin siqaret qutusu kağız zərfə qoyularaq möhürlənib qablaşdırılır. İş materiallarında olan: “şəxsi axtarışın keçirilməsi barədə” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə təxminən saat 17:00-da narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinməsi barədə alınmış məlumat əsasında keçirilmiş tədbirlər nəticəsində Quba rayonu Mirzəməmmədkənd kəndində yaşayan, xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Quba şəhəri, Qəçreş yaşayış massivi ərazisində, küçədə saxlanılaraq tutulmuşdur. Üzərinə şəxsi axtarış keçirildiyi zaman əynində olan qara rəngli zədəkcənin sol yan cibində "Vinston" markalı siqaret qutusunu təqdim etdi. Siqaret qutusu açılaraq baxıldığı zaman oradan marixuanaya oxşar spesifik iyə malik, yaşıl rəngli, otşəkilli kütlə aşkar edilmişdir. Aşkar edilmiş kütlə elektron tərəzi vasitəsilə ölçülmüş, bu vaxt narkotik vasitəyə bənzər kütlənin ümumi çəkiləri 19.10 qram olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni xx.xx.2025-ci il tarixdə səhər radələrində Xırdalan şəhəri ərazisindən tapdığını, şəxsi istifadəsi üçün götürərək cibinə qoyduğunu bildirmişdir. Həmçinin narkotik isfadəçisi olmadığını, əldə etdiyi narkotik vasitədən heç kimə satmadığını və ya maddi mət müqabilində vermədiyini qeyd etmişdir. Sonra həmin kütlə qablaşdırılaraq götürülmüşdür; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (məhkəmə-kimyəvi ekspertizası üzrə) xx.xx.2025-ci il tarixli, 20/169 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə...” yazıları olan 01 ədəd siqaret qutusundakı qarışıq kütlə ayrıldı: təmiz çəkisi: 13,592 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır; təmiz çəkisi: 0,392 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Marixuana və metamfetaminin hər birindən ayrı-ayrılıqda tədqiqata 0,05 qram istifadə olunmuş, marixuanadan 13,542 qram, metamfetamindən isə 0,342 qram qalıq qalmışdır. Rəyin “Tədqiqat obyektlərinin göndərilmə şəklinə dair məlumatlar” hissəsində qeyd olunmuşdur ki, zərfi açdıqda içərisində: 01 ədəd “Winston XStyle” mükali siqaret qutusunda təmiz çəkisi: 13,984 qram olan bitki mənşəli kütlə ilə ağ rəngli, kristal formalı maddənin qarışıq kütləsi aşkar edilmiş, daha sonra lupa vasitəsi ilə mexaniki yolla qarışıq kütlə ayrılaraq ayrı-ayrılıqda təmiz çəkiləri qeyd edilmiş və təmiz çəkisi: 13,592 qram (1 nömrəli obyekt) olan yaşılımtıl rəngli, qurudulmuş, çətənə (kannabis) bitkisinə məxsus qoxuya malik bitki mənşəli kütlə və təmiz çəkisi: 0,392 qram (2 №-li obyekt) olan kristalşəkilli maddə kütləsi müəyyən edilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 (ambulator məhkəmə-narkoloji ekspertizası) 17 aprel 2025-ci il tarixli, 2164 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. “əməliyyat-axtarış tədbirlərinin məhkəmə nəzarəti qaydasında yoxlanılmasının nəticələri haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası DİN-nin Quba RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 xx.xx.2025-ci il tarixli qərarı əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri qanuna uyğun hesab edilmişdir; “maddi sübut hesab edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qaytarılan qalıq çəkisi 13,542 qram narkotik vasitə qurudulmuş marixuana və 0,342 qram psixotrop maddə metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab olunaraq Quba rayon Polis şöbəsində maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 09 aprel 2025-ci il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamın məzmununda dəyişiklik etməklə, ona həmin maddə ilə yenidən ittiham elan olunsun və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, iş üzrə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması istintaq hərəkətinin görüntüləri əks olunmuş bir ədəd DVD disk sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə əlavə edilmiş, iş üzrə ifadələr, protokollar və digər sənədlər işin faktini hallarına uyğun gəldikləri və iş materialları ilə tamamlandıqları üçün sübut kimi qəbul edilmiş, ekspertiza tədqiqatından sonra qaytarılan bir ədəd bağlamada qalıq çəkisi 13,542 qram narkotik vasitə qurudulmuş marixuana və 0,342 qram psixotrop maddə metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab olunub, saxlanılması üçün Quba RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsi nəzərə alınmış, “Constant” markalı elektron tərəzidə çəkilərkən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddənin siqaret qutusu ilə birlikdə çəkisinin 19,10 qram olması, məhkəmə bioloji və fizikikimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 20/169 nömrəli rəyində Təqsirləndirilən şəxs üzərindən götürülmüş siqaret qutusunun içərisində olan narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisinin 13,592 qram, psixotrop maddə metamfetaminin təmiz çəkisinin 0,392 qram olması tərəzi fərqi kimi qiymətləndirilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda metamfetamini əldə edib üzərində saxlamaqda təqsirli olması onun özünü etirafı, ekspert rəyləri, şahid ifadələri və iş üzrə olan maddi sübut ilə də tam subuta yetirilir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, “narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir”. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 12-ci bəndinə görə narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Həmin Qanunun 2-ci siyahısının 67-ci bəndinə görə narkotik vasitə hesab edilən psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana 13,592 qram, psixotrop maddə metamfetaminin ümumi təmiz çəkisi 0,392 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdarlar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarında göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitənin saxlamasında və istifadəsində şübhəli şəxs qismində tutulmuşdur; “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur; “təqsirləndirilən şəxs MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs həmin tarixdə saxlanıldığı Quba RPŞ-nin MSY-dən azad olunması və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır; DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayon məhkəməsinin 27 may 2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir; Quba Rayon Məhkəməsinin 27 may 2025-ci il tarixli 1(027)-71/2025 saylı hökmündən görünür ki, X3 Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsilə nəzrədə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir; 1 saylı MTCM-nin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Quba rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə AR.CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə nəqliyyat vasitələrinin idarə etmə hüququndan məhrum edilməklə 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Quba rayon İcra və Probasiya şöbəsinən göndərilərək 1 saylı MTCM-nin qeydiyyatına götürülmüşdür. Təqsirləndirilən şəxs cəzasının əvvəli xx.xx.2025-ci il hesablanmış, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixə cəzasının çəkilməmiş cəzası 11 ay 23 gün həsablanmışdır. Quba RİHB-nın Vladimirovka İƏD üzrə nümayəndəliyindən alınmış arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Mirzəməmmədkənd kəndində qeydiyyatda olmaqla yaşayır. Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir narazılq və şikayət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin: 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib, səmimi peşiman olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır; 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə görə, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İşin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini barəsində Quba Rayon Məhkəməsinin 27 may 2025-ci il tarixli 1(027)-71/2025 saylı hökmü çıxarılmazdan əvvəl, yəni xx.xx.2025-ci il tarixdə törətmişdir ki, bu hal da Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin təsiri altına düşür. Beləliklə də, hazırki hökmlə Təqsirləndirilən şəxs təyin olunan azadlığın məhdudlaşdırılması növündə cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması 02 (iki) gününə azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) günü bərabər tutulmaqla, azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilərək, Quba Rayon Məhkəməsinin 27 may 2025-ci il tarixli 1(027)- 71/2025 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə növündə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, əsas cəzaları qismən, əlavə cəzanı isə tam toplanmaqla birləşdirilməli və üzərində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs 07 aprel 2025-ci il tarixdən 09 aprel 2025-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla, üzərində qəti cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarında göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olubolmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-in 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qaytarılan qalıq çəkisi 13,542 qram narkotik vasitə qurudulmuş marixuana və 0,342 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, cinayət işi üzrə keçirilmiş keçirilmiş ekspertizanın xərci 60 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025ci il tarixli 141 nömrəli Qərarının 2-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 29 aprel 2025-ci il tarixədək sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 06 (altı) iş saatına görə 66 (altmış altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Hazırki hökmlə Təqsirləndirilən şəxs təyin olunmuş 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması 02 (iki) gününə azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) günü bərabər tutulmaqla, 1 (bir) il 3 (üç) ay azadlıqdan məhrumetmə cəzası Quba Rayon Məhkəməsinin 27 may 2025-ci il tarixli 1(027)-71/2025 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə növündə cəzası hazırki hökmlə təyin olunmuş 1 (bir) il 3 (üç) ay azadlıqdan məhrumetmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, əsas cəzaları qismən, əlavə cəzanı isə tam toplanmaqla birləşdirilsin və üzərində 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 07 aprel 2025-ci il tarixdən 09 aprel 2025-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla, üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 13,542 qram narkotik vasitə qurudulmuş marixuana və 0,342 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertizanın xərci 60 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X2, Kod:210005, VÖEN**********, Mühbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Cəzanın icrası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Məntəqə Tipli cəzaçəkmə müəssisəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 06 (altı) iş saatına görə 66 (altmış altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar