Məhkəmə qərarları › İş №1(027)-109/2022

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-109/2022

06.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-109/2022 06.12.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs3,Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs5, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkum olunmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə həmin məsələnin həllinə dair səlahiyyətləri olmadığı halda Gəncə şəhər sakini X2 Fövqəladə Hallar Nazirliyinin X5 işə qəbul etdirəcəyi barədə atası Zərərçəkmiş şəxs3 vəd verib aldadaraq 2021-ci ilin yanvar ayının sonlarında Quba şəhərində Zərərçəkmiş şəxs3 oğlu Natiq Bayramov vasitəsilə göndərdiyi 4000 manat pulunu, bundan sonra vahid niyyətlə 2021-ci ilin iyun ayının ortalarında Zərərçəkmiş şəxs3 ona məxsus 5243-7544-1021-4264 nömrəli “Unibank albalı plus” debet kartına köçürmə yolu ilə göndərdiyi 500 manat pulunu, ümumilikdə Zərərçəkmiş şəxs3 məxsus 4500 manat məbləğində pulu etibardan sui istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə həmin məsələnin həllinə dair səlahiyyətləri olmadığı halda Gəncə şəhər sakini Zərərçəkmiş şəxs4 Fövqəladə Hallar Nazirliyinin X5 işə qəbul etdirəcəyi barədə vəd verib aldadaraq 04 fevral 2021-ci ildə Mingəçevir şəhərində yerləşən “Asan Xidmət” mərkəzinin qarşısında Zərərçəkmiş şəxs4 məxsus 8000 manat pulu etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ziyan vuraraq ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə həmin məsələnin həllinə dair səlahiyyətləri olmadığı halda Quba rayonu, İqriq kənd sakini Şahid2 Fövqəladə Hallar Nazirliyinin Xaçmaz şəhərində yerləşən X4 yanğınsöndürən vəzifəsinə işə qəbul etdirəcəyi barədə anası Zərərçəkmiş şəxs1 vəd verib aldadaraq 2021-ci ilin fevral ayının axırlarında Quba rayonu, İqriq kəndi ərazisində yol kənarında Zərərçəkmiş şəxs1 oğlu Cəbrayıl Manafov vasitəsilə göndərdiyi 4000 manat pulunu, bundan sonra vahid niyyətlə 2021-ci ilin mart ayının əvvəllərində Bakı şəhərində yerləşən “Astoria” adlı otelin qarşısında 500 manat pulunu, 19 mart 2021-ci il tarixdə 1000 manat, 30 mart 2021-ci il tarixdə 200 manat, 13 aprel 2021-ci il tarixdə isə Zərərçəkmiş şəxs1 ona məxsus 5243-7544-1021-4264 nömrəli “Unibank albalı plus” debet kartına köçürmə yolu ilə göndərdiyi 400 manat pulunu ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus 6100 manat məbləğində pulu etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ziyan vuraraq ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə həmin məsələnin həllinə dair səlahiyyətləri olmadığı halda Quba rayonu İsnovqışlaq kənd sakini Zərərçəkmiş şəxs2 müharibə veteranı vəsiqəsi düzəltdirəcəyi barədə vəd verib aldadaraq 29 mart 2021-ci il tarixdə Bakı şəhərində yerləşən “Şamaxinka” adlanan ərazidə sonuncunun 700 manat pulunu ələ keçirərək etibardan sui istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə həmin məsələnin həllinə dair səlahiyyətləri olmadığı halda Bakı şəhər sakini Zərərçəkmiş şəxs5 Litva Respublikasından 2013-cü il istehsallı “Kia Ceed” markalı avtomobil gətizdirəcəyi barədə barədə vəd verib aldadaraq 05 yanvar 2022-ci il tarixdən 27 yanvar 2022-ci il tarixədək sonuncunun ona məxsus 5243-7544-1021-4264 nömrəli “Unibank albalı plus” debet kartına köçürmə yolu ilə göndərdiyi 14650 manat pulunu Quba şəhəri H.Əliyev prospektində yerləşən “Unibank” Kommersiya Bankı” ASC-nin ATM Cash in Exchange terminalından əldə edərək etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ziyan vuraraq ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki o, özünə məxsus olan avtomobillə taksi fəaliyyəti ilə məşqul olur. 2021-ci ilin yanvar ayının əvvəllərində tanışı Zərərçəkmiş şəxs3 telefonla onunla əlaqə yaradaraq oğlu X7 Nazirliyinin X5 işə düzəltmək istədiyini və bu məsələdə ona köməklik göstərməyi xahiş etmişdir. Həmin vaxt o, Natiqi işə düzəltməyə köməklik edəcəyini bildirib qarşılığında Nəsibdən 8000 manat pul istəmişdir. Nəsib isə ona 8000 manat pulunun olmadığını, yalnız 3000 manat pulunun olduğunu bildirmişdir. Bundan sonra o, 2021-ci ilin yanvar ayının sonlarında Nəsib və onun oğlu Natiqlə Qusar rayonunda yerləşən “Ay işığı” restoranda görüşüb onlardan 3000 manat pul almışdır. Bu söhbətdən bir qədər keçdikdən sonra, Nəsib yenidən onunla əlaqə saxlayaraq Əhməd adlı qohumunun da FHN-də işlə təmin etməkdə köməklik etməyini ondan xahiş etmişdir. Bu söhbətdən sonra, 2021-ci ilin fevral ayının 4-də Mingəçevir şəhərində Asan xidmət mərkəzinin qarşısında o, Əhməd və Nəsiblə görüşüb orada Əhməddən işə düzəlmək üçün 8000 manat pul almışdır. Daha sonra 2021-ci ilin iyun ayının ortalarında o, Zərərçəkmiş şəxs3la əlaqə saxlayıb oğlu Natiqin işi üçün əlavə olaraq 500 manat pul almışdır. Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 aldığı pulları öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, 2021-ci ilin fevral ayının əvvələrində tanışı Quba rayonunun, İqriq kənd sakini Zərərçəkmiş şəxs1 ona müraciət edərək oğlu Şahid2 Fövqəladə Hallar Nazirliyinin Xaçmaz şəhərində yerləşən X4 yanğınsöndürən vəzifəsinə işə qəbul olunmasına köməklik etməyi xahiş etmişdir. Bundano sonra o, 2021-ci ilin fevral və mart aylarında Sitarənin oğlu Cəbraylla Quba və Bakı şəhərlərində görüşərək ondan 5500 manat məbləğində pul almışdır. Zərərçəkmiş şəxs1 isə 30 mart 2021-ci il tarixdə 200 manat, 13 aprel 2021-ci il tarixdə isə 400 manat pulu ona məxsus 5243-7544-1021- 4264 nömrəli “Unibank albalı plus” debet kartına köçürmə yolu ilə göndərmişdir. Zərərçəkmiş şəxs1 oğlu Cəbrayılı işə düzəltmək üçü ümumilikdə 6100 manat məbləğində pul alıb ehtiyaclarına xərcləmişdir. 2021-ci ilin mart ayında Quba rayonunda bazar ərazisində olan zaman tanışı Ərəstunla söhbət edən zaman, Ərəstun müharibədə iştirak etdiyini, lakin veteranlıqla bağlı sənəd ala bilmədiyini ona bildirdikdə o, Ərəstuna veteranlıq sənədinin alınmasında köməklik edə biləcəyini bildirib həmin məsələnin düzəlməsi üçün 1000 manat pul lazım olduğunu bildirmişdir. Ərəstun isə həmin vaxt ona yalnız 700 manat pulu olduğunu dedikdə o. Ərəstunla razılaşıb 700 manat pul müqabilində ona veteranlıq vəsiqəsi düzəltdirəcəyinə söz vermişdir. Bir neçə gün keçdikdən sonra, Ərəstun, Dəyanət adlı taksi sürücüsü ilə özünə məxsus hərbi bileti, şəxsiyyət vəsiqəsini hərbi komissarlıqdan arayış və 700 manat pulu ona göndərmişdir. O, pulu və sənədləri taksi sürücüsündən Bakı şəhərində Şamaxinka adlanan yerdən götürmüşdür. Ərəstundan aldığı puluda öz şəxsi ehtiyaclarına xərcləmişdir..Bundan başqa o, Bakı şəhərində yaşayan uzaq qohumu olan Zərərçəkmiş şəxs5 Litva Respublikasından 2013-cü il istehsallı “Kia Ceed” markalı avtomobil gətizdirəcəyinə söz verib 05 yanvar 2022-ci il tarixdən 27 yanvar 2022-ci il tarixədək sonuncunun ona məxsus 5243-7544-1021-4264 nömrəli “Unibank albalı plus” debet kartına köçürmə yolu ilə göndərdiyi 14650 manat pulunu Quba şəhəri H.Əliyev prospektində yerləşən “Unibank” Kommersiya Bankı” ASC-nin ATM Cash in Exchange terminalından əldə edərək öz şəxsi ehtiyaclarına xərcləmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, himayəsində azyaşlı uşaqlarının olmasını və zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 vurmuş olduğu ziyanı ödəyərək onlarla barığıq əldə etməsinin nəzərə alıb məhkmədən ona yüngül cəza təyin edilməsi xahiş etmişdir. Məhkəmədə zərəçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2020-ci ilin sonlarında oğlu Nəsib Bayramovu müdafiə nazirliyində işlə təmin edilməsində köməklik etmişdir. Həmin vaxtdan Vüsalla münasibətləri yaranmış, lakin onunla ancaq mobil telefon vasitəsi ilə əlaqə saxlamışdır. 2021-ci ilin fevral ayında Vüsalla zəng edərək digər oğlu X3 Hallar Nazirliyinin X5 işə düzəlməsinə köməklik etməsini xahiş etmişdir. Söhbət zamanı Vüsal oğlu Natiqin işə düzəlməsində ona köməklik edəcəyini bildirmişdir. . Bundan sonra, oğlanları Natiq və Nəsib Təqsirləndirilən şəxsla görüşüb söhbət etmişlər. Həmin vaxt Vüsal işin düzəlməsi üçün onlardan 8000 manat pul istədikdə oğlu Nəsib o, qədər pullarının olmadığını, 4000 manat pul verə biləcəklərini bildirmişdir. Vüsal oğlanlarının təklifi ilə razılaşdıqdan sonra, oğlanları Natiq və Nəsib 2021-ci ilin fevral ayının əvvəlində yaşadıqları Gəncə şəhərindən Quba şəhərinə gedib orada Vüsal ilə görüçərək 4000 manat pulu ona verib Gəncə şəhərinə qayıtmışlar. Pula alan zaman Vüsal onlara bildirmişdir ki, mart ayının sonunda Natiqin işi düzələcək. Bundan sonra 2021-ci ilin mart ayının sonlarında Vüsalla əlaqə saxlayıb işin düzəlibdüzəlməməsi barədə maraqlanmışdır. Vüsal isə müxtəlif bəhanələr gətirərək hələki işin düzəlmədiyini demişdir. Daha sonra 2021-ci ilin iyun ayında Vüsal onunla əlaqə saxlayaraq arvadının onkoloji xəstə olduğunu və 500 manat pul lazım olduğunu demişdir. O da daha sonra yenidən Vüsala 500 manat pul göndərmişdir. Bir neçə ay keçdikdən sonra o, oğlunun işinin düzəlmədiyini görüb Vüsalla əlaqə saxlayıb pulunu geri tələb etmişdir. 2021-ci ilin dekabr ayının 24-də Quba şəhərinə gələrək Təqsirləndirilən şəxs yaşadığı ünvanda onunla görüşərək verdiyi pulu geri verməyi tələb etmişdir. Həmin vaxt Vüsal tez bir zamanda ondan aldığı pulu qaytaracagına söz versədə verdiyi sözə əməl etməmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın ödənilmədiyini bildirib, mülki iddiasının təmin olunmasın və Təqsirləndirilən şəxs ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Gəncə şəhərində yaşayır. Quba rayon sakinin Təqsirləndirilən şəxs dostu Nəsib Bayramovun vasitəsi ilə tanımışdır. 2021-ci ilin fevral ayında Nəsib ona qardaşı Natiqin FHNnin Gəncə şəhər baş idarəsinə işə düzələcəyini bildirmişdir. Həmin vaxt Nəsib Vüsal adlı tanışlarının qardaşı Natiqin işə düzəlməsinə köməklik edəcəyini dedikdə, o da Vüsal adlı həmin şəxsin köməkliyi ilə FHN-də işə düzəlmək istədiyini Nəsibə bildirmişdir. Həmin vaxt o, Nəsibdən Təqsirləndirilən şəxs mobil nömrəsinin alıb Nəsibin yanında Vüsala zəng edərək tanışlıq verib, onu da FHN-nin Gəncə şəhər Mərkəzinə işə düzəltməyi xahiş etmişdir. Söhbət zamanı Vüsal işə düzəldilməyin müqabilində ondan 8000 manat pul istəmişdir. O, Vüsalla razılaşdıqdan sonra, onlar Mingəçevir şəhərində yerləşən Asan Xidmət mərkəzinin qarşısında görüşmək üçün razılaşmışlar. Bundan sonra, 04 fevral 2021-ci il tarixdə o, tanışı Nəsiblə birlikdə yaşadıqları Gəncə şəhərindən Mingəçevir şəhərinə gedib orada olan asan Xidmətin qarşısında Vüsalla görüşərək işə düzəlmək üçün ona 8000 manat pul vermişdir. Pulu alarkən, Vüsal ona bildirmişdir ki, mart ayının axırlarına kimi onun işi düzələvək. 2021-ci ilin mart ayının sonlarında Vüsalla əlaqə saxlayıb işinin düzəlibdüzəlməməsi barədə maraqlanmışdır. Vüsal isə müxtəlif bəhanələr gətirərək hələki işinin düzəlmədiyini demişdir. Sonradan isə o, dəfələrlə telefon əlaqəsi saxlasa da Vüsal onun telefonlarına cavab verməmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs4 təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın ödənilmədiyini bilidirib ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. 2021-ci ilin əvvəllərində özünə məxsus bağ sahəsini satıb 4000 manat əldə edərək kiçik oğlu Şahid2 işə düzəltmək istəmişdir. Həmin vaxt oğlu Cəbrayıl Vüsal adlı şəxslə tanış olduğunu və Vüsalın, onu Fövqəladə Hallar Nazirliyinin Xaçmaz şəhərində yerləşən X4 yanğınsöndürən kimi işə düzəldə biləcəyini demişdir. Bundan sonra o, oğlu Cəbrayıl ilə birlikdə Vüsal ilə görüşüb söhbət etmişdir. Söhbət zamanı Vüsal işin düzəlməsi üçün onlardan oğlu Mikayılın hərbi biletini, sürücülük vəsiqəsinin sürətini və hərbi xidmətdə olan zaman aldığı fəxri fərmanların sürətlərini və 8000 manat pul istəmişdir. Onlar Vüsala 8000 manat pullarının olmadığını hazırda 6000 manat pullarının olduğunu bildirdikdə, Vüsal onlarla razılaşaraq ilkin olaraq işin düzəlməsi üçün 4000 manat pulun lazım olduğunu bildirmişdir. Bundan bir neçə gün sonra, oğlu Cəbrayıl, yaşadıqları İqriq kəndində yol kənarında 4000 manat pulu Vüsala vermişdir. Vüsal oğlu Cəbrayıla bildirmişdir ki, aprel ayının sonlarında Mikayılı işə qəbul üçün çağıracaqlar. Mart ayının əvvəllərində Vüsal, oğlu Cəbrayıla zəng edərək işin düzəlməsi üçün özündən əlavə olaraq 2000 manat pul verdiyini bildirərək həmin pulu onlardan istəmişdir. Bundan sonra, oğlu Cəbrayıl ondan 500 manat pul alıb Bakı şəhərinə gedərək Vüsalla görüşüb həmin pulu ona vermişdir. Sonradan isə o, hissə-hissə olmaqla 1600 manat pulu terminal vasitəsi ilə Vüsalın oğluna göndərdiyi kart hesabına köçürtmüşdür. Lakin sonradan Vüsal onları müxtəlif bəhanələrlə aldadaraq oğlu Mikayılı işə düzəltməmiş və həmçinin onlardan aldığı ümumilikdə 6100 manat pulu da geri qaytarmamışdır. İfadəsinin sonunda Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam şəkildə ödənildiyini və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir Məhkəmədə zərəçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 1994-cü ilin mart ayından 1996-cı ilin yanvar ayında qədər birinci Qarabağ müharibəsində iştirak etmişdir. Müharibədə iştirak etdiyinə görə Azərbaycan Vətən müharibəsi Veteranlar birliyi tərəfindən ona vəsiqə verilsə də o, dövlət tərəfindən rəsmi olaraq veteran kitabçası almamışdır. Bununla bağlı o, dəfələrlə Müdafiə Nazirliyinə müraciət etsə də ona heç bir köməklik göstərilməmişdir. 2021-ci ilin aprel ayının əvvəllərində Quba şəhərində bazar ərazisində olarkən Təqsirləndirilən şəxs adlı tanışı ilə görüşüb söhbət edərkən Vüsala İ-ci Qarabağ müharəbəsi iştirakcısı olsada veteranlıq vəsiqəsi ala bilməməsini bildirdikdə, Vüsal bu məsələdə ona köməklik göstərəcəyini bildirmişdir. Həmin gün günortadan sonra, Vüsal öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil telefona zəng edib onun veteran kitabçası almağı üçün köməklik edəcəyini və bunun üçün hərbi biletimi, şəxsiyyət vəsiqəsini, hərbi komissarlıqdan aldığı arayışı və 1000 manat pul istəmişdir. O, Vüsala maddi imkanın zəif olduğunu bildirərək işin görülməsi üçün ona 700 manat pul verə biləcəyini dedikdə, sonuncu onunla razılaşmışdır. Bundan sonra o,700 manat pulu və tələb olunan digər sənədləri Quba şəhər avtovağzalından Bakı şəhərinə gedən taksi sürücüsü ilə Vüsala göndərmişdir. 2-3 saat sonra, Vüsala zəng edib pulu və sənədləri götürüb-götürmədiyini soruşmuşdur. Vüsal pulu və digər sənədləri götürdüyünü, təxminən 1 həftə ərzində onun veteran kitabçasını hazırlatdıracağını demişdir. Lakin Vüsal bəhanələr gətirərək veteranlıqla bağlı ona heç bir sənəd düzəltməmişdir. Bundan sonra o, Vüsalla əlaqə saxlayıb verdiyi 700 manat pulunu geri istəsə də Vüsal uzun müddət onun pulunu qaytarmamışdır. Sonradan isə o, Quba rayon polis şöbəsinə müraciət etdikdən sonra Təqsirləndirilən şəxs ondan aldığı 700 manat pulu geri qaytarmışdır. İfadəsinin sonunda Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam şəkildə ödənildiyini və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzaq qohumu olsada, əvvəllər Vüsalla münasibət saxlamamışdır. Vüsal özünə məxsus olan avtomaşınla Bakı-Quba şəhərləri arasında taksi kimi fəaliyyət göstərdiyi üçün atası Elşən 2021-ci ilin sonlarında müştəri kimi bir neçə dəfə Vüsalın idarə etdiyi avtomaşınla Bakı şəhərinə gedib gəlmişdir. Həmin vaxt Vüsal atası Elşənə xarici ölkələrdən avtomobil gətirib satdığını da bildirmişdir. Atası Elşən ona uzaq qohumları Vüsalın avtomaşın alveri ilə məşqul olduğunu bildirdikdən sonra o, Vüsalla əlaqə saxlayıb “Hyundai” və ya “Kia” markalı avtomobil almaq istədiyini bildirərək bu məsələdə ona köməklik göstərməsini xahiş etmişdir. Bundan sonra, Vüsal, “Kia Ceed” markalı avtomobilin fotolarını ona göstərib həmin avtomobili Litva Respublikasından alıb Azərbaycana gətirə biləcəyini bildirib həmin avtomobilin alınıb gətirilməsi üçün ondan 14600 manat pul istəmişdir. Maşın xoşuna gəldiyi üçün o, Vüsalla razılaşıb 05 yanvar 2022-ci il tarixdən 27 yanvar 2022-ci il tarixədək Təqsirləndirilən şəxs istifadəsində olan **********214264 nömrəli unibank albalı plus kartına ümumilikdə hissə-hissə olmaqla 14650 manat pul köçürtmüşdür. Aralarında olan razılaşmalarına əsasən 2022-ci ilin yanvar ayının sonlarına qədər Təqsirləndirilən şəxs Litva Respublikasından ona 2013-cü il istehsallı “Kia Ceed” markalı avtomobili gətirib ona təhvil verməli imiş. Lakin Vüsal onu aldadıb müxtəlif bəhanələr gətirərək 14650 manat pulunu ələ keçirmiş və vədinə əməl etməyərək avtomobili gətirib ona təhvil verməmişdir. Bundan sonra o, Vüsalla bir neçə dəfə əlaqə saxlayıb ondan aldığı pulları geri qaytarmağını tələb etsə də Vüsal hər dəfə bəhanələr gətirərək nə pulunu geri qaytarmış nə də ki söz verdiyi avtomobili gətirib ona təhvil vermişdir. Bundan sonra o, Vüsalın barəsində Quba rayon polis şöbəsinə rəsmi ərizə ilə müraciə etmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs5 təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın ödənilmədiyini bilidirib ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Vüsal əvvəllər Bakı–Quba şəhərlər arası taksi fəaliyyəti ilə məşqul olmuşdur. 2021-ci ilin yanvar ayından Vüsal yaşadıqları evə gəlməməyə başlamışdır. O, həmin vaxtdan Vüsalla əlaqə saxlayıb harada olmasını maraqlansa da Vüsal onun telefonlarına belə cavab verməmişdir. Sonradan isə ona məlum olmuşdur ki, Vüsal Bakıda hansısa qadınla münasibət yaradıb və bütün qazandığı pulları da həmin qadına xərcləmişdir. 2021-ci ilin yay aylarında adını sonradan bildiyi rayonun İqriq kənd sakini Zərərçəkmiş şəxs1 yaşadığı ünvana gələrək, övladının işə düzəldilməsi üçün Vüsala pul verdiyini və Vüsalın onların telefonlarına cavab vermədiyini bildirərək pulu geri istəmişdir . O, dərhal Vüsalla əlaqə saxlayıb Zərərçəkmiş şəxs1 dediklərini demişdir. Vüsal da cavabında onlardan pul aldığını etiraf eləmiş və pulları işləyib geri qaytaracağını demişdir. Bundan sonra həmin qadın onunla danışmağa başlamış və Vüsala verdiyi pulları tələb etməyə başlamışdır. O da cavabında demişdir ki, pulu Vüsala vermisən Vüsaldan da pulu alarsan. Bundan sonra həmin qadının oğulları da onun yaşadığı evə gəlmişlər. Onlar da eyni qaydada Vüsala pul verdiklərini bildirmişlər. O da cavabında pulu Vüsala verdiklərini, Vüsaldan da pulu istəmələrini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid3 ifadəsindən görünür ki o, özünə məxsus Mercedes markalı avtomobili ilə Bakı-Quba yolunda taksi kimi fəaliyyət göstərir. Təqsirləndirilən şəxs Quba rayonundan tanıyır. Təxminən 2021-ci ilin aprel ayında Quba şəhərində dayanıb müştəri gözləyərkən, Quba rayon sakinin Zərərçəkmiş şəxs2 ona yaxınlaşaraq sənəd və bir qədər də pul verib həmin pulu və sənədləri Bakı şəhərində Təqsirləndirilən şəxs verməyi ondan xahiş etmişdirO da taksi sürücüsü olduğundan sərnişinlərdən əlavə lazım olduqda sənəd də apardığından Ərəstunla razılaşmışdır. Ərəstunun ona verdiyi sənəd və pulları Bakı şəhəri Şamaxinka adlanan yerdə Təqsirləndirilən şəxs görüşüb sonuncuya vermişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs bir daha görməmişdir. Bu məsələnin üzərindən bir neçə ay keçdikdən sonra Zərərçəkmiş şəxs2 Quba rayonunda avtovağzal ərazisində ona yaxınlaşaraq Vüsala verdiyi pulu geri ala bilmədiyini, Vüsalın onu aldatdığını bildirmişdir. O da Ərəstuna bildirmişdir ki, “qardaş mən sənin üçün nə edə bilərəm, sən mənə pulu və sənədləri verib dedin apar Vüsala çatdır, mən də aparıb verdim. Vüsaldan şikayətin varsa polis var. Polisə şikayət elə”. Bundan sonra Ərəstun onunla sağollaşıb getmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Şahid2 ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs1 onun anasıdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. 2021-ci ilin fevral ayında qardaşı Cəbrayıl, Vüsal adlı şəxslə tanış olduğunu və Vüsalın onu Fövqəladə Hallar Nazirliyinin Xaçmaz şəhərində yerləşən X4 yanğınsöndürən kimi işə düzəldə biləcəyini demişdir. Bunun qarşılığında Vüsalın onun hərbi biletini, sürücülük vəsiqəsinin sürətini və hərbi xidmətdə olan zaman aldığı fəxri fərmanların sürətlərini və 8000 manat pul istədiyini demişdir. Onlar Vüsala 8000 manat pullarının olmadığını, hazırda 6000 manat pul olduğunu demişlər. Vüsal 4000 manat pulu vermələrini, sonradan isə geri qalan pulu ödüyəcəklərini demişdir. Onlar da Vüsalla razılaşmışdır. Bundan bir neçə gün sonra, qardaşı Cəbrayıl yaşadıqları İqriq kəndində yol kənarında 4000 manat pulu Vüsala vermişdir. Qardaşı, Vüsala 4000 manat pulu verən zaman o, Bakı şəhərində olmuşdur. Vüsal qardaşı Cəbrayıla demişdir ki, aprel ayının sonlarında onu işə qəbul üçün çağıracaqlar. Bundan sonra, mart ayının əvvəllərində Vüsal, qardaşı Cəbrayıla zəng edərək özü 2000 manat pul verdiyini həmin pulu da istədiyini demişdir. Bundan sonra qardaşı Cəbrayıl 500 manat pulu da Bakı şəhərində Vüsalın özünə vermişdir. Sonradan isə anası Sitarə hissə-hissə olmaqla 1600 manat pulu terminal vasitəsi ilə Vüsalın göndərdiyi kart hesabına köçürtmüşdür. Lakin sonradan Vüsal onları müxtəlif bəhanələrlə aldadaraq onu işə düzəltməmiş və həmçinin onlardan aldığı ümumilikdə 6100 manat pulu da geri qaytarmamışdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi öz ifadəsi ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxslərin, şahid ifadələri, eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetirilir.Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətlərdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; Məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan ünvan 4 nümayəndəliyi tərəfindən verilmiş 27 may 2022-ci il tarixli 142 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanda yaşayır. İş materiallarında olan ünvan 4 nümayəndəliyi tərəfindən verilmiş xasiyyatnaməsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2006-cı il təvəllüdlü X9 adlı yetkinik yaşına çatmayan övladı vardır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məhkəməyə daxil olmuş ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi ziyan tam şəkildə ödənildiyindən onların təqsirləndirilən şəxsə qarşı şikayət və tələbləri yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peçiman olmasını, himayəsində bir nəfər yetkinlik yaşına çatmayan övladının olmasını və vurmuş olduğu zərərin bir qismini ödəyərək beş nəfər zərərçəkmiş şəxsdən ikisi ilə barığıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 iddia qaldıraraq Təqsirləndirilən şəxs 4500 manat məbləğində pulun tutularaq onun xeyrinə ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 etibardan sui-istifadə etmə və aldatma yolu əmlakını ələ keçirmək məqsədilə həmin məsələnin həllinə dair səlahiyyətləri olmadığı halda sonuncunun oğlu X2 Fövqəladə Hallar Nazirliyinin X5 işə qəbul etdirəcəyi barədə vəd verib aldadaraq 4500 manat məbləğində pulu dələduzluq edərək ələ keçirmişdir. Ona görə də, iş üzrə mülki iddia təmin edilməli və Təqsirləndirilən şəxs 4500 manat məbləğində pul tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 xeyrinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası CPM-nin 179.4-cü maddəsinə əsasən Cinayət mühakimə icraatında mülki iddiaya mülki hüquq və hüququn digər sahələri üçün müəyyən edilmiş iddia müddəti tətbiq edilmir. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi (kimin və hansı məbləğdə ödəməsi) göstərilməlidir. Azərbaycan Respublikası CPM-nin 354.1.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq o cümlədən iddianın tam və ya qismən təmin edilməsi barədə qərar çıxarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası MM-nin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası MM-nin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MM-nin 1091.1 və 1091.2-ci maddələrinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası MM-nin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanır. İş materiallarına əlavə olunmuş Quba Rayon Məhkəməsinin 12.03 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Quba Rayon Məhkəməsinin 14.03 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seşilmiş həbs qətimkan ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və ev dustaqlığında saxlanma müddəti seçilmiş həbs qətimkan tədbirinin qalan müddəti həddində, yəni xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında Quba rayon prokurorru Namiq Muradovun xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş Quba Rayon Məhkəməsinin 06.07 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və onun barəsində axtarış elan edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 3 saylı İstintaq Təcridxanasının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Quba RPŞ-nin əməkdaşları tərəfindən tutularaq, saxlanılması üçün 3 saylı istintaq təcridxanasına təhvil verilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasg CPM-158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanılığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 03 ay müddət, həbsdə saxlama müddətinin bir günü azadlıqdan məhrumetmə növündə cəzanın bir günü hesabı ilə hesablanmaqla, təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 15 iyul 2022-ci il tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi reyimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Habelə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin ediləcəyindən onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvəsində saxlanılmalıdır. Habelə məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 48 (qırx səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilməsini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, ziyanları ödənilməmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs5 vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə mülki iddia təmin edilməli və Təqsirləndirilən şəxs 4500 (dörd min beş yüz) manat məbləğində pul vəsaiti alınıb Zərərçəkmiş şəxs3 verilməlidir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə tətbiq edilməli əmlak yoxdurİş üzrə məhkəmə xərci yoxdur. İş üzrə məhkəmə xərci və maddi subut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında olduğu 03 ay müddət nəzərə alınaraq, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 15 iyul 2022-ci il tarixdən hesablansın. İş üzrə mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs 4500 (dörd min beş yüz) manat məbləğində pul vəsaiti alınıb Zərərçəkmiş şəxs3 verilsin. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 48 (qırx səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs5 vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə məhkəmə xərci və maddi subut yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar