Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-109/2024 21.05.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim – Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərməkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba Rayon Vəkil bürosunun vəkili Müdafiəçi, 29 avqust 1987-ci il tarixdə Quba rayonu, Vladimirovka kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, "xxxx" MMC-də Region üzrə satış meneceri işləyən, evli, himayəsində iki azyaşlı övladı olan, məhkum olunmayan, Quba rayonu, Vladimirovka kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 09 yanvar 2024-cü il tarixdə, saat 15 radələrində yaşadığı Quba rayonu, Vladimirovka kəndində yerləşən evinin həyət darvazasının küçə tərəfində, şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə ilə əlaqədar baş vermiş dalaşma zamanı həmkəndlisi Zərərçəkmiş şəxs boynunu qolları arasına salıb sıxmaqla yerə öz altına yıxaraq sonuncunun sol ayağının qamış sümüyünün oynaqdaxili qapalı yerini dəyişmiş sınığı xəsarətini yetirməklə dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Quba rayonu, Vladimirovka kəndində ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs həmkəndlisidir, əvvəllər onunla və ailə üzvləri arasında heç bir düşmənçilikləri və ədavəti olmamışdır. Yaşadıqları evin təmiri üçün 2023-cü ilin noyabr ayında Azəri usta kimi yaşadığı evə çağırmış, Azər təxminən bir aya yaxın, dekabr ayına kimi onun evində usta işləyib suvaq işləri görmüşdür. Azər əvvəl tək işləmiş, sonra Şahid1 adlı kənd sakinini özünə köməkçi kimi gətirmiş, əvvəl evin üstünün suvağını vurmuş, pulunu da artıqlaması ilə almışdır. Sonra həyətin suvağını vurmağa başlamışdır. Amma həyətdə olan işləri tam başa çatdırmamışdır. Azər onun vatsap nömrəsinə yazaraq 200 manat pul istəmiş, o da işi bitirməmiş pul verməyəcini bildirmişdir. 09 yanvar 2024-cü il tarixdə saat 14:30 radələrində Azər zəng edib alətlərini aparmağa gələcəyini bildirmiş, o da Azərin alətlərini çıxarıb evin həyət darvazasının küçə tərəfinə qoymuşdur. Təxminən yarım saat sonra Azər idarə etdiyi avtomobillə Şahid1 ilə birlikdə küçə darvazasının qarşısına gəlmişdir. Onlar gələndə o, evində olmuş, atası Ramiz isə küçədə avtomobilini işə salıb bağa getməyə hazırlaşırmışdır. Azər evin qarşısına gəlib onu küçəyə çağırmış və özündən əvvəl evində usta işləmiş ustanın telefon nömrəsini istəmişdir. Küçəyə çıxıb Azərə ustanın telefon nömrəsini demiş, Azər onun yanında telefonda usta ilə nəsə danışmış və danışıb qurtardıqdan sonra “sən mənə deyirdin bu ustalar sənin üçün bir manata işləyib, amma indi isə 2 manata da razı deyillər” və onu söyüb “pulumu ver” demişdir. O Azərə söyüş söyməməsini demiş, Azər isə qəfildən sifətinə bir yumruq zərbəsi vurmuşdur. O da cavabında əlləri ilə Azərin əllərindən geri itələmiş və üzünü Adaya çevirdikdə Azər yerə əyilib sağ əlinə çay daşı götürərək üstünə gəlmişdir. Bu vaxt o Azərin paltarının yaxasından yapışıb boynunu sol qolunun arasına salaraq sıxıb onu 5 metr aralıda saxladığı öz avtomobilinə tərəf aparmağa çalışmışdır ki, avtomobilinə əyləşdirib yola salsın. Həmin vaxt Azər sağ əlində tutduğu daşla başına zərbələr vurmuşdur. Səsə gələn anası Elmira onları ayırmaq istəmiş, lakin ayıra bilməmiş və o Azəri yerə yıxmış, özü də üstünə yıxılmışdır. Anası Elmira, atası Ramiz, avtomobildən yerə düşmüş Şahid1 və səsə gələn qonşuları Süleyman Məmmədov onları ayırmışlar. O, ayağa qalxmış, lakin Azər ayağa qalxa bilməmişdir. Dava bitdikdən sonra Azərin qardaşı Samir gəlmiş və Ada ilə birlikdə Azəri xəstəxanaya aparmışlar. Aralarındakı dava-dalaş Quba rayonu, Vladimirovka kəndində yaşadıqları evin həyətinin küçə tərəfində, həyət darvazasının qarşısında baş vermis və 5 dəqiqə davam etmişdir. Mübahisə zamanı Azər daşla onun vurmuşdur. O Azərin ayağını bilərəkdən sındırmamış, sonuncu yerə yıxıldığı üçün ayağı altında qalaraq sınmışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olmasını bildirərək ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Quba rayonu, Vladimirovka kəndində yaşayır və tikintilərdə fərdi qaydada usta işləyir. Təqsirləndirilən şəxs həmkəndlisidir. Onunla əvvəllər düşmənçiliyi və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs xahişi ilə 16 noyabr 2023-cü il tarixdən 26 noyabr 2023-cü il tarixədək həmkəndlisi Şahid1 ilə birlikdə Sərxanın evində suvaq işləri və hasarın üstünə dəmir lövhə quraşdırma işlərini görmüşlər. Amma Təqsirləndirilən şəxs 260 manat zəhmət haqqı pulunu verməyib işlərində səhv tutduğu üçün həmin gündən işi davam etməyə getməmişlər. 09 yanvar 2024-cü il tarixdə, saat 14:30 radələrində Sərxana zəng edib evində olan alətlərini götürmək üçün gəlmək istədiyini bildirmiş, Sərxan isə telefonda “suvağın kvadratını bir manatdan işləyən usta var, sən dörd manatdan baha işləmisən, buna görə də sənə pul verən deyiləm” demişdir. Sərxana “alətlərimi götürməyə gəlirəm” demişdir. Şahid1 də götürüb idarə etdiyi “Mercedes” markalı avtomobili ilə Sərxanın yaşadığı evin qarşısına getmiş və sonuncunun evinin küçə darvazasının qarşısında Sərxanı qapıdan səsləyib küçəyə çağırmışdır. Sərxanın atası Ramiz isə bir qədər aralıda öz avtomobilində küçədə dayanmışdır. İşçi alətləri darvazanın küçə tərəfində olmuşdur. Alətləri götürüb avtomobilinə qoymuşdur. Bir qədər sonra Sərxan darvaza qarşısına çıxmış və o Sərxandan gördüyü işə görə 200 manat istəmişdir. Bu vaxt Sərxan əlləri ilə sinəsindən arxaya itələmiş, çevrilib getmək istədikdə arxadan yan nahiyyəsinə astaca təpik vurmuşdur. Ona tərəf çevrildikdə Sərxan yumruqla sinəsindən vurmuş və o da yumruqla Sərxanın sifətindən vurmuşdur. Bundan sonra Sərxan əvvəlcə əlləri ilə boğazından tutub sıxmış, sonra isə boynunu öz qolları arasına salıb sıxmışdır. Həmin vaxt Şahid1 yaxınlaşıb Sərxanı ondan ayırmaq istəmişdir. Amma Sərxanın atası Şahid4 Adaya yaxınlaşıb Adanı tutub saxlamışdır. Sərxan dartıb onu öz altına yerə yıxmış və onun sol ayağı Sərxanın bədəni altında qalmışdır. Ayağında möhkəm ağrı hiss edərək qışqırmış, lakin Sərxan onu buraxmayıb bədəninə yumruqlar vurmağa başlamışdır. Çölə çıxan Sərxanın anası ilə arvadı Sərxanı ondan ayırmışlar. Bundan sonra Sərxan yenidən üstünə əyilib yerdə qollarından tutaraq onu qucaqlayıb özünə sıxmışdır. O da əvvəl Sərxanın sifətinə əli ilə bir yumruq zərbəsi vurmuş, onu buraxmadığı üçün yerdən götrdüyü daşla Sərxanın baş nahiyyəsinə vurmuşdur, buraxmadığı üçün üçüncü dəfə möhkəm zərbə vurmuşdur. Həmin vaxt Şahid1 və yoldan keçən qardaşı Şahid2 Sərxanı ondan ayırmışlar, sonra da onu avtomobilinə əyləşdirib xəstəxanaya aparmışlar. Sərxanın onu vurmasını Şahid1, Sərxanın atası Ramiz, anası, arvadı və sonradan gələn qardaşı Samir görmüşdür. Orada başqa şəxslər olmamışdır. İfadəsinin sonunsda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. 09 yanvar 2024-cü il tarixdə, saat 15 radələrində evlərinin mətbəxində olarkən küçə darvazasının qarşısında oğlu Sərxanla Zərərçəkmiş şəxs mübahisə səsləri eşitmiş və səsə küçəyə çıxdıqda Sərxanın Azərin boynunu qolları arasında tutduğunu, Azər isə əlində olan daşla Sərxanın başına zərbələr vurduğunu, hər ikisinin ayaq üstə olmasını görmüşdür. Sərxanın başından qan axdığı üçün o, qışqırmış və həmin vaxt Sərxanla Azər birlikdə yerə, qumun üstünə yıxılmışlar. Özü və əri Ramiz yaxınlaşıb onları ayırmışlar və Sərxanı ayağa qaldırıb həyətə aparmışlar. Dava-dalaş zamanı kimin kimin üstünə yıxılmasını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. 09 yanvar 2024-cü il tarixdə, saat 15 radələrində evlərinin küçə darvazasının qarşısında saxladığı avtomobilinin arxa yük yerinə bağa getmək üçün termosla bel qoyduğu vaxt oğlu Sərxanı kimsə darvazadan çağırdığını görmüş, avtomobilin qarşısına keçəndə kimsənin həyətə daxil olmasını və bir neçə saniyə sonra Sərxanın bir nəfəri itələyərək darvazadan çölə çıxardığını görmüşdür. Sərxanın çölə çıxardığı oğlan Zərərçəkmiş şəxs olmuşdur. Azər Sərxanın başına yumruqla vurmuşdur. Darvazanın qarşısında, yol kənarında “Mercedes” markalı avtomobil də dayanmışdır. Həmin avtomobil tərəfdən Şahid1 qaçıb Sərxana yaxınlaşaraq Sərxandan yapışmışdır. O da yaxınlaşıb Şahid1 tutub kənara çəkmiş və Sərxanın başından qan gəldiyni görmüşdür. Sərxan qolları ilə Azərin boynundan yapışmış, Azər isə əlləri ilə Sərxanın başına zərbələr vurmuşdur. Sərxanla Azər yerə, qumun üstünə yıxılmışlar. Özü və evdən səsə gələn arvadı Elmira yaxınlaşıb Sərxanı dartıb kənara çəkmişlər. Azər yerdə ayağını tutub qışqırmışdır. Azərin qardaşı da oraya gəlmişdir. Şahid1lə Azərin qardaşı Azəri yerdən qaldırıb avtomobilə əyləşdirib uzaqlaşmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, həmkəndlisi Zərərçəkmiş şəxslə birlikdə 2023-cü ilin noyabr ayında bir həftə həmkəndliləri Təqsirləndirilən şəxs evində suvaq işləri görmüşlər, amma Sərxan onlara 260 manat zəhmət haqqı pulunu verməmişdir. 09 yanvar 2024-cü il tarixdə, saat 14:30 radələrində Azərlə başqa yerdə işləməyə getməli olmuşlar, buna görə də Sərxanın evində qalmış iş alətlərini götürmək üçün Azərin idarə etdiyi avtomobillə bir yerdə Sərxanın yaşadığı evin qarşısına getmişlər. Sərxanın yaşadığı evin qarşısına çatdıqda alətlərin darvazanın küçə tərəfində olmasını görmüşlər. Azərlə bir yerdə düşmüşlər, o, alətləri götürüb avtomobilə qoymuş və sonra yenidən avtomobilə, qabaq sağ oturacağa əyləşmişdir. Azər isə zəng vurub Sərxanı küçəyə çağırmışdır. Təxminən iki dəqiqəyə Sərxan küçəyə, darvaza qarşısına çıxmış və Azərlə görüşmüşdür. Azər Sərxandan telefon nömrəsi almış və gəlib avtomobilə oturaraq Sərxandan aldığı nömrəyə zəng vurub danışmışdır. Telefonda Azər danışdığı adamdan soruşmuşdur ki, “suvaq işini neçəyə görürsən”, demişdir ki, “3 manata” və Azər düşüb telefonu möhkəm səsə qoyaraq Sərxana yaxınlaşıb həmin şəxsin danışığını Sərxana eşitdirmişdir və sonra telefonu şalvarının cibinə qoyaraq Sərxanla nəsə öz aralarında danışmışdır. Sərxan əlləri ilə Azərin sinəsindən arxaya itələmiş və Azər Sərxanın üstünə getmiş və bir-birlərinin yaxasından tutub dartışmağa başlamışlar. O, avtomobildən düşüb onlara tərəf qaçmış və ayırmağa çalışmış, lakin ayıra bilməmişdir. Sərxan Azərin boynunu öz qolları arasına salmış və Azəri arxası üstə yerə, altına yıxmış, yerdə isə digər əli ilə Azərin qarnına yumruqlar vurmağa başlamışdır. Yerdə onları ayırmağa çalışmış, amma Sərxan əlləri ilə Azərin boynunu möhkəm sıxdığından ayıra bilməmişdir. Həmin vaxt Azər əvvəlcə əlləri ilə Sərxanın sifətinə, başına yumruqlar vurmuş, sonra isə sağ əlini atıb yerdən götürdüyü çay daşı ilə Sərxanın baş nahiyyəsinə bir neçə zərbə vurmuş, Sərxanın başı qanamışdır. Həmin vaxt Sərxanın anası və arvadı da köməyə gəlib onunla birlikdə Sərxanı dartıb Azərdən ayırmışlar. Azər isə yerdə qalmış, qışqırmışdır ki, sol ayağı ağrıyır, qalxa bilmir. Sərxan isə ayağa qalxdıqdan sonra başında qanı görüb yerdə uzanıqlı vəziyyətdə qalmış Azərin ayaqlarına zərbələr vurmağa başlamışdır. Yenə onları ayırmış və valideynləri Sərxanı həyətə salmışlar. Həmin vaxt yoldan keçən Azərin qardaşı Samir bu vəziyyəti görüb həmin yerə gəlmiş və köməkləşib Azəri avtomobilə qoyub xəstəxanaya aparmışlar. Xəstəxanaya apardıqdan sonra məlum olmuşdur ki, Azərin sol diz oynağı sınmışdır. Azərin sol ayağı Sərxanın onun boynundan tutaraq yerə, öz altına yıxması, Sərxanın altında qalması nəticəsində sınmışdır. Azərlə Sərxan arasında baş verən dalaşma təxminən 5 dəqiqə davam etmiş, həmin vaxt ətrafda Sərxanın atası Ramiz, anası Elmira və arvadı, dalaşmadan sonra gələn Azərin qardaşı Samir və qonşu X2 olmuşdur. Dava-dalaş Sərxanın yaşadığı evin küçə darvazasının çöl tərəfində olmuşdur. Sərxan Azəri yerə yıxıb boynunu əlləri ilə sıxdığı vaxt Azər yerdən daş götürüb Sərxanın başına vurmuşdur. Sərxanla Azər birinci dəfə tutaşıb dartışanda o, ayırmaq istəmiş, həmin vaxt 3-4 metr kənarda öz avtomobilinin yanında dayanmış Sərxanın atası Ramiz onun ayırmağını görüb yaxınlaşaraq onu tutub kənara çəkmişdir. Sərxanın Azərin ayağının üstündən ayağı ilə basdığını görməmişdir, çünki Sərxan Azərin boynunu qolları arasında sıxıb onu öz altına yerə yıxmışdır, Azərin sol ayağı da həmin vaxt Sərxanın bədəni altında qalaraq sınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 09 yanvar 2024-cü il tarixdə saat 15:20 radələrində küçə ilə çayxanaya tərəf gedəndə yolu Sərxanın yaşadığı evin yaxınlığından keçdiyi üçün həmin vaxt Sərxanın evi tərəfdən mübahisə səsləri eşidib həmin tərəfə baxmış və iki nəfərin yerdə dalaşdığını görmüşdür. Yaxınlaşanda qardaşı Azər yerdə yıxılmış vəziyyətdə olmasını, Sərxan isə ona tərəf əyilib yumruq vurduğunu görmüşdür. Ətrafda Sərxanın atası, anası, arvadı və həmkəndlisi Şahid1 olmuşdur. Qardaşı Azər yerdə qışqırmış, ayağının sındığını bildirdiyi üçün o Ada ilə köməkləşib onu xəstəxanaya aparmışlar. Xəstəxanada rentgen zamanı məlum olmuşdur ki, Azərin sol ayağı diz nahiyyəsindən sınmışdır. Sonradan ona məlum olmuşdur ki, Sərxan Azərin pulunu vermədiyi üçün aralarında mübahisə olmuş və dalaşmışlar. İş üzrə keçirilmiş məhkəmə - tibbi ekspertizasının 10 yanvar 2024-cü il tarixli, 21 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs Cavid oğlunun bədəni üzərində aşkar olunan xəsarət- sol qamış sümüyünün qapalı yerini dəyişmiş sınığı küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti 09 yanvar 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlıqda uzun müddətə pozğunluq törətdiyindən sağlamlığa az ağır zərər vurmaya aiddir. İş üzrə keçirilmiş əlavə məhkəmə - tibbi ekspertizasının 19 mart 2024-cü il tarixli, 01 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs Cavid oğlunun bədəni üzərində aşkar olunan xəsarət - sol qamış sümüyünün qapalı yerini dəyişmiş sınığı kənar şəxs tərəfindən onun boynunu qolları arasında tutub sıxaraq altına yıxması nəticəsində yaranması mümkündür və müayinə zamanı onun boyun nahiyyəsində obyektiv olaraq hər hansı xəsarət və onun izi aşkar olunmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi öz ifadəsi ilə yanaşı zərər çəkmiş şəxsin ifadəsi, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının müvafiq rəyləri və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş Quba RİHB-nın Vladimirovka kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 fevral 2024-cü il tarixli arayış və arayışa əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Vladimirovka kəndində qeydiyyatda olmaqla yaşayır. Onun arvadı - xx.xx.1987-ci il təvəllüdlü X4, oğlu xx.xx.2015-ci il təvəllüdlü X6 və qızı xx.xx.2021-ci il təvəllüdlü qızı X3 ibarət ailə tərkibi vardır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində iki azyaşlı uşağın olmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə olan halda, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs üzərinə CM-nin müvafiq maddələrində nəzərdə tutulan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir; Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə üçün 04 (dörd) iş saatına görə 24 (iyirmi dörd) manat məbləğində vəsaitin Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə maddi sübut, mülki iddia iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 04 (dörd) iş saatına görə 24 (iyirmi dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə maddi sübut, mülki iddia iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmün icrası Quba rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №1(027)-109/2024
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-109/2024
21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver