Məhkəmə qərarları › İş №1(027)-110/2021

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-110/2021

25.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-110/2021 25.08.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim – Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X4, müdafiəçi – Quba rayon vəkil bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs – X2, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Quba şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Quba rayon Məhkəməsinin 11.03.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirli bilinərək 9 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırması cəzasına məhkum olunmuş, Quba rayon Məhkəməsinin 30.06.2020-ci il tarixli qərarı ilə təyin olunmuş cəza dəyişdirilərək 3 ay 21 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, 21.10.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, ünvan 1 ünvanda yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 10.06.2021-ci il tarixdə, saat 01:00 radələrində X3 idarə etdiyi “VAZ- 2106” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili ünvan 2 ünvanında olan evin qarşısından talama məqsədi olmadan qaçırmışdır. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək ifadəsində göstərdi ki, Hilalla bir il olar ki danışmır və küsülüdür. 10.06.2021-ci il tarixdə, saat 01 radələrində Quba şəhərinin aşağı hissəsində Vəl-Vələ çayının kənarında olan daş-çınqıl karxanasında gözətçi işləyən dostu Fərid Hətəmovun yanına getmək üçün avtomobil tapa bilməmiş, küçədə gəzdiyi zaman yaşadığı evdən iki məhəllə yuxarıda Quba şəhəri, G.Əsədov küçəsində yaşayan Hilalın evlərinin qarşısında tanışı Süleymanın “VAZ 2106” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilini görüb avtomobilə yaxınlaşdığı vaxt avtomobilin açarlarının içəridə olduğunu görüb avtomobilə minərək mühərriki işə salıb oradan uzaqlaşmaq istəmiş, bu zaman Hilal qapılarından çıxıb arxadan ona qışqırdığından, o da avtomobilin içindən “Bəxtiyardı deyib” avtomobili sürərək uzaqlaşıb dostu Fərid Hətəmovun yanına getmiş, təxminən 15 dəqiqə orada dayandıqdan sonra Quba şəhərinə qayıdanda Süleyman ona zəng vurub harada olduğunu və Hilalın onun avtomobilini qaçırması barədə polisə məlumat verdiyini demişdir. O da sonuncuya avtomobilin onda olduğunu və gətirib qaytaracağını bildirdikdə Süleyman avtomobili ona yox, Hilala qaytarmasını demişdir. O, da Quba şəhəri, “Köhnə avtovağzal” ərazisindən keçəndə orada dayanan polis əməkdaşlarının ona avtomobili saxlamaq işarəsi verdiklərini görüb Hilalın avtomobili qaçırması barədə polisə məlumat verdiyini bilib avtomobili saxlamayıb Quba şəhəri, Dəvədabanı ərazisinə sürərək avtomobili orada qaranlıq küçədə saxlamış, özü isə evinə gedib sonra da Süleymana zəng vurub avtomobili saxladığı yeri demişdir. Sonradan polis şöbəsindən ona zəng vurub RPŞ-yə dəvət etmişlər. O, da Hilalın evinin qarşısında saxladığı “VAZ 2106” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili qaçırdığını etiraf etmişdir. O, Hilalın evinin qarşısında saxladığı “VAZ 2106” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili yalnız sürmək üçün qaçırmışdır. Lakin, Hilal ondan RPŞ-yə şikayət etdiyini bildirdikdən sonra avtomobili Quba şəhəri, Dəvədabanı massivində saxlamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, hazırda zərərçəkmiş şəxslə barışdığını bildirərək onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, “VAZ 2106” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili dostu Süleymanla 3 ay bundan əvvəl birlikdə pul qoyub almışlar. Süleymanla avtomobili tam təmir edəndən sonra fikirləri satmaq olmuşdur. Həmin avtomobilə dair heç bir sənədlər yoxdur. 09.06.2021-ci il tarixdə Süleymandan “VAZ 2106” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili almışdır. 10.06.2021-ci il tarixdə, saat 00:45 radələrində yaşadığı evin qarşısına gəlib avtomobili küçədə saxlayaraq qapılarını bağlamış, evə keçib çay içmiş, daha sonra aptekə dərman almaq üçün evdən çıxdığı zaman avtomobilin mühərrikinin işə salındığını eşidib küçəyə çıxdıqda tanıdığı Quba şəhər sakini Təqsirləndirilən şəxs avtomobilin salonunda sükan arxasında əyləşməsini və avtomobili sürərək oradan uzaqlaşdığını görmüş, arxadan “saxla” deyərək qışqırsa da, Bəxtiyar ona əhəmiyyət verməyib avtomobillə oradan uzaqlaşmışdır. O, Bəxtiyarın mobil telefonuna zəng vurub danışmaq istəsə də, telefon söndürüldüyündən əlaqə saxlaya bilməmişdir. Ona görə də bu barədə Quba RPŞ-yə gəlib ərizə ilə müraciət etmişdir. Bəxtiyar onun yaşadığı evdən iki küçə aralıda qalır. Bəxtiyar onun evinin qarşısında avtomobil saxladığını görmüş və avtomobili qaçırmışdır. Avtomobilin qapıları bağlı olsada, şüşələr əl ilə itələndiyi vaxt açılır. O, hazırda Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid göstərmişdir ki, Hilal onun dostudur və onunla köhnə avtomobillər alıb təmir etdikdən sonra satmışlar. 2021-ci ilin aprel ayında Hilalla təmir edib satmaq məqsədi ilə Sumqayıt şəhərindən qardaşının adına 3600 manata “VAZ 2106” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil almışlar. Həmin avtomobilin alınması üçün Hilal 1600 manat, özü isə 2000 manat pul qoymuşdur. Qardaşı Rusiya Federasiyasına getdiyindən avtomobilə dair etibarnaməni anası X1 adına almışlar. 09.06.2021-ci il tarixdə, saat 22 radələrində Hilal anasının xəstə olması ilə bağlı avtomobili ona verməsini istədiyindən, o da avtomobili sonuncuya vermişdir. 10.06.2021-ci il tarixdə, saat 02 radələrində Hilal ona zəng vuraraq evinin qarşısında saxladığı avtomobilin Təqsirləndirilən şəxs tərfindən qaçırılmasını bildirmişdir. O, da Bəxtiyara zəng vuraraq avtomobilin onda olub olmadığını soruşmuş, sonuncu da avtomobilin onda olduğunu və Quba şəhəri “bazar” ərazisində olduğunu bildirmişdir. O Bəxtiyara Hilalın avtomobilin qaçırılması ilə bağlı ondan şikayət etməsini deyib avtomobili Hilala qaytarmasını bildirmişdir. Bəxtiyar da avtomobili Hilala qaytaracağını demişdir. Sonradan Bəxtiyar ona zəng vuraraq yolda polis əməkdaşlarının avtomobili saxlamaq üçün işarə vermələrini, avtomobili Quba şəhəri, Dəvədabanı massivinə sürüb orada qaranlıq küçədə saxladığını, özünün isə evə getməsini bildirmişdir. O da Hilala demədən niyə avtomobili qaçırmasını soruşduqda, Bəxtiyar Hilalla danışmadığını avtomobilin vacib lazım olmasını və ona görə də, Hilalın qapılarının qarşısından götürməsini demişdir. Qeyd olunan avtomobil anası Minəxanım Talıbovanın adına olsa da, Hilalla birlikdə satmaq məqsədi ilə aldıqları avtomobildir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.1-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahid ifadələrini sübut növü kimi qəbul etmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş 21 iyun 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayon Məhkəməsinin 11.03.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirli bilinərək 9 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırması cəzasına məhkum olunmuş, Quba rayon Məhkəməsinin 30.06.2020-ci il tarixli qərarı ilə təyin olunmuş cəzası dəyişdirilərək 3 ay 21 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, 21.10.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan Quba RMX-nin 21 iyun 2021-ci il tarixli Quba 942 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Quba RMX-nın Poliklinika Şöbəsinin psixiatrik kabinetində qeydiyyatda yoxdur. İş materiallarına əlavə olunmuş Quba rayon İHB-nin Quba şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 29 iyun 2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs istinad edilən ittiham onun özünün məhkəmədə verdiyi ifadə ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi və məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, zərərçəkmiş şəxs X5 ilə barışmasını nəzərə alıb barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata bəraət verici əsaslar olmadan xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs Elmar oğlunun məhkəməyə daxil olmuş notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki o, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının CM-nin 73-1-ci maddəsinə əsasən, “Bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. ” Azərbaycan Respublikasının CM-nin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən, “Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində 39.1.11-ci maddəsində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata Cinayət Məcəlləsinin 73-1-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar olduğundan, onun haqqında cinayət təqibinə xitam verilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 10 saat üçün 60 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə tətbiq edilməli əmlak yoxdur. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 39.1.11, 43.1.2, 321, 346- 347, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Müsadirə olunası əmlakın, maddi ziyanın və mülki iddianın olmaması nəzərə alınsın. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar